Məhkəmə qərarları › İş №1(037)-23/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-23/2023

02.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-23/2023 02.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Zərərçəkmiş şəxs X2 iştirakı ilə Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi2, Zərərçəkmiş şəxs X2 iştirakı ilə 02 may 2023-cü il tarixdə saat 15:45-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 2005-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Qubaxəlilli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri, xx xxxxxx 2000-ci ildə İsmayıllı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonunun Hacıhətəmli kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin iyun-iyul aylarında, dəqiq tarixləri məlum olmayan ayrı-ayrı vaxtlarda, gündüz saatlarında qohumu Təqsirləndirilən şəxs2 çobanlığını etdiyi Mehman Məmmədova məxsus qoyunların İsmayıllı rayonunun İsmayıllı kəndinin ərazisində açıq otlaq sahəsində nəzarətsiz qalmasını gözləyib, çobanlıq edən Təqsirləndirilən şəxs2 kənarda olmasından, eləcə də hər-hansı digər şəxsin yaxınlıqda olmamasından istifadə edərək 2 baş ağ rəngli, 2 baş sarı rəngli, 2 baş qonur rəngli, hər biri 6-7 aylıq, 9-10 kiloqram diri çəkilərdə, 3-ü dişi, 3-ü erkək cinsli, başqa xüsusi əlamətləri olmayan, hər birinin ayrı-ayrılıqda dəyəri 90 manat təşkil edən, cəmi 540 manat dəyərində quzulardan (toğlulardan) ibarət xırda buynuzlu heyvanları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yükləyib apararaq Mehman Məmmədova ümumilikdə 540 (beş yüz qırx) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, qohumu Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan vaxtda Mehman Məmmədov tərəfindən çobanlıqdan kənarlaşdırıldığını öyrənib tamah niyyəti və özgənin əmlakını təkrarən gizli olaraq talamaq məqsədi ilə Təqsirləndirilən şəxs2 müraciət edərək Mehman Məmmədova məxsus xırdabuynuzlu heyvanlardan bir neçəsini birlikdə oğurlamağı təklif etmiş, bu məqsədlə onunla razılaşan Təqsirləndirilən şəxs2la qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən özgənin əmlakını tamah niyyəti ilə gizli olaraq talamaq məqsədilə o, Təqsirləndirilən şəxs2la birlikdə 2022-ci ilin avqust ayında, dəqiq tarixləri məlum olmayan ayrı-ayrı vaxtlarda, gündüz saatlarında İsmayıllı rayonunun İsmayıllı kəndinin ərazisində, açıq otlaq sahəsində otlayan Mehman Məmmədova məxsus xırdabuynuzlu heyvanların nəzarətsiz qaldığı vaxtı gösləyib bundan istifadə etməklə birinci dəfə 2 baş, dişi cinsli, ağ rəngli, 4 yaşlı, diri çəkiləri 14-15 kiloqram olan, başqa xüsusi əlamətləri olmayan, hər birinin ayrı-ayrılıqda dəyəri 85 manat təşkil edən, cəmi 170 manat dəyərində qoyunlardan, ikinci dəfə isə 3 baş, erkək cinsli, ağ rəngli, hər biri 6-7 aylıq, diri çəkiləri 8-9 kiloqram olan, başqa xüsusi əlamətləri olmayan, hər birinin ayrı-ayrılıqda dəyəri 70 manat təşkil edən, cəmi 210 manat dəyərində quzulardan (toğlulardan) ibarət xırdabuynuzlu heyvanları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yığıb apararaq Mehman Məmmədova ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs2 2022-ci ilin avqust ayında, dəqiq tarixi məlum olmayan vaxtda Mehman Məmmədov tərəfindən çobanlıqdan kənarlaşdırıldıqdan sonra qohumu Təqsirləndirilən şəxs1 ona Mehman Məmmədova məxsus xırdabuynuzlu heyvanlardan bir neçəsini birlikdə oğurlamaq barədə təklifi ilə razılaşaraq, bu məqsədlə Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşmiş, aralarında olan razılığa əsasən tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədilə o, Təqsirləndirilən şəxs1lə birlikdə 2022-ci ilin avqust ayında, dəqiq tarixləri məlum olmayan ayrı-ayrı vaxtlarda, gündüz saatlarında İsmayıllı rayonunun İsmayıllı kəndinin ərazisində, açıq otlaq sahəsində otlayan Mehman Məmmədova məxsus xırdabuynuzlu heyvanların nəzarətsiz qaldığı vaxtı gösləyib bundan istifadə etməklə birinci dəfə 2 baş, dişi cinsli, ağ rəngli, 4 yaşlı, diri çəkiləri 14-15 kiloqram olan, başqa xüsusi əlamətləri olmayan, hər birinin ayrı-ayrılıqda dəyəri 85 manat təşkil edən, cəmi 170 manat dəyərində qoyunlardan, ikinci dəfə isə 3 baş, erkək cinsli, ağ rəngli, hər biri 6-7 aylıq, diri çəkiləri 8-9 kiloqram olan, başqa xüsusi əlamətləri olmayan, hər birinin ayrı-ayrılıqda dəyəri 70 manat təşkil edən, cəmi 210 manat dəyərində quzulardan (toğlulardan) ibarət xırdabuynuzlu heyvanları vahid niyyətlə əhatə olunan qəsdlə gizli olaraq talayıb, markası və dövlət qeydiyyat nişanı istintaqa məlum olmayan avtomobilə yığıb apararaq Mehman Məmmədova ümumilikdə 380 (üç yüz səksən) manat məbləğində maddi ziyan vurmaqla qabaqcadan əlbir olan bir qrup şəxs halında oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə ittiham verilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2-ci maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, rəsmi olaraq heç yerdə işləməsə də təxminən 4-5 ildir çobanlıq etməklə dolanışığını təmin edir. Təqsirləndirilən şəxs2 onun bibisi oğludur və normal münasibəti vardır. Samir təxminən 6 ay müddətində Mehman Məmmədova çobanlıq etmişdir. Mehman Məmmədova məxsus qoyunları dəqiq tarixi yadında qalmasa da özü də otarmışdır. Aralarında hər hansı müqavilə bağlanmamış, yalnız şifahi razılıq olmuş və şifahi razılıq əsasında Mehmanın qoyunlarını otarmışdır. X6 qoyunlarına çobanlıq edərkən o, Mehman Məmmədova məxsus hər dəfə 2, 2 və 2 baş olmaqla 3 dəfə ayrı-ayrılıqda, təklikdə 6 baş quzunu Samirin xəbəri olmadan sürüdən qoyun açıq sahədə olan vaxtı, yəni gündüz saatlarında oğurlayıb apararaq tanımadığı taksi ilə İsmayıllı şəhərinin Kolxoz bazarında qəssab işləyən Həbib adlı şəxsə satmışdır. Həmin quzuları Həbibə 1 başı 110 manata, 3 başı 120 manata və 2 başı isə 130 manata satmışdır. Bu hadisə 2022-ci ilin iyun-iyul aylarında dəqiq tarixlərini bilmədiyi günlərdə baş vermişdir. Məlum hadisəni törətsə də bu barədə heç kimə məlumat verməmişdir. Bibisi oğlu Samirin məlumatı olmamışdır. Cəmi bir dəfə isə tanıdığı taksi ilə yəni, ag rəngli Vaz 21011 markalı dövlət qeydiyyat nişanını bilmədiyi Taleh adlı şəxslə qoyunları satmağa aparmışdır. Əldə etdiyi gəliri isə şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmçinin 2022-ci ilin avqust ayında Samirlə birlikdə olarkən sonuncuya Mehmanın qoyunlarından oğurlamağı təklif etmiş və razılaşmışlar. Həmin ayda ayrı-ayrı vaxtlarda Samirlə ikisi Mehman Məmmədova məxsus 2 və 3 baş olmaqla 2 dəfəyə 5 baş qoyunu birlikdə oğurlayıb tanımadığı taksi ilə yenə Həbib adlı qəssaba satmışdır. Bu zaman qoyunları onun təklifi ilə yenə gündüz saatlarında sahədən oğurlamışlar. Əldə etdiyi gəlirdən 20, 30 manat özünün, qalanı isə Samirin olmuşdur. 2 baş qoyunu və 3 baş quzunu Həbibə özü satmış və qoyunları 120 manata, quzuları isə 110 manata satmışdır. Oğurlayaraq satdığı qoyunların oğurluq olması barədə heç kimə, o cümlədən Həbib adlı qəssaba məlumat verməmiş, sonuncunun bundan xəbəri olmamışdır. Əldə etdiyi gəlirdən 20-30 manatı özünün olmuş, qalan pulu isə Samirə vermişdir. Başqa hər hansı şəxsə məxsus qoyun və sair heyvan oğurlamamışdır, törətdiyi əmələ görə peşmandır. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də təxminən 7-8 ildir müxtəlif yerlərdə çobanlıq etməklə dolanmışdır. O cümlədən dəqiq xatırlamadığı müddətdə İsmayıllı rayonunun İsmayıllı kənd sakini Mehman Məmmədovun da qoyunlarına baxmış, ona çobanlıq etmişdir. Mehman Məmmədovla aralarında hər hansı müqavilə bağlanmamış, şifahi razılıq əsasında Mehmanın qoyunlarını otarmışdır. Eləcə də aralarında təhvil təslim aktı yazılmamışdır. 2022-ci ilin avqust ayında Mehman Məmmədova məxsus qoyunlara çobanlıq etməmişdir. Ancaq həmin ayda ayrı-ayrı vaxtlarda dayısı oğlu Təqsirləndirilən şəxs1lə Adgözəlin təklifi ilə Mehman Məmmədova məxsus 2 və 3 baş olmaqla 2 dəfəyə 5 baş qoyunu gündüz saatlarında otlaq sahəsindən birlikdə oğurlayıb tanımadığı taksi ilə Kolxoz bazarına aparıb orada Həbib adlı qəssaba satmışlar. Əldə etdikləri gəlirdən 20, 30 manat Adgözəlin, qalanı isə özünün olmuşdur. X5 özü tək satmışdır. Barəsində olan cinayət işinin istintaqı aparılan zaman bilmişdir ki, Mehman Məmmədovun qoynuna çobanlıq edərkən sonuncuya məxsus 3 dəfə ayrı-ayrılıqda 6 baş quzunu onun xəbəri olmadan sürüdən qoyun sahədə olan vaxt Adgözəl oğurlayıb tanımadığı taksi ilə aparıb Kolxoz bazarında qəssab işləyən Həbib adlı şəxsə satmışdır. Bu hadisə 2022-ci ilin iyun-iyul aylarında dəqiq tarixlərini bilmədiyi günlərdə baş vermişdir. Özü Mehmana çobanlıq edərkən heç bir qoyun oğurlamamışdır. Adgözəllə birlikdə Mehmana məxsus qoyun sürüsündən 5 baş qoyunu oğurlamış və həmin 5 baş qoyunu özü çobanlıqdan çıxdıqdan sonra birlikdə oğurlamışlar. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsə vurulmuş ziyan ödənilmiş və zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbi yoxdur. Bunlar nəzərə alınaraq ona qanunla nəzərdə tutulmuş yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Mehman Məmmədov ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi təsərüfatında 132 baş xırdabuynuzlu heyvanı olmuşdur. Heyvanlarına ayrı-ayrı vaxtlarda Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və başqaları çobanlıq etmişlər. Təqsirləndirilən şəxs2 qoyununa çobanlıq edərkən ona məxsus 6 baş qoyununu 3 dəfə ayrı-ayrılıqda Samirin xəbəri olmadan qoyun sahədə olan vaxt sürüdən Təqsirləndirilən şəxs1 təklikdə oğurlayıb İsmayıllı şəhərinin Kolxoz bazarında qəssab işləyən Həbib adlı şəxsə satmışdır. Həmin heyvanlar 2022-ci ilin iyun və iyul aylarında oğurlanmışdır. 2022-ci ilin avqust ayında o, Təqsirləndirilən şəxs2 işdən çıxarmış və çobanlığı başqa şəxsə həvalə etmişdir. Həmin vaxt da ona məxsus 5 baş qoyunu gündüz saatlarında otlaq sahəsindən Təqsirləndirilən şəxs2la Təqsirləndirilən şəxs1 ikisi birlikdə oğurlayıb onun tanımadığı taksi ilə yenə Kolxoz bazarında Həbib adlı qəssaba satmış və əldə etdikləri gəliri bölmüşlər. Samirlə Adgözəllə arasında rəsmi hər hansı müqavilə bağlanmamış, eləcə də təhvil təslim aktı da olmamışdır. Aralarında yalnız şifahi razılıq olmuşdur. Sonradan ona vurulmuş ziyan ödənilmiş, təqsirləndirilən şəxslərə qarçı tələbi və şikayəti yoxdur. Bu barədə məhkəməyə ərizə təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, təxminən 30 ildir qəssab işləməklə ailəsini dolandırır. İsmayıllı rayonunun Qubaxəlilli kənd sakini Təqsirləndirilən şəxs1 atası Salehin vasitəsi ilə tanımışdır. Belə ki, Saleh ona bir neçə dəfə quzu satmışdır. Təqsirləndirilən şəxs2 isə ümumiyyətlə tanımır. Samir onun yanına gəlməmiş və ona heç vaxt heyvan satmamışdır. Təqsirləndirilən şəxs1 2022-ci ilin iyun, iyul və avqust aylarında gündüz vaxtlarında, saat 11-12 radələrində yanına gələrək ona 110 manat, 120 manat və 130 manata olmaqla ümumilikdə 11 baş qoyun heyvanınını satmışdır. Həmin şəxsdən heyvanın kimə məxsus olmasını soruşduqda Adgözəl heyvanların özünə məxsus olmasını demişdir. O, Adgözələ inanıb gətirdiyi heyvanları qeyd edilmiş qiymətlərə almışdır. Təqsirləndirilən şəxs1 onun yanına tək gəlmiş və Adgözəlin ona satdığı heyvanların oğurluq olmasından xəbəri olmamışdır. Məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspert rəyini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7934 saylı rəyinin nəticə hissəsindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən heyvanların 2022-ci ilin iyunavqust aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən olunur. 1-ci sual üzrə: 2022-ci ilin iyun-iyul aylarına 6-7 aylıq, 2 baş ağ rəngli, 2 baş sarı rəngli, 2 baş qonur rəngli, 9-10 kq diri çəkilərdə, 3-ü dişi, 3-ü erkək cinsli toğlu - 540 (6X90 man) manat təşkil etmişdir. 2-ci sual üzrə 2022-ci ilin avqust ayına 3 baş erkək cinsli, ağ rəngli, diri çəkiləri 8-9 kq, 6-7 aylıq toğlu – 210 (3X70 man) manat təşkil etmişdir. Həmin vaxt üçün 2 baş dişi cinsli, ağ rəngli, 4 yaşlı, diri çəkiləri 14-15 kq qoyun - 170 manat (2X85 man) təşkil etmişdir. “İsmayıllı RMX PHŞ”-dən alınmış məktubdan görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 narkoloji və psixatrik kabinetlərdə qeydiyyatda yoxdur. X2 İsmayıllı RPŞ-yə və məhkəməyə ünvanladığı ərizələrdən görünür ki, ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir, buna görə də heç bir şikayət və tələbi yoxdur. Tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş ittihama hüquqi qiymət verərək, həmçinin təqsirləndirilən şəxslərin ifadəsini, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CM 144-146). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 03 mart 2005-ci il tarixli qərarında qeyd olunur ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Təqsirkar şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi, sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan oğurluq cinayəti başa çatmış hesab edilir». Xeyli miqdarda və ya külli miqdarda ziyan vurmaq tövsifedici əlamətilə, oğurluq törətmiş şəxsin əməli tövsif edilərkən, məhkəmələr Azərbaycan Respublikası CM-nın 177-ci maddəsinin qeydinin 2-ci bəndini rəhbər tutmalıdır. Talanmış əmlakın qiyməti müəyyən edilərkən, cinayət törədilən vaxt həmin əmlakın faktiki dəyəri əsas götürülməlidir». Həmin qərarın 11-ci bəndində qeyd edilir ki, CM-nin 34.2-ci maddəsinin mənasına görə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən oğurluq, soyğunçuluq və ya quldurluq cinayətinə görə cinayət məsuliyyəti həm də o zaman yaranır ki, özgə əmlakının bilavasitə götürülməsini, cinayətin iştirakçıları arasında əldə edilmiş razılaşmaya əsasən, onlardan biri həyata keçirsin. Cinayətin digər iştirakçıları, rolların bölgüsünə əsasən, cinayətin törədilməsində icraçıya bilavasitə kömək göstərməyə yönəlmiş hərəkətlər edərsə (məsələn, şəxs yaşayış sahəsinə girməsə də qapının, cəftənin, qıfılın sındırılmasında iştirak edərsə, əvvəlcədən əldə edilmiş razılığa əsasən talanmış əmlakı apararsa, törədilən cinayət aşkar ediləcəyi hallarda digər iştirakçıları sığortalayarsa) onlar CM-nin 32.2-ci maddəsinə müvafiq olaraq birgə icraçı hesab edilir və belə hallarda əməlin tövsifi üçün CM-nin 32-ci maddəsinə istinad edilməsinə ehtiyac yoxdur. Həmin Qərarda həmçinin götərilir ki, eyni mənbədən götürülən, vahid qəsdlə əhatə olunan, bir cinayət hərəkətlərinin məcmusunu təşkil edən, bir sıra oxşar cinayət hərəkətlərindən ibarət, davam edən talama cinayətini, təkrar törədilmiş talamadan fərqləndirmək lazımdır. Şəxs, tövsifedici əlamətlər olmadan, özgə əmlakının eyni formada iki və ya daha çox müstəqil talanmasına görə (məsələn, müxtəlif mülkiyyətçilərdən bir neçə dəfə oğurluq edilməsi) məhkum edilməmişsə, yaxud cinayət məsuliyyətinə cəlb etmə müddətləri keçməmişsə, bu zaman həmin hərəkətlər CM-nin 16.2-ci maddəsinə müvafiq olaraq, CM-nin 177.2.2, 180.2.2 və ya 181.2.2-ci maddələrində nəzərdə tutulmuş «təkrar» törədilmiş cinayət kimi tövsif edilməlidir. Belə halda cinayətkar hərəkətlər cinayətlərin məcmusunu təşkil etmir. Təqsirkarın iradəsindən asılı olmayaraq cinayət başa çatmadıqda da məsələyə bu mövqedən yanaşılmalıdır. Bununla belə şəxsin özgə əmlakını müxtəlif formada bir neçə dəfə talaması (məsələn oğurluq və soyğunçuluq), yaxud CM-nin 177.1, 177.2, 177.3, 180.1, 180.2, 180.3, 181.1, 181.2, 181.3-cü maddələri ilə tövsif edilməli olan bir neçə cinayət törətməsi hallarında, şəxs həmin əməllərə görə məhkum edilməmişsə, göstərilən cinayətlərin məcmusu yaranır. Bu zaman vaxt etibarilə sonrakı epizodlar cinayətlərin «təkrarlığı» əlaməti ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin şərh edilməsinə dair» 09 iyun 2011-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsi ilə oğurluq cinayət əməlinin bir neçə tövsifedici əlamətləri müəyyən edilmişdir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsi oğurluq cinayətinin tövsifedici əlamətlərindən biridir. Oğurluğun yaşayış sahəsinə, habelə binaya, anbara və ya digər saxlanc yerlərinə daxil olmaqla törədilməsi öz ictimai təhlükəliliyi ilə seçilir. Belə ki, mənzildə, binada, anbarda və digər saxlanc yerlərində fiziki və hüquqi şəxslərə məxsus daha qiymətli və xüsusi mühafizə olunan əşyalar saxlanılır. Adı çəkilən yerlərə daxil olma şəxslərə daha əhəmiyyətli ziyanın dəyməsi ehtimalını artırır. CM-nin 177.2.3-cü maddəsində qeyd edilən yaşayış sahəsi insanların daimi və ya müvəqqəti yaşaması üçün nəzərdə tutulmuş, onların əmlakının olduğu evlər, mənzillər, bağ evləri, mehmanxana və sanatoriya otaqlarını, habelə onların tərkib hissələrini nəzərdə tutur. Bina insanların və ya maddi dəyərlərin yerləşdirilməsi üçün nəzərdə tutulmuş tikili və ya qurğulardır. Maddi nemətlərin saxlanması üçün xüsusi olaraq təchiz edilmiş binalar, qurğular, habelə xüsusi mühafizə vasitələri ilə təchiz edilmiş saxlama yerləri anbar hesab edilir. Məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli isə Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Beləliklə də, Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən, məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində yuxarıda qeyd olunan maddələr üzrə ittiham hökmü çıxarmağı məqsədəmüvafiq hesab edir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək hesab edir ki, cəzanın məqsədləri ona Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.2-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin olunduğu təqdirdə təmin edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs1 cəza təyin edilərkən Azərbaycan Respublikası CMnin 59-cu maddəsinə əsasən onun törətdiyi əməli etiraf edərək səmimi peşmançılıq çəkməsini, gənc olmasını, cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, zərərçəkmiş şəxsə dəyən ziyanın tam ödənilməsini və sonuncunun ona qarşı şikayət və tələbinin olmamasını yüngülləşdirən hallar kimi, eyni zamanda hərbi xidmət üzrə cağırış yaşına çatdığını, ona təyin olunacaq cəzasını tez bir zamanda çəkərək ordu sıralarına qatılmasının hazırki vəziyyətdə zəruri olmasını da cəza təyin edrəkən nəzərə alır. Məhkəmə iclasında Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 əməlində cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən hallar və cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzaçəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs1 üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsinin saksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq, binaya qanunsuz daxil olmaqla talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslə razılıq əldə edib barışmasını, cinayət nəticəsində dəymiş ziyanı ödəməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan və zərərçəkmiş şəxs X3 tərəfindən yazılmış ərizədən görünür ki, Təqsirləndirilən şəxs2 cinayət nəticəsində ona vurduğu ziyanı tamamilə ödəmişdir. Hazırda onun təqsirləndirilən şəxsdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan İsmayıllı şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamə ilə müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, ona təqsirli bilindiyi Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. O cümlədən, Təqsirləndirilən şəxs2 azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Hacıhətəmli kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3–cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10–cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirləri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş 1 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Qubaxəlilli kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs1 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Hacıhətəmli kəndindəki evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə ekspertiza xərci olan cəmi 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar