Məhkəmə qərarları › İş №1(037)-26/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-26/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-26/2023 11.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X3, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs X4 iştirakı ilə 11 may 2023-cü il tarixdə saat 17:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 07 avqust 1990-cı ildə İsmayıllı rayon Qubaxəlilli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum olunmamış, İsmayıllı rayon Qubaxəlilli kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2023-cü il tarixdə saat 02 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən, birgə yaşadıqları evdə hər kəsin yatdığına əmin olduqdan sonra evin zalına keçib orada yerləşən masanın üzərinə qoyulmuş qadın əl çantasının içərisindən Zərərçəkmiş şəxs anası Əsli Gülmaliyevaya saxlaması üçün verdiyi 60 manat məbləğində pulu götürməklə, sonra isə yataq otağına keçərək həmin otaqda olan sandığın içərisindən 1 ədəd qırmızımtıl-sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, çəkisi 2,87 qram, qiyməti 244 manat təşkil edən sırğa cütündən, 1 ədəd sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, çəkisi 1,48 qram, qiyməti 126 manat təşkil edən üzükdən və 1 ədəd sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, üzərində ağ şəffaf rəndə qiymətli qaşlara aid edilməyən qaşları olan, çəkisi 4,02 qram, qiyməti 342 manat təşkil edən üzükdən ibarət cəmi 712 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Qubaxəlilli kəndində, qaynı Seymur Gülmalıyevə məxsus evdə yaşayır. Seymur Gülmalıyev də həmin ünvanda yaşayır, lakin Qubaxəlilli kəndindəki fermada mal-qara saxladığından çox zaman həmin fermada qalır. Seymurun evində qaynanası Əsli Gülmalıyeva da yaşayır. Qaynı Seymur ilə münasibətləri yaxşı olmuşdur. 10 fevral 2023cü il tarixdə bacanağının oğlu Bəxtiyar Rəhimov ona qonaq gəlmiş, Seymur Gülmaalıyev isə fermada olmuşdur. Həmin günü evdə süfrə açılmış, birlikdə yemək yemiş və Bəxtiyarla birlikdə spirtli içki qəbul etmişdir. Yeməkdən sonra Bəxtiyarı yola salaraq evə qayıtmışdır. Maddi vəziyyəti ağır olduğundan, qazancı olmadığından Seymurun evindən qızıl-zinət əşyalarını oğurlamağı və aparıb sataraq pul əldə etməyi planlaşdırmışdır. Bu məqsədlə 11 febral 2023-cü il tarixdə gecə saat 02 radələrində evin zal hissəsinə keçərək, orada masa üzərində olan, qaynanası Əsliyə məxsus əl çantasını görmüşdür. Çantanı açıb içərisinə baxarkən orada 60 manat pul olduğunu görmüşdür. O, həmin pulu götürüb cibinə qoymuş, sonra isə evin boş olan yataq otağına keçmişdir. Yataq otağında yerdə olan sandıqda qızıl-zinət əşyaları olmasını düşünərək yaxınlaşıb sandığı açmış, içərisinə baxarkən 03 ədəd qızıl qabı görmüşdür. Həmin qabları açdıqda birində 01 ədəd qızıl üzük, digərində 01 ədəd qaşlı qızıl üzük və digərində 01 cüt qızıl sırğa olmasını görmüşdür. O, həmin qızılzinət əşyalarını götürərək otaqdan çıxmış, qaldığı otağa keçərək yatmışdır. Səhər açıldıqda həmin qızıl-zinət əşyalarını Göyçay rayon Qaraməryəm kəndində yerləşən lombarda apararaq orada qızıllardan bir ədəd üzük və 01 cüt sırğanı girov qoymuş və 200 manat pulu kredit olaraq götürmüşdür. Digər qızıl əşyanı isə özündə saxlamışdır. 12 fevral 2023-cü il tarixdə saat 15 radələrində hərəkətlərindən peşman olaraq səhv etdiyini anlamış, qızılı girov qoyduğu lombarda gedərək oradan götürdüyü 200 manat pulu və üzərində 8 manat kredit faizini də ödəməklə qızılları geri almış, sonra özündə saxladığı digər qızıl üzüyü də birlikdə aparıb yataq otağında yasdığın altına yerləşdirmişdir. Qızılları ora qoyduğu zaman onu kimsə görməmiş və sonra evdən çıxıb getmişdir. Oğurladığı 60 manat pulu isə öz maddi ehtiyacına sərf etmişdir. İsmayıllı rayon Polis şöbəsinə dəvət edilən zaman törətdiyi hadisəni səmimi olaraq etiraf etmiş və qızıl-zinət əşyalarını aparıb həmin evin yataq otağında çarpayıda, yastıq altında qoyduğunu bildirərək həmin qızıl-zinət əşyalarını saxladığı yeri və qızılları istintaqa təqdim etmişdir. Hazırda əməlindən peşmandır. Həmin cinayəti maddi sıxıntıları olduğu üçün törətmişdir. Zərərçəkmiş şəxs olan qaynı Seymur Gülmalıyevə vurduğu ziyanı tamamilə aradan qaldırmış və onlarla barışıq əldə etmişdir. Himayəsində iki azyaşlı uşağı vardır. Məhkəmədən ifadəsində göstərilənlərin nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs Seymur Gülmalıyev ifadə verərək göstərdi ki, o, ailəsi ilə birlikdə İsmayıllı rayon Qubaxəlilli kəndində yaşayır. Əksər vaxtlarda çoban işlədiyi fermada qalır. Fermada qaldığı müddətdə isə Qubaxəlilli kəndində yerləşən evində anası Əsli Gülmaliyeva, bacısı Sevinc Qarayeva, bacısının əri Təqsirləndirilən şəxs və iki uşaqları ilə birlikdə yaşayırlar. O, fermada olduğu zaman, yəni 11 fevral 2023-cü il tarixdə saat 21 radələrində anası Əsli ona zəng edərək evdə olan əl çantasından 60 manat pul oğurlandığını bildirmişdir. O anasına ertəsi günü gəlib məsələni aydınlaşdıracağını bildirmişdir. Həmin pul özünə məxsus olmuş, anasına isə saxlaması üçün vermişdir. 12 fevral 2023-cü il tarixdə 14 radələrində evə gələrək evinə baxış keçirmişdir. Bu zaman yataq otağındakı sandığdakı 03 ədəd qızıl qablarının yerində olmasını, lakin içərilərinin boş olmasını görmüşdür. Anasından həmin qızılların harada olmasını soruşmuş, anası isə bundan xəbərinin olmadığınıl bildirmişdir. O, evdən oğurluq olmasını başa düşərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evindən oğurlanmış həmin qızıl-zinət əşyaları nişanlı qızının cehizliyi olmuşdur. Həmin əşyalar bir cüt dəyəri təxminən 360 manat olan, çəkisini bilmədiyi qaşsız qızıl sırğa, digəri 01 ədəd dəyəri təxminən 350 manat olan, çəkisini bilmədiyi qaşsız, həcmli, qızıl qadın üzüyü və digəri 01 ədəd, dəyəri təxminən 750 manat olan, çəkisini bilmədiyi briliyant qaşlı qızıl qadın nişan üzüyü olmuşlar. Baş vermiş oğurluq hadisəsi zamanı qızıllara görə 1460 manat, saxlaması üçün anasına verdiyi və onun çantasından 60 manat nəğd pulun oğurlanması nəticəsində ona ümumilikdə 1520 manat maddi ziyan vurulmuşdur. Evindən konkret olaraq nə vaxtı, kim tərəfindən və hansı şəraitdə oğurluq edilməsini bilməmiş, bu barədə şikayət etdikdən sonra araşdırma aparılmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı ona məlum olmuşdur ki, evindən oğurluq edən şəxs bacısının əri Təqsirləndirilən şəxs olmuşdur. Təqsirləndirilən şəxs ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid qismində dindirilmiş X12 ifadəsində zərərçəkmiş şəxs Seymur Gülmalıyevin ifadəsində qeyd etdiyi xüsusatları təsdiq edərək eyni məzmunda ifadə vermişdir. Şahid qismində dindirilmiş X8 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayon Qubaxəlilli kəndində nənəsi Əsli Gülmaliyeva, bibisi Sevinc Qarayeva, bibisinin əri Təqsirləndirilən şəxs və iki uşaqları ilə birlikdə yaşayır. Bibisi və onun əri Təqsirləndirilən şəxs ilə münasibətləri yaxşı olmuşdur. 11 fevral 2023-cü il tarixdə saat 21 radələrində atası işdə olan zaman nənəsi Əsli Gülmaliyeva atasına zəng edərək evdəki əl çantasından 60 manat pul oğurlandığını demişdir. 12 fevral 2023-cü il tarixdə 14 radələrində atası evə qayıtmış və evin yataq otağına keçib orada olan sandığı açıb içinə baxarkən 03 ədəd qızıl qablarının yerində olmasını, lakin içərilərinin boş olmasını görmüşdür. Atası evdən oğurluq olmasını başa düşərək DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Evlərindən oğurlanmış həmin qızıl-zinət əşyalarını atası gələcəkdə ona verməkdən ötrü cehizlik olaraq saxlamışdır. Həmin sandığda cəmi 03 ədəd qızıl-zinət əşyaları olmuş, sandıqda başqa qiymətli əşya olmamışdır. Həmin əşyalar bir cüt dəyəri təxminən 360 manat olan, çəkisini bilmədiyim qaşsız, uzunsof, qızıl sırğa, digəri 01 ədəd dəyəri təxminən 350 manat olan, çəkisini bilmədiyim qaşsız, həcmli, qızıl qadın üzüyü və digəri 01 ədəd, dəyəri təxminən 750 manat olan, çəkisini bilmədiyim briliyant qaşlı qızıl qadın nişan üzüyü olmuşlar. Evlərindən konkret olaraq nə vaxtı, kim tərəfindən və hansı şəraitdə oğurluq edilməsini bilməmiş, lakin bu barədə şikayət etdikdən sonra araşdırma aparılmışdır. Polis şöbəsində aparılan araşdırma zamanı evlərindən oğurluq edən şəxsin bibisini əri Kamran olduğu məlum olmuşdur. Məhkəmə iclasına çağırılmış X1 məhkəmyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar olaraq məhkəmə baxışı iclasına gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirilmişdir. Bu səbəbdən məhkəmə iclasında X1nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. X1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Göyçay rayon Qaraməryəm kəndində ailəsi ilə birlikdə yaşayır, Göyçay rayon Qaraməryəm kəndində yerləşən lombarda işçi mütəxəssis vəzifəsində işləməklə ailəsinin dolanışığını təmin edir. 11 fevral 2023-cü il tarixdə işdə olan zaman bir nəfər gələrək xəstəsi olduğundan pula ehtiyacının olduğunu və qızıl girov qoymaq istədiyini bildirmişdir. O, etiraz etməmiş və ondan qızılları verməsini istəmişdir. Bu zaman həmin şəxs cibindən bir ədəd üzük və 01 cüt sırğa çıxararaq ona vermişdir. Ondan qızılların kimə aid olmasını, oğurluq olub-olmamasını soruşmuşdur. Bu zaman sonuncu ona qızılların özünə aid olmasını, evindən gətirdiyini bildirmişdir. Daha sonra qızılları tərəzidə çəkmiş və çəkisi 4.35 qram olmuşdur. İşlədiyi lombardda qızıl əşyaları aylıq 4% həcmində girov kimi qəbul edilir. Sonra həmin şəxsdən şəxsiyyətini təsdiq edən sənəd istədikdə o, sənədini təqdim etmiş və o zaman həmin şəxsin İsmayıllı rayonu Qubaxəlilli kəndində yaşayan Təqsirləndirilən şəxs olması ona məlum olmuşdur. Sənədləşmə işləri aparıldıqdan sonra o, Təqsirləndirilən şəxs 4.35 qram qızıl üçün 200 manat məbləğində pul və girov alma barədə qəbz vermişdir. Təqsirləndirilən şəxs çıxıb getmiş, o isə girov aldığı qızıllar barədə Lombardın xüsusi qeyd kitabında qeydiyyat aparmışdır. Bir gün sonra, yəni xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində Təqsirləndirilən şəxs təkrar Lombarda gələrək girov məbləği olan 200 manat və girov faizi olan 8 manat olmaqla 208 manat pulu ona verərək qızılları geri almaq istədiyini bildirmişdir. O, etiraz etməyərək qızılları ona geri vermiş və bu barədə də qeyd kitabında qeydiyyat aparmışdır. Həmin qızıl əşyalar sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğası həkk olunmuş, çəkisi 2.87 qram olan 01 cüt sırğa və sarı rəngli metaldan, üzərində “585” əyar damğası həkk olunmuş, çəkisi 1.48 qram olan 01 ədəd üzükdən ibarət olmuşdur. Sonradan Təqsirləndirilən şəxs onun işlədiyi lombarda gəlməmiş və ona qeyd etdyi qızıl-zinyət əşyalarından başqa əşya təklif etməmişdir. O, aparılan istintaq zamanı bilmişdir ki, Təqsirləndirilən şəxs ona satdığı 2 ədəd qızıl-zinyət əşyaları oğurluq olmuş, yəni Təqsirləndirilən şəxs həmin qızıl-zinyət əşyalarını oğurlayaraq satmış, lakin sonuncu, ona bu barədə deməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da tam hərtərəfli və obyektiv yoxlayıb, hər bir sənədi mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirdikdən sonra həmin sənədləri iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 12 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi əşyalar 03 ədəd qızıl-zinət əşyaları olmuşdur. Həmin qızıl-zinət əşyalarını saxladığı yer isə İsmayıllı rayon Qubaxəlilli kəndi ərazisində yerləşən X6 məxsus fərdi yaşayış evi olması, həmin evin yerləşdiyi yerdə ətrafında yaşayış sahələrinin olması, həmin yerdə yolun çınqıllı torpaq yola malik olması, evin ətrafının daş hasarla əhatə olması, giriş hissədə isə göy rəngli dəmir qapının yerləşməsi, həmin qapıdan həyətə daxil olduqda ətrafı açıq dəmir konstruksiyalarla qurulmuş və üzəri şifertə örtülü talvar hissəsinin olması, evə birləşməsi, giriş qapıdan təxminən 20 metr aralıda, yəni talvar hissənin bitdiyi yerdə bir mərtəbədən ibarət kürsülü evin yerləşməsi, evin ətrafının divarla əhatələnməsi üzərinin dəmir şiferlə örtülü olması, evin giriş qapısından içəri daxil olduqda isə zal hissənin və iki yataq otağının yerləşməsi, zal hissədən həmin otaqlara giriş-çıxış olması, zal hissənin və otaqların təmirli, zalın döşəmə, divar və tavan hissəsinin taxta materiallarla işləməli, otaqların isə döşəmə hissəsinin taxta materialdan, divar hissələrinin aboy kağızı və tavan hissəsinin isə ağ rənglə boyanmış bəzəkli taxta işləmələrlə əhatələnmiş təmirli ev olması müşahidə olundu. Baxışda iştirak edən Təqsirləndirilən şəxs evin zah hissəsində masa üzərində olan çantanı göstərərk xx.xx.2023-cü il tarixə keçən gecə 60 manat pulu hımin çantanın cibindən götürdüyünü, sonra evin giriş hissə ilə üz-üzə olan yatağına keçdiyini, sandıqdan 03 ədəd olmaqla, bir cüt qızıl sırğa və iki ədəd üzük götürdüyünü, aparıb bir cüt qızıl sırğa və bir ədəd qızıl üzüyü Göyçay rayon Qaraməryəm kəndində yerləşən Lombarda girov qoyaraq pul 200 manat pul götürdüyünü, digər qızılı üzüyü cibində saxladığını, daha sonra törətdiyi əməlinin ifşa edilməsindən qorxub və peşman olaraq, ertəsi günü gedib pulunu və faizini qaytarıb həmin qızılları Lombardan götürdüyünü, gətirib evin həmin yataq otağında yerləşən, çarpayı üzərində olan yastığın altında saxladığını, məqsədinin isə ondan şübhələnildiyi halda qızılların evdə olmasını bildirməsi olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməlini etiraf edərək və həmin qızıl-zinət əşyalarını istintaqa təqdim etdir. Baxış zamanı çarpayı üzərində olan yasdığın aldında qızıl-zinət əşyalarının olması müşahidə olundu. Həmin qızıl-zinət əşyalarına baxış zamanı onlardan birinin qaşsız, uzunsof, qızıla oxşar görünüşlü, qulaqdan asmaq üçün sancaqlı bir cüt sırğa olması, ikincisinin 01 ədəd iri həcmli, qızıla bənzər rəngli, halqa şəkilli qadın üzüyü olması və digərinin 01 ədəd, briliyanta oxşar qaşları olan, qızıla bənzər rəngli, halğa şəkilli qadın üzüyü olması müəyyən olundu. Lakin həmin əşyaların qızıl-olub olmaması, çəkiləri və dəyərləri ekspertiza tədqiqatlarından sonra dəqiq müəyyənləşəcəkdir. Baxışda iştirak edən X7 həmin qızıl-zinət əşyalarını görüb tanıyaraq ailəsinə məxsus olmasını, həmin əşyaların bir cüt qızıl sırğa, bir ədəd qaşsız üzük və 01 ədəd briliant qaşlı qızıl üzük olmalarını bildirdi. Baxış zamanı həmin qızıl-zinət əşyaları iş üçün əhəmiyət kəsb etdiyindən qablaşdırılaraq götürüldü. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilməmiş və götürülməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Təqdim edilmiş əşyaya baxış keçirilməsi haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan Lombard Göyçay rayon Qaraməryəm kəndində, Göyçay-İsmayıllı və Göyçay-Ağsu avtomobil yollarının kəsişdiyi yerdə, yol ayrıcı dairənin yanında, Göyçay istiqamətində yolun sağ tərəf kənarında yerləşmişdir. Həmin yerdə Lombard kimi fəaliyyət göstərməsinə dair obyekt yerləşmişdir, obyektin ətrafı plastik materialdan pəncərə və bir giriş qapı ilə əhatələnmişdir, giriş hissədən qapı üzərində iri hərflərlə Lombard sözü və pəncərə şüşələrində isə reklam şəkilləri, 4%, telefon nömrəsi, həmçinin obyektin avtomobil yoluna baxan hissəsində pəncərə şüşələri üzərində rəngli reklam yazılar, telefon nömrə, ad və 4% yazıları olmuşdur. Obyektin çöl hissəsi rəngli fon elanlarla örtüldüyündən içərisi müşahidə edilmir. Həmin Lombarda giriş hissədən daxil olduqda içərinin təxminən 4.5 kvmetr olması, içəridə iki ədəd stul, bir ədəd iri masa və bir ədəd kreslo oturacaq olması, masa üzərində isə müəyyən aksesuarların olması müşahidə olundu. Baxışda iştirak edən X10 obyekti və içərisini göstərərək həmin yerdə Lombard kimi fəaliyyət göstərdiyini, orada işçi - mütəxəssisi olmasını, 4%-lə kredit verməsini, krediti isə qızıl-zinət əşyası girov qoyulmaqla verildiyini, əvvəlcə qızıla baxış keçirilməsi, çəkisinin müəyyən edilməsi və lom qiymətinin çıxarılması, alınan məbləq əsasında və yaxud girov qoyan şəxsin istədiyinə maksimim uyğunlaşdırılmaqla kredit verilməsini bildirdi. Həmçinin sorğu zamanı X22 aid jurnalı təqdim edərək, xx.xx.2023-cü il tarixdə İsmayıllı rayon Qubaxəlilli kəndindən Təqsirləndirilən şəxs adlı birinin gəlməsi, qızıl-zinət əşyaları girov qoyması və pul kreditə götürməsi, həmin qızıllarıı bir cüt qızıl sırğa və bir ədəd qaşsız qızıl üzük olmasını, həmin qızılları tərəzidə çəkərək 4.35 qram olmasını, qızılları tərəzidə çəkdiyi zaman fotişəklini çəkməsini, qızılların lom kimi qiymətləndirərək qarşılığı olaraq 200 manat pul verməsini, pulu verməzdən əvvəl isə həmin qızılları girov qoymasına dair sənədləşmə aparıb, həmin şəxsin məlumatlarını qeyd edərək 3 nüsxədə qəbz tərtib etməsini, həmin qəbzin bir nüsxəsini həmin şəxsə, yəni Təqsirləndirilən şəxs verdiyini, digər qəbzin nüsxələrinin onda qalmasını, girov qoyan şəxsə 200 manat verdikdən sonra getdiyini, girov verdiyi şəxsin məlumatlarını iş jurnalına da qeyd etməsini, xx.xx.2023-cü il tarixdə günün ikinci yarısı Təqsirləndirilən şəxs təkrarən gəlib qızıllara görə götürdüyü 200 manat girov pulu və 8 manat kredit faizini qabaqcadan verdiyini, bundan sonra girovun bağlanmasına dair qəbz tərtib etməsini və qızılları təqdim etməsini, Təqsirləndirilən şəxs isə qızılları götürüb getməsini bildirdi. Həmin qəbzləri və jurnalda olan qeydləri istintaqa təqdim edə biləcəyini bildirdi. Bundan sonra həmin jurnala və qəbzlərə baxış keçirildi, baxış zamanı jurnalın göy rəngli və içərisində vərəqin son yazısının Təqsirləndirilən şəxs və 20 m, 11/İİ.2023 yazılması, həmçinin təqdim edim edilmiş qəbzlərin göy rəngli olmaları, qəbzlərdən biri girov qoyulan zaman və digərinin girov bağlamnılması üçün yazıldığını, girov qoyulan qəbzin bir qədər iri, içərisində “rekvizitlər, xx.xx.2023, 4%, kredit 200 manat, borc faizi 8 manat, Təqsirləndirilən şəxs, bir cüt qadın sırğası, bir ədəd qadın üzüyü, 4.35q və Təqsirləndirilən şəxs yaşadığı ünvan və telefon nömrələri, qəbzin üzərində möhür, arxa tərəfində möhür və imza” yazılması, ikinci qəbzin girovun bağlanması qəbzi olması, içərisində “rekvizitlər, xx.xx.2023, kredit 208 manat borc ödənilməsi barədə qeydlər, Təqsirləndirilən şəxs, imza və ştamp” olması müşahidə olundu. Baxışda iştirak edən Xəlil Xəlilov həmin qəbzləri və girov götürdüyü zaman tərəzi üzərində çəkdiyi bir ədəd fotoşəkli istintaqa təqdim edə biləcəyini bildirdi. Baxış zamanı jurnalda olan səhifənin fotoşəkli çəkildi, həmçinin həmin 02 ədəd girov kreditin verilməsi və girovun bağlanılmasına dair qəbzlər və bir ədəd fotoşəkil iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimdən götürüldü. Baxış zamanı iş üçün əhəmiyyət kəsb edən başqa hər hansı bir əşya və ya vasitə aşkar edilmədi və götürülmədi. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizasının 07 mart 2023-cü il tarixli 6/1034-9/1284 nömrəli rəyindən müəyyən edilir ki, aparılmış fizikikimyəvi tədqiqatın nəticələrinə əsasən, tədqiqata təqdim edilmiş məmulatların orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 712.00 manat müəyyən edilir. Ekspertiza tədqiqatına təqdim edilmiş:

1. 01 ədəd qırmızımtıl-sarı rəngli metaldan sırğa cütü - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 2.87 qramdır - 244.0 manat;

2. 01 ədəd sarı rəngli metaldan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1.48 qramdır - 126.0 manat;

3. 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzük - üzərində “585” əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, qaşları qiymətli qaşlara aid deyil, çəkisi 4.02 qramdır - 342.0 manat. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. “Maddi sübut kimi tanınma haqqında” 09 mart 2023-cü il tarixli qərardan görünür ki, 01 cüt sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğası həkk olunmuş sırğa, 01 ədəd sarı rəngli metaldan, üzərində “585” əyar damğası həkk olunmuş üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş üzükdən ibarət qızıl-zinət əşyaları cinayət işi üzrə madi sübut qismində tanınmış və məhkəməyədək saxlanılmasından ötrü zərərçəkmiş şəxs X9 təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun əməlində həmin cinayətin tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 11 fevral 2023-cü il tarixdə saat 02 radələrində qohumu Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun Qubaxəlilli kəndində yerləşən, birgə yaşadıqları evdə hər kəsin yatdığına əmin olduqdan sonra evin zalına keçib orada yerləşən masanın üzərinə qoyulmuş qadın əl çantasının içərisindən Zərərçəkmiş şəxs anası Əsli Gülmaliyevaya saxlaması üçün verdiyi 60 manat məbləğində pulu götürməklə, sonra isə yataq otağına keçərək həmin otaqda olan sandığın içərisindən 1 ədəd qırmızımtıl-sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, çəkisi 2,87 qram, qiyməti 244 manat təşkil edən sırğa cütündən, 1 ədəd sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, çəkisi 1,48 qram, qiyməti 126 manat təşkil edən üzükdən və 1 ədəd sarı rəngli metaldan olan, üzərində “585” əyar damğası həkk olunmuş, metalı 585 əyarlı qızıla uyğun gələn, üzərində ağ şəffaf rəndə qiymətli qaşlara aid edilməyən qaşları olan, çəkisi 4,02 qram, qiyməti 342 manat təşkil edən üzükdən ibarət cəmi 712 manat dəyərində qızıl-zinət əşyalarını götürməklə qəsdən gizli olaraq talayıb Zərərçəkmiş şəxs ümumilikdə 772 (yeddi yüz yetmiş iki) manat məbləğində maddi ziyan vurulmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.1-ci maddəsi ilə tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “böyük ictimai təhlükə törətməyən” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxsə vurulmuş ziyanı tamamilə ödəməklə onunla barışıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nin Qubaxəlilli kənd inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun Qubaxəlilli kəndində yaşayır, evlidir, himayəsində xx.xx.2012 və xx.xx.2014-cü il təvəlüdlü olmaqla iki azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, qardaşı X2 Müharibəsi iştirakçısıdır. İsmayıllı rayon X14 Hüququlu şəxsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli PHŞ-6- 47/2-176/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş ictimai işlər cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin ictimai işlər növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxs qismində tutma haqqında qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il saat 19:40-da şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 15 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 11:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti ictimai işlər növündə cəzanın müddətinə bir gün müddətinə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş ictimai işlər cəzası həbsdə saxlamanın 1 günü ictimai işlər cəzasının səkkiz saatına tutularaq, 16 saat müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq ictimai işlər cəzası saxlanmalıdır. Təqsirləndirilən şəxs üzərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulmalı, cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldildiyi vaxtdan hesablanmalı, cəzasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerdə çəkməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsinə həvalə edilməlidir. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olan 01 cüt sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğası həkk olunmuş sırğa, 01 ədəd sarı rəngli metaldan, üzərində “585” əyar damğası həkk olunmuş üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş üzükdən ibarət qızıl-zinət əşyalarının zərərçəkmiş şəxs X9 təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş kompleks məhkəmə-fiziki-kimyəvi və məhkəmə əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 100 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekspertiza tədqiqatının dəyəri olan 100 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi :

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 480 (dörd yüz səksən) saat müddət ictimai işlər cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il saat 19:40-dan 15 fevral 2023-cü il saat 11:00-dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin ictimai işlər cəzasının səkkiz saatına hesablanmaqla 16 (on altı) saat müddət ona təyin edilən 480 (dörd yüz səksən) saat müddətə ictimai işlər cəzasından çıxılaraq üzərində qəti olaraq 464 (dörd yüz altmış dörd) saat müddətə ictimai işlər cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada elektron nəzarət vasitəsindən istifadə etmək, elektron nəzarət vasitəsini ictimai işlərin yerinə yetirildiyi yerlərdə gəzdirmək, həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək və yaşayış yerini dəyişdikdə bu barədə icra məmuruna məlumat vermək vəzifələri qoyulsun. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün icraya yönəldildiyi vaxtdan hesablansın. Cəzasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş yerdə çəksin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə İsmayıllı rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan 01 cüt sarı-gümüşü rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan üzərində “585” əyar damğası həkk olunmuş sırğa, 01 ədəd sarı rəngli metaldan, üzərində “585” əyar damğası həkk olunmuş üzük və 01 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşları olan, üzərində “585” əyar damğası həkk olunmuş üzükdən ibarət qızıl-zinət əşyalarının zərərçəkmiş şəxs X9 təhvil verilməsi nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 100 (bir yüz) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar