Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-18/2025 07.03.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Şikayət verən şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 iştirakı ilə Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsinə dair "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında verdiyi şikayətinə 07 mart 2025-ci il tarixdə İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq müəyyən etdi: "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət verən şəxs "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə məhkəmə hazırlıq iclasında izahat verərək göstərdi ki, "xxxx" ASC qanuna uyğun qaydada qeydiyyatdan keçməklə kommersiya fəaliyyəti ilə (çörək istehsalı), cəmiyyətləri çörək istehsalı ilə məşğuldur. Sağlam rəqabət qaydalarını qəbul edir, lakin qeyri-sağlam, böhtan və sair üsullarla rəqabət aparılması üsullarının qəti olaraq əleyhinədirlər. Belə ki, bəzi şəxslər sağlam rəqabəti unudaraq qeyri-sağlam rəqabət üsullarından istifadə etməklə, məkir üsullara əl ataraq xx.xx.2025-ci il tarixdə öyrədilmiş şəxs vasitəsilə şəhərin Zabrat qəsəbəsində yerləşən "Ruzi" marketdən onların müəssisəsinə məxsus 1 ədəd çörək məmulatını almışlar, 2 gün sonra guya bu çörəyin içində siqaret kötüyünün olduğunu iftira edərək bu barədə sosial şəbəkədə paylaşmışlar. Bu paylaşmada həmin çörək məmulatının kimin tərəfindən istehsal olunduğu və haradan alındığı göstərilmiş və qeyd olunmuşdur ki, məlumat Y.Məhəmmədoğlu adlı şəxs tərəfindən təqdim olunmuşdur. Bu böhtan xarakterli məlumat "Redaktor.az” saytı tərəfindən dərc olunmuşdur. Hətta, xüsusi ekspert biliklərinə malik olmadan belə deyə bilərik ki, çörək məmulatının yüksək temperatur rejimində emal edilməsi nəticəsində onun daxilində qalmış siqaret kötüyü "Redaktor.az” saytı tərəfindən dərc etdiyi şəkillərə heç uyğun gəlmir. 200-250 selsi dərəcədə emal olunan çörəyin içində qalmış siqaret kötüyü heç bir halda bu şəkildə qala bilməzdi. Daha sonra məlum olmuşdur ki, bu böhtanı yayan şəxs X2 olmuşdur. Belə ki, sonuncu həqiqətə uyğun olmayan məlumatı internet resursu olan və kütləvi informasiya vasitəsi olan "Redaktor.az” saytında yalan, böhtan xarakterli məlumatı yaymaqla ASC-nin işgüzar nüfuzuna xələl gətirməklə ləkələmişdir. Ona görə də X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş edir. Barəsində xüsusi ittiham qaydasında şikayət verilən şəxs X2 məhkəmə iclasında çıxış edərək xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə şikayət verən və barəsində şikayət verilən şəxslərin izahatlarını dinləyib iş materiallarını nəzərdən keçirərək hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmə baxışının keçirilməsindən imtina edilməsi barədə qərar çıxarılmalıdır. Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, bu cinayətin bilavasitə obyektini başqa şəxsin şərəfi, ləyaqəti və ya nüfuzu təşkil edir. Şərəf cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Böhtan cinayəti obyektiv cəhətdən yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymada ifadə olunur. Göründüyü kimi şəxsin əməlində böhtan cinayətinin tərkibinin yaranması üçün şəxsin hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatların yayılması faktı olmalıdır. Bundan əlavə, şikayətdə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi, şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə, hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi göstərilməli olduğu halda bu məlumatlar göstərilməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: 293.3.1. şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); 293.3.2. törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); 293.3.3. cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; 293.3.4. şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; 293.3.5. cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; 293.3.6. şikayətin verildiyi tarix (il, ay və gün) və yer; 293.3.7. şikayəti vermiş şəxsin imzası. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.1-ci maddəsinə əsasən məhkəmənin hazırlıq iclası cinayət işində, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında və ya xüsusi ittiham qaydasında şikayətdə, irəli sürülmüş ittihamın mahiyyəti üzrə cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələrdən ibarətdir. Həmin Məcəllənin 88.4.1-ci maddəsinə əsasən xüsusi ittiham qaydasında şikayət üzrə materialların hazırlanmasını həyata keçirmək xüsusi ittihamçının vəzifəsidir. Həmin Məcəllənin 302.1.6-cı maddəsinə əsasən, cinayət hadisəsi və ya barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş əməldə cinayət əlamətləri olmadıqda xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” 21 fevral 2014-cü il tarixli 3 nömrəli Qərarının 5-ci bəndində qeyd edilmişdir ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Kütləvi çıxış dedikdə, hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı iki nəfər kənar şəxsin görə, eşidə və ya qavraya biləcəyi formada ifadə etmə başa düşülür. Kütləvi nümayiş etdirilən əsər dedikdə, ən azı iki nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və sair) başa düşülür. Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və digər yayım formaları başa düşülür. Böhtan və təhqir xarakterli məlumatların müxtəlif orqan və təşkilatlara ünvanlanmış ərizə və şikayətlərdə əks olunması və ya ona aid olan şəxsə təklikdə bildirilməsi həmin məlumatların kütləvi çıxış şəklində yayılması sayılmır və belə hallarda onları yaymış (bildirmiş) şəxsin hərəkətlərinin cinayət kimi qiymətləndirilməsi istisna edilir. Məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-nin 293.3.1293.3.7-ci maddələrinin tələblərinə uyğun olub-olmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-nin 302.1.2- 302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.2.3-cü maddəsinə əsasən, bu Məcəllənin 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edərək xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bundan başqa, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 302.1.7ci maddəsinə əsasən şikayət əsassız olduqda və şikayət vermiş şəxsin dəlillərini təsdiq edən sübutları əks etdirmədikdə məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 293, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: X1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək cinayət məsuliyyətinə cəlb olunmasına dair "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə xüsusi ittiham qaydasında şikayəti üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan elan edildiyi andan 20 (iyirmi) gün müddətində qərarı qəbul etmiş İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-18/2025
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-18/2025
07.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver