Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-27/2021 16.03.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Elçin oğlunun iştirakı ilə 16 mart 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1978-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işsiz, məhkumluğu olmayan, İsmayıllı şəhəri Cavanşir küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs koronavirus (COVİD-19) infeksion xəstəliyinin müayinəsi ilə əlaqədar xx xxxxxx 2020-ci il tarixdə İsmayıllı rayon mərkəzi xəstəxanasına müraciət edərək yaxma üsulu ilə koronavirus testi verməsinə və x xxxxxx 2020-ci il tarixdə keçirilmiş müayinəsi zamanı koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması aşkar edilərək evdə qalmaqla müalicə olunmasının qərara alınmasına, habelə karantin qaydalarını pozmağa görə cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etməsinə baxmayaraq, koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olmasını bilə-bilə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli qərarına əsasən ölkə ərazisində koronavirus infeksiyasının yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədi ilə xx xxxx 2020-ci il tarixdə saat 00:00-dan etibarən elan edilmiş və həmin vaxt davam edən epidemiya əlehinə olan xüsusi karantin rejimini qəsdən pozaraq x xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində yaşadığı İsmayıllı rayonu İsmayıllı kəndində yerləşən evini tərk etməklə şəhərdə insanların çoxluq təşkil etdiyi yerlərdə olmuş, o cümlədən piyada şəhərin H.Əliyev prospekti ilə hərəkət edərək “Kəpənək dairəsi” adlanan ərazidə rastlaşdığı qohumu X8 ilə görüşüb söhbət etmiş, sonra isə şəhərin Nizami küçəsində yerləşən “Tac” kafesinin qarşısına gedib orada gəzməklə koronavirus (COVİD-19) infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 20:05-də həmin kafenin qarşısında saxlanılaraq koronavirus (COVİD-19) infeksiyası daşıyıcısı olması müəyyən edilməklə X12 Stansiyasına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, xx xxxxxx 2020-ci il tarixdə arvadı Zümrüdün halsız olduğunu görmüş və onun bədən temperaturunun qalxdığını bilmişdir. 103 xidmətinə zəng edərək bu barədə məlumat vermiş və İsmayıllı RMX-nın əməkdaşları onun çağırışına yaşadıqları evə gələrək Zümrüddən koronavirus test nümünəsi götürmüşlər. xx xxxxxx 2020-ci il tarixdə Zümrüddən götürülmüş koronavirus (COVİD-19) infeksiyasının pozitiv olması müəyyən edilmiş və tibb işçiləri yaşadığı evə gələrək ondan COVİD-19 infeksiyası ilə bağlı test nümünəsi götürmüşlər. 01 dekabr 2020-ci il tarixdə ona COVİD-19 infeksiyasına yoluxduğu barədə məlumat vermişlər. Ona karantin qaydalarını pozmamağa görə iltizama imza etdirilmiş, evdə qalmaqla müalicəsini davam etdirməyi tövsiyyə edilmişdir. x xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində arvadı və özü üçün dərman almaq məqsədi ilə küçəyə çıxmış və İsmayıllı şəhəri H.Əliyev prospekti ilə piyada hərəkət edərək Nizami küçəsində yerləşən “Kəpənək” dairəsi adlanan yerə gəlmişdir. Orada bibisi oğlu Ravillə görmüş və təxminən 30 dəqiqə ərzində söhbət etmişlər. Söhbət zamanı onlar tibbi maskadan istifadə etmişlər. Sonra isə həmin küçədə yerləşən “Tac” kafesi istiqamətində getmişdir. Kafeni ötərək bir xeyli irəli getmiş, geri qayıdanda artıq hava qaralmışdır. Yenidən “Tac” kafesinin qarşısından keçərkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və Covid-19 infesiyasına yoluxduğunu üçün yaşadığı evi tərk etməli olmadığı halda evi tərk etdiyini bildirmişlər. Sonra isə polis əməkdaşları saxlanıldığı yerə baxış keçirtmişlər. Bu barədə protokol tərtib edilmiş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları onu İsmayıllı rayon MX-nin TTYB-nə təhvil vermişlər. Tibb işçiləri onu yaşadığı evə aparmış və xx xxxxxx 2020-ci il tarixə kimi yaşadığı evdə müalicə alaraq tam sağalmışdır. Himayəsində azyaşlı uşağının olmasının cəza təyin edilən zaman nəzərə almasını xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X4 ifadə verərək göstərdi ki, İsmayıllı rayon Polis şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə ona və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Siyahıda infeksiyaya yoluxan xəstələrin bioqrafik məlumatları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar öz əksini tapmışdır. x xxxxxx 2020-ci il tarixdə saat 20:00 radələrində əməliyyat müvəkkili Xəyal Mürşüdovla birlikdə xidmət apararkən İsmayıllı şəhəri Nizami küçəsində COVİD-19 infeksiyasına yoluxmuş xəstələrin siyahısında olan Təqsirləndirilən şəxs şəhərin Kəpənək dairəsi istiqamətində hərəkətdə olduğunu görərək ondan dayanmağı tələb etmişlər. Onlar Vüqara yaxınlaşaraq özlərini təqdim etmiş və bununla bağlı şöbə rəhbərliyinə məlumat vermişlər. Şöbənin İB-nin müstəntiqi hadisə yerinə gəlmiş və Vüqar Ziliyevin saxlanıldığıl yerə baxış keçirilmişdir. Baxış zamanı Vüqar Ziliyevdən sorğu olunmuş və sorğu zamanı Vüqar bildirmişdir ki, x xxxxxx 2020-ci il tarixdə saat 16:00 radələrində COVİD-19 infeksiyasına yoluxmuş arvadına və özünə dərman almaq məqsədi ilə küçəyə çıxdığını, oradan isə İsmayıllı şəhəri H.Əliyev prospekti ilə piyada gəzərək şəhərin Nizami küçəsində yerləşən “Kəpənək” dairəsi adlanan yerə gəldiyini, orada bibisi oğlu Ravil Həsənlini görmüş və onunla 30 dəqiqə ərzində söhbət etmişlər. Sonra isə həmin küçədə yerləşən “Tac” kafesi istiqamətində təxminən 200 metr irəli getmiş və getdiyi yolla da geri qayıtmışdır. Həmin vaxt polis əməkdaşları tərəfindən saxlanılmışdır. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X5 şahid Fərid Bağıyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş şahid X11 oğlunun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Ravil Həsənli ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, x xxxxxx 2020-ci il tarixdə saat 19:00 radələrində İsmayıllı şəhərinin Kəpənək dairəsi adlanan yerə getmiş və orada olarkən uzaqdan dayısı oğlu Vüqarın gəldiyini görmüşdür. Vüqar da onu görüb yanına gəlmişdir. Təxminən 30 dəqiqə ərzində Vüqarla söhbət etmişlər. Həmin vaxt Vüqar və o tibbi maskadan istifadə etmişlər. Vüqar ona aptekdən dərman almaq üçün çölə çıxdığını və Kəpənək dairəsi adlanan yerə qədər piyada gəldiyini demişdir. Sonra Vüqar ondan ayrılaraq “Tac” kafesi istiqamətində, o isə evinə getmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin konsultativ poliklinika şöbəsindən verilmiş arayışından görünür ki, Təqsirləndirilən şəxs 30 noyabr 2020-ci il tarixdə test nümunəsi götürülmüş, testin nəticəsi 01 dekabr 2020-ci il tarixdə Şamaxı RMX labaratoriyası tərəfindən pozitiv (+) olaraq cavablandırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyul 2020-ci il tarixli 377s nömrəli sərəncamı ilə təsdiq edilmiş əlaqələndirmə protokoluna 5 nömrəli əlavə olan Covid-19 virus infeksiyasının təyin olunması üçün laborotoriya test nümunəsi götürülən şəxslərin və onların ailə üzvlərinin olduğu yer üzrə təcrid olunmasına dair iltizamnamədən görünür ki, Təqsirləndirilən şəxs, arvadı X2 və oğlu X6 14 gün ərzində evi tərk etməmək barədə xəbərdarlıq edilərək bu barədə iltizama imza etmişlər. Məhkəmə-tibbi ekspertizasının xx xxxxxx 2021-ci il tarixli 63/KEŞ nömrəli rəyindən görünür ki, yeni növ virus infeksiyasının (Covid-19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir. İsmayıllı rayon Mərkəzi xəstəxanası publik hüquqi şəxsin Poliklinika şəbəsi tərəfindən verilmiş 14 dekab 2020-ci il tarixli 2095 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın ruhi-əsəb, nevroloji və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. 14 dekabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. 06 yanvar 2021-ci il tarixli 40 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri Cavanşir küçəsi, ev 47 ünvanında qeydiyyatda olmaqla İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndində) yaşayır, ailə tərkibi özündən, arvadı X2 və 2009-cu il təvəllüdlü uşağı Adəmdən ibarətdir. Ərazidə yaşadığı müddətdə barəsində ərizə və şikayət daxil olmamışdır. Müstəntiqin 04 fevral 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonu keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov
Məhkəmə qərarları › İş №1(037)-27/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-27/2021
16.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver