Məhkəmə qərarları › İş №1(037)-29/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-29/2023

04.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-29/2023 04.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs iştirakı ilə 04 may 2023-cü il tarixdə saat 15:20-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1994-cü ildə İsmayıllı rayonu İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, İsmayıllı şəhərində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə ümumilikdə 0,258 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 08 yanvar 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri mərkəzi bazarda saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 14 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində “KGTEL” markalı mobil telefonun batareyasının alt hissəsində 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,258 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı şəhərində ( İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndində) yaşayır, subaydır. Bəzi vaxtlarda narkotik vasitələrdən istifadə edir. 2023-cü ilin yanvar ayının 2-də İsmayıllı şəhəri mərkəzi bazarının ərazisində olduğu zaman yol kənarında yerdə 01 ədəd gümüşü rəngli büküm görmüşdür. Bükümü açdıqda içərisində toz halında kütlənin olduğunu görmüşdür. O, narkotik vasitələrdən istifadə etdiyi üçün həmin toz halında olan maddənin heroin olduğunu bilmişdir. Kağız bükülünü cibinə qoymuş və özü ilə gəzdirməyə başlamışdır. Lakin ondan istifadə etməmişdir. 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində İsmayıllı şəhəri mərkəzi bazarında olan zaman bir neçə polis əməkdaşı ona yaxınlaşmış, özlərini təqdim etdikdən sonra ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək onu özləri ilə birlikdə İsmayıllı RPŞ-nə getməyə dəvət etmişlər. O, polis əməkdaşlarına etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, onu müdafiəçi ilə təmin etmişlər. Bundan sonra onun, vəkilin və polis əməkdaşlarının iştirakı ilə videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O etirazının olmadığını bildirmiş və axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitələr, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etmək təklif olunmuşdur. Həmin vaxtı o, əynindəki şalvarının sağ yan cibində olan mobil telefonun batareyasının altında, özünə məxsus 01 ədəd gümüşü rəngli kağız olduğunu bildirmiş və bükümü polis əməkdaşlarına təqdim etmişdir. O, həmçinin sol yan cibində olan siqaret qutusunu çıxarıb stolun üzərinə qoymuşdur. Təqdim etdiyi həmin kağız büküm açıldıqda orada narkotik vasitə olan heroin olması aşkar olmuşdur. Sorğu zamanı o, həmin bükümdəki narkotik vasitənin heroin olmasını, ona məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Polis əməkdaşları ona həmin narkotik vasitəni haradan əldə etdiyini soruşduqları zaman o, 2 yanvar 2023-cü il tarixdə İsmayıllı şəhəri mərkəzi bazarında olduğu zaman yol kənarında yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan heroin kağız büküm ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən ayrı cinayət xarakterli hər hansı əşya, predmet, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Hazırda əməlindən peşmandır, maşın ustası işləməklə ailəsində evə gəlir gətirən yeganə şəxsdir. Ona görə də məhkəmədən göstərdiyi halların, gənc olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onun ilə heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr saxlaması barədə əməliyyat məlumatı olduğundan 08 yanvar 2023-cü il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunun tərkibinə o, İsmayılllı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X5 və CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı X9 daxil edilmişdir. O və adlarını qeyd etdiyi polis əməkdaşları 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində Təqsirləndirilən şəxsla İsmayıllı şəhəri mərkəzi bazarında rastlaşmış, özlərini Təqsirləndirilən şəxs təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini deyib onu həmin qərarla onu tanış edib üzərində şəxsi axtarış aparılması məqsədilə onlarla İsmayıllı RPŞ-nə gəlməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və könüllü şəkildə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aparılacağı bildirilmişdir. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitənin, eləcə də digər cinayət xarakterli hər hansı bir əşyanın olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynindəki şalvarın sağ yan cibində olan mobil telefonun batareyasının altında bir ədəd gümüşü rəngli kağız bükümdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan mobil telefonun batareyasının altından bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin gümüşü rəngli kağız büküm açıldıqda isə içərisində toz halında maddə olması müəyyən olunmuşdur. Bükümdəki maddənin nə olduğu barədə sorğu edildiyi zaman Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını, 2023-cü ilin yanvar ayının 2-də, İsmayıllı şəhəri mərkəzi bazarında yerdən tapdığını bildirmişdir. Əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı həmin heroini sonra istifadə etməyindən ötrü cibinə qoyduğunu, məqsədinin isə sonradan istifadə etmək olduğunu bildirmişdir. Bundan sonra kağız bükümdə olan narkotik vasitəyə oxşar maddəyə baxış keçirilmiş, baxış zamanı həmin kütlə sellofan torbada tərəzidə çəkilərək çəkisi müəyyən olunmuşdur. Aşkar edilmiş gümüşü rəngli kağız bükümdə olan maddə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi davam etsə də, başqa hər hansı bir bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya, iz və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, ucadan oxunmuş və protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Onların tərəfindən bir sıra əməliyyat-axtarış tədbirləri keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması və ya kimlərləsə birlikdə narkotik vasitələrdən istifadə etməsi, həmin narkotik vasitəsini haradan əldə etməsi barədə hər hansı bir məlumat əldə olunmamışdır. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkilləri X5 və X9 ifadələrində X7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 08 yanvar 2023-cü il tarixli protokoldan və həmi protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan mobil telefonun batareyasının altından bir ədəd gümüşü rəngli kağız büküm aşkar edilmişdir. Həmin gümüşü rəngli kağız büküm açıldıqda isə içərisində toz halında maddə olması müəyyən olunmuşdur. Bükümdəki maddənin nə olduğu barədə sorğu edildiyi zaman Təqsirləndirilən şəxs həmin maddənin heroin olmasını, 2023-cü ilin yanvar ayının 2-də, İsmayıllı şəhəri mərkəzi bazarında yerdən tapdığını bildirmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkildikdə çəkisinin 0,258 qram olduğu müəyyən olunur və həmin narkotik vasitə qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 09 yanvar 2023-cü il tarixli 17/36 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş gümüşü rəngli kağız bükümdə olan narkotik vasitəyə bənzər kütlə” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd gümüşü-ağ rəngli kağız bükümdə, təmiz çəkisi – 0.258 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi-0,258 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq- 0,208 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 09 mart 2023-cü il tarixli 408 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 09 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,258 qram olan narkotik vasitə-heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,208 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,258 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə ümumilikdə 0,258 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib xx.xx.2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 08 yanvar 2023-cü il tarixdə saat 13 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri mərkəzi bazarda saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 14 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində “KGTEL” markalı mobil telefonun batareyasının alt hissəsində 1 ədəd gümüşü-ağ rəngli kağız bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,258 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005–ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, ailə tərkibi özündən, atası X6 və anası X4 ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X8 Hüquqi Şəxsindən alınmış 24 yanvar 2023-cü il tarixli PHŞ-6-47/2- 60/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Ehtiram Həsənov barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 08 yanvar 2023-ci il tarixdə saat 13:45-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2023-ci il tarixdə saat 12:45-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 04 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış, 0,208 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 08 yanvar 2023-cü il saat 13:45-dən 10 yanvar 2023-cü il saat 12:45-dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 2 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhərindəki (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndindəki) evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,208 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar