Məhkəmə qərarları › İş №1(037)-29/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-29/2020

08.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-29/2020 08.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1981-ci ildə İsmayıllı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta-ixtisas təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, məhkum olunmamış, İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 27 avqust 2020-ci il tarixli 1(037)- 29/2020 nömrəli qərarı ilə barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmiş, xx xxxxxx 2020-ci tarixdə saat 08:15-də həbs olunmuş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin Şəki penitensiar müəssisəsində saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə xeyli miqdarda ələ keçirərək dələduzluq etmiş, vəzifəli şəxsə xidməti səlahiyyətlərinin icrası ilə əlaqədar qeyrisinin xeyrinə edəcəyi hərəkətin müqabilində birbaşa yolla özünün vasitəsilə maddi neməti rüşvət qismində verməyə qeyrisini təhrik etmişdir. Belə ki, o, daxili xidmət kapitanı rütbəsində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işlədiyi müddətdə öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə xeyli miqdarda ziyan vurmaqla özgənin əmlakını ələ keçirmək məqsədi ilə İsmayıllı rayon sakini X10 vasitəsilə tanış olduğu X6 ilə 2019-cu ilin iyun ayının əvvəllərində məlum olmayan gündə İsmayıllı rayonu ərazisində görüşərkən söhbət əsnasında sonuncunun oğlu Afiq Hüseynovu Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün köməkliyin edilməsi barədə müraciəti ilə əlaqədar Şafiq Hüseynova Dövlət Yanğından Mühafizə Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Afiq Hüseynovu yanğınsöndürən vəzifəsinə düzəltmək imkanına malik olduğunu yalandan bildirərək həmin vəzifəli şəxsə səlahiyyətlərinin icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə özü vasitəsilə 8000 (səkkiz min) manat məbləğində pul verilməsi müqabilində həmin məsələni müsbət həll edəcəyini yalandan vəd verməklə Afiq Hüseynova məxsus şəxsiyyət vəsiqəsinin və digər sənədlərin surətlərini alıb Şafiq Hüseynovla sövdələşməklə özünə və vəzifəsinə olan inamdan və aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2019-cu ilin iyun ayının ortalarında məlum olmayan gündə Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından mühafizə hissəsinin inzibati binasının ikinci mərtəbəsindəki xidməti otağında Şafiq Hüseynovdan 5000 (beş min)manat, eyni niyyətlə cinayət əməlini davam etdirib xx xxxx 2019-cu il tarixdə “Elay” şadlıq sarayı yaxınlığında 2900 (iki min doqquz yüz)manat, bir neçə gün sonra məlum olmayan gündə Qalınçaq kəndi ərazisində yerləşən yaşadığı evin həyətində 100 (yüz) manat olmaqla, ümumilikdə 8000 (səkkiz min) manat məbləğində pul vəsaitini vahid niyyətlə alıb şəxsi ehtiyaclarına sərf edərək, öz qulluq mövqeyindən istifadə edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə Şafiq Hüseynovun xeyli miqdarda əmlakını dələduzluq yolu ilə ələ keçirmiş, vəzifəli şəxsə xidməti vəzifəsinin (səlahiyyətinin) icrası ilə əlaqədar Afiq Hüseynovun xeyrinə edəcəyi hərəkətə görə birbaşa yolla özü vasitəsilə maddi nemət olan pul vəsaitini rüşvət qismində verməyə Şafiq Hüseynovu təhrik etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvvəllər daxili xidmət kapitanı rütbəsindəFövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal-qərb regional idarəsinin Dövlət yanğın nəzarəti şöbəsinin inspektoru vəzifəsində işləmişdir. 2019-cu ilin iyun ayının əvvəllərində uşaqlıq dostu Fərəc Əzizov tanışı Şafiq Hüseynovun oğlunun işə düzəlməsinə köməklik etməsini ondan xahiş etmişdir. O, pul əldə etmək fikrinə düşmüş və Fərəcin vasitəsi ilə Şafiqlə İsmayıllı rayonu ərazisində yerləşən “Çöl yolu” adlanan ərazidə görüşüb söhbət etmişlər. Safıq oğlu Afiqin Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından mühafizə hissəsinə yanğınsöndürən vəzifəsinə düzəltməsi üçün köməklik etməsini ondan xahiş etmişdir. O, Şafiqə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətində yüksək vəzifədə işləyən səlahiyyətli tanışlarının olmasını, həmin tanışlarının vasitəsilə Afiq Hüseynovu yanğınsöndürən vəzifəsinə düzəltmək imkanına malik olduğunu bildirmişdir. O, tanışı olan vəzifəli şəxsə Afiq Hüseynovun işə düzəlməsinə görə özü vasitəsilə 8000 manat məbləğində pul verilməli olduğunu bildirmişdir. İşi müsbət həll edəcəyinə inandırmaq məqsədi ilə X3 məxsus şəxsiyyət vəsiqəsinin, hərbi biletin, orta məktəbi bitirməsinıə dair attestatın və idman yarışında qazandığı uğurların nəticələrə dair diplomun surətlərini almışdır. Pul düzələndən sonra Şafiqə onun iş yerinə gəlməsini bildirmişdir. 2019-cu ilin iyun ayının ortalarında Şafiq işlədiyi idarəyə gəlmiş və Fərəclə birlikdə xidməti otağında ona 5000 (beş min) manat pul vermiş, qalan 3000 (üç min) manatı isə qısa müddət ərzində verəcəyini söyləmişdir. O, pulu qəbul etmiş və qalan məbləğ də verildikdən sonra oğlunun işinin düzələcəyini demişdir. xx xxxx 2019-cu il tarixdə Şafiq və Fərəclə İsmayıllı şəhəri “ELAY” şadlıq sarayının yaxınlığında görüşmüş və Şafiq bankdan 3000 manat kredit götürdüyünü, 40 manat komissiya tutulduğunu deyərək 2960 manat pulu ona vermişdir. O, Şafiqə 60 manatı qaytararaq 100 manatı bütöv şəkildə verməsini demişdir. Həmin vaxt Şafiqin oğlu Afiq, qardaşı və qonşusu kənarda dayanmışlar. Bundan bir neçə gün sonra isə Fərəclə birlikdə Şafiqin yaşadığı Qalıncaq kəndinə getmiş və Şafiqin həyətində qalan 100 manatı da Şafiqdən almışdır. O, Şafiqin verdiyi pulu öz şəxsi ehtiyaclarına sərf etmişdir. Şafiqə həmin pulu vəzifəli şəxslərə verəcəyini desə də, pulu əslində heç kimə vermək niyyəti olmamış və özünə götürmüşdür. Afiqi işlədiyi idarədə işə düzəltmək üçün hər hansı bir vəzifəli şəxsdən xahiş etməmişdir. Aldığı puldan hər hansı bir vəzifəli şəxsə verməmiş, həmçinin Afiqin sənədlərini də heç bir yerə təqdim etməmişdir. O, Şafiqə işin altı ay müddətində düzələcəyini demişdir. Məqsədi isə həmin müddətdə kredit götürərək işin düzəlmədiyini deyərək Şafiqin pulunu geri qaytarmaq olmuşdur. Şafiq ona hər dəfə zəng edərək işi ilə maraqlandıqda işin düzəldəcəyini vəd verib sonuncunu aldatmışdır. Şafiq onun aldadıldığını başa düşərək pulunu geri qaytarmasını tələb etmiş, o, pulu qısa vaxt ərzində verəcəyini demişdir. Bundan sonra Bakı şəhərində Şafiqin adını bilmədiyi tanışına 5000 manat pul qayrtarmış, qalan 3000 manatını isə qısa vaxt ərzində qaytaracağını bildirmişdir. Maddi vəziyyəti çətin olduğundan pulun qalan hissəsini qaytara bilməmişdir. xx xxxxxx 2019-cu il tarixdə Şafiqə əlavə olaraq 1500 manat qaytarmış və qısa müddətdə qalan 1500 manatı da qaytaracağını bildirmişdir. Məhkəmə proseslərinin gedində Şafiqdən alınmış məbləğin qalan hissəsi də sonuncuya tam şəkildə qaytarılmışdır. O, törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağı vardır, ailəsində ondan başqa işləyən şəxs yoxdur. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və həbslə bağlı olmayan yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid X4 ifadə verərək göstərdi ki, 2019-cu ilin ortalarında Fövqəladə Hallar Nazirliyinin İsmayıllı rayon Yanğından Mühafizə Xidmətində vakant iş yeri olduğu barədə eşitmiş və oğlu Afiqi həmin idarəyə işə qoymaq istəmişdir. X13 bu barədə bildirmiş və oğlunu işə düzəltmək üçün vasitəçi tapmasını xahiş etmişdir. Fərəc ona Yanğından Mühafizə xidmətində işləyən kapitan rütbəli Vüqar adlı şəxslə tanışlığının olduğunu, oğluna iş tapması üçün ona müraciət edəcəyini demişdir. 2019-cu ilin iyun ayının əvvəllərində Fərəc ona Vüqarın köməklik edəcəyini demiş və onları görüşdürmüşdür. Həmin vaxt Vüqar xidməti geyim formasında olmuşdur. Vüqar Afiqi Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə götürülməsinə köməklik edə biləcəyini, bunun müqabilində 9000 manat pul verməli olduğunu söyləmişdir. O, həmin məbləğə gücünün çatmadığını dedikdə Təqsirləndirilən şəxs həmin pul vəsaiti özünə görürmədiyini, pulu Xidmətdə işləyən yuxarı vəzifəli şəxsə verəcəyini deyərək Fərəcin xətrinə 8000 manat müqabilində işi düzəldəcəyini demişdir. O, razılaşmış və həmin ilin iyun ayının ortalarında qaynı Teymur Ağamaliyevdən 5000 manat pulu borc alaraq oğlu Afiq və Fərəclə birlikdə Vüqarın iş yerinə getmişlər. Sonuncunun iş otağında 5000 manat məbləğində pulu Fərəcin yanında Vüqara vermişdir. Vüqar pulu sayaraq götürmüş və qalan 3000 manatı da tez bir zamanda tapıb vermək lazım olduğunu söyləmişdir. xx xxxx 2019-cu il tarixdə həmkəndlisi Məmməd Həsrətovun idarə etdiyi avtomobili ilə rayon mərkəzinə gələrək Unibankın İsmayıllı rayon filialından qardaşı Natiqin zaminliyi əsasında 3000 manat kredit götürmüşdür. Bankdan çıxaraq qardaşı Natiq, oğlu Afiq və qonşusu Məmmədlə birlikdə İsmayıllı şəhərində “Elay” restoranının yanında Təqsirləndirilən şəxs gözləmişdir. Bir neçə dəqiqə sonra Vüqar Fərəclə birlikdə gəlmiş və Vüqarla görüşərək bankdan götürdüyü 2960 manat məbləğində pulu sonuncuya vermişdir. Bank 40 manat komissiya tutduğu üçün pulu Vüqara kəsirlə vermiş, Vüqar 60 manat pulu geri qaytararaq 100 manatı tam şəkildə götürəcəyini demişdir. Vüqar oğlunun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, orta təhsili haqqında attestatın və idman yarışlarında aldığı diplomların surətini götürərək işi bir ay müddətində düzəldəcəyini bildirmişdir. Bir neçə gün sonra Vüqarla yaşadığı Qalınçaq kəndində evinin qarşısında görüşmüş və 100 manatı da Vüqara vermişdir. Pulu verdikdən iki ay keçməsinə baxmayaraq oğlunun işinin həll olunmadığını görüb Vüqara etiraz etmiş, Vüqar isə səbrli olmağı deyərək işi həll edəcəyini bildirmişdir. Buna baxmayaraq Vüqar vədinə əməl etməmiş və oğlunun iş məsələsini həll etməmişdir. O pulu geri istədikdə Vüqar pulu “yuxarı” verdiyini, geri aldıqdan sonra qaytaracağını demişdir. 2019-cu ilin oktyabr ayının ortalarında Vüqar ondan aldığı puldan 5000 manatını geri qaytarmış, qalan 3000 manatı da verəcəyini bildirmişdir. Həmin ilin dekabr ayında isə 1500 manat qaytarmışdır. Məhkəmə baxışının gedişatında da Vüqarın valideyini tərəfindən ondan alınmış pulun qalan hissəsi də ona qaytarılmışdır. Vüqarın ona borcu qalmamışdır. Şahid X8 ifadə verərək göstərdi ki, hərbi xidmətdən qayıtdıqdan iş axtarmışdır. 2019-cu ilin iyun ayının əvvəllərində Vüqar adlı şəxsin adamları Fövqəladə Hallar Nazirliyinə işə düzəltdiyini eşitmişdir. Atası Şafiqə bu barədə demiş, atası da kirvəsi Fərəcə zəng edərək onu işə düzəltmək üçün Vüqarla danışmağını xahiş etmişdir. Fərəc Vüqarla danışıb xəbər edəcəyini bildirmişdir. Az sonra Fərəc Vüqarla danışdığını, Vüqarın onu işə düzəldə biləcəyini demiş və Vüqarla görüşmək lazım olduğunu demişdir. Atası Vüqarla görüşmək üçün rayon mərkəzinə getmiş və Fərəclə birlikdə Vüqarla görüşərək onun işə düzəlməsi barədə söhbət etmişdir. Atası evə gələrək Vüqarla danışdığını, işə düzəlməyin qiymətinin 9000 manat olduğunu, lakin Vüqarın Fərəcə görə bu məsələni 8000 manata həll edəcəyini bildirmişdir. Vüqar atasına sənəd işlərinə görə işin düzəlməsinin altı aya qədər yubana biləcəyini demişdir. Təxminən 2-3 gün sonra Vüqar atasına zəng edərək 8000 manat pulu, onun şəxsiyyət vəsiqəsinin, hərbi biletinin, orta təhsili haqqında attestatın və idman yarışlarında aldığı diplomların surətlərinin gətirməyi bildirmişdir. O, atası ilə birlikdə evlərində olan 5000 manat pulu və tələb olunan sənədləri götürmüş və Fərəclə birlikdə Vüqarın iş yerinə gəlmişlər. Atası Vüqara zəng edərək gəldiklərini bildirmişdir. X14 işlədiyi inzibati binaya daxil olmuş, 15 dəqiqədən sonra geri qayıtmışlar. Atası onun sənədlərini və 5000 manat pulu Vüqara verdiyini bildirmişdir. İki-üç gündən sonra Vüqar zəng edərək 3000 manat pulu da istəmiş, atası həmin pulu kredit götürərək verəcəyini demişdir. Bir həftə sonra atası əmisi Natiq və o həmkəndliləri Məmməd Həsrətovun idarə etdiyi avtomobili ilə rayon mərkəzinə gəlmişlər. Atası əmisi Natiqin zaminliyi əsasında “Unibank”-ın İsmayıllı rayon filialından 3000 manat məbləğində kredit götürmüşdür. Bank 40 manat komissiya xərci çıxmış və atasına nəğd olaraq 2960 manat pul vermişdir. Bundan sonra onlar Məmməd Həsrətovun avtomobili ilə İsmayıllı şəhərindəki “Elay” şadlıq sarayının yanına Vüqarla görüşmüşlər. Həmin vaxt Fərəc də orada olmuşdur. Atası Məmmədin avtomobilindən düşərək Vüqarın idarə etdiyi avtomobilə əyləşmiş, bir neçə dəqiqə sonra qayıdaraq 2960 manat pulu Vüqara verdiyini, Vüqar həmin pulun 60 manatını atasına qaytardığını, 100 manatı tam şəkildə götürəcəyini bildirmişdir. Bir neçə gündən sonra Vüqar Fərəclə birlikdə onların yaşadığı evin həyətinə gəlmiş və atasından 100 manat pulu da götürərək getmişdir. Bundan sonra onlar bir müddət işin düzəlməyini gözləmiş, lakin iş düzəlməmişdir. Atası narahat olduğundan teztez Vüqara zəng edib maraqlanmış, Vüqar qısa müddətdə işin düzələciyini bildirmişdir. Sonradan onlara məlum olmuşdur ki, Vüqar onları aldatmışdır. Şahid X10 ifadə verərək göstərdi ki, VüqarƏliyev onun tanışı olmuşdur. Şafiq Hüseynov isə atasının yaxın dostu olmuş və bu səbəbdən Şafiqlə yaxın münasibətləri yaranmışdır. 2019-cu ilin iyun ayının əvvəllərində Şafiq ona zəng edərək İsmayıllı rayonu Topçu və İvanovka kəndlərində yanğınsöndürmə xidmətlərinin yaradılacağını demiş və oğlu Afiqi Təqsirləndirilən şəxs vasitəsi ilə həmin təşkilatların birinə işə düzəltmək istədiyini bildirmişdir. O Şafiqə Vüqarla görüşdürəcəyini bildirmişdir. Vüqara zəng edib bu barədə bildirmiş, Vüqar ona görüşüb söhbət etmək lazım olduğunu demişdir. İki-üç gün sonra Şafiq rayona gələrək Vüqarla görüşmək istədiyini bildirmişlər. O Vüqara zəng edib bu barədə bildirmiş və birlikdə İsmayıllı şəhərində görüşmüşlər. Həmin vaxt Vüqar xidməti geyim formasında olmuşdur. Vüqar Şafiqə oğlunu Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon şöbəsində yanğınsöndürən vəzifəsinə işə götürülməsinə köməklik edə biləcəyini deyərək 9000 manat pul verməli olduğunu demişdir. Şafiq həmin məbləğə gücü çatmadığını bildirmişdir. Vüqar həmin puldan ona çatmadığını, xidmətdə işləyən yuxarı vəzifəli şəxsə çatacağını demişdir. Şafiq Vüqara 8000 manat məbləğində pul verəcəyini demişdir. 2019-cu ilin iyun ayının ortalarında o, Şafıq və oğlu Afiq Təqsirləndirilən şəxs iş yerinə getmişlər. Şafiqlə birlikdə Vüqarın iş otağına daxil olmuşlar. Şafiq onun yanında 5000 manat məbləğində pulu Vüqara vermişdir. Vüqar pulu götürmüş və qalan 3000 manat məbləğində pulu da tez bir zamanda verməyini demişdir. Bir müddətdən sonra Şafiq ona zəng edərək Unibankdan 3000 manat kredit götürdüyünü, Vüqarla görüşmək lazım olduğunu demişdir. Onlar birlikdə İsmayıllı şəhərində yerləşən “Elay” restoranı yaxınlığında Vüqarla görüşmüşlər. Şafiq 2960 manat məbləğində pulu Vüqara vermiş, Vüqar 60 manat pulu Şafiqə qaytararaq 100 manatı tam şəkildə götürəcəyini demişdir. Vüqar Afiqin sənədlərini də götürərək işi bir ay müddətində düzəldəcəyini bildirmişdir. 2019-cu ilin iyul ayının əvvəllərində Vüqarla birlikdə Şafiqin evinə getmişlər və orada Şafiq 100 manatı Vüqara vermişdir. Ay yarımdan sonra Şafiq onun mobil telefonuna zəng edərək işin düzəlmədiyini, pulu Vüqardan geri götürmək istədiyini demişdir. O Vüqara zəng edərək Şafiqin pulunu geri istədiyini bildirmişdir. Vüqar ona yaxın zamanda pulu qaytaracağını demişdir. Şahid X1 ifadə verərək göstərdi ki, 2019-cu ilin iyun ayının əvvəllərində yeznəsi Şafiq oğlu Afiqi İsmayıllı rayon Yanğınsöndürmə idarəsinə işə düzəltmək istədiyini demişdir. Bununla bağlı həmin idarədə işləyən Vüqar adlı şəxslə danışdığını və oğlunun işə düzəlməsi üçün müəyyən məbləğdə pul verilməli olduğunu deyərək ondan 5000 manat borc pul istəmişdir. 2019-cu ilin iyun ayının ortalarında Şafiqin dediyi məbləği düzəldərək ona vermişdir. Şahid X5 ifadə verərək göstərdi ki, 2019-cu ilin yay aylarında qardaşı Şafiq onun evinə gələrək “Unibank”-ın İsmayıllı filialından Afiqin işindən ötrü 3000 manat məbləğində pul kredit götürmək istədiyini, ona zamin durmasını xahiş etmişdir. O, qardaşının təklifi ilə razılaşmış və həmkəndlisi Məmməd Həsrətovun avtomobili ilə birlikdə banka getmişlər. Şafiq 3000 manat məbləğində kredit götürmüşdür. Daha sonra Şafiq telefonla Vüqar adlı şəxslə danışıb harada görüşə biləcəklərini soruşmuşdur. Sonra birlikdə Məmmədin avtomobilində “Elay” şadlıq sarayının yanına getmişlər. Orada Şafiqin telefonla danışdığı Vüqar adlı şəxs və Şafiqin tanışı Fərəc onları gözləmişlər. Məmməd, o və Afiq avtomobildə oturmuş, Şafiq isə avtomobildən düşərək Vüqarın yanına getmişdir. Təxminən yarım saat söhbət etdikdən sonra Şafiq paketdə olan pulu Vüqara vermiş və onların olduğu avtomobilə qayıtmışdır. X18 yanğınsöndürmə xidmətinə işə düzəldəcəyini, 2900 manat pul verdiyini, əlavə olaraq 100 manat da verəcəyini bildirmişdir. Şahid X7 ifadə verərək göstərdi ki, 2019-cu ilin yay aylarında həmkəndisi Afiq ona zəng edərək atası və əmisi ilə birlikdə İsmayıllı şəhərinə gedərək Unibankdan kredit götürəcəklərini demişdir. O, idarə etdiyi avtomobili ilə Şafiq, Afiq və Natiqi “Unibank”-ın İsmayıllı filialına gətirmişdir. Safıq bankdan kredit götürmüş və telefonla Vüqar adlı şəxslə danışaraq hara gəlmək lazım olduğunu soruşmuşdur. Həmin şəxs “Elay” şadlıq sarayının yanına gəlmələrini dediyindən birlikdə həmin yerə getmişlər. Orada Vüqar adlı şəxs Fərəclə birlikdə onları gözləmişlər. O, Afiq və Natiq avtomobildə oturmuş, Şafiq isə düşərək Vüqarın olduğu avtomobilə oturmuşdur. Safıq orada yarım saat söhbət etmiş, o, avtomobildə olduğundan sonuncuların hansı məzmunda söhbət etdiklərini eşitməmiş və Şafiqin pulu Vüqara verilməsini görməmişdir. Şafiq oğlu Afiqi yanğınsöndürən xidmətinə işə düzəltmək üçün krediti götürdüyünü bildirmiş, hansı məbləğdə kredit götürməsini və Vüqara hansı məbləğdə pul verməsini bilməmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs Fövqəladə Hallar Nazirinin xx xxxxxx 2019-cu il tarixli, 2599\ş saylı əmri əsasında öz arzusu ilə xidmətdən xaric olunmuşdur. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs fövqəladə hallar orqanlarında xüsusi rütbəli vəzifədə xidmət etmiş və hərbi qulluqçu statusuna malik deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X2 tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. xx xxxxxx 2020-ci il tarixli 597 nömrəli arayışdan, AZ-İ seriyalı 932643 və AZ-İİ seriyalı 552124 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12-də qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 2007 və 2010-cu il təvəllüdlü uşaqları İsmayıl və Simadan ibarətdir. Yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Müstəntiqin xx xxxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 1 (037) -29/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs axtarışı elan edilmiş və barəsində seçilmiş olan “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. İsmayıllı rayon Polis şöbəsi tərəfindən məhkəməyə təqdim edilən xx xxxxxx 2020-ci il tarixli 169/17691-1220 nömrəli məktubdan və həmin tarixli axtarışda olan şəxsin tutulmasına dair protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2020-ci tarixdə saat 08:15-də İsmayıllı rayon Polis şöbəsinə gələrək özünü könüllü təqdim etmiş və saat 09:15-də şöbənin müvəqqəti saxlanılma yerinə təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələr ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzasını ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. İşin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs barəsində olan cinayət işi onun tərəfindən məhz Şafiq Hüseynova vurulmuş 8000 manat məbləğində ziyan faktına görə başlanılmış və istintaqı aparılmışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri nəticəsində Şafiq Hüseynova 8000 manat maddi ziyan vurulsa da, o həmin nəticələri aradan qaldırıb islah olunduğunu sübuta yetirmək üçün həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı Şafiq Hüseynova vurulmuş 8000 manat məbləğində maddi ziyanı ona tam ödəmişdir. Şafiq Hüseynov həmin cinayət işi üzrə zərərçəkmiş qismində tanımadığından, ibtidai və məhkəmə istintaqında şahid qismində dindirildiyindən, Təqsirləndirilən şəxs ona vurduğu maddi ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzanı yüngülləşdirən hal kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinin təsiri altına düşməsə də Təqsirləndirilən şəxs tərəfindən törədilmiş əməlin ictimai təhlükəliliyini aradan qaldırır və ictimai təhlükəlilik əhəmiyyətini itirir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrinin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzalarının təyin edilməsi, ona ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4 maddələrinə əsasən 02 (iki) il müddətə, həmin Məcəllənin 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi, həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddət ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4 və 32.4, 312.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.3, 178.2.4-cü maddələrinə əsasən 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.4, 312.1-ci maddələrinə əsasən 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 31 avqust 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 09 (doqquz) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 18 (on səkkiz) gün müddət ona təyin edilən 03 (üç) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02 (iki) il müddətə dövlət və yerli özünüidarə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 03 (üç) il 05(beş) ay 12 (on iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri N.Səmədov küçəsi, ev 12 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və məhkəmə iclas zalında dərhal həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilsin və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar