Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 1(036)-99/2025 23.01.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (Şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi–“Xəzər Konsaltinq” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1966-cı ildə imişli rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı,orta-ixtisas təhsilli, evli, məhkum olunmamış, işsiz, İmişli şəhəri, ünvan 1 ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndiriməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilir ona görə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********6461 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında qərarı“na əsasən, 18 iyul 2024-cü İİ tarixdə həmin Baş İdarənin əməkdaşları tərəfindən, İmişli şəhərinin inzibati ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olan Təqsirləndirilən şəxs (VÖEN:**********) icarəyə götürdüyü İmişli şəhəri, Heydər Əliyev prospekti, 131 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qumar oyunlarının təşkili və keçirilməsi faktı aşkar edilmişdir. Göstərilən xüsusatlar məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində bildirmişdir ki, o, təxminən 2024-cü ilin mart ayında İmişli rayonu Heydər Əliyev prospekti, “Medisan” Tibb Mərkəzinin yanında yerləşən çay evinə bitişik qeyri-yaşayış sahəsini icarəyə götürmüş, həmin qeyri-yaşayış sahəsini götürməkdə məqsədi qutab və pirojkilərin hazırlanması və satılması olmuşdur. Bu məqsədlə də fəaliyyətini başlamış və evdə bişirilən qutab və pirojkiləri satış üçün həmin obyektə yığmış və satışını təşkil etmişdir. Təxminən 15-20 gün ərzində bu fəaliyyətin zəif olduğunu görüb obyekti bağlamaq qərarına gəlmişdir. SSR vaxtlarında futbolçu olmuş, futbol oyunlarının həvəskarı olmuş, uzun illər ərzində futbol oyunlarına, mərc oyunlarına pullar qoymuşdur. Həmin mərcləri də “Top Az" məntəqəsində özü kompüterin arxasında oturaraq yazmışdır. Bu mərc oyunlarını da oynayaraq, oyunların aparılması qaydalarını bilmişdir. 2024-cü ildə qarşıda “Evropa 2024” futbol oyunları olacağından, o belə qərara gəlmişdir ki. özü mərc oyunlarının aparılmasını təşkil etsin, bir müddət çalışıb, yaxşı gəlir olsa, bu oyunların aparılması üçün rəsmi orqanlara müraciət edərək icazələri alıb fəaliyyətini rəsmi olaraq davam etdirər. Bu qərara gəldikdən sonra bir ədəd köhnə personal kompüter almış, oyunların nəticələrini rəsmi saytlardan izləyib nəticələri üzrə hesabları çıxartmışdır. Mərc oyunlarının hesablarını isə A4 kağız parçası üzərində əlyazma ilə yazaraq, bir nüsxəsini oyunçuda, bir nüsxəsini isə özündə saxlamaqla mərc qoyulan oyunun nəticələrinin sonunda udan oyunçuların pullarını vermiş, uduzulan pulları isə gəlir kimi özündə saxlamışdır. Obyekti çayxananın yanında olduğundan əsas oyunçular çayxanaya çay içməyə gələn tanımadığı şəxslər olmuşdur. Aldığı kompüterlərin prosessorlarında yalnız rəsmi televiziya vasitəsi ilə gedən, nəticələri rəsmi elan ediləcək futbol saytlarına girişlər və oyunları izləmək üçün linklər olmuşdur. Bu qayda ilə o 2024-cü ilin aprel ayının əvvəlindən mərc oyunlarını təşkil etməklə gündəlik rayon ərazisində müxtəlif şəxlərdən təxminən 40-100 manat arası pulu mərc üçün qəbul etmiş, mərcləri qəbul edidikdən sonra futbol oyunlarının nəticələri üzrə udulan pulları oyunçulara, uduzulan pulları isə özünə gəlir kimi saxlamışdır ki, gələn gün üçün oyunlarda istifadə etsin. Bəzi hallarda elə bir gün olmuşdur ki, mərcə qoyulan pullardan uduş çox olmuş, həmin gün də udulan pulları ziyan kimi cibindən vermişdir. 18 iyul 2024-cü il tarixdə vergi əməkdaşları İmişli şəhərinin inzibati ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı onun icarəyə götürdüyü İmişli şəhəri, Heydər Əliyev prospekti, 131 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qumar oyunlarının təşkili və keçirilməsi faktını aşkar edərək bununla bağlı rəsmiləşdirmə aparmışlar. Vergi əməkdaşları həmin faktı aşkar etdikləri vaxtadək təxminən 600-700 manat ziyan etmiş, heç bir uduşu olmamışdır. İşlədiyi obyektdə ona yazı işlərində köməklik etmək üçün rəsmi əmək müqaviləsi bağlamadan həmyerlisi Şahid6 götürmüş, həmin şəxs ancaq yazı işlərini görmüş, onun tapşırıqlarını icra etmiş, oyunçu müştərilərlə bütün danışıqları özü etmiş, onun tərəfindən apardığı bu qumar oyunlarının qanunsuz olmasından Şahid6 heç bir məlumatı olmamışdır. İş vaxtı səhər saat 11:00-dan axşam saat 18:00-dək olmuş, daim özü obyektdə olmuş, alınan mərc oyunları üçün pulları nağd qaydada gündəlik almış, udulan pullar da nağd qaydada verilmişdir. Oyunçuların əksəriyyəti rayon sakinləri, çayxanaya gələn müxtəlif şəxslər olmuşdur. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin Əməliyyat idarəsinin Operativ nəzarət şöbəsinin 2-ci bölməsinin böyük müvəkkili Şahid10 ifadəsində bildirmişdir ki, qumar oyunlarının təşkili və keçirilməsi üçün yer təşkil olunması və saxlanmasına dair Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinə daxil olmuş əməliyyat məlumatının yoxlanılması ilə bağlı Baş İdarənin xx.xx.2024-cü il tarixli **********6461 nömrəli "Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında" qərarına əsasən, 18 iyul 2024-cü il tarixdə saat 17 radələrində İmişli şəhərinin inzibati ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs kimi vergi orqanında qeydiyyatda olan Təqsirləndirilən şəxs icarəyə götürdüyü İmişli şəhəri, Heydər Əliyev prospekti, 131 ünvanında yerləşən qeyri-yaşayış sahəsində qumar oyunlarının təşkili və keçirilməsi faktı aşkar edilmişdir. Keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı müəyyən edilmişdir ki, İmişli rayon sakini fiziki şəxs kimi vergi orqanında qeydiyyatdan keçən xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs icarəyə götürdüyü İmişli rayonu Heydər Əliyev prospekti, “Medisan" Tibb Mərkəzinin yanında yerləşən çay evinə bitişik 4-5 kv.m. olan qeyri-yaşayış sahəsində 2024-cü ilin aprel ayının əvvəlindən Türkiyənin “Mayscore" saytından futbol oyunlarının aparılması ilə bağlı əmsal cədvəllərini çap edib çayxanaya gələn rayon sakinlərinə oyunlarda iştirak etmək üçün “Misli" və “Topaz"-da əmsal 1.50 olduğu halda, 1.70-dək əmsallar təklif edərək müştəriləri futbol-mərc oyunlarında iştirak etmək üçün cəlb etmişdir. Tədbir zamanı fiziki şəxs Təqsirləndirilən şəxs özü orada olmuş və qumar oyunlarının təşkili və keçirilməsini etiraf edərək, bu oyunların keçirilməsində istifadə olunacağı ehtimal edilən iki ədəd mobil telefon, bir ədəd “Star TSP-100” kassa aparatı, 2 ədəd yazı dəftəri, əmsallar yazmaq üçün vərəqələr və iki ədəd personal kompüter prosessoru rəsmiləşdirilərək fiziki şəxs Təqsirləndirilən şəxs iştirakı ilə zərflənib götürülmüşdür. Keçirilən tədbir zamanı obyektdə Şahid6 adlı şəxs də olmuş, Təqsirləndirilən şəxs tədbir zamanı bildirmişdir ki, Şahid6 ona yazı yazmaqda kömək etmişdir. Sonda aparılmış tədbirin nəticələri akt və protokolla rəsmiləşdirilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1, Şahid4 Şahid10 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahidlər Şahid2 və Şahid3 elan olunmuş ifadələrindən görünür ki, onlar ibtidai istintaq zamanı şahidlər Şahid1, Şahid4 və Şahid10 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, İmişli şəhər sakini Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, onun əvvəllər nə işlə məşğul olduğunu bilməmişdir. 2024-cü ilin təxminən aprel ayının əvvəlindən bütün rayon camaatı kimi İmişli şəhəri Heydər Əliyev prospektində, şəhərin mərkəzində olan parka asudə vaxtlarında çay içməyə və istirahətə gedərkən Təqsirləndirilən şəxs parkın mərkəzində icarəyə götürdüyü çayxanaya bitişik qeyri-yaşayış sahəsində mərc oyunlarının aparılmasını görmüşdür. Daha sonra maraqlanaraq bilmişdir ki, Təqsirləndirilən şəxs mərc oyunları aparır. O da futbol həvəskarı olduğu üçün onun təşkil etdiyi bu mərc oyunlarında iştirak etmək üçün 2024-cü ilin yay aylarında futbol üzrə gedən dünya çempionatında mərclərdə iştirak etmək üçün ona müraciət etmişdir. Belə ki, o futbol üzrə gedən dünya çempionatında hər hansı bir futbol komandasının qələbəsi üçün mərc qoyub pul udmaq üçün Təqsirləndirilən şəxs müraciət etmiş, Təqsirləndirilən şəxs ona iki hissədə olan kuponu, həmçinin dünya üzrə aparılan futbol oyun vərəqəsini və oyunların kodlarını təqdim etmişdir. Daha sonra o kodlar üzrə oyunların nəticələrini uduşa görə yazmış, daha sonra kağız üzərində çap edilmiş kuponu kəsib bir hissəsini özündə saxlamış, digər hissəsini Təqsirləndirilən şəxs qaytarmışdır. Bundan sonra, mərc qoyduğu oyun onun verdiyi əmsallar üzrə düz gəldikdə uduşu Təqsirləndirilən şəxs götürmüş, əmsallar düz gəlmədikdə, verdiyi pul batmış hesab edilmişdir. O, Təqsirləndirilən şəxs futbol üzrə gedən dünya çempionatı zamanı ancaq mərclər vermiş, təxminən 5-6 dəfə oyunlara mərc qoymuş, hər dəfə 1 (bir) manat pul mərcə qoymuş, bundan artıq pul qoymamış, uduşun olmasını da xatırlamır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs bu oyunları qanunsuz olaraq aparmasını bilməmiş, əgər bu oyunların qanunsuz olmasını bilsəydi, heç vaxt oynamazdı. Rövşən açıq şəkildə parkda bu oyunları təşkil etdiyi üçün onun apardığı bu qumar oyunlarının qanunsuz olmasından şübhələnməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 Şahid8 ifadəsində göstərilən xüsusatları təsdiq edərək onunla eyniməzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahidlər Şahid5 və Şahid7 elan olunmuş ifadələrindən görünür ki, onlar ibtidai istintaq zamanı şahidlər Şahid9 və Şahid8 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmə iclasında Şahid6, Şahid5 və Şahid7 elan olunmuş ifadələrindən görünür ki, onlar ibtidai istintaq zamanı şahidlər Şahid9 və Şahid8 ilə eyniməzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********6461 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarından, həmin qərara əlavə edilmiş protokol, akt və akta əlavə edilmiş siyahıdan görünür ki, İmişli şəhərinin inzibati ərazisində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs Təqsirləndirilən şəxs (VÖEN:**********) icarəyə götürdüyü İmişli şəhəri, Heydər Əliyev prospekti, 131 ünvanında yerləşən qeyriyaşayış sahəsində qumar oyunlarının təşkili və keçirilməsi faktı aşkar edilərək vergi əməkdaşları tərəfindən rəsmiləşdirilmişdir. (vərəq 4-31); Baxış keçirilməsi haqqında 28 iyul 2024-cü il tarixli protokoldan görünür ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin xx.xx.2024-cü il tarixli **********6461 nömrəli “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” qərarına əsasən fiziki şəxs Təqsirləndirilən şəxs icarəyə götürdüyü İmişli şəhəri, Heydər Əliyev prospekti, 131 ünvanında yerləşən qeyriyaşayış sahəsində keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı obyektdən iki ədəd mobil telefon, bir ədəd “Star TSP-100” kassa aparatı, 2 ədəd yazı dəftəri, əmsallar yazmaq üçün vərəqələr və iki ədəd personal kompüter prosessoru götürülmüşdür. Həmin əşyalar fiziki şəxs Təqsirləndirilən şəxs iştirakı ilə zərflərdən açılaraq baxış keçirilmiş, sonuncu həmin əşyaların onun obyektindən vergi əməkdaşları tərəfindən götürüldüyünü təsdiq etmişdir. Baxış keçirilən 2 ədəd yazı dəftərlərində Təqsirləndirilən şəxs gündəlik mərc oyunları oynayan şəxslərdən qəbul etdiyi məbləğlər (1,5,10,15,20,30 manat), ümumi yığdığı pullar, oyuna qoyulan pullar, uduşlar, xərclər, gəlirlər və günün sonuna qalıq qalmış pullar əks olunmuşdur. Dəftərdə yazılar xx.xx.2024-cü il tarixdən başlamaqla xx.xx.2024cü il tarixədək aparılmış, “yığım”, uduş, “xərc” sütunlar üzrə bölünmüşdür. (vərəq 42-47); Məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/888 nömrəli rəyindən görünür ki, ekspert tədqiqatına təqdim edilmiş “Xiaomi Redmi 12" markalı 23053RN02A modelli mobil smartfonun və yaddaşındakı “Chrome” brauzerinin axratışı tarixçəsinə baxış keçirildikdə mərc oyunları keçirilməsi üçün istifadə olunan “BET365”, ANBET24.COM" və s. bu kimi saytlara giriş olduğunu göstərən rəqəmsal izlər müəyyən edilmişdir. Bundan başqa, tədqiqata təqdim edilmiş "fləşkart" tipli yaddaş qurğusunun daxilində iki ədəd “Xiaomi Redmi 12”, "Samsung A41 GALAXY” adlı qovluqlar müəyyən edilmişdir. Həmin "fləşkart”ın daxilində qovluqlarda içərisində oyunlara edilmiş proqnozlara dair qəbzlərin, pul köçürmələrinə dair qəbzlərin şəkilləri, videogörüntüləri və sair məlumatlar müəyyən edilmişdir. Təqdim edilmiş “Samsung Galaxy А41” markalı “SM- 415F/DSN” modelli mobil smartfonun yaddaşından "UFED 4PC” proqram təminatı vasitəsilə toplanmış mövcud olan və pozulmuş məlumatlara dair hesabatın içərisindəki "Files/İmage” qovluğunda və "Chat” yazışmalar bölməsində oyunlara edilmiş proqnozlara dair qəbzlərin, oyunlar üzrə proqnozlar olduğu cədvəllərin, pul köçürmələrinə dair qəbzlərin, oyunlar üzrə kuponların alınmasına dair rəqəmsal izlər müəyyən olunmuşdur. (vərəq 62-69); Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2025-ci tarixli qərardan görünür ki, qumar oyunlarının təşkili və keçirilməsi faktı üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (vərəq 1) Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan olunmuşdur. (vərəq 127-128); Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (vərəq 147-149); xx.xx.2024-cü il tarixli qərarla keçirilmiş operativ vergi nəzarəti tədbiri zamanı fiziki şəxs Təqsirləndirilən şəxs obyektindən götürülmüş 1 ədəd 12 vərəqli qeyd dəftəri, 1 ədəd 8 vərəqli qeyd dəftəri, 2 vərəqdə mərc (qumar) oyun siyahısı (A4 formatda), 126 ədəd mərc qeyd vərəqləri (yazılı), 26 ədəd mərc qeyd vərəqələri (boş), 1 ədəd Printer TSP100 (**********7), 1 ədəd ASUS markalı komplektləşdirilmiş stasionar kompüter prosessoru, 1 ədəd Philips markalı kompüter prosessoru, 1 ədəd Samsung Galaxy A41 markalı mobil telefon, 1 ədəd Xiaomi Redmi12 markalı mobil telefon, 1 ədəd elektron yaddaş kartı (fləşkart 16 GB) cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. (vərəq 172-182); Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun özünün etirafedici ifadəsi, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək tam sübuta yetirilmiş və cinayət əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsinə düzgün tövsif edilmişdir və qeyd olunan əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Lakin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar mövcuddur. Belə ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza nəzərdə tutulmuş əməllər, yaxud qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə bu Məcəllə ilə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi iki ildən artıq olmayan əməllər böyük ictimai təhlükə törətməyən cinayətlər hesab olunur. Məhkəmədə Dövlət ittihamçısı vəsatət verərək, bildirdi ki, Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs istinad edilən cinayət əməli “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının təsiri altına düşür. Buna görə də o, Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi məhkəməyə ərizə təqdim edərək təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının tətbiq edilməsinə və həmin şəxs barəsində cinayət təqibinə xitam verilməsinə razı olduqlarını və cinayət təqibinə bəraətverici əsaslar olmadan, amnistiya aktı əsasında xitam verilməsinin hüquqi nəticələrinin onlara məlum olduğunu bildirdilər. Məhkəmə cinayət işinin materiallarını tədqiq edərək, təqsirləndirilən şəxsi, onun müdafiəçisini, dövlət ittihamçısını və şahidləri dinləyərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244-1.1-ci maddəsi ilə müəyyən edilmiş cinayət əməlini törətmişdir və onun təqsiri, özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilsə də, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunmalı və cinayət işi üzrə icraata aşağıdakı əsaslara görə xitam verilməlidir. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1- 1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Beləliklə, məhkəmə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tələblərini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilməli, barəsində olan cinayət işinin icraatına xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış “1 ədəd Printer TSP100 (**********7), 1 ədəd ASUS markalı komplektləşdirilmiş stasionar kompüter prosessoru, 1 ədəd Philips markalı kompüter prosessoru və 1 ədəd elektron yaddaş kartı (fləşkart 16 GB), 1 ədəd Samsung Galaxy A41 markalı mobil telefon, 1 ədəd Xiaomi Redmi 12 markalı mobil telefon xüsusi müsadirə edilməli, həmin əmlaklar əvəzsiz olaraq dövlət nəfinə keçirilməlidir. Belə ki, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs qeyd edilən 1 ədəd Printer TSP100 (**********7), 1 ədəd ASUS markalı komplektləşdirilmiş stasionar kompüter prosessoru, 1 ədəd Philips markalı kompüter prosessoru və 1 ədəd elektron yaddaş kartı (fləşkart 16 GB), 1 ədəd Samsung Galaxy A41 markalı mobil telefon, 1 ədəd Xiaomi Redmi 12 markalı mobil telefon cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr olmuşdur. Təqsirləndirilən şəxs cinayəti törətmək qərarına gəldikdən sonra personal kompüterləri aldığını özü də etiraf etmiş, kompüterlərin prosessorlarında rəsmi televiziya vasitəsi ilə gedən, nəticələri rəsmi elan ediləcək futbol saytlarına girişlər və oyunları izləmək üçün linklərdən istifadə etdiyini bildirmişdir. Həmçinin iş materiallarında olan məhkəmə kompüter-texniki ekspertizasının xx.xx.2024-cü il tarixli 5/888 nömrəli rəyindən görünür ki, 2 ədəd mobil telefondan cinayət törədilərkən alət və vasitə kimi istifadə edilmişdir. Azərbaycan Respublikası CPM-in 132.1.2-ci maddəsinə əsasən şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir) Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri aşağıda göstərilən əmlakın məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. 99-1.1.1. şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla); 99-1.1.2. şəxsin cinayət yolu ilə əldə etdiyi əmlak, habelə həmin əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla); 99-1.1.3. cinayət yolu ilə əldə edilmiş əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi. Həmin Məcəllənin 99-3.1-ci maddəsinə əsasən müsadirə məsələsi həll olunarkən ilk növbədə cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan ödənilməlidir. Həmin Məcəllənin 99-3.2-ci maddəsinə əsasən cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyan müsadirə edilmiş əmlak hesabına ödənilməli, bundan sonra əmlakın qalan hissəsi dövlət nəfinə alınmalıdır. Müsadirə edilmiş əmlak cinayət nəticəsində əmlakın qanuni sahibinə vurulmuş ziyanın ödənilməsinə kifayət etmədiyi və cinayət törətmiş şəxsin müsadirə edilmiş əmlakdan başqa əmlakı olduğu hallarda ziyanın qalan hissəsi cinayət törətmiş şəxsin həmin əmlakının hesabına ödənilir. Maddi sübutlar və məhkəmə məsrəfləri ilə bağlı məsələni tədqiq edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan, 1 ədəd 12 vərəqli qeyd dəftəri, 1 ədəd 8 vərəqli qeyd dəftəri, 2 vərəqdə mərc (qumar) oyun siyahısı (A4 formatda), 126 ədəd mərc qeyd vərəqləri (yazılı), 26 ədəd mərc qeyd vərəqələri (boş) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.12, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16-cı və 5.1-ci bəndlərinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası CM-nin 244-1.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilərək barəsində olan cinayət işinin icraatına xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qərar qanuni qüvvəyə mindikdən sonra ləğv edilsin. İş üzrə maddi sübut kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan, 1 ədəd 12 vərəqli qeyd dəftəri, 1 ədəd 8 vərəqli qeyd dəftəri, 2 vərəqdə mərc (qumar) oyun siyahısı (A4 formatda), 126 ədəd mərc qeyd vərəqləri (yazılı), 26 ədəd mərc qeyd vərəqələri (boş) qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi Vergi Cinayətlərinin İbtidai Araşdırılması Baş İdarəsinin anbarında saxlanılan, 1 ədəd Prİnter TSP100 (**********7), 1 ədəd ASUS markalı komplektləşdirilmiş stasionar kompüter prosessoru, 1 ədəd Philips markalı kompüter prosessoru və 1 ədəd elektron yaddaş kartı (fləşkart 16 GB), 1 ədəd Samsung Galaxy A41 markalı mobil telefon, 1 ədəd Xiaomi Redmi 12 markalı mobil telefon xüsusi müsadirə edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 300 (üç yüz manat) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Qərardan 20 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Qərardan apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №1(036)-99/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №1(036)-99/2025
23.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver