Məhkəmə qərarları › İş №1(037)-17/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-17/2025

08.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-17/2025 08.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 08 iyul 2025-ci il tarixdə saat 12:47-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1987-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, əməlində cinayətin residivi olan, İsmayıllı rayonu Kürdmaşı kəndində qeydiyyatda olmaqla orada yaşamış, İsmayıllı Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(037)-17/2025 nömrəli qərarı ilə barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, 18 iyun 2025-ci il tarixdə saat 15:30-da axtarışda olan təqsirləndirilən şəxs qismində tutularaq həbs olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda həmkəndlisi Zərərçəkmiş şəxs1 qohumu X6 işə düzəltmək üçün köməklik etməsi məqsədi ilə əvvəllər şagirdi olmuş, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən X3 mobil nömrəsini axtardığını eşidib, bundan istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqi hesabına mesaj yazaraq, özünü sonuncunun şagirdi olan Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən X1 təqdim edib əvvəlcə hal-əhval tutaraq etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qohumu İlqar Mustafayevi işə düzəltmək istədiyini bildirdikdə o, sonuncunu qohumu İlqar Mustafayevi Azərbaycan Hərbi Hava Qüvvələrinə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldə biləcəyini yalandan deyib aldadaraq inandırmış, işin alınması üçün 2500 manat pulun lazım olduğunu bildirərək həmin məbləğdə pulu ona məxsus kart hesabına göndərməsini istəmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndindəki evindən xx.xx.2024-cü il tarixdə, saat 20:50 radələrində “BirBank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4098-5844-6893-0043 saylı “Leobank” kart hesabına göndərdiyi 2500 (iki min beş yüz) manat məbləğində pulu qəsdən aldatma yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, dəqiq saatı müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində yolun kənarında dayanarkən, həmin vaxt İsmayıllı şəhəri istiqamətində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin getdiyini görüb əl hərəkəti ilə avtomobili saxlamasını işarə etmiş və sürücüdən onu da İsmayıllı şəhərinə aparmasını xahiş etmiş, avtomobildə olduqları vaxt o, yol boyu Zərərçəkmiş şəxs2la söhbət edərək sonuncunun qızının maddi imkanının zəif olduğunu, həmçinin xəstə olduğunu eşidib, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, təsadüfən tanıdığı və söhbət zamanı etibarını qazandığı Zərərçəkmiş şəxs2 sonuncunun qızına 1500 (min beş yüz) manat pul müqabilində sosial pensiya düzəldə biləcəyini söyləyib yalandan vəd verərək aldatmış və öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı şəhəri, H.Əliyev prospekti, 44 saylı ünvanda yerləşən “İsmayıllı Hall” şadlıq sarayının qarşısında ona verdiyi 1500 (min beş yüz) manat məbləğində pulu qəsdən aldatma yolu ilə alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə təkrarən dələduzluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 uzun müddətdir ki, həmyerli kimi tanıyır. Zərərçəkmiş şəxs1 uzun illərdir ki, Kürdmaşı kənd tam orta məktəbində müəllimə işləyir. 2024-cü ilin mart ayında kənd sakinlərindən Dilşadın həmkəndliləri Hərbi Hava Qüvvələrində işləyən, general-mayor rütbəli X3 mobil nömrəsini axtardığını eşitmiş, eşitdiyimə görə Dilşad, qohumunu Hərbi Hava Qüvvələrinə işə düzəlməsinə kömək etməsini xahiş edəcəkmiş, həmin vaxtlar onun şəxsi ehtiyyacları üçün pula ehtiyacı olmuş, o, Zərərçəkmiş şəxs1 aldatmaq qərarına gəlmiş, Zərərçəkmiş şəxs1 uzun zamandır ki, müəllimə işlədiyindən, hətta ona da dərs keçdiyindən Dilşadın mobil nömrəsi onun telefonunda olmuş, bu səbəbdən mart ayında, dəqiq tarixi xatırlamadığı gündə, özünə məxsus ***-***-**-** saylı mobil nömrənin votsap ani mesajlaşma tətbiqi vasitəsilə Dilşadın ***-***-**-** saylı mobil nömrəsinin votsap hesabına ismarıc yazmış, Dilşad ilk öncə tanımadığını, yazan şəxsin kim olduğunu soruşmuş, o, özünü Zaur Rüstəmov kimi təqdim etmiş və eşitdiyi qədəri ilə onun nömrəsini axtardığını ona bildirmiş, o, Zərərçəkmiş şəxs1 ilə ilkin olaraq hal-əhval tutmuş, bir neçə müddət gündəlik olaraq bu kimi yazışmışdır. O, Dilşadı müəlliməsi olduğundan xətrini çox istədiyini yazmış və ona bütün işlərinə kömək edə biləcəyini bildirmişdir. Onlar bu formada bir neçə gün yazışmış, xatırlamadığı gündə Dilşad ona qohumunun işsiz olduğunu, həmin şəxsi də Hərbi Hava Qüvvələrinə hərbiçi kimi işə düzəldə bilib-bilməyəcəyini soruşmuş, o, öncədən bunu bilmiş, bu səbəbdən də onu aldatmaq qərarına gəlmişdir. Dilşad ondan kömək etməyini xahiş etdikdə o, buna etiraz etməmiş və onun üçün həmin işi həll etmək çox asant olduğunu bildirmiş, qısa zaman ərzində qohumunun işə düzələcəyini ona yalandan vəd etmiş, lakin bunun müqabilində işlə məşğul olan şəxslərə şirinlik verilməli olduğunu demişdir. Dilşad buna etiraz etməmiş və nə qədər şirinlik lazım olarsa verəcəyini bildirmiş, o, votsap vasitəsilə Dilşada özünə məxsus 4090-5844-6893-0043 nömrəli Leobank kartının şəklini göndərmiş və həmin karta 2500 (iki min beş yüz) manat pul göndərməyini istəmiş, xx.xx.2024-cü il tarixdə axşam saat 21 radələrində Dilşad ona pulu həmin kart hesabına yüklədiyini bildirmiş, o, işin 15 may tarixinədək alınacağını demiş və bir neçə gün sonra zəruri sənədlərin təqdim olunmasını ona deyəcəyini bildirmişdir. Dilşad, buna etiraz etməmiş, onlar razılaşmış, Zərərçəkmiş şəxs1 bu müddət ərzində onunla bir neçə dəfə səsli və yaxud videogörüntülü formatda danışmaq istədiyini bildirmiş, lakin o, müxtəlif bəhanələrlə buna etiraz etmişdir. Dilşadın mənə məxsus kart hesabına göndərdiyi pulu çıxararaq bir neçə gün ərzində öz şəxi ehtiyyaclarına xərcləmiş, pulu qurtardıqdan sonra isə Dilşaddan yenidən pul istəmək qərarına gəlmiş və sonuncuya işin alınması üçün əlavə olaraq da 3000 (üç min) manat pul lazım olduğunu demiş, Dilşad, onun Zaur Rüstəmov olmadığını demiş və ondan videogörüntülü formatda danışmağı tələb etmiş, o isə buna etiraz etmişdir. Bir neçə gün sonra Zərərçəkmiş şəxs1 yaşadıqları evə gələrək, anasına onun özünü aldadıb pul aldığını bildirmiş və bu barədə polis şöbəsinə şikayət edəcəyini demişdir. Anası Dilşada bu məsələdən xəbərsiz olduğunu və qısa zaman ərzində pulu geri qaytaracağını bildirmişdir. Daha sonra isə Dilşadın bu barədə İsmayıllı polis şöbəsinə ərizə ilə müraciət etdiyini öyrənmişdir. Bundan başqa, xx.xx.2024-cü il tarixdə, səhər saatlarında dəqiq saatı xatırlamadığı vaxtda şəxsi işləri ilə əlaqədar olaraq, İsmayıllı şəhər mərkəzinə getməli olmuş, bu səbəbdən yaşadığı kənddə yol qırağına çıxaraq taksi gözləmiş, həmin vaxt Vaz 2106 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin gəldiyini görmüş, o, avtomobilə saxlamağı işarə etmiş, avtomobil onun yanında saxlamışdır. O, avtomobilin sürücüsünə İsmayıllı şəhərinə getmək istədiyini və onu da aparmasını xahiş etmişdir. O, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, yol boyu sürücü ilə söhbət etməyə başlamış, söhbət əsnasında sürücünün adının Novruz olduğunu öyrənmişdir. Novruz, onunla söhbət zamanı xx.xx.2024-cü il tarixdə İsmayıllı rayonunun Quşencə kəndi ərazisində avtoqəza keçirdiyini, qızının da həmin vaxt avtomobildə olduğunu və qızının xəsarət aldığını, qızının ailəsinin dağıldığını və maddi imkanının aşağı olduğunu bildirmişdir. Onun həmin vaxt pula ehtiyacı olduğundan Novruzun pulunu ələ keçirmək qərarına gəlmişdir. Novruzu rahat şəkildə aldada biləcəyini düşünmüş, o, sonuncuya qızının maddi imkanı aşağı olduğundan, həmçinin onun azyaşlı uşaqlarının olduğuna görə ona sosial müavinət düzəldə biləcəyini bildirmişdir. Novruz bunu eşidib sevinmiş, o, sonuncudan bunun müqabilində 1500 (min beş yüz) manat pul alacağını bildirmiş, Novruz, ondan işi hansı yollarla düzəldəcəyini soruşmamış, hal-hazırda pulunun olmadığını, qısa zaman ərzində dediyi pulu düzəldərək ona verəcəyini bildirmişdir. xx.xx.2024-cü il tarixdə Novruz ona zəng edərək, pulu düzəltdiyini və onunla görüşmək istədiyini bildirmiş, o, sonuncuya İsmayıllı şəhərində yerləşən “İsmayıllı Hall” şadlıq sarayının qarşısında görüşməyi təklif etmiş, Novruz, onunla razılaşmış, həmin gün dəqiq saatı xatırlamadığı vaxtda onlar Novruzla qeyd etdiyi yerdə görüşmüşlər. Novruz, ona xatırlamadığı pul əskinaslarından ibarət ümumilikdə 1500 (min beş yüz) manat pul vermiş, o, Novruzla qısa zaman ərzində əlaqə saxlayacağını və ondan zəruri sənədlərin gətirilməsini istəyəcəyini bildirmişdir. O, Novruzdan aldığı pulu öz şəxsi ehtiyacları üçün xərcləmiş, onun yenidən pula ehtiyacı olduğu üçün yenidən Novuza zəng edərək ondan əlavə pul lazım olduğunu bildirmiş, Novruz bundan imtina etmiş, onun verəcək pulu olmadığını bildirmişdir. Bir neçə gün sonra isə Novruzun onun barəsində İsmayıllı RPŞ-yə müraciət etdiyini eşitmişdir. Hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxslərə vurulmuş ziyanı ödəmiş, onlarla barışıq əldə etmişdir. Himayəsində azyaşlı uşaqları vardır. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, 1986-cı ildən bu günədək İsmayıllı rayon Kürdmaşı kənd tam orta məktəbində rus dili müəlliməsi işləyir. 2024-cü ilin mart ayında, dəqiq tarixi xatırlamadığı gündə istifadəsində olan ***-***-**-** nömrəsinin votsap hesabına ***-***-**-** saylı mobil nömrədən ismarıc gəlmişdir. O, həmin şəxsin kim olduğunu tanımadığı üçün həmin şəxsin kimliyini soruşmuş, həmin şəxs özünü yaşadığı kənddə qonşusu və qohumu olan Azərbaycan Hərbi Hava Qüvvələrinin general mayoru X7 olduğunu bildirmiş, sonuncu, ilkin olaraq onunla hal-əhval tutmuş, Zaur Rüstəmov onun şagirdi olmuş, Zaur, müəlliməsi kimi onun xətrini çox istədiyini demiş və ona bütün işlərdə kömək edə biləcəyini bildirmişdir. O da Zaur Rüstəmovun ona kömək edə biləcəyini düşünmüş, bu səbəbdən qohumu İlqarın işsiz olduğundan onu Hərbi Hava Qüvvələrinə işə düzəlməyini istəmiş, o, kənddə tək yaşadığı üçün məişət işlərində bəzən çətinlik çəkir, həmin vaxt yaxın qohumu olan İlqara zəng edərək, onu çağırırmış, sonuncu da hər zaman ona kömək etmişdir. Bu səbəbdən o, İlqara yaxşılıq etmək məqsədilə onun da aylıq maaşı olan işə düzəlməyini istəyirdim. Buna görə də bir neçə gün sonra özünü Zaur Rüstəmov kimi təqdim edən şəxsdən qohumunun Hərbi Hava Qüvvələrinə işə düzəlməyinə köməklik etməsini xahiş etmişdir. Özünü Zaur kimi təqdim edən şəxs, buna etiraz etməmiş və qısa zaman ərzində həmin şəxsi işə düzəldəcəyinə söz vermişdir. O, bu barədə İlqara və İlqarın ailəsinə heç nə deməmiş, o, İlqarın işə düzəlməsi məsələsi alındıqdan sonra onlara deməyi fikirləşmişdir. Zaur Rüstəmovun adı ilə onunla danışan şəxs işin həlli istiqamətində çalışdığını və şirinlik olaraq pul lazım olduğunu bildirmiş, o, buna etiraz etməmiş və nə qədər şirinlik lazım olarsa pulu göndərəcəyini demiş, həmin şəxs onun votsap hesabına Unibanka aid 4098 5844 6893 0043 saylı kart şəkli göndərərək qeyd olunan karta 2500 (iki min beş yüz) manat pul göndərməyini istəmiş, o da xx.xx.2024-cü il tarixdə, saat 20:50-də “BirBank” mobil tətbiqi vasitəsilə 2500 manat pulu həmin kart hesabına göndərmiş, həmin şəxsə də pulu göndərdiyini bildirmiş, sonuncu, ilkin olaraq işin 15 may 2024-cü il tarixədək işin alınacağına söz vermiş, həmin şəxs, yenidən ona ismarıc yazmağa davam etmiş, bir neçə gün sonra işin alınması üçün yenidən 3000 (üç min) manat pul istəmiş, o, həmin şəxsin mesajlarından həmin şəxsin Zaur Rüstəmov olmadığından şübhələnmiş, o, sonuncu ilə görüntülü danışmaq istədiyini bildirdikdə həmin şəxs, buna etiraz etmişdir. O, bundan şübhələnmiş, həmin mobil nömrəni xatırlamadığı tanışından soruşduqda sonuncu, bu nömrənin həmkəndlisi Təqsirləndirilən şəxs məxsus olduğunu bildirmişdir. O da Vüsalın yaşadığı evə getmiş, Vüsalın anası Xatirəyə baş verənləri danışmış, sonuncu, bundan xəbərsiz olmuşdur. O, Vüsalın ondan aldığı 2500 (iki min beş yüz) manat pulu onlardan tələb etmiş, Vüsalın anası Xatirə ondan bir qədər vaxt istəmiş və Vüsalın həmin pulu qaytaracağını demiş, bu səbəbdən o, bir qədər gözləmiş, pulun qaytarılmadığını gördükdən sonra isə İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ziyanın tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, 2002-ci ildən İsmayıllı rayon Kəlbənd kənd tam orta məktəbində ibtidai sinif müəllimi vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə Qaraməryəm-İsmayıllı-Şəki yolunun Quşencə kəndi ərazisindən keçən hissəsində özünə məxsus avtomobillə avtoqəza törətmiş, həmin vaxt qızı Mələk də onunla birlikdə avtomobildə olmuş, sonuncu, avtoqəza nəticəsində xəsarət almışdır. O, qızını İsmayıllı rayon mərkəzi xəstəxanasına yerləşdirmişdir. xx.xx.2024-cü il tarixdə o, başqa avtomobili ilə qızı Mələyə baş çəkmək üçün İsmayıllı RMX-ya yollanmış, səhər saat 10 radələrində Kürdmaşı kəndi ərazisindən keçərkən bir nəfər şəxsin yolun qırağında dayanaraq onu da götürməyini bildirmiş, o, avtomobili həmin şəxsin yanında saxlamış, həmin şəxs, avtomobilin qabaq sağ oturacağında əyləşmiş, onlar yol boyu söhbət etməyə başlamış, söhbət əsnasında həmin şəxsin adının Vüsal olduğunu öyrənmiş, sonuncu, özünün İsmayıllı rayonunda yaşadığını bildirmişdir. O, Vüsala qızı ilə avtomobil qəzası keçirdiklərini danışmış, Vüsal qızının xəsarət aldığını eşidib, ona sosial müavinət düzəldə biləcəyini demiş, o, bunu eşidib sevinmişdir. O, Vüsalın harada işlədiyini, nə işlə məşğul olduğunu soruşmamış, qızının maddi imkanı zəif olduğundan o, fikirləşmədən Vüsalla razılaşmışdır. Vüsal, ona bunu edə biləcəyini və əvəzində 1500 (min beş yüz) manat pul alacağını demiş, o, hazırda pulunun olmadığını və qısa zaman ərzində pulu düzəldib verəcəyini bildirmişdir. Vüsal, etiraz etməmiş və ona öz mobil nömrəsini verərək, pul hazır olduqda zəng etməyini istəmişdir. O, bu barədə heç kimə heç nə deməmiş, 2-3 gün ərzində tanışlarından borc alaraq Vüsalın dediyi pulu düzəltmiş, xx.xx.2024-cü il tarixdə Vüsala zəng edərək, pulun hazır olduğunu demiş, sonuncu, həmin tarixdə İsmayıllı şəhərində yerləşən İsmayıllı Hall şadlıq sarayının qarşısında görüşməyi təklif etmiş, onlar həmin gün xatırlamadığı saatda deyilən yerdə görüşmüş, o, Vüsala 1500 (min beş yüz) manat pul vermiş, pul verərkən yanlarında heç kim olmamış, sonuncu, qısa zaman ərzində işin düzələcəyini demiş və özünün ona zəng edərək, lazımi sənədləri gətirməyini bildirəcəyini demişdir. Onlar ayrılmış, sonradan Vüsal ona yenidən zəng edərək, əlavə pul da istəmiş, buna görə də o, Vüsalın onu aldatdığını düşünmüş və ondan pulunu geri istəmişdir. Vüsal, isə bəhanələr gətirərək pulu verməkdən boyun qaçırmış, bu səbəbdən də o, İsmayıllı RPŞ-yə ərizə ilə müraciət etmişdir. İbtidai istintaqının gedişində Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı ziyanın tam şəkildə ödəmişdir. Onun Təqsirləndirilən şəxs şikayət və tələbi yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2024-cü il tarixdə tərtib edilmiş protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə xatırlamadığı saatda İsmayıllı şəhəri, H.Əliyev prospekti, 44 saylı ünvanda yerləşən “İsmayıllı Hall” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs 1500 (min beş yüz) manat pul vermişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs2 İsmayıllı rayon Polis Şöbəsinə verdiyi ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ondan qızına sosial müavinət düzəldəcəyi adı ilə aldığı 1500 (min beş yüz) manat pulu ona tam şəkildə qaytarmışdır. Təqsirləndirilən şəxsla barışmış və onun barəsində heç bir şikayət və tələbi yoxdur. İsmayıllı rayon X9 Hüquqi Şəxsindən alınmış 04 oktyabr 2024-cü il tarixli 18-1-47/2- 1172/2024 nömrəli arayışdan görünür ki, Ələkbərov X8 RMX-nın Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X4 idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək, 02 il 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci ildə İsmayıllı rayon Məhkəməsinin qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək, Azərbaycan Respublikası CM-in 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa X10 barəsində Şabran RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü ildə Azərbaycan Respublikası CPM-in 40.2ci və Azərbaycan Respublikası CM-in 73.1-ci maddələrinə əsasən xitam edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-ci maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluğu olmayan hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmiş və əməlində Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin sadə residivi var. İsmayıllı RİHB-nin Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 98 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, 2011-ci il təvəllüdlü oğlu Elmir, 2013-cü il təvəllüdlü oğlu Valeh və 1968-ci il təvəllüdlü anası X2 ibarətdir, əvvəllər məhkum olunmuşdur, boşanmışdır, fərdi əmək fəaliyyəti ilə məşğuldur, qonşularla yaxşı münasibətdədir. Müstəntiqinin 18 iyun 2024-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il saat 14:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 20 iyun 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 20 iyun 2024-cü il tarixdə saat 13:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. İsmayıllı Rayon Məhkəməsinin 27 may 2025-ci il tarixli 1(037)-17/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək sonuncunun barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmənin eyni tarixli qərarına əsasən Təqsirləndirilən şəxs tutulub məhkəmə iclasına gətirilənədək onun barəsində olan cinayət işi üzrə icraat dayandırılmışdır. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən 18 iyun 2025-ci il tarixli 84/2-12702/25 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 iyun 2025-ci tarixdə saat 15:30 radələrində İsmayıllı rayonu ərazisində saxlanılaraq İsmayıllı rayon Polis şöbəsinə gətirilmiş və həmin gün saat 16:30-da şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 19 iyun 2025-ci il tarixli 1(037)-17/2025 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin icraatı təzələnərək məhkəmə baxışı iclası təyin edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda həmkəndlisi Zərərçəkmiş şəxs1 qohumu X6 işə düzəltmək üçün köməklik etməsi məqsədi ilə əvvəllər şagirdi olmuş, hazırda Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən X3 mobil nömrəsini axtardığını eşidib, bundan istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə o, 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqi vasitəsilə Zərərçəkmiş şəxs1 istifadəsində olan mobil nömrənin “WhatsApp” tətbiqi hesabına mesaj yazaraq, özünü sonuncunun şagirdi olan Azərbaycan Hərbi Hava Qüvvələrində məsul vəzifədə işləyən X1 təqdim edib əvvəlcə hal-əhval tutaraq etibarını qazanmış, Zərərçəkmiş şəxs1 qohumu İlqar Mustafayevi işə düzəltmək istədiyini bildirdikdə o, sonuncunu qohumu İlqar Mustafayevi Azərbaycan Hərbi Hava Qüvvələrinə müddətdən artıq hərbi qulluqçu kimi işə düzəldə biləcəyini yalandan deyib aldadaraq inandırmış, işin alınması üçün 2500 manat pulun lazım olduğunu bildirərək həmin məbləğdə pulu ona məxsus kart hesabına göndərməsini istəmiş, bundan sonra o, Zərərçəkmiş şəxs1 yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndindəki evindən xx.xx.2024-cü il tarixdə, saat 20:50 radələrində “BirBank” mobil tətbiqi vasitəsilə ona məxsus "xxxx" ASC-yə aid 4098-5844-6893-0043 saylı “Leobank” kart hesabına göndərdiyi 2500 (iki min beş yüz) manat məbləğində pulu qəsdən aldatma yolu ilə ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf edib, Zərərçəkmiş şəxs1 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, xx.xx.2024-cü il tarixdə, dəqiq saatı müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı rayonunun Kürdmaşı kəndinin ərazisində yolun kənarında dayanarkən, həmin vaxt İsmayıllı şəhəri istiqamətində Zərərçəkmiş şəxs2 idarə etdiyi “Vaz 2106” markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin getdiyini görüb əl hərəkəti ilə avtomobili saxlamasını işarə etmiş və sürücüdən onu da İsmayıllı şəhərinə aparmasını xahiş etmiş, avtomobildə olduqları vaxt o, yol boyu Zərərçəkmiş şəxs2la söhbət edərək sonuncunun qızının maddi imkanının zəif olduğunu, həmçinin xəstə olduğunu eşidib, təkrarən etibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, təsadüfən tanıdığı və söhbət zamanı etibarını qazandığı Zərərçəkmiş şəxs2 sonuncunun qızına 1500 (min beş yüz) manat pul müqabilində sosial pensiya düzəldə biləcəyini söyləyib yalandan vəd verərək aldatmış və öz cinayətkar niyyətini davam etdirərək Zərərçəkmiş şəxs2 xx.xx.2024-cü il tarixdə, dəqiq saatı istintaqa məlum olmayan vaxtda İsmayıllı şəhəri, H.Əliyev prospekti, 44 saylı ünvanda yerləşən “İsmayıllı Hall” şadlıq sarayının qarşısında ona verdiyi 1500 (min beş yüz) manat məbləğində pulu qəsdən aldatma yolu ilə alıb ələ keçirərək öz şəxsi ehtiyaclarına sərf etməklə təkrarən dələduzluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 178.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın tamamilə ödənilməsini və onlarla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdırılan halın mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməllərin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il saat 14:30-dan 20 iyun 2024-cü il saat 13:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu andan–18 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə ekspertiza xərci və digər məhkəmə məsrəfləri yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 18 iyun 2024-cü il saat 14:30-dan 20 iyun 2024-cü il saat 13:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı axtarışda olan təqsirləndirilən şəxs qismində tutulduğu andan–18 iyun 2025-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar