Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-11/2022 08.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun iştirakı ilə 8 fevral 2022-ci il tarixdə saat 17:55-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1990-cı ildə İsmayıllı rayonunun Qalacıq kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, fərdi əməklə məşğul olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 16 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya kodu xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar 06.12.2021-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və 07.12.2021-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etdirilməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.03.2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə 24.03.2020-ci il tarixdə, saat 00:00-dan etibarən elan edilmiş və hazırda davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq, 12.12.2021-ci il tarixdə, saat 10 radələrində nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnamə əsasında idarə etdiyi X1 olan “Ford transit yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, 16 saylı ünvanda yerləşən evini tərk edərək İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkət edib həmin prospektdə yerləşən “Baku electronics” mağazasının yaxınlığında avtomobilini saxlamış, bundan sonra piyada İsmayıllı şəhəri Mərkəzi bazarına daxil olaraq səyyar şəkildə meyvə-tərəvəz satışı ilə məşğul olan iki nəfər satıcıdan meyvə və tərəvəz məhsulları alıb həmin məhsulları avtomobilinə yerləşdirmək məqsədilə avtomobilini saxladığı İsmayıllı şəhərinin H.Əliyev prospekti istiqamətində hərəkət edib gəzməklə, yəni İsmayıllı şəhərinin insanların çoxluq təşkil etdiyi ərazilərində, o cümlədən həftənin bazar günü olduğu halda İsmayıllı şəhəri Mərkəzi Bazarında olmaqla koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 12.12.2021-ci il tarixdə, saat 10 radələrində o, İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən “Bazar Store” marketin yaxınlığında saxlanılaraq koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilməklə X16 Stansiyasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində səhhətində narahatçılıq hiss etmişdir. Yəni qızdırması və müəyyən qədər də öskürəyi yaranmış və buna görə də Covid-19 infeksiyasına yoluxduğundan şübhə etmişdir. Həmçinin 1 aylıq uşağı və həmin uşağa süd verən arvadıyla bir evdə yaşadığından, onların da infeksiyaya yoluxmasının qarşısını almaq üçün 6 dekabr 2021-ci il tarixdə 103 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ondan test nümünəsi götürmüşlər. Götürülən test nümunəsinin 7 dekabr 2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər, evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama bir evdə yaşadığı arvadı Könül Babayeva da imza etmişdir. 12 dekabr 2021-ci il tarixdə arvadı Könül uşağının narahat olduğunu, uşağa dərman lazım olduğunu, həmçinin bazardan meyvə və tərəvəz almağın vacib olduğunu ona bildirmişdir. O isə 21 dekabr 2021-ci il tarixə kimi evi tərk edə bilməyəcəyini düşünmüş və həmin əşyaları kiməsə aldırmaq barədə fikirləşmişdir. Lakin atası və anasının kənddə yaşadığını, başqa kiməsə bu barədə müraciət edə bilməyəcəyini düşünüb özü evdən çıxmağa qərar vermişdir. Bunun üçün 12 dekabr 2021-ci il tarixdə saat təxminən 10 radələrində etibarnamə əsasında idarə etdiyi “Ford transit yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evi tərk edərək H.Əliyev prospektinə getmişdir. Həftənin bazar günü olduğu üçün prospektdə yerləşən Mərkəzi Bazarın ətrafında avtomobil çox olmuşdur. Buna görə bazardan müəyyən qədər kənarda, yəni “Baku electronics” mağasının yaxınlığında, Cavanşir küçəsi istiqamətində olan yolun sağ tərəfində avtomobilimi saxlamışdır. Bundan sonra avtomobildən enib Bazarın meyvə-tərəvəz satılan hissəsinə getmişdir. Həmin vaxt tibbi maskadan istifadə edirmiş. Orada bir nəfər tanımadığı şəxsdən 3 kilo nar və digər tanmadığı bir nəfərdən isə bir neçə dəstə müxtəlif növ göyərtilərdən almışdır. Həmin vaxt bazarın çöl hissəndə çoxlu sayda adam varmış. O orada biraz gəzdikdən sonra avtomobilinə gedib həmin məhsulları avtomobilə qoymağı, daha sonra isə aptekdən dərman alaraq evə getməyi düşünmüşdür. Buna görə də avtomobilini saxladığı yerə getmişdir. H.Əliyev prospektində yerləşən “Bazarstore” marketin yaxınlığından keçərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşmışlar. Ona Covid 19 infesiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O polis əməkdaşlarının dediklərini təsdiq etdikdən biraz sonra İsmayıllı RPŞ-nin digər bir əməkdaşı dayandığı yerə gələrək hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı o bildirmişdir ki, 12 dekabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford transit yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1 aylıq uşağım üçün dərman almaq məqsədilə İsmayıllı şəhər, H.Əliyev prospektinə getmiş və həmin prospektdə yerləşən “Baku electronics” mağazasının yaxınlığında avtomobilini saxlamışdır. Evdə heç kəs olmadığından, yəni arvadı uşağına baxdığından özü evdən çıxmağa məcbur qalmışdır. Bazarın ətrafında keçmiş sinif yoldaşını görüb sonuncuya pul verərək yaxınlıqdakı aptekdən dərman almağı xahiş etmişdir. Həmin tanışı da aptekdən dərman aldıqdan sonra həmin dərmanı ona vermiş və o da dərmanı götürüb avtomobili istiqamətində gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq Covid-19 infeksiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. Baxış keçirildikdən sonra bu barədə protokol tərtib edilmiş, o və digər iştirakçılar protokolun doğruluğunu imzalarıyla təsdiq etmişlər. Bundan sonra polis əməkdaşları onu İsmayıllı RMX-nin TTYB-nin işçilərinə təhvil vermişlər. Tibb işçiləri onu yaşadığı evə aparmışlar və 21 dekabr 2021-ci il tarixə kimi o yaşadığım evdə müalicə almış, həmçinin həmin tarixə kimi evi tərk etməmişdir. Onun baxış zamanı tanışına pul verməyi, həmin tanışının aptekdən onun üçün dərman almağı barədə dedikləri yalan imiş və o formada məlumat verməyinə səbəb isə həmin anda qorxmağı və həyəcanlı olmağı olmuşdur. Belə ki, o Covid-19 infeksiyasına yoluxduğu halda 14 gün ərzində evi tərk etməli olmadığını, evi tərk etdiyi halda cinayət məsuliyyətinə cəlb ediləcəyini bilirmiş. Bu səbəbdən həmin anda həqiqətə uyğun olmayan məlumat vermişdir. Qeyd edilənlərlə yanaşı ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, əməlindən səmimi peşmançılıq çəkməsini, sözügedən cinayəti zərurətdən törətdiyini, himayəsində azyaşlı uşağının olmasını qeyd edərək, bunların nəzərə alınmasını və barəsində mümkün qədər yüngül cəzanın təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin PPXB-nün polis nəfəri X4 ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Həmin siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanlar və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. 12 dekabr 2021-ci il tarixdə saat 10 radələrində İsmayıllı RPŞ-nin PPXB-nün pois nəfəri, polis baş serjantı X7 ilə birlikdə İsmayıllı şəhəri, H.Əliyev prospektinə xidmət apararkən COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Bazarstore” marketin yaxınlığından keçərkən görüb sonuncuya dayanmağı bildirmişlər. Təqsirləndirilən şəxs dayandıqdan sonra o və Vüsal həmin şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər. Bununla bağlı İsmayıllı RPŞ-nin rəhbərliyinə məlumat vermiş və tez bir zamanda İsmayıllı RPŞ-nin İB-nin müstəntiqi X8 hadisə yerinə gəlmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs özünü təqdim etməsi bildirilərək hansı tarixdə COVİD-19 infeksiyasına ilə bağlı test nümünəsi verdiyi, hansı tarixdə laborotoriya nəticəsinin çıxdığı, bu barədə ona məlumat verilib-verilmədiyi, COVİD-19 infeksiyası ilə bağlı verdiyi test nümunəsi pozitiv çıxdıqdan sonra tibbi işçiləri tərəfindən ona evi tərk etməməsi barədə xəbərdarlıq edilib-edilmədiyi, evi tərk etdiyi halda onun Azərbaycan Respublikası İXM-nin və CM-nin müvafiq maddələri ilə məsuliyyəti barədə xəbərdarlıq edilib-edilmədiyi, bu barədə iltizama imza edib-etmədiyi soruşulmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin dekabr ayının əvvəllərində səhhətində narahatçılıq hiss etdiyi üçün COVİD-19 infeksiyasına yoluxub-yoluxmadığını öyrənmək məqsədilə 06.12.2021-ci il tarixdə 103 xidmətinə zəng edərək RMX-nın tibb işçilərini yaşadığı evə çağırmışdır. Ondan götürülmüş test nümunəsinin 07.12.2021-ci il tarixdə pozitiv olması müəyyən edildikdən sonra İsmayıllı RMX-nın əməkdaşları yaşadığı evə gələrək ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirmişlər, evdə qalmağı və müalicəsinin evdən davam etdirilməsi nəzərinə çatdırılmışdır. Həmçinin bu iltizama bir evdə yaşadığı arvadı X5 da imza etmişdir. O, 12 dekabr 2021-ci il tarixdə etibarnamə əsasında idarə etdiyi “Ford transit yük” markalı, **-BD-*** dövlət qeydiyyat nişanlı avtomobillə 1 aylıq uşağı üçün dərman almaq məqsədilə İsmayıllı şəhər, H.Əliyev prospektinə getmiş və həmin prospektdə yerləşən “Baku electronics” mağazasının yaxınlığında avtomobilini saxlamışdır. Evdə heç kəs olmadığından, yəni arvadı uşağına baxdığından o özü evdən çıxmağa məcbur qalmışdır. Bundan sonra orada gördüyü keçmiş sinif yoldaşına pul verərək yaxınlıqdakı aptekdən ona dərman almağı xahiş etmişdir. Həmin tanışı aptekdən dərman aldıqdan sonra həmin dərmanı ona vermiş və o da dərmanı götürüb avtomobili istiqamətində gedərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq Covid-19 infeksiyasına yoluxduğunu və yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. O da polis əməkdaşlarının dediklərini təsdiq etmişdir. Sonda bu barədə protokol tərtib edilmiş, Təqsirləndirilən şəxs, Vüsal Musazadə və o protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. Bundan sonra isə Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nin TTYS-nın işçiləri ilə yaşadığı evə yola salınmışdır. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin PPXB-nün polis nəfəri, polis baş serjantı X2 Süleymanovun ifadəsində göstərilən xüsusatları təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21.12.2021-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İsmayıllı rayon polis şöbəsi istintaq bölməsinin müstəntiqi Nicat Osmanov tərəfindən Azərbaycan Respublikası CM-nin 139-1.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılaraq icraata qəbul edilmişdir; Cinayət işinin 7-ci vərəqəsində olan İsmayıllı rayon X6 hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 06.12.2021-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 07.12.2021-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) cavablandırılmışdır. Cinayət işinin 8-ci vərəqəsində olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.07.2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs və X5 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Cinayət işinin 28-33-cü vərəqələrində olan Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin X9 alınmış məhkəmə-tibbi ekspertizasının 20 dekabr 2021-ci il tarixli 1005/KEŞ nömrəli rəyindən görünür ki, 07.12.2021-ci il tarixdə yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs “Covid-19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitargigiyena qaylarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Cinayət işinin 36-cı vərəqlərində olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 29.12.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin 14-cü vərəqəsində olan İsmayıllı rayon X6 Hüquqi Şəxsdən alınmış 21.12.2021-ci il tarixli 02-02-2298/21 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Cinayət işinin 35-ci vərəqəsində olan İsmayıllı şəhər İƏD-si üzrə nümayəndəliyi tətəfindən verilmiş, 05.01.2021-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhər ərazisində yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir ərizə və şikayət daxil olmamışıdr. Cinayət işinin 43-cü vərəqəsində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05.01.2022-ci il tarixli qırarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuşdur. Cinayət işinin 66-cı vərəqəsində olan polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında 05.01.2022-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, təqsirləndirilən şəxsin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda - iki min beş yüz manatdan beş min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olmasını, törətdiyi əməldən səmimi peşmançılıq hissi keçirtməsini, əməlini etiraf etməsini nəzərə alır və onları cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, əməlindən səmimi peşman olmasını, himayəsində azyaşlı uşağının olmasını, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri, R.Bədəlov küçəsi, ev 16 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-11/2022
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-11/2022
08.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver