Məhkəmə qərarları › İş №1(037)-27/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-27/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-27/2023 23.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs iştirakı ilə 23 may 2023-cü il tarixdə saat 15:28-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1988-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 70,92 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 21 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, N.Səmədov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 22 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin içəri tərəfində saxladığı, üzərində “bravo” sözü yazılmış şəffaf sellofan torbanın içərisində saxladığı ümumi təmiz çəkisi 70,92 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı şəhəri Qaçaq Nəbi küçəsi ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Bərbərlik etməklə ailəsinin dolanışığını təmin edir. 06 yanvar 2023-cü il tarixdə günorta saatlarında Ax-ox çayının İsmayıllı rayonunun Xanagah kəndi ərazisindən keçən hissəsində çayın sahili ilə gəzişərkən yerdə sellofan torba görmüş, diqqətini cəlb etdiyindən həmin torbanı yerdən götürmüş və içərisində narkotik vasitəyə bənzər bitki kütləsinin olduğunu görmüşdür. Ara-bir narkotik vasitə olan marixuana istifadə etdiyi üçün həmin bitkinin marixuana olduğunu bilmiş, tapdığı sellofan torbanı olduğu kimi gələcəkdə istifadə etmək məqsədilə özü ilə götürmüş və əynində olan gödəkcənin iç tərəfindəki cibə qoymuşdur. Həmin gündən bir-iki dəfə tapdığı narkotik vasitədən istifadə etmişdir. O, sellofan torbanı üzərində saxlamış, ailə üzvlərindən heç kim onun həmin narkotik vasitəni üzərində gəzdirdiyindən xəbəri olmamışdır. 16 yanvar 2023cü il tarixdə saat 21 radələrində İsmayıllı şəhəri N.Səmədov küçəsi ilə piyada işlədiyi bərbər salonuna gedərkən İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Onlar narkotik vasitələri qanunsuz olaraq üzərində saxlamaqda və istifadə etməkdə şübhəli olduğunu, bu barədə əməliyyat məlumatının olduğunu və qərar qəbul olunduğunu bildirib onu İsmayıllı rayon polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, orada ona müdafiəçinin iştirakından istifadə etmək hüququ izah edilmiş və ərizə ilə müraciət edərək ona dövlət hesabına müdafiəçi təyin olunmasını xahiş etmişdir. Qısa müddət ərzində onun istədiyi müdafiəçi ona təqdim edilmiş, hüquq və vəzifələri izah edildikdən sonra polis əməkdaşları ona üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O videoçəkilişlə üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməyini təklif etmişdir. Bu zaman o, əynindəki gödəkcəsinin cibində saxladığı üzərində bravo yazılan həmin şəffaf sellofan torbanı təqdim etmişdir. Torba açıldıqda içərisindən çayın sahilindən tapdığı həmin narkotik vasitə olan marixuana aşkarlanmışdır. Polislər tərəfindən həmin kütlənin nə olması, kimə məxsus olması, haradan əldə edilməsi barədə ondan soruşulduqda o, həmin kütlənin narkotik vasitə olan marixuana olduğunu, 06 yanvar 2023-cü il tarixdə Ax-ox çayının İsmayıllı rayonunun Xanagah kəndi ərazisindən keçən hissəsində çayın sahilindən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Axtarış davam etdirilsə də onun üzərindən əlavə hər hansı narkotik vasitəyə bənzər kütlə və qanunla qadağan edilmiş əşya aşkar edilməmişdir. Aşkar olunmuş kütlə xüsusi elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Narkotik vasitəni öz istifadəsi üçün saxlamış, onu heç kimdən almamış və heç kimə satmamışdır. Törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmuşdur. Himayəsində üç azyaşlı uşağı var, ailəsində evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. 16 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün raportla şöbə rəhbərliyinə məruzə edilmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş, əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o və şöbənin digər əməkdaşları - təhqiqat bölməsinin təhqiqatçısı X4, NMQ-nin baş əməliyyat müvəkkili X14, CAB-nin əməliyyat müvəkkili X2 daxil edilmişlər. Həmin gün saat 21 radələrində onlar birlikdə İsmayıllı şəhəri N.Səmədov küçəsində Təqsirləndirilən şəxs piyada getdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarının qəbul olunduğunu deyib sonuncunu qərarla tanış etmiş, üzərinə şəxsi axtarış keçiriləcəyini barədə xəbərdarlıq edilərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə şöbəyə gəlmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Ona qısa zamanda seçdiyi vəkil təqdim edilmiş və saat 21 radələrində şübhəli şəxs qismində tutulmuşdur. Təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah olunduqdan sonra Xəyala üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini demişlər. Şəxsi axtarış zamanı RPŞ-nin məsul növbətçisi X5 da iştirak etmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Axtarışdan əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya olduğu təqdirdə təqdim etməsi təklif edilmişdir. Bu zaman Xəyal özü qara rəngli gödəkcənin cibində saxladığı üzərində bravo yazılan şəffaf sellofan torbanı təqdim etmiş,həmin torba açıldıqda içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik, narkotik vasitəsinə oxşar bitki kütləsi aşkar edilmişdir. Aşkarlanmış bitki kütlənin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, 06 yanvar 2023-cü il tarixdə Ax-ox çayının İsmayıllı rayonunun Xanagah kəndi ərazisindən keçən hissəsində çayın sahilindən tapdığını və özünün şəxsi istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Şəxsi axtarış davam etdirilmiş, zamanı Təqsirləndirilən şəxs üzərindən ayrı hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş kütlə xüsusi elektron tərəzidə çəkilmiş, qablaşdırılmış və zərfə qoyulmuş, zərfin üzəri möhürlənib iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib edildikdən sonra o da digər iştirakçılar kimi protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X14 və X2 eyni məzmunlu ifadələr verərək X6 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, “Şəxsi axtarış keçirilməsinə dair” 16 yanvar 2023-cü il tarixli protokoldan və həmin prosesin videogörüntüləri olan diskdən görünür ki, həmin tarixdə saat 22:05-dən 22:14-ədək İsmayıllı RPŞ-nin Növbətçi Hisəsinin qabağında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynindəki qara rəngli gödəkçənin içəri tərəfində saxladığı, üzərində “bravo” sözü yazılmış şəffaf sellofan torbanı təqdim etmişdir. Torba açıldıqda içərisində quru halda narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, kütlənin ilkin ümumi təmiz çəkisi 70,92 qram təşkil etmiş, həmin kütlə təqkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatlarına təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış davam etdirilsə də əlavə hər hansı bir cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 17 yanvar 2023-cü il tarixli 17/61 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər bitki kütləsi...” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi – 70,92 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına bitki kütləsindən 0,05 qram sərf edilmiş, qalan qalıq çəki 70,87 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 407 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 17 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş məhkəmə bioloji ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 70,87 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 70,92 qram çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki,Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 70,92 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib üzərində daşıyaraq saxlamış, 16 yanvar 2023-cü il tarixdə saat 21 radələrində İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, N.Səmədov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 22 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli gödəkçənin içəri tərəfində saxladığı, üzərində “bravo” sözü yazılmış şəffaf sellofan torbanın içərisində saxladığı ümumi təmiz çəkisi 70,92 qram təşkil edən bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində üç azyaşlı uşaqlarının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 16 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış arayışdan, xasiyyətnamədən və doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X10, 23 iyun 2015-ci il, 08 may 2020-ci il və 10 aprel 2023-cü il təvəllüdlü övladları Dəniz, Diləy və Xədicədən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış 22 fevral 2023-cü il tarixli, PHŞ-6-47/2- 186/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 16 yanvar 2023-ci il tarixdə saat 21:40-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-ci il tarixdə saat 11:30-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1 ədəd zərfdə qablaşdırılmış 70,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 4(dörd) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 16 yanvar 2023-cü il saat 21:40-dan 18 yanvar 2023-cü il saat 11:30-a dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 4(dörd) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 3(üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 3(üç) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, Qaçaq Nəbi küçəsi, ev 7 ünvanındakı evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 70,87 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar