Məhkəmə qərarları › İş №1(037)-13/2023

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-13/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-13/2023 23.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxsin müdafiəçisi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 23 may 2023-cü il tarixdə saat 14:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1979-cu ildə İsmayıllı rayonunun Basqal kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olmuş, İsmayıllı rayonunun Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşamış, barəsində polisin nəzarət altına vermə qətimkan tədbiri seçilmiş, 17 aprel 2023-cü il tarixdə ölmüş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilərək məhkəməyə verilmişdir ona görə ki, o, saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmiş, habelə təkrarən saxlanc yerinə qanunsuz olaraq girməklə özgənin əmlakını açıq talayıb soyğunçuluq etmişdir. Belə ki, o, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda və evdə heç kəsin olmamasına əmin olduqdan sonra həmin evin həyətinin ətrafına çəkilmiş 150-170 santimetr hündürlüyündə məftil torun üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həyətə qoyulmuş saxlanc yeri hesab olunan köhnə qatar vaqonunun orta pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq vaqonun içərisinə daxil olaraq oradan 1 metrinin dəyəri 1 manat 20 qəpik olmaqla 100 metr uzunluğunda, cəmi 120 manat dəyərində 1 top mis kabeli, 1 ədəd “Markus” markalı 50 manat dəyərində su matorunu, 3 ədəd hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində traynikləri və 1 ədəd 25 manat dəyərində aliminium materialdan olan qazanı götürüb vaqondan çıxararaq özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 225 (iki yüz iyirmi beş) manat dəyərində əmlakını ələ keçirərək oğurluq etmişdir. Bundan başqa o, təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib, ətrafda və evdə heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evin həyətinə daş hasarının üzərindən keçməklə daxil olmuş və həmin evin saxlanc yeri hesab olunan həyətyanı sahəsində yeraltı olaraq çəkilmiş Türkiyə istehsalı olan, çoxdamarlı, en kəsiyi 2,5 millimetr təşkil edən, 1 metrinin dəyəri 1 manat olmaqla 200 metr uzunluğunda, cəmi 200 manat dəyərində mis elektrik naqillərini çıxarıb götürmüş, daha sonra öz cinayətkar hərəkətlərini davam etdirərək həmin həyətdə yerləşən saxlanc yeri hesab olunan qarajın dəmir qıfılını sındırmaq yolu ilə qanunsuz olaraq qaraja daxil olub oradan 1 ədəd “Samsung” markalı 100 manat dəyərində tozsoranı götürərək kabellə birlikdə kisəyə yığıb qəsdən gizli olaraq talayaraq, hasarın üzərindən keçməkə aparmaq istəyərkən onun qarın üstündə piyada gedərkən buraxdığı ayaq izlərini görmüş Zərərçəkmiş şəxs2 həyətinə nəzarət edən həmkəndlisi Şahid1 qızı həmin ayyaqqabı izlərinin Zərərçəkmiş şəxs2 həyəti istiqamətindən gəldiyini və onun əlində kisə ilə hərəkət edib uzaqlaşmaq istəməsini görüb Zərərçəkmiş şəxs2 əmlakını talamasını başa düşüb ona oğurluq etdiyini, bu barədə polisə məlumat verəcəyini deyib əlindəki kisələri yerə atmasını bildirdikdə, o, oğurluq etməsinin aşkar edildiyini dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin əmlakı özündə saxlamaqla sürətli addımlarla hadisə yerindən uzaqlaşaraq özgənin əmlakının qəsdən gizli olaraq talanmasından ibarət hərəkətlərini açıq talama şəklində davam etdirib Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat dəyərində əmlakını qəsdən açıq yolla talayaraq təkrarən soyğunçuluq etmişdir. 27 aprel 2023-cü il tarixdə İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən özünə məxsus fərdi yaşayış evinin yerləşdiyi həyətyanı sahəsində özünü asaraq intihar etdiyi barədə məktub daxil olmuşdur. İsmayıllı rayon prokurorluğu tərəfindən məhkəməyə təqdim edilən 27 aprel 2023-cü il tarixli 332X-23 nömrəli məktubla həmin məlumat təsdiqlənmişdir. 28 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 106-1.3-cü maddəsinin tələbləri qaydasında Təqsirləndirilən şəxs qardaşı X2 mərhum qardaşı, cinayət işi üzrə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə bildiriş təqdim edilmiş, eyni zamanda ona şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi izah edilmiş, eyni zamanda, mərhum qardaşı, iş üzrə Təqsirləndirilən şəxs hüquqi varisi qismində tanınması ilə bağlı 20 gün müddətində məhkəməyə müraciət edə biləcəyi izah edilmişdir. X4 həmin bildirişi qəbul etmiş, lakin hüquqi varisi qismində tanınması ilə bağlı məhkəməyə müraciət etməmişdir. Məhkəmə baxışı zamanı ifadəsi elan edilmiş mərhum Təqsirləndirilən şəxs ifadəsindən görünür ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə ona elan edilən ittiham üzrə özünü təqsirli bilmiş və ifadə verərək göstərmişdir ki, o, İsmayıllı rayonu Basqal qəsəbəsində yaşayır, heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. 01 mart 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı kənddə olarkən sonradan adını bildiyi Anar adlı şəxsin həyətinin yanından keçmiş, bu zaman həyətə nəzər yetirmiş və kənarları məftillə bağlı olan həyətdə yaşayış olmadığına əmin olmiş və buna görə də həmin həyətdən oğurluq etmək qərarına gəlmişdir. Təxminən 1 metr 50-70 sm hündürlüyündə olan məftilin üzərindən həyətə tullanıb keçmiş və vaqona yaxınlaşmışdır. Vaqona daxil olmaq üçün yer axtarmış, bu zaman vaqonun ortasında pəncərənin şüşəsinin sınıq yerindən içəri baxmış və içəridə topa kabel görmüşdür. Əlində olan ağac parçası ilə həmin topa kabeli çəkib çıxartmış, vaqondan başqa hər hansı əşya oğurlamamışdır. O, topa kabeli götürüb yaşadığı ünvana gətirmiş, elə həmin günü axşam saatlarında kabeli yandırıb içərisində olan misi tərəzidə çəkmiş və 560 qram olan misi ertəsi gün yaşadığı kəndə gələn tanımadığı dəmir yığanlara 5 manata satmışdır. O, narkotik istifadəçisi olduğu üçün yenə də pula ehtiyacı olmuşdur. Bu məqsədlə 13 mart 2022-ci il tarixdə saat 16 radələrində sonradan adını bildiyi həmkəndlisi Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış ünvanından oğurluq etməyi qərara almışdır. Həmin gün qar yağmış və hər yer qar olmuşdur. Həmin evin həyətyanı sahəsinin kənarına gəlmiş və həyətin hasarından tullanıb həyətə daxil olmuşdur. Həyətdə gəzərkən yeraltı elektrik naqilləri çəkildiyini görmüş, həmin naqilləri yerdən çıxarıb özü ilə gətirdiyi 2 ədəd kisəyə yığmışdır. Həmin naqillərin təxminən 200 metr uzunluğu olmuşdur. Bundan sonra həyəti gəzib qaraja daxil olmaq üçün həmin qarajın giriş qapısının qıfılını elə həyətdən tapdığı kəlbətinlə qırıb qaraja daxil olmuş və qarajda olan 1 ədəd tozsoranı götürüb həyətə çıxmış və tozsoranı da naqilləri yığdığı kisəyə qoyub kisəni çölə atmışdır. O, özü də çölə çıxıb oğurladığı əşyaları yığdığı kisəni götürüb təxminən 200 metr aralaşıb gedərkən həmkəndlisi Şahid1 qızının yaşadığı evin qarşısında dayandığını görmüşdür. Həmin qadının yanında keçib gedəndə Gülsüm ona Nizamini evi tərəfdən gəldiyini və oğurluq etdiyini deyib əlindəki kisələri yerə qoymağını, polisə məlumat verəcəyini bildirmişdir. O, kisədə özünə məxsus əşyalar olduğunu deyib qadına əhəmiyyət verməyərək yoluna davam etmişdir. Gülsüm onun arxasınca gəlməyə başlamış və bir neçə metr gəldikdən sonra geri qayıtmışdır. Həmin yerdən bir xeyli aralaşdıqdan sonra yükü ağır olduğundan apara bilməmiş, ona görə də elektrik naqillərinin olduğu kisələrin birini çayın qırağında qoymuş, digərini isə aparıb qarş tərəfdə gizlətmişdir. Sonra isə yenidən çayın qırağna qoyduğu kisəni götürmüş və körpünün altına qədər yol qət etmişdir. Orada yorğunluğunu alarkən yoldan dəmiryığan maşının keçdiyini görmüşdür. Həmin maşını səsləmiş və sürücü onun səsini eşidərək saxlamışdır. Tanımadığı bir kişi avtomobildən yerə düşmüş, o kisəsinin içərisində olan oğurladığı əşyaları 15 manata həmin şəxsə satmışdır. Həmin şəxs ona satılmış naqilin və misin oğurluq olmasını bildirməmişdir. Sonra yaşadığı evə getmiş, bir müddətdən sonra polis əməkdaşları onun yaşadığı evə gəlmişlər. O, ilkin sorğu zamanı Anar və Nizami adlı şəxslərin evlərindən oğurluq etdiyini etiraf etmişdir. Məhkəmə, məhkəmə baxışı zamanı tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, mərhum Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 15 radələrində Zərərçəkmiş şəxs1 məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinin yaxınlığına gəlib ətrafda və evdə heç kəsin olmamasına əmin olduqdan sonra həmin evin həyətinin ətrafına çəkilmiş 150-170 santimetr hündürlüyündə məftil torun üzərindən keçməklə qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə, sonra isə həyətə qoyulmuş saxlanc yeri hesab olunan köhnə qatar vaqonunun orta pəncərəsinin şüşəsini sındırmaqla qanunsuz olaraq vaqonun içərisinə daxil olaraq oradan 1 metrinin dəyəri 1 manat 20 qəpik olmaqla 100 metr uzunluğunda, cəmi 120 manat dəyərində 1 top mis kabeli, 1 ədəd “Markus” markalı 50 manat dəyərində su matorunu, 3 ədəd hər biri 10 manat olmaqla cəmi 30 manat dəyərində traynikləri və 1 ədəd 25 manat dəyərində aliminium materialdan olan qazanı götürüb vaqondan çıxararaq özü ilə aparmaqla qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 225 (iki yüz iyirmi beş) manat dəyərində əmlakını ələ keçirərək oğurluq etməsi, bundan başqa təkrarən, tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə xx.xx.2022-ci il tarixdə, saat 17 radələrində Zərərçəkmiş şəxs2 məxsus İsmayıllı rayonunun Basqal qəsəbəsində yerləşən fərdi yaşayış evinin qarşısına gəlib, ətrafda və evdə heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan fərdi yaşayış evin həyətinə daş hasarının üzərindən keçməklə daxil olmuş və həmin evin saxlanc yeri hesab olunan həyətyanı sahəsində yeraltı olaraq çəkilmiş Türkiyə istehsalı olan, çoxdamarlı, en kəsiyi 2,5 millimetr təşkil edən, 1 metrinin dəyəri 1 manat olmaqla 200 metr uzunluğunda, cəmi 200 manat dəyərində mis elektrik naqillərini çıxarıb götürmüş, daha sonra öz cinayətkar hərəkətlərini davam etdirərək həmin həyətdə yerləşən saxlanc yeri hesab olunan qarajın dəmir qıfılını sındırmaq yolu ilə qanunsuz olaraq qaraja daxil olub oradan 1 ədəd “Samsung” markalı 100 manat dəyərində tozsoranı götürərək kabellə birlikdə kisəyə yığıb qəsdən gizli olaraq talayaraq, hasarın üzərindən keçməkə aparmaq istəyərkən onun qarın üstündə piyada gedərkən buraxdığı ayaq izlərini görmüş Zərərçəkmiş şəxs2 həyətinə nəzarət edən həmkəndlisi Şahid1 qızı həmin ayyaqqabı izlərinin Zərərçəkmiş şəxs2 həyəti istiqamətindən gəldiyini və onun əlində kisə ilə hərəkət edib uzaqlaşmaq istəməsini görüb Zərərçəkmiş şəxs2 əmlakını talamasını başa düşüb ona oğurluq etdiyini, bu barədə polisə məlumat verəcəyini deyib əlindəki kisələri yerə atmasını bildirdikdə, o, oğurluq etməsinin aşkar edildiyini dərk etsə də əmlakın qanunsuz götürülməsindən ibarət hərəkətlərini davam etdirərək həmin əmlakı özündə saxlamaqla sürətli addımlarla hadisə yerindən uzaqlaşaraq özgənin əmlakının qəsdən gizli olaraq talanmasından ibarət hərəkətlərini açıq talama şəklində davam etdirib Zərərçəkmiş şəxs2 ümumilikdə 300 (üç yüz) manat dəyərində əmlakını qəsdən açıq yolla talayaraq təkrarən soyğunçuluq etməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayəti törətməsi tam sübuta yetir. Məhkəməyə təqdim edilmiş ölüm haqqında akt qeydindən çıxarışdan müəyyən olunur ki, Təqsirləndirilən şəxs 17 aprel 2023-cü il tarixdə ölmüşdür. Məhkəmə baxışı zamanı mərhum təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi hüquqlarını müdafiə etdiyi Təqsirləndirilən şəxs vəfat etməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. Məhkəmə baxışı zamanı dövlət ittihamçısı Təqsirləndirilən şəxs ölməsi faktı ilə əlaqədar Azərbaycan Respublikası CPM-nin 39.1.5-ci maddəsinə əsasən cinayət təqibinə xitam verilməsini təklif etmişdir. Azərbaycan Respublikası CPM-nin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 39.1.5-ci maddəsinə əsasən şəxs cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətdikdən sonra öldükdə (ölən şəxsə bəraət verilməsi zəruri olduğu hallar istisna edilməklə cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəlləsinin 43.3-1-ci maddəsinə əsasən məhkəmə baxışının gedişində cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsində nəzərdə tutulmuş halda xitam verilməsinə ölmüş şəxsin hüquqi varisinin, hüquqi varis müəyyən edilmədiyi, o cümlədən bu Məcəllənin 106-1.4-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiəçisinin razılığı ilə yol verilir. Həmin Məcəllənin 106-1.1-ci maddəsinə əsasən ölmüş təqsirləndirilən (şübhəli) şəxsin hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi hesab olunur. Şəxs təqsirləndirilən (şübhəli) şəxs qismində tanınanadək ölmüşdürsə, onun yaxın qohumlarının da həmin şəxsin hüquqi varisi qismində tanınmaq hüququ vardır və bu Məcəllənin təqsirləndirilən (şübhəli) şəxsin hüquqi varisi ilə bağlı müddəaları onlara da şamil olunur. Həmin Məcəllənin 106-1.3-cü maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan bu Məcəllənin 106-1.1-ci maddəsində göstərilən şəxsin öldüyü vaxtdan 3 (üç) gün müddətində onun yaxın qohumlarına şəxsin hüquqi varisi qismində tanınmaq istəyinin olub-olmaması barədə yazılı bildiriş göndərir və ya təqdim edir. Həmin bildirişdə şəxsin ölməsi ilə əlaqədar cinayət təqibinə bu Məcəllənin 39.1.5-ci maddəsinə əsasən xitam verilməsinin bəraətverici əsas hesab edilmədiyi barədə müvafiq izah da verilir. Ölmüş şəxsin yaxın qohumu cinayət təqibinə xitam verilənədək və ya bu Məcəllənin 282.1-1-ci maddəsində nəzərdə tutulmuş halda müvafiq istəyini bildirdikdə onun hüquqi varis qismində tanınması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 106-1.4-cü maddəsinə əsasən ölmüş şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərar bu Məcəllənin 106- 1.3-cü maddəsində nəzərdə tutulan bildirişin göndərildiyi və ya təqdim edildiyi gündən 20 (iyirmi) gün sonra çıxarılır. Ölmüş şəxsin yaxın qohumu bu müddət ərzində onun hüquqi varis qismində tanınması barədə müvafiq istəyini bildirmədikdə, cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın çıxarılması üçün müdafiəçinin razılığı tələb olunur. Cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qərarın surəti bu Məcəllənin 281-ci maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materialları ilə tanış olmaq hüququ və həmin qərardan şikayət etmək qaydası izah edilməklə, ölmüş şəxsin yaxın qohumlarına göndərilir və ya təqdim edilir. Məhkəmə hesab edir ki, cinayət prosessual qanunvericiliyinin istinad edilmiş normaları əsas götürülərək Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd göy rəngli sellofan torbadakı elektrik naqilləri qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılmalıdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 196-198-ci maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, iş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli ) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilməlidir. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5, 43.3, 106-1.3, 106-1.4, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 180.2.2, 180.2.3-cü maddələri ilə başlanılmış cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.5-ci maddəsinə əsasən xitam verilsin. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsinin saxlanc anbarında saxlanılan 1 ədəd göy rəngli sellofan torbadakı elektrik naqilləri qərar qanuni qüvvəyə mindikdən sonra müvafiq olaraq sahibləri Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qaytarılsın. İş üzrə ekspertiza xərci olan 150 (bir yüz əlli) manat Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilsin. İş üzrə mülki iddia yoxdur. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda qərar yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar