Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-26/2024 23.05.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 23 may 2024-cü il tarixdə saat 10:40-da İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1998-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, İsmayıllı şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 9-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, üzəridə çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmış, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 440 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, yaşadığı İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 9 saylı ünvanda yerləşən evə daşıyıb aparmaqla həmin ünvanda 06 yanvar 2024-cü il tarixə kimi saxlamış, həmin tarixdə saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılmış, yaşadığı evə baxış keçirilərkən evin zirzəmisində 1 ədəd sellofan torbada saxladığı xeyli miqdarda - 440 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-cü maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, arabir narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. 06 yanvar 2024-cü il tarixdə saat 18 radələrində İsmayıllı şəhəri Ü.Hacıbəyov küçəsində yaşadığı evin yaxınlığında olarkən bir neçə polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərkən onların İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona yaşadığı ünvanda narkotik vasitə olmasına dair şübhələr olduğundan həyətyanı sahəsinə baxış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini demişlər. O, polis əməkdaşlarına yaşadığı ünvana baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və bundan sonra özü və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvana baxış keçirilmişdir. Baxış keçirilməzdən əvvəl ondan yaşadığı ünvanda narkotik maddə olubolmadığı soruşulmuş, o, etiraf edərək yaşadığı həyətdəki zirzəmidə öz istifadə etməsi üçün saxladığı narkotik vasitə - qurudulmuş marixuana olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun iştirakı ilə birlikdə evin zirzəmisinə getmiş, bu zaman o, orada saxladığı, içərisində quru halda marixuana olan bir ədəd sellofan torbanı götürüb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı o, həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, həmin kütləni 2023-cü ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayonun Xanagah kəndi ərazisində yerləşən meşə sahəsində olarkən qarşısına çıxan 02 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisindən əldə etdiyini demişdir. Bundan sonra aşkar edilmiş qurudulmuş marixuana elektron tərəzidə çəkilmiş və çəkisi müəyyən olunmuşdur. Ardınca həmin sellofan torba qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə zirzəminin digər yerlərinə və yaşadığı ünvanın digər yerlərinə baxış keçirilmiş, lakin başqa heç bir cinayət xarakterli iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi özü də imzası ilə təsdiq etmişdir. Daha sonra polis əməkdaşları onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Növbətçi hissənin qarşısında ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçisi ilə təmin etmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbənin növbətçi hissəsinin qarşısında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmet olmadığını demişdir. Buna baxmayaraq şöbənin növbətçi hissəsinin qarşısında polislərin və müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Lakin üzərindən heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu özü, müdafiəçisi və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. O bir daha qeyd edir ki, tapdığı marixuananı şəxsi istifadəsi üçün evində saxlamış, satış məqsədi olmamışdır. Narkotik vasitəni saxlamağını, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır, gəncdir. Məhkəmədən qanuni qərar qəbul edilməsini xahiş edir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan raportla İsmayıllı RPŞ-nin rəisinə məruzə edilmiş, İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-istintaq qrupu yaradılaraq 06 yanvar 2024-cü il tarixdə saat 18 radələrində özü, qrupun digər üzvləri birlikdə İsmayıllı şəhərində yaşadığı Üzeyir Hacıbəyov küçəsində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşmışlar. Onlar öz xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Murada narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də yaşadığı evin yerləşdiyi həyətyanı sahəsinə baxış keçiriləcəyi və üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə və üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demiş və bu barədə ərizə yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvanda hər hansı narkotik vasitə və sair cinayət xarakterli əşya saxlayıb saxlamamasını soruşulmuşdur. Bu zaman Təqsirləndirilən şəxs yaşadığı ünvanda zirzəmidə 1 ədəd sellofan torbada saxladığı spesifik iyli, yaşıl rəngli kütləni təqdim edərək həmin kütlənin ona məxsus olduğunu və həmin kütlənin qurudulmuş marixuana olduğunu demişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin qurudulmuş marixuananı 2023-cü ilin sentyabr ayının dəqiq tarixini xatırlamadığı günündə İsmayıllı rayon Xanagah kəndi ərazisində yerləşən meşə sahəsində qarşısına çıxan 02 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisindən yığaraq qurudub hazırladığını demişdir. Aşkar edilmiş 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Ardınca həmin marixuana olduğu sellofan torbada qablaşdırılaraq götürülmüşdür. Bundan əlavə həmin evin digər yerlərinə baxış keçirilmiş, lakin başqa heç bir cinayət xarakterli iz, əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar etməmişlər. Baxış zamanı videoçəkiliş aparılmaqla protokol tərtib edilmiş və imzaları ilə təsdiq etmişlər. Bunun ardınca Təqsirləndirilən şəxs ilə birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər. İsmayıllı RPŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, o, vəkillərin siyahısından seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Murada üzərində hər hansı cinayət xarakterli əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Murad üzərində hər hansı narkotik vasitə və ya cinayət xarakterli əşya olmadığını demişdir. Ardınca Muradın üzəri axtarılsa da hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Axtarış zamanı cinayət xarakterli əşya aşkar edilmədiyi üçün şəxsi axtarış yekunlaşdırılmış, bu barədə protokol tərtib edilmiş, protokola şübhəli şəxs olan Murad, özü və digər iştirakçılar imza etmişlər. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin digər əməliyyat müvəkkili polis baş leytenantı X5 ifadəsində X4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı başqa rayonda olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş X3nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X3 ibtidai istintaqa verdiyi ifadəsində X8 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Həyətyanı sahəyə və evə baxış keçirilməsi və götürmə barədə” 06 yanvar 2024cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin əməkdaşlarının və Təqsirləndirilən şəxs iştirakı ilə sonuncunun yaşadığı İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 9 saylı ünvanda yerləşən evə baxış keçirilərkən evin zirzəmisində 1 ədəd sellofan torbada saxladığı xeyli miqdarda - 440 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. “Şəxsi axtarış aparılması barədə” 06 yanvar 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun üzərindən hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 07 yanvar 2024-cü il tarixli 17/20 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində yapışdırılmış vərəqədə “ Təqsirləndirilən şəxs məxsus həyətyanı sahədən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə .....” sözləri, adlar və imzalar yazılmış 01(bir) ədəd sellofan torbanın içərisindəki, təmiz çəkisi – 440,0 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən bioloji kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-440,0 qram olmuş, tədqiqata 0,01 qram sərf edilmiş, qalıq çəki 439,9 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 15 fevral 2024-cü il tarixli 303 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabionidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 10 yanvar 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs yaşadığı evində axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,9 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 440.0 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 06 yanvar 2024-cü il tarixə kimi yaşadığı evin zirzəmisində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qəsdən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq xeyli miqdarda, ümumilikdə 440 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib, yaşadığı İsmayıllı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 9 saylı ünvanda yerləşən evə daşıyıb aparmaqla həmin ünvanda 06 yanvar 2024-cü il tarixə kimi saxlamış, həmin tarixdə saat 18 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, yaşadığı evin yaxınlığında saxlanılmış, yaşadığı evə baxış keçirilərkən evin zirzəmisində 1 ədəd sellofan torbada saxladığı xeyli miqdarda - 440 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X1 İdarəsindən alınmış 18 yanvar 2024-cü il tarixli tələbnamədən, Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmünün surətindən və İsmayıllı rayon İcra və Probasiya şöbəsi tərəfindən təqdim edilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15 avqust 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, ona 13 sentyabr 2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Cəzasının sonu xx.xx.2025ci il olmaqla 23 may 2024-cü il tarixə üzəridə çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 26 fevral 2024-cü il tarixli 2699 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Üzeyir Hacıbəyov küçəsi ev 9-da qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, ailə tərkibi özündən ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X7 Hüquqi Şəxsindən alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər də eyni növ cinayət əməlini törətməyə görə məhkum olunmasını, cəzasını çəkib qurtarmadan yenidən eyni növ cinayət törətməsini onun şəxsiyyətini səciyyələndirən hal kimi nəzərə alır. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 06 yanvar 2024-cü il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 06 yanvar 2024-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə saat 19:25-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 08 yanvar 2024cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 08 yanvar 2024-cü il tarixdə saat 13:25-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Belə ki, təhlillər göstərir ki, Azərbaycan Respublikası ərazisində baş vermiş narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlərin sayının ötən illərlə müqayisədə artması bu kateqoriyadan olan hadisələrin ictimai təhlükəliliyini göstərməklə gələcəkdə baş verə biləcək bu cür hadisələrinin qarşısının alınması istiqamətində daha da sərt tədbirlərin həyata keçirilməsinin, təqsirkar şəxslərin məsulliyyətə cəlb olunaraq, daha ciddi cəza növləri ilə cəzalandırılmalarının vacibliyini ehtiva edir. Qeyd edilənlərlə əsasən məhkəmə sözügedən cinayət işi ilə bağlı narkotik vasitə olan marixuananın çəkisinə (440 qram) də diqqət yetirilməsini zəruri hesab edir. Sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Bundan əlavə Təqsirləndirilən şəxs Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib qəti olaraq 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, 15 avqust 2023-cü il tarixdə İsmayıllı rayon İcra və Probasiya şöbəsində qeydiyyata alınmış, ona 13 sentyabr 2023-cü il tarixdə elektron nəzarət vasitəsi tətbiq olunmuşdur. Cəzasının sonu xx.xx.2025-ci il olmaqla 23 may 2024-cü il tarixə üzəridə çəkilməmiş 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır. Göründüyü kimi, Təqsirləndirilən şəxs əvvəlki hökmlə təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası onun islah olunması üçün kifayət etməməklə, cəzanın məqsədinə uyğun deyildir. Ona görə də məhkəmə, Təqsirləndirilən şəxs yenidən azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə müvafiq hesab etmir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs şəxsiyyətini, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasını çəkmədən islah olunmasını mümkün hesab etməyərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən ona təyin edilən cəzanın şərti olaraq tətbiq edilməsini də cəzanın məqsədi və təqsirləndirilən şəxsin islah olunması baxımından məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1 maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Həmin Məcəllənin 67.4-cü maddəsinə əsasən hökmlərin məcmusu üzrə qəti cəza həm yeni törədilmiş cinayətə görə təyin edilmiş cəzadan, həm də məhkəmənin əvvəlki hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən çox olmalıdır. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməli və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki hökmlə təyin olunacaq azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə saat 19:25-dən 08 yanvar 2024-cü il tarixə saat 13:25ədək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalı, ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Şamaxı Rayon Məhkəməsinin 14 iyul 2023-cü il tarixli 1(074)-49/2023 nömrəli hökmü ilə Təqsirləndirilən şəxs məhkum olunduğu 1(bir) il 8(səkkiz) ay 26(iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 22 (iyirmi iki) gün hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən 5(beş) ay 26(iyirmi altı) gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilsin və həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinin tələbinə uyğun olaraq hazırki hökmlə təyin olunmuş 1(bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə tam birləşdirilərək Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26( iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 06 yanvar 2024-cü il tarixdə saat 19:25-dən 08 yanvar 2024-cü il tarixə saat 13:25ədək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin edilmiş 1(bir) il 11(on bir) ay 26( iyirmi altı) gün müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 24(iyirmi dörd) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 23 may 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 439,9 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına - büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı - adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-26/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-26/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver