Məhkəmə qərarları › İş №1(037)-15/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-15/2024

22.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-15/2024 22.02.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 22 fevral 2024-cü il tarixdə saat 11:38-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1996-cı il tarixdə İsmayıllı rayonunun Hacıhətəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək aylıq 500-550 manat pul qarşılığında Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Soltankənd kəndində yerləşən fermasında çoban işlədiyi müddət ərzində şifahi razılıq əsasında ona inanılıb etibar edilmiş Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları təhvil aldıqdan sonra xırdabuynuzlu heyvanlardan bir hissəsini talayaraq mənimsəmək qərarına gəlmiş, bu məqsədlə o, 23 iyul 2023-cü il tarixdə həmin xırda buynuzlu heyvanların arasından 4 baş, hər birinin təqribən 55-60 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 370 manat təşkil edən qoyunları və 62 baş, hər birinin təqribən 28-33 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 270 manat təşkil edən quzuları ayırıb ələ keçirərək talamaqla qəsdən mənimsəmiş, öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda əvvəlcədən sürüdən ayırdığı 1 baş, təqribən 28-33 kiloqram çəkisi olan, 270 manat dəyərində quzunu İsmayıllı rayonunun Hacıhətəmli kəndinə apararaq orada tanışı Şahid2 satmaqla, bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə, dəqiq saatı məlum olmayan vaxtda isə əvvəlcədən sürüdən ayırdığı 61 baş, hər birinin təqribən 28-33 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 270 manat təşkil edən quzuları aparıb İsmayıllı rayonunun Hacıhətəmli kəndinin ərazisində Şahid1 satmaqla, 4 baş, hər birinin təqribən 55-60 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 370 manat təşkil edən qoyunları isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində, dəqiq tarixi və saatı məlum olmayan vaxtlarda, müəyyən edilməyən üsulla özgəninkiləşdirməklə əldə etdiyi pulu öz şəxsi ehtiyyaclarına sərf edərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 18220 (on səkkiz min iki yüz iyirmi) manat dəyərində əmlakı sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla mənimsəyib talamışdır. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, 2023-cü ilin mart ayının 1-dən etibarən İsmayıllı rayonunun Soltankənd kənd sakini Zərərçəkmiş şəxs məxsus Soltankənd kəndində yerləşən fermada çoban kimi işləməyə başlamışdır. Zərərçəkmiş şəxs ona aylıq 500 manat pul vermişdir. O, öz ailəsi ilə birlikdə həmin fermada yaşamışdır. İşə başlayanda həmin fermada Məmməd və Raminə məxsus 548 baş xırdabuynuzlu heyvan olmuşdur. Ramin fermada onunla birlikdə ayrı vaqonda qalmışdır. Məmməd teztez fermaya gəlib baş çəkmiş, lazım olanda onun üçün ərzaq da gətirmişdir. O, hər səhər heyvanları ya tək, ya da Raminlə birlikdə örüşə aparmışdır. xx.xx.2023-cü il tarixdə Ramin işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, Bakı şəhərinə getməmişdən əvvəl Ramin onunla birlikdə fermada olan heyvanları saymışdır. Həmin vaxt orada 354 baş qoyun, 25 baş keçi, 61 baş örüşə gedən, 22 baş isə əmlik quzu olmuşdur. Ramin getdikdən bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə əmlik quzulardan biri ölmüşdür. Həmin quzunun şəklini çəkib Raminin “Whatsapp”-na yollamış, ona 22 ədəd əmlik quzudan birinin öldüyünü və 21 ədəd quzu qaldığını demişdir. Əmlik quzuları yenidən sayanda 22 ədəd quzu olduğunu və bir quzunun artıq gəldiyini görmüş, həmin vaxt Məmmədin əmlik quzularından birini satmaq qərarına gəlmişdir. Ərşada zəng edərək fermaya gəlməsini istəmişdir. Ərşadı kəndçisi kimi tanımış, onun Vaz-2107 markalı avtomobili olmuşdur. Ərşad onu tez-tez pul müqabilində kəndə aparıb gətirmişdir. Ərşad gələndə ona kəndə qalxıb quzunu satacağını bildirmiş, Ərşad ondan həmin quzunun kimin olduğunu soruşduqda öz quzusu olduğunu bildirmişdir. Daha sonra quzunu arxa ayaq altına qoyub Ərşadla birlikdə İsmayıllı rayonunun Hacıhətəmli kəndində yaşayan həmkəndlisi Mərdanın evinə getmiş, Mərdanın evlərinin yanındakı dəmirçixanaya yaxınlaşdıqda ona zəng edərək quzusunun olduğunu və satmaq istədiyini söyləmişdir. Həmin vaxt Mərdanın qardaşı Seyid gəlmişdir. Seyid quzunun kimə məxsus olduğunu soruşduqda özünə məxsus olduğunu bildirmişdir. O, quzunu 150 manata satmaq istədiyini söyləmiş, lakin Seyid razılaşmayaraq 120 manat verə biləcəyini demişdir. O da razılaşıb quzunu satmışdır. Həmin puldan 15 manat Ərşada vermiş, qalan pul ilə də ərzaq almışdır. xx.xx.2023-cü il tarixdə, səhər saatlarında örüşə getmiş, həmin vaxt özü ilə 0,5 litrlik araq da aparmışdır. Orada həmin arağın hamısını içmişdir. Günorta saat 14 radələrində Məmməd ona zəng edərək fermada olduğunu söyləmiş, daha sonra yanına gəlmiş, ona 22 ədəd əmlik quzudan birinin olmadığını söyləyərək harada olduğunu soruşmuşdur. O da xəbərinin olmadığını, ola bilsin qoyunlara qarışdığını bildirmişdir. Daha sonra Məmmədə heyvanları sulamağa aparacağını söyləmiş, Məmməd isə heç nə deməyərək çıxıb getmişdir. O, həmin gün axşam saat 6-ya qalmış fermaya qayıtmış, həmin vaxt fermada heç kəs olmamışdır. Bir gün qabaq yoldaşını və oğlunu kəndə yollamışdır. Daha sonra örüşə gedən quzuları satmaq qərarına gəlmiş və həmin quzuları heyvanlardan ayırıb saymışdır. O, örüşə gedən bütün quzuları satmaq istəmişdir. Bununla bağlı həmkəndlisi Mərdana zəng edib quzularının olduğunu bildirmiş, Mərdan da “gətir, baxarıq” deyə söyləmişdir. O, hava hələ qaralmamış 61 baş heyvanları qabağına qatıb yola çıxmış, xeyli getdikdən sonra hava qaraldığından heyvanlar getməmişdir. Həmin ərazi Qalagah kəndinin qışlaq ərazisi olmuşdur. Mərdana zəng edib heyvanların gəlmədiyini bildirərək ondan kömək istəmiş, Mərdan təxminən 15-20 dəqiqə sonra qardaşı Seyid və əmisi oğlu ilə birlikdə ora gəlmişdir. Onlar ona kömək eləmiş və heyvanları sürüb İsmayıllı rayonunun Hacıhətəmli kəndinə aparmışdırlar. Yolda olarkən Mərdanla qiymət barədə danışmağa başlamış, Mərdan ilkin olaraq quzuların kimə məxsus olduğunu soruşmuş, o da həmin heyvanları Beyləqandan aldığını bildirmişdir. Mərdana quzunun biri üçün 160 manat pul istədiyini söyləmiş, Mərdan isə bununla razılaşmamışdır. Çataçatda Mərdan quzuları saymağa başlamış, daha sonra quzuları Hacıhətəmli kəndində Mərdanın həyətinə salmışlar. Mərdan ona ümumilikdə 6170 manat pul verə biləcəyini bildirmiş, o da bununla razılaşmışdır. Quzunun birinin qiyməti 101 manat neçəsə qəpiyə düşmüşdür. Daha sonra kəndin girəcəyinə gedib Mərdanın pulu gətirməsini gözləmiş, Mərdan bir qədər sonra özünə məxsus avtomobillə kəndin girəcəyinə gələrək, ona 1 ədəd 100 dollar, 4 ədəd 50 manatlıq pul əskinası və 58 ədəd 100 manatlıq pul əskinasından ibarət olmaqla ümumilikdə 6170 manat pul vermişdir. Pulu verərkən yanlarında heç kim olmamışdır. Həmin vaxt saat 23 radələri olmuş, pulu götürdükdən sonra Ərşada zəng edərək Bakı şəhərinə getmək istədiyini bildirmiş, Ərşad ona 100 manata apara biləcəyini söyləmiş, o da razılaşmış, Ərşada gəlməsini söyləmişdir. Daha sonra Ərşad gəlmiş və onu Bakı şəhərinə aparmış, onun heyvanları satmağını Ərşad bilməmiş, Ərşadla bu barədə heç bir söhbət etməmişdir. Ərşad ondan bu vaxtı Bakı şəhərinə nə üçün getdiyini soruşmuş, o isə Ərşada dostları ilə görüşəcəyini bildirmişdir. Onlar saat 02 radələrində Bakı şəhərinə çatmış, o, Bakı şəhərində “Sulutəpə” adlanan ərazidə maşından düşmüş, Ərşada sabah qayıdacağını və onu gözləməyini bildirmişdir. Daha sonra taksiyə minib “Koroğlu” metrosuna getmişdir. Orada “Tik-tok” adlanan sosial platformada tanış olduğu Əli və adını tanımadığı Əlinin yanında olan şəxslə görüşmüş, onlarla birlikdə “Neftçilər” adlanan əraziyə getmiş, orada onlarla birlikdə çay içdikdən sonra “28 may” adlanan ərazidə yerləşən gecə klublarından birinə getmiş, orada spirtli içki qəbul etmişdirlər. Həmin vaxt pulu üzərindəki pullardan xərcləmiş, 6 gün Bakı şəhərində qalmışdır. Bakı şəhərinə getdiyi günün səhərisi özünə 1150 manata motosiklet alıb Əligilə qoymuşdur. Kluba gedib Əligilə qayıdanda Əlinin yoldaşı ona zəng edərək evə polislərin gəldiyini və motosikleti götürdüklərini demişdir. O da Masazır qəsəbəsinə getmiş, orada kirayə ev tutmuş və orada qalmağa başlamışdır. Bakı şəhərində olarkən hər gün 28 mayda yerləşən həmin bara getmişdir. Onun yanında ilk gün Əli, daha sonra 2 gün də “Tik-tok” adlanan sosial platformada tanış olduğu Cəmil adlı şəxs də olmuş, daha sonra isə özü tək getmişdir. 6 gün sonra 50 manat pulu qalmış və İsmayıllı rayonunun Hacıhətəmli kəndinə yaşadığı evə geri qayıtmışdır. Bir gün sonra, yəni, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon polis şöbəsinə gələrək törətdiyi əməlini etiraf etmişdir. O, bu hadisəni törətməmişdən əvvəl də Məmməd Məmədova məxsus 4 baş qoyununu ondan xəbərsiz sataraq pulunu xərclədiyini bildirmişdir. Məmmədə dəymiş ziyanı tam şəkildə ödəmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti içkili olduğu üçün törətmişdir. Himayəsində bir azyaşlı uşağı var. Hadisədən sonra Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir. Odur ki, məhkəmədən ifadəsində göstərilənləri nəzərə alıb ona azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasıarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Soltankənd kəndinin ərazisində “Soltankənd Qışlağı” adlanan yerdə özünə məxsus ferması var. 2023-cü ilin mart ayının birindən etibarən İsmayıllı rayonunun Hacıhətəmli kənd sakini Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə ona məxsus fermaya köçərək orada çobanlıq eləməyə başlamışdır. Asifə hər ay 550 manat pul vermiş, onu fermada yaşamaq üçün yerlə də təmin etmişdir. Asif həyat yoldaşı və azyaşlı oğlu ilə birlikdə fermada yaşamışdır. Həmin vaxt fermada ümumilikdə 550-600 baş xırdabuynuzlu heyvan olmuş, həmin heyvanlar ona və qardaşı Raminə məxsus olmuşdur. Qardaşı Ramin də Asiflə birlikdə orada çobanlıq etmişdir. Asifin heyvanları oğurlamasından 1 həftə qabaq, yəni xx.xx.2023-cü il tarixdə qardaşı Ramin işləri ilə əlaqədar Bakı şəhərinə getmiş, Bakıya getməmişdən əvvəl fermada ümumilikdə 437 baş xırdabuynuzlu heyvan olmaqla, 354 baş qoyun, 83 baş quzu olmuşdur. Həmin quzulardan 61 başı qoyunlarla birlikdə örüşə getmiş, digər 22 baş quzu isə əmlik quzular olduğundan örüşə getməmiş, tövlədə saxlanılmışdır. O, işləri ilə əlaqədar olaraq hər gün fermaya gedə bilməmişdir. İşləri olduğundan xx.xx.2023-cü il tarixdə də fermaya gedə bilməmişdir. Fermada tək Təqsirləndirilən şəxs öz ailəsi ilə birlikdə qalmışdır. O, xx.xx.2023-cü il tarixdə heyvanlara baxmaq üçün fermaya getmiş, qoyun və quzulardan heç bir azalma hiss eləməmişdir. O, həmin gün fermada xəstə olan qoyunlara iynə vurduqdan sonra örüş sahəsinə Asifin yanına getmiş, bir qədər onunla söhbət edib evinə qayıtmışdır. Yenidən 2 gün sonra, yəni, xx.xx.2023-cü il tarixdə, saat 16-17 radələrində fermaya getmiş, gedərkən özü ilə Asif üçün çörək və digər ərzaq malları da aparmışdır. Asif apardığı ərzağı götürüb qoyunları örüşə aparmış, o, fermada qalan quzulara baxmaq üçün fermanın içərisinə tövləyə girmiş, orada 22 baş əmlik quzudan 1 baş quzunun olmadığını müəyyən etmişdir. O, tez Asifə zəng vurub 1 baş quzunun əskik olduğunu demiş, Asif müxtəlif bəhanələr gətirərək cavab verməkdən yayınmağa çalışmışdır. Asif əvvəlcə quzunun öldüyünü və ölmüş quzunun şəklini qardaşı Raminə atdığını bildirmiş, o, bu söhbətdən şübhələnərək Asifin Raminə şəkil atıb-atmadığını öyrənmək üçün qardaşına zəng vurmuş, lakin ona zəng çatmamışdır. O, Asifə yenidən zəng etmiş, ona həmin ölən quzunun əmlik quzulardan olmadığını bildirdikdə Asif ona ola bilsin həmin quzunun örüşə gedən heyvanlara qarışa biləcəyini demişdir. O da Asifin dediyi kimi düşünmüş, oradan çıxıb evinə qayıtmışdır. Həmin gün axşam saat 09 radələrində o, Asifə zəng etmiş, lakin Asifin nömrəsinə zəng çatmamışdır. Gecə saat 00 radələrində o, Şəmkir rayonuna yollanmış, səhər saat 06 radələrində o, yenidən Asifə zəng etmiş, lakin Asifin telefonu sönülü olmuşdur. O, bundan narahat olmuş və bir neçə dəfə Asifə zəng etmiş, Asif fermada tək olduğundan başına hər hansı bir hadisənin gəlməsindən narahat qalmışdır. O, Uştal kənd sakini Aslan adlı dostuna zəng vurub fermasına getməsini xahiş etmiş, dostu Göyçay bazarında olduğundan ancaq axşam radələrində gedə biləcəyini demiş, axşam saat 17:30 radələrində Aslan ona zəng edərək qoyunların fermanın həyətində olduğunu, fermanın işıqlarının yanılı olduğunu, çobanın qaldığı otağın qapılarının isə açıq olduğunu, fermadakı itlərin avtomobildən düşməsinə imkan vermədiyi üçün qoyunların hamısının orada olub-olmadığına baxa bilməyəcəyini demişdir. O, həmin vaxt Yevlax- Ağdaş yolunda olmuş, yol gələrkən qardaşı Ramin Asifin dostu Hacıhətəmli kənd sakini Ərşada zəng vurmuş və Asif barədə məlumatının olub-olmadığını soruşmuşdur. Ərşad gecə saat 00 radələrində Asifi öz avtomobili ilə Bakı şəhərinə apardığını, “Sulutəpə” adlanan yerdə Asifin düşüb başqa taksiyə əyləşib uzaqlaşdığını, Bakı şəhərində Asifdən xəbər gözlədiyini bildirmişdir. O, yolda avtomobilində nasazlıq yarandığından İsmayıllı rayonuna gec çatmış, ilk olaraq Təqsirləndirilən şəxs anasının Hacıhətəmli kəndində yerləşən evinə getmiş, Asifin gecə saatlarında Bakı şəhərinə qaçdığını demiş, anası və arvadı bundan xəbərsiz olduqlarını demişdirlər. O, onlara onunla birlikdə fermaya gedərək qoyunları sayıb ona təhvil vermələrini istəmiş, lakin onlar buna etiraz etmişlər. O, evə gəlmiş və qardaşı Raminlə birlikdə fermaya getmişdir. Günün qaranlıq vaxtı olduğundan işıq salmaq üçün fermada saxladığı işıq fanarını götürmək istəmiş, lakin nə qədər axtarsa da, həmin fanarı tapa bilməmişdir. Fanarı tapmadığından qoyunların oğurlandığından şübhələnmiş və saymağa başlamışdır. O, qoyun və quzuları sayarkən 61 baş quzunun və 4 baş qoyunun əskik olduğunu müəyyən etmiş, dərhal saat 22 radələrində Azərbaycan Respublikası DİN-in “102 xidməti zəng mərkəzi”nə məlumat vermişdir. Daha sonra o, Asifin anasına və arvadına zəng edərək, 65 baş heyvanının əskik olduğunu demişdir. Onlar Asifin oğurluq etmədiyini deyib buna etiraz etmişdirlər. O, Asifin həmin heyvanları Hacıhətəmli kənd sakini heyvan alqı-satqısı ilə məşğul olan Mərdan adlı şəxsə sata biləcəyini düşünüb Mərdana zəng vurmuş, Mərdandan Asifə heyvan almaq istəyən şəxs və şəxslərin telefon nömrəsini verib-vermədiyini və yaxud da Asifdən qoyun alıbalmadığını soruşmuş, Mərdan Asifə yarım saat ərzində zəng vuracağını bildirmişdir. 10 dəqiqə sonra Mərdan ona zəng vurmuş, yanında adam olduğundan açıq danışa bilmədiyini, həmin heyvanlardan 59 baş quzunu Asifdən xx.xx.2023-cü il tarixdə aldığını demişdir. O, Mərdana 61 baş quzusunun və 4 baş qoyununun olmadığını demiş, Mərdan isə 59 baş quzunu özünün aldığını, digərlərindən isə xəbərsiz olduğunu bildirmişdir. Səhəri gün o, Mərdanla yenidən danışmış, Mərdan Asifdən aldığı heyvanları saydığını, quzuların 61 baş olduğunu müəyyən etdiyini və heyvanları Asifin anasıgilin həyətinə apardığını demişdir. O, Asifin anasına zəng vurmuş, sonuncu bunu təsdiqləmiş və gəlib heyvanları aparmasını istəmişdir. O, Asifin anasına polis əməkdaşlarına məlumat verdiyini demiş, gecə saatlarında polis əməkdaşları ilə birlikdə Asifin anasıgilə getmiş, heyvanlara baxış keçirmiş və heyvanların hamısının onun olduğunu müəyyən etmişdir. xx.xx.2023-cü il tarixdə qardaşı və 2 nəfər dostu quzuları sayıb fermasına aparmışlar. O, səhəri gün yenidən Mərdanla əlaqə saxlamış və ondan 4 baş qoyununun kim tərəfindən alındığı barədə məlumatının olub-olmadığını soruşmuş, Mərdan həmin 4 baş qoyundan xəbəri olmadığını demişdir. Qardaşı Ramin isə Ərşaddan Asifin ona məxsus fermadan başqa nələri oğurladığını soruşmuş, Ərşad Asifin xx.xx.2023-cü il tarixdə, gecə saatlarında 1 baş quzunu onun maşını ilə apararaq Mərdana 120 manata satdığını bildirmişdir. O, yenidən Mərdana zəng vurub onun barəsində də şikayət edəcəyini demiş, Mərdan həmin 1 baş quzunu özünün yox, qardaşının aldığını bildirmişdir. Mərdan, onun qardaşı Seyidağa və Ərşad fermasına gəlmişlər. Ərşaddan nə üçün gecə vaxtı ona məxsus olan fermadan heyvan apardığını soruşmuş, Ərşad da Asifin ona cəmi bir heyvanının olduğunu və həmin quzunu sataraq evinin fundamenti üçün sement alacağını bildirdiyini demişdir. Mərdandan nəyə görə Asifin ona 61 baş quzudan başqa nəyi satdığı ilə bağlı ona sual verdikdə bu barədə bildirmədiyini soruşmuş, Mərdan isə 1 baş quzunu onun yox, qardaşı Seyidağanın aldığını bildirmişdir. Mərdan ondan üzrxahlıq edərək 200 manat pul vermişdir. Mərdandan bəs nə üçün indi 120 manata aldığı heyvan üçün 200 manat pul verdiyini soruşduqda qardaşının həmin heyvanı ucuza aldığını, həmin quzunun qiymətinin 200 manat olduğunu söyləmişdir. O da həmin pulu götürmüşdür. Asifin 61 baş quzunu Mərdana satdığını öyrəndikdən sonra həmin quzuları fermaya geri qaytarmış, 1 baş quzunun qarşılığında Mərdanın ona 200 manat pul vermiş, bunları nəzərə aldıqda ona ödənilməmiş maddi ziyan 1595 (min beş doxsan beş) manat təşkil etmişdir, belə ki, 4 qoyun hər biri 370 manat olmaqla 1480 manatdır, Mərdan 270 manatlıq quzunun qarşılığında ona 200 manat pul vermişdir, bundan əlavə, Asif heyvanları oğurladığı gün fanarını da oğurlamışdır. Həmin fanarın dəyəri də 45 manatdır. Ona vurulmuş ziyan ödənilmiş, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, iribuynuzlu və xırdabuynuzlu heyvanların satışı işi ilə məşğul olur. Təqsirləndirilən şəxs həmkəndlisi kimi tanıyır. Asifin İsmayıllı rayonunun Soltankənd kəndində Məmməd adlı şəxsin fermasında çobanlıq etdiyi barəsində məlumatı olmuşdur. Təxminən 2 il əvvəl Məmməd alı şəxslə tanışlığı yaranmış, Məmmədi ilk əvvəl müəllim kimi, daha sonra isə ferma sahibi kimi tanımışdır. xx.xx.2023-cü il tarixdə Asif ona zəng edərək satlıq heyvanı olduğunu bildirmişdir. O da Asifə onların evinə getməyini istəmiş və qardaşı Seyidağaya zəng edərək Asifin heyvan gətirəcəyini, ona baxıb qiyməti münasibdirsə almağını söyləmişdir. Biraz sonra qardaşına zəng edərək həmin quzunun neçəyə gedə biləcəyini soruşmuş, qardaşı da 130-140 manata sata biləcəklərini demişdir. O, Seyidağadan telefonu Asifə verməsini istəmiş, Asifdən həmin quzunun kimə aid olduğunu və nə üçün satdığını soruşmuş, Asif isə öz quzusu olduğunu, quzunun pulu ilə sement alacağını bildirmişdir. Asifdən quzunun son qiymətini soruşanda ilkin 130 manat pula, daha sonra isə Asif onun həmin qiymətlə razı olmadığını görüb son olaraq 120 manat pula verə biləcəyini demiş, o da razılaşaraq Seyidağadan həmin quzunu almasını istəmişdir. xx.xx.2023-cü il tarixdə saat 18-19 radələrində Təqsirləndirilən şəxs ona zəng edib satılıq quzularının olduğunu və quzuları Hacıhətəmli kəndinin başına gətirəcəyini bildirmişdir. Asif kəndin girəcəyindən təxminən 300 metr aralıda dayanmış, o, heyvanların haradan olduğunu soruşmuş, Asif isə Beyləqanda çoban işləyən Göyçaylı dostundan aldığını, həmin quzuları ondan nisyə aldığını, az-az pulunu verəcəyini və quzuları sataraq həmin pulla maşın alacağını bildirmişdir. Asif quzuları 8 min manata satdığını söyləmiş, o, bu qiymətlə razılaşmamışdır. Asif heyvanları kəndə tərəf sürməkdə ona köməklik etmələrini xahiş etmiş və onlarla razılaşmasa quzuları sabah Göyçay bazarına çıxaracağını bildirmişdir. O da Xəyalla birlikdə Asifə kömək etmişdir. Seyidağa isə maşınla kəndə getmişdir. Yolda olarkən o, Asifdən quzuları 6170 manat pula almaqda razılaşmış, üstündə pul az olduğundan pulun bir hissəsini indi, qalan hissəsini isə sabah bazardan gəldikdən sonra verməyi təklif etmiş, lakin Asif razılaşmayaraq ona pulun indi lazım olduğunu bildirmişdir. O pulu gedib evdən gətirəcəyini söyləmişdir. O, Asif və Xəyalla birlikdə quzuları heyvanları saxladıqları həyətə tərəf sürmüş, çataçatda Asif gedib paltarını dəyişib gələcəyini bildirmişdir. O, evə gedib pulu götürmüş və Asifin yaşadığı evə tərəf getmişdir. Asif evdən 150 metr aralıda dayanmışdır. Asifin yanına gedib 6170 manat pulu ona vermiş, həmin vaxt yanlarında heç kim olmamışdır. Bundan bir gün sonra axşam saat 21-22 radələrində Məmməd ona zəng edərək Asifin ondan alverçi nömrəsini alıbalmadığını soruşmuş, o, Məmmədə əvvəl Asifdən 59 baş quzu aldığını, quzuların onda olduğunu demişdir. Məmməd isə 61 baş quzusunun olmadığını dedikdə həmin quzuları gedib bir də saymış və 61 baş quzu olduğunu müəyyən etmişdir. Məmmədə zəng edərək heyvanları saydığını, 61 baş quzu olduğunu, Asifin qardaşı Azərin yanında olduğunu, heyvanları onların tövləsinə aparacağını demişdir. Məmməd heç bir şey deməmişdir. Quzuları Asifgilin tövləsinə yerləşdirmiş, Asifin qardaşı Azər və anası Gülbənizlə birlikdə quzuları sayıb onlara təhvil vermişdir. O, quzuları təhvil verdikdə onlara Asifə 6170 manat pul verdiyini söyləmişdir. Onlar isə həmin pulu Asif qaytaracaqlarını bildirmişdirlər. 2-3 gün Asifin telefon nömrəsinə müxtəlif nömrələrdən zəng edərək onunla əlaqə saxlamağa çalışsa da, onun telefonlarına zəng çatmamışdır. Təxminən 5-6 gün sonra Asif İsmayıllı rayon polis şöbəsinə gələrək təslim olmuşdur. O, Zərərçəkmiş şəxs heyvanlarını özünə qaytarmış, Asiflə isə vurulmuş ziyanla bağlı qarşılıqlı razılığa gəlmişlər. Şahidlər Şahid2 və Abdullazadə X2 Mərdan İlyas oğlu ilə eyni məzmunlu ifadə verərək, ifadələrində sonuncunun göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Şahid3 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Asif İsmayıllı rayonunun Soltankənd kəndində Məmməd adlı şəxsin fermasında çobanlıq etmişdir. Bir neçə dəfə Asifi taksi kimi fermadan götürüb kəndlərinə aparmışdır. xx.xx.2023-cü il tarixdə, axşam saatlarında Asif ona zəng edərək “quzum var, aparaq kəndə sataq” demişdir. Daha sonra Asif yenidən zəng edərək gəlməyini istəmiş, fermaya çatanda quzunu arxa ayaq altına qoymuşlar. Asif ondan Hacıhətəmli kəndinə Mərdanın evinə sürməsini istəmiş, ona Mərdanla danışıdığını, quzunu ona satacağını bildirmişdir. Mərdanın evinin qabağına çatanda Asif ona zəng etmiş, az sonra Mərdanın qardaşı Seyidağa gəlib quzuya baxmış və qiymət barədə danışmağa başlamışlar. Seyidağa Asifdən quzunun kimə məxsus olduğunu soruşmuş, o da quzunun özünə məxsus olduğunu bildirmişdir. O, daha sonra kənara çəkilmiş, Asiflə Seyidağa qiymət barədə razılaşmışlar. Daha sonra Asif maşına minib onu fermaya aparmasını istəmiş, o da aparmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində evdə olan zaman Asif ona zəng edərək onu Bakı şəhərinə apara bilib-bilməcəyini soruşmuş, o, apara biləcəyini söyləmişdir. Asif yaşadıqları İsmayıllı rayonunun Hacıhətəmli kəndinin girəcəyində olduğunu demiş, o həmin yerə gedərək onu götürmüş, Bakı şəhərinə yola çıxmışlar. Asif onu Bakı şəhərinə aparmaq müqabilində ona əvvəlki 30 manat borcu ilə birlikdə 100 manat pul vermişdir. xx.xx.2023-cü il, təxminən gecə saat 02 radələrində Bakı şəhərinin girəcəyində, “Sulutəpə” dairəsi adlanan yerə çatmışlar. Asif orada düşəcəyini bildirmiş, maşından düşəndə Asif sabah əlaqə saxlayacağını və geri qayıdacaqlarını söyləmişdir. Asif maşından düşüb yaxınlıqdakı taksilərdən birinə minərək həmin yerdən uzaqlaşmış, o isə gecə olduğundan Bakı şəhərində yaşayan qohumugilə getmişdir. Səhəri gün yuxudan duran zaman Asifə zəng edərək rayona nə vaxt qayıdacaqlarını soruşmaq istəmiş, lakin həmin vaxt Asifə zəng çatmamışdır. Həmin gün axşam saatlarında Asiflə birlikdə fermada qalan Soltankənd kənd sakini Ramin ona zəng edərək harada olduğunu soruşmuş, o da Bakı şəhərində olduğunu bildirmişdir. Ramin ona həmkəndlisi Asifin qardaşı Məmmədə məxsus 61 baş quzunu satdığını söyləmişdir. O da Asifin onunla birlikdə Bakı şəhərinə gəldiyini bildirmişdir. Bundan sonra Asifdən xəbər gələcəyini düşünərək biraz da gözləmiş, Asifin telefonuna zəng çatmadığını görüb İsmayıllı istiqamətində hərəkətə başlamışdır. Yolda olarkən həmkəndlisi Mərdan ona zəng edərək Asifdən quzu aldığını, həmin quzuların oğurluq olduğunu öyrəndiyini bildirmişdir. O, birbaşa Asifgilin evinə getmiş, Asifin anası ondan Asifi harada düşürdüyünü soruşmuş, o da Asifi Bakının girəcəyində düşürdüyünü bildirmişdir. Həmin vaxt Mərdan quzuları Asifgilə gətirib həyətlərinə salmış, o da bundan sonra evə qayıtmışdır. Həmin günün səhəri Məmmədin qardaşı Raminə yığmış, ona xx.xx.2023-cü il tarixdə bir baş quzunu Asiflə birlikdə Hacıhətəmli kəndinə apardığını, quzunu Mərdanın qardaşına satdığını bildirmiş və həmin quzunun Məmmədə məxsus olub-olmadığını soruşmuşdur. Ramin də həmin quzunun Məmmədə məxsus olduğunu bildirmişdir. Daha sonra Mərdan ona zəng edərək onu və qardaşı Seyidağanı Məmmədin fermasına aparmağını istəmişdir. O da onları fermaya aparmışdır. Fermaya çatanda Mərdan həmin oğurlanmış bir baş quzunun pulunu vermişdir. Şahid qismində məhkəmə iclasına çağırılmış Şahid4 post rabitəsi vasıtəsi llə məhkəməyə məktub göndərərək böyrək çatışmazlığı xəstəliyindən Bakı şəhərində müalicə olunduğunu, məhkəmə iclasına bu səbəbdən gələ bilməyəcəyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmidir. Bu səbəbdən məhkəmə iclasında Şahid4 ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində iş üzrə zərərçəkmiş şəxs olan qardaşı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Hadisə yerinə baxış keçirilməsi haqqında 30 iyul 2023-cü il tarixli protokoldan görünür ki, xırdabuynuzlu heyvanların mənimsənildiyi ferma İsmayıllı rayonunun Soltankənd kəndinin ərazisində yerləşir, baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, təqribən 2022-ci ilin fevral ayından həmin fermada özünə məxsus xırda buynuzlu heyvanları saxlayır. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 03 noyabr 2023-cü il tarixli, 9/7671 nömrəli rəyindən görünür ki, diri çəkisi 28-33 kiloqram olan 1 baş quzunun qiyməti 270 manat olmaqla 22 baş quzu 16740 manat, diri çəkisi 55-60 kiloqram olan 1 baş qoyunun qiyməti 370 manat olmaqla 4 baş qoyun 1480 manat təşkil edir, ekspertiza təyini haqqında qərarda göstərilən xırdabuynuzlu heyvanların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 18220 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs şifahi razılıq əsasında ona inanılıb etibar edilmiş Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları özgəninkiləşdirməklə əldə etdiyi pulu öz şəxsi ehtiyaclarına sərf edərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 18220 (on səkkiz min iki yüz iyirmi) manat dəyərində əmlakı sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla mənimsəyib talaması və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 01 mart 2023-cü il tarixdən 29 iyul 2023-cü il tarixədək aylıq 500-550 manat pul qarşılığında Zərərçəkmiş şəxs İsmayıllı rayonunun Soltankənd kəndində yerləşən fermasında çoban işlədiyi müddət ərzində şifahi razılıq əsasında ona inanılıb etibar edilmiş Zərərçəkmiş şəxs məxsus xırdabuynuzlu heyvanları təhvil aldıqdan sonra xırdabuynuzlu heyvanlardan bir hissəsini talayaraq mənimsəmək qərarına gəlmiş, bu məqsədlə o, 23 iyul 2023-cü il tarixdə həmin xırda buynuzlu heyvanların arasından 4 baş, hər birinin təqribən 55-60 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 370 manat təşkil edən qoyunları və 62 baş, hər birinin təqribən 28-33 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 270 manat təşkil edən quzuları ayırıb ələ keçirərək talamaqla qəsdən mənimsəmiş, öz cinayətkar niyyətini başa çatdırmaq məqsədi ilə xx.xx.2023-cü il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda əvvəlcədən sürüdən ayırdığı 1 baş, təqribən 28-33 kiloqram çəkisi olan, 270 manat dəyərində quzunu İsmayıllı rayonunun Hacıhətəmli kəndinə apararaq orada tanışı Şahid2 satmaqla, bir müddət sonra, yəni xx.xx.2023-cü il tarixdə, dəqiq saatı məlum olmayan vaxtda isə əvvəlcədən sürüdən ayırdığı 61 baş, hər birinin təqribən 28-33 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 270 manat təşkil edən quzuları aparıb İsmayıllı rayonunun Hacıhətəmli kəndinin ərazisində Şahid1 satmaqla, 4 baş, hər birinin təqribən 55-60 kiloqram çəkisi olan, hər birinin dəyəri təqribən 370 manat təşkil edən qoyunları isə xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə kimi olan müddət ərzində, dəqiq tarixi və saatı məlum olmayan vaxtlarda, müəyyən edilməyən üsulla özgəninkiləşdirməklə əldə etdiyi pulu öz şəxsi ehtiyyaclarına sərf edərək vahid niyyətlə əhatə olunan qəsdlə Zərərçəkmiş şəxs məxsus ümumilikdə xeyli miqdar təşkil edən 18220 (on səkkiz min iki yüz iyirmi) manat dəyərində əmlakı sonuncuya həmin məbləğdə maddi ziyan vurmaqla mənimsəyib talamışdır. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 179.2.4-cü maddəsi ilə düzgün tövsif olunuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, təqsirkara etibar edilmiş özgə əmlakını talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, zərərçəkmiş şəxslə razılıq əldə etməsini və vurulmuş ziyanı tam aradan qaldırmasını, eləcə də, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 23 avqust 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının Hacıhətəmli inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 09 avqust 2023-cü il tarixli 515 və 516 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı X1 və xx.xx.2019-cu il təvəllüdlü oğlu X3 ibarətdir. Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək İİ Qarabağ müharibəsində iştirak etmişdir, müharibə iştirakçısıdır. Yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X6 tərəfindən verilmiş 19 sentyabr 2023-cü il tarixli, 18-1-47/2- 837/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin psixiatrik, narkoloji və nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, cinayət hadisəsi nəticəsində ona dəymiş ziyan tamamilə ödənildiyi üçün onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il il tarixdə saat 11:50-də şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 07 avqust 2023-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 11:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun həbsdə saxlanıldığı müddət 2 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə qaldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılmasının 2 gününə bərabər tutularaq, 4 gün müddət, təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonunun Hacıhətəmli kəndində yerləşən evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 05 avqust 2023-cü il tarixdə saat 11:50-dən 07 avqust 2023-cü il tarixə saat 11:30-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayon Hacıhətəmli kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar