Məhkəmə qərarları › İş №1(037)-14/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-14/2023

14.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-14/2023 14.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə 14 mart 2023-cü il tarixdə saat 17:11-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1968-ci ildə İsmayıllı rayonunun Zərnava kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonunun Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava bələdiyyəsinin mülkiyyətində olan, rayonun Zərnava kəndinin ərazisində, kəndə gedən yolun sağ kənarında yerləşən meşə fonduna daxil olmayan ağacları kəsmək məqsədilə xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində motorlu mişarı götürüb həmin əraziyə getmiş və orada palıd cinsindən olan diametri 25 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd, palıd cinsindən olan diametri 36 santimetr, dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 1 ədəd, fıstıq cinsindən olan diametri 28 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd, vələs cinsindən olan diametri 28 santimetr, dəyəri 250 (iki yüz əlli) manat təşkil edən 1 ədəd və vələs cinsindən olan diametri 36 santimetr, dəyəri 350 (üç yüz əlli) manat təşkil edən 1 ədəd yaş kök üstə ağacları, yəni cəmi 5 (beş) ədəd müxtəlif cinsli ağacları tamah niyyəti ilə qəsdən motorlu mişarla kəsib götürməklə qanunsuz ağac kəsərək İsmayıllı rayonunun Zərnava bələdiyyəsinə xeyli miqdarda, ümumilikdə 1450 (min dörd yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonun Zərnava kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir, təsərrüfatla və fəhləliklə məşğul olmaqla ailəsinin dolanışığını təmin edir. Böyük oğlu İİ Qarabağ müharibəsinin iştirakçısıdır. Kiçik oğlu isə İsmayıllı şəhər 2 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. 2022-ci ilin fevral ayında yaşadığı kənddəki evi soyuq olduğundan sobada yandırmağa odun olmadığından əlacsız qalaraq ağac kəsmək qərarına gəlmişdir. 20 fevral 2022-ci il tarixdə səhər saatlarında həmkəndlisi Samirin motorlu mişarını götürmüşdür. Samir motorlu mişarını ona vermişdir. Samirdən motorlu mişarı alarkən ağac kəsməyə getdiyini deməmiş, oradan çıxıb saat 10 radələrində İsmayıllı rayonu Yuxarı Zərnava kəndinin giriş hissəsində, kəndə gedən yolun sağ tərəfində motorlu mişarla və özünə məxsus balta vasitəsilə bir neçə vələs ağacını kəsmiş, onunla bərabər palıd, fıstıq cinsindən olan ağacları kəsmişdir. 2 ədəd vələs, 2 ədəd palıd və bir ədəd fıstıq cinsindən olmaqla ümumilikdə 5 ağacı dibindən kəsmişdir. Ağacları kəsən zaman ətrafda heç kim olmamış, özü də tək olmuşdur. Motorlu mişar xarab olduğu üçün evə getmiş, səhəri gün həmkəndlisi Tural Ələşrəfovu köməyə çağıraraq kəsdiyi ağacları doğramaqda və eşşəyə yükləyərək evə aparmaqda kömək etməsini xahiş etmişdir. Kəsdiyi ağacları Zərnava kəndindəki evinə daşımaq istəmişdir. Həmin gün kəsdiyi ağacları doğrayarkən yanına 6 saylı Regional Ekologiya və Təbii Sərvərlət İdarəsinin baş məsləhətçi müfəttişi Nərman Cırıyev yaxınlaşmış, özünü təqdim etdikdən sonra qeyd etdiyi ağacları kəsməyi ilə bağlı icazəsinin olub-olmadığını soruşmuşdur. O, icazəsinin olmadığını bildikdə, müfəttiş həmin ağacların icazəsiz kəsilməsinin qanunsuz olduğunu və belə bir əmələ nə səbəbdən yol verdiyini soruşmuşdur. O, evində evində istlik olmadığından məcburən bu yola əl atdığını bildirmişdir. Müfəttiş onun yanında ağacların kəsilməyi ilə bağlı akt tərtib etmiş, ağacları kəsmək üçün istifadə etdiyi, Tural Ələşrəfova məxsus olan motorlu mişar və balta da sonuncu tərəfindən maddi sübut olaraq götürülmüşdür. Onun meşədən ağacları kəsmək üçün müvafiq icazə bileti olmamışdır. O, ağacları tək kəsmiş, maddi imkanı olmadığından vurulmuş ziyanı tam şəkildə ödəyə bilməmişdir. Vurulmuş ziyanın yalnız 100 manat hissəsini ödəmişdir. X12 İİ Qarabağ müharibəsinin iştirakçısıdır, arvadı Zülfiyyə gülalıyeva isə onkoloji xəstəlikdən əziyyət çəkir. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Qeyd etdiyi halların nəzərə alınmasını məhkəmədən xahiş edir. Zərərçəkmiş şəхs İsmayıllı rayonu Zərnava bələdiyyəsinin nümayəndəsi Nümayəndə ifadə verərək göstərdi ki, o, 2015-ci ildən etibarən hazıradək İsmayıllı rayon Zərnava kənd Bələdiyyəsinin sədri vəzifəsində işləyir. 21 fevral 2022-ci il tarixdə günorta saatlarında evdə olan zaman əri Haqerdiyə kimsə zəng etmişdir. Danışıq bitəndən sonra əri ona zəng edənin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşı olduğunu demiş və həmkəndlisi Təqsirləndirilən şəxs tərəfindən İsmayıllı rayonun Zərnava kəndində qanunsuz olaraq ağacların kəsilməsini demişdir. O, qadın olduğu üçün meşə sahəsinə gedə bilmədiyindən əri Haqverdidən zəng etmiş şəxslə görüşüb ağacların kəsildiyi yerə baxmaq üçün getməyi xahiş etmişdir. Haqverdi həmin yerə getmiş və sonradan ona məlum olmuşdur ki, İsmayıllı rayonunun Zərnava kəndi ərazisində bələdiyyə mülkiyyətində olan torpaq sahəsində 32 ədəd ağac qanunsuz olaraq kəsilmişdir. Həmin ağacların müəyyən hissəsini Arzu Mirabbaslı, bir hissəsini isə Təqsirləndirilən şəxs tərəfindən kəsilməsi müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs vurduğu zərərin 100 manat hissəsini ödəmişdir. Təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, 2022-ci ilin fevral ayının ortalarında saat 11 radələrində həmkəndlisi Aprel Güləliyev onun evinə gələrək motorlu mişarını götürüb bir ədəd ağacı doğramağa kömək etməsini xahiş etmişdir. O, motorlu mişarını götürərək Yuxarı Zərnava kəndinin giriş hissəsində, kəndə gedən yolun sağ tərəfinə Aprellə birlikdə getmiş və orada bir ədəd təxminən 35-40 sm diamterində vələs cinsindən kökündən kəsilmiş və torpaq səthi üzərinə yıxılmış ağacı görmüşdür. Aprel ondan həmin ağacı doğramasını istəmiş, o da motorlu mişarı ilə həmin ağacı hissələrə bölən zaman ora iki nəfər Ekologiya İdarəsinin tanımadığı işçiləri gəlmiş və motorlu mişarını da götürmüşlər. O bundan sonra öz evinə getmişdir. Orada o Aprelin əlavə olaraq ağac kəsib-kəsmədiyini bilməmişdir. Doğradığı ağacı da Aprel bir gün əvvəl özü kəsdiyini bildirmiş, lakin o, bunu görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66632 nömrəli aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinin giriş hissəsində, kəndə gedən yolun sağ tərəfində ağacların kəsilməsi faktı aşkar olundu. Araşdırma müddətində məlum oldu ki, ağacların kəsildiyi ərazi Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus torpaq sahəsidir. Baxış keçirilən zaman müəyyən olunmuşdur ki, diametrləri 28 sm olan 2 ədəd, diametrləri 36 sm, 46 sm və 26 sm olan 3 ədəd vələs cinsli, diametrləri 36 və 25 sm olan 2 ədəd palıd cinsli, habelə diametrləri 20 sm və 28 sm olan 2 ədəd fıstıq cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 2830 manat təşkil edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və təbii Sərvətlər idarəsi tərəfindən tərtib olunmuş 21 fevral 2022-ci il tarixli 66633 saylı aktdan görünür ki, 6 saylı Regional Ekologiya və təbii Sərvətlər İdarəsinin xx.xx.2022-ci il tarixli “0008” saylı sərəncamına əsasən xidməti ərazidə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava bələdiyyəsinin mülkiyyətinə məxsus ərazilərdə reyd keçirilərkən İsmayıllı rayonunun Yuxarı Zərnava kəndinə giriş hissəsində yolun sağ və sol tərəflərində müxtəlif cinsli ağaclar, kök üstə yaş halda kəsilərək oduncaq hissəsinin aparılması faktı aşkar olundu. Belə ki, kəndin giriş hissəsinə yaxın yolun sağ hissəsində diametrləri 14 sm, 18 sm, 16 sm, 24 sm, 10 sm, 20 sm və 10 sm olan 7 ədəd fıstıq cinsli, diametri 27 sm olan 1 ədəd quş armudu cinsli, diametrləri 8 sm, 12 sm, 20 sm, 14 sm, 24 sm, 10 sm, 16 sm, 24 sm və 6 ədədinin isə 8 sm olan ümumilikdə 14 ədəd vələs cinsli, habelə diametri 40 sm olan 1 ədəd qoz cinsli ağaclar qanunsuz olaraq kəsilmişdir. Həmin akta əlavə olunmuş yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlindən görünür ki, təbiətə dəymiş ziyan 3870 manat təşkil edir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 29 mart 2022-ci il tarixli protokoldan görünür ki, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli 66632 saylı və 66633 aktlarda göstərilən qanunsuz olaraq kök üstə yaş halda eyni ağacların kəsilməsi müəyyən edilmişdir. “İfadənin yerində yoxlanması haqqında” 28 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Zərnava kəndi ərazisində rayonun Zərnava bələdiyyəsinin mülkiyyətində olan 2 ədəd palıd, 1 ədəd fıstıq və 2 ədəd vələs cinsindən ibarət olan ümumilikdə 5 ədəd ağacı kəsdiyi yeri göstərərək istintaqa verdiyi ifadəsini bir daha təsdiq etmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 iyun 2022-ci il tarixli 9/3906 nömrəli rəyindən müəyyən olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən tədqiqatına təqdim edilmiş xx.xx.2022-ci il tarixli 66632 və 66633 №-li aktlara əsasən kök üstə yaş olmaqla müxtəlif diametrli ümumilikdə 32 ədəd ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi məbləği 6700,00 (2830+3870) manat müəyyən edilr. Həmin ağacların ayrı ayrılıqda adları, diametrləri və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Rəyin tədqiqi hissəsində qeyd olunmuş cədvələ əsasən palıd cinsli, 25 santimetr diametrli ağacın qiyməti 250 (iki yüz əlli) manat, palıd cinsli, 36 santimetr diametrli ağacın qiyməti 350 (üç yüz əlli) manat, fıstıq cinsli, 28 santimetr diametrli ağacın qiyməti 250 (iki yüz əlli) manat, vələs cinsli, 28 santimetr diametrli ağacın qiyməti 250 (iki yüz əlli) manat, vələs cinsli, 36 santimetr diametrli ağacın qiyməti 350 (üç yüz əlli) manat təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Müstəntiqin 07 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, həmin tarixdə Təqsirləndirilən şəxs qanunsuz kəsilməsinə görə ittiham elan olunmuş 5 ədəd ağacdan başqa, İsmayıllı rayonunun Zərnəva kəndi ərazisində kəsilmiş yerdə qalan 27 ədəd ağacın qanunsuz kəsilməsi faktı üzrə cinayət işindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmışdır. Müstəntiqin “Sübutların qiymətləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham olunduğu 5 ədəd ağacdan başqa digər 27 ağacın kəsilməsi təsdiqini tapmadığından həmin hissədə barəsində cinayət təqibinin başlanması rədd edilmiş, X3 əməlində Azərbaycan Respublikası CM-nin 259-cu maddəsində nəzərdə tutulan qanunsuz ağac kəsmə cinayətinin tərkib əlaməti olmadığından barələrində həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilmiş və material ayrılaraq saxlanması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmişdir. Müstəntiqin 16 yanvar 2023-cü il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə X4 məxsus olan bir ədəd “Titan” markalı motorlu mişar və bir ədəd balta maddi sübut qismində tanınmışdır. Müstəntiqin 28 dekabr 2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 24 yanvar 2022-ci il tаriхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X5 X9 Poliklinika şöbəsindən alınmış 24 yanvar 2023-cü il tarixli PHŞ-6-47/2-63/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nın Konsultativ Poliklinika şöbəsinin “Ruhi-Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. 01 fevral 2023-cü il tarixli 31 və 34 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Zərnava kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X2, 2001, 2004 və 2006-cı il təvəllüdlü övladları Əlağa, Mehman və Vüsaldan ibarətdir, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. 1-9432 və 1-26590 nömrəli Azərbaycan Respublikası Medalının Vəsiqəsinin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs oğlu X6 Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarıı ilə “Suqovuşanın azad olunmasına görə” və “Vətən Müharibəsi iştirakçısı” medalları ilə təltif edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzi və Azərbaycan Tibb Universitetinin Onkoloji Klinikası tərəfindən verilmiş tibbi sənədlərin surətlərindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs arvadı X2 onkoloji xəstəlikdən əziyyət çəkir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, oğlunun Vətən Müharibəsi iştirakçısı olmasını həmin Məcəllənin 52-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut olmaqla İsmayıllı rayonu Polis şöbəsinin Maddi sübutların saxlanılma kamerasına təhvil verilmiş X4 məxsus 1 ədəd “Titan” markalı motorlu mişar Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən qanuni sahibinə qaytarılmalı olduğundan hökm qanuni qüvvəyə mindikdən sonra həmin motorlu mişar qanuni sahibi X4 qaytarılmalı, 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Zərnava kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş 1 ədəd “Titan” markalı motorlu mişar hökm qanuni qüvvəyə mindikdən sonra qanuni sahibi X4 qaytarılsın. İş üzrə maddi sübut - İsmayıllı rayonu Polis şöbəsinin saxlanc anbarına təhvil verilmiş 1 ədəd balta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar