Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-2/2021 29.04.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Müdafiəçi İsmayılov İslam Abduləziz oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxx 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 09 avqust 1986-cı ildə İsmayıllı rayonu Basqal kəndində anadan оlmuş, Azərbaycan Rеspublikası vətəndaşı, evli, himayəsində iki azyaşlı uşağı olan, оrta təhsilli, işsiz, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, İsmayıllı rayon Basqal qəsəbəsində qeydiyyatda olmaqla İsmayıllı şəhəri Ə.Mahmudov ev 14 mənzil 7 ünvanında qeydiyyatda olan, İsmayıllı rayon Məhkəməsinin 08 oktyabr 2020ci il tarixli 1(037)-46/2020 nömrəli qərarı ilə barəsində seçilmiş olan “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi çayxanaya gəlmiş və orada tanışı Zərərçəkmiş şəxs1 ictimai yer hesab olunan çayxanada oturduğunu görmüşdür. Heç bir əsaslı səbəb olmadan, əvvəllər dəfələrlə məhkum edilməsinə və məhkumluğunun ödənilməməsinə baxmayaraq özünü Zərərçəkmiş şəxs1 hərəkətlərinə nəzarət edən şəxs hesab etməklə sonuncunun oğurluq əməlinə görə məhkum edilməsini səbəb kimi bəhanə edərək sərxoş vəziyyətdə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə yol verərək demədən Zərərçəkmiş şəxs1 bir neçə yumruq zərbəsi endirmiş və əynində olan gödəkçənin cibində saxladığı “Makarov” tipli tapançaya bənzər alışqanı çıxarıb silah qismində istifadə edərək tutacağının alt hissəsi ilə Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və masanın üzərindəki qənd qabının süşədən olan qapağını götürərək silah qismində istifadə etməklə Zərərçəkmiş şəxs1 sağ burun nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək sonuncuya sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirərək zor tətbiq etməklə, habelə Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şüşədən olan qənd qabının qapağını sındırmaqla məhv edib sonuncuya 11 (on bir) manat dəyərində maddi ziyanı vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, о, İİ qrup əlildir, onkoloji xəstəlikdən əziyyət çəkir. Həmin xəstəliyə görə onun bir qolu çiyin nahiyyəsindən cərrahi yolla amputasiya olunmuşdur. Himayəsində Yusif və Elton adlı iki azyaşlı uşağı vardır. 23 iyul 2020-ci il tarixdə saat 19-20 radələrində yaşadığı qəsəbənin yaxınlığındakı kafedə yemək yeyərkən bir qədər spirtli içki qəbul etmiş, sonra isə evinə getmək məqsədi ilə həmin kafeni tərk etmişdir. Saat 23:00 radələrində qəsəbədə həmkəndlisi Zərərçəkmiş şəxs2 işlətdiyi çayxananın işıqlarının yanılı olmasını görərək çay içmək üçün ora daxil olmuşdur. İçəridə həmkəndlisi Zərərçəkmiş şəxs1 oturduğunu görmüşdür. Çayxanada Hacıdan başqa heç kim olmamışdır. O Hacını əvvəldən tanımış və münasibətləri yaxşı olmuşdur. Hacı həmin ərəfədə oğurluq cinayəti törətdiyindən Hacının valideyinləri ondan Hacını məzəmmət etməyi və onu bu cür hərəkətlərindən çəkindirməyi xahiş etmişlər. O, Hacını görən zaman onun valideynlərinin xahişini xatırlayaraq Hacıya yaxınlaşmış və niyə oğurluq etdiyini, belə hərəkətlər etməyin düzgün olmadığını demişdir. Hacının da həmin vaxt içkili olduğunu hiss etmiş və sonuncu onun iradlarına əsəbiləşərək “sənə nə var, mən oğurluq etmirəm, mənim işimə qarışma, özüm bilərəm nə edərəm” deyə cavab vermişdir. Hacının ona kobud cavab qaytarmasından əsəbləşərək əvvəl Hacını yumruqla, ardından isə masanın üzərində olan qənd qabının qapağı ilə vurmuşdur. Bu zaman Hacı çölə çıxmış, o isə əlində qalan qənd qabı qapağını Hacının arxasınca atmış, qapaq çayxananın divarına dəyib sınmışdır. Bundan sonra o çayxanadan çıxıb evinə getmişdir. Səhər Hacını döyməyinə görə peşman olmuş, Hacı ilə görüşmək istəsə də həmin gün onu tapa bilməmişdir. 25 iyul 2020-ci il tarixdə saat 12:00 radələrində işlətdiyi kafedə olarkən polis əməkdaşları ora gəlmiş və barəsində şikayət olduğunu bildirərək birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. Onlar birlikdə şöbəyə gəlmişlər. Orada Hacının onun barəsində şikayət etdiyini bilmişdir. Hadisə onunla Hacının arasında baş vermiş və çayxanada onlardan başqa heç kim olmamışdır. Hadisə baş verən zaman ictimayi qaydanı pozmamış və cəmiyyətə qarşı açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməmişdir. Onun Hacını döymək niyyəti olmamış, sonuncunun ona kobud cavab qaytarması səbəbindən belə bir əməli törətmişdir. Həmçinin həmin vaxt sol yan cibində tapancaya oxşar alışqan və siqaret olmuş, mübahisə zamanı tapancaya oxşar alışqanın tutacaq hissəsi ilə Hacını vurmamışdır. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli saymır və hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbləri yoxdur. 2-ci qrup əlildir. Qeyd etdiyi halları nəzərə almağı, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslərin onunla barışdığını, onlara vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadədə verərək göstərdi ki, xx xxxx 2020-ci il tarixdə nahar vaxtı yaşadığı qəsəbədə yerləşən kafedə pivə içmiş, bir qədər gəzib dolaşdıqdan sonra saat 18:00 radələrində evinə qayıtmışdır. Saat 20:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanaya getmişdir. Orada bir qədər vaxt keçirdikdən sonra Asiman masa və oturacaqları içəri salmağa kömək etməsini xahiş etmişdir. O, Asimanla köməkləşərək çayxananın həyətində olan masa və oturacaqları içəri salmışlar. Asiman ona gözləməyini deyərək su gətirmək üçün bulağa getmişdir. O çayxanada əyləşərək Asimanı gözləmişdir. Saat 23:00 radələrində həmkəndlisi Təqsirləndirilən şəxs çayxanaya daxil olaraq bir başa onun oturduğu masanın arxasına keçmişdir. Qorqudun hərəkətlərindən onun içkili olmasını bilmişdir. Qorqudla münasibətləri həmişə yaxşı olmuş, bir müddət onun işlətdiyi kafedə ofisiant işləmişdir. Qorqud onunla üzbəüz oturaraq bir müddət əvvəl oğurluq etdiyinə görə onu məzəmmət etmişdir. İçkili olduğundan Qorqudun ona irad tutmasını qəbul edə bilməmiş və Qorquda “sənə nə var, mənim işimə qarışma, özüm bilərəm nə edərəm” deyə cavab vermişdir. Qorqud “səni valideyinlərin mənə tapşırıb, sən isə yenə də oğurluq edirsən” deyərək onun sifət nahiyyəsinə üç dörd yumruq zərbəsi vurmuş, cibindən tapançaya oxşar alışqanını çıxararaq tutacaq hissəsi ilə onun başının təpə nahiyyəsindən bir dəfə vurmuşdur. Ardından isə masadakı qənd qabının qapağı ilə sifət nahiyyəndən vurmuşdur. O, yerindən duraraq çayxanadan çıxmaq istəyərkən Qorqud qapağı ona tərəf atmış, qapaq divara dəyərək sınmışdır. Bundan sonra Qorqud çıxıb getmişdir. Bir azdan Asiman çayxanaya qayıtmış və nə baş verməsini soruşmuşdur. O, Asimana bir söz deməyərək evinə getmişdir. Xəsarət aldığı üçün həmin gecə atası Rahib Nağıyevin idarə etdiyi avtomobildə xəstəxanaya gəlmişdir. Yolda atasına Qorqud tərəfindən döyüldüyünü bildirmiş və DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Xəstəxanada ona ilkin tibbi yardım göstərildikdən sonra polis şöbəsinə gələrək baş vermiş hadisə barədə məlumat vermişdir. Hadisə zamanı çayxanada Qorqudla ondan başqa kimsə olmamışdır. Sonradan Qorqudla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsinin mərkəzində yerləşən çayxananı icarə əsasında işlədir. 23 iyul 2020-ci il tarixdə saat 20:00 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs1 çayxanaya gəlmiş, bir qədər söhbət etdikdən sonra onun xahişi ilə onlar birlikdə çayxananın həyətində olan masa və stulları içəri salmışlar. Həmin vaxt o Hacının içkili vəziyyətdə olmasını hiss etmişdir. O, Hacıya onu gözləməsini deyərək bulaqdan su gətirməyə getmiş, Hacı isə çayxanada əyləşərək onu gözləmişdir. Həmin vaxtı çayxanada Hacıdan başqa kimsə olmamışdır. O yaxınlıqda olan bulaqdan qayıtdığı zaman Hacının sifətində qan izlərinin olmasını görmüşdür. Hacıdan nə baş verməsini soruşsa da Hacı ona heç nə deməyərək çıxıb getmişdir. Özü də bir qədər sonra evinə getmişdir. Həmin gecə ona polis əməkdaşları zəng edərək çayxanaya gəlməsi xahiş olunmuşdur. O, dərhal çayxanaya getmiş və Hacının iştirakı ilə çayxanaya baxış keçirilmişdir. Orada bilmişdir ki, bulağa su gətirməyə getdiyi zaman həmkəndlisi Təqsirləndirilən şəxs çayxanaya gəlmiş, Hacı ilə aralarında mübahisə olmuşdur. Qorqudun nə ilə və hansı şəraitdə Hacıya xəsarət yetirməsini görməmişdir. Baş vermiş mübahisə zamanı çayxanaya yaxın məsafədə yerləşən bulaqda olmuş, lakin heç bir səs eşitməmişdir. Hadisə zamanı, yaxud da hadisədən sonra orada heç kim olmamışdır. Hadisə zamanı ona məxsus qəndqabının qapağı sınmış və ona 11 manat maddi ziyan vurulmuşdur. Qorqud ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Nağıyev Rahib Hacı оğlu ifadə verərək göstərdi ki, iş üzrə zərərçəkmiş şəxs Hacı Nağıyev onun oğlu, təqsirləndirilən şəxs Qorqud Naqiyev isə həmkəndlisidir. Qorqudla münasibətləri həmişə yaxşı olmuşdur. Oğlu Hacının da Qorqudla münasibətləri yaxşı olmuşdur. Belə ki, bir müddət Hacı Qorqudun işlətdiyi kafedə ofisant işləmişdir. Hacı 2017-ci ildə xuliqanlıq, 2020-ci ilin may ayının əvvəllərində isə oğurluq cinayətlərini törətmişdir. O, Qorquddan Hacını məzəmmət etməyi və onu bu cür hərəkətlərindən çəkindirməyi xahiş etmişdir. 23 iyul 2020-ci il tarixdə saat 24:00 radələrində oğlu Hacı baş və sifət nahiyyələri qanamış vəziyyətdə evə gəlmişdir. Dərhal Hacını avtomobilinə əyləşdirərək xəstəxanaya aparmışdır. Yolda Hacı ona 23 iyul 2020-ci il tarixdə saat 23:00 radələrində qəsəbənin mərkəzindəki Asiman adlı həmkəndlisinin işlətdiyi çayxanada olarkən Qorqud tərəfindən tərəfindən döyüldüyünü, həmin vaxt kafedə ikisindən başqa heç kimin olmadığını bildirmişdir. Xəstəxanada Hacıya tibbi yardım olunmuş və oradan da Hacı ilə birlikdə polis şöbəsinə gedərək baş vermiş hadisə barədə məlumat vermişlər. Ertəsi gün saat 13:00 radələrində həmkəndlisi, Qorqudun qohumu olan Tahir Nağıyev onun yanına gələrək Qorqudla barışmağı təklif etmiş və oğlunun ərizəsini polis şöbəsindən götürməyini bildirmişdir. O, razılaşmadığı üçün Tahir ona narazılığını bildirərək çıxıb getmişdir. Şahid X6 ifadə verərək göstərdi ki, yaşadıqıları Basqal qəsəbəsinin mərkəzində Asimanın işlətdiyi çayxanada əmisi nəvəsi Qorqudla həmkəndlisi Hacı arasında münaqişə olmasını, Qorqudun Hacını döyməsini eşitmişdir. Bundan sonra Qorqudu taparaq onunla görüşmüşdür. Qorqud ona Hacını döyməsini və əməlindən peşman olduğunu bildirərək Hacı ilə barışmaq uçun onun atası ilə görüşməyi xahiş etmişdir. Bundan sonra o, Hacının atası Rahiblə görüşmüş, söhbət zamanı Qorqudun səhv etdiyini, etdiyi hərəkətlərdən peşman olduğunu deyərək hər iki tərəfi barışdırmağı xahiş etmişdir. Şahid qismində dindirilmiş Şahid1 ilkin məhkəmə baxış iclasında ifadə verərək göstərmişdir ki, arada dağlıq yerlərdə velosiped sürür. 23 iyul 2020-ci il tarixdə saat 15:00 radələrində velosipedlə İsmayıllı rayon Basqal qəsəbəsindən keçməklə dağlıq əraziyə getmiş, orada bir xeyli velosiped sürərək vaxt keçirdikdən sonra İsmayıllı şəhərinə qayıtmaq üçün yola düşmüşdür. Saat 23 radələrində Basqal qəsəbəsinin mərkəzinə çatmışdır. Yolunun üstündə işıqları yanılı olan bir çayxana görmüşdür. Su istədiyi üçün dayanaraq çayxanaya girmək qərarına gəlmişdir. Bu zaman çayxananın daxilindən səs-küy gəlmiş, kiminsə söyüş söyməsi və dalaşma səslərini eşitmiş, lakin həmin şəxslərin üzlərini görməmişdir. O, çayxanada mübahisə olmasını düşünərək hadisəyə şahid olmamaqdan ötrü çayxanaya girməmiş və yoluna davam etmişdir. Sonrakı günlərdə isə həmin çayxanada nə baş verdiyini bilməkdən ötrü həmin hadisə barədə polisə şifahi məlumat vermişdir. Polis şöbəsində aparılan araşdırılma zamanı ona məlum olmuşdur ki, həmin gün çayxanada Basqal qəsəbəsinin sakinləri olan Qorqud və Hacı adlı şəxslər mübahisə etmiş, mübahisə zamanı Qorqud Hacını döymüşdür. O, hadisə günü çayxanaya daxil olmadığı üçün Qorqudun Hacını nə ilə və hansı şəraitdə xəsarət yetirməsini görməmiş, hadisə zamanı ətrafda və çayxanada kimlərin olmasını bilməmişdir. Şahid qismində dindirilmiş Şahid2 ilkin məhkəmə baxış iclasında ifadə verərək göstərmişdir ki, 23 iyul 2020-ci il tarixdə saat 18:00 radələrində İsmayıllı rayonu Tircan kəndindəki qohumlarıgildə olarkən Basqal qəsəbəsində tikinti işinə fəhlə lazım olduğunu eşitmişdir. Saat 20:00 radələrində Tircan kəndindən çıxıb Basqala getmiş və orada asvalt çəkilişi işlərini getdiyini bilmişdir. Həmin işlərdə səriştəsi olmadığı üçün işə götürülməmiş və ona görə də yaşadığı İsmayıllı şəhərinə qayıtmağa qərar vermişdir. Saat 23:00 radələrində Basqal qəsəbəsinin mərkəzi ilə piyada gedərkən yolunun üstündə işıqları yanılı olan bir çayxana görmüşdür. Çayxananın daxilindən səsküy gəlmiş, kiminsə söyüş söyməsi və dalaşma səslərini eşitmiş, çayxanaya girmədiyi üçün həmin şəxslərin üzlərini görməmişdir. O, yoluna davam edərək Bakı - İsmayıllı yoluna çıxmış və oradan da tanımadığı bir avtomobilə əyləşərək evinə qayıtmışdır. Sonrakı günlərdə isə həmin çayxanada nə baş verdiyini bilməkdən ötrü həmin hadisə barədə polisə şifahi məlumat vermişdir. Polis şöbəsində aparılan araşdırılma zamanı ona məlum olmuşdur ki, həmin gün çayxanada Basqal qəsəbəsinin sakinləri olan Qorqud və Hacı adlarında şəxslər mübahisə etmiş, mübahisə zamanı Qorqud Hacını döymüşdür. O, hadisə günü çayxanaya daxil olmadığı üçün Qorqudun Hacını nə ilə və hansı şəraitdə xəsarət yetirməsini görməmiş, hadisə zamanı ətrafda və çayxanada kimlərin olmasını bilməmişdir. Şahidlər İlkin Hüseynov və Şahid2 məhkəmə iclasında verdikləri ifadələrin həqiqətə uyğun olmamasına dair şübhələr olduğundan təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında onların istifadələrində olmuş mobil telefon nömrələrinə xx xxxx 2020-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək daxil olan və bu nömrədən çıxan zənglərə dair izahlı qaimələrin, SMS mesajlarının yazılı mətnlərinin, arayan və aranan zənglərə dair antena məlumatlarının “xxxx” MMC və “xxxx” MMC-dən ələ keçirilməsinə dair məhkəmənin müvafiq qərarları qəbul edilmişdir. “xxxx” MMC və “xxxx” MMC-dən təqdim edilmiş məlumatların əks olunduğu “CD” disklərinə baxış keçirilərkən müəyyən edilmişdir ki, xx xxxx 2020-ci il tarixdən 11 avqust 2020-ci il tarixədək olan dövr ərzində İlkin Hüseynov və Şahid2 istifadələrində olan mobil nömrələrdən İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisini əhatə edən “xxxx” MMC və « xxxx » MMC-lərə məxsus anten dairələrindən digər abonentlərə zənglər edilməmiş və onlar tərəfindən digər abonentlərin zəngləri qəbul edilməmişdir. Şahid1 və Şahid2 istifadə etdiyi mobil nömrələr ümumiyyətlə xx.xx.2020-ci il tarixdə Basqal qəsəbəsini əhatə edən «SVN2039» nömrəli, «Basqal qəsəbəsi» adlı «Baksell» və «Azerfon» şirkətinin ötrücü anten dairəsinin əhatəsində olmamışlar. Müəyyən edilmiş bu xüsusatlar üzrə İlkin Hüseynov və Şahid2 yenidən dindirilmələri zərurəti yaranmışdır. Şahid İlkin Hüseynov yenidən məhkəmə iclasında dindirilərkən ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ilkin ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, anadangəlmə ürək xəstəsi olduğundan arada velosiped sürür. xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində olmuş və həmin gün, ondan əvvəl və sonra heç vaxt rayonun Basqal qəsəbəsindən keçməklə dağda velosiped sürməyə getməmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində işi ilə əlaqədar İsmayıllı rayon Polis şöbəsində olarkən adını və rütbəsin xatırlamadığı bir polis əməkdaşı onu xidməti otağına apararaq məzmunu ilə tanış olmadığı bir sənədə imza etməsini xahiş etmişdir. O, həmin sənədə imza etmiş və sonradan həmin polis əməkdaşı bunun şahidi dindirmə protokolu olduğunu demiş, xx xxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində hansısa bir çayxanada Qorqud Naqiyev və Zərərçəkmiş şəxs1 adlı qəsəbə sakinləri mübahisə etməsi və bu zəmində Qorqud Hacını döyərək ona müxtəlif bədən xəsarətləri yetirməsi ilə əlaqədar olduğunu bildirmişdir. O, heç bir söz deməmiş və işini həll etdikdən sonra evinə qayıtmışdır. Əslində isə o, həmin gün Basqal qəsəbəsində olmamış, Qorqud Naqiyev və Zərərçəkmiş şəxs1 adlı şəxsləri tanımamış, belə bir hadisənin baş verməsini görməmiş və eşitməmişdir. İlkin məhkəmə iclasında hadisə barədə məlumatlı olmasına dair ifadəsini isə ibtidai istintaqa verdiyi ifadəsi əsasında vermişdir. Şahid Şahid2 yenidən məhkəmə iclasında dindirilərkən ifadəsində bildirmişdir ki, ibtidai istintaq zamanı və məhkəmə iclasında verdiyi ilkin ifadəsi həqiqətə uyğun deyildir. Belə ki, xx xxxx 2020-ci il tarixdə İsmayıllı şəhəri ərazisində olmuş və həmin gün, ondan əvvəl və sonra heç vaxt rayonun Basqal qəsəbəsinə getməmişdir. 2020-ci ilin avqust ayının əvvəllərində sifariş verdiyi mobil nömrəsinin gətirilib ona çatdırılmaması barədə məlumat vermək üçün İsmayıllı rayon Polis şöbəsinə getmişdir. Orada olarkən adını və rütbəsin xatırlamadığı bir polis əməkdaşı onu xidməti otağına apararaq məzmunu ilə tanış olmadığı bir sənədə imza etməsini xahiş etmişdir. O, həmin sənədin onun şikayəti ilə əlaqədar olduğunu düşünərək sənədə imza etmiş və sonradan həmin polis əməkdaşı bunun şahidi dindirmə protokolu olduğunu demişdir. Protokol ona oxunmuş və həmin vaxt ona məlum olmuşdur ki, xx xxxx 2020-ci il tarixdə İsmayıllı rayonu Basqal qəsəbəsində hansısa bir çayxanada Qorqud Naqiyev və Zərərçəkmiş şəxs1 adlı qəsəbə sakinləri mübahisə etmiş və bu zəmində Qorqud Hacını döyərək ona müxtəlif bədən xəsarətləri yetirmişdir. Əslində isə o, həmin gün Basqal qəsəbəsində olmamış, Qorqud Naqiyev və Zərərçəkmiş şəxs1 adlı şəxsləri tanımamış, belə bir hadisənin baş verməsini görməmiş və eşitməmişdir. İlkin məhkəmə iclasında hadisə barədə məlumatlı olmasına dair ifadəsini isə ibtidai istintaqa verdiyi ifadəsi əsasında vermişdir. “Hadisə yerinə baxış keçirilməsi” barədə xx xxxx 2020-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, hadisə İsmayıllı rayonu Basqal qəsəbəsi ərazisindəki Asiman Qəhrəmanovun icarədarı olduğu çayxananın içərisində baş vermiş, orada Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 əvvəlcə yumruqla, ardından isə “makarov” tipli tapança silahına oxşar alışqan ilə və daha sonra masa üzərində olmuş şüşə tərkibli qənd qabının qapağı ilə vuraraq xəsarət yetirmişdir. Hadisənin törədilməsində alət kimi istifadə edilmiş şüşə qənd qabı və qənd qabının sınmış-parçalanmış hissələri çayxanada aşkar edildiyindən və iş üçün əhəmiyyət kəsb etdiyindən bir ədəd sellofan torbada qablaşdırılaraq götürülmüşdür. “Könüllü olaraq təqdim etmə və baxış keçirilmə” barədə xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Qorqud Naqiyev könüllü olaraq 01 ədəd tapanca silahına oxşar əşyanı təqdim etmiş, həmin əşyaya baxış keçirilmiş, baxış zamanı həmin əşyanın Çin istehsalı olan, “Makarov” tipli tapança formasında silaha oxşar, üzərində “CZ83 CAL.7.65BROWNİNG MADE İN CHİNA” sözləri yazılmış, alışqan kimi istifadə edilən əşya olması müəyyən edilmiş və iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Məhkəmə - ballistik ekspertizasının xx xxxxxx 2020-ci il tariхli 3/899 nömrəli rəyindən görünür ki, təqdim edilmiş predmet – zavod üsulu ilə tapanca formasında hazırlanmış alışqandır, odlu silah, qaz silahı hesab edilmir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. “Şahdağ MMC” firması tərəfindən verilmiş 14 avqust 2020-ci il tarixli 421 nömrəli arayışdan görünür ki, təqdim edilmiş 01 ədəd şəffav xrustal şüşə materialdan olan qənd qabı şüşə qapaq hissəsi ilə birlikdə, bir komplektdə satılır və ayrı-ayrılıqda satışı həyata keçirilmir. 2020-ci ilin iyul ayına həmin qənd qabının şüşə qapaq hissəsi ilə birlikdə qiyməti 11 (on bir) manat təşkil edir. Məhkəmə - əmtəəşünaslıq ekspertizasının xx xxxxxxxx 2020-ci il tariхli 9/3283 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilən 01 ədəd şüşə (xrustal) qəndqabının zədələnməmişdən əvvəl istifadəyə yararlı vəziyyətdə 2020-ci ilin iyul ayına orta bazar qiyməti təxminən 11.00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tariхli 309 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində ekspertiza zamanı aşkar edilmiş xəsarətlər – başın yarası və burunun səthi yarası olmuşdur. Qeyd olunan xəsarətlərdən başın yarası və burunun səthi yarası küt əşya (alət) təsirindən törənmişdir, dərəcəsinə ayrı-ayrılıqda başın yarası (təpə nahiyəsinin sağda 2,5 x 0,2 sm ölçüdə cərrahi tikilmiş yarası ilə nəticələnən) sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül dərəcəli zərərvurmaya, burunun səthi yarası isə (burun qanadında 1,0 x 0,2 sm ölçüdə kənarları nahamar, qansızmalı səthi yaralarla nəticələnən) sağlamlığa zərərvurmayan xəsarətlər aid edildiyindən dərəcəsi təyin edilmir. Xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən həmin xəsarətlər Zərərçəkmiş şəxs1 göstərdiyi və qərarın təsviri hissəsində göstərilən 23 iyul 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir. 07 avqust 2020-ci il tarixli tələbnamədən, Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 mart 2010-cu il tarixli 1(101)-82/2010 nömrəli hökmünün, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qərаrının, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarının və İsmayıllı rayon Məhkəməsinin 04 dekabr 2017-ci il tarixli 1(037)-58/2017 nömrəli hökmünün surətlərindən görünür ki, Qorqud Naqiyev Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Məhkəməsinin 05 mart 2010-cu il tarixli 1(101)- 82/2010 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirli bilinərək 9 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 08 dekabr 2016-cı il tarixli qərarı ilə çəkilməmiş qalan cəzasını çəkmək üçün xx xxxxxx 2016-cı il tarixdə 2 saylı Cəzaçəkmə Müəssisəsindən 2 saylı X7 müəssisəsinə keçirilmiş və müəssisənin qeydiyyatına alınmış, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx xxxxxxxx 2017-ci il tarixli qərarına əsasən cəzasının sonu 05 aprel 2018-ci il hesablanmaqla cəzasının qalan hissəsini, yəni 07 (yeddi) ayını çəkmək üçün ümumi rejimli cəzaçəkmə müəssisəsinə keçirilmiş, İsmayıllı rayon Məhkəməsinin xx xxxxxx 2017-ci il tarixli 1(037)-58/2017 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 08 avqust 2018-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu ödənilməmişdir. Tələbnaməyə əsasən Təqsirləndirilən şəxs əvvəllər Cinayət Məcəlləsinin 72– 73-2 və 74- 1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən azad edilməmişdir. 30 iyul 2020-ci il tarixli 174 və 175 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı Nağıyeva Röyalə Taleh qızı, 2017 və 2019-cu il təvəllüdlü uşaqları Yusif və Eltondan, 1962-ci il təvəllüdlü anası Nağıyeva Səltənət Ağaxəlil qızından ibarətdir, yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İsmayıllı rayon X2 hüquqi şəxsi Poliklinika şöbəsi tərəfindən verilmiş 04 avqust 2020-ci il tarixli 1330 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “xxxx” və Narkoloji kabinetlərdə qeydiyyatda yoxdur. 2 saylı X3-sanitar hissəsi tərəfindən verilmiş arayışın surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs “sağ yuxarı ətrafın sarkomasına görə sağtərəfli döş-kürək arası amputasiya cərahiyyə əməliyyatından sonrakı hal, “sol said nahiyyəsinin yumşaq toxumasının sarkoması, sağ bazu nahiyyəsinə sağ qoltuqaltı limfa düyünlərinə metaztazlar” diaqnozu aşkar olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş 07 avqust 2020-ci il tarixli **********5 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialından İİ qrup ümumi səbəbdən əlilliyə görə aylıq 130 (bir yüz otuz) manat məbləğində sosial müavinət alır. Müstəntiqinin 25 iyul 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə cinayət işi açılmışdır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiqin 25 iyul 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə müstəntiq tərəfindən tərtib edilmiş 25 iyul 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə saat 18:30-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 27 iyul 2020-ci il tarixli 4(037)-28/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsinə dair İsmayıllı rayon prokurorunun təqdimatı təmin edilməyərək Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsindən imtina olunmuş, təqsirləndirilən şəxsin müdafiəçisinin vəsatəti əsasında Təqsirləndirilən şəxs barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal həbsdən azad edilmiş, “ev dustaqlığı” qətimkan tədbirinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 25 iyul 2020-ci il tarixdə saat 18:30-dan hesablanmaqla ev dustaqlığında saxlanılma müddəti 25 oktyabr 2020-ci il tarixə saat 18:30-dək müəyyən edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin 06 avqust 2020-ci il tarixli 4(107)-75/2020 nömrəli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 4(037)-28/2020 nömrəli qərarından İsmayıllı rayon prokuroru tərəfindən verilmiş apelyasiya protesti qismən təmin edilmiş, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsindən imtina edilərək “ev dustaqlığı” qətimkan tədbirinin seçilməsinə dair İsmayıllı Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 4(037)-28/2020 nömrəli qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində xx xxxxxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş və məhkəmə iclas zalında həbs edilmişdir. Həbs etmənin əvvəli xx xxxxxx 2020ci il tarixdən hesablanmışdır. Müstəntiqinin “ Əşyaların maddi sübut kimi tanınmasına dair” 18 avqust 2020ci il tarixli qərarından müəyyən edilir ki, bir ədəd sellofan torbada qablaşdırılmış, içərisində 01 ədəd şəffav xrustal süşə tərkibli olan qənd qabı, həmin qənd qabının sınaraq parçalanmış qapaq hissələri və bir ədəd zərfdə qablaşdırılmış, içərisində zavod üsulu ilə tapanca formasında hazırlanmış 01 ədəd alışqandan ibarət əşyalar cinayət işi üzrə maddi sübut qismində tanınmış və saxlanılması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 08 oktyabr 2020-ci il tarixli 1(037)-46 /2020 nömrəli qərarından müəyyən edilir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş və dərhal məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmiş və bu maddə ilə məhkəməyə verilmişdir. İbtidai istintaq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin törədilməsini şahidlərin ifadələri, üzləşdirmə protokolu, məhkəmə-tibbi, məhkəmə-ballistik və məhkəməəmtəəşünaslıq ekspertizalarının rəyləri ilə və digər istintaq sənədləri ilə təsdiq еdildiyini göstərərək tam sübuta yеtirildiyi qənaətinə gəlmişdir. Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsinə əsas olaraq hadisə baş vermiş çayxananının ictimai yer hesab olunmasını, təqsirləndirilən şəxs tərəfindən ətrafda digər şəxslərin olmasına əhəmiyyət verilməməsini, ictimai qaydanın kobud surətdə pozulmasını, cəmiyyətə açıqca hörmətsizlik ifadə edilərək “Makarov” tipli tapançaya bənzər alışqandan silah qismində istifadə edilməsini göstərmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanının Təqsirləndirilən şəxs əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan bütün sübutlarlara öz təsdiqini tapmalı, hadisənin xuliqanlıq niyyəti ilə törədilməsi ilə bağlı olan bütün hallar ümumi nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində xuliqanliq niyyətinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlində xuliqanlıq cinayətinin əlamətləri mövcud deyildir. Bu hal iş materialları, xüsusən də zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri ilə təsdiq olunur. Belə ki, birinci instansiya məhkəməsi iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, hadisə baş verən gün, xx xxxx 2020-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs2 işlətdiyi çayxanada Qorduqla aralarında baş vermiş mübahisə zamanı səs-küy olmamış, çayxanada Qorqudla ondan başqa kimsə olmamış, çıxıb evinə gedərkən də ətrafda heç kimi görməmişdir. Digər zərərçəkmiş Zərərçəkmiş şəxs2 da ifadəsində bu hal bir daha təsdiqlənmiş, hadisə baş verən zaman çayxananın yaxınlığındakı bulaqda olduğunu bildirərək heç bir səs-küy eşitmədiyini və çayxananın ətrafında heç kəsi görmədiyini bildirmişdir. Cinayət işi üzrə məhkəmə iclasında dindirilmiş şahidlər İlkin Hüseynov və Şahid2 sonrakı məhkəmə iclasında verdikləri ifadələrində də hadisə yerində olmadıqlarını, baş vermiş hadisəni görmədiklərini və hadisə barədə eşitmədiklərini bildirmişlər. Təqsirləndirilən şəxsin ittiham olunduğu və təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsinin mənasına görə xuliqanlıq zamanı təqsirkarın hərəkətləri müəyyən səbəbə və şəxsi motivlərə görə konkret şəxsə qarşı deyil, hadisə ilə ümumiyyətlə, əlaqəsi olmayan şəxslərə, topluma, cəmiyyətə qarşı yönəlir və təqsirkarın niyyəti ondan ibarət olur ki, qeyri müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini göstərsin. Lovğalıq, özünəmüştəbehlik, ictimai maraqlara və hakim əxlaqa laqeyidlik xuliqanın tipik əlamətləri, xuliqanlıq niyyətinin xarakterik cizgiləridir. Belə niyyətlə deyil, şəxsi münaqişə zəminində qisas motivi ilə edilən hərəkətlər xuliqanlıq kimi qiymətləndirilə bilməz. Cinayət işi üzrə dindirilmiş təqsirləndirilən və zərərçəkmiş şəxslərin, şahidlərin verdikləri ifadələr, konkret olaraq hadisənin ümumi mənzərəsi və təqsirləndirilən şəxsin davranışı və niyyəti barədə onların ifadələrində göstərilən xüsusatlar araşdırılarkən məlum olur ki, Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət hadisəsi cəmiyyətə hörmətsizlik, ictimai dəyərlərə biganəlik motivləri ilə baş verməmişdir. Zərərçəkmiş şəxslərin ifadəsindən də göründüyü kimi, təqsirləndirən şəxsin törətmiş olduğu cinayət əməlində xuliqanlıq motivi yəni, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətlər mövcud olmamışdır. Cinayət hadisəsinin baş vermə səbəbi zərərçəkmiş şəxs Hacı Nağıyevin onun oğurluq cinayətini törətdiyinə görə məzəmmət edən Qorqud Naqiyevə kobud tərzdə cavab qaytarması səbəbindən bu zəmində aralarında mübahisə yaranması olmuşdur. B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx xxxxxx 2006-cı il tarixli qərarında göstərilir ki, ictimai qaydanın kobud surətdə pozulması, cəmiyyətə açıqca hörmətsizliyin ifadə edilməsi, vətəndaşlar üzərində zor tətbiq edilməsi və ya belə zorun tətbiq edilməsi hədəsi, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi xuliqanlıq hadisəsini xarakterizə edən əlamətlərdir. Bu normanı tətbiq edərkən təqsirkarın hərəkətlərini xarakterizə edən yuxarıda sadalanan əlamətlərin mövcudluğu mütləqdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirinin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgə yaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər isə təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydada əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı üzvünün qanuni mənafelərinə toxunan hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» xx xxxx 2004-cü il tarixli qərarının 3-cü bəndində qeyd edilir ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda, Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxud başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Şəxsi münasibətlər zəminində başlanılmış belə hərəkətlər sonradan ictimai qaydanı kobud surətdə pozmağa və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlərə çevrilərsə, onda şəxsin əməli xuliqanlıq kimi qiymətləndirilə bilər. Göründüyü kimi təqsirləndirilən şəxs Qorqud Naqiyevlə zərərçəkmiş şəxs Hacı Nağıyev arasında mübahisə şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs haqlı irad tutmasına baxmayaraq zərərçəkmiş şəxsin ona kobud cavab qaytarması ilə başlanmışdır. Təqsirləndirilən şəxsin hərəkəti sərxoş vəziyyətdə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən çayxanada Zərərçəkmiş şəxs1 bir neçə yumruq zərbəsi endirməsi, cibində saxladığı alışqanla Hacının baş nahiyəsinə vurması, masanın üzərindəki qənd qabının qapağı ilə Hacının Nağıyevin burun nahiyəsindən vurmasından ibarət olmuş və o, bu hərəkətindən sonra hadisə yerindən getmişdir. Onun hərəkətləri sonradan nümayişkarcasına ictimai qaydanı kobud surətdə pozmaqla və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizlik ifadə edən hərəkətlər etməklə davam etməmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə əsassız olaraq ittiham irəli sürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 23:00 radələrində sərxoş vəziyyətdə İsmayıllı rayonu Basqal qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi çayxanaya gəlmiş və orada tanışı Zərərçəkmiş şəxs1lə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs1 qəsdən bir neçə yumruq zərbəsi endirmiş və əynində olan gödəkçənin cibindəki alışqanı çıxarıb Zərərçəkmiş şəxs1 baş nahiyəsinə qəsdən bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid və masanın üzərindəki qənd qabının qapağını götürərək Zərərçəkmiş şəxs1 sağ burun nahiyəsindən qəsdən bir dəfə zərbə endirərək sonuncuya sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən xəsarətlər yetirmiş, həmin vaxt Zərərçəkmiş şəxs2 məxsus bir ədəd şüşədən olan qənd qabının qapağını sındığından sonuncuya 11 (on bir) manat dəyərində maddi ziyanı vurmuşdur. Təqsirləndirilən şəxs bu hərəkətləri ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Cinayət işi üzrə zərərçəkmiş şəxslər təqsirləndirilən şəxs ilə barışmışlar, ona qarşı heç bir şikayət və tələbləri olmamasını ifadələrində bildirməklə bu barədə yazılı ərizələrini məhkəməyə təqdim etmişlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası CPM-nin 40.3.-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Azərbaycan Respublikası CPM-nin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda çıxarılır. Məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi, Azərbaycan Respublikası CPM-nin 40.3. və 43.1.2-ci maddələri tətbiq edilməklə Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməli və barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübutllar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd sellofan torbada qablaşdırılmış 01 ədəd şəffaf xrustal süşə tərkibli olan qənd qabı və həmin qənd qabının sınaraq parçalanmış qapaq hissələri, bir ədəd zərfdə qablaşdırılmış, içərisində zavod üsulu ilə tapanca formasında hazırlanmış 01 ədəd alışqan qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsindən həmin Məcəllənin 128-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd sellofan torbada qablaşdırılmış 01 ədəd şəffaf xrustal süşə tərkibli olan qənd qabı və həmin qənd qabının sınaraq parçalanmış qapaq hissələri qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd zərfdə qablaşdırılmış, içərisində zavod üsulu ilə tapanca formasında hazırlanmış 01 ədəd alışqan qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 114 (bir yüz on dörd) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs oğlundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-2/2021
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-2/2021
29.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver