Məhkəmə qərarları › İş №1(037)-24/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-24/2024

16.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-24/2024 16.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 16 may 2024-cü il tarixdə saat 12:09-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1992-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, İİİ qrup əlil, məhkumluğu olmayan, İsmayıllı şəhəri, M.ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.ünvan 2 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində qonşusu Zərərçəkmiş şəxs tək yaşadığını və sonuncunun eşitmə qabiliyyətinin zəif olduğunu bilərək bundan istifadə edib həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, 06 fevral 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində yatdığını güman edərək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq həmin evin saxlanc yeri hesab olunan həyətinə daş hasarının üzərindən keçməklə daxil olmuş, sonra isə yaşayış sahəsi hesab olunan evin ikinci mərtəbəsində yerləşən eyvanına pilləkənlə qalxıb evin yataq otağının eyvana tərəf olan pəncərəsinin qarşısına keçmiş və özü ilə gətirdiyi dəmir parçası vasitəsi ilə həmin pəncərənin şüşəsinin bərkidildiyi dəmir mismarları fiziki güc tətbiq edib çıxarmaqla şüşəni taxta çərçivədən ayırıb yerə qoyaraq oradan qanunsuz olaraq saxlanc yeri olunan evin yataq otağına daxil olmuş, həmin otaqda pul və digər qiymətli əşya axtarıb tapa bilmədikdə, həmin yataq otağı ilə evin digər yataq otağı arasında olan pəncərənin şüşəsini əlində olan dəmir parçası ilə vurub sındıraraq saxlanc yeri hesab olunan digər otağa qanunsuz daxil olmuş və orada Zərərçəkmiş şəxs çarpayının üzərinə yığdığı yorğan-döşəyin arasında, bir ədəd qırmızı rəngli sellofan bağlamanın içərisindəki pul kisəsində gizlədib saxladığı sonuncuya məxsus 2300 manat məbləğində pulu götürüb qəsdən gizli yolla talayaraq həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, İsmayıllı şəhərində yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmaqla dolanır. Zərərçəkmiş şəxs onun qonşusu olmaqla tək yaşayır. 2024-cü ilin yanvar ayının əvvəllərində qonşusu Afətin yaşadığı evə getmiş və ondan 70 manat borca pul istəmiş, Afət ona 70 manat pul vermişdir. Bundan 6-7 gün sonra yenidən Afətin yaşadığı evə getmiş və ondan 100 manat borca pul istəmişdir. Afət ona 100 manat pul vermiş, o, Afətə 2024-cü ilin yanvar ayının axırı borcunu verəcəyinə söz vermiş, lakin başqa maddi sıxıntıları olduğundan onun pulunu qaytara bilməmiş və Afətə fevral ayının əvvəllərində pulu qaytaracağını vəd vermişdir. Afətin iki mərtəbəli evin birinci mərtəbəsində yaşadığını və evin ikinci mərtəbəsindən istifadə etmədiyini, həmçinin eşitmə qabiliyyətinin nisbətən zəif olduğunu bilmiş, ona borca pul verdiyi üçün evində pul olduğunu bilmişdir. Maddi vəziyyəti pis olduğundan 5 fevral 2024cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs məxsus evə daxil olub pul oğurlamağı planlaşdırmışdır. Bu məqsədlə yaşadığı evdən bir cüt təsərrüfat əlcəyi götürmüş və 6 fevral 2024-cü il tarixdə gecə saat 01 radələrində yaşadığı evdən çıxıb piyada Zərərçəkmiş şəxs evinin qarşısına getmişdir. Əlcəyi geyinmiş, yoldan oğurluq zamanı istifadə etmək üçün dəmir parçasını götürmüşdür. Afətin həyətinin yanındakı qaz borusunun üstünə çıxmış, oradan isə daş hasardan həyətə daxil olmuşdur. Həyətdə heç kimin olmadığını görmüş, Afət evdə yatdığına əmin olmuşdur. Evin ikinci mərtəbəsinə çıxarkən pilləkəndən evin birinci mərtəbəsindəki otağa baxmış, otaqdan səs gəlmədiyini və qaranlıq olduğunu görüb artıq Afətin yatdığına tam əmin olmuşdur. Evin ikinci mərtəbəsinə çıxıb eyvandan otağa giriş qapısını yoxladıqdan qapının bağlı olduğunu görmüş və buna görə də pəncərənin şüşəsinin mismarlarını özü ilə gətirdiyi dəmir parçası ilə yerindən çıxartdıqdan sonra otağa daxil olmuşdur. Həmin otaqdan pul tapmadığına görə digər otağa daxil olmaq qərarına gəlmişdir. Həmin otağın giriş qapısının bağlı olduğunu və şüşəsinin dəmir mıxçalarının otağın içindən vurulduğunu görüb otağa daxil olmaq üçün çərçivənin şüşəsini dəmir parçası ilə vurub sındırmışdır. Otağa daxil olduqdan sonra dəmir çarpayının üstündə yığılan yorğan-döşəyin altını axtarmış, oradan qırmızı rəngli sellofan bağlamanı görüb əlinə götürmüş və bağlamanın içərisində digər ağ rəngli bağlamaya baxdıqda içərisində 4 ədəd 100 manatlıq və digər 20 manatlıq pul əskinaslarının olduğunu görüb götürərək cibinə qoymuşdur. Bundan sonra isə oradan çıxıb İsmayıllı şəhəri, Nizami küçəsində yerləşən “Bizim market” adlanan dükana tərəf gəlmiş, yolda təsərrüfat əlcəyini və dəmir parçasını xatırlamadığı yerdə atmışdır. Oğurladığı pulları saydıqda 4 ədəd 100 manatlıq və 16 ədəd 20 manatlıq pul əskinası olmaqla ümumilikdə 720 manat pul oğurladığını müəyyən etmişdir. Həmin gecə marketdə ödəmə terminalı vasitəsi ilə mobil nömrəsini yazaraq “Azpulmat” pul kisəsi proqramına borclu olduğu 270 manat pulu ödəmiş və gələcəkdə ondan şübhələnilməməsi üçün yenidən 270 manat kreditə pul götürmüşdür. Bundan sonra yaşadığı evə gələrək yatmışdır. Səhər açıldıqdan sonra mərkəzi bazara gedərək müxtəlif şəxslərə borclu olduğu 60 manat və 100 manat pulu vermişdir. Həmçinin bir tanışına borc olaraq 200 manat pul vermiş, pulun qalan hissəsini isə hazırda xatırlamadığı marketlərdən ərzaq almaqla xərcləmişdir. O, elan edilmiş ittihamla razı deyildir. Zərərçəkmiş şəxs məxsus evdən 2300 manat deyil, 720 manat pul oğurlamışdır. Oğurladığı puldan zərərçəkmiş şəxsə 100 manat qaytarmış, qalan pulu isə maddi imkanı zəif olduğundan qaytara bilməmişdir. O, bundan başqa heç bir yerdən oğurluq etməmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri ünvan 3 ünvanda yaşayır. 09 iyun 2023-cü il tarixədək mərhum anası X6 ilə bir evdə yaşamış, anası rəhmətə getməmişdən əvvəl ona 2500 manat pul vermiş, o, həmin pulu yaşadığı evdə yataq otağında çarpayının üzərində yorğan-döşəyin altında qırmızı rəngli sellofanın içərisində boz rəngli kisənin içərisində saxlamışdır. 09 iyun 2023-cü il tarixdə anası rəhmətə getmişdir. Onun eşitmə qabiliyyəti nisbətən zəifdir. 2024-cü ilin ayının 1-dən 15nə qədər olan müddət ərzində qonşusı Təqsirləndirilən şəxs yaşadığı evə gələrək ondan 70 manat borc pul almış, bundan 6-7 gün sonra yenidən Elçin yaşadığı evə gələrək ondan 100 manat borc pul almış və ondan borc aldığı 170 manat pulu yanvar ayının sonuna qədər qaytaracağını demişdir. Anasının verdiyi puldan 30 manatı da özü xərcləmişdir. Anasının verdiyi puldan onda 2300 manat qalmışdır. 06 fevral 2024-cü il tarixdə saat 09 radələrində yuxudan oyandıqdan sonra həyətə düşmüş, həmin vaxtı həyət qapısının və digər tərəfdən bostana həyətə giriş qapısının açıq olmasını görmüş, həyətə oğru girməsini düşünmüşdür. Bu barədə qardaşı arvadı X8 zəng edərək məlumat vermişdir. Həmin vaxtı o, evin ikinci mərtəbəsinə qalxıb baxdıqda evin qapısının bağlı olduğunu görmüş, ətrafa yəni pəncərə sınmış hissəyə həmin vaxt diqqət etməmişdir. 07 fevral 2024-cü il tarixdə saat 15 radələrində isə evin ikinci mərtəbəsinə qalxıb təmizlik işləri görmək istədikdə, evin eyvanından yataq otağına olan pəncərə şüşəsinin bir layının bərkidildiyi taxta çərçivədən çıxarılmış vəziyyətdə və yerdə olmasını, həmin otaqdan da digər yataq otağına olan pəncərənin şüşəsinin bir layının bərkidildiyi taxta çərçivədən çıxarılmış vəziyyətdə və yerdə sınmış olmasını görmüşdür. Həmin vaxtı yataq otağına keçərək ətrafa baxmış və həmçinin çarpayının altında saxladığı, ona məxsus pullarının yerində olub-olmamasına baxdıqda isə döşəyin altında saxladığı ümumilikdə 2300 (iki min üç yüz) manat pulun yerində olmadığını aşkar etmişdir. Evinə oğru girməsini və həmin 2300 manat pulunun oğurlanmasını başa düşmüşdür. O, dərhal evinin yanında avtomobil təmiri ilə məşğul olan bacısı oğlu X5 çağıraraq məlumat vermiş, Coşqun da bu barədə polisə müraciət etmişdir. Polis əməkdaşları gələrək hadisə yerini müayinə etmiş, evdən başqa hər hansı bir qiymətli əşya oğurlanmamışdır. Araşdırılma zamanı evindən oğurluq etmiş şəxsin qonşusu Təqsirləndirilən şəxs olmnası müəyyən edilmişdir. Ona vurulmuş ümumi 2300 manat maddi ziyandan cəmi 100 manatı ödənilmiş, qalan hissə ödənilməmişdir. Təqsirləndirilən şəxsə qanuni cəzasının verilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, İsmayıllı şəhəri, Fizuli küçəsində rəngsaz sexi işlədir. Həmin sexin yanında xalası Zərərçəkmiş şəxs yaşayır. Afətin eşitmə qabiliyyəti nisbətən zəifdir. Afət həmin evdə xx.xx.2023-cü il tarixədək nənəsi X6 ilə yaşamışdır. Nənəsi rəhmətə getməmişdən əvvəlki günlərdə Afətə 2500 manat pul bağışlamış və həmin pul Afətin şəxsi pulu olmuşdur. Afət pulları evin ikinci mərtəbəsində yorğan-döşəyin arasında saxlamışdır. 2024-cü ilin yanvar ayında Afət onunla telefon əlaqəsi zamanı bildirmişdir ki, qonşuluqda yaşayan Təqsirləndirilən şəxs birinci dəfə 70 manat və ikinci dəfə 100 manat olmaqla ümumilikdə 170 manat borc pul vermişdir. Təqsirləndirilən şəxs da həmin küçədə yaşayan sakin kimi tanımışdır. 07 fevral 2023-cü il tarixdə günorta saatlarında Afət ona evin ikinci mərtəbəsində otaqların şüşəsinin sındırıldığını və evdən 2300 manat pulunun oğurlandığını demiş, gedib baxdıqda evin eyvanının şüşəsinin və digər otağın şüşəsinin sındırıldığını görmüşdür. O, Təqsirləndirilən şəxs şübhələnmiş, xalası da öz növbəsində ərizə ilə polis şöbəsinə müraciət etmişdir. Polis əməkdaşları hadisə yerinə gələrək baxış keçirmiş, araşdırma zamanı müəyyən edilmişdir ki, həqiqətəndə həmin oğurluğu Təqsirləndirilən şəxs törətmişdir. X4 ifadə verərək göstərdi ki, Bakı şəhərində yaşayır. Zərərçəkmiş şəxs onun baldızıdır. Afət İsmayıllı şəhəri Fizuli küçəsi ev 14 ünvanında tək yaşayır. Onun eşitmə qabiliyyəti nisbətən zəifdir. Afət həmin evdə xx.xx.2023-cü il tarixədək qayınanası Qızxanım Həsənova ilə yaşamışdır. Qayınanası rəhmətə getməmişdən əvvəl Afətə 2500 manat pul bağışlamışdır. xx.xx.2023-cü il tarixdə Qızxanım rəhmətə getmiş, Afət pulları evin ikinci mərtəbəsində yorğan-döşəyin arasında saxlamışdır. Hər rayona gələndə Afətə baş çəkmişdir. Afət sonuncu dəfə 2023-cü ilin dekabr ayında səhhəti ilə əlaqədar əməliyyat olunmması üçün Bakı şəhərinə gəlmiş və onun evində qalmışdır. O, özü ilə qırmızı rəngli sellofanda olan kisədə anasının ona bağışladığı 2500 manat pulu da gətirmiş və ona göstərmişdir. 29 dekabr 2023-cü il tarixdə Afət İsmayıllı şəhərinə qayıtmışdır. Yanvar ayında Afət onunla telefon əlaqəsi zamanı demişdir ki, qonşuları Təqsirləndirilən şəxs birinci dəfə 70 manat və ikinci dəfə 100 manat olmaqla 170 manat borc pul vermişdir. O, Təqsirləndirilən şəxs baldığıgilin qonşusu kimi tanımış, Elçinlə mobil telefonda danışarkən sonuncu fevral ayının əvvəllərində borcu qaytaracağına söz vermişdir. 06 fevral 2024-cü il tarixdə səhər saatlarında Afət onun mobil telefonuma zəng edərək evin giriş qapısının, bostan qapısının açıq olduğunu və həyətə kiminsə girdiyini demişdir. Həmin gün axşam saatlarında Elçin ona mesaj yazaraq Afətin pulunu verəcəyinə söz vermiş, o da Elçinə inanmışdır. 07 fevral 2024-cü il tarixdə günorta saatlarında Afət ona zəng edərək evin ikinci mərtəbəsində otaqların şüşəsinin sındırıldığını və evdən 2300 manat pulunun oğurlandığını demişdir. O, həmin vaxt Təqsirləndirilən şəxs şübhələnmişdir. Aaraşdırma zamanı həmin oğurluğun Təqsirləndirilən şəxs tərəfindən törədildiyi müəyyən edilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Təqsirləndirilən şəxs məxsus “Redmy Note 5” markalı mobil telefonun mesaj bölməsində xx.xx.2024-cü il tarixdə saat 02:09-da “azpulmat” pul kisəsi proqramından “Təqsirləndirilən şəxs borcunuz uğurla ödənilmişdir!. Bizi seçdiyiniz üçün təşəkkür edirik!” məzmunlu mesaj daxil olmuşdur. Bundan başqa xx.xx.2024-cü il tarixdə saat 02:15-də “azpulmat” pul kisəsi proqramından “Müqaviləni imzalamaq üçün kod 6756” məzmunlu mesaj gəlmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 fevral 2024-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus olmaqla oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı şəhəri, M.ünvan 4 ünvanında yerləşir. “İfadəsinin yerində yoxlanılması haqqında” 01 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.ünvan 4 ünvanında Zərərçəkmiş şəxs məxsus evdən necə oğurluq etdiyini göstərməklə ifadəsində qeyd etdiyi halları bir daha təsdiq etmişdir. Üzləşdirmədə dindirmə istintaqı hərəkətinin aparılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşmə keçirilmiş, üzləşmə zamanı Zərərçəkmiş şəxs həmin oğurluq hadisəsi zamanı Təqsirləndirilən şəxs ona məxsus evdən 2300 manat pulu oğurlamasını sonuncunun üzünə qarşı söyləmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi şəxsindən alınmış xx.xx.2024-cü il tarixli 18-1-47/2- 327/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X15 Regional filialından alınmış xx.xx.2024-cü il tarixli 3- 17-1/2-5653/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyin X1 Sisteminin Sosial ödənişlər alt sisteminə əsasən İİİ dərəcə əlilliyə görə ömürlük sosial müavinət alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 idarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən, cinayət işinə əlavə edilmiş hökmün və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1, 177.2.1-ci maddələri ilə təqsirli bilinərək 06 ay azadlıqdan məhrum etmə və 3000 manat cərimə cəzasına məhkum edilmiş, Şəki Apellyasiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarı ilə İsmayıllı Rayon məhkəməsinin xx.xx.2014-cü l tarixli hökmü ləğv edilmiş, Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli 1(025) -40/2014 nömrəli hökmünə əsasən Azərbaycan Rеspublikası Cinayət Məcəlləsinin 185.1, 177.2.1 və 177.2.2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 09 (doqquz) ay azadlıqdan məhrumetmə və 4000 ( dörd min) manat miqdarında cərimə cəzasına məhkum оlunmuş, hökmün azadlıqdan məhrumetmə hissəsi üzrə cəzasını çəkib qurtarmış, İsmayıllı Rayon Məhkəməsinin 27 mart 2018-ci il tarixli 1(037)-15/2018 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs Qəbələ Rayon Məhkəməsinin 19 noyabr 2014-cü il tarixli 1 (025) - 40 / 2014 nömrəli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri ilə ona təyin edilmiş 4000 (dörd min) manat miqdarında cərimə cəzasından və cinayət məsuliyyətindən azad edilmiş, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.2-ci maddələri üzrə məhkumluğu olmayan şəxs hesab edilmişdir. Təqsirləndirilən şəxs hazırda məhkumluğu ödənilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 fevral 2024-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Füzuli küçəsi, ev 6-da qeydiyyatda olmaqla orada yaşayır, yaşadığı müddət ərzində icra nümayəndəliyinə yazılı və şifahi məlumat daxil olmamışdır. Müstəntiqinin 07 fevral 2024-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə saat 23:30-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 09 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 09 fevral 2024-cü il tarixdə saat 17:40-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni Zərərçəkmiş şəxs məxsus evdən 2300 manat yox, cəmi 720 manat oğurladığını bildirərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi zərərçəkmiş şəxsin və şahidlərin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.ünvan 2 ünvanda yerləşən iki mərtəbəli fərdi yaşayış evinin birinci mərtəbəsində qonşusu Zərərçəkmiş şəxs tək yaşadığını və sonuncunun eşitmə qabiliyyətinin zəif olduğunu bilərək bundan istifadə edib həmin evdən oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə o, 06 fevral 2024-cü il tarixdə saat 01 radələrində Zərərçəkmiş şəxs evin birinci mərtəbəsində yatdığını güman edərək ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra qanunsuz olaraq həmin evin saxlanc yeri hesab olunan həyətinə daş hasarının üzərindən keçməklə daxil olmuş, sonra isə yaşayış sahəsi hesab olunan evin ikinci mərtəbəsində yerləşən eyvanına pilləkənlə qalxıb evin yataq otağının eyvana tərəf olan pəncərəsinin qarşısına keçmiş və özü ilə gətirdiyi dəmir parçası vasitəsi ilə həmin pəncərənin şüşəsinin bərkidildiyi dəmir mismarları fiziki güc tətbiq edib çıxarmaqla şüşəni taxta çərçivədən ayırıb yerə qoyaraq oradan qanunsuz olaraq saxlanc yeri olunan evin yataq otağına daxil olmuş, həmin otaqda pul və digər qiymətli əşya axtarıb tapa bilmədikdə, həmin yataq otağı ilə evin digər yataq otağı arasında olan pəncərənin şüşəsini əlində olan dəmir parçası ilə vurub sındıraraq saxlanc yeri hesab olunan digər otağa qanunsuz daxil olmuş və orada Zərərçəkmiş şəxs çarpayının üzərinə yığdığı yorğan-döşəyin arasında, bir ədəd qırmızı rəngli sellofan bağlamanın içərisindəki pul kisəsində gizlədib saxladığı sonuncuya məxsus 2300 manat məbləğində pulu götürüb qəsdən gizli yolla talayaraq həmin yerdən uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 2300 (iki min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla qəsdən törədilən cinayətdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən vurulmuş ziyann qismən ödənilməsi, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirilməlidir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də onun əvvəllər də mülkiyyət əleyhinə olan cinayət törətməsi, cəzasının çəkilməmiş hissəsindən azad edilməsinə (ödənilməmiş cərimə cəzası) və üzərindən məhkumluğun götürülməsinə baxmayaraq yenidən eyni növ cinayət törətməsi onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və və cəza təyin edərkən nəzərə alır. Göründüyü kimi təqsirləndirilən şəxsə yazadlıqdan mərhumetmə ilə əlaqədar olmayan cəzanın təyini onun islah olunması üçün, dolayısı ilə də cəzanın məqsədinə nail olmaq üçün kifayət etmir. Məhkəmə cəzanı yüngülləşdirən halların olmasını, cəzanı ağırlaşdırılan halın olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyası çərçivəsində azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə saat 23:30-dan 09 fevral 2024-cü il tarixə saat 17:40-adək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 fevral 2024-cü il tarixdə saat 23:30-dan 09 fevral 2024-cü il tarixə saat 17:40-adək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2(iki) gün müddət ona təyin edilmiş 2(iki) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan–16 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar