Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-33/2024 09.07.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakı ilə 09 iyul 2024-cü il tarixdə saat 17:33-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu ildə İsmayıllı rayonun Mican kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmayan, işləməyən, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun Mican kəndində) qeydiyyatda olmaqla həmin kənddə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 146,98 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 10 yanvar 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 10 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Mican kəndinin ərazisində, yaşadığı evin yaxınlığından keçən küçədə saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin qoltuq hissəsində saxlayaraq daşıdığı 1 ədəd sellofan torbada, xeyli miqdarda – 146,98 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, arabir narkotikvasitə olan marixuanadan istifadə etmişdir. Bundan heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. 10 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində İsmayıllı rayonu Mican kəndində yaşadığı evin yaxınlığında tək küçədə olarkən bir neçə şəxs ona yaxınlaşmış, özlərini təqdim edərkən onların İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları olmasını bilmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərində şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini demişlər. O, polis əməkdaşlarına axtarış keçirilməsinə etiraz etməmiş və bu barədə ərizə yazmışdır. Bundan sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı Rayon Polis şöbəsinə gəlmişdir. Polis şöbəsində Növbətçi hissənin qarşısında ona hüquq və vəzifələri izah edilmiş, müdafiəçisi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbənin Növbətçi Hissəsinin qarşısında üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində hər hansı narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya və predmetlər vardırsa təqdim etməyi təklif olunmuşdur. O, üzərində gizlətdiyi 1 ədəd sellofan torbada olan marixuananı təqdim etmişdir. Lakin bundan başqa üzərində heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmet olmadığını demişdir. Buna baxmayaraq üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, etiraz etməmiş, şöbənin növbətçi hissəsinin qarşısında polislərin və müdafiəçisinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Üzərindən başqa heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmet aşkar olunmamışdır. Aşkar edilmiş marixuana da elektron tərəzidə çəkildikdən sonra müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu özü, müdafiəçisi və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Heç bir ruhi əsəb xəstəliyi keçirməmişdir. O bir daha qeyd edir ki, tapdığı marixuananı şəxsi istifadəsi üçün üzərində saxlamış, satış məqsədi olmamışdır. Marixuananı tapdıqdan sonra hər hansı miqdarda istifadə etməmiş, gizlətmişdir. Narkotik vasitəni saxlamağını, ümumiyyətlə həmin vasitədən istifadə etdiyini heç kim, o cümlədən ailə üzvləri də bilməmişdir. O, başqa heç kimə narkotik satmamış, nə də pay verməmişdir. Hazırda əməlindən peşmandır. Hazırda anası yataq xəstəsi olmaqla onun köməyinə möhtacdır. Ona həbslə bağlı cəza veriləcəyi təqdirdə anasına baxan olmayacaqdır. Ona görə də qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. X4 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı rayonu keçmiş Mican kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan raportla İsmayıllı RPŞ-nin rəisinə məruzə etmişdir. İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-təhqiqat qrupu yaradılaraq 10 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində özü, qrupun digər üzvləri birlikdə İsmayıllı rayonu Mican kəndində yaşadığı küçədə Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də üzərində şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra Təqsirləndirilən şəxsla birlikdə İsmayıllı RPŞnə gəlmişlər. İsmayıllı RPŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, sonuncu İsmayıllı RPŞ-nə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etdiyi üçün ona İsmayıllı rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmişdir. Təqsirləndirilən şəxs vəkillərin siyahısından seçdiyi müdafiəçi ilə təmin edilmişdir. Müdafiəçisinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs üzərində olan 1 ədəd sellofan tobranı təqdim edib həmin torbanın içərisindəki kütlənin marixuana olduğunu və həmin marixuananın özünə məxsus olduğunu demişdir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı narkotik vasitə və ya cinayət xarakterli əşya olmadığını demişdir. Ardınca Təqsirləndirilən şəxs üzərinə axtarılsa da hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin qurudulmuş marixuananı 2023-cü ilin sentyabr ayında, dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayon Mican kəndi ərazisində yerləşən meşə sahəsində tək olduğu zaman qarşısına çıxan 01 ədəd yabanı halda narkotik tərkibli çətənə bitkisindən əldə etmiş və bu barədə heç kimə məlumat verməmişdir. Axtarış zamanı aşkar edilmiş marixuana elektron tərəzidə çəkilmiş, çəkisinin 150 qram olması müəyyən edilmiş, həmin marixuana müvafiq qaydada qablaşdırılıb götürülmüş, axtarış keçirilməsi barədə protokol tərtib edilmiş, protokola şübhəli şəxs olan Təqsirləndirilən şəxs özü və digər iştirakçılar imza etmişlər. Daha sonra bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar, o cümlədən özü tərəfindən protokol imzalanmışdır. Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olması barədə hər hansı mötəbər məlumat əldə etməmişdir. Şahid, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili X6 da eyni məzmunlu ifadə verərək X5 ifadəsində göstərilənləri təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Şəxsi axtarış aparılması və götürmə barədə” 10 yanvar 2024-cü il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə Polis şöbəsinin Növbətçi hissəsinin qarşısında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən 1 ədəd sellofan torbada 150 qram çəkidə qurudulmuş marixuana aşkar edilmiş və 1 ədəd kağız zərfə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş, eləcə də fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Məhkəmə-bioloji ekspertizasının 11 yanvar 2024-cü il tarixli 17/44 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “ Vət. Təqsirləndirilən şəxs üzərində aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər..” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki, 01(bir) ədəd sellofan torbada, təmiz çəkisi – 146,98 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin siyahısı”na daxildir (İ siyahı). Qeyd edilən bioloji kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-146,98 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq-146,93 qramdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 20 fevral 2024-cü il tarixli 302 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 15 yanvar 2024-cü il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxsməlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 146,98 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuananı əldə edib 10 yanvar 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qəsdən qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 146,98 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 10 yanvar 2024-cü il tarixə kimi üzərində daşıyaraq saxlamış, 10 yanvar 2024-cü il tarixdə saat 15:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı rayonunun Mican kəndinin ərazisində, yaşadığı evin yaxınlığından keçən küçədə saxlanılıb İsmayıllı rayon polis şöbəsinə dəvət edilərək orada üzərində şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli gödəkçəsinin qoltuq hissəsində saxlayaraq daşıdığı 1 ədəd sellofan torbada, xeyli miqdarda – 146,98 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsindən alınmış 07 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 26 yanvar 2024-cü il tarixli 249 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun keçmiş Mican kəndində) qeydiyyatda olmaqla orada yaşayır, subaydır, ailə tərkibi özündən və 1952-ci il təvəllüdlü anası X1 ibarətdir, yaşadığı müddət ərzində barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X7 Hüquqi Şəxsindən alınmış 19 yanvar 2024-cü il tarixli 18-1-47/2- 149/2024 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il saat 16:00-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 12 yanvar 2024-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 13:20-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin ediləcək cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10 yanvar 2024-cü il saat 16:00-dan 12 yanvar 2024-cü il saat 13:20-dək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 2(iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonun Mican kəndində) yerləşən evini tərk etməmək, bu müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 146,93 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov
Məhkəmə qərarları › İş №1(037)-33/2024
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-33/2024
09.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver