Məhkəmə qərarları › İş №1(037)-25/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-25/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-25/2024 07.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 07 may 2024-cü il tarixdə saat 13:13-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1984-cü ildə İsmayıllı rayonunun Talıstan kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 28 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixə keçən gecə, dəqiq saatı məlum olmayan vaxtda qohumu Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evin qarşısına gələrək, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin evin həyətinə hasarın üzərindən keçməklə qanunsuz daxil olub, evdə olan şəxslərin yatması və həyətdə heç kəsin olmamasından istifadə edərək həyətdəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmuş və 1 baş, ağ rəngli, diri çəkisi 24- 26 kiloqram, dəyəri 212,5 manat təşkil edən dişi quzunu tövlədən çıxarıb özü ilə aparmaqla qəsdən gizli yolla talayıb, Zərərçəkmiş şəxs 212,5 manat (iki yüz on iki manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Dolanışığını təmin etməkdə çətinlik çəkir. Bir neçə dəfə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuşdur. Zərərçəkmiş şəxs onun əmisi oğludur. Onunla münasibətləri normal olmuşdur. Ümman da anası ilə birlikdə Talıstan kəndində yaşayır. 28 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixə keçən gecə dəqiq saatı xatırlamadığı vaxtda evinə getdiyi zaman yoldakı dükanın yan tərəfinə qoyulmuş dəmirin yanında bir baş quzu olduğunu görmüş, o, həmin quzunun itlər və digər vəhşi heyvanlar tərəfindən parçalanacağını fikirləşərək özü ilə yaşadığı evinin həyətinə aparmışdır. O, quzunu üç gün həyətində saxlamış, sonradan isə polis əməkdaşları yaşadığı evə gələrək onu polis şöbəsinə dəvət etmişlər. O polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, daha sonra isə yoldan götürərək həyətində saxladığı quzunu polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Əvvəlki məhkəmə iclaslarında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla anası ilə birlikdə həmin kənddə yaşayır. Fəhləliklə məşğul olmaqla dolanışığını təmin edir. Təsərrüfatında özünə məxsus 5 baş xırda buynuzlu heyvanı var. Həmin heyvanları həyətində saxlayır. Qış ayı olduğundan heyvanları tövlədə saxlayır. 28 yanvar 2024-cü il tarixdə saat 19 radələrində heyvanları yemləmiş, tövlənin qapısını bağlayıb evə getmişdir. 29 yanvar 2024-cü il tarixdə səhər 07:30 radələrində heyvanları yemləmək üçün həyətə düşmüş, o, heyvanların həyətdə gəzişdiklərini görmüş və anasını səsləmişdir. Həyətdə 4 baş xırdabuynuzlu heyvan olmuş, digər diri çəkisi 24-26 kiloqram olan dişi quzu isə həmin heyvanların arasında olmamışdır, həmin quzunun harada olmasını bilmək üçün ilk öncə tövləyə getmiş, lakin həmin quzu tövlədə olmamışdır. O, həmin quzunun həyətdə olduğunu güman etmiş, bu səbəbdən həyəti gəzərkən həyət darvazasının açıq olduğunu görmüşdür. Çölə çıxarkən darvazanın qarşısına qoyduqları mişar daşının hasara söykənildiyini görmüş və quzunun oğurlandığına artıq əmin olmuşdur. Dərhal Azərbaycan Respublikası DİN-in 102 xidməti zəng mərkəzinə bu barədə məlumat vermiş, bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmiş, hadisə yerinə baxış keçirərək, zəruri sənədləşmə işləri aparmışlar. Araşdırılma zamanı həyətindən oğurluq etmiş şəxsin əmisi oğlu Təqsirləndirilən şəxs olduğu məlum olmuşdur. Oğurlanmış quzu polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı evinin həyətindən aşkarlanmış və ona təhvil verilmişdir. Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan “ifadənin yerində yoxlanılması barədə” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ibtidai oistintaqa verdiyi ifadəsində qeyd etdiyi xüsusatları əyani olaraq göstərməklə bir daha təsdiq etmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus 1 baş quzunun oğurlandığı tövlə yaşadığı İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evinin həyətində yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd, ağ rəngli, diri çəkisi 24-26 kiloqram olan dişi quzunu təqdim etmiş, təqdim edilmiş əşyalar götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. İsmayıllı RMX-nin PHŞ-dən alınmış xx.xx.2024-cü il tarixli PHŞ-6-47/2-381/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib şərti maliyyə vahidinin 150 misli miqdarında cərimə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinib 6 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinib 7 ay 25 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinib həmin Məcəllənin 69.3, 52-1.5, 67.1-ci maddələri tətbiq edilməklə 1 il 3 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2024-cü il tarixli 9/1388 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən diri çəkisi 24-26 kiloqram olan dişi quzunun 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 212,50 manat (12,5x17 manat) müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat (əlli) manat təşkil edir. “Maddi sübut kimi tanınma haqqında” 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 ədəd, ağ rəngli, diri çəkisi 24-26 kiloqram olan dişi quzu cinayət işi üzrə maddi sübut qismində tanınmışdır. “Maddi sübutun təhvil verilməsi haqqında” 30 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, gündəlik qulluğa ehtiyacı olduğundan iş üzrə maddi sübut olan 1 baş, ağ rəngli, diri çəkisi 24-26 kiloqram olan, dişi quzu saxlanılmasından ötrü Zərərçəkmiş şəxs təhvil verilmişdir. Zərərçəkmiş şəxs İsmayıllı RPŞ-nə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən oğurlanmış 1 baş dişi quzusu ona qaytarılmış və ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayəti, tələbi və iddiası yoxdur. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının Talıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 17 mart 2024-cü il tarixli 127 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İsmayıllı rayonunun Talıstan kəndində qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün qismən təqsirli bilməsinə dair ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilməsinə dair, yəni quzunu saxlanc yeri olan Zərərçəkmiş şəxs məxsus tövlədən yox, küçədən oğurladığını bildirərək özünü qismən təqsirli hesab etməsinə dair ifadəsinə münasibət bildirərək qeyd edir ki, onun ifadəsi özünü məsuliyyətdən yayınma kimi qiymətləndirilir və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti ilə verilmişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsi özünün ibtidai istintaqa verdiyi ifadəsi, zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla tam təkzib edildiyindən məhkəmə tərəfindən sübut kimi qəbul edilmir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün ifadəsi, zərərçəkmiş şəxsin ibtidai və məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş üzləşdirmə protokolları və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təsdiq edilir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talamaq məqsədi ilə 28 yanvar 2024-cü il tarixdən 29 yanvar 2024-cü il tarixə keçən gecə, dəqiq saatı məlum olmayan vaxtda qohumu Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Talıstan kəndində yerləşən evin qarşısına gələrək, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra saxlanc yeri hesab olunan həmin evin həyətinə hasarın üzərindən keçməklə qanunsuz daxil olub, evdə olan şəxslərin yatması və həyətdə heç kəsin olmamasından istifadə edərək həyətdəki saxlanc yeri hesab edilən tövləyə qanunsuz daxil olmuş və 1 baş, ağ rəngli, diri çəkisi 24-26 kiloqram, dəyəri 212,5 manat təşkil edən dişi quzunu tövlədən çıxarıb özü ilə aparmaqla qəsdən gizli yolla talayıb, Zərərçəkmiş şəxs 212,5 manat (iki yüz on iki manat əlli qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs vurulmuş ziyanı tam aradan qaldıraraq zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.3-cü maddəsinə əsasən onun barəsində cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir və nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də onun əvvəllər də dəfələrlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi, yaşayış yeri üzrə mənfi xarakterizə olunmasını onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və və cəza təyin edərkən nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Belə ki, təqsirləndirilən şəxsin məhkumluğunun ödənilməsi, nəticədə məhkəmə məhkumluqla bağlı nəticələrə istinad edərək məhkumluğun onun barəsində ağırlaşdırıcı hal kimi qəbul etməsə də, hazırki dövrə qədər təqsirləndirlən şəxsin dəfələrlə analoji cinaytlər törədərək azadlıqdan məhrumetmə cəzasına məhkum olunması və cəzasını çəkib qurtardıqdan sonra yenidən analoji cinayət törətməsi onun şəxsiyyətini xarakterizə etməklə, ona hazırki cinayət əməlinə görə azadlıqdan məhrumermə ilə əlaqədar olmayan cəzanın təyin edilməsinin islah edici olmamaqla, cəzanın ümumi prinsiplərinə və cəza ilə varılmaq istənilən məqsədə çatımlıqda güdülən əsaslara ziddir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “ Şübhəli şəxsin tutulması haqqında protokol” dan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 16:10-da şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 31 yanvar 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, həmin tarixdə saat 17:25-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 03 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 16:10-dan 31 yanvar 2024-cü il tarixə saat 17:25dək şübhəli şəxs qismində saxlanıldığı 03 (üç) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99- 1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut qismində tanınmış 1 baş ağ rəngli, diri çəkisi 24-26 kiloqram olan quzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 29 yanvar 2024-cü il tarixdə saat 16:10-dan 31 yanvar 2024-cü il tarixə saat 17:25ədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 3(üç) gün müddət ona təyin edilmiş 2(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 07 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 baş ağ rəngli, diri çəkisi 24-26 kiloqram olan quzunun Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar