Məhkəmə qərarları › İş №1(037)-19/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-19/2025

24.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-19/2025 24.04.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 24 aprel 2025-ci il tarixdə saat 11:42-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1985-ci ildə İsmayıllı rayonunun Cülyan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində biri azyaşlı olmaqla üç uşağı olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Cülyan kəndində qeydiyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Cülyan kəndinin ərazisində, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 4 saylı meşə dolayının 33-cü kvartalında yerləşən meşəlik sahədə, 5 metr uzunluğunda və 4 metr enində olan 20 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində qəsdən qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 120 santimetrdən 200 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 06 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 1105 qram təşkil edən xeyli miqdarda, yəni 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Cülyan kəndində yaşayır. Himayəsində biri azyaşlı olmaqla üç uşağı vardır. Təxminən 15 ildir ki, arabir qurudulmuş marixuanadan istifadə edir. 2024-cü ilin fevral ayının əvvəllərində yaşadığı Cülyan kəndinin yaxınlığında, çay kənarından qurumuş odun toplayarkən yerdə bir ədəd kağız büküm aşkar etmiş və kağızın içərisində narkotik tərkibli çətənə bitkisinin toxumları olduğunu görmüşdür. Həmin kağız bükümü cibinə qoymuş və ailə üzvlərinin görməməsi üçün həmin toxumları həyətdəki yardımçı tikilidə gizlətmişdir. 2024-cü ilin mart ayının ortalarında həmin bitki toxumlarını əkmək məqsədi ilə yaşadığı kənddən xeyli aralıda, meşəlik sahəsində təxminən 5x4 metr ölçüdə ərazini ağac və kollardan təmizləyərək çətənə bitkisinin toxumlarını əkmək üçün yer qazmışdır. Həmin toxumları torpağa basdırmış və mütəmadi olaraq əkdiyi toxumların cücərib inkişaf edə bilməsi üçün meşə ərazisinə gedib bitkilərin diblərini alaq otlarından təmizləmiş, onlara su və gübrə vermişdir. 06 sentyabr 2024-cü il tarixdə saat 16-17 radələrində əkdiyi bitkilərə qulluq etmək məqsədilə meşəlik əraziyə getmiş, oradan geri qayıdan zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq özünü İsmayıllı RPŞ-nin əməkdaşı kimi təqdim etmişdir. O, polis əməkdaşının qanuni tələblərinə tabe olmuşdur. Qısa müddət ərzində digər polis əməkdaşları gələrək orada nə əkib-becərdiyini soruşmuş və o, etiraf edərək həmin yerdə əkdiyi bitkilərin narkotik tərkibli bitkilər olduğunu, həmin bitkilərə qulluq etdiyini bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və mütəxəssin iştirakı ilə videoçəkiliş vasitəsi ilə həmin sahəyə baxış keçirilmiş, bitkilər torpaqdan bir-bir çıxardılaraq sayılmış və torpaqdan 09 ədəd bitki kolu çıxarılaraq qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı protokol tərtib olunmuş, tərtib edilmiş protokol iştirakçılara ucadan oxunmuş və o, polis əməkdaşları və mütəxəssis həmin protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini, bununla əlaqədar olaraq onlarla birlikdə polis şöbəsinə getməli olduğunu bildirmiş və onlar İsmayıllı RPŞ-nə gəlmişlər. Polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunaraq, dövlət hesabına müdafiəçi ilə təmin edilmişdir. Bundan sonra onun, vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçiriləcəyi və şəxsi axtarış prosesinin video kamera vasitəsilə qeydə alınacağı barədə məlumat verilmiş, o isə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlərin olduğu halda təqdim etməsi təklif olunmuş və o, üzərində hər hansı qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Növbətçi Hissəsinin qarşısında onun üzərinə keçirilən şəxsi axtarış zamanı hər hansı qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Axtarışlarla bağlı protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılarla birlikdə imzası ilə təsdiq etmişdir. O, bir daha qeyd edir ki, narkotik tərkibli bitkiləri şəxsi istifadəsi üçün əkmiş, satış məqsədi olmamışdır. Narkotik tərkibli bitkiləri əkdiyini, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. Hazırda əməlindən peşmandır. Himayəsində biri azyaşlı olmaqla üç uşağı vardır, ailəsində yeganə gəlir gətirən şəxsdir. Çox böyük maddi sıxıntılarla ailəsini dolandırır. Maddi vəziyyəti son dərəcədə aşağı olduğundan xəstə anasını müayinələrə apara bilməmiş və anası bir müddət əvvəl intihar etmişdir. Bütün bunlardan sarsılmış və öz istifadəsi üçün həmin narkotik bitkiləri əkmək qərarına gəlmişdir. Barəsində həbslə bağlı cəza təyin ediləcəyi təqdirdə onun ailəsinin maddi durumu daha da pisləşəcəkdir. Qeyd etdiyi halların nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş, həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs İsmayıllı rayonunun, Cülyan kəndində meşəlik ərazidə narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə əməliyyat məlumatı daxil olduğundan bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş və 06 sentyabr 2024-cü il tarixdə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Qərar şöbə rəhbərliyi tərəfindən təsdiq edildikdən sonra o və RPŞ-nin digər əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılmışdır. Qərarın icrası ilə əlaqədar baxış zamanı mütəxəssis qismində iştirak etmək üçün X13 X4 sektorunun əməkdaşı dəvət edilmişdir. 06 sentyabr 2024-cü il tarixdə saat 16 radələrində o və digər polis əməkdaşları İsmayıllı rayonu Cülyan kəndində yerləşən meşəlik əraziyə getmişlər. Həmin gün saat 17 radələrində onlar İsmayıllı rayonu Cülyan kəndi ərazisində ətrafı kolluq və ağaclıqla əhatələnmiş yerə baxdıqda Təqsirləndirilən şəxs oradan qayıtdığını görmüşlər. Təqsirləndirilən şəxs xidməti vəsiqələri göstərib özlərini təqdim edərək və onu narkotik tərkibli çətənə bitkiləri əkib becərməsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında təsdiq edilmiş əməliyyat-axtarış tədbiri qərarı ilə tanış edib həmin əraziyə baxış keçiriləcəyini bildirmişdirlər. Bundan sonra meşə ərazisində olan mütəxəssis qismində iştirak etmək üçün aqronom dəvət edilmişdir. Hal şahidləri dəvət edilmədiyinə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələbinə əsasən videoçəkilişlə baxış keçiriləcəyi bildirilmiş və sonuncu videoçəkilişlə baxış keçirilməsinə və fotoşəkillər çəkilməsinə heç bir etirazının olmadığını bildirmişdir. Baxış zamanı həmin yerdə kolluqla əhatələnmiş yerdə 5x4 metr, olmaqla 20 m2 sahədə, kolkosdan təmizlənmiş torpaq sahəsində 09 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar aşkar edilmişdir. Həmin bitkilərin dibləri alaq otlarından təmizlənmiş və su verildiyi üçün torpaq hissəsi nəm halda olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirərək orada əkdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir, həmin bitkilərin toxumlarını İsmayıllı rayonunun Cülyan kəndi ərazisində, çay kənarında gəzərkən yerdən 1 ədəd kağız bükülüdə taparaq özündə saxlamış və özü istifadə etmək məqsədi ilə əkib-becərmək qərarına gəldiyini üçün həmin toxumları 2024-cü ilin mart ayının ortalarında gətirib göstərdiyi meşəlik sahədə torpaq sahəsini yumşaldaraq kiçik çalalar düzəldərək və torpaqda əkərək mütəmadi su və gübrə verməklə qulluq göstərmişdir. Bundan sonra çətənə bitkisinə bənzər bitkilər torpaqdan çıxarılmış, bir yerə yığılmış, sayılmış və hündürlüklərinin 120 santimetrdən 200 santimetrədək olmaqla müxtəlif hündürlüklərdə olması müəyyən edilmişdir. Bitkilər 1 ədəd sintetik kisəyə qoyulub, möhürlənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra narkotik tərkibli bitkilər əkilən yerdən torpaq nümunəsi 1 ədəd şəffaf rəngli sellofan torbaya qoyulmuş, möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və o, tərtib olunmuş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Bundan sonra Təqsirləndirilən şəxs polis şöbəsinə getməyi təklif edilmiş və Təqsirləndirilən şəxslə birlikdə polis şöbəsinə gəlmişlər. Təqsirləndirilən şəxs ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etmiş və ona təqdim edilmiş vəkillərin siyahısından seçdiyi vəkil Təqsirləndirilən şəxs təqdim edilmişdir. Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 18:45-də şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri izah edilmişdir. İsmayıllı rayon polis şöbəsində növbətçi hissənin qarşısında videoçəkilişlə Təqsirləndirilən şəxs üzərinə həmin gün onların və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna heç bir etirazının olmadığını bildirmişdir. Polis şöbəsinin Növbətçi Hissəsinin qarşısında Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilən zaman üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya vasitə olduğu halda təqdim etməyi təklif edilmiş, bu zaman o, üzərində qanunla qadağan edilmiş heç bir əşya və ya vasitə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış zamanı protokol tərtib edilmiş, ucadan oxunmuş və iştirakçılar protokolun düzgünlüyü imzalarımızla təsdiq etmişlər. Şahidlər- İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X9 və RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti, polis mayoru X10 eyni məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: 06 sentyabr 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, baxışın həyata keçirildiyi ərazi İsmayıllı rayonu Cülyan kəndinin ərazisinə aiddir və meşəlik ərazidir. Baxış zamanı həmin yerdə kolluqla əhatələnmiş yerdə 5x4 metr, olmaqla 20 m2 sahədə, kol-kosdan təmizlənmiş torpaq sahəsində 09 ədəd narkotik tərkibli bitkilərə bənzər kollar aşkar edilmiş, bitkilər həmin yerdə kiçik çalalarda bir-birinə yaxın məsafədə əkilmişdir. Həmin bitkilərin dibləri alaq otlarından təmizlənmiş və su verildiyi üçün torpaq hissəsi nəm haldadır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs göstərərək bildirmişdir ki, həmin torpaq sahəsini əkin üçün yararlı vəziyyətə gətirmiş və orada əkdiyi bitkilər narkotik tərkibli çətənə bitkiləridir. Həmin bitkilərin toxumların İsmayıllı rayonunun Cülyan kəndi ərazisində, çay kənarında gəzərkən yerdən 1 ədəd kağız bükülüdə taparaq özündə saxlamış və özü istifadə etmək məqsədi ilə əkib-becərmək qərarına gəlmişdir. Həmin toxumları 2024-cü ilin mart ayının ortalarında gətirib göstərdiyi meşəlik sahədə torpaq sahəsini yumşaldaraq kiçik çalalar düzəltmiş və torpaqda əkərək mütəmadi su və gübrə verməklə qulluq göstərmişdir. Baxışda iştirak edən X13 İnkşaf Mərkəzinin bitkiçilik sektorunun baş məsləhətçisi X5 bildirmişdir ki, həmin bitkilər narkotik tərkibli çətənə bitkilərinə bənzəyir, həmin bitkilərə aqrotexniki qaydada qulluq göstərilmiş, belə ki, dibləri alaq otlarından təmizlənmiş, yumşaldılmış, vaxtaşırı su və gübrə verilmiş, buna görə də həmin yerdə narkotik tərkibli bitkilərin inkişafı üçün əlverişli şərait yaranmışdır. 09 ədəd çətənə bitkisinə bənzər bitkilər torpaqdan çıxarılmış, sayılmış və hündürlüklərinin ölçüldükdə 120 santimetrdən 200 santimetrədək olmaqla müxtəlif hündürlüklərdə olması müəyyən edilmişdir. 09 ədəd çətənə bitkisinə bənzər bitkilər 1 ədəd sintetik kisəyə qoyulub İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhülənib üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bundan sonra narkotik tərkibli bitkilər əkilən yerdən torpaq nümunəsi bir ədəd şəffaf rəngli sellofan torbaya qoyularaq, üzəri rayon polis şöbəsinin zərflər üçün olan 74 saylı möhürü ilə möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra skoç (izolent) vasitəsilə kip şəkildə bağlanıldıqdan sonra ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. 06 sentyabr 2024-cü il tarixli şəxsi axtarış keçirilməsi haqqında protokoldan görünür ki, 06 sentyabr 2024-cü il tarixdə Təqsirləndirilən şəxs üzərində İsmayıllı rayon Polis Şöbəsində şəxsi axtarış keçirilmiş, lakin onun üzərindən hər hansı narkotik vasitə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. 28 sentyabr 2024-cü il tarixli yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi ərizə əsasında onun yaşadığı İsmayıllı rayonu Cülyan kəndində yerləşən evə baxış keçirilmiş və evdən hər hansı narkotik vasitə, psixotrop maddə və qanunla dövriyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. 22 oktyabr 2024-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya və Kommunikasiya İdarəsindən daxil olmuş 1 ədəd CD diskin içərisində Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrədən xx.xx.2024-cü il tarixdən, xx.xx.2024-cü il tarixədək çıxan və daxil olan zənglərə, sms mətnlərinə dair çıxarışlara, habelə anten dairəsinə dair məlumatlara baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. 27 noyabr 2024-cü il tarixli baxış keçirmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefona baxış zamanı mobil telefon açılaraq içərisində iş üzrə əhəmiyyət kəsb edəcək zəng və ya ismarıcın olub-olmamasına baxıldı. Baxış zamanı telefonlarda iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı fayllar, zənglər və ismarıclar aşkar edilmədi. 01 ədəd mobil telefon 01 ədəd zərfdə qablaşdırıldı və üzəri İsmayıllı RPŞ-nin 74 saylı zərflər üçün möhürü ilə möhürlənərək götürülmüşdür. 13 yanvar 2025-ci il tarixli xarici yaddaş qurğusunda olan məlumatlara baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış, içərisində məhkəmə kompüter-texniki ekspertizasının nəticələrinə dair məlumatlar olan xarici yaddaş qurğusuna (USB fleş kart) baxış keçirilmiş, lakin iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. Aqronom-mütəxəssis, X13 X4 Sektorunun baş məsləhətçisi X5 tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli rəyə əsasən 06 sentyabr 2024-cü il tarixində saat 17:00 radələrində Rayon Polis Şöbəsinin dəvəti əsasında İsmayıllı rayon Cülyan kəndi yaxınlığında yerləşən meşə ərazisinə Cülyan kənd sakini Təqsirləndirilən şəxs oğlunun iştirakı ilə keçirilən baxış zamanı ağacların və kolların arasında xüsusi hazırlanmış açıq torpaq sahəsində 9 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilər aşkar edilmişdir. Aşkar edilmiş narkotik tərkibli bitkiyə oxşar bitkilərin boyu 1.2 metrdən 2.0 metrə qədərdir. Həmin bitkilərə qulluq göstərilmiş, su verilmiş, dibləri alaq otlarından təmizlənmiş, beləliklə 9 ədəd narkotik tərkibli bitkiyə oxşar bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 07 sentyabr 2024-cü il tarixli 3-16-16/2-17/752 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “İsmayıllı rayonun Cülyan kəndi ərazisində meşəlik sahədən aşkar olunaraq götürülmüş narkotik tərkibli bitkilər.....” sözləri, adlar və imzalar olan 01 (bir) ədəd sintetik kisənin içərisindəki 09(doqquz) ədəd, hündürlükləri 120sm-dən 200-sm dək, yaş vəziyyətdə ümumi təmiz çəkiləri – 1105,0qram olan bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış vərəqədə “İsmayıllı rayonunun Cülyan kəndində meşəlik ərazidən..bitki kollarının əkilib becərildiyi yerdən götürülmüş torpaq nümunəsi...” sözləri, adlar və imzalar olan 01(bir) ədəd sellofan torbada olan torpaq nümunəsində cüzi miqdarda əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkisinin hissəcikləri vardır. X7 06 sentyabr 2024-cü il tarixli rəyinə əsasən təqdim edilmiş çətənə (kannabis) bitkilərinə aqrotexniki qaydada qulluq göstərilmişdir. Tədqiqata təqdim olunmuş, torpaq nümunəsindən aşkar edilmiş çətənə bitkisinin hissəcikləri cüzi miqdarda olduğuna görə, həmin hissəciklərlə təqdim edilmiş çətənə bitkilərinin müqayisəli (eynilik) tədqiqatını aparmaq mümkün olmamışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 24 dekabr 2024-cü il tarixli 7962 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Nakomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 06 sentyabr 2024-cü il tarixli qərardan görünür ki, cinayət işi üzrə ümumilikdə 09(doqquz) ədəd çətənə bitkiləri və bir ədəd zərfdə qablaşdırılmış torpaq nümunəsi maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan 09 (doqquz) ədəd çətənə bitkisinin toxumlarını qanunsuz olaraq əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək yetişdirməklə və kultivasiya etməklə ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tərkibində narkotik maddələr olan çətənə bitkilərini kultivasiya etmək məqsədilə məlum olmayan vaxtda və mənbədən həmin bitkinin toxumlarını əldə edərək özündə saxlamış, 2024-cü ilin mart ayında, dəqiq tarixi müəyyən edilməyən vaxtda İsmayıllı rayonunun Cülyan kəndinin ərazisində, Şahdağ Milli Parkının İsmayıllı bölməsinin Talıstan meşəbəyliyinin 4 saylı meşə dolayının 33-cü kvartalında yerləşən meşəlik sahədə, 5 metr uzunluğunda və 4 metr enində olan 20 kvadrat metr torpaq sahəsini kol-kosdan təmizləyib əkin üçün yararlı vəziyyətə gətirərək həmin torpaq sahəsində qəsdən qanunsuz olaraq çətənə bitkisinin toxumlarını əkib gübrə və su verməklə aqrotexniki qaydada qulluq göstərərək ümumilikdə xeyli miqdar təşkil edən 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkilərini yetişdirməklə 120 santimetrdən 200 santimetrədək hündürlüyə çatdıraraq kultivasiya etmiş, 06 sentyabr 2024-cü il tarixdə, saat 17 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində onun qəsdən qanunsuz olaraq əkib yetişdirməklə kultivasiya etdiyi təmiz çəkisi 1105 qram təşkil edən xeyli miqdarda, yəni 9 (doqquz) ədəd tərkibində narkotik maddələr olan çətənə bitkiləri aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 237.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya onların (onların hissələrinin) toplanması hesab edilir. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nda dəyişiklik edilməsi haqqında 17 noyabr 2017-ci il tarixli Azərbaycan Republikasının Qanununa əsasən “Qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin miqdarı” siyahısında 03 ədəd əkilib becərilməsi qadağan olunmuş narkotik təbiətli çətənə (kannabis) kolları xeyli miqdar hesab edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 18 sentyabr 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin Cülyan kənd İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Cülyan kəndində qeydiyyatdadır və həmin kənddə yaşayır, evlidir, himayəsində biri azyaşlı olmaqla 3 övladı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə edilmiş, özü və ailəsi barəsində İsmayıllı RİHB-nin Cülyan kəndi inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir yazılı və ya şifahi şikayət daxil olmamışdır. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış 13 sentyabr 2024-cü il tarixli 18-1-47/2- 1041/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin Nevroloji, narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il saat 18:45-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 08 sentyabr 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 13:15-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 2 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 01 (bir) ədəd sintetik kisədə qablaşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası X14 Bölməsinin Tədqiqat obyekti №2 mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan eskpert tədqiqatından sonrakı çəkisi 1104,82 qram çətənə bitkiləri və 01 (bir) ədəd sellofan torbada qablaşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası X14 Bölməsinin Tədqiqat obyekti №2 mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 06 sentyabr 2024-cü il tarixdə saat 18:45-dən 08 sentyabr 2024-cü il saat 13:15-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 3(üç) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 2(iki) il 11(on bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonunun Cülyan kəndində yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanc otağında saxlanılan, 01 (bir) ədəd sintetik kisədə qablaşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası X14 Bölməsinin Tədqiqat obyekti №2 mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan eskpert tədqiqatından sonrakı çəkisi 1104,82 qram çətənə bitkiləri və 01 (bir) ədəd sellofan torbada qablaşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məkhəmə Ekspertizası X14 Bölməsinin Tədqiqat obyekti №2 mətninə malik ştampla ştamplanmış vəziyyətdə olan torpaq nümunəsi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar