Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-10/2024 06.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 06 fevral 2024-cü il tarixdə saat 12:03-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1987-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, məhkum olunmamış, İsmayıllı şəhəri K.Əhmədov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 6,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 25 iyul 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 25 iyul 2023-cü il tarixdə saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibində 1 ədəd sellofan bükümdə saxladığı xeyli miqdarda, 6,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı şəhərində yaşamaqla heç bir yerdə işləmir. Valideynlərinin maddi köməyi ilə dolanır. Təxminən 6-7 il olar ki, ara-sıra narkotik vasitə olan marixuanadan istifadə edir. 24 iyul 2023-cü il tarixdə axşam saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki yolunun kənarı ilə İsmayıllı şəhərinin mərkəzinə tərəfə gedərkən xatırlamadığı yerdən 1 ədəd şəffaf rəngli sellofan büküm tapmışdır. Diqqətini cəlb etdiyindən həmin bükümü açdıqda içərisində marixuana olduğunu görmüşdür. Marixuananı götürüb əynindəki göy rəngli cins şalvarının sol yan cibinə qoymuşdur. 25 iyul 2023-cü il tarixdə saat 17 radələrində İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsində əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarı göstərib onu qərarla tanış etmişlər. Bundan sonra polislər üzərinə şəxsi axtarış keçirilməsi üçün onu polis şöbəsinə dəvət etmişlər. Həmin vaxt üzərinndə marixuana olduğu üçün həyəcanlanmış, lakin bu barədə polis əməkdaşlarına heç nə deməyərək polis şöbəsinə getməyə etiraz etməmişdir. Polis şöbəsində onun ərizəsi əsasında müdafiəçi ilə təmin edilmiş və ona təqdim edilmişdir. Həmin gün saat 17:25-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Daha öncə polis əməkdaşları tərəfindən üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmşlər. O, özü əynindəki göy rəngli şalvarın sol yan cibindən 1 ədəd kibrit qutusu, kağız və metal pulları və həmin bir ədəd şəffaf bükümü çıxarıb stolun üzərinə qoymuşdur. Polis əməkdaşları tərəfindən kibrit qutusu açılmış, içərisində kibrit çöpləri olmuşdur. Şəffaf büküm açıldıqda isə içərisində marixuana kütləsi aşkar edilmişdir. Polis əməkdaşları ondan həmin kütlənin nə olmasını, nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin kütlənin marixuana olduğunu, yerdən tapdığını, şəxsi istifadə üçün üzərində saxladığını, satış məqsədinin olmadığını bildirmişdir. Şəxsi axtarış davam etdirilsə də üzərindən digər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş marixuana olan sellofan büküm xüsusi elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuşdur. Daha sonra həmin kütlə zərfdə qablaşdırılmış və üzəri möhürlənərək onun və digər iştirakçılar tərəfindən imzalanmışdır. Kibrit qutusu və pullar isə özünə qaytarılmışdır. Onun üzərinə şəxsi axtarış başa çatmış, proses zamanı o, hər hansı qanun pozuntusu ilə rastlaşmamışdır. Şəxsi axtarış aparılması haqqında protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən təsdiq edilmişdir. O bir daha qeyd edir ki, tapdığı marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, satış məqsədi olmamışdır. Marixuananı tapdıqdan sonra hər hansı miqdarda istifadə etməmiş, cibində gizlətmişdir. Narkotik vasitəni saxlamağını, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır, gəncdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin PPXB-nin bölük komandiri vəzifəsində işləyir. İsmayıllı şəhər sakini olan Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 25 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat tədbirləri keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. O da həmin qurupa daxil edilərək Təqsirləndirilən şəxs ətrafında keçirilmiş əməliyyat-axtarış tədbirlərində iştirak etmişdir. Həmin tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (keçmiş İsmayıllı kəndi) tək halda piyada hərəkətdə olarkən onunla rastlaşmış, yaxınlaşıb özlərini Təqsirləndirilən şəxs təqdim etmiş, ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla onu tanış edib və üzərində şəxsi axtarış aparılması məqsədilə onlarla İsmayıllı RPŞ-nə gəlməsini təklif etmişlər. Təkliflə razılaşan Təqsirləndirilən şəxs onlara etiraz etməmiş və könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və o, şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aparılacağı bildirilmiş, Təqsirləndirilən şəxs buna etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs onlara üzərində narkotik vasitə olan qurudulmuş marixuana olmasını və təqdim edə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli parça şalvarın sol yan cibindən bir ədəd şəffaf sellofan bükülü çıxararaq təqdim etmişdir. Həmin sellofan bükülü açıldıqda içərisində yaşımtıl rəngli, quru halda, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin 01 ədəd şəffaf sellofan bükülüdə olan narkotik vasitənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman o, narkotik vasitəsini saxlanılmazdan əvvəl, 24 iyul 2023-cü il tarixdə, axşam saatlarında İsmayıllı-Qəbələ magistral yolunun kənarında xatırlamadığı yerdən tapdığını bildirmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana içərisində olduğu sellofan bükülü ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan digər paltarlar və geyim əşyalarında cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da, imzası ilə təsdiq etmişdir. Bundan sonra əməliyyat-axtarış tədbirləri davam etdirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya başqa şəxslərlə birlikdə narkotik vasitələrdən istifadə etməsi barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin PPXB-nin polis nəfərləri X14 və X5 ifadələrində X6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı uzunmüddətli ezamiyyətdə olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş X3nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X3 ibtidai istintaqa verdiyi ifadəsində X11 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 25 iyul 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı 1 ədəd sellofan bükümdə, çəkisi 7.05 qram olan, quru halda narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, tərkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatlarına təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Həmin vasitə xüsusi elektron tərəzidə çəkilmiş, çəkisi müəyyən edilmiş və müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 26 iyul 2023-cü il tarixli 17/565 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş.....narkotik vasitəyə bənzər bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi-6,88 qram olan bitki mənşəlli kütlə tərkibində narkotik maddələr olan çıətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qurudulmuş marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən bioloji kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-6.88 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq-6,83 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 1540 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 26 iyul 2023-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 6,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 25 iyul 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 6,88 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 25 iyul 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 25 iyul 2023-cü il tarixdə saat 17 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri (keçmiş İsmayıllı kəndi) ərazisində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün saat 18 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki göy rəngli cins şalvarın sol yan cibində 1 ədəd sellofan bükümdə saxladığı xeyli miqdarda, 6,88 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 18 avqust 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 26 oktyabr 2023-cü il tarixli 2699 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri K.Əhmədov küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən, 1960-cı il təvəllüdlü atası X15, 1959-cu il təvəllüdlü anası X8 və 1986-cı il təvəllüdlü qardaşı X4 ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X10 Hüquqi Şəxsindən alınmış xx.xx.2023-cü il tarixli PHŞ-6-47/2- 717/23 nömrəli arayışdan görünür ki, İsrayılov X9 rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il saat 17:25-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 27 iyul 2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 16:10-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il saat 17:25-dən 27 iyul 2023-cü il saat 16:10dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri K.Əhmədov küçəsi ev 7 ünvanında yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 6,83 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-10/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-10/2024
06.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver