Məhkəmə qərarları › İş №1(037)-18/2022

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-18/2022

21.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-18/2022 21.02.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi, Xüsusi ittiham qaydasında şikayət vermiş X2, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X3 iştirakları ilə, X2 tərəfindən X3 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə 21 fevral 2022-ci il tarixdə saat 15:10-da İsmayıllı şəhərində, İsmayıllı rayon Məhkəməsinin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə müəyyən etdi: X1 Polis İdarəsinə ərizə ilə müraciət edərək, 2022-ci ilin yanvar ayı ərzində müxtəlif vaxtlarda həmkəndlisi X5 ona aid foto şəkilləri, həmçinin video görüntüləri “Tiktok” sosial şəbəkəsində paylaşaraq şərəf və ləyaqətini alçaltmış, bununlada ona mənəvi ziyan vurmasını bildirərək onun barəsində qanuni tədbir görülməsini xahiş etmişdir. İsmayıllı RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı Şəhriyar Fərəcovun 09 fevral 2022-ci il tarixli qərarı ilə vətəndaş Elçin Pirverdiyevin şikayəti əsasında toplanmış material araşdırmanın davam etdirilməsi üçün aidiyyəti üzrə İsmayıllı Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X2 izahatında göstərdi ki, aralarında yaranmış şəxsi münasibətlər zəmnində həmkəndlisi X5 2022-ci ilin yanvar ayı ərzində müxtəlif vaxtlarda ona aid foto şəkilləri, həmçinin video görüntüləri “Tiktok” sosial şəbəkəsində paylaşaraq şərəf və ləyaqətini alçaltmış və nəticədə ona mənəvi ziyan vurmuşdur. Bunu nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.2 və 302.1.3-cü maddələrinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bundan başqa, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. Belə ki, şikayətdə xüsusi ittiham qaydasında şikayətin verilmə qaydasına riayət edilməyərək şikayət vermiş şəxs haqqında məlumatlar tam göstərilməmiş (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi), törədilmiş cinayət barədə məlumatlar açıqlanmamış (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi), cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin yaşayış yeri göstərilməmiş, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla (iş materiallarında olan disk boşdur) təsdiq edildiyi müəyyən olunmamış, şikayətin verildiyi tarix (il, ay və gün) və yer göstərilməmişdir. Eyni zamanda ərizədə onun şərəf və ləyaqətini alçaldan şəxs barəsində Cinayət Məcəlləsinin konkret hansı maddəsi ilə və hansı cəzanın verilməsi barədə xahiş öz əksini tapmamış, ümumi ifadələrlə qanuni tədbir görülməsi şəklində xahiş edilmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərə riayət edilmədən verildiyindən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X2 tərəfindən X3 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Hakim: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar