Məhkəmə qərarları › İş №1(037)-34/2021

İsmayıllı Rayon Məhkəməsi Qərar — İş №1(037)-34/2021

29.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İsmayıllı rayonu İş № 1(037)-34/2021 29.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi iştirakı ilə 29 iyun 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1958-ci ildə Ağsu rayonu Nuran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, məhkum edilməmiş, pensiyaçı, İİ qrup əlil, İsmayıllı şəhəri M.Hüseyn küçəsi ev 20-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası X3 28 aprel 1995-ci il tarixli 298K saylı əmri ilə İsmayıllı Baş Barama Qurutmaxanasının direktoru vəzifəsinə təyin olunmaqla 01 aprel 1999-cu il tarixə kimi həmin vəzifədə işləmiş, 01 aprel 1999-cu il tarixdə İsmayıllı Baş Barama Qurutmaxanası Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən çıxarılaraq keçmiş Dövlət Əmlak Komitəsinin tabeliyinə verildikdən sonra keçmiş Dövlət Əmlak Komitəsi tərəfindən o, Qurutmaxanada heç bir vəzifəyə təyin edilmədiyi, İsmayıllı Baş Barama Qurutmaxanası fəaliyyət göstərmədiyi, işçi heyyəti olmadığı, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəmədiyi halda, 1999-cu ilə kimi Baş Barama Qurutmaxanasında mühasib vəzifəsində işləmiş Şahid ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 1999-2008-ci illərdə İsmayıllı Baş Barama Qurutmaxanasının direktoru kimi özünün, Baş Barama Qurutmaxanasında mühasib işləmiş Şahid, fəhlələr Mehbarə Osmanovanın, Esmira Hüseynovanın, Mədinə Məmmədovanın işlədikləri müddətin sosial sığorta stajına hesablanmasına və həmin sənədlər vasitəsi ilə işlədikləri illərin gələcəkdə sosial sığorta stajına daxil edilməsinə hüquq əldə etməyə nail olmaq üçün guya İsmayıllı Baş Barama Qurutmaxanasının direktoru vəzifəsində işləyərkən tərtib olunmuş, hüquq verən rəsmi sənəd olan 1999-2008-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərini 2015-ci ildə, dəqiq vaxtı müəyyən edilməyən tarixdə tərtib edərək, onların məzmununa özünün və qeyd olunan işçilərin əmək haqqı almaları, Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqları ödəmələri barədə həqiqətə uyğun olmayan yalan məlumatlar daxil edərək həmin cədvəldə imza edib, mühasib qrafalarının qarşısında Şahid da imza etməsinə nail olmaqla, üzərində “Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, İsmayıllı Baş Barama Qurutmaxanası” sözləri olan möhür vurub həmin sənədləri qəsdən istifadə etmək məqsədi ilə qanunsuz hazırlayaraq saxtalaşdırmış, 25 iyun 2019-cu il tarixdə o, özü həmin saxta sənədləri İsmayıllı rayon Dövlət Arxivinə təhvil verərək bilə-bilə saxta sənədlərdən istifadə etmiş, nəticədə X4 təqdim etdiyi saxta sənədlər əsasında Dövlət Arxivinə sorğu verib gələcəkdə təqaüdünün artırılması məqsədi ilə istifadə etmək üçün 03 iyul 2019-cu il tarixli 149 nömrəli 1999-2005-ci illərdə əmək haqqı alması barədə məlumatlar olan arxiv arayışını əldə etmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, 28 aprel 1995-ci il tarixdə X3 əmri ilə İsmayıllı Baş Barama qurutmaxanasında direktor vəzifəsinə təyin edilmişdir. Baş Barama qurutmaxanası 1999cu ilin birinci rübünə kimi Kənd Təsərrüfatı Nazirliyinin idarəçiyliyində olmuşdur. Sonradan isə həmin müəssisə Kənd Təsərrüfatı Nazirliyinin idarəçiliyindən alınıb Əmlak Komitəsinin idarəçiliyinə verilmiş və işlər ixtisara verilmişdir. O, 1999-cu ildə müəssisədə mühasib vəzifəsində işləyən Şahid işdən azad etmişdir. Mühasib işinə ehtiyac olduğu üçün yeni rəhbərliklə şifahi qaydada razılaşaraq Şahid təkrar əmrlə yenidən işə qəbul etmiş və sonuncu mühasib kimi işini davam etdirmişdir. Direktor işlədiyi müddətdə əmək haqqı hesablama cədvəlləri və vergi tutulmaları alıcı təşkilatın verdiyi razılığa əsasən onun tərəfindən tərtib olunmuş, ödənişlər alıcı təşkilat tərəfindən ödənilmişdir. Müəssisə 01 yanvar 2006-ci ilədək Əmlak Komitəsinin İdarəçiliyində fəaliyyət göstərmişdir. 2007-ci ildən sonra işçilərə ehtiyac olmadığı üçün mühasib Şahid və fəhlələr olan Mehbarə Osmanova, Mədinə Məmmədova və Esmira Hüseynovanı əmrlə işdən azad etmişdir. Həmin ərəfələrdə İsmayıllı rayon İcra hakimiyyəti başçısının göstərişi ilə müəssisə binasına məcburi köçkünlər yerləşdirilmiş və onlar bir xeyli müddət orada yaşamışlar. Müəssisənin damı təmir edilmədiyindən içəri yağış və qar suları damış və su oradan binanın otaqlarına sızaraq bütün mühasibatlıq sənədləri yararsız vəziyyətə düşmüşdür. Həmin otaqlarda saxlanılan müəssisə işçilərinin 1999-cu ildən 2008-ci ilədək əmək haqqının hesablanması cədvəlləri yararsız vəziyyətə düşdüyü üçün köhnə sənədlərin əslləri əsasında çox çətinliklə 2015-ci ildə onları oxumuş və hazır blanklarda öz xətti ilə köhnə məlumatları yazaraq həmin sənədləri bərpa etmişdir. Özü də daxil olmaqla ümumilikdə beş nəfər işçinin əmək haqqının hesablanması cədvəllərini tərtib etmiş və qovluq şəklində bütün sənədlərini yığaraq möhürləmişdir. Həmin sənədləri notarial qaydada təsdiq etmək istəmiş, lakin notarius sənədləri təsdiq etməkdən imtina etmişdir. O, iki dəfə həmin sənədləri arxivə vermək istəmiş, lakin sənədlər qaydasında olmadığından arxiv onları təhvil almaqdan imtina etmişdir. 25 iyun 2019-cu il tarixdə o, həmin sənədləri İsmayıllı rayon Dövlət arxivinə verilməsinə nail olmuşdur. O, 2018-ci il tarixdə Şəki İnzibati Məhkəməsinə müraciət edərək 1995-ci ildən 2006-cı ilədək İsmayıllı rayonu Baş Barama Qurutmaxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmiş, məhkəmə qərardad qəbul edərək onun iddiasını qəbul etməmişdir. Qərardaddan Apellyasiya Məhkəməsinə müraciət etmiş və Apellyasiya Məhkəməsi işi yenidən X6 Məhkəməsinə qaytarmışdır. Həmin məhkəmənin müvafiq qərardadı ilə rəhbəri olduğu müəssisədə 1999-2005-ci illərdə işçilərin əmək haqqı alması barədə məlumatları müəssisənin əmək haqqı hesablanması cədvəllərinə daxil etmiş şəxslərin hərəkətləri barədə xüsusi qərardad qəbul edilmişdir. İlkin olaraq İsmayıllı rayon prokurorluğunda aparılmış və sonra isə aidiyyəti üzrə İsmayıllı rayon polis şöbəsinə göndərilmişdir. Hazırda etdiyi əmələ görə peşmandır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Şаhid qismində dindirilmiş X2 əri Təqsirləndirilən şəxsla eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid ifadə verərək göstərdi ki, 1997-ci ilin xatırlamadığı günündə qonşusu Yedulla ilə söhbət edərkən işsiz olduğunu demişdir. Bu vaxt Yedulla ona direktoru olduğu İsmayıllı Baş Barama Qurutmaxanasında mühasib vəzifəsində işləməyi təklif etmişdir. Yedullanın təklifini qəbul etmiş və Yedulla onun mühasib kimi işə qəbul olunması barədə əmr vermişdir. Müəssisədə ondan başqa fəhlələr Mehbarə Osmanova, Mədinə Məmmədova və Esmira Hüseynova da işləmişlər. Qurutmaxana əsasən mövsümi işləmiş, yaz ayından sonra idarəyə barama gətirib diriltmək üçün qoymuşlar. Fəhlələr tərəfindən baramalara qulluq edilmişdir. O, işlədiyi müddətdə İsmayıllı Baş Barama X1 Nazirliyinin idarəçiliyində olmuşdur. Orada işlədiyi 2 il müddət ərzində işçilərin əmək haqqının hesablanması cədvəllərini özü yazmış, ödəniş cədvəllərini də özü tərtib etmişdir. Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə işçilərin sosial sığorta ayrılmaları ilə bağlı hesabatları özü tərtib etmiş və şöbəyə təqdim etmişdir. Müəssisənin gəlir və mənfəət vergisi olmamışdır. 1999-cu ilin xatırlamadığı günündə öz arzusu ilə işdən azad olmuşdur. 1999cu ildə İsmayıllı Baş Barama Qurutmaxanası Əmlak Komitəsinin tabeliyinə keçmiş, həmin vaxtdan qurutmaxana fəaliyyət göstərməmişdir. 2015-ci ilin xatırlamadığı günündə Yedulla yaşadığı evə gələrək arxivə təhvil vermək adı ilə birgə işlədiyi dövrün sənədlərinə imza etməsini xahiş etmişdir. O, sənədlərin tarixinə və məzmununa baxıb oxumadan mühasib sözünün qarşısında imza etmişdir. 2020-ci ilin əvvəlində ona məlum olmuşdur ki, Yedulla arxivə təhvil verdiyi 1999-2008-ci illəri əhatə edən əmək haqqının hesablanması cədvəlləri əsasında Şəki İnzibati Məhkəməsinə İsmayıllı Baş Barama Qurutmaxasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi üçün iddia ərizəsi ilə müraciət etmiş, Şəki İnzibat Məhkəməsi qərardad qəbul edərək sənədlərin saxta olması qənaətinə gələrək xüsusi qərardad qəbul etməklə sənədləri rayon prokurorluğuna göndərmişdir. 1999-2008-ci illəri əhatə edən əmək haqqı hesablanması cədvəllərində, həmçinin 2001-ci il tarixli iyul, iyun aylarına aid əmək haqqı hesablanması cədvəllərində mühasib sözünün qarşısındakı imzaların hamısı onun tərəfindən icra edilmişdir. Yedulla həmin sənədləri ona imzalatdırarkən sənədlərin məzmunu ilə tanış olmamış, arxivə təhvil veriləcəyini düşünərək həmin sənədləri imzalamışdır. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı şahid ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. 11 sentyabr 2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “İsmayıllı rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsi Konsultativ şöbəsi tərəfindən verilmiş 14 sentyabr 2020-ci il tarixli 313 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “narkoloji” və “Ruhi-əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin İsmayıllı rayon filialından alınmış 16 sentyabr 2020-ci il tarixli **********8 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində DSMF pubik hüquqi şəxsin İsmayıllı rayon filialında İİ qrup ümumi səbəbdən əlil olmaqla aylıq pensiya məbləği 233 (iki yüz otuz üç) manat 20 (iyirmi) qəpik təşkil edir. Həmin təşkilat tərəfindən verilmiş 10 iyun 2020-ci il tarixli **********0 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs şöbənin 09 sentyabr 1994-cü il tarixli 207 saylı qərarı ilə İİ qrup əlilliyə görə əmək pensiyası təyin olunmuş, sonuncu 03 may 2016-cı il tarixdə şöbəyə ərizə ilə müraciət edərək pensiyasını İsmayıllı Baş Barama Qurutmaxanasındakı iş stajına görə yenidən hesablanmasını xahiş etmişdir. Pensiya 10 may 2016-cı il tarixdə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının 17 may 2011-ci il tarixli 128-İVHD nömrəli Qanununa uyğun qaydada yenidən hesablanarkən Təqsirləndirilən şəxs Baş Barama Qurutmaxanasının fəaliyyətdə olduğu 01 aprel 1999-cu il tarixədək olan iş stajı, ümumi iş stajının tərkibində nəzərə alınmaqla 21 il 11 ay 5 gün sığorta stajına görə baza hissə 85 manat, sığorta hissə 42 manat 54 qəpik olmaqla, ümumilikdə 127 manat 54 qəpik pensiya təyin olunmuşdur. 01 aprel 1999-cu il tarixdən sonrakı dövrün sığorta stajının nəzərə alınmamasının səbəbləri barədə Təqsirləndirilən şəxs müvafiq izahat verilmişdir. Təqsirləndirilən şəxs 01 iyun 2018-ci il tarixdə şöbəyə ərizə ilə müraciət edərək pensiyanın 1995-2016-cı illərdə İsmayıllı Baş Barama Qurutmaxanasındakı iş stajına görə yenidən hesablanmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs müraciətinə şöbənin pensiya təyin edilən komissiyanın 4 iyun 2018-ci il tarixdə keçirilən iclasında baxılaraq yuxarıda qeyd olunmuş əsaslarla pensiyanın yenidən haqq-hesab edilməsindən imtina edilmişdir. 1 aprel 1999-cu il tarixdən 12 yanvar 2003-cü il tarixədək olan dövrdə İsmayıllı Baş Barama Qurutmaxanası tərəfindən əmək haqqı və sosial sığorta ayırmaları hesablanmamış, boş hesabatlar təqdim edilmişdir. 2003- 2008-ci illər üçün müəssisə tərəfindən Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə hesabat təqdim edilməmişdir. Sənədlərin texniki ekspertizasının 4 mart 2020-ci il tarixli 3104 nömrəli rəyindən görünür ki, tədqiq olunan 1999-2008-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərində olan çap mətnlərinin icra olunmasında istifadə olunan rəngləyici maddələr kimyəvi tərkiblərinə görə printerlərdə istifadə olunan eyni rəngləyici maddələrə aiddirlər. Tədqiq olunan həmin əmək haqqının hesablanması cədvəllərində olan bütün əlyazıları və imzalar rəngləyici maddələrinin kimyəvi tərkiblərinə görə öz aralarında eyni diyircəkli qələmlə icra olunmuşdurlar. Tədqiq olunan həmin əmək haqqının hesablanması cədvəllərinin hər səhifəsində dairəvi möhür əkslərinin boyasının rəngləyici maddələri kimyəvi tərkiblərinə görə eyni ştempel boyalarına aiddirlər. Tədqiq olunan 1999-2008-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərinin hər qovluğu ilə ixtiyarı bir vərəqəsinin kağızları 1 m2-düşən çəkilərinə görə öz aralarında fərqlənirlər. Rəyin tədqiqi hissəsinin 3cü bəndində göstərilən səbəblərə görə təqim olunan 1999-2008-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərindəki əlyazılarının, çap mətninin və möhür əkslərinin icra olunma tarixini, habelə kağız məmulatlarının istehsal olunma tarixini müəyyən etmək mümkün olmamışdır. Məhkəmə-xətşünaslıq ekspertizasının 14 yanvar 2021-ci il tarixli 4/18 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, 1999-cu il tarixli oktyabr, sentyabr, avqust ayları üzrə “əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “direktor” qrafalarında olan imzalar; 2000-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” və “direktor” qrafalarında olan imzalar; 2001-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” qrafalarında olan imzalar; 2002-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” qrafalarında olan imzalar; 2003-ci il tarixli avqust, iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəllərin”də olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” qrafalarında olan imzalar; 2004-cü il tarixli sentyabr, avqust, iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Direktor” və “Rəhbər” qrafalarında olan imzalar; 2005-ci il tarixli iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Direktor” və “Rəhbər” qrafalarında olan imzalar; 2006-cı il tarixli avqust, iyul ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” qrafalarında olan imzalar; 2007-ci il tarixli iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” qrafalarında olan imzalar; 2008-ci il tarixli iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Rəhbər” və “direktor” qrafalarında olan imzalar Yedulla Təqsirləndirilən şəxs tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 1999-cu il tarixli oktyabr, sentyabr, avqust ayları üzrə “əmək haqqının hesablanması cədvəlləri”ndə olan əlyazmalar və həmin cədvəllərin aşağı hissələrində “Mühasib” qrafalarında olan imzalar; 2000-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasibi“və “mühasib” qrafalarında olan imzalar, 2001-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasib” qrafalarında olan imzalar; 2002-ci il tarixli sentyabr, avqust, iyul, iyun, may, yanvar ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasib” qrafalarında olan imzalar; 2003-ci il tarixli avqust, iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasib” qrafalarında olan imzalar; 2004-cü il tarixli sentyabr, avqust, iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində Mühasibi“və “Mühasib” qrafalarında olan imzalar,2005-ci il tarixli iyul, iyun, may ayları üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasib” qrafalarında olan imzalar, 2006-ci il tarixli iyul ayı üzrə “Əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissəsində “Mühasibi” qrafasında olan imza Şahid tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim olunmuş, 2001-ci il tarixli iyul, iyun ayları üzrə “əmək haqqının hesablanması cədvəlləri”nin aşağı hissələrində “Mühasibi“ qrafalarında olan imzalar Şahid tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 132 (bir yüz otuz iki) manat təşkil edir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi tərəfindən verilmiş 23 fevral 2021-ci il tarixli 05/10-0823-214 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirliyinin 28 aprel 1995-ci il tarixli 298K nömrəli əmrinə əsasən İsmayıllı rayonu Baş Barama Qurutmaxanasının direktoru vəzifəsinə təyin edilmişdir. Nazirliyin 2020-ci il tarixinədək olan əsas fəaliyyət üzrə əmrləri mühafizə olunması üçün Milli Arxiv idarəsinə təhvil verilmişdir. Bu səbəbdən Təqsirləndirilən şəxs İsmayıllı rayonu Baş Barama Qurutmaxanasının direktoru vəzifəsindən azad olunması ilə bağlı məlumatın təqdim olunması qeyri mümkündür. İsmayıllı rayon Baş Barama Qurutmaxanasının fəaliyyəti və digər müvafiq məlumatlarla bağlı Azərbaycan Respublikasının Milli Arxiv İdarəsinə müraciət edilməsi göstərilmişdir. 28 aprel 1995-ci il tarixli 298 K nömrəli əmrin surətindən görünür k, Təqsirləndirilən şəxs 28 aprel 1995-ci il tarixdən İsmayıllı rayonu Baş Barama Qurutmaxanasının direktoru vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 12 fevral 2021-ci il tarixli **********16 nömrəli arayışdan görünür ki, İsmayıllı Baş Barama Qurutmaxanası özəlləşdirilən müəssisə və obyektlər qrupuna aid olmaqla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən keçmiş Dövlət Əmlak Komitəsinin tabeliyinə qəbul edilmiş və 01 noyabr 2016-cı il tarixində özəlləşdirilərək dislokasiyadan çıxarılmışdır. Obyekt tabeliyə qəbul edilən vaxtdan fəaliyyət göstərməmiş və işçi heyəti olmamışdır. Azəbaycan Respublikasının Milli Arxiv idarəsinin Dövlət Arxivi tərəfindən verilmiş 1 mart 2021-ci il tarixli DA-00266-2021nömrəli arayışdan görünür ki, “Azərbaycan Respublikası Kənd Təsərrüfatı nazirliyi” arxiv fondunda mühafizə edilən 1995-1999-cu illərə dair Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin əsas fəaliyyəti üzrə əmr kitablarında Təqsirləndirilən şəxs İsmayıllı rayonu Baş Barama Qurutmaxanasının direktoru vəzifəsindən azad olunması, dairəvi möhürün Təqsirləndirilən şəxs təhvil alınması və həmin qurutmaxananın fəaliyyətinin ləğv edilməsi barədə heç bir məlumat aşkar edilməmişdir. 18 mart 1982-ci il tarixli İT-0541630 nömrəli əmək kitabçasının surətindən görünür ki, Təqsirləndirilən şəxs Kənd Təsərrüfatı Nazirliyinin 28.04.1995-ci il tarixli 298K nömrəli əmri ilə İsmayıllı rayonu Baş Barama Qurutmaxanasının direktoru vəzifəsində təyin edilmiş, 14 dekabr 2016-cı il tarixdə 1 noyabr 2016-cı il hərracında Barama Qurutmaxanası özəlləşdirildiyi üçün özü öz xətti ilə direktor vəzifəsindən azad edilməsi barədə qeyd yazmışdır. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş 17 mart 2021-ci il tarixli **********60 nömrəli məktubdan görünür ki, “İsmayıllı Baş Barama Qurutmaxanası” özəlləşdirilən müəssisə və obyektlər qrupuna aid olmaqla Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindən 1999-cü ildə keçmiş Dövlət Əmlak Komitəsinin tabeliyinə qəbul edilmiş və 01 noyabr 2016-cı il tarixində özəlləşdirilərək dislokasiyadan çıxarılmışdır. Obyekt tabeliyə qəbul edilən vaxtdan fəaliyyət göstərməmiş və işçi heyəti olmamışdır. Təqsirləndirilən şəxs direktor və ya digər hər hansı vəzifədə işləməmişdir, keçmiş Dövlət Əmlak Komitəsi tərəfindən Təqsirləndirilən şəxs Baş Barama Qurutmaxanasının direktor və ya sair vəzifəyə təyin olunması, yaxud belə funksiyaları yerinə yetirməsi ilə bağlı əmr və ya qərar verilməmişdir. Şəki İnzibati Məhkəməsinin 19 may 2020-ci il tarixli 2-1(116)-50/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun İsmayıllı rayon şöbəsinə qarşı “1995-ci ildən 01 yanvar 2006-cı ilədək İsmayıllı rayonunun Baş Barama Qurutmaxanasında işlədiyi illərin sosial sığorta stajına daxil edilməsi və pensiya hüququnun yarandığı tarixdən hazırkı vaxtadək olan fərqin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası geri götürülmüş sayılmış və icraata xitam verilmişdir. Şəki İnzibati Məhkəməsinin 19 may 2020-ci il tarixli 2-1(116)-50/2020 nömrəli qərardadından görünür ki, iddiaçı Təqsirləndirilən şəxs İsmayıllı Baş Barama Qurutmaxanasında 1999-2005-ci illərdə əmək haqqı alması barədə məlumatları həmin müəssisənin əmək haqqı hesablanması cədvəllərinə daxil etmiş şəxslərin hərəkətlərində cinayət əlamətlərinin aşkara çıxarılması barədə xüsusi qərardad çıxarılmaqla İsmayıllı rayon prokurorluğuna xəbər verilməsi qərara alınmışdır. Müstəntiqin sübutların qiymətləndirilməsi haqqında 17 mart 2021-ci il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası 313, 162-1 və 294.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkib əlamətləri olmadığından, barəsində həmin maddələrlə cinayət təqibin başlanması rədd edilmiş, cinayət işindən müvafiq materiallar ayrıca icraata ayrılaraq saxlanılması üçün İsmayıllı rayon prokurorluğuna göndərilmiş, Şahid barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə cinayət təqibinin başlanması cinayət məsuliyyətinə cəlb etmə müddətinin keçməsi əsası ilə rədd edilmişdir. Müstəntiqin 26 dekabr 2020-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. 12 mart 2021-ci il tarixli 727 nömrəli arayışdan və xasiyyətnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.Hüseyn küçəsi ev 20-də qeydiyyatda olmaqla həmin ünvanda yaşayır. Ailə tərkibi özündən, arvadı X2 və 1985 və 1990-cı il təvəllüdlü uşaqları Ülviyyə və Tofiqdən ibarətdir. Yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Məhkəmə prosesində müəyyən edidi ki, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, törətdiyi cinayət əməlini səmimi etiraf edib özünü tam təqsirli bilməklə əməlindən səmimi peşman olmuşdur. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə hesab edir ki, cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsi barədə təqsirləndirilən şəxsin vəsatəti təmin edilməlidir. Belə ki, saxta sənəddən istifadə etmək dedikdə saxta rəsmi sənədin onun saxta olduğunu qabaqcadan bilən şəxs tərəfindən hər hansı bir hüquq (üstünlük, güzəşt, imtiyaz) əldə etmək məqsədi ilə dövlət orqanlarına və onların vəzifəli şəxslərinə təqdim olunması başa düşülür. Bilə-bilə saxta sənədlərdən istifadə edildiyi andan cinayət başa çatmış hesab olunur. Bilə-bilə saxta sənədlərdən istifadə etmə cinayətinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti həmin sənəddən istifadə olunduğu (onun təqdim edildiyi) andan başlayaraq hesablanır. Rəsmi sənədi saxtalaşdırmış şəxs gələcəkdə ondan istifadə edərsə, onun əməli yalnız CM-nin 320.1-ci maddəsi ilə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1–ci maddəsində göstərilən ardıcıllığa uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad ediməsi üçün əsaslar vardır, belə ki, Təqsirləndirilən şəxs 2005-ci ildə bilə-bilə rəsmi sənədlərə təhrif olunmuş məlumatları daxil etmiş, yəni sənədləri saxtalaşdırmış və həmin sənədlərdən 25.06.2019-cu il tarixdə istifadə edərək dövlət orqanı hesab edilən İsmayıllı rayon Dövlət Arxivinə təqdim etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilindiyi cinayət əməlinə görə barəsində olan cinayət işinə xitam verilməlidir. Belə ki, məhkəmə istintaqında sübuta yetirilmiş cinayət əməlinə görə Təqsirləndirilən şəxs İsmayıllı Baş Barama Qurutmaxanasında heç bir vəzifəyə təyin edilmədiyi, qurutmaxanası fəaliyyət göstərmədiyi, işçi heyyəti olmadığı, o cümlədən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna sosial sığorta haqqı ödəmədiyi halda, vaxtilə müəssisədə mühasib işləmiş Şahidla qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib 1999-2008-ci illərdə özünün və müəssisənin digər işçilərinin işlədikləri müddətin sosial sığorta stajına hesablanmasına və həmin sənədlər vasitəsi ilə işlədikləri illərin gələcəkdə sosial sığorta stajına daxil edilməsinə hüquq əldə etməyə nail olmaq üçün 1999-2008-ci illər üzrə əmək haqqının hesablanması cədvəllərini 2015-ci ildə dəqiq vaxtı müəyyən edilməyən tarixdə tərtib etməklə həmin sənədlərin məzmununa yalan məlumatlar daxil edərək imzalamışlar. Təqsirləndirilən şəxs həmin sənədləri qəsdən saxtalaşdırmaqla 25 iyun 2019-cu il tarixdə həmin saxta sənədləri İsmayıllı rayon Dövlət Arxivinə təhvil verərək bilə-bilə saxta sənədlərdən istifadə etmiş və ona gələcəkdə təqaüdünün artırılması hüququ verən 1999-2005-ci illərdə əmək haqqı alması barədə məlumatlar olan arxiv arayışını əldə etmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli bilə-bilə saxta sənədlərdən istifadə etdiyi 26 iyun 2019-cu il tarixdə başa çatmışdır. Hazırki vaxtadək, yəni 29 iyun 2021-ci il tarixdə həmin cinayətin törədilməsindən artıq 2 ildən artıq müddət keçmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə, şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Həmin Məcəllənin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Şəxs yeni cinayət törətdikdə, hər bir cinayətə görə müddət müstəqil hesablanır. Azərbaycan Respublikası CPM-nin 39.1.3–cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.3–cü maddəsinə əsasən cinayət törətmiş şəxs istintaqdan və ya məhkəmədən gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxs tutulduğu və ya könüllü gəlib təqsirini boynuna aldığı vaxtdan bərpa olunur. Məhkəmə müddətin keçməsi ilə bağlı cinayət məsuliyyətindən azad etməni tətbiq edərkən, cinayət təqibi üzrə toplanmış məhkəmə istintaqında tədqiq edilmiş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs hərəkətlərində cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılmasını istisna edən hallar, yəni cinayət törətmiş şəxsin istintaqdan və ya məhkəmədən gizlənməsinə görə müddətin axımının dayandırılması müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsini, həmin cinayətin 25.06.2019-cu il tarixdə bitməsini, cinayət törətdikdən sonra istintaqdan və ya məhkəmədən qaçıb gizlənməməsini, cinayət işinin icraatına xitam verilməsinə razılıq verməsini nəzərə alaraq belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini təqsirli olaraq törətsə də, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyinə görə o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində cinayət işinin icraatına xitam verilməlidir. Dövlət ittihamçısı qanunun göstərilən normasına əsaslanaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinib, həmin Məcəllənin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini təklif etdi. Məhkəmə hesab edir ki, iş materialları əsasında məhkəmə tərəfindən müəyyən olunmuş hallar sadalanan qanunvericilik aktlarında göstərilən əsasları ehtiva edir və bu əsasla da cinayət işinin icraatına xitam verilməsi mümkündür. Odur ki, məhkəmə hazırki cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində cinayət işinin icraatına xitam verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə ekspertiza xərci olan 132 (bir yüz otuz iki) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilmlidir. İş üzrə maddi sübut yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 346, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci maddəsi ilə təqsirli bilinsin və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə barəsində olan cinayət işi üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə ekspertiza xərci olan 132 (bir yüz otuz iki) manat qərar qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu-142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab-AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi-VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərar apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar