Məhkəmə qərarları › İş №1(037)-20/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-20/2024

30.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-20/2024 30.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 30 may 2024-cü il tarixdə saat 16:16-da İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1993-cü ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində bir azyaşlı uşağı olan, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi 64WD5J2 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 06 avqust 2022-ci il tarixdə saat 23 radələrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin velosiped, araba, asma mühərrikli velosiped və moped istisna olmaqla, Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququnun sürücülük vəsiqəsi əsasında həyata keçirilməsinə dair tələbini pozaraq nəqliyyat vasitəsini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi, eləcə də nəqliyyat vasitəsini idarə etmək hüququna dair müəyyən edilmiş qaydada təsdiqlənmiş etibarnaməsi olmadan idarə etdiyi, atası X9 məxsus “Vaz 21099” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobillə İsmayıllı şəhərinin Ə.Ələkbərzadə küçəsi ilə “Kəpənək daiəsi” adlanan ərazi istiqamətində, öz hərəkət yolunda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin nəqliyyat vasitələrinin yaşayış məntəqələri daxilində saatda 60 kilometrdən çox olmayan sürətlə hərəkət etməli olmasına dair tələbini pozaraq saatda 70-80 kilometr sürətlə hərəkətdə olarkən, əks istiqamətdən hərəkətdə olan Zərərçəkmiş şəxs məxsus, sonuncunun idarə etdiyi “Vaz 21074 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin onun yoluna çıxdığını görüb, “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin sürücünün hərəkətin intensivliyini, nəqliyyat vasitəsinin, yükün xüsusiyyətlərini və vəziyyətini, yol və meteoroloji şərati, xüsusən hərəkət istiqamətində görmə şəraitini nəzərə almaqla, nəqliyyat vasitəsini müəyyən olunmuş sürət məhdudiyyətindən çox olmayan sürətlə sürməli, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olmasına dair tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin tələblərə riayət etməyərək yol hərəkəti qaydalarını pozmuş, yəni sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074 minik” markalı avtomobilin sola dönəcəyi üçün onun yoluna çıxdığını nəzərə alıb nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmalı olduğu halda bunu etməmiş və Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz-21074 minik” markalı avtomobilin qabaq sol hissəsi ilə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan “Vaz 21074 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol sirkə kasasının qəlpəli yerdəyişmiş sınığı və sol bud sümüyünün travmatik çıxığı kimi sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti almasına, həmin avtomobildə əyləşmiş sərnişinlər X1 saidin piqmentasiya sahəsinin qançırı, X7 isə sağ saidin və sol diz oynağının piqmentasiya sahələrinin qançırı kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarətləri almalarına, eləcə də “Vaz 21074 minik” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə Zərərçəkmiş şəxs 1000 (min) manat məbləğində, “Vaz 21099 minik” markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobili zədələməklə X9 1200 (min iki yüz) manat məbləğində maddi ziyan vurulmasına səbəb olmuşdur. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdir ki, o, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 5 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. 06 avqust 2022-ci il tarixdə atasına məxsus “Vaz 21099” markalı, **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə Göyçay şəhəri istiqamətindən İsmayıllı RMX istiqamətində hərəkət etmiş, həmin avtomobili sürücülük hüququ və etibarnaməsi olmadan idarə etmiş, onunla birlikdə avtomobildə tanışı X15 və tanışı X10 da olmuşlar. Amid Şabanov qabaq oturacaqda, Şamil İsrayilov isə arxa sağ oturacaqda əyləşmişlər. Saat 23 radələrində Göyçay şəhəri istiqamətindən İsmayıllı şəhəri, “Kəpənək dairəsi” istiqamətində təqribən 70-80 km/saat sürətlə hərəkətdə olarkən qarşıdan gələn avtomobilin “Həyat market” adlanan mağazanın yaxınlığında yavaşladığını görmüş. həmin avtomobil sol tərəfə dönmək üçün yavaşlamış, o, həmin avtomobilin onun hərəkətdə olduğu yola çıxdığını görmüş, həmin avtomobil yolun ona aid olan hərəkət hissəsində avtomobili saxlamış, o, dərhal əyləci bassa da aralarındakı məsafə az olduğu üçün maşın dayanmamış və onun avtomobilinin qabag sol hissəsi digər avtomobilin qabaq sol hissəsinə zərbə ilə dəymiş, həmin avtomobil yolun ona aid olan hərəkət hissəsinə çıxarkən aralarındakı məsafə az olduğundan avtomobili saxlaya bilməmiş, o, dərhal avtomobildən enib digər avtomobilə tərəf getmiş, həmin avtomobilin sürücüsünün və avtomobildə olan sərnişinlərin səhhəti ilə maraqlanmış, Vaz 2107 markalı avtomobilin sürücüsünün avtomobildən enməsinə köməklik etmiş, bir neçə dəqiqə sonra əraziyə X23 maşını gəlmiş və Vaz 2107 markalı avtomobildə olan şəxslər X23 maşını ilə İsmayıllı RMX-ya getmiş, o, nəqliyyat hadisəsi nəticəsində heç bir xəsarət almamış, onun idarə etdiyi avtomobilin qabaq oturacağında əyləşən X11 alın nahiyyəsində cızıq olmuş, lakin digər sərnişin Şamil İsrayilov heç bir xəsarət almamış, hadisə baş verdikdən 10 dəqiqə sonra əraziyə polis əməkdaşları gəlib, zəruri sənədləşmə işləri aparmışlar. Hadisə vaxtı avtomobili özü idarə etmiş, özü ayıq, avtomobil isə saz vəziyyətdə olmuşdur. Özünü təqsirli bilir və əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxslə barışmağa cəhd etmiş, lakin maddi imkanı olmadığından ona vurulmuş zərəri ödəyə bilməmişdir. Ona qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, özünə məxsus “Vaz 2107” markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 06 avqust 2022-ci il tarixdə saat 21 radələrində ona məxsus Vaz 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobillə həyat yoldaşı X13, qızı Nərgiz Rəhimli, qohumu Cəlil Şirəliyev, Ləman Şirəliyeva, Ela Şirəliyeva ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən “Günəş park” ailəvi istirahət mərkəzinə gəzməyə getmiş, gedərkən və qayıdarkən həyat yoldaşı Nuridə Rəhimova avtomobilin qabaq oturacağında əyləşmiş, saat 23 radələrində eyni tərkibdə geri qayıdarkən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə Göyçay şəhəri istiqamətində hərəkət etmiş, həmin küçədə “Həyat market” adlanan mağazanın yanına çatarkən qarşıdan o, dönmək üçün sol tərəfə dönmə işığını yandırmış və avtomobili saxlayaraq qarşıdan gələn “Vaz 21099” markalı avtomobilin keçməsini gözləmiş, qarşıdan gələn avtomobil ötmə əməliyyatı etmiş, həmin avtomobil ötmə əməliyyatını yekunlaşdırıb öz yoluna tam keçə bilməmiş və bu səbəbdən də onun avtomobilinin qabaq sol hissəsinə çırpılmış, həmin vaxt zərbədən qapılar açılmış, həyat yoldaşı və avtomobildə olan digər sərnişinlər avtomobildən yerə yıxılmış, o da xəsarət almış, həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşmış, o, avtomobildə sıxışmış vəziyyətdə qalmış, qızı Nərgiz dərhal X22 zəng etmiş, bir neçə dəqiqə sonra əraziyə X23 əməkdaşları gəlmiş, o, Nuridə və qızı Nərgiz X23 avtomobili ilə İsmayıllı RMX-ya getmiş, orada ona və ailə üzvlərinə tibbi yardım göstərmişlər və ailə üzvlərini evə buraxmışlar, onun ağrıları olsa da onu da evə buraxmışlar, lakin səhəri gün səhhətindəki narahatlıq artdığından Göyçay şəhərinə getmiş, oradan da Bakı şəhərinə müalicə olunması üçün getmiş, onun çanaq sümüyündə sınıq olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs onun müalicə və müayinə xərclərinə köməklik etməmiş, ümimiyyətlə onun səhhəti ilə maraqlanmamışdır. Yalnız məhkəmə istintaqı zamanı onun valideyini zəng etmiş və onun müalicə və müayinə xərclərinə köməklik ediləcəyinə söz vermişlər. Odur ki, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə yekun qərar qəbul edilərkən bu halların nəzərə alınmasını xahiş edir. X4 ifadə verərək göstərdi ki, iş üzrə Zərərçəkmiş şəxs onun əridir. 06 avqust 2022-ci il tarixdə saat 21 radələrində əri Natiqə məxsus Vaz 2107 markalı, **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə qızı Nərgiz Rəhimli, qohumu Cəlil Şirəliyev, Ləman Şirəliyeva, Ela Şirəliyeva ilə birlikdə İsmayıllı rayonu ərazisində yerləşən “Günəş park” ailəvi istirahət mərkəzinə gəzməyə getmişlər. O, qayıdarkən avtomobilin qabaq oturacağında əyləşmiş, saat 23 radələrində eyni tərkibdə geri qayıdarkən İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsi ilə Göyçay şəhəri istiqamətində hərəkət etmiş, həmin küçədə “Həyat market” adlanan mağazanın yanına çatarkən qarşıdan markasını bilmədiyi avtomobilin sürətlə gəldiyini görmüş və əri Natiqə avtomobili yavaşlatmasını xahiş etmişdir. O, sanki qarşıdan gələn avtomobilin onların avtomobilinə toqquşacağını hiss etmiş, Natiq avtomobili yolun ortasında yavaşlatmış və qarşıdan gələn avtomobilin keçməsini gözləyərkən anidən qarşıdan gələn avtomobil onların avtomobilinə çırpılmışdır. Həmin vaxt zərbədən qapılar açılmış, özü və avtomobildə olan digər sərnişinlər avtomobildən yerə yıxılmışlar. O, qolumdan xəsarət almışdır. Həmin vaxt ətrafa tanımadığı şəxslər toplaşmış və Natiq avtomobildə sıxışıb qaldığından ona köməklik etmişlər. Qızı Nərgiz dərhal X22 zəng etmiş, bir neçə dəqiqə sonra əraziyə X23 əməkdaşları gəlmişlər. Onlara tiibi yardım göstərilmiş və evə buraxılmışlar. Natiqin səhhətindəki narahatlıq artdığından səhəri gün onu Göyçay şəhərinə aparmış və orada Natiqin çanaq sümüyündə sınıq olduğu müəyyən olunmuşdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan 07 avqust 2023-cü il tarixli yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqında protokoldan görünür ki, yol nəqliyyat hadisəsi İsmayıllı şəhəri, Ə.Ələkbərzadə küçəsində baş vermişdir. Məhkəmə tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 405 nömrəli rəyindən görünür ki, X15 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 399 nömrəli rəyindən görünür ki, X12 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 471 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sol sirkə kasasının qəlpəli yerdəyişmiş sınığı və sol bud sümüyünün travmatik çıxığı bərk-küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol-nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan, sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 473 nömrəli rəyindən görünür ki, X7 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ saidin və sol diz oynağının piqmentasiya sahələri qançır izi olub küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 472 nömrəli rəyindən görünür ki, X6 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- sağ saidin piqmentasiya sahəsi qançır izi olub küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixli yol nəqliyyat hadisəsi nəticəsində törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid edildiyi üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli 97 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibbi ekspertizası zamanı bədən səthində, eləcə də başında xəsarətin hər hansı bir obyektiv əlaməti (qançır, sıyrıq, yara və s.) aşkar edilmədi. X5 xx.xx.2022-ci il tarixdə İsmayıllı RMX-da “sol dirsək oynağının səthi travması” diaqnozu qoyulmuşdur. Qoyulmuş diaqnoz xəsarətin obyektiv əlamətləri ilə əsaslandırılmadığından və L.M.Şıxaliyevanın məhkəmə-tibbi müayinəsi zamanı onun sol dirsəyində və bədən səthində xəsarətin obyektiv əlamətləri (qançır, sıyrıq, yara və s.) aşkar edilmədiyindən İsmayıllı RMX-da qoyulmuş diaqnoz sağlamlığa zərərvurma dərəcəsinin təyinində nəzərə alınmır. Məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının 03 mart 2023-cü il tarixli, 8/360 nömrəli rəyindən görünür ki, Vaz 21099 markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz 21099 markalı avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Sürücü Təqsirləndirilən şəxs Vaz 21099 markalı avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 70-80 km/saat sürətlə hərəkət etdirdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur.

2. Vaz 21074 markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 77-ci maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə onun hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Zərərçəkmiş şəxs Vaz 21074 markalı avtomobildə texniki xarakteristikasında nəzərdə tutulduğundan 4 nəfərdən artıq sayda, yəni 5 nəfər adam daşıdığından onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 56-cı maddəsinin 9-cu hissəsinin 2-ci bəndinin tələblərinə uyğunsuzluq olmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 78 (yetmiş səkkiz) manat təşkil edir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 dekabr 2022-ci il tarixli 9/8200 nömrəli rəyindən görünür ki;

1. Nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 1999-cu il buraxılışlı “Vaz 21074” minik markalı **-BE-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir bərpa xərci təxminən 1000,0 manat müəyyən edilir.

2. Nəzəri hesablama yolu ilə iş materiallarında olan "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2001-ci il buraxılışlı “Vaz 21099” minik markalı **-CG-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1200,0 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 04 dekabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Cəfərli X8 Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsi ilə təqsirli bilinərək, 2 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 1 il azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 3 ay 11 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.1-ci bəndinə əsasən azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X25 İdarəsindən alınmış 15 yanvar 2024-cü il tarixli 3-13-16/-2/2-134/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına AE 967993 nömrəli “BC” kateqoriyalı xx.xx.2019-cu il tarixdən xx.xx.2029-cu il tarixədək etibarlılığı olan sürücülük vəsiqəsi olması və sürücülük hüququnun xx.xx.2021-ci il tarixdən xx.xx.2024-cü il tarixədək məhdudlaşdırılması barədə İsmayıllı rayon Məhkəməsinin hökmü olması barədə məlumat qeydə alınmışdır. İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından alınmış spirtli içki qəbul edən şəxslərin sərxoşluq dərəcəsinin 07 avqust 2022-ci il tarixli 314 nömrəli tibbi müayinə aktından görünür ki, Təqsirləndirilən şəxs 07 avqust 2022-ci il tarixdə sərxoş vəziyyətdə olmamışdır. Müstəntiqin qətimkan tədbirinin seçilməsinə dair 17 noyabr 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs başqa bir cinayət əməlində təqsirli bilndiyindən barəsində İsmayıllı Rayon Məhkəməsinin 16 may 2023-cü tarixli 4(037)-17/2024 nömrəli qərarına əsasən “həbs” qətimkan tədbiri seçilmiş və o, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəssisəsində saxlanılır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə iclasında dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. 26 oktyabr 2023-cü il tarixli 2697 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri N.Behdiyev küçəsi ev 5- ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və oğlu- xx.xx.2016-cı il təvəllüdlü oğlu Sərxandan ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması, onun zərərçəkmiş şəxslə barışıq əldə etməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Tələbnamədən göründüyü kimi Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.1-ci maddəsinə əsasənonun əvvəlki cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olduğuna görə onun məhkumluğunun ödənilməməsi residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini qanuni və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatlarının ümumi dəyəri olan 128 (bir yüz iyirmi səkkiz) manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Cinayət işi üzrə 178 (bir yüz yetmiş səkkiz) manat ekspertiza xərci hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar