Məhkəmə qərarları › İş №1(037)-12/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-12/2023

21.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-12/2023 21.02.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs iştirakı ilə 21 fevral 2023-cü il tarixdə saat 17:46-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1987-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işsiz, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli 1(091)-115/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 14 may 2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində olarkən arvadı X3 onun mobil telefonuna zəng edərək həmkəndlisi Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə yaşadıqları evin giriş qapısına gələrək onun bir gün əvvəl qardaşı İntiqam Bayramovla mübahisə etməsinə aydınlıq gətirmək istədiyini bildirmiş, o, Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə evinə gəlməsindən əsəbləşərək yaşadığı evin qarşısına gəlib Zərərçəkmiş şəxs hansı səbəbdən özü evdə olmadığı halda sərxoş vəziyyətdə onun evinin giriş qapısına gəlməsinə irad tutmuş, bu səbəbdən şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisəsi zamanı əsəbiləşərək yumruqla Zərərçəkmiş şəxs bədəninin müxtəlif nahiyələrindən vurub dartışaraq sonuncuya qəsdən üzün, boynun, sol saidin sıyrıqları, boynun və döş qəfəsinin arxa səthinin qançırları kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirməklə həyətə salmış və stolun üzərindən götürdüyü zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Zərərçəkmiş şəxs sol bazu nahiyəsindən 4 dəfə qəsdən vurub sonuncuya sol bazunun 1 ədəd cərrahi tikilmiş yarası kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid və sol bazunun 3 ədəd səthi kəsilmiş yaraları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmiş, habelə həmin bıçaqla Zərərçəkmiş şəxs sol sağrı nahiyəsindən qəsdən 2 dəfə və sol budundan qəsdən 1 dəfə vuraraq sonuncuya sol sağrı nahiyəsinin 2 ədəd və sol budun 1 ədəd səthi kəsilmiş yaraları kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, İsmayıllı rayonu Kürdmaşı kəndində yaşayır, evlidir, himayəsində bir yetkinlik yaşına çatmamış uşağı vardır. O, Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli 1(091)-115/2013 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib qəti olaraq 6 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 04 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. 13 may 2022-ci il tarixdə saat 21 radələrində tanışı Şahid2la birlikdə çay içmək üçün İsmayıllı rayonu Kürdmaşı kəndində Qadirin kafesi kimi tanınan kafeyə getmiş və orada masalardan birində əyləşərək çay içməyə başlamışlar. Bu zaman həmkəndlisi İntiqam içəri daxil olaraq onunla zarafat edib nalayiq ifadə işlətmiş, o, İntiqama onunla nalayiq sözlərlə zarafat etməməsini bildirdikdə aralarında mübahisə yaranmışdır. O, mübahisəni davam etdirməyib Səidlə birlikdə kafedən çıxıb getmişlər. 14 may 2022-ci il il tarixdə saat 21 radələrində həmin kafedə pivə içərkən arvadı Rəhimə ona zəng edərək “səni çağıran var qapıda Talehdi, deyirəm yoxdu evdə başa düşmür, piyandı, evə gəl” demişdir. O təcili evə gəlmiş və qapıda Talehin olduğunu görmüşdür. Talehə nəyə görə evdə olmadığı halda qapıya gəldiyini dedikdə Taleh qardaşı İntiqamla mübahisə etdiyinə görə gəldiyini deyərək ünvanına nalayiq ifadə işlətmişdir. O da Talehin ünvanına nalayiq ifadə işlətmiş və sifət nahiyəsindən yumruqla vurmuşdur. Onlar əlbəyaxa olmuşlar. Küçədə başqa şəxslərin mübahisəni eşitməməsi üçün Talehi yaşadığı evin həyətinə gətirmişdir. Taleh həyətində təkrarən onun ünvanına nalayiq ifadələr işlətdiyindən onu cəzalandırmaq üçün həyətdə olan masanın üstündən mətbəx bıçağını götürüb ona xəsarət yetirmək məqsədi ilə sol qolundan, sol arxa yan tərəfindən və bud nahiyəsindən zəif zərbələrlə bıçaqla xəsarət yetirmişdir. Taleh sərxoş olduğundan və xəsarət aldığından huşunu itirmişdir. Həmin vaxt Talehin “Samsung A10” markalı mobil telefonuna zəng gəlmiş, zəngə özü cavab verdikdə zəng edənin həmkəndlisi Rauf olduğunu bilmişdir. O Raufa danışanın özü olduğunu, Talehi vurduğunu və gəlib onu həyətindən aparmaqlarını bildirmişdir. Təxminən 10 dəqiqə sonra Talehin oğlu Ülvi, qardaşının kürəkənləri Elxan və Cümşüd onun həyətinə gəlmişlər. Onlar Talehi həyətdən götürüb aparmışlar. Bir müddət sonra polis əməkdaşları gələrək həyətə baxış keçirmiş, səhəri gün Talehi vuraraq xəsarət yetirdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. O, Talehi söyüşlərinə və evdə olmadan onun qapısına gəldiyinə görə cəzalandırmaq üçün ona xəsarət yetirmişdir. Həmin vaxt yaşadığı evin həyətində Talehlə özü olduğundan, sonuncuya bıçaqla daha ciddi xəsarətlər yetirmək imkanı olmuş, lakin bunu etməmiş, çünki onun Talehi öldürmək niyyəti olmamış və buna görə də xəsarətləri qol, arxa yan və bud nahiyyələrindən yetirmişdir. Hadisədən sonra zərərçəkmiş şəxsdən üzr istəmiş, zərərçəkmiş şəxs də onu bağışlamışdır. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxsə vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxsin ondan şikayəti və tələbi yoxdur. Barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olsa da Bakı şəhəri, Xətai rayonu Gəncə prospekti ev 63, mənzil 70-də yaşayır. Şayıq onun həmkəndlisi olmaqla münasibətləri yaxşı olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 14 may 2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndinə gəlmiş, həmin gün axşam saat 18 radələrində qardaşı İntiqamın kiminləsə mübahisə etməsini bilmişdir. İntiqam ona Şayıqla aralarında kafedə mübahisə baş verdiklərini bildirmişdir. Təxminən 100 qram spirtli içki içmiş, Şayıqla münasibəti yaxşı olduğuna görə onunla əlaqə saxlayıb nəyə görə mübahisə etdiklərini aydınlaşdırmaq istəmişdir. Həmin gün saat 21 radələrində evdən çıxaraq təxminən 400-500 metr məsafədə yerləşən Şayıqın yaşadığı evin qarşısına getmiş və küçədən Şayıqı çağırmışdır. Bu zaman hava qaranlıq olmuşdur. Şayıqın arvadı Rəhimənin həyətə düşdüyünü görmüş və o Rəhiməyə “bacı Şayıq hardadı” deyə bildirmişdir. Rəhimə ona “kimdi soruşan?” dedikdə o Rəhiməyə “İntiqamın qardaşıdı” deyə cavab vermiş, Rəhimə ona Şayıqın evdə olmadığını dedikdə o, Şayıqın mobil nömrəsini istəmişdir. O, küçədə olduğu vaxt Rəhimənin mobil telefonla danışa-danışa evə tərəf getdiyini görmüş və Rəhimənin Şayıqı çağırdığını bilmişdir. Təxminən 5-10 dəqiqə sonra küçədə dayanmış və Şayıqın gəlmədiyini görərək yaşadığı evə getməyə başlamışdır. Bu zaman Şayıq bir avtomobillə gələrək onun yanında saxlamış və avtomobildən düşərək onun baş nahiyəsindən yumruqla vurmuşdur. Onun huşu özündən getmiş, qısa müddət sonra Şayıqın yaşadığı evin həyətində olduğunu, Şayıqın dizini sinə nahiyəsinə qoyduğunu, əlindəki bıçaqla bədən nahiyələrindən vurduğunu hiss etmişdir. Bir qədər sonra isə ətrafda oğlu Ülvi, qardaşı İntiqamın kürəkənləri Elxan və Cümşüdün olduğunu, ona yardım etdiklərini görmüşdür. Sonra isə əlini qoluna və arxa nahiyəsinə apardıqda qan olduğunu görmüşdür. Oğlu Ülvi onu avtomobilinə əyləşdirib ilk öncə yaşadıqları evə, daha sonra İsmayıllı RMX-na gətirmiş, xəstəxanada həkimlər tərəfindən ona tibbi yardım göstərilmişdir. Sonradan Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonunun Kürdmaşı kəndində yaşayır. Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onlarla münasibəti yaxşı olmuş, aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. Yaşadığı evlə Təqsirləndirilən şəxs yaşadığı evin arasında 200-300 metr məsafə vardır. 14 may 2022-ci il tarixdə saat 21 radələrində yaşadığı evin həyətində olarkən Şayıqın arvadı Rəhimə ona zəng edərək Şayıqın sərxoş vəziyyətdə olan Taleh adlı şəxslə dalaşdığını və gəlib kömək etməyini bildirmişdir. O qardaşı Məhəmmədlə birlikdə piyada Şayıqın evinin həyətinə getmiş, yolda Ülvi, Elxan Cəfərov, Elxanın bacanağı Cümşüdün həmin istiqamətdə getdiyini görmüşlər. Onlar birlikdə Şayıqın həyətinə çatdıqda Şayıqın evinin giriş qapısının qarşısında Zərərçəkmiş şəxs kürəyi üstə yerdə halsız vəziyyətdə uzandığını, Şayıqın isə bir ayağını Talehin üstünə qoyduğunu görmüşdür. Qardaşı Məhəmməd ilk olaraq Şayıqa yaxınlaşmış, Şayıqı aralaşdırmaq üçün onun çiyin nahiyəsindən kənara itələmişdir. X2 vermiş, Ülvi atası Talehin üzünə su vurmuş və onu həyətdən götürüb aparmışlar. Şahid2 əlavə etmişdir ki, o qardaşı Məhəmmədlə birlikdə Şayıqın yaşadığı evinin həyətinə çatarkən ancaq Şayıqın bir ayağını Talehin üstünə qoyduğunu görmüş, həmin vaxt Şayıq Talehi bıçaqla və ya əl-ayaqları ilə vurmamışdır. Şаhid qismində dindirilmiş Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid X3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. 14 may 2022-ci il tarixdə 21 radələrində həyətdən kiminsə Şayıqı çağırdığını eşitmişdir. Oğlu Faiq evin pəncərəsindən baxıb Şayıqı çağıran kişiyə onun evdə olmadığını bildirmişdir. Bu zaman o, həmin şəxsin “atan yoxdusa sən düş qapıya gəl” dediyini eşitmişdir. Bu sözdən sonra özü həyətə düşmüş, küçədə dayanan adını sonradan bildiyi Taleh adlı şəxsə bir qədər yüksək tonla Şayıqın evdə olmadığını bildirmişdir. Taleh ona “sən niyə belə əsəblə danışırsan, aqressivsən” deyə bildirmiş, o, Talehə “hamıyla belə danışıram, siz həyətə girmisiz sizlə belə danışmalıyam” demişdir. Taleh onun oğlu Faiqə “sən Şayıqın oğlusan?” deyə sual vermiş, Faiq də Şayıqın oğlu olduğunu təsdiqləmişdir. Taleh ona “sən kimsən” deyə bildirdikdə o, Talehə “sənin nə işinə qalıb” demişdir. Talehin oradan getmək istəmədiyini gördükdə əri Şayıqa zəng edərək “həyətdə tanımadığım adam səni soruşur, gəl onu da götür həyətdən apar” demişdir. Sonra isə oğlu Faiqlə birlikdə evə getmişdir. Təxminən 5 dəqiqə sonra həyətdən səs gəldiyini eşidib yenidən həyətə düşdükdə Talehin arxası üstə uzandığını, Şayıqın isə əlində bıçaqla onun qol və arxa yan tərəfindən bir neçə dəfə vurduğunu görmüşdür. Şayıq Talehin telefonuna zəng edən kiməsə məlumat vermiş, az sonra Talehin oğlu adını sonradan bildiyi Ülvi, qohumları Elxan, Cümşüd gəlmişlər. Onlar Talehin üzünə su vurmuş və onu götürüb xəstəxanaya aparmışlar. Bundan sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. Şahid3 ifadə verərək göstərdi ki, Şayıq onun həmkəndlisi olmaqla onunla münasibələri normal olmuş, aralarında ədavət və düşmənçilik olmamışdır. 15 may 2022-ci il tarixdə İsmayıllı rayonu Kürdmaşı kəndinə gəlmişlər. Günorta radələrində atası Taleh əmisi İntiqamın evinə getmişdir. Atası qayıtdıqdan sonra bir müddət evdə oturmuş və saat 21 radələrində harasa getmişdir. Təxminən 15-20 dəqiqə sonra əmisi İntiqam Bayramovun qudası Rauf Nəcəfov, oğlu Cümşüd Nəcəfov və əmisinin kürəkəni Elxan Cəfərov onlara gəlmişlər. Rauf atasının harada olduğunu soruşmuş və onlara qonaq gəldiklərini demiş, Rauf Nəcəfova atasının harasa getdiyini və getdiyi yeri bilmədiyini demişdir. Rauf ondan atasına zəng etməyini xahiş etmişdir. Onun telefonunda balans bitdiyindən Rauf özü atasına zəng etmişdir. Rauf telefonda “Taleh hardasan” deyə soruşduqda o, telefondan tanımadığı bir şəxsin “Talehi öldürmüşəm, gəlin aparın” deyə cavab verməsini eşitmişdir. Bundan sonra Rauf ona kənd sakini Təqsirləndirilən şəxs evlərinə gedib atasını gətirməyini tapşırmışdır. O, Cümşüd və Elxan Təqsirləndirilən şəxs yaşadığı ünvana getmışlər. O, özünə məxsus “Opel” markalı avtomobillə Cümşüd və Elxanla birlikdə Şayıqın yaşadığı ünvana getmişlər. Şayıqın evinə çatmağa az qalmış avtomobili saxlayaraq evə tərəf qaçmağa başlamışdır. Bu zaman Şayıqın evinə tərəf iki nəfər şəxsin də getməyini görmüşdür. Şayıqın həyətinin ətrafı metal torla hasarlandığından içəriyə baxdıqda Şayıqin atasını yerə yıxıb dizini sinəsinə qoyduğunu və əlində tutduğu bıçaqla sol qoluna bıçaqla vurduğunu görmüşdür. Bundan sonra o, qapını açaraq qaça-qaça onlara tərəf getməyə başlamış və qaçdığı zaman qışqıraraq “bəsdir, vurma, öldü” demişdir. Həmin zaman isə Şayıq atasına şillə və təpik zərbələri vurmuş, onlara çatdığı zaman Təqsirləndirilən şəxs əli ilə itələyərək atasından uzaqlaşdırmışdır. Bu zaman bayaq yolda gördüyü iki nəfər şəxs də ora gəlmiş, onların kənd sakinləri Səid və Məhəmməd olduğunu bilmişdir. Məhəmməd Şayıqı aralayıb kənara aparmış, bu zaman atasının huşu özündən getmiş halda olmuşdur. Elxan Cəfərov atasının üzünə su tökərək onu ayıltmış, bundan sonra onlar atasını qapıdan çıxararaq ona məxsus avtomobilə əyləşdirmiş və evə gətirmişlər. Rauf Nəcəfov atasını avtomobilə əyləşdirib İsmayıllı RMX-na aparmış və xəstəxanada atasına tibbi yardım edilmişdir. Şahid X1 ilə əlaqdar olaraq məhkəmə iclasına gələ bilmədiyindən onun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid X6 ibtidai istintaqa verdiyi ifadəsində Şahid3 göstərdiyi xüsusatları tam təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 11 iyul 2022-ci il tarixli 227 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol bazunun cərrahi tikilmiş yarası (01 ədəd), sol bazunun (03 ədəd), sol sağrı nahiyəsinin (02 ədəd), sol budun (01 ədəd) səthi kəsilmiş yaraları, üzün, boynun, sol saidin sıyrıqları, boynun və döş qəfəsinin arxa səthinin qançırları. Bu xəsarətlərdən sol bazunun, sol sağrı nahiyəsinin və sol budun yaraları deşici-kəsici alətin (ola bilsin bıçaq) deşici-kəsici və kəsici təsirindən, üzün, boynun, sol saidin sıyrıqları, boynun və döş qəfəsinin arxa səthinin qançırları küt əşya (alət) təsirindən törənmişdir, 14 may 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlərdə ayrı-ayrılıqda sol bazunun cərrahi tikilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül dərəcəli zərərvurmaya, digər xəsarətlər isə istər birlikdə, istərsədə ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən dərəcəsi təyin edilmir. Əlavə məhkəmə-tibbi ekspertizasının 06 noyabr 2022-ci il tarixli 227/08 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sol bazunun cərrahi tikilmiş yarası (01 ədəd), sol bazunun (03 ədəd), sol sağrı nahiyəsinin (02 ədəd), sol budun (01 ədəd) səthi yaraları, üzün, boynun, sol saidin sıyrıqları, boynun və döş qəfəsinin arxa səthinin qançırları. Bu xəsarətlərdən sol bazunun, sol sağrı nahiyəsinin və sol budun yaraları deşici-kəsici alətin (ola bilsin bıçaq) deşicikəsici və kəsici təsirindən, üzün, boynun və döş qəfəsinin arxa səthinin qançırları küt əşya (alət) təsirindən törənmişdir, xx.xx.2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. Qeyd edilən xəsarətlərə ayrı-ayrılıqda, sol bazunun yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan saqğlamlığa myüngül dərəcəli zərərvurmaya, digər xəsarətlər isə, istər birlikdə istərsə də ayrı-ayrılıqda sağlamlığa zərərvurmayan xəsarətlərdə aid edildiyindən dərəcəsi təyin edilmir. T.Q,Bayramovun bədənində aşkar edilmiş xəsarətlərdən-sol bazunun cərrahi tikilmiş yarası (01 ədəd), sol bazunun (03 ədəd), sol sağrı nahiyəsinin (02 ədəd) və sol budun (01 ədəd) səthi yaraların xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqla eləcə də buna bənzər tipli digər bıçaqla da yetirilə bilərdi. Azərbaycan Respublikası ƏN-nin Məhkəmə Ekspertizası Mərkəzinin Şəki Regional bölməsindən alınmış 14 iyun 2022-ci il tarixli, 17/465 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilən 1 ədəd bıçaq zavodu üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat məişət təyinatlı mətbəx bıçağıdır, soyuq silah hesab edilmir. Cinayət işinin materiallarında olan 15 may 2022-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs bıçaqla vuraraq xəsarət yetirdiyi yer İsmayıllı rayonu Kürdmaşı kəndi ərazisində Təqsirləndirilən şəxs məxsus evin həyətidir. Cinayət işinin materiallarında olan İsmayıllı RMX-dan alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 15 may 2022-ci il tarixli 151 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs tibbi müayinədən imtina etmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası TƏBİB-in İsmayıllı RMX-sı PHŞ-in 22 iyul 2022-ci il tarixli 02-04-459/2022 nömrəli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-əsəb” kabinetlərində dispanser qeydiyyatında yoxdur. Müstəntiqinin 29 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 24 dekabr 2022-ci il tarixli qərarından görünür ki, qeyd edilən hadisə qısa müddət ərzində şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs 1 gün əvvəl qardaşı İntiqam Bayramovla mübahisə etdiyinə görə Təqsirləndirilən şəxs evinin qarşısına gəlib onu axtarması səbəbindən baş vermiş, kənar şəxslərin narahatlığına və ictimai qaydanın pozulmasına səbəb olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsində nəzərdə tutulan xuliqanlıq cinayətinin tərkib əlaməti olmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Bundan başqa həmin qərardan görünür ki, Təqsirləndirilən şəxs mübahisə və dava zamanı əlində olan bıçaqla Zərərçəkmiş şəxs həyat üçün təhlükəli olan bədən orqanlarına real xəsarət yetirmək imkanı olsa da, məqsədi Zərərçəkmiş şəxs cəzalandırmaq məqsədi ilə xəsarət yetirmək olduğundan o, bıçaqla Zərərçəkmiş şəxs sol bazu nahiyəsindən vuraraq sonuncuya sağlamlığa yüngül zərərvurmaya aid, sol sağrı və bud nahiyələrindən qəsdən vuraraq sağlamlığa zərərvurmayan bədən xəsarəti yetirmişdir. Buna görə də Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29, 120.1-ci maddəsində nəzərdə tutulmuş qəsdən adam öldürməyə cəhd cinayətinin tərkib əlaməti olmadığından barəsində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və cinayət işindən material ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statsitik İnformasiya İdarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 26 dekabr 2013-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Şəki rayon Məhkəməsinin 19 aprel 2018-ci il tarixli qərarı ilə azadlıqdan məhrumetmə cəzası 6 il 5 aya endirilmiş, 04 aprel 2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. İşdə olan 17 may 2022-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 144.2.3, 144.2.4 və 144.2.5-ci maddələri ilə aparılan cinayət təqibinə həmin Məcəllənin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 73.3-cü və CPM-nin 40.3-cü maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırmaqla xitam verilmişdir. İsmayıllı rayonu Kürdmaşı İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyindən verilmiş 02 iyun 2022-ci il tarixli 919 və 920 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Kürdmaşı kəndində yaşamaqla ailə tərkibi özündən, arvadı X3 və 25 iyun 2008-ci il təvəllüdlü oğlu Faiqdən ibarətdir, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edildi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuş, zərərçəkmiş şəxslə barışıq əldə etmiş və ona vurduğu ziyanı tamamilə ödəmişdir. Zərərçəkmiş şəxs təqsirləndirilən şəxsi bağışlayaraq ondan tələb və şikayətinin olmadığını, ona vurulmuş ziyanın təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənildiyini bildirmiş və onunla barışmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin ərizəsi təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin qeyd hissəsinə əsasən şəxs bu Məcəllənin 72 - 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Cinayət işinin materiallarında olan 17 may 2022-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 73.3-cü və CPM-nin 40.3-cü maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırmaqla xitam verilmişdir. Eyni zamanda müvafiq tələbnamə və məhkəmə hökmundən görünür ki, hazırda Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığa yüngül zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 149.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş qəsdən ağır və az ağır cinayətlər törətməyə görə əvvəllər məhkum olunması, məhkumluğu ödənilmədən yenidən qəsdən böyük ictimai təhlükə törətməyən cinayət törətməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasən residivin müəyyən olunması zamanı nəzərə alınmır. Аzərbаycаn Rеspublikаsı Cinаyət Məcəlləsinin 73.2-ci mаddəsində göstərilir ki, bu Məcəllənin 128-ci maddəsində nəzərdə tutulmuş əməli törətmiş şəхs zərərçəkmiş şəхslə bаrışdıqdа və оnа dəymiş ziyаnı tamamilə ödədikdə cinаyət məsuliyyətindən аzаd edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarının qərar hissəsinin 2-ci hissəsində göstərilir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndi həmin Məcəllənin 72–73-2 və 74-1-ci maddələri ilə cinayət məsuliyyətindən azad edilmiş şəxsin məsuliyyətdən azad edilənədək törətmiş olduğu digər cinayət əməlinə görə cinayət məsuliyyətindən azad olunmasının mümkünlüyünü istisna etmir. Cinayət işinin materiallarından görünür ki, hazırki cinayət işinin başlanmasına səbəb və əsas Zərərçəkmiş şəxs İsmayıllı RPŞ-nə ərizə ilə müraciət edərək, xx.xx.2022-ci il tarixdə saat 21 radələrində İsmayıllı rayonunun Kürdmaşı kəndində Təqsirləndirilən şəxs bıçaqla onun bədəninin müxtəlif nahiyyələrindən vuraraq ona xəsarət yetirdiyini bildirməsi barədə İsmayıllı RPŞ-nin İstintaq bölməsində toplanmış material olmuşdur. Cinayət işinin materiallarındakı 17 may 2022-ci il tarixli cinayət təqibinə hissəvi xitam verilməsi haqqında qərarın surətindən görünür ki, İsmayıllı RPŞ-nin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 73.3 və CPM-nin 40.3-cü maddələrinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorla razılaşdırmaqla xitam verilmişdir. Belə ki, iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində aparılan cinayət təqibinə Azərbaycan Respublikası CM-nin 144-cü maddəsinin “Qeyd” hissəsi tətbiq edilərək Azərbaycan Respublikası CM-nin 73.3 və CPM-nin 40.3-cü maddələrinə əsasən 17 may 2022-ci il tarixdə xitam verilmiş, Təqsirləndirilən şəxs isə hazırki cinayət əməlini 14 may 2021-ci il tarixdə, yəni onun barəsində Azərbaycan Respublikası 73.3-cü və CPM-nin 40.3-cü maddəsinə əsasən tətbiq edilən xitam qərarından əvvəl törətmişdir. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinin “cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilmə” ilə bağlı müddəasının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 28 dekabr 2022-ci il tarixli qərarının nəticə hissəsinin 2-ci bəndinə əsasən cinayət məsuliyyətindən azad olunmasını mümkün hesab edir. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxsla barışdığından və оnа dəymiş ziyаnı tamamilə ödədiyindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və yekun qərarın nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2 və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.3, 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərar verdi : Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olmaqla İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan bir ədəd bıçaq qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 30 (otuz) manat 60 (altmış) qəpik qərar qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Cinayət işi üzrə mülki iddia yoxdur. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Qərardan apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar