Məhkəmə qərarları › İş №1(037)-24/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-24/2023

06.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-24/2023 06.07.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 06 iyul 2023-cü il tarixdə saat 11:43-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1990-cı il tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, subay, himayəsində üç azyaşlı uşağı olan, məhkum edilməmiş, İsmayıllı şəhəri, A.Şaiq küçəsi, ev 6-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs üç azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin ondan alınıb tələbkar X4 ödənilməsinə dair İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli qətnaməsinin icrası ilə bağlı həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli İcra vərəqəsinə əsasən İsmayıllı rayon icra və probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanması haqqında qərar qəbul edildiyini bildiyi halda, xəbərdarlıqlara baxmayaraq icra sənədini icra etmədiyinə və çağırışlara əhəmiyyət vermədiyinə görə barəsində çıxarılmış İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(037)-32/2022 nömrəli borclunun İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardadına əsasən xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X13 və həmin bölmənin sahə polis nəfəri X14 tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti, 14 saylı ünvanda yerləşən İsmayıllı rayon icra və probasiya şöbəsinə, həmin şöbəsinin rəisi vəzifəsini icra etmiş, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs xidməti iş otağına gətirilmiş, həmin otaqda böyük icra məmuru Zərərçəkmiş şəxs tərəfindən ona aliment borcunun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə isə cinayət məsuliyyət daşıyacağı izah olunmuş, bundan sonra o, əsəbi halda alimenti ödəməyəcəyini deyib böyük icra məmuru Zərərçəkmiş şəxs ünvanına məhkəmə qərarının icrası ilə bağlı xidməti vəzifələrini icra etməsi ilə əlaqədar hədələyici və nalayiq ifadələr işlədərək özünə məxsus mobil telefonu qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə atmaqla sonuncuya özünü müdafiə etmək üçün üz nahiyəsinə tutduğu sol əlinə mobil telefonun zərbə ilə dəyməsi nəticəsində yaranmış sol əlin qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, o, İsmayıllı şəhəri, A.Şaiq küçəsi, ev 6-da qeydiyyatda olmaqla anasıyla birlikdə yaşayır, subaydır, işləmir. Atası 2009-cu il tarixdə rəhmətə getmişdir. 2011-ci il tarixdə X9 ilə ailə həyatı qurmuş, həmin evlilikdən 2014-cü il tarixdə Nazlı, 2015-ci il tarixdə Nazilə və 2017-ci il tarixdə oğlu Əli dünyaya gəlmişdir. Evləndiyi vaxtdan etibarən anasıyla birlikdə yaşayır. Anası sinir xəstəsi olduğu üçün 3-4 ildir ki, müalicə alır. Evləndikləri vaxtdan yoldaşıyla münasibətləri yaxşı olmuşdur. 2020-ci ilin əvvəlləri yoldaşıyla münasibətləri pozulduğu üçün yoldaşını aparıb anasıgilə qoymuşdur. 2021-ci ilin əvvəli yoldaşı boşanmaq üçün müraciət etmiş və boşanmışlar. Məhkəmə alimentlə bağlı yoldaşına boşandığı vaxtdan hər uşağa görə 120 manat olmaqla ümumilikdə 360 manat pul ödəməsi barədə qərar çıxarmışdır. O hər ay həmin pulu yoldaşına ödəməmiş, lakin mağazadan dəfələrlə müxtəlif ərzaqlar alaraq aparıb yoldaşına vermişdir. Alimenti ödəməməyi ilə bağlı təxmini olaraq 2021-ci ilin aprel-may aylarında icra və probasiya şöbəsinin əməkdaşı Rahim onu çağıraraq alimenti ödəməyini istəmiş, o da yoldaşının xəyanət etdiyinə görə alimenti ödəməyəcəyini, əvəzinə ərzaq və digər əşyalar alıb yoldaşına verdiyini bildirmişdir. Rahim də alimenti ödəməyəcəyi halda tutulacağını demiş, o da uşaqlara baxdığını, alimenti ödəməyəcəyini bildirib otaqdan çıxmışdır. Rahim həmin gündən bir qədər sonra zəng edib pulu ödəməyini istəmiş, o da pulu ödəməyəcəyini bildirib sağollaşmışdır. 2-3 gün sonra Rahim yenidən zəng edən zaman pulu ödəməyəcəyini, uşaqlara ərzaq alıb apardığını və onu narahat etməməsini demişdir. Rahim də ərzaq alıb aparmaq deyil, yoldaşının pul istədiyinə görə alimenti ödəmək lazım olduğunu demiş, o da alimenti ödəyənin ünvanına nalayiq söyüşlər söymüş, Rahim həmin pulu ona ödətdirəcəyini, ödəyəcəyi halda nalayiq söyüşlərin ona getməsini bildirmişdir. Həmin gün Rahim evə gedib onu axtarmış, daha sonra işlədiyi yerə gəlmişdir. O da işlədiyi yerdə olan zaman Rahimin mülki formada, 2 nəfər polisin də orada olduğunu görmüş və çölə çıxmadığı üçün getmişdirlər. Daha sonra bu barədə onun ünvanına məktub gəlməmiş və zəng etməmişlər. xx.xx.2022-ci il tarixdə, saat 10 radələrində yaşadığı evdə olarkən ərazi üzrə sahə rəisi və yanında 1 nəfər polisin evlərinə gəldiyini görmüşdür. Sahə rəisi axtarışda olduğunu deyib şöbəyə getməyini istəmiş, o da onlarla birlikdə İsmayıllı RPŞ-yə getmişdir. Şöbəyə getdikdən sonra onu İcra probasiya şöbəsinə, Rahimin otağına aparmışlar. Rahimin otağına ilk öncə polislər, daha sonra o girmişdir. Rahimlə salamlaşdıqdan sonra onlara oturmağı təklif etmiş, polislər oturmamış, o isə Rahimin sağ tərəfində qıraq stulda oturmuşdur. Rahimə uşaqlarına baxdığını demiş, Rahim də əlində çek göstərib həmin çekdən onda olub-olmadığını soruşmuş, o da çek olmadığını, lazım olarsa çek gətirə biləcəyini bildirmişdir. Rahim də orda olan zaman hazırda üzərində çek olub-olmadığını soruşmuş, o isə indi üzərində çek olmadığını demişdir. Rahim pulu ödəməyini sübut etməyini, çeklər olmadığı halda tutulacağını bildirmişdir. Həmin vaxt da anası telefonuna zəng etmiş, anasından yoldaşına zəng edib alimentlə bağlı şikayətini götürməsini demişdir. Danışan zaman əsəbləşərək Rahimin ünvanına təhqiramiz ifadələr işlətmiş, anasına Rahimin onu tutduracağını bildirmişdir. Həmin vaxt sağ əlində olan özünə məxsus “Samsung J3” markalı mobil telefonunu Rahimə tərəf atmış, telefon Rahimin sol biləyinə dəyib yerə düşmüşdür. Həmin vaxt yanında olan polis əməkdaşı onu stula otuzdurmuşdur. Telefonu yerdən götürmək istəyən zaman polislər qoymamış, sahə rəisi telefonu götürüb bir neçə dəqiqə sonra ona vermişdir. Onun əsəbi soyuduğu üçün sakitləşmişdir. Rahim izahatını aldıqdan sonra onu İsmayıllı RPŞ-yə, ordan da bir neçə saat sonra onu İsmayıllı Rayon Məhkəməsinə aparmışdırlar. Alimenti ödəməməyini və Rahimi vurduğunu əsas gətirərək onu 30 sutka inzibati qaydada həbs etmişlər. Hazırda əməlindən peşmandır. Məhkəmə istintaqının gedişində dəfələrlə Zərərçəkmiş şəxslə barışığa cəhd etmiş, lakin sonuncu olunla barışmamışdır. Himayəsində üç azyaşlı uşağı vardır. Odur ki, məhkəmədən, ifadəsində göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. İştirak etdiyi məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru vəzifəsində işləyir. xx.xx.2009-cu il tarixdən Azərbaycan Respublikası Ədliyyyə Nazirliyinin İsmayıllı rayon icra və probasiya şöbəsində məhkəmə nəzarətçisi vəzifəsində çalışmağa başlamış, 2012-ci il tarixdən həmin yerdə icra məmuru vəzifəsinə keçmişdir. xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra etmişdir. Hazırda həmin şöbənin böyük icra məmuru vəzifəsində çalışır, İ dərəcəli ədliyyə qulluqçusu rütbəsindədir. Təqsirləndirilən şəxs 2022ci ilin mart ayında X3 tələbkar olduğu aliment işi ilə əlaqədar tanımış, Elsevərin keçmiş həyat yoldaşının-tələbkarın aliment tələbinə dair İsmayıllı Rayon Məhkəməsinin 2022-ci ilin mart ayında qətnaməsinə əsasən xx.xx.2021-ci il tarixdən etibarən 3 azyaşlı övladının maddi təminatı üçün hər ay 360 manat pulu tələbkara ödəməli olduğunu söyləmişdir. Elsevərlə heç bir şəxsi münasibəti, ədavət və ya düşmənçiliyi yoxdur. Təxmini olaraq martaprel aylarında Elsevər onun çağırışı əsasında şöbəyə gəlmiş, yoldaşına aliment düşmədiyi üçün ödəməyəcəyini bildirmiş, o da məhkəmə qərarı əsasında alimenti ödəməli olduğunu demiş, Elsevəri də yekunda ödəməyəcəyini bildirib getmişdir. Daha sonra bir neçə dəfə Elsevəri şöbəyə çağırsa da, Elsevər gəlməmişdir. Həmin ilin may ayının 18-i tələbin yönəldilə biləcəyi əmlakın olub-olmamasının yoxlanması məqsədi ilə polis və icra nümayəndəliyi əməkdaşlarının iştirakı ilə Elsəvərin yaşadığı İsmayıllı şəhəri, A.Şaiq küçəsi, ev 6 ünvanına baxış keçirmişdir. Həmin vaxt Elsevər ünvanda olmamış, buna görə də Elsevərin anasının iştirakı ilə evə baxış keçirmiş, akt tərtib etdikdən sonra ünvanı tərk etmişdir. Elsevər borcu ödəmədiyi və çağırışlardan yayındığı üçün onun məcburi gətirilməsi barədə qərar yazaraq təqdimatla İsmayıllı rayon məhkəməsinə müraciət etmiş, məhkəmə Elsevərin məcburi gətirilməsi barədə xx.xx.2022-ci il tarixdə qərardad çıxardıqdan sonra həmin qərarı avqust ayının əvvəli icra olunması üçün İsmayıllı RPŞ-yə göndərmişdir. Həmin müddət ərzində Elsevərə zəng edərək borcu ödəməsini və şöbəyə gəlməsini bildirən zaman Elsevər onu söyüb təhqir etmişdir. xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində İsmayıllı RPŞ-nin İTB-nin rəisi İkram ona zəng edərək Təqsirləndirilən şəxs gətirdiklərini bildirib işdə olub-olmadığını soruşmuş, o da işdə olduğunu dedikdə, Elsevəri polis əməkdaşları ilə işlədiyi şöbəyə göndərəcəyini bildirmiş, o da İkramdan Elsevərin otağında olduğu və izahatını aldığı vaxt polislərin də otağında gözləmələrini istəmiş, İkram da dediyi kimi edəcəyini bildirmişdir. Həmin vaxt o rəis vəzifəsini icra etdiyi üçün rəis üçün nəzərdə tutulmuş xidməti otaqda oturmuşdur. Saat 11 radələrində polis əməkdaşları- İsmayıllı şəhər sahə rəisi Zahir Məhərrəmli və polis nəfəri Valeh Soltanzadə oturduğu otağın qapısını döyərək qapını açıb içəri daxil olmuş, həmin vaxt Elsevər də onlarla birlikdə otağa daxil olmuşdur. O sözlə hər üçü ilə salamlaşdıqdan sonra oturduğu stulun qarşısında olan 4 nəfər oturmaq üçün olan yeri polislərə və Elsevərə göstərib oturmalarını bildirmişdir. Elsevər də onun qarşı tərəfində sağda 2 nəfər üçün nəzərdə tutulan yerin künc tərəfində olan stulda oturmuş, polislər də otağın içərisində, hərəsi bir kənarda ayaq üsdə durub oturmayacaqlarını bildirmişlər. O da ilkin olaraq Elsevərə 3600 manat aliment borcu olduğunu və həmin borcu ödəmədiyi halda inzibati və cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Daha sonra Elsevərin izahatını almağa başlayan zaman Elsevər niyə onu gətizdirdiyini soruşmuş, keçmiş yoldaşına aliment verməli olmadığını, keçmiş həyat yoldaşının pozğun olduğunu, yoldaşı ilə iş görənin də pozğun olduğunu bildirib nalayiq söyüşlər söyməyə başlamışdır. O və polislər Elsevərin söyüş söyməməsini bildirib intizamlı olmasını istəmiş, lakin Elsevər onun ünvanına nalayiq söyüş söyməyə başlamış, həmin vaxt Elsevərin telefonu qarşısındakı stolun üzərində olmuşdur. Elsevər ona nalayiq söyüşlər söyməyə başlayan zaman sağ əli ilə stolun üzərində özünə məxsus smatfon tipli telefonu götürüb yarı ayağa qalxaraq onun baş nayihəsinə tərəf atmış, o da telefonun başına dəyməsinin qarşısını almaq üçün sol əlini başının alın tərəfinin qarşısına tutmuşdur. Telefon sol əlinin bilək nayihəsinə dəyib yerə düşmüş, həmin vaxt polislər dərhal müdaxilə edib Elsevəri sakitləşdirərək polislərdən biri yerdən telefonu götürərək Elsevəri yerində otuzdurmuşdur. Bir neçə dəqiqə ərzində Elsevəri sakitləşdirdikdən sonra Elsevərin izahatını alaraq onun barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib etmişdir. Daha sonra polislər Elsevəri İsmayıllı RPŞ-yə aparacaqlarını bildirmişdirlər. Onlar getdikdən sonra İsmayıllı RPŞ-yə gedərək Elsevərin onu vurmasına və icra vərəqəsinin icrası ilə əlaqədar tədbirlərin həyata keçirilməsinə zor tətbiq edərək mane olduğuna görə onun barəsində şikayətini bildirmişdir. Şöbədə izahatı alındıqdan sonra İsmayıllı RMX-yə gedib ekspertizadan keçmişdir. Daha sonra həmin gün 15 radələrində Elsevərin barəsində yazılmış protokolu İsmayıllı Rayon Məhkəməsinə təqdim etmiş və məhkəmənin qərarı ilə Elsevər 30 gün müddətə inzibati qaydada həbs olunmuşdur. Daha sonra Elsevəri görməmişdir. Elsevər ona qarşı zor tətbiq etməklə işini icra etməyinə mane olmuşdur. Mübahisə zamanı orada Zahir və Valeh adlı polis əməkdaşlarından başqa heç kim olmamış, şöbənin digər işçiləri isə İ mərtəbədə olmuşdur. Hadisə vaxtı Təqsirləndirilən şəxs işinin icrası ilə əlaqədar mobil telefonu ilə ona xəsarət yetirmiş, Elsevər öz hərəkətləri ilə zor tətbiq etməklə onun xidməti vəzifələrini icra etməyinə mane olmuş, bununla da iş rejimi pozulmuşdur. Buna görə də Elsevər barəsində qanuni tədbir görülməsini xahiş edir. X1 ifadə verərək göstərdir ki, o, 2022-ci ilin iyun ayından etibarən İsmayıllı RPŞ-nin İTB-nin polis sahə rəisi vəzifəsində çalışır, polis leytenanatı rütbəsindədir. İTB-nin rəisi İkram Abdullayev 2022-ci ilin oktyabr ayının yadında qalmayan günü onun üzərinə alimentin ödənilməsi ilə bağlı şəxsin məcburi gətirilməsi barədə material yazmışdır. Həmin materialla tanış olduqda Təqsirləndirilən şəxs alimentlə bağlı borcunu ödəmədiyi üçün İsmayıllı rayon icra və probasiya şöbəsinin təqdimatı ilə məhkəmə qərarı əsasında Elsevərin barəsində məcburi gətirilmə olduğunu öyrənmişdir. Bununla bağlı Elsevərin yerini müəyyən etmək istəsə də, bu mümkün olmamışdır. xx.xx.2022-ci il tarixdə səhər saatlarında Elsevərin keçmiş həyat yoldaşı İsmayıllı RPŞ-yə gəlmiş, daha sonra həmin qadın Elsevərin yaşadığı İsmayıllı şəhəri, A.Şaiq küçəsində yerləşən ünvanda olduğunu bildirmişdir. O da İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfəri Valeh Soltanzadə ilə birlikdə Elsevərin evinə gedərək Elsevərə barəsində məcburi gətirilmə barədə qərar olduğunu izah edib İsmayıllı RPŞ-yə gətirmişdir. X16 Elsevəri gətirdiklərini bildirmiş, İkram da icra və probasiya şöbəsində işləyən Rahimlə danışdıqdan sonra Elsevəri Rahimin yanına aparmaqlarını istəmişdir. O da Valehlə birlikdə Elsevəri Rahimin yanına, rəisin oturması üçün nəzərdə tutulan otağa aparmışdır. Yolda olan zaman Elsevər Rahimin ünvanına nalayiq söyüşlər söymüş, o da bir neçə dəfə onun söyüş söyməməsini bildirmişdir. Təxmini olaraq saat 11 radələrində ora çataraq otaqdan içəri girən zaman Rahimlə salamlaşmış və Elsevəri təqdim etmişdirlər. Bu zaman Rahim onlara oturmağı təklif etmiş, o və Valeh oturmamış, Elsevər isə Rahimin stolunun qabağında, pəncərə tərəfdə olan qıraq stulda oturmuşdur. Elsevər stula oturana kimi Rahimin ünvanına təhqiredici sözlər deməyə başlamışdır. Rahim Elsevərdən niyə alimenti ödəmədiyini soruşduqda Elsevər pulu ödəməyəcəyini, keçmiş yoldaşının əxlaqsız olduğunu, Rahimin də həmin qadının işini gördüyü üçün əxlaqsız olduğunu, onsuz da tutulacağını demiş və tutmayanın var yoxuna nalayiq söyüşlər söymüş, Rahim isə irad bildirərək söyüş söyməməsini bildirmişdir. Bu zaman Elsevər ayağa qalxaraq qarşısında olan stolun üzərində özünə məxsus smatfon tipli telefonu götürərək Rahimin başı istiqamətinə atmış, bu zaman Rahim dərhal sol əlini alın nayihəsinə tutmuş, telefon da Rahimin sol biləyinə dəyib yerə düşmüşdür. Həmin vaxt Valeh otağın pəncərəsinin yanından Elsevərin yanına gəlib Elsevərin qollarını tutub stula otuzdurmuşdur. O da telefonu yerdən götürüb növbətçi hissəyə məlumat verərək dərhal post patrul xidmətinin əməkdaşlarını həmin yerə çağırmış və Elsevəri sakitləşdirmişdirlər. Polislər gəldikdən sonra Elsevər sakitləşdiyi üçün Rahim Elsevərin izahatını alaraq sonuncu barəsində protokol tərtib etmişdir. Rahimin Elsevərlə işi bitdikdən sonra Elsevər post patrul xidmətinin əməkdaşları tərəfindən “Fiat Dobla” markalı avtomobillə İsmayıllı RPŞ-yə aparılmışdır. Daha sonra Rahimə hadisə ilə bağlı ərizə verə biləcəyini izah etmiş, sonra isə Rahimin İsmayıllı RPŞ-yə gələrək Elsevərdən şikayət etdiyini öyrənmişdir. Rahimin şikayəti əsasında araşdırma aparılıb-aparılmaması barədə məlumatı olmamışdır. Z.Ş.Məhərrəmliyə hadisə zamanı orada başqa kimlərin olduğu soruşulduqda, hadisə zamanı orada Valehdən və ondan başqa heç kim olmadığını, icra şöbəsinin digər işçiləri birinci mərtəbədə olduğunu, hadisə zamanı ikinci mərtəbəyə çıxmadıqlarını bildirmişdir. Z.Ş.Məhərrəmliyə Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs hansı səbəbdən vurması barədə soruşulduqda, Elsevərin Rahimi işinin icrası ilə əlaqədar vurduğunu söyləmişdir. Z.Ş.Məhərrəmliyə hadisə zamanı iş rejiminun pozulub-pozulmadığı soruşulduqda, hadisə zamanı Təqsirləndirilən şəxs öz hərəkətləri ilə, zor tətbiq etməklə Rahimin xidməti vəzifələrini icra etməsinə mane olduğunu, bununla da Rahim öz vəzifələrini yerinə yerinə bilmədiyini söyləmişdir. Bir qədər sonra Elsevəri sakitləşdirdikdən sonra Rahim yenidən Elsevərin izahatını almağa davam etmişdir. X2 eyni məzmunlu ifadə verərək X1nun ifadəsində göstərdiyi halları bir daha təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işi üzrə ekspertiza rəylərini, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: Məhkəmə-tibbi ekspertizasının 03 noyabr 2022-ci il tarixli 588 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətsol əlin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il tarixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə eləcə də Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə törənə bilərdi. Əlavə məhkəmə-tibbi ekspertizasının 24 dekabr 2022-ci il tarixli 588/11 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məhkəmə-Tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarət-sol əlin qançırı küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən xx.xx.2022-ci il taixdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğundan dərəcəsi təyin edilmir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə eləcə də Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə törənə bilərdi. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, hadisə yeri İsmayıllı şəhəri, H.Əliyev prospekti 14 ünvanında yerləşən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin İsmayıllı rayon icra və probasiya şöbəsidir. Həmin şöbənin həyətinə armaturdan hörülmüş 2 taylı qapının sol tərəfindən daxil olunur. Şöbənin həyəti yer örtüyü xırda daşlardır, həyətin yan və qarşı tərəfində olan hasar 2 kubik hündürlükdə, üzəri isə armaturla hörülmüşdür. Şöbənin qarşı tərəf divar hissəsi şüşə çərçivələrdən ibarətdir. Şöbənin içərisinə 2 taylı şüşə çərçivəli qapıdan daxil olunur. Şöbə 2 mərtəbədən ibarətdir. Birinci mərtəbədə qapıdan daxil olduqda kolidor yerləşir. Kolidorun sağda tərəfində sanitar qovşaq və 2 ədəd otaq yerləşir. Kolidorun sol tərəfində bir ədəd otaq, növbətçi hissə otağı yerləşir. Həmin otağın yanından 2-ci mərtəbəyə qalxmaq üçün daş pilləkən vardır. Pilləkəndən yuxarı qalxdıqda başda müxtəlif əşyaların yığıldığı otaq, sağ tərəfdədəyirmi formasında düzülmüş stol və stulların olduğu otaq vardır. Həmin otağa daxil olduqda sağda 2 ədəd otaq, qarşı tərəfdə isə “Rəis” yazısı yazılmış otaq vardır. Həmin otağa daxil olduqda, sağ tərəfdə şkaf, sol tərəfdə qarşısında stolun üzərində kompyuter olan 1 ədəd kreslo və 2 ədəd stul vardır. Həmin otaqdan rəis otağına daxil olmaq üçün 2 ədəd qapı vardır. Həmin otaqdan içəri daxil olduqda yer parket örtüklü olmaqla üzərində xalça vardır. Otağa daxil olduqda ağ tərəfdə başda sanitar qovşağa daxil olmaq üçün 1 ədəd qapı vardır. Otağın sağ tərəfində başda 1 ədəd kreslo, qarşısında üzərində komputer və sənədlər olan stol, həmin stolun qarşısında da 1 ədəd stol və 4 ədəd stul vardır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində İsmayıllı RPŞ-nin əməkdaşları Elsəvər Şərifovu onun otağına gətirmiş, onlara oturmağı təklif etsə də polislər oturmamış, lakin Elsevər oturmuşdur. Elsevərdən hansı səbəbdən alimenti ödəmədiyini soruşan zaman sonuncu ona qarşı nalayiq söyüşlər söyməyə başlayaraq sağ əli ilə stolun üzərində özünə məxsus smatfon tipli telefonu götürüb yarı ayağa qalxaraq onun baş nayihəsinə tərəf atmış, o da telefonun başıma dəyməsinin qarşısını almaq üçün sol əlini başının alın tərəfinin qarşısına tutmuşdur. Telefon onun sol əlinin bilək nayihəsinə dəyib yerə düşmüş, həmin vaxt polislər dərhal müdaxilə edib Elsevəri sakitləşdirərək yerində otuzdurmuşlar. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edəcək başqa hal və xüsusat aşkar edilməmişdir. Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi halları Təqsirləndirilən şəxs üzünə qarşı söyləyərək bir daha təsdiq etmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli qətnaməsindən görünür ki, həmin qətnaməyə əsasən X10 ilə Təqsirləndirilən şəxs arasında xx.xx.2011-ci il tarixdə İsmayıllı rayon Qeydiyyat şöbəsində 253 nömrə ilə qeyd edilərək bağlanmış nikah pozulmuş, xx.xx.2014-cü il tarixdə doğulmuş X11, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2017-ci il tarixdə doğulmuş X15 boşanmadan sonra anası X3 yınında saxlanılmış, xx.xx.2021-ci il tarixdən başlayaraq Təqsirləndirilən şəxs hər ay hər uşağa 120 manat olmaqla 360 manat sabit pul məbləğində aliment alınaraq xx.xx.2014-cü il tarixdə doğulmuş X11, xx.xx.2015-ci il tarixdə doğulmuş X7 və xx.xx.2017ci il tarixdə doğulmuş X8 yetkinlik yaşına çatana qədər saxlanması üçün X4 verilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli İcra vərəqəsindən görünür ki, İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)- 186/2022 nömrəli qətnaməsi xx.xx.2022-ci il tarixdə qüvvəyə minmiş və icra üçün göndərilmişdir. İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra edən, İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli “İcraata başlamaq haqqında” qərarından görünür ki, həmin qərarla İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli İcra vərəqəsi üzrə icraata başlanılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(037)-32/2022 nömrəli qərardadından görünür ki, həmin qərardada əsasən İsmayıllı rayon icra və probasiya şöbəsinin təqdimatı təmin edilmiş, borclu Təqsirləndirilən şəxs İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi gətirilməsi qərara alınmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 3(037)-474/2022 saylı qərarından görünür ki, həmin qərarla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXMin 528.1-ci maddəsi ilə təqsirli bilinib 30 gün müddətinə inzibati həbs edilmişdir. İsmayıllı RMX-dən daxil olmuş xx.xx.2023-cü il tarixli, PHŞ-6-47/2-140/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın Poliklinika şöbəsinin “Ruhi- Əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs xx.xx.2006 və xx.xx.2007-ci il tarixlərində İsmayıllı RMX-nın Poliklinika şöbəsinin nevroloji kabinetində “Ensefalopatiya kəllədaxili hipertenziya və asteno-nevrotik vəziyyət” diaqnozu ilə ambulator müalicədə olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsinin X25 Filialından daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-17-1/2-27752/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin X25 Filialından heç bir növ əmək pensiyası, sosial müavinət və təqaüd almır. İsmayıllı rayon polis şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 84/2-2415/23 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə, MK-1/349 və MK-1/350 nömrəli materiallar ilə bağlı İsmayıllı RPŞnin İB-nin müstəntiqi, polis baş leytenantı Dəyanət Ağasəfli tərəfindən müvafiq araşdırma aparılmış, xx.xx.2022ci il tarixdə “Cinayət işinin başlanmasının rədd edilməsi barədə” prossesual qərar qəbul etmişdir. Bundan əlavə, aliment borcunu ödəmədiyinə görə İXM-in 528.1ci maddəsi ilə İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(037)-474/2022 saylı qərarı ilə 30 gün müddətinə inzibati qaydada həbs edilmiş Təqsirləndirilən şəxs cəzasını çəkib qurtardığı gün xx.xx.2022-ci il tarixdə İsmayıllı RPŞ-nin Müvəqqəti Saxlama yerindən azad edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən daxil olmuş xx.xx.2023-cü il tarixli, 3-16-6/2-222/2023 nömrəli məktubdan və əlavə edilmiş sənədlərdən görünür ki, İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs Ədliyyə Nazirliyi üzrə xx.xx.2009-cu il tarixli 167-K nömrəli əmrlə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq İsmayıllı rayon məhkəmə icraçıları qrupuna məhkəmə nəzarətçisi vəzifəsi üzrə stajor təyin edilmiş, xx.xx.2010-cu il tarixli 382-K nömrəli əmrlə ədliyyə orqanlarına daimi qulluğa qəbul olunaraq İsmayıllı rayon icra qrupunun icra məmuru vəzifəsinə təyin edilmiş və ona İİİ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmiş, xx.xx.2015-ci il tarixli 206-K nömrəli əmrlə tutduğu vəzifədən azad olunaraq ona İsmayıllı rayon icra şöbəsinin böyük icra məmuru vəzifəsinin icrası həvalə edilmiş, xx.xx.2017-ci il tarixli 624-K nömrəli əmrlə icrası həvalə edilmiş vəzifəyə təyin olunmuş, xx.xx.2021-ci il tarixli 573-K nömrəli əmrlə İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinin icrası müvəqqəti olaraq şöbənin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs həvalə edilmiş, xx.xx.2022-ci il tarixli 492-K nömrəli əmrlə isə İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsinə başqa şəxsin təyin edilməsi ilə əlaqədar xx.xx.2021-ci il tarixli 573-K nömrəli əmr qüvvədən düşmüş hesab edilmişdir. Müvafiq olaraq hadisənin törədildiyi xx.xx.2022-ci il tarixdə İsmayıllı rayon icra və probasiya şöbəsinin böyük icra məmuru İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs həmin şöbənin rəisi vəzifəsini icra etmişdir. İcra Baş İdarəsinin təqdim etdiyi xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs 1977-ci ildə Göyçay rayonunda anadan olmuşdur. O, 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisası üzrə bakalavriat səviyyəsini bitirmişdir. Zərərçəkmiş şəxs 2009-cu ildə ədliyyə orqanlarında qulluğa qəbul olunaraq İsmayıllı rayon məhkəmə icraçıları qrupunda məhkəmə nəzarətçisi vəzifəsi üzrə stajorluq və sınaq keçmiş, 2010-cu ilin dekabrından həmin rayon icra qurumunda icra məmuru vəzifəsində işləmiş, 2017-ci ilin dekabrından hazırda tutduğu vəzifədə çalışır. O, 2021-ci ilin dekabrından 17 noyabr 2022ci il tarixə kimi İsmayıllı rayon icra və probasiya şöbəsinin rəisi vəzifəsini icra etmişdir. Ədliyyə Naziliyi üzrə xx.xx.2018-ci il tarixli əmrlə Zərərçəkmiş şəxs İ dərəcəli ədliyyə qulluqçusu xüsusi rütbəsi verilmişdir. Zərərçəkmiş şəxs intizamlı işçi olmaqla xidməti fəaliyyəti ilə bağlı verilən tapşırıqların öhdəsindən layiqincə gəlməyə səy göstərmiş, davranışı ilə kollektivin hörmətini qazanmışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsində nəzərdə tutulan cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş və şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs üç azyaşlı uşağının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2021-ci il tarixdən başlayaraq hər ay cəmi 360 manat sabit pul məbləğində alimentin ondan alınıb tələbkar X4 ödənilməsinə dair İsmayıllı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(037)-186/2022 nömrəli qətnaməsinin icrası ilə bağlı həmin məhkəmənin xx.xx.2022-ci il tarixli 2(037)- 186/2022 nömrəli İcra vərəqəsinə əsasən İsmayıllı rayon icra və probasiya şöbəsində xx.xx.2022-ci il tarixdə icra sənədi üzrə icraata başlanması haqqında qərar qəbul edildiyini bildiyi halda, xəbərdarlıqlara baxmayaraq icra sənədini icra etmədiyinə və çağırışlara əhəmiyyət vermədiyinə görə barəsində çıxarılmış İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 8(037)-32/2022 nömrəli borclunun İsmayıllı rayon icra və probasiya şöbəsinə məcburi qaydada gətirilməsinə dair qərardadına əsasən xx.xx.2022-ci il tarixdə, saat 11 radələrində İsmayıllı rayon polis şöbəsinin İctimai təhlükəsizlik bölməsinin polis sahə rəisi X13 və həmin bölmənin sahə polis nəfəri X14 tərəfindən İsmayıllı şəhəri, H.Əliyev prospekti, 14 saylı ünvanda yerləşən İsmayıllı rayon icra və probasiya şöbəsinə, həmin şöbəsinin rəisi vəzifəsini icra etmiş, böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu Zərərçəkmiş şəxs xidməti iş otağına gətirilmiş, həmin otaqda böyük icra məmuru Zərərçəkmiş şəxs tərəfindən ona aliment borcunun ödənilməyəcəyi təqdirdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə isə cinayət məsuliyyət daşıyacağı izah olunmuş, bundan sonra o, əsəbi halda alimenti ödəməyəcəyini deyib böyük icra məmuru Zərərçəkmiş şəxs ünvanına məhkəmə qərarının icrası ilə bağlı xidməti vəzifələrini icra etməsi ilə əlaqədar hədələyici və nalayiq ifadələr işlədərək özünə məxsus mobil telefonu qəsdən Zərərçəkmiş şəxs baş nahiyəsinə atmaqla sonuncuya özünü müdafiə etmək üçün üz nahiyəsinə tutduğu sol əlinə mobil telefonun zərbə ilə dəyməsi nəticəsində yaranmış sol əlin qançırı kimi sağlamlığa zərərvurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirərək həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 288.3-cü maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5-ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. DİN-inin Baş Əməliyyat və Statistika İnformasiya İdarəsindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum edilməmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə cəzanı yüngülləşdirən halın mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Müstəntiqin 11 fevral 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli 568 nömrəli arayıdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, A.Şaiq küçəsi, ev 6-qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır, nigahı pozulmuşdur, ailə tərkibi özündən və üç azyaşlı uşaqları- X11, X7 və X6 ibarətdir. Ərazidə yaşadığı müddət ərzində onun barəsində nümayəndəliyə yazılı və şifahi müraciət daxil olmamış, müsbət xarakterizə olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən hal kimi himayəsində üç azyaşlı uşağının olmasını, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinə görə qanunda nəzərdə tutulmuş az ciddi cəza növlərinin təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, əsaslı və ədalətli hesab edir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs CM-nin 62-ci və ya 70-ci maddələrinin tətbiq edilməsinə də münasibət bildirərək qeyd edir ki, onun törətdiyi əməlin ictimai təhlükəliliyi hazırki vəziyyətdə sözügedən maddələrin tətbiqini istisna etməklə bunun üçün əsaslar da mövcud deyildir. Belə ki, istər müstəsna hallar, istərsə də təqsirləndirilən şəxsin cəza çəkmədən islah olunmasınının mümkünlüyü məsələsini müzakirə edərkən, məhkəmə törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 06 iyul 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 müəyyən edilməli və qərarın surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak və maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385–ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 288.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 06 iyul 2023-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X12 müəyyən edilsin. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar