Məhkəmə qərarları › İş №1(037)-31/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-31/2024

09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-31/2024 09.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 09 iyul 2024-cü il tarixdə saat 17:34-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx.xx.2006-cı ildə İsmayıllı rayonunun İvanovka kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, natamam-orta təhsilli, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 dekabr 2023-cü il tarixdə dəqiq saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun İvanovka kəndində, Telefonnaya küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə hasarın üzərindən tullanmaqla daxil olub, həyətdə heç kəsin olmamasından istifadə edərək, həyətdə olan təsərrüfat alətlərini yığmaq üçün istifadə edilən saxlanc yeri hesab olunan evin giriş qapısına fiziki güc tədbiq edərək qapını açmış və qanunsuz olaraq saxlanc yeri hesab olunan evə daxil olmaqla oradan 1 ədəd 160 manat dəyərində “Aqromaş” markalı benzinli otbiçəni və 1 ədəd 700 manat dəyərində 5 litr həcmində mis samovarı götürüb özü ilə aparmaqla qəsdən gizli yolla talayıb, Viktor Vasilyeviçə ümumilikdə 860 (səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona qarşı elan olunmuş ittiham üzrə özünü tam təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə orada yaşayır. 17 dekabr 2023-cü il tarixdə saat 16-17 radələrində pula ehtiyacı olduğu üçün oğurluq etmək qərarına gəlmiş, bu məqsədlə qonşusu Viktor Vasilyeviçin evinin qarşısından keçərkən darvazanın qıfıllı olduğunu görmüş və həmin həyətə daxil olaraq oradan oğurluq etmək qərarına gəlmişdir. Hava sıx dumanlı olmuş, ətrafda heç kimin olmadığına əmin olduqdan sonra hasardan həyətə daxil olmuş, həyətdə olan yardımçı tikilinin taxta materialdan olan qapısındakı qıfılın açıq olduğunu görərək ora daxil olmuşdur. Otaqların birində samovar, benzinli otbiçən və digər əşyalar olduğunu görmüş, oradan 1 ədəd 5 litrlik samovarı və həmin benzinli otbiçəni götürüb çıxmış, hasardan həmin əşyaları küçəyə qoymuş, yenidən qapını bağlayaraq hasardan küçəyə tullanmış, oğurladığı əşyaları yaşadığı evə aparıb zirzəmiyə qoymuşdur. Etdiyi oğurluq əməli barəsində heç kimə deməmişdir. Ertəsi gün kənd ərazisində Samir adlı həmkəndlisini görmüş və ona pul lazım olduğu üçün samovarını satmaq istədiyini demişdir. Samirlə 50 manata razılaşmış, səhəri gün samovarı aparıb Samirin yaşadığı evdə ona təhvil vermiş, Samirdən ilkin olaraq 20 manat pul almışdir. Bir gün sonra sonuncu ona yenidən 20 manat vermiş, bir neçə gün sonra isə 5 manat pul vermiş, digər 5 manatı isə qısa zaman ərzində verəcəyini demişdir. Otbiçəni isə yaz-yay aylarında ot biçərək pul qazanmaq üçün yaşadığı evin zirzəmisində saxlamışdır. Polis əməkdaşları yaşadığı evə gəldikdə o, həmin benzinli otbiçəni də özü ilə polis şöbəsinə gətirib polis əməkdaşlarına təhvil vermişdir. O, İsmayıllı RPŞ-də oğurluq etdiyini etiraf etmişdir. Hazırda əməlindən peşmandır. Oğurladığı əşyalar Zərərçəkmiş şəxs qaytarılmış, zərərçəkmiş şəxslə bir neçə dəfə barışıq əldə etməyə cəhd etsə də sonuncu onu bağışlamamışdır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. İştirak etdiyi məhkəmə iclaslarında tərcüməçi X7 iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, İsmayıllı rayonunun İvanovka kəndində, Telefonnaya küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Təqaüdçüdür. Uzun müddət İsmayıllı rayon İvanovka kənd tam orta məkəbində müəllim vəzifəsində çalışmışdır. Yaşadığı evdə tək yaşayır, yaşadığı evin həyətində təsərrüfat alətlərini yığmaq üçün istifadə etdiyi tikili vardır. Həmin tikilinin giriş qapısı taxta materialdandır. 17 dekabr 2023-cü il tarixdə səhər saat 10 radələrində yaşadığı kənddə yas mərasiminə getmiş, gedərkən həyətə giriş darvazasını qıfılla bağlamış, həmin gün yaşadığı evə axşam saatlarında qayıtmış, həyətində və yaşadığı evdə hər hansı dağıntı olmadığı üçün oğurluq olmasını düşünməmişdir. 20 dekabr 2023cü il tarixədək günün müxtəlif saatlarında şəxsi işləri ilə bağlı evdən çıxmış və geri qayıtmış, həmin gün saat 12 radələrində qeyd olunan yardımçı tikilinin qapısının açıq olduğu nəzərinə çarpmışdır. O, giriş qapısının qıfılının bağlanmadığını görmüş, içəri girdikdə 1 ədəd 5 litr həcmində mis samovarın və 1 ədəd “Aqromaş” markalı benzinli otbiçənin orada olmadığını görmüşdür. O, oğurluq olduğunu düşünmüş, lakin həmin gün polis şöbəsinə bu barədə məlumat verməmişdir. Səhəri gün, yəni, 21 dekabr 2023-cü il tarixdə İsmayıllı RPŞ-yə gələrək oğurluq olması barədə məlumat vermiş, hadisə baş verən yerə polis əməkdaşları gəlmişlər. Polis şöbəsində aparılan araşdırılma zamanı onun evindən oğurluq edən şəxsin həmkəndlisi Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Oğurlanmış samovar və motorlu otbiçən ona qaytarılmış, onun maddi ziyanla bağlı təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq qanuni qərar qəbul edilməsini xahiş edir. X3 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs anasıdır. Tofiq onunla eyni evdə yaşayır. 17 dekabr 2023-cü il tarixdə Bakı şəhərinə toya getmiş, Tofiq isə evdə tək qalmışdır. Həmin gün gecə saatlarında evlərinə qayıtmış, Tofiqin oğurluq etməyi barədə heç bir məlumatı olmamışdır. Tofiq özü də bu barədə ona və atasına heç nə deməmişdir. 03 yanvar 2024-cü il tarixdə dəqiq saatı xatırlamadığı vaxtda Tofiq evdən mağazaya getmək adı ilə çıxmış, səhəri gün, yəni 04 yanvar 2024-cü il tarixdə polis əməkdaşları yaşadıqları evə gələrək Tofiqi polis şöbəsinə dəvət etmişlər. O da Tofiqlə birlikdə polis şöbəsinə gəlmiş, Tofiq polis şöbəsində izahat verərkən həmkəndlisi Viktor Vasilyeviçin evindən oğurluq etdiyini bilmişdir. X2 ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin kənddə yaşayır. Təqsirləndirilən şəxs bir həmkəndli kimi tanıyır. Onunla heç bir düşmənçilik və ədavəti yoxdur. 2023-cü ilin dekabr ayının sonlarında yaşadığı kənddə Tofiqlə rastlaşmış, sonuncu, ona hərbi xidmətdə olan qardaşı Turalı görmək üçün hərbi hissəyə gedəcəklərini, buna görə də pul lazım olduğunu və özündə olan samovarı satmaq istədiyini bildirmişdir. Tofiq atasının da bundan xəbəri olduğunu demiş, ona görə də həmin samovarın oğurluq olduğunu düşünməmişdir. Tofiqdən dəfələrlə samovarın özünə məxsus olub-olmadığını soruşmuş, Tofiq də samovarın özünə məxsus olduğunu demiş və 50 manata satacağını bildirmişdir. Onlar razılaşmış, səhəri gün Tofiq samovarı yaşadığı evə gətirmiş, o, samovarı Tofiqdən götürmüş və ilkin olaraq sonuncuya 20 manat pul vermiş, qalan pulu hissə-hissə verəcəyini bildirmişdir. Səhəri gün Tofiqlə rastlaşmış və ona yenidən 20 manat pul vermiş, bir neçə gün sonra Tofiqlə yenidən 5 manat vermişdir. Sonuncunun samovarı oğurladığını bilməmiş və heç kimdən eşitməmişdir. Tofiq ona samovarın özünə məxsus olduğunu demiş, polis əməkdaşları onun istifadəsində olan mobil nömrəyə zəng edərək, Təqsirləndirilən şəxs ona satdığı samovarın oğurluq olduğunu bildirmiş və onu polis şöbəsinə dəvət etmişlər. O da Tofiqin ona satdığı samovarı özü ilə polis şöbəsinə gətirib təhvil vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 21 dekabr 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs məxsus oğurluq hadisəsinin baş verdiyi ev İsmayıllı rayonunun İvanovka kəndində, Telefonnaya küçəsi, ev 7 ünvanında yerləşir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 08 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs oğurladığı 1 ədəd “Aqromaş” markalı benzinli otbiçəni təqdim etmiş, təqdim edilmiş əşya götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. “Təqdim etmə, baxış keçirmə və götürmə barədə” 10 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, X1 Tofiq Azər oğlunun oğurlayaraq ona satdığı 1 ədəd 5 litr hcəmində mis(latun) materialdan olan samovarı təqdim etmiş, təqdim edilmiş əşya götürülərək bu barədə “iPhone” markalı smartfonla fotoşəkillər çəkilmiş və protokol tərtib edilmişdir. “İfadənin yerində yoxlanılması barədə” 16 mart 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları göstərməklə bir daha təsdiq etmişdir. Müstəntiqin “Maddi sübut kimi tanınma haqqında” 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, cinayət işi üzrə 1 ədəd 160 manat dəyərində “Aqromaş” markalı benzinli otbiçən və 1 ədəd 5 litr həcmində mis samovar maddi sübut kimi tanınmışdır. Maddi sübutun təhvil verilməsi haqqında 21 yanvar 2024-cü il tarixli protokollardan görünür ki, Zərərçəkmiş şəxs təqdim etdiyi ərizə əsasında iş üzrə maddi sübut olan 1 ədəd 160 manat dəyərində “Aqromaş” markalı benzinli otbiçən və 1 ədəd 5 litr həcmində mis samovar Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2024-cü il tarixli 9/1387 nömrəli rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən malların 2023-cü ilin dekabr və 2024-cü ilin yanvar aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablama yolu ilə təxminən 286,00 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqat hissəsində göstərilmişdir; 1 ədəd 5 litr həcmində, mis (latun) materialdan olan samovarın qiyməti -130,00 manat; 1 ədəd işlənmiş vəziyyətdə olan “Aqromaş” markalı benzinli otbiçənin qiyməti - 80,00 manat; 1 ədəd “Acer” markalı istifadə edilmiş kompüter monitorunun qiyməti - 30,00 manat; 1 ədəd “Super pover” adlı xarici görünüşünə görə uzun müddət istifadə edilmiş kompüter sistem blokunun (prosessorunun) qiyməti - 40,00 manat; 1 ədəd “Compaq” markalı istifadə edilmiş klaviaturanin qiyməti - 3,00 manat; 1 ədəd “Genius” markalı istifadə edilmiş manipulyatorun qiyməti - 3,00 manat.Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat təşkil edir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X11 X10 Şöbəsi tərəfindən verilmiş məhkəmə ambulator məhkəmə psixiatrik ekspertizasının 14 mart 2024-cü il tarixli 14 saylı rəyindən görünür ki, aparılmış eksperimental-psixoloji müayinənin nəticələrindən görünür ki, yuxarıda göstərilənləri nəzərə alan ekspert psixoloq belə qənaətə gəlir ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt probleçlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi psixoloji əlamətlər müşahidə olunur. Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır:

1. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs əqli inkişafında gerilik əlamətləri müşahidə olunmur.

2. Əqli və psixi inkişafını nəzərə almaqla, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini dərk edə bilərdi.

3. Emosional halından asılı olaraq, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur.

4. Yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən adi psixiemosional halda olmuşdur.

5. Cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Müstəntiqin cinayət təqibinə hissəvi xitam verilməsi, cinayət işinin və təqsirləndirilən şəxsin əməlinin tövsif edilməsi, zərərçəkmiş şəxs qismində statusuna xitam verilməsinə dair 14 mart 2024-cü il tarixli qərarından və sübutların qiymətləndirilməsi haqında 10 may 2024-cü il tarixli qərarından müəyyən edilir ki, həmin qərara əsasən X4 məxsus 1 ədəd “Acer” markalı istifadə edilmiş kompüter monitorunun, 1 ədəd “Super pover” adlı istifadə edilmiş kompüter sistem blokunun (prosessorunun), 1 ədəd “Compaq” markalı istifadə edilmiş klaviaturanin və 1 ədəd “Genius” markalı istifadə edilmiş manipulyatorun oğurlanması epizodu üzrə dəymiş ziyan ekspertiza rəyi üzrə ümumilikdə 76 manat müəyyən olunduğundan Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsinin tərkibi olmadığından barəsində həmin maddə ilə cinayət təqibinə xitam verilmiş, sadalanan həmin əmlakların maddi sübut statusuna xitam verilmişdir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqında 10 may 2024-cü il tarixli qərarından müəyyən edilir ki, həmin qərara əsasən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 13 mart 2024-cü il tarixli 9/1387 nömrəli rəyi və Zərərçəkmiş şəxs ifadəsi arasında ziddiyyət yarandığından sonuncuya dəymiş ziyanın məbləği onun ifadəsində qeyd etdiyi 860 manat olması əsas götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan bütün halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun əməlində cinayət tərkibinin bütün əlamətlərinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 17 dekabr 2023-cü il tarixdə dəqiq saatı müəyyən edilməyən vaxtda Zərərçəkmiş şəxs məxsus İsmayıllı rayonunun İvanovka kəndində, Telefonnaya küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin qarşısına gələrək, ətrafda heç kəsin olmamasına əmin olduqdan sonra qanunsuz olaraq saxlanc yeri hesab olunan evin həyətinə hasarın üzərindən tullanmaqla daxil olub, həyətdə heç kəsin olmamasından istifadə edərək, həyətdə olan təsərrüfat alətlərini yığmaq üçün istifadə edilən saxlanc yeri hesab olunan evin giriş qapısına fiziki güc tədbiq edərək qapını açmış və qanunsuz olaraq saxlanc yeri hesab olunan evə daxil olmaqla oradan 1 ədəd 160 manat dəyərində “Aqromaş” markalı benzinli otbiçəni və 1 ədəd 700 manat dəyərində 5 litr həcmində mis samovarı götürüb özü ilə aparmaqla qəsdən gizli yolla talayıb, Viktor Vasilyeviçə ümumilikdə 860 (səkkiz yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 177.2.3-cü maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə, məhkəmə istintaqında tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin olunmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, qanunla qorunan mülkiyyət münasibətləri əleyhinə olan, özgənin əmlakını gizli olaraq talamada ifadə olunan qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edilərkən Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən onun cinayəti törədərkən yetkinlik yaşına çatmamasını, vurulmuş ziyanı tam aradan qaldırmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Belə ki, cinayət işinin materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 12 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. İsmayıllı rayon İcra Hakimiyyəti başçısının İvanovka kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş 30 aprel 2024-cü il tarixli 274 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən İsmayıllı rayonunun İvanovka kəndində qeydiyyatda olmaqla yaşayır, ailə tərkibi özündən, valideynlərindən ibarətdir, yaşadığı müddət ərzində kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 18-1-47/2-488/24 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi-Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmayan şəxs olmuşdur, buna görə də, ona cəza təyin edilərkən qanunvericiliyin yetkinlik yaşına çatmayanlara münasibətdə normaları rəhbər tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-nin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə görə azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. 52-1.2. Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. 52-1.3. Məhkəmə məhkum üçün aşağıdakı əlavə vəzifələr müəyyən edə bilər: 52-1.3.1. kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək; 52-1.3.2. məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək; 52-1.3.3. alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək; 52-1.3.4. məhkumun islah olunmasına kömək edən digər vəzifələr. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxs tərəfindən zərərin ödənilməsi və zərərçəkənlə barışıq əldə etməsi Zahir Həsənov barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Bununla yanaşı məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. “Şübhəli şəxs qismində tutma haqqında” qərardan və tutma protokolundan görünür ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 16:40-da şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-nə təhvil verilmişdir. Müstəntiqinin 06 yanvar 2024-cü tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 11:50-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Onun şübhəli şəxs qismində saxlanıldığı müddət 02 gün təşkil etmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 16:40-dan 06 yanvar 2024-cü il tarixə saat 11:50-yədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müdət ona təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Cinayət işi üzrə maddi sübut qismində tanınmış 1 ədəd 5 litr həcmində mis (latun) materialdan olan samovar və 1 ədəd “Aqromaş” markalı benzinli otbiçənin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı məhkəmə məsrəfi 50 manat təşkil etmişdir. Həmin xərclər ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 50 manat məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 04 yanvar 2024-cü il tarixdə saat 16:40-dan 06 yanvar 2024cü il tarixə saat 11:50-yədək şübhəli şəxs qismində tutulub saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu İvanovka kəndindəki evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut olan 1 ədəd 5 litr həcmində mis (latun) materialdan olan samovar və 1 ədəd “Aqromaş” markalı benzinli otbiçənin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına–büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar