Məhkəmə qərarları › İş №1(037)-32/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-32/2021

25.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-32/2021 25.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi Müdafiəçi iştirakı ilə 25 may 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1973-cı ildə İsmayıllı rayonu Göytəpə kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkum edilməmiş, işləməyən, İsmayıllı rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, təmiz çəkisi 415 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq 18 yanvar 2021-ci il tarixə kimi yaşadığı İsmayıllı rayonu Göytəpə kəndində yerləşən evində gizlədərək saxlamış, həmin tarixdə, saat 12:00 radələrində Göytəpə kəndində yol kənarı ilə piyada gedərkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq polis şöbəsinə gətirilmiş, şöbənin inzibati binasında üzərinə baxış keçirilərkən üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Həmin gün saat 14:00 radələrində onun iştirakı ilə yaşadığı evə baxış keçirilərkən evin giriş qapısı ilə üzbəüz olan otağın girişindən sağ tərəfdəki divarının aşağı künc hissəsində, sellofan torbanın içərisində, şəxsi istehlak miqdarından artıq miqdarda gizlədərək saxladığı 415 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı İsmayıllı rayon Göytəpə kəndində yerləşən evindən çıxaraq mağazaya tərəf getməyə başlamışdır.Yolda İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş, narkotik vasitələri qanunsuz saxlamağından şübhələndiklərini bildirərək birlikdə polis şöbəsinə getməyi təklif etmişlər. O, polis əməkdaşları ilə birlikdə şöbəyə gəlmiş, ona üzərində narkotik vasitə, cinayət xarakterli digər əşya və predmet vardırsa təqdim etməyi təklif etmişlər. O, üzərində narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər olmadığını bildirsə də şöbənin növbətçi hissəsinin qarşısında polislərin, dəvət olunmuş hal şahidlərinin və müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən narkotik maddə və cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Polis əməkdaşları yaşadığı evində qanunla saxlanılması qadağan edilmiş hər hansı bir əşyanın, eləcə də narkotik vasitələrin olub-olmamasını soruşduqda o, polis əməkdaşlarına yaşadığı evində sellofan torbada quru halda marixuana saxladığını bildirmişdir. Bundan sonra onlar birlikdə yaşadığı evinə gəlmiş və polis əməkdaşlarının, hal şahidlərinin və müdafiəçinin iştirakı ilə evinə baxış keçirilmişdir. Baxış zamanı evin giriş qapısı ilə üz-üzə olan təmirsiz otağın girişindən sağ tərəfdə, divarının ətəyində, üzərində qara hərflərlə “CAROC” sözü yazılmış bir ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilən zaman içərisindən yaşımtıl rəngli kütlə aşkar edilmişdir. Kütlənin nə olduğu barədə sorğu edilərkən o, kütlənin qurudulmuş marixuana olduğunu etiraf etmiş və və həmin marixuananı 2020-ci ilin sentyabr ayının tarixini xatırlamadığı günündə İsmayıllı rayon Qalıncaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, evə daşıyaraq şəxsi istifadəsi üçün qurudaraq evində saxladığını bildirmişdir. Aşkar edilmiş qurudulmuş marixuana sellofan torbada olmaqla çəkilərək çəkisi müəyyən olunmuşdur. Baxış zamanı protokol tərtib olunmuş, qurudulmuş marixuana qablaşdırılmışdır. Başıxda iştirak edən şəxslər və o protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Yaşadığı evdə narkotik vasitə saxladığını ailə üzvləri bilməmişdir. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Onun himayəsində iki azyaşlı uşağı var, ailədə evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Şahid X2 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəifəsində işləyir. Şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı rayon Göytəpə kənd sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 18 yanvar 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar o və şöbənin digər əməkdaşları həmin tarixdə saat 12:00 radələrində Neman Baratovu İsmayıllı rayon Göytəpə kəndi ərazisindəki yol kənarı ilə getdiyini görərək ona yaxınlaşmışlar. Özlərini Nemana təqdim etmişlər və ona üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində qəbul edilmiş əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında tanış etmişlər. Nemana üzərində şəxsi axtarış keçiriləcəyini bildirərək onu polis şöbəsinə dəvət etmişlər. Neman onlara etiraz etməmiş və könüllü şəkildə onlarla birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Neman müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutulmuşdur. Dəvət edilmiş iki nəfər hal şahidləri və müdafiəçinin iştirakı ilə Nemanın üzərinə şəxsi axtarış keçirilmişdir. Nemanın üzərindən narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra Nemandan yaşadığı evində narkotik vasitələri saxlayıbsaxlamaması soruşulmuş və yaşadığı evinə baxış keçirəcəyi bildirilmişdir. Neman polis əməkdaşlarına yaşadığı evində bir ədəd sellofan torbada quru halda marixuana saxladığını bildirərək evinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Onlar birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayon Göytəpə kəndində yerləşən evinə getmişlər. Polis əməkdaşlarının, hal şahidlərinin, müdafiəçinin və Nemanın iştirakı ilə evə baxış keçirilmişdir. Baxış zamanı evinin giriş qapısı ilə üz-üzə olan otağın girişindən sağ tərəfdə, yerdə üzərində bir ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilən zaman içərisində yaşımtıl rəngli kütlənin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Neman həmin sellofan torbada olan kütlənin qurudulmuş marixuana olmasını, həmin marixuananı 2020-ci ilin sentyabr ayında Qalıncaq kəndi ərazisində yerləşən meşə sahəsində yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, şəxsi istifadəsi üçün evinə gətirərək qurutduğunu etiraf etmişdir. Aşkar edilmiş həmin bir ədəd sellofan torbada olan qurudulmuş marixuananın çəkisi müəyyən edilərək qablaşdırılmışdır. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuş, iştirakçılar tərəfindən protokolun doğruluğu imzalarla təstiq edilmişdir. Əməliyyat tədbirlərinin davamı olaraq Nemanın narkotik vasitələrin qanunsuz satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı əldə edilməmişdir. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X4, X10, X6, X7 və X8 da şahid Xətai Daşdəmirli ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Şahid Мirzəliyev İntiqam Zahir oğlu ifadə verərək göstərdi ki, 18 yanvar 2021-ci il tarixdə saat 12:00 radələrində yaşadığı İsmayıllı rayonu Göytəpə kəndində küçədə olduğu zaman İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq kənddə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan bir nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Onlar axtarış zamanı hal şahidi qismində iştirak etməyini təklif etmişlər. Etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə rayon polis şöbəsinə gəlmişlər. Oraya dəvət edilmiş digər hal şahidinin, polis əməkdaşlarının və şübhəli şəxsin müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs adlı şəxsin üzərinə növbətçi hissəsin qarşısında şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evində narkotik vasitələrin olub-olmamasını soruşulmuşdur. Təqsirləndirilən şəxs yaşadığı evində bir ədəd sellofan torbada quru halda marixuana olduğunu bildirmişdir. İştirakçılarla birlikdə Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı rayon Göytəpə kəndində yerləşən evinə getmişlər. Nemanın evinə baxış keçirmiş, evin giriş qapısı ilə üzüzə olan otağın girişindən sağ tərəfdə, yerdə bir ədəd sellofan torba aşkar edilmişdir. Sellofan torbaya baxış keçirilən zaman içərisində yaşımtıl rəngli kütlə olması müəyyən edilmişdir. Sorğu zamanı Neman həmin sellofan torbada olan kütlənin qurudulmuş marixuana olmasını, həmin martixuananı 2020-ci ilin sentyabr ayında Qalıncaq kəndi ərazisindəki meşə sahəsindən yabanı halda bitmiş çətənə bitkilərindən yığdığını, şəxsi istifadəsi üçün qurudaraq evində saxladığını etiraf etmişdir. Həmin marixuananın sellofan torba ilə birlikdə çəkisi müəyyən edilmişdir. Aşkar edilmiş sellofan torbada olan qurudulmuş marixuana qablaşdırılmış, bu barədə protokol tərtib olunmuş və protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid Şahid2 da şahid İntiqam Мirzəliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə-bioloji ekspertizasının 18 yanvar 2021-ci il tarixli 17/45 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs fərdi yaşayış evindən aşkar olunaraq götürülmüş” sözləri və imzalar yazılmış bağlamanın içərisindəki təmiz çəkisi – 415 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 415,00 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq - 414.95 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 04 mart 2021-ci il tarixli 210 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 28 yanvar 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X3 X5 Şöbəsindən alınmış 27 yanvar 2021-ci il tarixli 02-02-134/21 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 21 yanvar 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 414.95 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 18 yanvar 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 18 yanvar 2021ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdə saat 13:00-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 20 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:00-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 03 fevral 2021-ci il tarixli 52 və 52/1 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Göytəpə kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X9, uşaqları 19 yanvar 2006-cı ildə anadan olmuş Mədinə, 19 yanvar 2010-cu ildə anadan olmuş Səidə və 16 avqust 2011-ci il tarixdə anadan olmuş Muraddan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını və himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər.Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də narkotik vastənin çəkisi (415,00 qram) Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ona təyin edilən azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 25 may 2021-ci il tarixdən hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müəyyən edilməli və hökmün surəti həmin Müəssisəyə göndərilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 414.95 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan - 25 may 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 müəyyən edilsin. Təqsirləndirilən şəxs oğlu narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı 414.95 qram çəkidəki qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs oğlu isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar