Məhkəmə qərarları › İş №1(037)-2/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-2/2024

02.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-2/2024 02.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs iştirakı ilə 02 iyul 2024-cü il tarixdə saat 13:06-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1961-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla orada yaşayan barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs İsmayıllı rayonu Tircan Bələdiyyəsinin mülkiyyətində olan, İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə olan torpaq sahəsində taxıl əkmək üçün, orada bitmiş qaratikan kollarını qanunsuz kəsib məhv etmək qərarına gələrək, bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə həmin torpaq sahəsini traktorçu Şahid2 özünə məxsus torpaq sahəsi kimi təqdim edərək, pul müqabilində sonuncunun vasitəsilə 2022-ci ilin iyun ayından iyul ayına qədər olan müddəti əhatə edən dövr ərzində günlərin birində özünün bilavasitə rəhbərliyi və iştirakı ilə qeyd edilən torpaq sahəsini traktorla şumlatdıraraq traktorun arxasına birləşdirilmiş kotanla köküstə yaş vəziyyətdə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarına əsasən 1 ədədi 80 manat olmaqla, ümumilikdə meşə fonduna aid olmayan 115 (yüz on beş) ədəd yaş halda qaratikan kolunu qanunsuz kəsərək kök hissəsi ilə birlikdə qəsdən torpaqdan götürməklə məhv edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 9200 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonu Tircan kəndində ailə üzvlərilə birlikdə yaşayır, fərdi əməklə məşğul olur. Yaşadığı kənddə qardaşı Rövşən İslamova məxsus 1,98 hektar torpaq sahəsi vardır, həmin 1,98 hektar torpaq sahəsi İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşir, ərazinin qarşısından yol keçir, həmin yolun sağ hissəsindən Girdimançayı axır. Həmin torpaq sahəsi islahat komissiyası pay torpağı olaraq qardaşının xüsusi mülkiyyətinə vermişdir. Rövşən 20 il bundan qabaq Rusiya Federasiyasına getmiş, müəyyən fasilələrlə rayona gəlib getmiş, axırıncı dəfə 2014-cü il tarixdə rayona gəlmiş, özünə məxsus olan torpaq sahəsini ona verərək istifadə etməsini bildirmişdir. O, 2022-ci ilin iyun-iyul aylarında qardaşı Rövşənin ona verdiyi həmin 1,98 hektar torpaq sahəsini kolkosdan təmizləyərək orada taxıl əkmək istəmişdir. Bununla əlaqədar olaraq traktorçu Şahid2 həmin ərazini şumlamasını xahiş etmiş, Sənan əraziyə baxdıqdan sonra həmin ərazini 240 manata şumlayacağını bildirmişdir. Bundan başqa ona və ailə üzvlərinə məxsus 4,29 hektar torpaq sahəsi də həmin 1,98 hektar torpaq sahəsinə bitişikdir. Sənan həmin ərazini də özünə məxsus traktorla şumlamışdır. 1,98 hektar torpaq sahəsinin içərisində olan qaratikan kollarını da şumlatdıraraq kökündən çıxartmış və ərazinin kənarına yığmışdır. Rövşənə məxsus olan həmin mübahisəli sahənin yaxınlığında Şahid3 məxsus ferma və icarədə torpaq sahəsi vardır. Dönməz həmin fermada iribuynuzlu malqara saxlayır. Şahid3 qaratikan kollarını ərazidən traktor vasitəsilə şumlatdıraraq çıxardıran zaman orada olmamışdır. Dönməz şikayətində 500-1000-ə yaxın ağacın məhv edildiyini bildirsə də orada ***-**** ağac olmamışdır. Qaratikan kollarından başqa oradan kol və ağac çıxartmamışdır. O, həmn yerin qardaşına məxsus olmasına əmin olduğundan oranı şumlatmış və oradakı sayını xatırlamadığı qədərdə qaratikan kollarını kökündən çıxarmışdır. Tötərdiyi əməlin cinayət olduğunu bilməmişdir. Buna baxmayaraq vurmuş olduğu ziyanın bir hissəsini ödəmişdir. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsində rəis müavini işləyir, İsmayıllı rayonu Tircan Bələdiyyəsinin mülkiyyətində olan İsmayıllı rayonu Tircan kəndi «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə yerləşən torpaq sahəsini Təqsirləndirilən şəxs tərəfindən traktorla şumlatdırılaraq 115 ədəd qaratikan kolları məhv edilmiş, həmin qaratikan kollarının məhv olması ilə əlaqədar təbiətə 9200 manat ziyan dəymiş və işlədiyi yerin əməkdaşları tərəfindən yəni Nərman Çırıyev və Şahid5 tərəfindən həmin sahəyə 20 sentyabr 2022-ci il tarixdə baxış keçirilərək təbiətə 9200 manat ziyan dəyməsi ilə bağlı akt və cədvəl tərtib edilmişdir. İsmayıllı rayonu Tircan kəndində Tircan Bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsinə əməkdaşlar baxış keçirən zaman köklə birlikdə torpaqdan çıxarılmış qaratikan kollarını görmüş və müəyyən edilmişdir ki, 115 ədəd qaratikan kolu torpaq sahəsi şumlanan zaman köklə birlikdə torpaqdan çıxarılaraq məhv edilmişdir. Ərazinin Təqsirləndirilən şəxs tərəfindən şumlatdırılması barədə Şahid3 tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə müraciət olunaraq Təqsirləndirilən şəxs tərəfindən qanunsuz hərəkətlərin dayandırılmasını xahiş etmiş, Şahid3 müraciəti Nazirliyə daxil olduqdan sonra əməkdaşlar tərəfindən İsmayıllı Tircan kəndi «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə olan torpaq sahəsinə baxış keçirilmiş və baxış zamanı 115 ədəd qaratikan kollarının köklə birlikdə torpaqdan çıxarılması nəticəsində təbiətə 9200 manat ziyan dəyməsi müəyyən edilmişdir. Şahid3 şikayətində və ifadəsində 500-1000-ə yaxın ağacın məhv edildiyini göstərsədə əməkdaşlar orada 115 ədəd qaratikan kollarının kökündən çıxarılaraq məhv edilməsini müəyyən etmişlər. Təqsirləndirilən şəxs qaratikan kollarının məhv edilərək şumlatdırılması barədə İdarəyə müraciət etməmiş, Təqsirləndirilən şəxs həmin 1,98 hektar torpaq sahsindən başqa həmin əraziyə bitişik 4,29 hektar torpaq sahəsinin olması barədə orada əməkdaşlara məlumat verməmiş, lakin həmin sahəyə baxış keçirilərkən 115 ədəd qaratikan kollarını kökündən çıxardaraq kənara yığdığını etiraf etmişdir. Məhkəmə istintaqının gedişində Təqsirləndirilən şəxs vurduğu zərəri qismən ödəmişdir. Təqsirləndirilən şəxs təbiətə vurmuş olduğu ziyanı tam şəkildə ödəyəcəyi təqdirdə sonuncuya qarşı tələbi və şikayəti olmayacaqdır, iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid1 ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində çalışır, 2008-ci ildən etibarən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin X6 Nəzarət sektorunun baş məsləhətçi müfəttişi vəzifəsində işləyir, baş məsləhətçi kimi vəzifəsi xidməti ərazisində rəhbərliyin müvafiq sərəncamları əsasında ekoloji pozuntularla bağlı daxil olmuş məlumat və şikayətlərin araşdırılması, mütamadi olaraq reydlərin keçirilməsi zamanı ekoloji qanunvericiliyin tələblərinə əməl olunmasına riayət etmək və 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi tərəfindən imzalanmış 0075 saylı xx.xx.2021-ci il tarixli sərəncama əsasən İsmayıllı rayonu üzrə Azərbaycan Respublikası «X8 haqqında», «Ekoloji Təhlükəsizlik haqqında» və digər qanunvericilik aktlarının tələblərinə əməl olunması ona həvalə olunmuşdur. Ümumiyyətlə ağacların kəsilməsi ilə bağlı mülkiyyətçi tərəfindən ərizə ilə müraciətlər 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə daxil olduqdan sonra ünvana baxış keçirilməklə akt tərtib olunaraq münasibət bildirilməsi üçün X7 Agentliyinə göndərilir, 2022-ci ilin sentyabr ayında 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə Şahid3 adlı şəxs İsmayıllı rayonu Girdimançay ərazisində, Qızılburun adlanan yerdə 500-1000-ə yaxın ağacları məhv edirlər” məzmunlu müraciəti daxil olmuş, müraciətlə əlaqədar şikayətçi Şahid3 ilə əlaqə saxlanılan zaman sonuncu Bakı şəhərində yaşadığını, bu səbəbdən müraciəti ilə bağlı araşdırmada iştirak edə bilməcəyini qeyd etmiş, müraciət müəllifinin göstərdiyi xüsusatla bağlı 20 sentyabr 2022-ci il tarixdə 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin ətraf mühütin mühafizəsinə nəzarət və ekoloji manitorinq sektorunda monitorunq üzrə aparıcı məsləhətçi müfəttişi Şahid5la birlikdə İsmayıllı rayonu Girdimançay ərazisində qaratikan kollarının kəsildiyi əraziyə baxış keçirilmiş və baxış zamanı onlarla birlikdə İsmayıllı rayonu Tircan kənd sakini Təqsirləndirilən şəxs iştirak etmişdir. Təqsirləndirilən şəxs iştirakı ilə həmin əraziyə baxış keçirilən zaman təxminən 2,0 (iki) hektar ərazidə sonuncu tərəfindən traktor vasitəsilə təmizləmə və hamarlama işləri aparılan zaman 115 (yüz on beş) ədəd qaratikan kollarını kökündən çıxardaraq kənara toplamış, bu barədə 20 sentyabr 2022-ci il tarixli 75460 nömrəli akt tərtib edilərək ərazinin foto şəkilləri cəkilib həmin akta əlavə edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli, 421 nömrəli qərarına əsasən dəymiş ziyan hesablanmış və ziyanın 9200 (doqquz min iki yüz) manat olduğu müəyyən edilmişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs izahat verərək bildirmişdir ki, qeyd olunan ərazi qardaşı X3 pay torpağıdır, həmin torpaq kənd təsərrüfatı məhsulları istehsal etmək üçün sonuncuya verilmiş, ərazi istifadə olunmadığından kol-kos basmış, ona gör də orada təmizləmə işləri aparmış, həmin kolları məhv etməsinin qanunsuz olması barədə məlumatı olmamışdır. Qeyd edilən izahat akta əlavə edilmişdir. Araşdırma zamanı iş üzrə əhəmiyyət kəsb edəcək başqa hal və xüsusat aşkar olunmamışdır. Şahid3 şikayətində 500-1000-ə yaxın ağacın məhv edildiyini göstərsə də orada 115 ədəd qaratikan kollarının kökündən çıxarılaraq məhv edilməsini aşkarlamışlar. Təqsirləndirilən şəxs kolların məhv edilməsi ilə bağlı İdarəyə müraciət etməmişdir. GPS vasitəsilə yoxlanılan zaman digər Təqsirləndirilən şəxs istifadəsində olan 4,29 hektar torpaq sahəsinə baxış keçirilərək koordinatları yoxlanılan zaman orada qaratikan kolların məhv edildiyini görməmişlər. Şahid3 5 ədəd şəkil təqdim edərək orada Təqsirləndirilən şəxs tərəfindən ağacların və kolların məhv edildiyini göstərsə də həmin şəkilləri harada cəkməsini bilmir. Şahid5 ifadəsində Şahid1 ifadəsində qeyd olunan xüsusatları təsdiq edərək eyni məzmunlu ifadə vermişdir. Şahid2 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Gəraybəyli kəndində yaşayır, özünə məxsus 1221 markalı 99 L 881 dövlət qeydiyyat nişanlı Belarus traktoru vardır, həmin traktorla camaata məxsus olan torpaq sahələrini şumlayaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış, onunla münasibəti normal olmuş, düşmənçiliyi və ədavəti olmamışdır. Təxminən 2022-ci ilin iyun-iyul aylarında yaşadığı ünvanda olarkən Təqsirləndirilən şəxs gələrək ona özünə məxsus torpaq sahəsini şumlatdırmaq istədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxsla birlikdə sonuncuya məxsus torpaq sahəsinə getmiş, Rəşid həmin torpaq sahəsinin onun xüsusi mülkiyyətində olduğunu bildirmiş, torpaq sahəsi İsmayıllı rayonu Tircan kəndi «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə yerləşmişdir. Torpaq sahəsini ölçüsü 1 hektardan çox olmuş, Rəşidlə raşılaşdıqdan sonra torpaq sahəsini şumlamışdır. Həmin torpaq sahəsində işləyən zaman orada olan qaratikan kollarını kotanla kökündən çıxarmış, Rəşid isə qaratikan kollarını kənara yığmışdır. Torpaq sahəsini şumlayan zaman orada qaratikan kollarından başqa ağac olmamışdır. Şahid3 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Tircan kəndi ərazisində olan Girdimançayın kənarında 15 hektar torpaq sahəsini dövlət örüş sahəsi kimi istifadə etməkdən ötrü 15 illik icarəyə vermiş, həmin torpaq sahəsinə görə İsmayıllı rayonu Tircan kənd Bələdiyyəsinə hər il 225 manat pul ödəyir. 15 hektar torpaq sahəsində ferma tikərək iribuynuzlu heyvanlar saxlayır, arıçılıqla məşğul olur. Təqsirləndirilən şəxs tanıyır, onunla münasibəti yoxdur. Təqsirləndirilən şəxs təxminən 1,50 hektar torpaq sahəsi qardaşı Rövşənə, digər 4,29 hektar torpaq sahəsi özünə və ailə üzvlərinə məxsusdur, lakin bütün torpaq sahəsində əkin-biçin işlərini yəni istifadəni Rəşid həyata keçirir. Həmçinin Rəşidin istifadəsində olan torpaq sahəsi Tircan kəndində olan Girdiman çayının sağ tərəfində yerləşir, qarşısında dağ olaraq dağın ətəyi, çayın kənarıdır, bundan əlavə həmin sahə ümumi örüş sahəsi olaraq həmin sahədən örüş sahəsi kimi o da istifadə etmiş, lakin sonradan həmin sahədən istifadə etmir. Təxminən 2022-ci ilin iyun-iyul aylarında fermada olmayan zaman çobanı telefonla ona zəng edərək Təqsirləndirilən şəxs istifadəsində olan torpaqları traktorla şumlatdıraraq orada olan ağacları və kolları kökündən çıxartdığını demiş, onunla danışandan sabahısı günü gələrək həmin əraziyə baxan zaman hal-hazırda bildiyi qartikan kollarının kökündən çıxarıldığını görmüş, hesablamasına görə həmin ərazidə ***-**** yaxın qaratikan kollarının kökündən çıxarıldığını görmüşdür. Lakin qaratikan kollarını ağac kimi bilmiş və bundan sonra bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qaynar xəttinə zəng edərək məlumat vermişdir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları həmin əraziyə gedərək 115 ədəd qaratikan kollarının kökündən çıxarılaraq 9200 manat ziyan dəyməsini yazmışlar, bundan əlavə həmin ərazidə ağaclar da kəsilmiş, həmin ağacların sayını bilmir. O, həmin ağacların şəklini cəkərək istintaq gedişatında təqdim etmişdir. Oradan nə qədər ağacın kəsilməsini bilmir, ümumi olaraq ***-**** ağac yazmış, ağacın və qaratikan kollarının da nə qədər olmasını bilmir, reallıqda isə oradan yüzlərlə qaratikan kolları və ağacın kökündən çıxarılaraq kənara atıldığını görmüşdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış zamanı orada olmamış, həmin idarənin əməkdaşı ona zəng edərək hadisə yerinə dəvət edən zaman Bakı şəhərində olduğu üçün hadisə yerinə baxış zamanı iştirak etməmişdir. Şahid6 Şahid3 ilə eyni məzmunlu ifadə verərək ifadəsində Şahid3 ifadəsində qeyd olunan xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasına şahid qismində çağırılmış Şahid4 Təqsirləndirilən şəxs oğlu olduğundan ona şahid qismində dindirilməmişdən əvvəl Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsində nəzərdə tutulmuş qaydada özünün və yaxın qohumlarının əleyhinə ifadə verməkdən imtina etmək hüququnun olduğu izah edilmiş, Şahid4 iş üzrə ifadə verməkdən imtina etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 20 sentyabr 2022-ci il tarixli 75460 nömrəli akt və cədvəlindən görünür ki, İsmayıllı rayonu Tircan kəndində Girdimançay ərazisində 1,98 ha torpaq sahəsində 115 ədəd qaratikan kolunun qanunsuz məhv edilməsinə görə təbiətə 9200 manat ziyan dəymişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 21 sentyabr 2022-ci il tarixli 99/323/d nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Tircan kəndində Girdimançay ərazisində Təqsirləndirilən şəxs tərəfindən traktor vasitəsilə 115 ədəd qaratikan kollarını kökündən çıxardaraq məhv etməsi nəticəsində təbiətə 9200 manat ziyan dəymişdir. İsmayıllı rayon prokurorunun köməkçisi İİİ dərəcəli hüquqşünas Raya Qafarova tərəfindən tərtib edilmiş 13 oktyabr 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, torpaq sahəsi İsmayıllı rayonundan Ağsu rayonuna gedilən yolda Girdimançay adlanan ərazidə körpünü keçdikdən sonra sola istiqamətlənib və təxminən 3-4 km düz irəlilədikdə yolun sağ tərəfində yerləşir. Qeyd edilən ərazi İsmayıllı rayonu Tircan kəndi ərazisində yerləşən Qızılburun adlanan sahə kimi ərazinin bir hissəsi dağlıq sahədir. 1,98 ha ərazidə qaratikan kolları təmizlənərək hamarlanma işləri aparılmış, ərazinin təmizlənən hissəsinin ətrafında adda-budda kol-koslara rast gəlinir. Həmçinin bəzi hissələrində təmizlənmiş qaratikan kollarının topa şəkildə qırıntılarına rast gəlinir. Həmin qaratikan kollarının və ümumi sahənin şəkli çəkilmişdir. Məhkəmə-bioloji və əmtəəşünaslıq ekspertizasının 13 mart 2023-cü il tarixli 9/1066- 7/217 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 20 sentyabr 2022-ci il tarixli, 75460 №-li aktına əsasən Yaşıllıq ərazilərdə ağacların kəsilməsi və ya məhv edilməsi nəticəsində dəymiş ziyanın hesablanması cədvəlinə əsasən – İsmayıllı rayonunun Tircan kəndində, Girdiman ərazisində meşa fonduna aid olmayan «Qızılburun» adlanan ərazidə köküstə yaş vəziyyətdə 115 (yüz on beş) ədəd yaş halda qaratikan kolu kəsilmişdir.Ekspertiza tədqiqatına təqdim edilmiş Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 20 sentyabr 2022-ci il tarixli, 75460 №-li aktına və ona əlavə edilmiş hesablama cədvəlinə əsasən 115 ədəd qaratikan kollarının köküstə yaş halda qanunsuz məhv edilməsi nəticəsində təbiətə dəymiş ziyanın ümumi miqdarı 9200,00 (115 x 80 man) manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. 24 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin» X15 «İsmayıllı rayon Mərkəzi Xəstəxanası» X9 daxil olmuş 31 mart 2023-ci il tarixli PHŞ-6- 47/2-83/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs «İsmayıllı rayon Mərkəzi Xəstəxanası» X13 Poliklinika şöbəsinin «Narkoloji», «Ruhi-əsəb» və «Narkoloji» kabinetlərində dispanser qeydiyyatında yoxdur. İsmayıllı rayon İcra Hakimiyyətinin Başçısından daxil olmuş 01 aprel 2023-ci il tarixli 5-54/2-240/2023 nömrəli məktubundan görünür ki, Tircan kənd sakini Təqsirləndirilən şəxs tərəfindən ona məxsus pay torpaq sahəsində olan qaratikan kollarının kəsilməsinə razılıq verilməsi barədə Rayon İcra Hakimiyyətinə müraciət daxil olmamışdır. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olmuş 01 aprel 2023-ci il tarixli 3-14-45/2- 281/2023 nömrəli məktubundan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs tərəfindən qaratikan kollarının kəsilməsi üçün rəy verilməsi ilə bağlı hər hansı bir sənəd İdarəyə daxil olmamışdır. Azərbaycan Respublikası İsmayıllı rayon Tircan Bələdiyyəsindən daxil olmuş 08 may 2023-ci il tarixli 12 nömrəli məktubundan görünür ki, İslamov X5 rayon Tircan bələdiyyəsinin inzibati ərazisi olan «Qızıl-burun» (Acı-dərə) adlanan ərazisində qardaşına və özünə aid pay torpaq sahəsindən 115 ədəd «Qaratikan» kolunun qırılması zamanı Tircan bələdiyyəsindən icazə alınması üçün hər hansısa bir məlumat daxil olmamışdır. 09 iyun 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri İsmayıllı rayonu Tircan kəndində Girdimançay çayının axını istiqamətində gedən yolun sol kənarında yerləşir. Həmin əraziyə GPS vasitəsilə kordinatların müəyyən olunması zamanı Tircan kəndindən gedən torpaq yolunun solunda yerləşən əkin sahələrinə daxil olaraq dağın qarşısındadır. Həmin sahəyə taxıl əkilmiş, taxıl sahəsi əkilmiş yerin kənarında kəsilmiş qaratikan kolları götüyündən çıxarılaraq kənara atılmışdır. Həmin ərazi 1,98 hektar sahə olmaqla sahəyə taxıl əkilmişdir. X1 istifadə etməyi üçün verilmiş, həmin sahəyə bitişik ərazini Təqsirləndirilən şəxs göstərərək şifahi olaraq bildirdi ki, orada olan 4,29 hektar torpaq sahəsinidə ailə üzvlərinə dövlət istifadə etmək üçün vermişdir. Həmçinin 1,98 hektar sahəsini göstərərək orada olan 115 (yüz on beş) ədəd qaratikan kollarını traktor vasitəsilə kökündən çıxardaraq kənara yığmış və həmin əraziyə taxıl əkmişdir. Bundan əlavə 4,29 hektar torpaq sahəsinə taxıl əksədə orada qaratikan kollarının olmadığını və təbiətə ziyan vurmadığını bildirdi. Bundan əlavə həmin qaratikan kollarını çıxartdığı ərazini GPS vasitəsilə kordinatların müəyyən olunması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reysteri X13 9 saylı Qəbələ Ərazi İdarəsinin mühəndisinə göstərdi. Həmin qaratikan kollarının çıxarıldığı yer GPS vasitəsilə yoxlanıldı. Bundan başqa əraziyə baxış zamanı orada olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi 4,29 hektar torpaq sahəsinə baxaraq şifahi olaraq bildirdi ki, həmin ərazidən qaratikan kolları çıxarılaraq məhv edilməmişdir. Lakin 1,98 hektar torpaq sahəsinə baxış zamanı oradan 115 ədəd qaratikan kollarının kökündən çıxarılaraq məhv edilmiş və bu barədə akt tərtib edilmişdir. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin X14 Təsərrüfatı Mərkəzindən daxil olmuş 24 may 2023-ci il tarixli 3-14- 27-10/2-155/2023 nömrəli məktubundan görünür ki, Girdimançay ərazisində qaratikan kollarının kəsildiyi ərazi 2006-cı ilin meşəquruluşu xəritəsinə və elektron baza xəritəsinə əsasən X17 aid deyildir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri» X13 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 13 iyun 2023-cü il tarixli 3-21-3-42/2-3024/2023 nömrəli mütəxəssis rəyindən görünür ki, İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə kəsilmiş qaratikan kollarının yerləşdiyi ərazinin mülkiyyət növü Bələdiyyə, kateqoriyasının «kənd təsərrüfatı təyinatlı», islahat uqodiyası örüş, alt uqodiyası (faktiki) əkin olduğu müəyyən olunmuşdur. Həmçinin İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə kəsilmiş qaratikan kollarının yerləşdiyi torpaq sahəsinin döngə nöqtələrinin kordinatları göstərilmişdir. Məhkəmə-torpaqşünaslıq ekspertizasının 04 iyul 2023-cü il tarixli 10/4854 nömrəli rəyindən görünür ki, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri» X13 9 saylı Qəbələ Ərazi İdarəsindən daxil olmuş 13 iyun 2023-cü il tarixli, 3-21-3-42/2-3024/2023 saylı mütəxəssis rəyinə əsasən, İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə kəsilmiş qaratikan kollarının yerləşdiyi ərazinin mülkiyyət növünün Bələdiyyə mülkiyyəti, kateqoriyasının «kənd təsərrüfatı təyinatlı» torpaqlar olması, islahat uqodiyasının «örüş» olması, alt uqodiyasının (faktiki) əkin olduğu müəyyən olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Tircan kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsindən daxil olmuş 06 iyul 2023-cü il tarixli 5-54-33/2-23/2023 nömrəli məktubundan görünür ki, X3 mülkiyyətində olan İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə kəsilmiş 115 ədəd qaratikan kollarının yerləşdiyi ərazinin mülkiyyət növü aparılan araşdırmalar nəticəsində bələdiyyə torpağıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri» X11 daxil olmuş 14 iyul 2023-cü il tarixli 3-21-3-02/2-8736/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs ümumi birgə mülkiyyətində İsmayıllı rayonu Tircan kəndində 0,5 ha yaşayış məntəqələrinin, 0,10 ha yaşayış məntəqələrinin və 4,29 ha kənd təsərrüfatı təyinatlı, 0,45 ha kənd təsərrüfatı təyinatlı və 0,12 ha yaşayış məntəqələrinin torpaq sahəsi özgəninkiləşdirilmiş torpaqlarıdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Xidməti «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reystri» X15 "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən daxil olmuş 26 iyul 2023-cü il tarixli 3-21-3-60/2-1704/2023 nömrəli məktubundan görünür ki, İslamov X5 rayonu Tircan kəndi ərazisində JN-0520 (kod ********) nömrəli Dövlət Aktı ilə mülkiyyətinə verilmiş 1,98 hektar torpaq sahəsi ilə bağlı elektron uçot xəritəsində düzəliş olunması barədə «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X13 9 saylı Qəbələ Ərazi İdarəsinə müraciət etmiş və müraciət əsasında mütəxəssislər tərəfindən vətəndaşın göstərdiyi torpaq sahəsinə baxış keçirilmiş, GPS aləti vasitəsi ilə torpaq sahəsinin sərhədlərinin döngə nöqtələrinin koordinatları müəyyənləşdirilərək düzəliş olunması məqsədilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə göndərilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim olunmuş MDB faylına (koordinatlara) əsasən aparılmış araşdırma zamanı müəyyən olunmuşdur ki, təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsi ortofotoya və İsmayıllı rayonu «Bakı fəhləsi» üzüm istehsalı və emalı müəssisəsinin ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı örüş (otlaq) ərazisinə düşür. JN-0520 (kod ********) nömrəli Dövlət Aktı ilə Təqsirləndirilən şəxs mülkiyyətinə verilmiş 1,98 hektar torpaq sahəsi qeyd olunan ərazidən kənarda yerləşdiyi və təqdim olunan koordinatlarda yerləşən torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı örüş (otlaq) ərazisinə düşdüyü üçün düzəlişin aparılması mümkün olmamışdır. İsmayıllı rayon Tircan Bələdiyyəsindən daxil olmuş 03 avqust 2023-cü il taroxli 16 nömrəli məktubundan görünür ki, İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə kəsilmiş 115 ədəd qaratikan kollarının yerləşdiyi ərazi bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. “İfadənin yerində yoxlanması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 115 (yüz on beş) ədəd qaratikan kollarını traktor vasitəsilə kökündən çıxardaraq kənara yığdığı yer İsmayıllı rayonu Tircan kəndində Girdimançay çayının axını istiqamətində gedən yolun sol kənarında yerləşir. Həmin ərazi 1,98 hektar sahədir, sahənin qarşısında dağ vardır, sahə dağ ətəyinə düşür. Həmçinin sahə şumlanaraq taxıl əkilmişdir. 1,98 hektar torpaq sahəsinin kənarında 4,29 hektar torpaq sahəsi vardır. həmin sahəyə bitişik ərazini Təqsirləndirilən şəxs göstərərək şifahi olaraq bildirdi ki, orada olan 4,29 hektar torpaq sahəsinidə ailə üzvlərinə dövlət istifadə etmək üçün vermişdir. Həmçinin 1,98 hektar sahəsini göstərərək orada olan 115 (yüz on beş) ədəd qaratikan kollarını traktor vasitəsilə kökündən çıxardaraq kənara yığmış və həmin əraziyə taxıl əkmişdir. Bundan əlavə 4,29 hektar torpaq sahəsinə taxıl əksədə orada qaratikan kollarının olmadığını və təbiətə ziyan vurmadığını bildirdi. Bundan başqa əraziyə baxış zamanı orada olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçi müfəttişi 4,29 hektar torpaq sahəsinə baxaraq şifahi olaraq bildirdi ki, həmin ərazidən qaratikan kolları çıxarılaraq məhv edilməmişdir. Lakin 1,98 hektar torpaq sahəsinə baxış zamanı oradan 115 ədəd qaratikan kollarının kökündən çıxarılaraq məhv edilmiş və bu barədə akt tərtib edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs şifahi olaraq ifadəsində göstərdiklərini ifadəsinin yerində yoxlanması zamanı da təsdiq etmişdir. Vurulmuş ziyanın müəyən edilməsinə dair cinayət işi üzrə təyin edilərək alınmış ekspertiza rəyi Təqsirləndirilən şəxs tərəfindən mübahisələndirildiyindən İsmayıllı Rayon Məhkəməsinin 19 dekabr 2023-cü il tarixli qərarı ilə təkrar məhkəmə bioloji və məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-bioloji və məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28 mart 2024-cü il tarixli 3-16-16/2-7/1755-9/10185 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 27 fevral 2024-cü il tarixdə İsmayıllı Rayon Məhkəməsinin 13 fevral 2024-cü il tarixli məktubuna əlavə edilmiş X10 İnkşaf Mərkəzinin aqronomunun (və ya mütəxəssisin) rəyinə əsasən ərazidə kəsilmiş kol kötükləri aşkar olunmamışdır. Aparılmış bioloji tədqiqatın nəticələrinə əsasən baxış keçirilmiş ərazidə qaratikan kollarının olub-olmaması və dəqiq sayları, yararlılığı barədə məlumat olmadığından dəymiş ziyanın müəyyən edilməsi mümkün deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. Ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs təbiətə vurduğu 9200 manat ziyanın 3000 manat hissəsini 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin müvafiq hesabına ödəmişdir. Müstəntiqin 01 avqust 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 14 sentyabr 2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Tircan kəndində qeydiyyatda olmaqla orada yaşayır, ərazidə yaşadığı müddətdə barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamış, ümumilikdə müsbət xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni qaratikan kollarının kəsildiyi torpaq sahəsinin özününkü bilərək kəsməsinə dair verdiyi ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi tərəflərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkətləri protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin nümayəndəsinin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Tircan Bələdiyyəsinin mülkiyyətində olan, İsmayıllı rayonu Tircan kəndi, «Girdimançay» ərazisində «Qızılburun» adlanan yerdə olan torpaq sahəsində taxıl əkmək üçün, orada bitmiş qaratikan kollarını qanunsuz kəsib məhv etmək qərarına gələrək, bu cinayətkar niyyətini həyata keçirmək məqsədilə həmin torpaq sahəsini traktorçu Şahid2 özünə məxsus torpaq sahəsi kimi təqdim edərək, pul müqabilində sonuncunun vasitəsilə 2022-ci ilin iyun ayından iyul ayına qədər olan müddəti əhatə edən dövr ərzində günlərin birində özünün bilavasitə rəhbərliyi və iştirakı ilə qeyd edilən torpaq sahəsini traktorla şumlatdıraraq traktorun arxasına birləşdirilmiş kotanla köküstə yaş vəziyyətdə olan, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2016-cı il 27 oktyabr tarixli 421 nömrəli Qərarına əsasən 1 ədədi 80 manat olmaqla, ümumilikdə meşə fonduna aid olmayan 115 (yüz on beş) ədəd yaş halda qaratikan kolunu qanunsuz kəsərək kök hissəsi ilə birlikdə qəsdən torpaqdan götürməklə məhv edib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin funksional tabeliyində və idarəetməsində fəaliyyət göstərən 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə 9200 manat məbləğində külli miqdarda ziyan vurmuşdur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 259.2.4-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cinayət nəticəsində dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddələrinə əsasən, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Bundan başqa məhkəmə törədilmiş əməlin ictimati təhlükəlilik dərəcəsinə də diqqət çəkməklə qeyd edir ki, ərazidən kəsilmiş qaratikan kolları məhz ərazinin abadlaşdırılaraq taxıl məhsullarının istehsalı məqsədi ilə kəsilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut və müsadirə edilməli əmlak yoxdur. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Tircan kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs оğlunun cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs оğlu təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə ekspertiza xərci olan 250 (iki yüz əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (keçiriləcək hesab – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar