Məhkəmə qərarları › İş №1(037)-16/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-16/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-16/2023 16.03.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs iştirakı ilə 16 mart 2023-cü il tarixdə saat 15:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 10 avqust 1987-ci ildə Rusiya Federasiyasının Komsomolsk şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, məhkum edilməmiş, evli, himayəsində 4 azyaşlı övladı olan, "xxxx" MMC-də sürücü işləyən, Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci mаddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 15:20 radələrində BC kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə etdiyi "xxxx" MMC-yə məxsus “Hovo” markalı ZZ52557GJBN3841W yük modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 14-cü kilometrliyində, yolun İsmayıllı rayonunun Aşıqbayramlı kəndindən keçən hissəsində, Qaraməryəm qəsəbəsi istiqamətində, öz hərəkət yolunda saatda 60-70 kilometr sürətlə hərəkətdə olarkən qarşıdan Qaraməryəm qəsəbəsi istiqamətindən əks hərəkətdə olan X7 etibarnamə əsasında idarə etdiyi X2 mülkiyyətində olan “VAZ-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun hərəkət yoluna çıxdığını görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələbinə riayət etməyərək, yəni qarşıdan əks istiqamətdən gələn “VAZ-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin ötmə əməliyyatını aparmaq üçün onun hərəkət yoluna çıxmasını görüb, yaranmış təhlükə qarşısında vaxtında tormozlama əməliyyatını apararaq toqquşma yerinə çatmadan nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan bütün tədbirləri görməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, həmin tələbləri yerinə yetirməyərək yol hərəkəti qaydalarını pozmuş və öz hərəkət yolunda onun idarə etdiyi “Hovo” markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi ilə Şükran Cəfərovun idarə etdiyi “VAZ-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “VAZ-21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Ş.N.Cəfərovun kəllə tağı və əsası sümüklərinin sınığı, baş-beyin toxumasının əzilməsi, soldan İİİ-İV-V-Vİ qabırğaların sınığı, sol bazu sümüklərinin açıq yerdəyişmiş sınığı, alın, sol bazu və sağ baldırda yaralar kimi həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri alaraq xəstəxanada ölməsinə, “VAZ- 21043” markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq oturacağında əyləşmiş sərnişin X8 saidin sıyrığı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin olunmayan bədən xəsarəti almasına, habelə "xxxx" MMC-yə məxsus “Hovo” markalı ZZ52557GJBN3841W yük modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə "xxxx" MMC-yə 670 manat məbləğində maddi ziyan vurulmasına və VAZ-21043” markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə N.Ş.Cəfərova 6870 manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, Göyçay rayonunun Çayarxı kəndində qeydiyyatda olmaqla, ailəsi ilə birgə həmin ünvanda yaşayır. Ailəlidir, himayəsində dörd azyaşlı övladı var. 2007-ci ildən "xxxx" MMC-də sürücü kimi işləyir. xx.xx.2022-ci il tarixdə səhər təxminən 10-11 radələrində idarə etdiyi Hovo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı beton qarışdıran yük avtomobili ilə İsmayıllı rayonuna beton gətirmək üçün zavoddan yola çıxmış, o, İsmayıllı şəhərində “Kəpənək dairəsi” adlanan ərazinin yaxınlığında betonu boşaldıb gəldiyi istiqamətdə geri qayıtmış, saat təxminən 15 radələrində Qayaməryəm-İsmayıllı-Şəki magistral yolunun 14-cü kilometrliyində, İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisindən keçə hissəsində təxminən 60-70 km/saat sürətlə hərəkətdə olarkən, təxminən 50-60 metr məsafədən, qarşı tərəfdən gələn Vaz 2104 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı tünd göy rəngli avtomobilin ötmə əməliyyatı etmək üçün onun hərəkət zolağına çıxdığını görmüş, o, bunu görən kimi dərhal əyləci basmış və idarə etdiyi avtomobili yolun sağına, daşlıq örtüklü hissəyə çəkmişdir. Vaz 2104 markalı avtomobil onun hərəkət zolağı ilə üstünə doğru hərəkət etdiyini görmüş, hadisənin qarşısını almaq üçün çalışsa da avtomobili saxlaya bilməmişdir. Həmin avtomobil gəldiyi surətlə idarə etdiyi avtomobilin qabaq-sol hissəsinə çırpılmış, onun avtomobili sürüşüb yolun hərəkət hissəsində dayanmışdır. O, tez avtomobildən düşüb dərhal Vaz 2104 markalı avtomobilə tərəf qaçmış, avtomobil həddindən artıq əzilmiş vəziyyətdə və yolun hərəkət hissəsində dayanmış vəziyyətdə olmuşdur. Sürücünün yanında bir nəfər xanım sərnişin də olmuş, o, tez ilk öncə avtomobilin qabaq oturacağında əyləşmiş olan xanım sərnişini avtomobildən çıxartmış, sonuncunun üzündə yüngül sıyrıqlar olmuşdur. Daha sonra isə tez sürücünü əzilmiş avtomobildən çıxartmağa çalışmış, ətrafa tanımadığı şəxslər toplaşmış, sürücünün təhlükəsizlik kəməri taxılmış vəziyyətdə olmuşdur. O, kəməri kəsib həmin avtomobilin sürücüsünü qucağına alaraq avtomobildən çıxartmış, o, sonuncunu avtomobildən çıxaran kimi dərhal öz istifadəsində olan mobil telefonu ilə 102 xidməti zəng mərkəzinə zəng vurub hadisə yerinə gəlmələrini istəmiş, həmin vaxtı həyəcanlı olduğundan təcili tibbi yardıma zəng vurmaq istəsəm də səhvən DİN-in 102 xidmətinə zəng vurmuş, o, ətrafda olan tanımadığı şəxslərə səslənərək kömək etmələrini xahiş etmiş, lakin heç kim yaxın durmamışdır. Bu vaxt 60-65 yaşında bir nəfər şəxs yaxınlaşaraq, yaralıları avtomobilinə əyləşdirib təcili şəkildə xəstəxanaya aparacağını bildirmiş, o, sonuncu ilə köməkli şəkildə Vaz 2104 markalı avtomobilin sürücüsünü avtomobilə əyləşdirib, sərnişin xanım isə özü avtomobilə əyləşmişdir. Onlar İsmayıllı rayon mərkəzi xəstəxanasına gəlmiş, sürücünün vəziyyəti ağır olmuş, sonuncunu xəstəxanaya yerləşdirib, özü isə xəstəxananın çöl tərəfində gözləmişdir. Təqribən yarım saat sonra xəstəxanaya polis əməkdaşları gəlmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmişdir. Xəstəxanada Vaz 2104 markalı avtomobilin sürücüsü, sonradan adının X10 olmasını bildiyi şəxsin dünyasını dəyişdiyini bilmişdir. O, ilk dəfədir ki, ehtiyatsızlıqdan cinayət törədir. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Himayəsində dörd azyaşlı uşağı vardır, ailəsində yeganə gəlir gətirən şəxsdir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ilə barışmış, ondan şikayət və tələbi yoxdur. Ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Göyçay rayonunun Alxasafa kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fəhləliklə məşğul olmaqla dolanır. X3 onun qardaşıdır. xx.xx.2022-ci il tarixdə o, işləmək məqsədilə Bakı şəhərinə getmişdir. xx.xx.2022ci il tarixdə saat 16 radələrində Bakı şəhərində kirayə qaldığı evdə olarkən atası onun istifadəsində olan mobil nömrəyə zəng edərək Şükrandan xəbəri olub-olmadığını soruşmuş, bir neçə dəqiqə sonra Şükranın bacanağı Xəyal Məmmədov da ona zəng edərək Şükranın qəzaya uğradığını və xəstəxanada dünyasını dəyişdiyini bildirmişdir. O, buna inanmamış və dərhal Bakıdan çıxıb yaşadığı kəndə yola düşmüşdür. Yolda yenidən ona dostları zəng edib hadisənin dəqiq olduğunu demişlər. O, yaşadıqları kəndə çatmış və Şükranın hadisə baş verən zaman avtomobili özünün idarə etdiyi, yol nəqliyyat hadisəsi nəticəsində İsmayıllı RMX-da dünyasını dəyişdiyi, avtomobildə olan mərhumun arvadı Vəfa Novruzovanın isə müxtəlif xəsarətlər aldığı məlum olmuşdur. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Sonuncu onunla barışıq əldə etmişdir. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. X9 ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla Göyçay rayonunun Alxasafa kəndində yaşamışdır. İsmayıllı rayonunun Aşıqbayramlı kənd tibb məntəqəsi müdiri vəzifəsində çalışır, X3 ilə xx.xx.2022-ci il tarixdə ailə həyatı qurmuş, onlar birlikdə Göyçay rayonunun Alxasafa kəndində yaşamışlar. xx.xx.2022-ci il tarixdə saat 14:30 radələrində Şükranla birlikdə qaynatasi X4 məxsus etibarnamə ilə idarə etdiyi Vaz 2104 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı rayonuna anasıgilə gəlmək üçün Alxasafa kəndindən yola çıxmış, o, avtomobildə qabaq oturacaqda əyləşmişmiş, yol boyu Şükranla söhbətləşə-söhbətləşə gəlmişlər. Şükran avtomobili orta sürətlə idarə etmiş, onlar İsmayıllı rayonunun Talış kəndi ərazisində olarkən sonuncu ondan saatın neçə olduğunu soruşmuşdur. O, saata baxıb başını qaldırarkən markasını bilmədiyi yük avtomobilin olduqları avtomobilin üstünə gəldiyini görmüş və anidən avtomobil qarşıdan gələn avtomobillə toqquşmuşdur. Həmin an o, huşunu itirmiş və hadisədən sonra heç nə xatırlamamışdır. Bir müddət sonra özünə gəlmiş və tanımadığı avtomobildə olduğunu görmüşdür. Şükran yaralı vəziyyətdə həmin avtomobildə uzanmış, onlar oradan İsmayıllı RMX-ya getmişlər. Orada Şükrana ilkin yardım göstərilmiş və onlar ikisi də xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilmişlər. 15 dəqiqə sonra Şükranın dünyasını dəyişdiyi məlum olmuşdur. X1 ifadə verərək göstərdi ki, Göyçay rayonunun Alxasafa kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. X3 onun oğlu olmuşdur. xx.xx.2022-ci il tarixdə günorta radələrində oğlu Şükran arvadı Vəfa ilə birlikdə onun avtomobili ilə Vəfanın atasıgilə getmək üçün yola çıxmışlar. Həmin gün saat təxminən 14-15 radələrində qardaşı Nəcməddin ona zəng edərək Şükranın yol-nəqliyyat hadisəsində xəsarət aldığını bildirmişdir. O dərhal Bakı şəhərində olan oğlu Orxana zəng eləyib bu barədə demişdir. Daha sonra qardaşı yenidən ona zəng edərək Şükranın dünyasını dəyişdiyini bildirmişdir. O hadisədən çox sarsıntı keçirtmişdir. Gəlini Vəfa isə hadisə nəticəsində yüngül xəsarət almışdır. Sonradan Şükranın idarə etdiyi avtomobilin toqquşduğu yük avtomobilin sürücüsünün də Göyçay rayon sakini olduğunu bilmişdir. Həmin sürücü onlara dəymiş maddi zərəri tam şəkildə ödəmiş, onun barəsində şikayət və tələbi yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, hadisənin baş verdiyi yer Qaraməryəm-İsmayıllı-Şəki magistral yolunun 14-cü kilometrliyində, yolun İsmayıllı rayonunun Aşıqbayramlı kəndindən keçən hissəsidir. Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin Şamaxı rayon şöbəsindən alınmış meyitin məhkəmə-tibbi ekspertizasının 22 iyul 2022-ci il tarixli 09 nömrəli rəyindən görünür ki, X7 meyitinin bədənində kəllə tağı və kəllə əsası sümüklərinin açıq sınığı, baş beyin toxumasının əzilməsi, soldan 3, 4, 5, 6-cı qabırğaların sınığı, sol bazu sümüklərinin açıq yerdəyişmiş sınığı, alın, sol bazu və sağ baldırda yaralar kimi xəsarətlər aşkar olunmuşdur. Həmin xəsarətlər həyatidirlər, ölümündən əvvəl ağır, fiziki küt travma nəticəsində törənməklə, qərarda göstərilən tarixdə, şəraitdə, yəni, xx.xx.2022-ci il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi zamanı, minik avtomaşınının yük avtomaşını ilə toqquşması nəticəsində, sürücü qismində alınmağa uyğun gəlirlər. Həmin xəsarətlərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətləri vardır.X7 ölümünə səbəb kəllə əsası və kəllə sümüklərinin sınması nəticəsində baş beyin toxumasının əzilməsi olmuşdur. Ölümün baş verməsi meyitin məhkəmə tibbi müayinəsindən 4-6 saat əvvələ uyğundur. X7 meyitindən götürülmüş qanın məhkəmə kimya tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar olunmamışdır. Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin İsmayıllı rayon şöbəsindən alınmış canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 11 avqust 2022-ci il tarixli 397 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində xəsarətin hər hansı bir obyektiv əlaməti və xəsarət izi (qançır, sıyrıq, yara və s.) aşkar edilməmişdir. Məhkəmə -Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin İsmayıllı rayon şöbəsindən alınmış canlı şəxsin məhkəmə-tibbi ekspertizasının 01 avqust 2022-ci il tarixli 371 nömrəli rəyindən görünür ki, 1999-cu il təvəllüdlü X13 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində aşkar edilmiş xəsarətlər- sol saidin sıyrığı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində qeyd edilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi zamanı törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyindən xəsarətin dərəcəsi təyin edilmir. Məhkəmə Ekspertizası Mərkəzinin alınmış məhkəmə-yol nəqliyyat hadisələri ekspertizasının 30 yanvar 2023-cü il tarixli 8/3676-8/3679 nömrəli rəyindən görünür ki, istintaq tərəfindən Howo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı və Vaz 2104 markalı **- BG-*** dövlət qeydiyyat nişanlı avtomobillərin baxışa təqdim edilməsi mümkün olmadığından ekspertiza yolu ilə toqquşma bucağını müəyyən etmək mümkün deyildir. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Vaz 2104 markalı **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X7 hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 51-ci maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunan məlumatlara əsasən Howo markalı **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat təşkil edir. Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 dekabr 2022-ci il tarixli 9/8074 nömrəli rəyindən görünür ki, 1) nəzəri hesablama yolu ilə tədqiqata təqdim edilmiş “X19 Servis Mərkəzi” tərəfindən tərtib edilmiş qüsur aktı məlumatlarına əsasən 2011-ci il buraxılışlı mühərrik həcmi 9726 sm3 “Howo” markalı, xüsusi təyinatlı yük modelli **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin 2022-ci ilin iyul ayına təmir-bərpa xərci təxminən 670,00 manat müəyyən edilir. O cümlədən: dəyişilməli hissələrin qiyməti - 420,00 manat, təmir-bərpa işlərinin qiyməti – 250,00 manat təşkil edir. Nəzəri ekspertiza təyini haqqında qərarda qeyd edilən 2001-ci il buraxılışlı “Vaz 2104” markalı minik modelli **-BG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təyinatı üzrə istifadəyə yararlı (normal) vəziyyətdə 2022-ci ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 5000,00 manat müəyyən olunur.Qeyd edilir ki, zədələnməmişdən əvvəlki orta bazar qiyməti təxminən 5000,00 manat olmuş avtomobilə ziyan aktına müvafiq olaraq 6870,00 manat xərc çəkilib təmir edilməsi məqsədə müvafiq və rentabelli hesab edilmir. Sözügedən avtomobil avtoservis şəraitində söküldükdən, hissələri diaqnostika olunduqdan, salamat qalmış hissələrin adı və dəyəri dəqiqləşdirildikdən sonra salamat qalmış hissələrin dəyəri müəyyən edilə bilər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin müəyyən edilməsi barədə 11 iyul 2022-ci il tarixli 265 nömrəli aktdan görünür ki, Təqsirləndirilən şəxs 11 iyul 2022-ci il tarixdə saat 18:35-də ayıq olmuşdur. Təqsirləndirilən şəxs məxsus sürücülük vəsiqəsinin surətindən görünür ki, onun xx.xx.2017-ci il tarixdən xx.xx.2027-ci il tarixədək etibarlılıq müddəti olan BC kateqoriyalı, AF seriyalı 221718 nömrəli sürücülük vəsiqəsi vardır. İsmayıllı rayon Polis şöbəsinin X24 Bölməsindən daxil olmuş xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs adına BC kateqoriyalı, AF seriyalı 221718 nömrəli sürücülük vəsiqəsi olmuş, xx.xx.2022-ci il tarixədək sürücülük hüququndan məhrum olunmuşlar sırasında qeydə alınmamışdır. “Göyçay Rayon Mərkəzi Xəstəxanası” X20 alınmış xx.xx.2023-cü il tarixli 251 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs psixiatrik, narkoloji və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, Təqsirləndirilən şəxs Vaz 2104 markalı avtomobilin ötmə əməliyyatı etdiyini yolun sağında olan piyada keçidi yol nişanını keçən kimi görmüş, piyada keçidindən toqquşma baş verən yerə kimi məsafənin 100 metr, Vaz 2104 markalı avtomobilin ötmə əməliyyatına başladığı pirin yanından toqquşma yerinə kimi məsafənin 370 metr, Qaraməryəm istiqamətində yolun sağ tərəfindəki piyada keçidi yol nişanından, Qaraməryəm istiqamətində Aşıqbayramlı yazısına kimi məsafə 470 metr olması müəyyən olunmuşdur. X6 ifadəsinin yerində yoxlanılması protokolundan görünür ki, sərnişin qismində əyləşdiyi Vaz 2104 markalı avtomobilin ötmə əməliyyatına başladığı pirin yanından toqquşma yerinədək olan məsafə 370 metrdir. Müstəntiqin maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə “Hovo” markalı ZZ52557GJBN3841W yük modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut qismində tanınmış və saxlanılması üçün qanuni sahibinə təhvil verilmişdir. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 1 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. 13 oktyabr 2022-ci il tarixli 294 nömrəli arayışdan, doğum haqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Göyçay rayonu, Çayarxı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, arvadı X11, 2010, 2016, 2018 və 2021-cı il təvəllüdlü uşaqları Nuray, Xədicə, Hüseynəli və Mirməhdidən ibarətdir. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində dörd azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. İş üzrə ekspertiza xərci olan 178 (bir yüz yetmiş səkkiz) hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə maddi sübut olan “Hovo” markalı ZZ52557GJBN3841W yük modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. İş üzrə ekspertiza xərci olan 178 (bir yüz yetmiş səkkiz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut olan “Hovo” markalı ZZ52557GJBN3841W yük modelli, **-AC-*** dövlət qeydiyyat nişanlı avtomobilin qanuni sahibinə qaytarılması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar