Məhkəmə qərarları › İş №1(037)-11/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-11/2024

01.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-11/2024 01.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 01 fevral 2024-cü il tarixdə saat 14:30-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1979-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində ikisi yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla dörd uşağı olan, məhkum olunmamış, İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi dalan 2 ev 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi qardaşı X3 məxsus “Vaz 21103” markalı **- ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Nizami küçəsi ilə şəhərin Ə.Ələkbərzadə küçəsi istiqamətində təxminən saatda 30-40 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbini pozaraq, yəni həmin yolun İsmayıllı şəhərinin “Kəpənək” dairəsi adlanan hissəsinin yaxınlığında, piyada keçidindən əlil arabasında keçməyə çalışan İ qrup əlil Zərərçəkmiş şəxs piyada keçidinə çıxması ilə əlaqədar vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, avtomobilin dayandırılması üçün tədbir görməli, piyada keçidindən piyadanın sərbəst hərəkətinə şərait yaratmalı olduğu halda həmin tələbləri yerinə yetirməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə əlil arabası ilə piyada keçidində hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bazunun sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də sonuncuya məxsus “Poylin P268” markalı əlil arabasını zədələməklə arabanın sahibi Zərərçəkmiş şəxs 7200 (yeddi min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi döngə 2 ev 1 ünvanında yaşayır, rəsmi olaraq işsizdir. “Vaz 21103 Minik” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil qardaşı Aqil Cəfərova məxsusdur, həmin avtomobil təxminən 3 ildir ki, baş etibarnamə əsasında onun istifadəsindədir və onun da həmin avtomobili idarə etməkdən ötrü sürücülük vəsiqəsi vardır. Mahiyyət üzrə bildirmişdir ki, xx.xx.2023ci il tarixdə saat 18 radələrində tək halda və ayıq vəziyyətdə şəxsi işləri ilə əlaqədar İsmayıllı şəhəri Nizami küçəsi ilə şəhərin Ə.Ələkbərzadə küçəsi istiqamətində təxminən saatda 30-40 kilometr sürətlə hərəkətdə olarkən, həmin yolda olan dairəvi hərəkət zolağına çatmamış, yolun hərəkət hissəsində yerləşən piyada keçidinin qarşısında, yolun sağ tərəfində “Niva” markalı, dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil dayanmışdır. O, piyada keçidinə çatanda qəfildən “Niva” markalı avtomobilin qarşısında əlil arabası ilə hərəkətdə olan bir nəfər şəxs çıxmışdır. O, həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 1 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. Belə ki, avtomobilinin qabaq sağ tərəfi həmin şəxin idarə etdiyi əlil arabası ilə toqquşmuşdur. Zərbənin təsirindən əlil arabası aşmışdır. O, avtomobildən düşərək dərhal həmin şəxsə, şəxsiyyəti ona araşdırma zamanı məlum olan Zərərçəkmiş şəxs yaxınlaşmış və eyni zamanda təcili yardım xidmətinə zəng etmişdir. Bir neçə dəqiqə sonra əraziyə polis əməkdaşları və təcili yardım xidmətinin işçiləri gəlmişdir. Zərərçəkmiş şəxs əlil arabası ilə birlikdə təcili yardım avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları onu da tibbi müayinədən keçirməkdən ötrü İsmayıllı RMX-na aparmışlar. Müayinədən keçdikdən sonra isə izahat verməkdən ötrü İsmayıllı RPŞ-nə gəlmişdir. Təqsirləndirilən şəxs ifadəsinə davam edərək bildirmişdir ki, o, hadisə zamanı avtomobili təxminən 30-40 km/saat sürətlə idarə etmişdir. Hadisə zamanı onun idarə etdiyi avtomobildə ondan başqa heç kim olmamışdır. O, hərəkətdə olarkən piyada keçidinə çatanda qəfildən “Niva” markalı avtomobilin qarşısında əlil arabası ilə hərəkətdə olan bir nəfər şəxs çıxmışdır. O, həmin vəziyyət anidən yarandığı üçün qəzadan yayına bilməmiş və həmin vaxt aralarında artıq 1 metrdən də az məsafə qalmış və bu zaman toqquşma olmuşdur. O, hadisədən öncə spirtli içki qəbul etməmiş və hadisə zamanı da sərxoş olmamışdır. Hadisə baş verən zaman ətrafda kimlərinsə olmasına fikir verməmiş, ancaq hadisədən sonra oraya çoxlu sayda rayon sakinləri gəlmişdir. Lakin gələnlərin kim olmasını bilmir. Hadisə xx.xx.2023-cü il tarixdə təxminən saat 18 radələrində əlaqədar İsmayıllı şəhəri Nizami küçəsi ilə şəhərin Ə.Ələkbərzadə küçəsinin kəsişməsinə çatmamış, yolun hərəkət hissəsində yerləşən piyada keçidində baş vermişdir. Baş vermiş hadisə onun günahı səbəbindən baş verdiyi üçün heç bir şikayət və tələbi yoxdur. Çünki o, piyada keçidində piyadaya yol verməli olduğu halda yol verməmişdir. Lakin o, orada piyadanın hərəkətini görməmişdir. Ona görə ki, keçidin qarşısında dayanmış “Niva” markalı avtomobilə görə piyadanın zolağa çıxdığını görə bilməmişdir. Həmin yerdə mütəmadi olaraq avtomobil dayandığı üçün “Niva” markalı avtomobilin də piyadaya yol vermək üçün deyil, sadəcə orada durduğunu düşünmüşdür. Barəsindəki cinayət işinin ibtidai istintaqı dövründə, habelə məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxsla barışıq etməyə cəhd etmiş, lakin maddi imkanı olmadığından zərərçəkmiş şəxsin ondan tələb etdiyi məbləği ödəyə bilməmişdir. Bununla belə barəsindəki cinayət işi üzrə yekun qərar qəbul olunduqdan sonra sığorta təşkilatı tərəfindən Zərərçəkmiş şəxs vurulmuş ziyan ödəniləcəkdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət əməli törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Himayəsində ikisi yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla dörd uşağı vardır, ailəsində evə gəlir gətirə bilən yeganə şəxs özüdür. Qeyd olunanlar nəzərə alınmaqla ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı şəhəri V.Osmanov küçəsi ev 3 mənzil 19 ünvanında yaşayır, İ qrup əlildir. Fiziki qüsurlu olduğu üçün əlil arabası ilə hərəkət edir. Onun istifadəsində “Poylin P268” markalı əlil arabası olmuşdur. xx.xx.2023-cü il tarixdə saat 18 radələrində əlil arabası ilə küçədə hərkətdə olmuşdur. İsmayıllı şəhəri “Kəpənək dairəsi” adlanan ərazidə hərəkətdə olarkən yolu keçmək qərarına gəlmişdir. Bunun üçün “Bol Market” adlı marketin arxa tərəfində olan piyada keçidindən keçərək yolu keçmək istəmişdir. Buna görə piyada keçidinə yaxınlaşmışdır. Həmn zaman İsmayıllı şəhəri istiqamətindən tanımadığı “Niva” markalı avtomobil gəlmişdir. Həmin avtomobil onun keçidə yaxınlaşdığını görərək hərəkətini saxlayıb ona yol vermişdir. “Niva” markalı avtomobilin arxasından gələn avtomobil də hərəkətini dayandırmışdır. Üzü Bakı şəhəri istiqamətindən gələn avtomobil də hərəkətini saxlayıb ona yol vermişdir. O, “Niva” markalı avtomobilin qarşısından keçərək hərəkətə başlamışdır. Həmin anda qəfildən “VAZ 21010” markalı avtomobil təxminən 30-40 km saat surətlə gələrək onu vurmuşdur. Zərbənin təsirindən o, yerə yıxılmışdır. Həmin vaxtı avtomobilin sürücüsü, şəxsiyyəti ona araşdırma zamanı məlum olan Təqsirləndirilən şəxs avtomobilin yanında dayanmışdır. Bir qədər sonra TTY əməkdaşları gələrək onu İsmayıllı RMX-na aparmışdır. Xəstəxanada isə sol çiyninin sınması aşkar edilmişdir. Zərərçəkmiş şəxs ifadəsinə davam edərək bildirmişdir ki, hadisə zamanı onu vurmuş “VAZ 21010” markalı avtomobil təxminən 30-40 km saat surətlə hərəkətdə olmuşdur. Avtomobilin sürücüsü Təqsirləndirilən şəxs içkili halda olub olmaması ilə bağlı məlumatı yoxdur. Hadisə nəticəsində idarə etdiyi əlil arabasına təxminən 4500 manat ziyan dəymişdir. Zərərçəkmiş şəxs əlavə ifadə verərək bildirmişdir ki, o, istifadəsində olmuş “Poylin P268” markalı əlil arabasının qiymətini dəqiqləşdirmişdir. Həmin araba Türkiyə istehsalı olmaqla dəyəri təzə halda təxminən 10 min manatdır. İşlənmiş halda isə təqribən 7000-7200 manatdır. Təqsirləndirilən şəxs barəsində qanuni tədbir görülməsini və ona dəymiş ziyanın ödənilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, qeyd olunan yol nəqliyyat hadisəsi İsmayıllı şəhəri, Nizami küçəsi ilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsinin kəsişməsində olan piyada keçidində baş vermişdir. Məhkəmə tibbi ekspertizasının 03 oktyabr 2023-cü il tarixli 502 saylı rəyindən görünür ki, 1986-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarət – sol bazunun sınığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2023-cü il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa Az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 20 noyabr 2023-cü il tarixli 8/3413 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “VAZ 21103” markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 2-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 85 (səksən beş) manat təşkil edir. Məhkəmə əmtəəşünaslıq ekspertizasının 08 dekabr 2023-cü il tarixli 9/8738 nömrəli rəyindən görünür ki, 01 ədəd Türkiyə istehsalı, “Poylin P268” markalı mühərrikli əlil arabasının 2023-cü ilin sentyabr ayına təzə vəziyyətdə olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 8000.00 manat, 1 il istifadəsinə görə 10% aşınma tətbiq edilməklə qalıq dəyəri 7200.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. “X4 servis” tərəfindən tərtib olunmuş 21 dekabr 2023-cü il tarixli 064-23 nömrəli arayışdan görünür ki, “Vaz 2103” minik markalı, **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilərkən avtomobilin qabaq bufer (bamper), qabaq alt və üst panel, sol qabaq qanad, radyator, abrisovka və digər bu hissəyə aid detallar qəza nəticəsində sıradan çıxmışır. Avtomobilə səthi baxış zamanı təmir xərci ilə birlikdə 450.00-500.00 manat civarında zərər müəyyən edilmişdir. Avtomobilin yuxarıda göstərilən hissələri təmir və bərpadan sonra istismarı mümkündür. Nəqliyyat vasitəsinin tormoz (əyləc), sükanlı idarəetmə və digər sistemlərində baxış zamanı heç bir qüsur aşkar olunmamışdır. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 22 sentyabr 2023-cü il tarixli 409 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı spirtli içki qəbul etməmiş, ayıq olmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin Ağsu RQİ və TBŞ-tərəfindən verilmiş 23 dekabr 2023-cü il tarixli 3-13-16/2/2-4355/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına AF207019 nömrəli “BC” kateqoriyalı xx.xx.2018-ci il tarixdən xx.xx.2028-ci il tarixədək etibarlılığı olan sürücülük vəsiqəsinin olması müəyyən edilmiş və sürücülük hüququnun məhdudlaşdırılması barədə məlumat qeydə alınmamışdır. Höəmin məktubdan müəyyən edilir ki, “VAZ 2110” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi dalan 2 ev 1 ünvanında qeydiyyatda olan və yaşayan X1 mülkiyyətindədir, həmin avtomobilə Təqsirləndirilən şəxs xx.xx.2019-cu ildən xx.xx.2028-ci il tarixədək istifadə etmək hüququ olan etibarnamə verilmişdir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Poylin P268” markalı motorlu əlil arabası maddi sübut qismində tanınaraq sahibi Zərərçəkmiş şəxs, “VAZ 21103” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınaraq sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci mаddəsi ilə nəzərdə tutulan ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edildi. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 22 sentyabr 2023-cü il tarixdə saat 18 radələrində sürücülük hüququ və etibarnamə əsasında idarə etdiyi qardaşı X3 məxsus “Vaz 21103” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Nizami küçəsi ilə şəhərin Ə.Ələkbərzadə küçəsi istiqamətində təxminən saatda 30-40 kilometr sürətlə hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbini pozaraq, yəni həmin yolun İsmayıllı şəhərinin “Kəpənək” dairəsi adlanan hissəsinin yaxınlığında, piyada keçidindən əlil arabasında keçməyə çalışan İ qrup əlil Zərərçəkmiş şəxs piyada keçidinə çıxması ilə əlaqədar vaxtında tədbir görməklə idarə etdiyi avtomobilin sürətini azaltmalı, avtomobilin dayandırılması üçün tədbir görməli, piyada keçidindən piyadanın sərbəst hərəkətinə şərait yaratmalı olduğu halda həmin tələbləri yerinə yetirməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə əlil arabası ilə piyada keçidində hərəkətdə olan Zərərçəkmiş şəxs vurmuş, nəticədə o, ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs sol bazunun sınığından ibarət sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, eləcə də sonuncuya məxsus “Poylin P268” markalı əlil arabasını zədələməklə arabanın sahibi Zərərçəkmiş şəxs 7200 (yeddi min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olan cinayəti törətməkdə təqsirlidir. Ona görə də məhkəmə tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 263.1-ci maddəsi ilə tövsif edilməli və onun barəsində ittiham hökmü çıxarılmalıdır. Belə ki, Azərbaycan Respublikası cinayət Prosessual məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə yekun qərar (ittiham hökmü) çıxararkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2013-cü il tarixli qərarının tələblərini və izahlarını rəhbər tutmuşdur. Belə ki, məhkəmə istintaqında tədqiq edilmiş, məhkəmə tərəfindən sübut növü kimi qəbul edilmiş məhkəmə yol-nəqliyyat hadisələri ekspertinin rəyi ilə təsdiq edilir ki, Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun tələblərini pozmuşdur. Onun bu hərəkətləri ilə baş vermiş hadisə arasında səbəbli əlaqə olmuşdur. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə əsas və əlavə cəza təyin olunmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Bununla yanaşı, məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli yol-hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması nəticəsində zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulması ilə əlaqədar olan, ehtiyatsızlıqdan törədilən “böyük ictimai təhlükə törətməyən” cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Məhkəmə, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəza təyin edərkən bu Məcəllənin müvafiq maddəsində göstərilməmiş başqa halları da cəzanı yüngülləşdirən hal qismində nəzərə ala bilər. Bununla da məhkəmə cinayət qanunda cəzanı yüngülləşdirən halların sayının məhdudlaşdırılmadığına əsaslanaraq, cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış halları da cəzanı yüngülləşdirən hallar qismində nəzərə almaqla, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, təqsirini etiraf edərək əməlindən səmimi peşmanlıq keçirməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, işdə olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-si İsmayıllı rayon Mərkəzi Xəstəxanası “Konsultativ Poliklinika” şöbəsindən alınmış xx.xx.2023-cü il tarixli, 18-1-47/2- 1063/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədən, doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cəfərov X2 şəhəri Ü.Hacıbəyov küçəsi dalan 2 ev 1 ünvanında qeydiyyatda olmaqla orada, evlidir, himayəsində iki yetkinlik yaşına çatmayan və iki azyaşlı uşaqları vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbayçan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmə hüququndan məhrum edilməklə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunmasını qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə növündə əlavə cəza və azadlığın məhdudlaşdırılması növündə əsas cəza təyin edilməsini cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Gündüz Rəcəbov barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Məhkəmə, həmçinin nəzərə alır ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinin tələbinə əsasən, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması növündə təyin ediləcək cəzanı çəkərkən, onun üzərinə yaşayış yerini saat 23:00-dan saat 07:00-a dəyişməmək, elektron nəzarət vasitələrini gəzdirmək və həmin vasitələrin işlək vəziyyətdə saxlanması üçün ona xidmət etmək, İsmayıllı rayonu ərazi hüdudlarını tərk etməmək, məhkəmənin qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Cəzasının başlanğıcı cəzanın icrasına nəzarət edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs tərəfindən bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə zərərçəkmiş şəxsə maddi ziyan vurulması ilə bağlı mülki iddia verilməmişdir. Bununla belə məhkəmə zərərçəkmiş şəxsə izah edir ki, bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə ona vurulmuş maddi ziyanı mülki mühakimə icraatı qaydasında tələb etmək üçün subyektiv hüquqa malikdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 180.2-ci maddəsinə əsasən şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməmişsə, o, mülki mühakimə icraatı qaydasında mülki iddia verməyə haqlıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Bununla belə, iş üzrə maddi sübut olan “Poylin P268” markalı motorlu əlil arabasının sahibi Zərərçəkmiş şəxs, “VAZ 21103” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı ilə bağlı məhkəmə məsrəfləri 135 (bir yüz otuz beş) manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 135 (bir yüz otuz beş) manat məhkəmə məsrəfləri tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Həmçinin məhkəmə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından belə nəticəyə gəlir ki, Gündüz Rəcəbov barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsi dalan 2 ev 1 ünvanındakı evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət qeydiyyatda olduğu yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübutlar - “Poylin P268” markalı motorlu əlil arabasının sahibi Zərərçəkmiş şəxs, “VAZ 21103” markalı **-ND-*** dövlət qeydiyyat nişanlı avtomobilin isə sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 135 (bir yüz otuz beş) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar