Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-33/2021 18.05.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Mahmudov Seymur Elçin oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 18 may 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 17 dekabr 1985-ci il tarixdə İsmayıllı rayonu Keyvəndi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum olunmamış, İsmayıllı rayonu Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 18 oktyabr 2020-ci il tarixdə saat 15:00 radələrində İsmayıllı rayonu Qalagah kəndindəki yaşadığı evin həyətində olarkən, bacısı X1 qayınatası X7 və keçmiş qayınanası Zərərçəkmiş şəxs evin qarşısına gələrək məhkəmə qətnaməsinə əsasən anası Sevinc Zeynalovanın himayəsində qalması qət edilmiş nəvələri 19 yanvar 2015-ci il təvəllüdlü Zəhra Cavadovanı atası Sadiq Cavadovla görüşdürmək üçün İsmayıllı rayonu Sumağallı kəndinə aparmaq istəmiş, bu zəmində aralarında yaranmış mübahisə zamanı əsəbiləşərək hər iki əli ilə Zərərçəkmiş şəxs yaxasından tutub sərt və məqsədyönlü şəkildə sonuncunu itələyib yerə yıxmış, nəticədə Zərərçəkmiş şəxs bel nahiyəsinin qançırı, L1 (bel) fəqərəsinin sınığı kimi sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərərvurmaya aid bədən xəsarəti yetirmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı Rayon Məhkəməsinin 07 noyabr 2019-cu il tarixli qətnaməsi əsasında bacısı Sevinc ərindən boşanmış və bacısı uşaqları Pünhan və Rəvan basısının keçmiş əri Sadiqin, Zəhra isə Sevincin yanında saxlanılmışlar. Sevinc qızı Zəhra ilə onun yaşadığı İsmayıllı rayonu Qalagah kəndindəki ata evinə qayıtmış və həmin vaxtdan etibarən onlar bir evdə yaşamışlar. Sevincin keçmiş qayınatası Cavad və qayınanası Əmiynə tez-tez Zəhranı Sevincin razılığı əsasında Sumağallı kəndinə aparmış və iki-üç gündən sonra gətirmişlər. 18 oktyabr 2020-ci il tarixdə saat 14:00 radələrində İsmayıllı şəhərində marketdə işləyən bacısı Sevinc ona zəng edərək Cavadın və Əmiynənin uşağı aparmaq üçün gələcəklərini bildirmiş və uşağı onlara verməmələrini xahiş etmişdir. Bir müddət sonra darvazanın döyüldünü eşitmişdir. Anası Gülsənəm qapıya çıxmış, Cavadın və Əmiynənin gəldiklərini görmüşdür. Əmiynə Zəhranı aparmaq üçün gəldiyini deyərək giriş qapısından həyətə daxil olmuşdur. Cavad isə küçədə avtomobilinin yanında olmuşdur. Əmiynə kobud şəkildə “bilirsiz ki, gələn bizik niyə cavab vermirsiniz?” deyərək anası Gülsənəmin ünvanına nalayiq söyüş söymüşdür. Anası əsəbiləşmiş və Əmiynənin yaxasından itələyib çölə çıxmağı tələb etmişdir. Əmiynə çölə çixmiş, anası da onun arxasınca çıxmışdır. Bu zaman Əmiynə ilə anası bir-birilərnə əl-qol atıb dartışmağa başlamışlar. O, tez həyətdən çıxmış və onların arasına girərək sağ əli ilə anasını, sol əli ilə Əmiynəni sinəsindən itələyərək ayırmışdır. Bu zaman Əmiynə arxası üstə yerə yıxılmışdır. Əmiynənin ayağının büdrəməsini, yaxud da nəyəsə ilişməsini ehtimal edir. Hesab edir ki, Əmiynə onun itələməsindən yıxılmamışdır. Hər bir halda o, dərhal Əmiynəni ayağa qaldırmışdır. Bu zaman Cavad onun və anasının ünvanına xoşagəlməz ifadələr işlətməyə başlamışdır. O, anasını həyətə salmış, Cavadı isə yaxasından tutub avtomobilinə əyləşdirmiş, sol ayağı ilə maşının qapısını təpiklə vurub çıxıb getmələrini tələb etmişdir. Cavad 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Bir müddətdən sonra polis əməkdaşları yaşadıqları evin qarşısına gələrək onların mübahisə etdikləri yerə baxış keçirmişlər. O, Əmiynəyə heçbir xəsarət yetirməmiş, yalnız anasını və onu ayırmışdır. Hesab edir ki, onun barəsində əsassız şikayət etməkdə zərərçəkmişin məqsədi onlardan qisas almaqdır. Əmiynə ondan dəymiş ziyanı ödəməsini tələb etsə də maddi imkanı olmadığından ziyanı ödəyə bilməmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli saymır və ona bəraət verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, ailəsi ilə birlikdə İsmayıllı rayonu Sumağallı kəndində yaşayır. Təqsirləndirilən şəxs onun oğlu Sadiqin keçmiş qayınıdır. Sadiq hərbi qulluqçu olmaqla hazırda hərbi xidmətdədir. İsmayıllı Rayon Məhkəməsinin 07 noyabr 2018-ci il tarixli qətnaməsi ilə Sadiqlə İlqarın bacısı Sevincin arasındakı nikah pozulmuş, onların birgə nikahından anadan olmuş Pünhan və Rəvan Sadiqin, Zəhra isə Sevincin yanında saxlanılmışdır. Həmin vaxtdan sonra Sevinc Zəhra ilə birlikdə İsmayıllı rayonu Qalagah kəndindəki atası evinə getmiş, anası Gülsənəmlə və qardaşı İlqarla bir evdə yaşamağa başlamışdır. Sadiq hər dəfə hərbi xidmətdən icazə alıb gəldikdən sonra o əri Cavadla birlikdə Zəhranı öz evlərinə gətirərək Sadiqlə görüşdürmüşlər. Sonra isə yenidən Zəhranı aparıb anası Sevincə təhvil vermişlər. 18 oktyabr 2020-ci il tarixdə Sadiq zəng edərək Zəhradan ötrü darıxdığı üçün bir günlük icazə alıb gələcəyini və Zəhranı bir günlük gətirmələrini xahiş etmişdir. Sadiq bu barədə Sevincə bildirdikdə sonuncu uşağın Sumağallı kəndinə aparılmasına etiraz etmişdir. Buna baxmayaraq həmin gün saat 14 radələrində o, əri Cavadın idarə etdiyi avtomobillə İsmayıllı şəhərinə gəlmişlər. Orada Sevincin iş yerinə gedərək Zəhranı aparmalarına icazə istəmişlər. Sevinc isə təkrarən etirazını bildirmişdir. Həmin vaxt Sadiq hərbiçi olduğundan döyüşlərdə iştirak etmiş və onlar fikirləşmişlər ki, Zəhranı gətirmək üçün getsələr anası Sevinc etiraz etsə də onun anası Gülsənəm uşağı verəcək. Bu məqsədlə Cavadla birlikdə Qalagah kəndinə getmişlər. Saat 15:00 radələrində Sevincin yaşadığı evə çatmışlar. Bir neçə dəfə həyət qapısını döysələr də qapını açan olmamışdır. Qapını aralayıb baxdıqda Sevincin qardaşı İlqarın və anası Gülsənəmin həyətdəki stol arxasında əyləşdiklərini görmüşdür. Bu zaman o, İlqar və Gülsənəmi səsləmiş və onlara salam vermişdir. İlqara mehribanlıqla Sadiqin Zəhradan ötrü darıxdığını üçün gələcəyini, ona görə də Zəhranı aparmağa gəldiklərini demişdir. Bu zaman Gülsənəm “sənin oğlun ölsün” deyərək onu acılamış, o da Gülsənəmə eyni qaydada cavab vermişdir. Gülsənəm və İlqar giriş qapısına tərəf gəlməyə başlamışlar. Gülsənəm qapının qarşısına çıxan kimi yerdən sağ əlinə daş götürmüş, digər əli ilə onun yaxasından tutaraq ünvanına nalayiq ifadə işlətmişdir. O da Gülsənəmə eyni cür cavab qaytarmışdır. Gülsənəm onu vurmamış və hər hansı xəsarət yetirməmişdir. Bu vaxt İlqar aralığa girərək anasının əlini onun yaxasından çəkmiş, özü onun yaxasından tutaraq qəsdən özünə tərəf çəkib silkələyərək möhkəm hərəkətlə qabağa itələyib yıxmışdır. İlqar onu bərk itələdiyi üçün yıxılarkən kürək nahiyəsi yerdəki daşlara dəymiş və xəsarət almışdır. Bərk ağrı hiss etdiyi üçün yerdən qalxa bilməmiş və əri Cavad onu yerdən qaldırmışdır. Cavad İlqara “adam qadına əl qaldırmaz” deyə irad bildirmiş, İlqar isə Cavadı nalayiq ifadələrlə təhqir edərək onun boğaz nahiyəsindən tutmuşdur. O isə ağrıdığına baxmayaraq birtəhər İlqarı Cavaddan aralamışdır. Onlar maşına əyləşdikləri vaxt İlqar zərblə maşının sol qabaq qapısına təpik vurmuşdur. Cavad Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək baş verənlər barədə məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları ora gələrək hadisə yerinə baxış keçirmişlər. İlqarın özünü təqsirli bilməməsinə baxmayaraq ona barışıq təklif etmişdir. O aldığı xəsarətlə bağlı tibbi müayinə və müalicə xərcləri olaraq çəkdiyi 750 manat xərcin 500 manatının ödənilməsini təlkəb etmiş, təqsirləndirilən şəxs isə buna görə ona məhkəmə tətrfindən verilmiş vaxt müddətində tələb etdiyi məbləği ona ödəməmişdir. Ona dəymiş zərəri tələb edir və iş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şаhid X7 Zərərçəkmiş şəxs ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X2 oğlu ifadə verərək göstərdi ki, qızı Sevinc 07 noyabr 2018-ci il tarixdə məhkəmə qaydasında əri sadiqdən boşanmışdır. Həmin qətbnamə əsasında onların birgə nikahlarından anadan olmuş azyaşlı uşaqları Pünhan, və Rəvan ataları Sadiqin, Zəhra isə Sevincin yanında saxlanmışlar. Bundan sonra Sevinc Zəhra ilə birlikdə onun evinə qayıtmış və həmin vaxtdan etibarən birlikdə yaşayırlar. Keçmiş qudaları Cavad və arvadı Əmiynə tez-tez Sevincin razılığı ilə nəvəsi Zəhranı götürüb Sumağallı kəndinə aparmışlar. 18 oktyabr 2020-ci il tarixdə saat 15:00 radələrində oğlu İlqarla həyətində olarkən qəflətən həyət qapısının döyüldünü eşitmişlər. Qapıya çıxdıqda Cavadın və Əmiynənin qapısının qarşısında olduğunu görmüşdür. Əmiynə Zəhranı aparmaq istədiyini demişdir. O Əmiynədən uşağı aparmaları üçün Sevincdən icazə alıb-almadığını soruşmuşdur. Əmiynə Sevincin ünvanına kobud ifadə işlədərək uşağı onun icazəsi olmadan aparacaqlarını demişdir. Bu zaman İlqar da qapıya çıxmış və Əmiynəyə Zəhranı anasının icazəsi olmadan verməyəcəklərini demişdir. Bu vaxt Əmiynə qəfildən onun saçından tutub dartmağa başlamışdır. İlqar araya girərək onu Əmiynədən kənarlaşdırmış və əli ilə Əmiynəyə toxunaraq uzaqlaşıb getməsini tələb etmişdir. Əmiynənin ayağı büdrəmiş və yerə yıxılmışdır. Bundan sonra onlar həyətə keçmişlər. Cavad və Əmiynə isə avtomobilə oturmuşlar. İlqar 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermiş, bir qədər sonra polis əməkdaşları gəlmiş və onların mübahisə etdikləri yerə baxış keçirmişlər. Məhkəmə-tibbi ekspertizasının 12 noyabr 2020-ci il tarixli 398 nömrəli rəyindən müəyyən edilir ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-bel nahiyəsinin qançırı, L1(bel) fəqərəsinin sınığı küt əşya(alət) təsirindən törənmişdir, həmin xəsarətlər Zərərçəkmiş şəxs qeyd etdiyi 18 oktyabr 2020-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 24 fevral 2021-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalagah kəndində yaşadığı evin qarşısında Zərərçəkmiş şəxs ilə mübahisə etdiyi və sonuncunun yıxıldığı yeri əyani olaraq göstərir. Təqsirləndirilən şəxs ilə zərərçəkmiş Zərərçəkmiş şəxs arasında 26 fevral 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Zərərçəkmiş şəxs ona hansı şəraitdə və necə xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Təqsirləndirilən şəxs ilə X7 arasında 05 mart 2021-ci il tarixdə keçirilmiş üzləşmə protokolundan görünür ki, üzləşmə zamanı Cavad Cavadov Təqsirləndirilən şəxs onun arvadı Zərərçəkmiş şəxs hansı şəraitdə və necə xəsarət yetirməsini Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. İsmayıllı rayon X6 Hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 01 fevral 2021-ci il tarixli 17 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs həmin şöbənin narkoloji, ruhi-əsəb və nevroloji kabinetlərdə qeydiyyatda yoxdur. 13 yanvar 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. 16 noyabr 2020-ci il tarixli 303 və 304 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Qalagah kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və anası X3 ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Müstəntiqinin “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” 25 yanvar 2021-ci il tarixli qərarından və “cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə” eyni tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 12:55-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 26 yanvar 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 17:15-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən azad olunmaq niyyəti güdür. Onun ifadəsi zərərçəkmiş şəxsin və şahid Cavad Cavadovun məhkəmə istintaqı zamanı verdikləri ifadələr, iş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, ifadələrin yerində yoxlanılmasına dair protokollar və həmin protokola əlavə edilmiş fotoşəkillər, üzləşdirilmə-dindirmə protokolları, ekspertiza rəyləri və məhkəmə iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar aşkar edilməmişdir. Təqsirləndirilən şəxs cinayət əməlini yaşlı qadına qarşı törətməsini, vaxt verilməsinə baxmayaraq, məhkəmə hökm çıxaranadək zərərçəkmişə vurulmuş ziyanı ödəməməsini və sonuncu ilə barışıq əldə etməməsini, törətdiyi əməli səmimi etiraf etməməsini təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə cinayət qanunvericiliyinin qeyd edilən maddələrinə əsasən Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları nəzərə alaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdə saat 12:55-dən 26 yanvar 2021ci il tarixə saat 17:15-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Qalagah kəndində yerləşən evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 25 yanvar 2021-ci il tarixdən 26 yanvar 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmаyıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonu Qalagah kəndində yerləşən evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-33/2021
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-33/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver