Məhkəmə qərarları › İş №1(037)-17/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-17/2021

09.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-17/2021 09.02.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi Müdafiəçi1 iştirakı ilə 09 fevral 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 21 dekabr 1985-ci ildə Bakı şəhərində аnаdаn оlmuş, Аzərbаycаn Respublikаsı vətəndаşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrtа təhsilli, işsiz, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 1(003)-417/2019 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək üzərində qəti olaraq 02( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək üzərində saxlanılmış 02( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası 02 (iki) il sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilmiş, cəzasını çəkməmiş, Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi kökəltmə sovxozunda qeydiyyatda olmaqla orada yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Qurban oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Qurban oğlu müəyyən olunmamış vaxtda və naməlum mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 19,45 qram təşkil edən tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı və şəxsi istehlak miqdarından artıq miqdarda ümumilikdə təmiz çəkisi 0,166 qram təşkil edən psixotrop maddə olan metafetamini əldə edərək marixuananı ayrı-ayrılıqda təmiz çəkiləri 7,19 qram, 3,95 qram, 6,75 qram, 0,47 qram və 1,09 qram olmaqla beş ədəd kibrit qutularına, metafetamini isə həmin kibrit qutularından birinin içərisində bir ədəd ağ rəngli sellofan bükümdə qablaşdırıb xx xxxxxxx 2020-ci il tarixədək üzərində daşıyaraq saxlamışdır. xx xxxxxxx 2020-ci il tarixdə saat 11:00 radələrində İsmayıllı şəhəri Nizami küçəsində yerləşən “Lünoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında olarkən mülki formada olan polis əməkdaşlarının ona yaxınlaşdığını görüb ifşa olunacağından qorxaraq şəhərin Ə.Mahmudov küçəsindəki yaşayış binaları istiqamətində qaçmış, həmin narkotik vasitə və psixotrop maddəni gizlətdiyi qara rəngli çantanı isə oradakı elektrik paylayıcısının üzərinə tullayaraq binalarının birinin damına çıxaraq gizlənmiş, saat 15:00 radələrində gizləndiyi yer müəyyən olunaraq yaxalanmış, İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən həmin gün saat 12:00 radələrində çantaya baxış keçirilərkən çantanın içərisindən 5 ədəd kibrit qutusunda qanunsuz olaraq satış məqsədi ilə saxladığı narkotik vasitə olan 19,45 qram çəkidə qurudulmuş marixuana və kibrit qutularından birinin içərisində ağ rəngli sellofan bükümdə saxladığı 0,166 qram çəkidə metafetamin aşkar edilərək götürülmüşdür. Pərviz Kamalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı şəhərində qayınatasının evi olduğundan bəzi vaxtlarda İsmayıllı şəhərinə gəlib-gedir. 10 ilə yaxın bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx xxxxxxx 2020-ci il tarixdə saat 15:00 radələrində Şamaxı-Dəmirçi yolu ilə Lahıc qəsəbəsinə gəlmişdir. Orada gəzərkən xatırlamadığı yerdə bir ədəd ağ rəngli sellofan bükülü görmüşdür. Bükülünü götürüb açmış və orada altı ədəd kibrit qutusunun olduğunu görmüşdür. Kibrit qutularına baxdıqda orada qurumuş halda olan marixuana, qutulardan birində isə içərisində metamfetamin olan bir ədəd sellofan bükülü olduğunu görmüşdür. Qutularını üzərində “sport” sözləri yazılmış çantanın içərisinə qoymuşdur. Sonra İsmayıllı şəhərinə gəlmiş və gecə olduğundan Bakı şəhərinə qayıda bilməmişdir. İsmayıllı şəhərində avtovağzala yaxın yerdəki oturacaqda oturub səhərin açılmasını gözləmişdir. 22 oktyabr 2020-ci il tarixdə saat 11:00 radələrində “Kəpənək” dairəsi adlanan yerdə Bakı şəhərinə gedən avtomobillərə yaxınlaşmaq istərkən yanında bir avtomobil dayanmış və avtomobildən mülki formada olan iki nəfər şəxs düşmüşdür. Həmin şəxslərin ona tərəf gəldiyini görüb oradan aralanmaq istəmişdir. Şəxslərdən biri ona “dayan” desə də dayanmamış və yaxınlıqda yerləşən binalara tərəf qaçmışdır. Həmin şəxslər onun arxasınca qaçmış və o, həmin şəxslərdən gizlənmək üçün binaların arasına girmişdir. Yaxalanacağından qorxaraq çiyninə taxdığı içərisində narkotik vasitələr olan çantanı elektrik paylayıcısının üzərinə tullamış və ətrafdakı dəmir torla çəpərlənmiş bir yerdə gizlənmişdir. Artıq oraya xidməti geyim formasında polis əməkdaşlarının da gəldiyini görərək qaçıb iki mərtəbəli bir binaya daxil olmuş və yuxarı qalxaraq binanın damına çıxmışdır. Polis əməkdaşlarının onu axtardıqlarını gördüyündən damın qaranlıq hissəsindəki şiferin altında gizlənmişdir. Polis əməkdaşları onu görə bilmədiklərindən aşağı düşmüşlər. İki-üç saat orada gözləndikdən sonra çıxıb getmək istəmiş və bu zaman axtarışları davam etdirən polis əməkdaşları onu taparaq polis şöbəsinə gətirmişdirlər. Polis şöbəsində təqdim edilmiş vəkilin iştirakı ilə ona hüquq və vəzifələri izah edilmiş və saat 15:30-da şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı rayon Polis şöbəsinin növbətçi hissəsinin qarşısında videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bundan sonra polis əməkdaşları ona üzərində “Sport” sözləri yazılmış əl çantasının aşkar edildiyini bildirmişlər. Çantanın içərisinə baxış zamanı beş ədəd kibrit qutusunda narkotik vasitəyə bənzər bitki kütlələrinin və kibrit qutularından birinin içərisində isə sellofana bükülmüş vəziyyətdə psixotrop maddənin aşkar olunduğunu bildirmişlər. O, həmin bitki kütlələrinin marixuana, digər toz halında olan maddənin isə metamfetamin olduğunu bildirmiş və həmin vasitələri özünün istifadəsi üçün saxladığını etiraf etmişdir. Bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Ona məxsus olan çantadan aşkar edilmiş kibrit qutularında olan quru halda marixuananı və metanfetamin maddəsini satış məqsədi ilə saxlamamış, ozü narkomaniya xəstəliyindən əziyyət çəkdiyi və mütəmadi həmin vasitədən istifadə etdiyi üçün üzərində saxlamışdır. Narkotik vasitələri hissələrə ayıraraq kirbit qutularında yerləşdirməkdə məqsədi isə onları rahat şəkildə saxlamaq və ailə üzvərini şübhələndirməmək olmuşdur. Həmin narkotik vasitələri gizlədərək saxladığı barədə heç kimə deməmiş, heç kimdən narkotik vasitə almamış, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Üzərində narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağının və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxs Pərviz Kamalovun özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilməməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, bu xüsusatlar təqsirləndirilən şəxsin özünü həmin maddə ilə nəzərdə tutulmuş məsuliyyətdən yayındırmaq məqsədi daşıyır. Təqsirləndirilən şəxsin məhkəmə istintaqında verdiyi ifadənin qeyd edilən hissəsi şahidlərin məhkəmə istintaqı zamanı verdikləri ifadələr, məhkəmə iclasında tədqiq edilmiş “Baxış keçirilməsi və maddi sübutun götürülməsi haqqında” protokol, “İfadənin yerində yoxlanılması barədə” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Belə ki, Pərviz Kamalova məxsus çantadan aşkar edilmiş ümumi çəkisi 19,45 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana və şəxsi istehlak miqdarından artıq miqdarda olmaqla çəkisi 0,166 qram təşkil edən psixotrop maddə olan metafetamin ayrı-ayrılıqda 7,19 qram, 3,95 qram, 6,75 qram, 0,47 qram və 1,09 qram olmaqla beş ədəd kibrit qutularına, metafetamini isə həmin kibrit qutularından birinin içərisində bir ədəd ağ rəngli sellofan bükümdə qablaşdırmış və bu hal təqsirləndirilən şəxsin ifadəsində öz təsdiqini tapmışdır. Pərviz Kamalovun qanunsuz olaraq əldə etdiyi ümumilikdə 19,45 qram qram narkotik vasitə olan qurudulmuş marixuananı və 0,166 qram psixotrop maddə olan metafetamini saxlamasında satış məqsədinin olması öz təsdiqini tapmışdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx xxxx 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarından da görünür ki, təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərt olmaqla yanaşı narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi də vacib əhəmiyyət kəsb edir. Pərviz Kamalovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulаn cinаyət əməlini törətməsi şаhidlərin ifаdələri, kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizasının, məhkəmə-narkoloji ekspertizasının rəyləri, hadisə yerinə baxış və maddi sübutların götürülmə protokolları, şəxsi axtarış protokolu və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Şahid, İsmayıllı rayon polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili X8 ifadə verərək göstərdi ki, 22 oktyabr 2020-ci il tarixdə saat 11:25-də İsmayıllı rayon Polis şöbəsinə daxil olmuş məlumat və şöbənin əməkdaşı Suliddin İsmayılovun raportu əsasında istintaq-əməliyyat qrupunun tərkibində İsmayıllı şəhəri Ə.Mahmudov küçəsinə getmişdir. Ərazidə olarkən Şamaxı Regional mühafizə şöbəsinin mühahizəçisi Şahmar Məlikov bir nəfər şübhəli şəxsin elektrik paylayıcısın üzərinə çanta ataraq qaçıb gizlənməsini bildirmişdir. Dərhal digər əməkdaşları və ora dəvət edilmiş hal şahidləri ilə birlikdə yaxınlıqdakı elektrik paylayıcısının üzərindəki çantaya baxış keçirilmişdir. Baxış zamanı üzərində “sport” sözləri yazılmış çantanın ciblərinin birindən altı ədəd kibrit qutuları aşkar edilmişdir. Kibrit qutuları ardıcıl olaraq açılmış, bu zaman beş kibrit qutusunda içərisində quru halda yaşımtıl rəngli kütlə olması məlum olmuşdur. Həmin qutuların birində əlavə olaraq bir ədəd selofan büküm aşkar edilmiş, həmin selofan büküm açıldıqda isə içərisində ağ rəngli kristal şəkilli toz halında maddə olması məlum olmuşdur. Aşkar edilmiş həmin maddələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri müəyyən olunmuşdur. Beş ədəd kibrit qutuları və bir ədəd selofan büküm kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təstiq etmişdir. Daha sonra isə keçirilmiş təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin çantanı elektrik paylayıcısının üzərinə atmış şübhəli şəxs olan Təqsirləndirilən şəxs müəyyən edilərək saxlanılmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs polis əməkdaşlarından qaçdığı üçün narkotik vasitələri yerləşdirdiyi çantanı elektrik paylayıcısının üzərinə atdığını, məqsədinin isə yaxalanmadığı təqdirdə isə qayıdıb həmin çantasını götürəcəyini etiraf etmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və yaxud vasitə aşkar edilməmişdir. Şаhidlər İsmayıllı RPŞ-nin digər əməkdaşları X4, X6, X3 və X5 şahid Fariz Həsənov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. X1 ifadə verərək göstərdi ki, 22 oktyabr 2020-ci il tarixdə saat 10:30-da DİN-in Baş Mühavizə İdarəsinin Şamaxı Regional mühavizə şöbəsinin mülki mühahizəçisi vəzifəsində xidmətdə olarkən İsmayıllı şəhərindəki “Kəpənək dairəsi” adlanan ərazidə bir nəfərin özünü şübhəli aparmasını görmüşdür. O, bu barədə dərhal polisə məlumat vermiş və az bir müddətdən sonra polis əməkdaşları həmin əraziyə gələrək onunla görüşmüşlər. O, şübhəli şəxsi polis əməkdaşlarına göstərmişdir.Polis əməkdaşlarından biri həmin şəxsə yaxınlaşmaq istəmiş, lakin həmin şəxs yolun digər tərəfi istiqamətdə qaçaraq Nizami küçəsindəki yeni tikilmiş binaların arasına girmişdir. Onlar həmin şəxsin arxasınca qaçmışlar. Şəxs daha sürətli qaçdığı üçün onun harada gizləndiyini tapa bilməmişdir. Polis əməkdaşları əlavə kömək tələb etmişlər. O, qaçan şəxsin əynindəki gödəkçəsinin və boynundan asdığı çantasını tulladığını görmüş və polislərə bu haqda məlumat vermişdir. Bundan sonra həmin əraziyə əməliyyat-istintaq qrupu gəlmişdir. Onlar dərhal onun və ora dəvət edilmiş hal şahidləri ilə birlikdə şübhəli şəxsin yaxınlıqdakı elektrik paylayıcısının üzərinə atdığı çantaya baxış keçirilmişlər. Baxış zamanı üzərində “sport” sözləri yazılmış çantanın ciblərinin birindən altı ədəd kibrit qutuları aşkar edilmişdir. Kibrit qutuları ardıcıl olaraq açılmış, bu zaman beş kibrit qutusunda içərisində quru halda yaşımtıl rəngli kütlə olması məlum olmuşdur. Həmin qutuların birində əlavə olaraq bir ədəd selofan büküm aşkar edilmiş, həmin selofan büküm açıldıqda isə içərisində ağ rəngli kristal şəkilli toz halında maddə olması məlum olmuşdur. Aşkar edilmiş həmin maddələr elektron tərəzidə çəkilərək ayrıayrılıqda çəkiləri müəyyən olunmuşdur. Beş ədəd kibrit qutuları və bir ədəd selofan büküm kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təstiq etmişdir. Bundan bir müddət sona isə həmin şübhəli şəxsin axtarışları davam etdirilmiş və İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində yerləşən yaşayış binaları olan yerdə həmin şəxsi müəyyən edərək yaxalanmışdır. X2 ifadə verərək göstərdi ki, 22 oktyabr 2020-ci il tarixdə saat 11:05-də yaşadığı binanın qarşısında olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, həmin ərazidə şübhəli əşyaya baxış keçirəcəklərini və onun hal kimi iştirak etməyini xahiş etmişlər. O, etiraz etməmiş və birlikdə İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində yerləşən elektrik paylayacısının yanına gəlmişlər. Dəvət olunmuş digər hal şahidi və polis əməkdaşları ilə həmin əraziyə baxış keçirmişlər. Baxış zamanı elektrik paylayıcısının üzərində bir ədəd qara rəngli çanta aşkar olunmuşdur. Baxış zamanı üzərində “sport” sözləri yazılmış çantanın ciblərinin birindən altı ədəd kibrit qutuları aşkar edilmişdir. Kibrit qutuları ardıcıl olaraq açılmış, bu zaman beş kibrit qutusunda içərisində quru halda yaşımtıl rəngli kütlə olması məlum olmuşdur. Həmin qutuların birində əlavə olaraq bir ədəd selofan büküm aşkar edilmiş, həmin selofan büküm açıldıqda isə içərisində ağ rəngli kristal şəkilli toz halında maddə olması məlum olmuşdur. Aşkar edilmiş həmin maddələr elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda çəkiləri müəyyən olunmuşdur. Beş ədəd kibrit qutuları və bir ədəd selofan büküm kağız zərflərə qoyularaq qablaşdırılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, protokolun doğruluğunu imzası ilə təstiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 22 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, baxış zamanı İsmayıllı şəhəri, Ə.Mahmudov küçəsində yaşayış binalarının yanında yerləşən elektrik paylayıcısının üzərində 01 ədəd üzərində “Sport” sözləri yazılmış qara rəngli əl çantası aşkar edilmiş, həmin əl çantasına baxış keçirilən zaman isə içərisində 06 ədəd kibrit qutuları aşkar olunmuşdur. Həmin kübrit qutuları bir-bir açıldıqda isə içərisində müxtəlif çəkilərdə olmaqla ümumilikdə 36.63 qram çəkidə quru halda yaşımtıl rəngli kütlə aşkarlanmış, həmin vasitələr 01 ədəd zərfə qablaşdırılaraq götürülmüşdür. Həmçinin baxış zamanı həmin kibrit qutularının birindən ağ rəngli kristal şəkilli toz halında maddə aşkar olunmuş, həmin vasitə də qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı fotoçəkillər çəkilərək protokol tərtib edilmişdir. “Təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılmasına dair” 23 oktyabr 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 22 oktyabr 2020-ci il tarixdə saat 11-12 radələrində İsmayıllı şəhəri Ə.Mahmudov küçəsində yerləşən elektrik paylayıcısının üzərindən aşkar edilmiş “Sport” sözləri yazılmış qara rəngli əl çantasının ona məxsus olmasını, həmin çantanın içərisində isə 05 ədəd kibrit qutularında qurudulmuş marixuana və toz halında metamfetamin olmasını, özü istifadə etmək məqsədi ilə həmin maddələri saxladığını, polis əməkdaşlarından qaçdığı zaman həmin əl çantasını elektrik paylayıcısının üzərinə atdığını göstərmişdir. Kompleks məhkəmə-bioloji və məhkəmə-kimyəvi ekspertizаsının xx xxxxxxx 2020ci il tarixli 17/580 saylı rəyindən müəyyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində “... 1 ədəd çantadan aşkar edilmiş 5 ədəd kibrit qutusunda olan yaşıl rəngli kəskin iyi olan narkotik vasitəyə bənzər”. sözləri və imzalar yazılmış zərfin içərisindəki 05 (beş) ədəd kibrit qutularında ayrı-ayrılıqda təmiz çəkiləri 7,19 qr., 3,95 qr., 6,75 qr., 0,47 qr. və 1,09 qr., ümumi təmiz çəkiləri – 19.45 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “... 1 ədəd çantaya baxış zamanı kibrit qutusunun içərisindən götürülmüş 01 ədəd sellofan bükümdə toz halında maddə.” sözləri və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi – 0.166 qram olan maddə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olan metamfetamindir. Ekspertiza tədqiqatından sonra qurudulmuş marixuananın qalıq ümumi təmiz çəkisi 19.35 qram, psixotrop maddə olan metamfetaminin isə qalıq ümumi təmiz çəkisi 0.116 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik təşkil edir. 28 oktyabr 2020-ci il tаriхli tələbnamədən və Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 1(003)-417/2019 nömrəli hökmünün surətindən görünür ki, Pərviz Kamalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.1, 180.2.4 və 180.2.5-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun xx xxxx 2019-cu il tarixdən xx xxxxxx 2019-cu il tarixədək həbsdə olduğu 4 (dörd) ay 13 (on üç) gün azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günə bir gün hesabı ilə hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 2 (iki) il 7 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti hesab olunmuş və ona 2 (iki) il sınaq müddəti müəyyən olunmuşdur. Pərviz Kamalov cəzasını çəkməmiş, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Qeyd olunan hüquqi sənədlərin tədqiqindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivi vardır. Respublika Psixiatriya xəstəxanası tərəfindən verilmiş 19 noyabr 2020-ci il tarixli 8067 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Psixiatriya” xəstəxanasında müalicədə olmayıb və qeydiyyatda yoxdur. Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 23 noyabr 2020-ci il tarixli xx/xx-11320 sаylı məktubdan görünür ki, Pərviz Kamalov “Narkoloji” mərkəzdə müalicədə olmayıb və qeydiyyatda yoxdur. Bakı şəhəri Xəzər rayon RİHB-nin Binə qəsəbəsi inzibati ərazi darəsi üzrə nümayəndəliyindən alınmış 18 dekabr 2020-ci il tarixli 5003 və 5008 nömrəli arayışlardan və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi donuz kökəltmə sovxozunda qeydiyyatda olmaqla orada yaşamış, ailə tərkibi özündən, 1990-cı il təvəllüdlü arvadı Kamalova Aysel Arif qızı, 2011 və 2015-ci il təvəllüdlü uşaqları Aqşin və Aysudan ibarətdir, yaşadığı müdətdə barəsində qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Məhkəmə-nаrkоlоji ekspertizаsının xx xxxxxx 2020-cu il tаriхli 1042 nömrəli rəyi ilə müəyyən olunur ki, Pərviz Kamalov narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Müstəntiqin 15 dekabr 2020-ci il tarixli maddi sübut kimi tanınma haqqında qərarından müəyyən edilir ki, cinayət işi üzrə 01 ədəd zərfdə qablaşdırılmış içərisində ayrı-ayrılıqda təmiz çəkiləri 7,19 qram, 3,95 qram, 6,75 qram, 0,47 qram və 1,09 qram olmaqla 05 ədəd kibrit qutularına ümumi təmiz çəkisi 19,45 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 19.35 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana, 01 ədəd sellofan bükümdə təmiz çəkisi 0,166 qram olan, ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.116 qram təşkil edən psixotrop maddə olan metamfetamindən ibarət maddələr, üzərində “Sport” sözləri yazılmış qara rəngli 01 ədəd əl çantası və içərisində kibrit dənələri olan 01 ədəd kibrit qutusundan ibarət əşyalar maddi sübut kimi tanınmış və saxlanılması üçün İsmayıllı rayon polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Müstəntiqinin 22 oktyabr 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxxxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Pərviz Kamalov xx xxxxxxx 2020-ci il tarixdə saat 15:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli 4(037)-34/2020 nömrəli qərarından müəyyən edilir ki, Pərviz Kamalov barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx xxxxxxx 2020-ci il tarixdən hesablanmaqla həbsdə saxlanılma müddəti 3(üç) ay həddində müəyyən edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Pərviz Kamalov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Pərviz Kamalovun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Pərviz Kamalova cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Pərviz Kamalovun törətdiyi cinayət əməlində cinayətlərin residivi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Pərviz Kamalova cəza təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini, təqsirləndirilən şəxsin törətmiş olduğu cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, himayəsində iki azyaşlı uşağının olmasını, onun şəxsiyyətini, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına təsiri imkanlarını nəzərə alaraq təqsirləndirilən şəxsə ittiham edildiyi maddə ilə müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini,cəza təyin edilərkən residivə görə cəza təyin etmənin normalarınının nəzərə alınmasını qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1-ci maddəsinə əsasən residivə, təhlükəli residivə və xüsusilə təhlükəli residivə görə cəza təyin edilərkən əvvəllər törədilmiş cinayətlərin sayı, xarakteri, ağırlığı və nəticələri, əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına səbəb olan hallar, habelə yeni cinayətin xarakteri, ağırlığı və nəticələri nəzərə alınır. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Pərviz Kamalov qəsdən cinayət törətməyə görə əvvəllər məhkum edildikdən sonra cəzasını çəkmədiyi və məhkumluğu ödənilmədiyi halda yenidən qəsdən cinayət törətdiyindən onun cinayət əməli cinayətlərin residivini yaratdığına görə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.1 və 65.2-ci maddələrində nəzərdə tutulmuş qaydalar tətbiq edilərək ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla cəza təyin edilməlidir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq ona ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 04 (dörd) il müddətə müəyyən edilməsini qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.5-ci maddəsinə əsasən şərti məhkum edilmiş şəxs sınaq müddətində qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə şərti məhkum etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. Həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Ona görə də Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(003)-417/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 02( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etməyə şərti məhkum etmə ləğv edilməli, həmin hökmlə Təqsirləndirilən şəxs qəti olaraq təyin edilmiş və çəkilməmiş 02 ( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunan 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Pərviz Kamalov ona təyin edilən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Pərviz Kamalova təyin edilən azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan - 22 oktyabr 2020-ci il tarixdən hesablanmalıdır. Pərviz Kamalova narkomaniyadan məcburi müalicə təyin edilməli, o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdə qablaşdırılmış beş ədəd kibrit qutularındakı ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 19.35 qram təşkil edən qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.116 qram təşkil edən psixotrop maddə olan metamfetamin, bir ədəd üzərində “Sport” sözləri yazılmış qara rəngli bir ədəd əl çantası və içərisində kibrit dənələri olan bir ədəd kibrit qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Qurban oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 1(003)- 417/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Qurban oğluna təyin edilmiş 02 (iki) il sınaq müddəti ilə 02( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etməyə şərti məhkum etmə ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 1(003)- 417/2019 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs Qurban oğluna təyin edilmiş və çəkilməmiş 02( iki) il 07 (yeddi) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67-ci maddəsinin tələblərinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək ona qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Qurban oğlu ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs Qurban oğlunun bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs Qurban oğluna təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı tutulduğu andan - 22 oktyabr 2020-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs Qurban oğluna narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs Qurban oğlu narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd kağız zərfdə qablaşdırılmış beş ədəd kibrit qutularındakı ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 19.35 qram təşkil edən qurudulmuş marixuana, bir ədəd sellofan bükümdə ekspertiza tədqiqatlarından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0.116 qram təşkil edən psixotrop maddə olan metamfetamin, bir ədəd üzərində “Sport” sözləri yazılmış qara rəngli bir ədəd əl çantası və içərisində kibrit dənələri olan bir ədəd kibrit qutusu hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 103 (bir yüz üç) manat 65 (altmış beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs Qurban oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs Qurban oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar