Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-20/2022 09.03.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi, xüsusi ittiham qaydasında şikayət vermiş X3 iştirakı ilə, X6 tərəfindən X1 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət ərizəsinə və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında, məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 məhkəməyə ərizə ilə müraciət edərək, Lahıc qəsəbə sakini X5 18.02.2022-ci il tarixdə Lahıc qəsəbə orta məktəbin həyətində onlarla müəllim, valideyn və şagirdlərin qarşısında onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş, bununlada şərəf və ləyaqətini alçaltdığını bildirərək onun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli bilinməklə cinayət məsuliyyətinə cəlb edilməsini və həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsini xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında xüsusi ittiham qaydasında şikayət vermiş şəxs X6 izahatında göstərdi ki, 18 saylı Vəkil Bürosunun vəkilidir. Bibisi nəvəsi X4 onunla bağladığı müqavilə əsasında ona ailə mübahisələri ilə bağlı hüquqi yardım göstərir. Bu barədə məlumatı olan Lahıc qəsəbə sakini X5 18.02.2022-ci il tarixdə Lahıc qəsəbə orta məktəbin həyətində onlarla müəllim, valideyn və şagirdlərin qarşısında onun ünvanına nalayiq ifadələr işlətməklə təhqir etmiş, bununlada onun şərəf və ləyaqətini alçaltmışdır. Bunu nəzərə alaraq xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə hazırlıq iclasında barədə xüsusi ittiham qaydasında şikayət verilmiş X5 göstərdi ki, X7 onun arvadıdır. Aralarında yaranmış ailə mübahisələri ilə bağlı məhkəməyə müraciət olunmuşdur. Bundan sonra Mahirə Quliyeva onunla uşaqlarının görüşməsinə maneələr yaradır. Eyni zamanda arvadı hüquqlarını müdafiə etmək üçün qohumu vəkil Qalib Məmmədovla müqavilə bağlamışdır. Ərizədə qeyd edildiyi kimi o, vəkili təhqir etməmiş, əksinə Qalib Məmmədov ona telefonla zəng edərək hədələmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, proses iştirakçılarının izahatını dinləyib, xüsusi ittiham qaydasında verilmiş şikayətə əlavə olunmuş sənədləri araşdıraraq hesab edir ki, məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra - CPM): 302.1.2 və 302.1.3-cü maddələrinə əsasən şikayət xüsusi ittiham qaydasında cinayət təqibinə hüququ olmayan şəxs tərəfindən verildikdə və şikayətin məzmunu bu Məcəllənin 293.3.1-293.3.7-ci maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olmadıqda məhkəmə xüsusi ittiham qaydasında şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən imtina edir; 302.1.2-302.1.4, 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə, xüsusi ittiham qaydasında şikayətin öz icraatına qəbul edilməsindən imtina edilməsi barədə qərar çıxarır. Bundan başqa, CPM-in 293.3-cü maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə yazılı şikayətdə və ya şifahi şikayətin qəbul edilməsi barədə protokolda aşağıdakılar göstərilir: - şikayət vermiş şəxs haqqında məlumatlar (soyadı, adı, atasının adı, doğulduğu il, yaşayış yeri və məşğuliyyət növü, vəzifəsi); - törədilmiş cinayət barədə məlumatlar (cinayət qanunu ilə nəzərdə tutulmuş məhz hansı əməlin törədilməsi, onun harada, nə vaxt və necə törədilməsi, bu zaman zərər vurulmuşdursa, məhz hansı zərərin vurulduğu, o cümlədən maddi ziyanın məbləği); - cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin kim tərəfindən törədilməsi (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri) və əməlin məhz həmin şəxs tərəfindən törədilməsinin nə ilə təsdiq edildiyi; - şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi; - cinayəti törətmiş şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi haqqında xahiş; - şikayətin verildiyi tarix (il, ay və gün) və yer; - şikayəti vermiş şəxsin imzası. Belə ki, şikayətdə xüsusi ittiham qaydasında şikayətin verilmə qaydasına riayət edilməyərək şikayət vermiş şəxs haqqında məlumatlar tam göstərilməmiş (doğulduğu il, məşğuliyyət növü, vəzifəsi), şikayətdə göstərilən cinayətin törədilmə hallarının hansı şahid ifadələri ilə və konkret olaraq hansı şəxslərin ifadələri ilə (şəxsin soyadı, adı, atasının adı və yaşayış yeri), hansı sənədlərlə, habelə hansı digər sübutlarla təsdiq edildiyi müəyyən olunmamışdır. Belə ki, ərizəçi tərəfindən şikayətdə göstərilən cinayətin törədilməsinin sübutu kimi iş materiallarına əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, diskdə olan səs yazıları tərəflər arasındaki mülki işlə bağlı qarşılıqlı dialoq şəkilindədir və həmin səs yazılarında sözügedən cinayəti sübut edən hər hansı məlumat əks olunmamışdır. Eyni zamanda ərizəçi Lahıc qəsəbə sakini X1 18.02.2022-ci il tarixdə Lahıc qəsəbə orta məktəbin həyətində onlarla müəllim, valideyn və şagirdlərin qarşısında onun ünvanına nalayiq ifadələr işlətməsini bildirsə də qohumu, eyni zamanda mülki işlə bağlı hüquqi yardım göstərilməsi üçün müqavilə bağladığı X2 başqa sözügedən cinayətin törədilməsini təsdiq edən digər şahid siyahısını ərizədə göstərməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014cü il tarixli, 3 nömrəli Qərarının 11-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, xüsusi ittiham qaydasında şikayətə məhkəmənin hazırlıq iclasında baxılması mərhələsində şikayətin məzmununun CPM-in 293.3.1-293.3.7-ci maddələrinin tələblərinə uyğun olubolmamasını yoxlasınlar. Xüsusi ittiham qaydasında şikayət bu tələblərə cavab vermədikdə, habelə CPM-in 302.1.2-302.1.4 və 302.1.6-302.1.8-ci maddələrində nəzərdə tutulmuş halları müəyyən etdikdə məhkəmə hazırlıq iclasında şikayətin öz icraatına qəbul edilməsindən imtina haqqında əsaslandırılmış qərar qəbul edir. Beləliklə, qeyd olunanlara məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, xüsusi ittiham qaydasında şikayət CPM-in 293.3.1-293.3.7-cü maddəsində göstərilən xüsusi ittiham qaydasında verilmiş şikayətin forma və məzmununa dair tələblərə riayət edilmədən verildiyindən şikayət ərizəsinin məhkəmənin icraatına qəbul edilməsindən imtina edilməlidir. Göstərilənlərə əsasən və CPM-in 299, 300 və 302-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 tərəfindən X1 cinayət məsuliyyətinə cəlb olunması barədə xüsusi ittiham qaydasında verilmiş şikayət üzrə məhkəmənin hazırlıq iclasının nəticələri əsasında məhkəmə baxışının keçirilməsindən və xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsindən imtina edilsin. Qərardan 20 gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-20/2022
İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-20/2022
09.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver