Məhkəmə qərarları › İş №1(037)-10/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-10/2022

01.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-10/2022 01.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 01 fevral 2022-ci il tarixdə, saat 15:48-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1988-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, Şamaxı Rayon Məhkəməsinin 13 iyul 2017-ci il tarixli hökmü ilə Azəbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinib 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını çəkmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri R.Rza küçəsi ev 34 ünvanında qeydiyyatda olmaqla orada yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya kodu xxxxxxx Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və naməlum mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,221 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edərək üzərində daşıyaraq saxlamış, 19 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin M.F.Axundov küçəsində yerləşən Fazil Əzimov adına İsmayıllı Uşaq İncəsənət Məktəbinin qarşısında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 15 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,221 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, təxminən 7-8 ildir ildir ki, bədənində ağrıları olduğu üçün narkotik vasitə olan heroindən istifadə edir. Narkomaniya xəstəliyindən əzab çəkir. 19 oktyabr 2021-ci il tarixdə saat 11-12 radələrində şəhərarası marşurutdan İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən Fazil Əzimov adına İsmayıllı Uşaq incəsənət məktəbinin qarşısında düşmüş və yaxınlıqda yerləşən anasının iş yerinə getmək istəmişdir. Bu zaman yolun digər tərəfində avtomobildə olan İsmayıllı rayon Polis Şöbəsinin əvvəlcədən tanıdığı Müşviq adlı əməkdaşı onu yanına çağırmış və narkotik vasitələrdən istifadə etməklə və üzərində saxlamaqda şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və əməliyyat-axtarış tədbiri qərarını göstərib üzərinə polis şöbəsində baxış keçiriləcəyini bildirmişdir. O,özünə arxayın olduğundan etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə RPŞ-nə gəlmişdir. Orada şöbənin üçüncü mərtəbəsində yerləşən əməliyyatçıların xidməti otağında dindirilmiş, onlarla əməkdaşlıq etməyi təklif etmişlər. O bu təklifdən imtina etmiş və bu zaman ciddi təzyiqlərə, təhdidlərə məruz qalmışdır. Əks təqdirdə onun üzərindən narkotik vasitə aşkar olunacağını demişlər. Çıxılmaz vəziyyətdə qalaraq üzərinə baxış keçirilməsinə razı olmuş və qısa müddət ərzində müdafiəçi ilə təmin olunmuşdur. Həmin gün saat 15 radələrində şübhəli şəxs qismində tutulmuş və şöbənin növbətçi hissənin qarşısında üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilməyə başlanmışdır. Şəxsi axtarış zamanı əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş kağız bükümdə heroin olan bükümü aşkar olunmuşdur. Onun həmin bükülünün nə olması barədə məlumatı olmamış, lakin məcburiyyət qarşısında qalaraq həmin bükümün içərisindəki kütlənin öz istifadəsi üçün saxladığı heroin olduğunu demişdir. Ona İsmayıllı rayon Polis şöbəsində edilmiş təzyiq və təhdidlərlə bağlı müdafiəçisinə və prokurorluğa müraciət etməmişdir. İçərisində heroin olan həmin büküm elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Daha sonra həmin büküm götürülərək qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənərək götürülmüşdür. Əslində isə həmin gün üzərində narkotik vasitə olmamış, olmuş olsaydı belə polis əməkdaşları ona yaxınlaşanadək onun həmin narkotik vasitəni itirmək imkanı olmuşdur. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilmir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəri sakini Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və istifadə etməsi barədə əməliyyat məlumatı daxil olmuş və bu barədə raportla şöbə rəhbərliyinə məruzə etmişdir. 19 oktyabr 2021-ci il tarixdə tərəfindən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən qərar təsdiq edilərək RPŞ-nin TB-nin təhqiqatçısı Səfa Əsgərov, CABnin əməliyyat müvəkkilləri Xətai Daşdəmirli və Qoşqar Abbasovdan ibarət əməliyyattəhqiqat qrupu yaradılmışdır. 19 oktyabr 2021-ci il tarixdə saat 14 radələrində qərarın icrası ilə əlaqədar əməliyyat tədbirinin keçirilməsi üçün Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.F.Axundov küçəsində İsmayıllı Uşaq İncəsənət Məktəbinin qarşısında olduğu barədə məlumat almışlar. Onlar həmin yerə gedərək Təqsirləndirilən şəxs yaxınlaşmış və xidməti vəsiqələrini göstərib Vüsala özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməklə və üzərində saxlamaqda şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və əməliyyat-axtarış tədbiri qərarını göstərib onarla birlikdə polis şöbəsinə getməli olmasını və üzərinə polis şöbəsində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə avtomobilə əyləşərək rayon polis şöbəsinə gəlmişdir. Şöbədə Təqsirləndirilən şəxs təhqiqatçı Səfa Əsgərov tərəfindən tərəfindən hüquq və vəzifələri izah edilərək müdafiəçinin iştirakından istifadə etmək hüququ izah olunmuşdur. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını bildirmiş, təqdim edilmiş vəkillərin siyahısından vəkil seçmiş, qısa müddət ərzində həmin müdafiəçi Təqsirləndirilən şəxs təqdim edilmişdir. Həmin gün saat 15:00-da Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şöbənin növbətçi hissəninin qarşısında Vüsalın üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirildikdə sonuncu etirazının olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd ağ rəngli şəffaf sellofana bükülmüş bükümü çıxarıb stolun üzərinə qoymuş və içərisində şəxsi istifadəsi üçün üzərində saxladığı heroin olduğunu demişdir. Sellofan büküm açıldıqda içərisində gümüş-ağ rəngli kağız bükümdə toz halında narkotik vasitəyə bənzər maddə aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışı davam etdirilsə də üzərindən hər hansı narkotik vasitəyə bənzər kütlə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar olunmamışdır. Aşkar edilmiş sellofan büküm içərisində toz halında narkotik vasitəyə bənzər maddə ilə birlikdə xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Aşkar edilmiş sellofan büküm bir ədəd zərfə qoyularaq üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imalanaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokol onun və digər iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X2 da şahid Müşviq Soltanov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Məhkəmə, Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadəsi özünün ibtidai istintaqda verdiyi etirafedici ifadəsi, şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmənarkoloji ekspertizasının rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 27-ci bəndində qeyd edilmişdir ki, şəxsin fiziki və ya psixi zorakılığa məruz qalmasına əsaslı şübhə yaradan dəlillər təqdim edildikdə, həmin dəlillər cinayət işinin digər materialları və yaxud məhkəmə istintaqı dövründə əldə edilmiş digər sübutlarla (məsələn, müvafiq ekspertiza rəyi) təsdiqləndikdə, məhkəmə CPM-in 207.6-cı maddəsinə əsasən müvafiq materialları da əlavə etməklə Azərbaycan Respublikası Baş Prokurorluğuna müraciət göndərə və aparılmış araşdırmanın nəticələrindən asılı olmayaraq mübahisə edilən ifadənin və yaxud digər sübutun CPM-in 125-ci maddəsinin tələbləri baxımından yolverilən olub-olmaması məsələsini həll edə bilər. Həmin Qərarın 28-ci bəndində qeyd edilmişdir ki, məhkəmə baxışı nəticəsində məhkəməyədək icraatda ifadələrin zorakılıq, hədə-qorxu, aldatma, işgəncə və digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan hərəkətlərin tətbiq edilməsi, müdafiə hüququnun pozulması ilə və yaxud CPM-in 125.2-ci maddəsində göstərilən digər pozuntularla əldə edilməsi müəyyənləşdirilərsə, ittiham hökmü çıxarılarkən onlardan sübut kimi istifadə edilə bilməz. Bütün səylərə baxmayaraq, məhkəməyədək icraatda ifadənin, digər sübutun fiziki və yaxud psixi zorakılığın tətbiqi ilə əldə edilməsi haqqında əsaslı şübhə yaradan iddia üzrə qəti qənaətə gəlmək mümkün olmadıqda, məhkəmə həmin ifadənin, digər materialın sübut kimi qəbul edilməsi məsələsini CPM-in 125.1-ci maddəsi, eləcə də aradan qaldırıla bilməyən şübhələrin təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməsini tələb edən təqsirsizlik prezumpsiyası (CPM, maddə 21.2) əsasında həll etməlidir. Göründüyü kimi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı ona qarşı zor tətbiq edildiyi barədə məhkəməyədək icraatı aparan orqan qarşısında hər hansı bir vəsatət qaldırmamış, eyni zamanda bu barədə istər prokurorluq orqanlarına istərsə də məhkəməyə hər hansı ərizə verilməmiş, hətda axtarış zamanı müdafiəçisinə bu barədə məlumat verməmişdir.Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs məhkəmə istintaqında göstərdiyi xüsusatlara tənqidi yanaşır və bu halı özünün məsuliyyətinin yüngülləşdirilməsi kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsinə dair 19 oktyabr 2021-ci il tarixli protokoldan, həmin protokola əlavə edilmiş fotoşəkillərdən və şəxsi axtarış zamanı aparılmış videoçəkilişin görüntülərindən müəyyən olunur ki, həmin tarixdə saat 15 radələrində İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibində bir ədəd sellofan bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,221 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs üzərindən əlavə heç bir cinayət xarakterli əşya və ya predmet aşkar edilməmişdir. Məhkəmə-kimyəvi ekspertizasının 20 oktyabr 2021-ci il tarixli, 17/761 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “.....Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ...” sözləri yazılmış zərfin içərisindəki sellofan bükülmüş 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,221 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Rəyin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi- 0,221 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq-0,171 qram qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 9 dekabr 2021-ci il tarixli 1482 saylı rəyindən görünür ki, Vüsal Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. 26 avqust 2021-ci il tariхli tələbnamədən görünür ki, İsmayıllı Rayon Məhkəməsinin 03.10.2011-ci il tarixli və Şamaxı Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli hökmlərinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 03.10.2011ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.03.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25.07.2018-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 il 3 aya endirilmiş, 07.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilməmişdir. İş materiallarına əlavə edilmiş “qətimkan tədbirinin şərtlərini pozmuş təqsirləndirilən şəxsin tutulmasına dair” müstəntiqin 27 noyabr 2021-ci il tarixli qərarından və eyni tarixli protokoldan müəyyən edilir ki, qətimkan tədbirinin şərtlərini pozmuş Təqsirləndirilən şəxs 27 noyabr 2021-ci il tarixdə saat 16:15-də tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 29 noyabr 2021-ci il tarixli 4(037)-47/2021 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon X4 X6 Şöbəsindən alınmış 26 oktyabr 2021-ci il tarixli 243 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Konsultativ Poliklinika Şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 20 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 0,171 qram qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə-heroin iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 19 oktyabr 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə eyni tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdə saat 15:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 21 oktyabr 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 14:40-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 27 oktyabr 2021-ci il tarixli 2777 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri R.Rza küçəsi ev 34 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X3, 27 may 2008-ci il və 09 yanvar 2015-ci il təvəllüdlü uşaqları Aydan və Əmirxandan ibarətdir, yaşadığı müddət ərzində barəsində nümayəndəliyə yazılı məlumat daxil olmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin 03.10.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 3 il 9 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 07.03.2015-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Şamaxı Rayon Məhkəməsinin 13.07.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3, 234.1-ci maddələri ilə təqsirli bilinərək 4 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 25.07.2018ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə cəzası 4 il 3 aya endirilmiş, 07.05.2021-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmədiyinə görə o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158-ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs qismində tutulduğu andan - 27 noyabr 2021-ci il tarixdən hesablanmalıdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəruri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,171 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 19 oktyabr 2021-ci il tarixdən 21 oktyabr 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01(bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 05(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı qətimkan tədbirinin şərtlərini pozan təqsirləndirilən şəxs qismində tutulduğu andan - 27 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatlardan sonra qalıq qalmış 0,171 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar