Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-30/2021 04.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Kərimli Aygül Əfqan qızının katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı, Müdafiəçi İsmayıllı Rayon Vəkil Bürosunun vəkili Müdafiəçi oğlunun, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakları ilə xx xxxx 1960–cı il tarixdə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, İsmayıllı rayonu, Bizlan kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İsmayıllı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat olmaqla, cəmi 3030,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 3950,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20,00 manat olmaqla, cəmi 3970,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 01 may 2017-ci il tarixli 2(037)-361/2017 qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qanuni qüvvəyə minmiş qətnamələri müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiydən həmin məhkəmənin 15 aprel 2019-cu il tarixli 3(037)-201/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 04 avqust 2020-ci il tarixli 3(037)-289/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib yenidən 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 01 oktyabr 2020-ci və 12 oktyabr 2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 oktyabr 2020-ci il tarixədək hər bir icra sənəti üzrə ayrı-ayrılıqda 3030 manat və 3970 manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində borcunu ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, uzun müddət yaşadığı Bizlan kəndində qəssablıqla məşğul olaraq ailəsini dolandırmışdır. Heyvandarlıqla məşğul olan şəxs kimi tanıdığı Zərərçəkmiş şəxs1 əvvəllər də bir neçə dəfə heyvan alaraq kəsib satmışdır. Sonuncu dəfə 2014-cü ilin fevral ayında Aqildən hər birinin qiyməti 120,00 manat olmaqla nisyə 40 baş heyvan almış, aldığı heyvanların pulunu onları kəsib satdıqdan sonra ödənilməsi barədə razılaşmışlar. Heyvanların bir neçəsini kəsib satmiş, qalan heyvanları isə Aqil geri aparmışdır. Kəsdiyi heyvanların dəyəri olaraq Zərərçəkmiş şəxs1 3000,00 manat borcu qalmış,o borcunu ödəyə bilmədiyindən Aqil məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 3000,00 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 30,00 manat olmaqla cəmi 3030,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsi qət edilmişdir. Bundan başqa 2014-cü ilin noyabr ayında Zərərçəkmiş şəxs2 da nisyə 7600,00 manat dəyərində heyvanlar almış, aldığı heyvanların dəyərindən 3650,00 manatını ödəsə də qalan məbləği ödəyə bilməmişdir. Zərərçəkmiş şəxs2 da onun barəsində məhkəməyə müraciət etmiş və İsmayıllı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli qətnaməsinə əsasən ondan 3950,00 manat əsas borc və ödənilmiş dövlət rüsumuna görə 20,00 manat olmaqla cəmi 3970,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsi qər edilmişdir. Qətnamələrin icrası icra məmurları tərəfindən dəfələrlə ondan tələb olunmuş, lakin maddi imkanı zəif olduğundan borcunu ödəyə bilməmişdir. Hazırda da maddi imkanı olmadığından borc məbləğlərini ödəyə bilmir. Əməlindən peşmandır. Bununla belə borcunu qısa zamanda tələbkara ödəməyə söz verir. Odur ki, məhkəmədən, izahatında göstərdikləri halları nəzərə alaraq ona həbslə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, 2017-ci ilədək heyvandarlıqla məşğul olmuşdur. Təqsirləndirilən şəxs isə qəssab kimi tanımışdır. Əvvəllərdə bir neçə dəfə Oruc ondan nisyə heyvan almış və sonradan pulunu ödəmişdir. 25.02.2014-cü il tarixdə də Oruc yaşadıqları Şamaxı rayonu Göylər kəndinə gələrək kəsib satmaq üçün ətlik heyvan lazım olduğunu bildirmişdir. Oruc aldığı heyvanların pulunu 10-15 gün ərizndə ödəyəcəyini bildirmiş, Orucla razılaşaraq hər birinin qiyməti 120,00 manat olmaqla 40 baş xırda buynuzlu heyvanı ona vermişdir. Lakin həmin vaxtdan 10-15 gündən çox vaxtın keçməsinə baxmayaraq Oruc heyvanların dəyərini ödəmədikdə o, Orucun yaşadığı kəndə gedərək heyvanların pulunu ondan tələb etmiş, Oruc pulunun olmadığını bildirərək bunun üçün 10 gün vaxt istəmişdir. Lakin 10 gün keçməsinə baxmayaraq Oruc yenə də heyvanların pulunu ödəmədiyinə görə yenidən Orucun yaşadığı evə getmiş, pulu ala bilmədiyindən qalan heyvanları geri qaytarmışdır. Bundan sonra da Orucdan kəsib satdığı heyvanların dəyəri olan 3000,00 manatı tələb etmiş, lakin Oruc hər dəfə müxtəlif bəhanələrlə pulu ödəməkdən yayınmışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumu kimi 30,00 manat olmaqla cəmi 3030,00 manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarmışdır. Lakin qətnamənin çıxarılmasından üç ildən çox müddətin keçməsinə baxmayaraq Oruc ötən müddətdə məhkəmə qətnaməsinə də məhəl qoymamış və borc məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Oruc qəssablıqla məşğul olur və onun borc məbləğini ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq qərəzli şəkildə qətnamənin icrasından yayınır. Qətnamə çıxarıldıqdan sonra da dəfələrlə Orucla əlaqə saxlayıb borcunu ödəməyini tələb etmiş, lakin Oruc açıq şəkildə borcunu ödəməyəcəyini bildirmişdir. Həmçinin dəfələrlə icra məmurlarına da müraciət edərək qətnamənin icrasını tələb etmiş, icra məmurları tərəfindən zəruri tədbirlərin görülməsinə baxmayaraq Oruc bütün bunlara əhəmiyyət verməyərək qətnamənin icrasına səy göstərməmişdir. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, Təqsirləndirilən şəxs qətnamədə göstərilən borc məbləğinin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, uzun müddətdir ki, heyvandarlıqla məşğul olur. Qəssab kimi tanıdığı Təqsirləndirilən şəxs əvvəllər də bir neçə dəfə ondan nisyə heyvan almış və sonradan pulunu ödəmişdir. 2014-cü ilin noyabr ayında Oruc ondan 7600,00 manat dəyərində qiymətləndirərək 11 baş iribuynuzlu heyvan almış və aldığı heyvanların dəyərini 15 gün ərizndə ödəyəcəyini bildirmişdir. Lakin həmin vaxtın keçməsinə baxmayaraq Oruc heyvanların dəyərini ödəməmişdir. Böyük çətinliklə borcun 3650,00 manatını ala bilsə də, qalan 3950,00 manatı ödəyəcəyi barədə müxtəlif vədlər vermiş, vədinə əməl etməmiş və borcu qaytarmaqdan yayınmışdır. Buna görə də məcburiyyət qarşısında qalaraq məhkəməyə müraciət etmişdir. İsmayıllı Rayon Məhkəməsi iddiasını təmin edərək Təqsirləndirilən şəxs 3950,00 manat əsas borc və dövlət rüsumu kimi ödənilmiş 20,00 manat olmaqla cəmi 3970,00 manatın alınaraq ona ödənilməsinə dair qətnamə çıxarmışdır. Lakin qətnamənin çıxarılmasından dörd ilə yaxın müddətin keçməsinə baxmayaraq Oruc ötən müddətdə məhkəmə qətnaməsinə məhəl qoymamış və borc məbləğindən heç bir ödəniş etməmişdir. Halbuki, Oruc qəssablıqla məşğul olur, həmçinin yeməkxana işlədir və onun borc məbləğini ödəməyə maddi imkanı vardır. Buna baxmayaraq Oruc qərəzli şəkildə qətnamənin icrasından yayınır. Qətnamə çıxarıldıqdan sonra da dəfələrlə Orucla əlaqə saxlayıb borcunu ödəməsini tələb etmiş, həmçinin ona borcunu hissə-hissə ödənilməsinə də razılıq vermiş, lakin Oruc buna da əhəmiyyət verməmişdir. Dəfələrlə icra məmurlarına müraciət edərək qətnamənin icrasını tələb etmiş, nəticəsi olmamışdır. Buna görə də Təqsirləndirilən şəxs şikayətçidir. Odur ki, qətnamədə göstərilən borc məbləğinin alınaraq ona verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə istintaqında şahid qismində dindirilmiş İsmayıllı rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru Şahid1 ifadəsində göstərmişdir ki, 01 iyun 2017-ci il tarixli qərarla icraata başlanılmış İsmayıllı Rayon Məhkəməsi 17 aprel 2017-ci il tarixli 2(037)- 629/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat olmaqla, cəmi 3030,00 manat alınaraq Zərərçəkmiş şəxs1 və 03 iyul 2017-ci il tarixli qərarla icraata başlanılmış İsmayıllı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qətnaməsi əsasında verilmiş icra sənədinə əsasən isə Təqsirləndirilən şəxs 3950,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20,00 manat olmaqla, cəmi 3970,00 manat alınaraq Zərərçəkmiş şəxs2 verilməlidir. Hər iki icra sənədi icraata qəbul edilərək tələbin könüllü icrası haqqında borcluya bildirişlər göndərilmiş, verilmiş müddətdə borclu tələblərin icrasını təmin etmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, icra sənədləri üzrə icraat 01.04.2019-cu il tarixli qərarla ümumi icraatda birləşdirilmiş və icrası davam etdirilmiş, borclu icra şöbəsinə çağırılaraq icra sənədlərinin mahiyyəti ona izah olunmuş və borc məbləğlərinin ödənilməsi tələb olunmuşdur. Borclu şəkər xəstəsi olduğunu və maddi imkanının zəif olduğunu bildirmiş və borc məbləğlərindən heç bir ödəniş etməmişdir. Təqsirləndirilən şəxs xəstə olduğunu bildirsə də, bunu təsdiq edən hər hansı sənədi təqdim edə bilməmişdir. İcra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə borclu barəsində inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, İsmayıllı Rayon Məhkəməsinin 15 aprel 2019-cu il tarixli 3(037)-201/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində inziabti qaydada cərimə edilmişdir. Bundan sonra da qətnamələrin icrası borcludan tələb edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar verilmişdir. Lakin xeyli müddətin keçməsinə baxmayaraq borclu qətnamələrin icrasına səy göstərməmiş, icra məmurunun tələblərinə məhəl qoymamışdır. Odur ki, borclu barəsində yenidən inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmiş, həmin Məhkəmənin 04 avqust 2020-ci il tarixli 3(037)-289/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək yenidən 500,00 manat məbləğində inziabti qaydada cərimə edilmişdir. İnzibati məsuliyyətə cəlb edildikdən sonra qətnamələrin icrası üçün yeni icra müddəti təyin edilmiş, məsuliyyəti barədə xəbərdarlıqlar edilmişdir. Həmçinin borclu ilə icra sənədlərinin icrası istiqamətində fərdi söhbətlər aparılmışdır. Lakin görülmüş icra tədbirləri nəticəsiz qalmış, icra sənədlərinin icraya yönəldilməsindən xeyli müddətin keçməsinə baxmayaraq borclu hərəkətlərində dönüş yaratmamış və borc məbləğlərinin ödənilməsini təmin etməmişdir. İcra müddətində tələbkarlar dəfələrlə İcra və Probasiya şöbəsinə müraciət edərək qətnamələrin icrasız qalmasından narazılıqlarını bildirərək borc məbləğlərinin alınaraq onlara verilməsini xahiş etmişlər. Göstərilənlərə əsasən borclu Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrini qərəzli olaraq icra etmədiyinə görə onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306-cı maddəsilə cinayət məsuliyyətinə cəlb olunması məqsədəmüvafiq hesab edildiyi üçün Ədliyyə Nazirliyinin İstintaq idarəsinə müvafiq təqdimat göndərilmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş X1 göstərdi ki, Təqsirləndirilən şəxs oğludur. O, hərbi xidmətə etməmişdən əvvəl Zərərçəkmiş şəxs1 atası Şahid3 1200 manat məbləğində pul vermiş, lakin, həmin pul ümumi borc məbləğindən çıxılmamışdır. Hazırda onun atasının borcu 2750 manat məbləğindədir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs oğlu ona verdiyi pul məhkəmə qətnaməsi çıxmamışdan əvvəlki dövrdə verilib və qətnamə çıxdıqdan sonraki borc məbləğinin həmin 1200 manata aidiyyəti yoxdur. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3000 manat əsas borc və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3030 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs1 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qanuni qüvvəyə minmiş qətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 3950 manat əsas borc və ödənilmiş 20 manat dövlət rüsumu olmaqla, ümumilikdə 3970 manat məbləğində pulun alınaraq Zərərçəkmiş şəxs2 verilməsi qət edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş 01 iyun 2017–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı icra sənədi 01 iyun 2017–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2 tərəfindən verilmiş 03 iyul 2017–ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İsmayıllı Rayon Məhkəməsi tərəfindən verilmiş 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı icra sənədi 03 iyul 2017–ci il tarixdə icraata daxil olmuşdur. Cinayət işinin materiallarında olan 01 iyun 2017–ci il tarixli və 20 iyun 2017-ci il tarixli tələbin könüllü icrası üçün bildirişlərdən görünür ki, borclu Təqsirləndirilən şəxs 10 gün müddətində vaxt verilməklə 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı icra sənədi üzrə borcunu ödəmək tələb olunmuş və əks halda məsuliyyət daşıyacağı barədə xəbərdar edilmişdir. Cinayət işinin materiallarında olan 02.04.2019-cu il tarixli, 06.12.2019-cu il tarixli, 03.07.2020-ci il tarixli izahatlardan görünür ki, Təqsirləndirilən şəxs borclu olduğu və borcunu ödəmədiyi təqdirdə cinayət məsuliyyətinə cəlb olunacağı xatırladılmış və həmin izahatlar Təqsirləndirilən şəxs tərəfindən yazılaraq imzalanmışdır. Cinayət işinin materiallarında olan 05 sentyabr 2018-ci il tarixdə İsmayıllı rayonu Bizlan kəndində tərtib edilmiş aktdan görünür ki, icra məmuru borclunun qeydiyyatda olduğu ünvana gedərək baxış keçirmiş, baxış zamanı Təqsirləndirilən şəxs məxsus üzərinə həbs qoyularaq tələbin yönəldilə biləcəyi hər hansı əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 13.07.2018-ci il tarixli 8(037)-25/2018 saylı qərardadından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasından getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 15.04.2019–cu il tarixli 3(037)–201/2019 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati cərimə edilmişdir. Cinayət işinin materiallarında olan İsmayıllı Rayon Məhkəməsinin 04.08.2020–ci il tarixli 3(037)–289/2020 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1–ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 500 manat miqdarında inzibati cərimə edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs 3030 manat məbləğində borcunu tələbkar Zərərçəkmiş şəxs1 3970 manat məbləğində borcunu isə tələbkar Zərərçəkmiş şəxs2 ödəməyərək məhkəmənin 17 aprel 2017-ci il tarixli 2(037)- 629/2017 saylı və 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməməsi və onun əməlində cinayət tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, İsmayıllı Rayon Məhkəməsinin Təqsirləndirilən şəxs 3000,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 30,00 manat olmaqla, cəmi 3030,00 manatın alınaraq Zərərçəkmiş şəxs1 ödənilməsinə dair 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 3950,00 manat əsas borc və dövlət rüsumuna görə ödənilmiş 20,00 manat olmaqla, cəmi 3970,00 manatın alınaraq Zərərçəkmiş şəxs2 ödənilməsinə dair 01 may 2017-ci il tarixli 2(037)-361/2017 qətnamələri üzrə verilmiş icra vərəqələri icra olunması üçün aidiyyəti üzrə İsmayıllı rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, qanuni qüvvəyə minmiş qətnamələri müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra etmədiyinə görə icra məmurunun qanuni tələblərini yerinə yetirmədiydən həmin məhkəmənin 15 aprel 2019-cu il tarixli 3(037)- 201/2019 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib 500,00 manat məbləğində, həmin Məhkəmənin 04 avqust 2020-ci il tarixli 3(037)-289/2020 saylı qərarına əsasən isə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib yenidən 500,00 manat məbləğində inzibati qaydada cərimə edilməsinə, icra üçün yeni müddət təyin olunmasına, ona məsuliyyət barədə 01 oktyabr 2020-ci və 12 oktyabr 2020-ci il tarixlərdə rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq, cinayət təqibi başlanması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 23 oktyabr 2020-ci il tarixədək hər bir icra sənəti üzrə ayrıayrılıqda 3030 manat və 3970 manat olmaqla, ümumilikdə 7000 (yeddi min) manat məbləğində borcunu ödəməyərək məhkəmənin qanuni qüvvəyə minmiş qətnamələrini qərəzli olaraq icra etməkdən yayınmaqla ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 306.1–ci maddəsi ilə tövsif olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 129–cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Məhkəmə qərarlarının icrasının məcburiliyi “Məhkəmələr və hakimlər haqqında” Qanunun 5–ci maddəsində də əks olunmuşdur. Həmin maddəyə əsasən məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 82.3–cü maddəsinin tələbinə görə, icra sənədi qərəzli olaraq icra edilmədikdə, icra məmuru məhkəmə qərarını icra etməyə borclu olan şəxsin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq cinayətlərə dair işlər üzrə ibtidai istintaq aparan orqana, icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən təsdiq olunan təqdimat verir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin şərh edilməsinə dair 02 oktyabr 2012–ci il taixli qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306–cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 313–1.1–ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1–ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM–in 8, 41.2 və 58.3–cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, ədalət mühakiməsinin, xeyrinə məhkəmə aktı çıxarılmış hüquqi və fiziki şəxslərin, habelə dövlətin mənafelərini ifadə edən ictimai münasibətlərə qəsd etməklə, ədalət mühakiməsi əleyhinə olan qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə az ağır cinayət törətməsini, himayəsində bir nəfər azyaşlı uşağının olmasını, məhkəmə istintaqı zamanı yığılmış borcundan 2.000 manat ödəməsini, eləcə də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN–nin BƏSİİ tərəfindən 21.12.2020–ci il tarixdə doldurulmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarında olan Azətrbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə çağrış üzrə Dövlət Xidmətinin İsmayıllı rayon Şöbəsi tərəfindən verilmiş, 06.04.2021-ci il tarixli, 420 saylı arayışdan görünür ki, 1997-ci il təvəllüdlü X3 21.09.2020ci il tarixdən 09.01.2021-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1–ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah edilməsinin mümkünlüyü qənaətinə gələrək, ona Azərbaycan Respublikası CM-in 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədəuyğun sayır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası CM-nın 52-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələr qoyulmalıdır. Belə ki, həmin maddə tələb edir: 52-1.1. Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin müddəalarına əsasən: 15.5-1. Azadlığın məhdudlaşdırılması növündə cəzanı məhkumun yaşayış yeri üzrə icra məmuru icra edir. 51-2.1. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. 51-3.1. Azadlığın məhdudlaşdırılması növündə cəza məhkumun yaşayış yeri üzrə çəkilir. Eyni zamanda məhkəmə cinayətin xarakterini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə həmin maddədə qeyd olunan vəzifələrdən başqa, hazırki ona təyin olunmuş cəzanın məqsədinə və məhkumun islah olunmasına nail olmaq üçün, Azərbaycan Reaspublikası Cinayət Məcəlləsinin 52-1.3.4-cü maddəsinə əsasən sözügedən qanuni qüvvəyə minmiş 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qətnamələri icra etməsi vəzifəsi qoyulmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran (müəyyən edilməmişdir) hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344, 347, 349, 351, 352, 353, 356 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinib, ona 01 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs üzərinə İsmayıllı rayonunun hüdudlarını tərk etməmək, axşam saat 23:00-dan səhər saat 06:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək və qanuni qüvvəyə minmiş 17 aprel 2017-ci il tarixli 2(037)-629/2017 saylı və 01 may 2017-ci il tarixli 2(037)-361/2017 saylı qətnamələri icta etmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzatəri yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan edildiyi gündən 20 gün müddətində İsmayıllı rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən 20 (iyirmi) gün müddətində apelyasiya şikayəti və ya apelyasiya protesti verilməzsə hökm qanuni qüvvəyə minir Sədrlik edən İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-30/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-30/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver