Məhkəmə qərarları › İş №1(037)-25/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-25/2025

22.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-25/2025 22.07.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 22 iyul 2025-ci il tarixdə saat 15:41-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1981-ci il tarixdə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, 2-ci qrup əlil, himayəsində üç azyaşlı uşağı olan, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun Qurbanəfəndi kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 16:45 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində olan tövlədə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs saçından tutub baş nahiyəsini tövlənin divarına qəsdən bir neçə dəfə vuraraq və sair fiziki zorakılıq hərəkətləri edərək sonuncuya baş-beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, o, ailəsi ilə birgə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində yaşayır. 2-ci qrup əlildir. Zərərçəkmiş şəxs ilə 2014-cü ildən rəsmi nikahda olmaqla birgə nigahdan 3 övladı var. Hüsniyyə ilə aralarında mütəmadi olaraq ailə məişət zəminində mübahisələr olmuşdur. 18 yanvar 2025-ci il tarixdə saat 17 radələrində oğlu İbrahimlə birlikdə üç baş dovşanı kisənin içində yaşadığı evə gətirmiş, İbrahim içində dovşanlar olan kisəni tövləyə aparmışdır. Həmin vaxt arvadı Hüsniyyə inəkləri sağmaq üçün tövləyə getmiş, inəklər dovşanlardan hürkdüyü səbəbindən Hüsniyyə inəkləri sağa bilməməsini əsas gətirərək onunla mübahisə etməyə başlamışdır. O, Hüsniyyəni sakitləşdirmək məqsədi ilə sonuncuya yaxınlaşmış, bu zaman Hüsniyyə başını tövlənin divarına çırpmış, daha sonra özünü yerə yıxmış, yerə yıxıldıqdan sonra başını yerə vuraraq özünə xəsarət yetirmişdir. O, Hüsniyyəyəsakit olmağı, özünü ələ almağını bildirsə də sonuncu onun sözlərinə məhəl qoymayaraq tövlədən bayıra çıxmış və evi tərk edərək getmişdir. Sonradan bilmişdir ki, Hüsniyyə onun tərəfindən döyülməsi ilə bağlı polisə şikayət etmişdir. Hüsniyyə əvvəllər də dəfələrlə bu formada özünə xəsarətlər yetirmiş, bir neçə dəfə hətta intihara cəhd etmişdir. Həmin günkü mübahisə zamanı o heç bir formada Hüsniyyəyə toxunmamış, onu vurmamış və döyməmişdir. Ona görə də barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxslə 2014-cü ildən rəsmi nikahdadır. Əri Cəmillə aralarında mütəmadi olaraq ailə məişət zəminində mübahisələri olmuşdur. 18 yanvar 2025-ci il tarixdə saat 16:45 radələrində əri Cəmil yaşadığı evə bir neçə dovşan gətirmiş, oğlu İbrahim dovşanlar olan torbanı götürərək tövləyə aparmışdır. Ö da həmin vaxt inəkləri sağmaq üçün tövləyə getmiş, dovşanların səsindən inəkləri sağa bilməmişdir. O Cəmilə dovşanları tövlədən çıxarmasını xahiş etmiş, Cəmil isə onun sözündən hirslənmiş və onun saçından tutaraq başını iki-üç dəfə tövlənin divarına vurmuş, bundan sonra onu tövlənin içərisində sürüməyə başlamış, həmin vaxt onun ağzından və burnundan qan gəlmişdir. O, Cəmilin əlindən çıxaraq küçəyə çıxmış, oradan yol kənarına gəlmiş və tanımadığı avtomobillə birbaşa İsmayıllı rayon Mərkəzi xəstəxanasına gəlmişdir. Xəstəxananın qarşısında olarkən bacısı Məryama zəng edərək xəstəxanada olduğunu bildirmişdir. Xəstəxanada müayinə olunmuş, əri Cəmil tərəfindən döyülməsini bildirmiş, bir müddət sonra xəstəxanaya polis əməkdaşları yaxınlaşmış və baş vermiş hadisə ilə bağlı onun müraciətini qeydiyyata almışlar. Növbəti gün bacısı Məryam Mustafayeva xəstəxanaya gəlmiş və xəstəxanadan çıxaraq bacısı ilə birgə atasının yaşadığı Ağsu rayonu Hacıqədirli kəndində getmişdir. O, aldığı xəsarətlərlə bağlı Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin İsmayıllı rayon şöbəsində ekspert müayinəsindən keçmiş, bu zaman onda baş-beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı xəsarətləri müəyyən olunmuşdur. Baş vermiş hadisəni konkret olaraq görən şəxslər olmamışdır. Ötən müddət ərzində təqsirləndirilən şəxs olan əri Təqsirləndirilən şəxs onunla barışığa cəhd etməmiş, onun döyülməsində özünü günahkar hesab etməmişdir. Özü də Təqsirləndirilən şəxslə barışmamış və təqsirləndirilən şəxs barəsində qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid ifadə verərək göstərdir ki, İsmayıllı RMX PHŞ-nin TTYŞ-nin növbətçi həkimi vəzfəsində işləyir. İsmayıllı rayonu, Qurbanəfəndi kənd sakini Zərərçəkmiş şəxs əvvəllər tanımamışdır. 18 yanvar 2025-ci il tarixdə saat 20 radələrində İsmayıllı RMX-da növbədə olduğu zaman Zərərçəkmiş şəxs xəstəxanaya ambulator müraciət etmiş, həmin gün növbətçi həkim olduğu üçün onun müayinəsini ilkin olaraq o aparmışdır. Müayinə zamanı həmin şəxsin alın nahiyəsində az şişkinlik fondunda qançır, həmçinin sağ gözün üst qapağında, sağ gözaltı nahiyədə və sol gözaltı nahiyədə qançırlar aşkar edilmiş, Zərərçəkmiş şəxs xəsarəti hansı formada aldığını soruşduqa sonuncu yaşadığı evdə əri tərəfindən döyülməsini bildirmişdir. O həmin şəxsin xəsarətini və xəsarəti hansı formada almasını İsmayıllı rayon mərkəzi xəstəxanasının növbədə olan qeydiyyatçısına bildirmiş, xəstəxananın qeydiyyatçısı da aidiyyəti üzrə məlumatı İsmayıllı rayon polis şöbəsinə bildirmişdir. Zərərçəkmiş şəxs xəstəxanaya müraciət edən zaman onun yanında heç kim olmamışdır. Şahid X3 ifadə verərək göstərdir ki, Zərərçəkmiş şəxs onun bacısıdır. 18 yanvar 2025-ci il tarixdə Hüsniyyə ona zəng edərərk əri Təqsirləndirilən şəxs onu döydüyü üçün İsmayıllı rayon Mərkəzi xəstəxanasına gəldiyini bildirmişdir. Növbəti gün isə o özü İsmayıllı rayon Mərkəzi xətəxanasına getmiş, orada bacısı ilə görüşmüş və hadisə barədə maraqlanmışdır. Bacısı Hüsniyyə ona əri Cəmilin yaşadıqları ünvanda yerləşən tövlənin içərisində saçından tutaraq başını iki-üç dəfə divara vurmasını, həmçinin tövlənin içərisində sürüməsini, daha sonra isə onun əlindən qaçaraq küçəyə çıxmasını və tanımadığı avtomobillə xəstəxanaya gəldiyini bildirmişdir. Bacısı müayinə edildikdən sonra xəstəxanadan birlikdə onun yaşadığı Ağsu rayonu, Hacıqədirli kəndinə getmişlər. O bu hadisədən əvvəl də müxtəlif vaxtlarda bacısı Hüsniyyənin yaşadığı İsmayıllı rayonu Qurbanəfəndi kəndinə getmiş, bu zamanlarda da bacısı ona əri Cəmil tərəfindən döyülməsini və təhqir edilməsini bildirmişdir. Bacısı bununla bağlı müxtəlif vaxtlarda polis şöbəsinə müraciət etmiş, lakin barışıq verdiyi üçün işə xitam verilmişdir. Müdafiəçi tərəfindən cinayət işi üzrə keçirilmiş məhkəmə tibbi ekspertizasının rəyləri mübahisələndirildiyindən “Məhkəmə Tibbi Ekspertiza və X10” X13 İsmayıllı rayon şöbəsinin rəisi X14 əlavə şahid qismində dindirilmişdir. Müdafiəçi vəsatəti əsasında şahid qismində məhkəmə iclasına dəvət edilərək dindirilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Publik Hüquqi şəxsi İsmayıllı rayon şöbəsinin rəisi X14 ifadə verərək göstərdi ki, 2007-ci ildən tibb eksperti kimi iş təcrübəsinə malikdir. İsmayıllı rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı Elvin Kərimovun qərarı əsasında 24 yanvar 2025-ci il tarixdə Zərərçəkmiş şəxs müayinə etmiş və müayinə olunan şəxsdə baş beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı kimi xəsarətlər aşkar edilmişdir. O, həmin xəsarətlərin küt əşya(alət) təsirindən törənməsi qənaətinə gəlmiş və xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsinə uyğun gəlməsini müəyyən etmişdir. Həmin xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aid olmuşdur. Sonradan həmin şəxsi təkrar müayinə etmiş və 15 aprel 2025-ci il tarixli 16/05 nömrəli rəyində bildirmişdir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- baş beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı küt əşya(alət) təsirindən törənmişdir, xəsarətlər xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsinə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Ekspertiza təyini barədə qərarda qoyulmuş 2-ci suala cavab olaraq bildirmişdir ki, Zərərçəkmiş şəxs alın nahiyyəsində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən, həmçinin qeyd edilən xəsarət baş beyin silkələnməsi, sağ gözün üst qapağının və hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunduğuna görə demək olar ki, həmin xəsarət müayinə olunanın özü-özünə yetirməsinə xarakterik deyil. Müdafiəçi vəsatəti əsasında şahid qismində məhkəmə iclasında pedaqoq X7 ( eyni zamanda azyaşlı şahidin təhsil aldığı İsmayıllı rayonu Qurbanəfəndi kənd orta məktəbinin direktoru) iştirakı ilə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X4 ifadə verərək göstərdi ki, 18 yanvar 2025-ci il tarixdə saat 17 radələrində atası Cəmil üç baş dovşanı kisənin içində yaşadığı evə gətirmiş, qardaşı İbrahim içində dovşanlar olan kisəni tövləyə aparmışdır. O, İbrahimlə və böyük bacısı Gümüşlə birlikdə dovşanlara baxmaq üçün tövləyə getmiş, bu zaman anası Hüsniyyə inəkləri sağmaq üçün tövləyə gəlmişdir. İnəklər dovşanlardan hürkdüyü üçün anası dövşanları çölə çıxarmasını demiş, atası Cəmil isə inəklərin hürkmədiyini demişdir. Bu zaman anası Hüsniyyə özünü yerə yıxmış, yerə yıxıldıqdan sonra başını yerə vurmuş, sonra isə duraraq başını tövlənin divarına çırpmışdır. Müdafiəçi vəsatəti əsasında şahid qismində məhkəmə iclasında pedaqoq X7 ( eyni zamanda azyaşlı şahidin təhsil aldığı İsmayıllı rayonu Qurbanəfəndi kənd orta məktəbinin direktoru) iştirakı ilə dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs və zərərçəkmiş Zərərçəkmiş şəxs birgə nikahlarından olan xx.xx.2016-cı il təvəllüdlü X5 ifadəsində bacısı X1 ifadəsində göstərilən xüsusatları bir daha təsdiq etmişdir. Təqsirləndirilən şəxs öz müdafiəsi üçün dəlillər gətirərək ona Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilmədiyini, 18 yanvar 2025-ci il tarixdə arvadı Zərərçəkmiş şəxs ilə aralarında ailə məişət zəminində yaranmış növbəti mübahisə zamanı sonuncunu vurmadığını, onu döymədiyini bildirmişdir. Təqsirləndirilən şəxs göstərdiyi hallar istintaq zamanı alınmış ifadələrlə, dindirmə, üzləşdirmə, ifadənin yerində yoxlanması, hadisə yerinə baxış protokolları ilə, məhkəmətibbi, təkrar məhkəmə-tibbi və əlavə məhkəmə-tibbi ekspertizalarının rəyləri, ilkin araşdırma materialları və digər istintaq materialları ilə təkzib olunur. Odur ki, qeyd olunan dəlillər Təqsirləndirilən şəxs məsuliyyətdən yayınmaq, yaxud məsuliyyətini yüngülləşdirmək məqsədilə verdiyi ifadə kimi qiymətləndirilmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər iş materiallarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan: 19 aprel 2025-ci il tarixli “ Üzləşdirmədə dindirmə istintaq hərəkətinin keçirilməsi haqqında” protokolundan görünür ki, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təqsirləndirilən Təqsirləndirilən şəxs üzünə qarşı göstərək bir daha təsdiq etmişdir. 31 yanvar 2025-ci il tarixli “Hadisə yerində baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə İsmayıllı rayonunun Qurbanəfəndi kəndində Təqsirləndirilən şəxs məxsus evin həyətində yerləşən tövlənin içərisində baş vermişdir. Məhkəmə-tibbi ekspertizasının 27 yanvar 2025-ci il tarixli 16 nömrəli rəyindən görünür ki, 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər- baş beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsinə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir. Əlavə məhkəmə-tibbi ekspertizasının 15 aprel 2025-ci il tarixli 16/05 nömrəli rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına, adına tərtib edilmiş 16 saylı canlı şəxsin məhkəmə-tibbi ekspertizası rəyinə, qərarın təsvir hissəsində qeyd olunanlara əsasən və qərarda qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir:

1. 1984-cü il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarət- baş beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı küt əşya(alət) təsirindən törənmişdir, qərarın təsviri hissəsində göstərilən və Zərərçəkmiş şəxs qeyd etdiyi xx.xx.2025-ci il tarixdə və şəraitdə törənməsinə uyğun gəlir, sağlamlığın qısa müddətə pozulmasına səbəb olan, sağlamlığa yüngül zərərvurmaya aiddir.

2. Zərərçəkmiş şəxs alın nahiyyəsində aşkar edilmiş xəsarətin xarakterinə və lokalizasiyasına əsasən, həmçinin qeyd edilən xəsarət baş beyin silkələnməsi, sağ gözün üst qapağının və hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunduğuna görə demək olar ki, həmin xəsarət müayinə olunanın özü-özünə yetirməsinə xarakterik deyil. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onlarin məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Təqsirləndirilən şəxsin sözügedən əmələ görə özünü təqsirli bilməməsi barədə gətirdikləri əsaslar məhkəmə iclasında sübuta yetirilməmiş, həmin ifadələr təqsirləndirilən şəxsin özünü məsuliyyətdən yayındırmaq mahiyyəti daşıyır. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələbinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetirildi ki, Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdə, saat 16:45 radələrində İsmayıllı rayonunun Qurbanəfəndi kəndində yerləşən yaşadığı evin həyətyanı sahəsində olan tövlədə arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı əsəbiləşərək Zərərçəkmiş şəxs saçından tutub baş nahiyəsini tövlənin divarına qəsdən bir neçə dəfə vuraraq və sair fiziki zorakılıq hərəkətləri edərək sonuncuya baş-beyin silkələnməsi, sağ gözün üst qapağının, hər iki gözaltı nahiyənin qansızması ilə müşayiət olunan alın nahiyəsinin qançırı kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Həmin Məcəllənin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddələsidə nəzərdə tutulmuş həddə cəza təyin olunmalıdır Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-ci maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayət olmaqla, sağlamlığa az ağır zərər vurulmaqla əlaqədar qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşağının olmasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İsmayıllı rayon X11 X12 şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 18-1-47/2- 421/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı rayon X11 X12 şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 18-1-47/2- 422/2025 nömrəli məktubdan görünür ki, Zərərçəkmiş şəxs İsmayıllı RMX PHŞ-nin Poliklinika şöbəsinin "Narkoloji", "Ruhi-Əsəb" və "Nevroloji" kabinetlərində dispanser qeydiyyatda yoxdur. İsmayıllı RİHB-nin Qurbanəfəndi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 5-54-24/3-2-84/2025 arayış və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qurbanəfəndi kəndində qeydiyyatdadır, evlidir, 2-ci qrup əlildir, himayəsində 3 azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Məhkəmə öz qənaətini onunla əsaslandırır ki, törədilmiş cinayətin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olmaqla, təqsirləndirilən şəxsin ilk dəfə cinayət törətməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunması, eyni zamanda hadisənin baş vermə motivi törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsini azaldır. Nəzərə alınmalıdır ki, cinayət hadisəsi baş verməmişdən əvvəl zərərçəkmiş şəxs və təqsirləndirilən şəxs arasında dəfələrlə ailə-məişət zəminidə mübahisələr olmuş, məhz zərərçəkmiş şəxs tərəfindən təqsirləndirilən şəxsə qarşı ilkin aqressiv davranış sərgilənmiş və bunun nəticəsində sözügedən cinayət hadisəsi baş vermişdir. Bu hal isə onu deməyə əsas verir ki, Təqsirləndirilən şəxs cinayət törətməyə meyilli olmamışdır. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan növbəti gün saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Qurbanəfəndi kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia, ekspertiza və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar