Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-30/2023 18.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas X1, Təqsirləndirilən şəxs iştirakı ilə 18 may 2023-cü il tarixdə saat 16:52-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum edilməmiş, İsmayıllı şəhəri, M.Orucov küçəsi dalan 7, ev 15-də qeydiyyatda olmaqla orada yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,428 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 17 fevral 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, göstərilən tarixdə saat 19 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, M.Orucov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində sellofan bükülünün içərisində 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,428 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, İsmayıllı şəhəri, M.Orucov küçəsi dalan 7, ev 15-də yaşayır. Təxminən bir ilə yaxın bir müddətdir ki, ara-sıra heroindən istifadə edir. 15 fevral 2023-cü il tarixdə İsmayıllı şəhəri, N.Gəncəvi küçəsi ilə Kəpənək dairəsi adlanan yerə piyada gedərkən səkinin üzərində sellofan büküm görmüş və büküm diqqətini cəlb etdiyindən götürüb açmışdır. Bükümün içərisində başqa bir qızılı-ağ rəngli kağız büküm olmuş və həmin bükümü açdıqda orada toz halında kütlə olduğunu görmüşdür. O, əvvəllər istifadə etdiyi üçün həmin kütlənin heroin olduğunu bilmişdir. Buna görə də heroini öz istifadəsi üçün əynindəki cins şalvarının sağ yan cibinə qoyaraq özü ilə daşımağa başlamışdır. 17 fevral 2023-cü il tarixdə saat 19 radələrində yaşadığı evdən çıxıb İsmayıllı şəhəri, M.Orucov küçəsi ilə gedərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar narkotik vasitələri istifadə etməkdə və üzərində saxlamağı barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat-axtarış tədbiri qərarının qəbul edildiyini göstərib onu həmin qərarla tanış etmiş və üzərinə şəxsi axtarış keçirilməsi üçün polis şöbəsinə dəvət etmişlər. O, etiraz etməyərək polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa zamanda ona seçdiyi müdafiəçi təqdim edilmiş, o həmin gün saat 19:45-də şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edildikdən sonra saat 20 radələrində polis əməkdaşları ona üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. O, videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Bu zaman o, özü əynindəki şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümü təqdim edərək içərisində heroin olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Polis əməkdaşları tərəfindən üzərinə şəxsi axtarış davam etdirilsə də hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Onun təqdim etdiyi sellofan büküm içərisində narkotik vasitə olan qızılı-ağ rəngli kağız bükümlə birlikdə xüsusi elektron tərəzidə çəkilmiş, zərfə qoyularaq üzəri möhürlənmiş və qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş, protokolun düzgünlüyü o, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Hazırda əməlindən peşmandır, ailəsində evə gəlir gətirən yeganə şəxsdir. Törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini, özü və cəmiyyət üçün nə dərəcədə təhlükəli olduğunu başa düşür, gəncdir. Ona görə də məhkəmədən göstərdiyi halların, gənc olmasının nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması və istifadə etməsi barədə İsmayıllı RPŞ-nə əməliyyat məlumatı daxil olmuş və bu barədə 17 fevral 2023-cü il tarixdə raportla şöbə rəhbərliyinə məruzə edilmişdir. Dərhal əməliyyat-axtarış tədbiri qərarı qəbul etmiş, əməliyyat-təhqiqat qrupu yaradılmış, qrupun tərkibinə o, təhqiqat bölməsinin təhqiqatçısı X12, şöbənin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili X5 daxil edilmişdir. Həmin gün saat 19 radələrində onlar birlikdə İsmayıllı şəhəri M.Orucov küçəsində Təqsirləndirilən şəxs piyada gəzdiyini görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu və üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə gəlmiş, ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra ona müdafiəçi təqdim edilmiş, saat 19 radələrində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah olunduqdan sonra sonra Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı şöbənin məsul növbətçisi X9 da iştirak etmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Elçin əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim edib içərisində heroin olduğunu, şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sellofan bükülü açıldıqda içərisində digər qızılı-ağ rəngli kağız bükümdə toz halında kütlə olması aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəyə bənzər kütlənin nə olmasını və haradan əldə etdiyini soruşduqda o, həmin kütlənin heroin olduğunu, 15 fevral 2023-cü il tarixdə İsmayıllı şəhəri ərazisindən tapdığını, əvvəllər də narkotik vasitələrdən istifadə etdiyi üçün tapdığı həmin heroini özünün istifadəsi üçün götürüb sellofan büküm ilə birlikdə cibinə qoyduğunu, bu barədə heç kimə bildirmədiyini, demişdir. Həmin qızıl-ağ rəngli sellofan bükümdə olan narkotik vasitə oxşar kütlə kağız bükümlə birlikdə tərəzidə çəkilərək çəkisi müəyyən edilmişdir. Aşkar edilmiş kağız bükümdə olan kütlə bir ədəd zərfə qoyularaq qablaşdırılmış, tərkibinin və çəkisinin müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatlarına təqdim edilməsi məqsədilə götürülmüşdür. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilsə də başqa hər hansı bir bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya, iz və ya predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, iştirakçılara ucadan oxunmuş və protokolun doğruluğu iştirakçılar tərəfindən imzaları ilə təsdiq edilmişdir. Şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları - X5 və X9 ifadələrində X7 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 17 fevral 2023-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən sonuncunun əynində olan açıq qara rəngli cins şalvarın sağ yan cibində cibində sellofan bükülünün içərisində 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,428 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2023-cü il tarixli 17/190 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə.” sözləri, adlar və imzalar yazılmış sellofana bükülmüş 01 (bir) ədəd qızılı-ağ rəngli kağız bükümdə, təmiz çəkisi-0,428 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Heroin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağana edilən narkotik vasitələr siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, heroinin təmiz çəkisi-0,428 qram olmuş, tədqiqata 0,050 qram sərf edilmiş, qalıq-0,378 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 manat (yetmiş bir manat doxsan dörd qəpik) təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 15 mart 2023-cü il tarixli 454 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindəın məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 18 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş ilkin təmiz çəkisi 0,428 qram olan narkotik vasitə-heroindən məhkəmə kimyəvi ekpertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,378 qram olan narkotik vasitə heroin maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,428 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 0,428 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib 17 fevral 2023-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, göstərilən tarixdə saat 19 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, M.Orucov küçəsində saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək həmin gün, saat 20 radələrində üzərində şəxsi axtarış aparılarkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində sellofan bükülünün içərisində 1 ədəd qızılı-ağ rəngli kağız bükümdə saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, 0,428 qram çəkidə narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1–ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 10 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 mart 2023-cü il tarixli 722 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, M.Orucov küçəsi dalan 7, ev 15-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, ailə tərkibi özündən, atası X8, anası X10 və bacısı X3 ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X6 Hüquqi Şəxsindən alınmış 24 fevral 2023-cü il tarixli PHŞ-6-47/2- 192/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il saat 19:45-də şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 19 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və saat 11:30-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təbriz Əzimov həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 01 ədəd zərfdə qablaşdırılmış 0,378 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71(yetmiş bir) manat 94(doxsan dörd) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il 2(iki) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 17 fevral 2023-cü il saat 19:45-dən 19 fevral 2023-cü il saat 11:30-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2(iki) il 2(iki) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 2(iki) il 1(bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs ona təyin edilmiş 2(iki) il 1(bir) ay 26(iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri, M.Orucov küçəsi dalan 7, ev 15 ünvanındakı evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,378 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 71(yetmiş bir) manat 94(doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-30/2023
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-30/2023
18.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver