Məhkəmə qərarları › İş №1(037)-34/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-34/2023

25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-34/2023 25.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs iştirakı ilə 25 may 2023-cü il tarixdə saat 17:47-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1969-cu ildə Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum edilmiş, məhkumluğu ödənilmiş, işsiz, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Qarabağ qəsəbəsində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayılı rayon Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsində sahə nəzarətçisi vəzifəsində işləməklə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs öz xidməti vəzifələrinin icrası ilə əlaqədar İsmayıllı şəhərinin Qarabağ qəsəbəsinin ərazisində onun anası X1 icarəyə götürdüyü torpaq sahəsinə dair icarə müqaviləsinin surətini təqdim etməsini tələb etməsi səbəbindən həmin torpaq sahəsinin onların əlindən alınacağını düşünüb əsəbiləşərək 08 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Qarabağ qəsəbəsində yerləşən xidməti iş otağına gəlib sonuncu ilə iş otağında və binanın həyətində bu zəmində mübahisə etmiş, Zərərçəkmiş şəxs ona icarə müqaviləsinin surətinin xidməti zərurətlə bağlı istənildiyini izah etməsinə baxmayaraq, o, buna inanmayıb mübahisə zəminində Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar üz nahiyəsindən qəsdən yumruqla vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burnun qanaxması və burun tənəffüsünün pozulması ilə müşayiət olunan üst çənə sümüyünün qapalı sınığı, sol gözaltı nahiyənin, burun belinin və ağzın selikli qişasının qançırları kimi həyatı üçün təhlükəli olmayan və Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxsona qarşı elan olunmuş ittiham üzrə özünü təqsirli bildi və məhkəmə istintaqı zamanı ifadəsində göstərdi ki, o, Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə məcburi köçkün olaraq İsmayıllı şəhərinin Qarabağ qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxsla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin İsmayıllı rayon Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsində nəzarətçisi vəzifəsində çalışır. 08 dekabr 2023-cü il tarixdə saat 15 radələrində yaşadığı evdə olarkən qəsəbə sakini Nadir ona zəng edərək Zərərçəkmiş şəxs onda olan torpaq sahəsinə dair icarə müqaviləsinin surətini istədiyini bildirmişdir. Həmin torpaq sahəsi yaşadığı Qarabağ qəsəbəsində yerləşməklə sahəyə dair müqavilə anası X1 adına olmuşdur. O, Rasimə zəng edərək hansı səbəbə icarə müqaviləsinin surətini istədiyini soruşmuşdur. Onun bu sözündən sonra, Rasim telefonda ona hansı səbəbdən sənədin surətini istədiyi barəsində izahat vermədən kobud formada danışmağa başlamış, torpağın ona aidiyyətinin olmadığını demiş və ondan iş yerinə gəlməyini istəmişdir. X12 yerləşdiyi inzibati binanın yanında yerləşdiyi üçün Rasimin iş yerinə getmişdir. Bu zaman Rasim otağında olmuş, o otağa girən kimi Rasim ona “sizlər çirkli beyinsiniz” deyərək onu təhqir etmişdir. Rasim daha sonra ondan oturmağı tələb etmiş, o isə oturmayacağını demişdir. Rasim ona “siz mənə xox edə bilməzsiniz, sizin başınıza oyun açaram” demiş, o, Rasimin bu sözündən əsəbləşdiyi üçün “mənim başıma heç kim oyun aça bilməz” deyərək cavab qaytarmış və otaqdan çıxmışdır. Rasim də onun arxasınca otaqdan çıxmış, dalınca gələrək ondan dayanmağını tələb etmişdir. O, Rasimin sözünə məhəl qoymayaraq nümayəndəliyin çöl qapısından çıxmışdır. Bu zaman nümayəndəliyin əməkdaşı olan Şəmil qapının ağzında onu dayandırmış və narahat olmamağını xahiş etmişdir. Şəmillə söhbət edən zaman Rasim onların yanına gəlmiş və onların yanına çatan kimi onu təhqir edərək ona “bu qədər düşüncəsiz insan olmaz” demişdir. O, yenə də Rasimə fikir verməmiş və lazımi sənədlərin surətini verəcəyini demişdir. Bundan sonra o, getmək istədikdə Rasim ona barmağını uzadaraq kobud formada onu təhqir etmiş və başına oyun açacağını bildirmişdir. O, Rasimin bütün bu təhqirlərindən əsəbləşərək özünü cilovlaya bilməmiş və bir dəfə sağ əli ilə Rasimin üzünün sol tərəfindən yumruq zərbəsi vurmuşdur. Rasim zərbənin təsirindən yerə yıxılmış, onların yanında olan Şəmil və mübahisə səslərinə kənardan ora gələn Kərim Rasimi ayağa qaldırmışlar. O, Rasimə heç nə demədən həmin yerdən çıxıb getmişdir. Rasim onu son dərəcədə əsəbiləşdirdiyi üçün sonuncuya neçə zərbə vurmağını xatırlamır. Aralarındakı mübahisə beş dəqiqə davam etmiş, mübahisə zamanı sərxoş vəziyyətdə olmamışdır. O, Rasimi vurandan sonra sonuncu yerə yıxılmış, Kərim Rasimin yanına gəlmiş və onu ayağa qaldırmışdır. Kərimin onun Rasimi vurduğunu gördüyünü dəqiq bilmir. Sonradan törətdiyi cinayət əməlindən peşman olmuşdur. Zərərçəkmiş şəxsla barışıq əldə etmişdir. Ailəsində ondan başqa işləyib gəlir əldə edən şəxs yoxdur. Onun qardaşı X6 1993-cü ildə Azərbayacan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. Qeyd etdiyi halları nəzərə almaqla ona həbslə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, o, İsmayıllı rayonunun Kürdmaşı kəndində qeydiyyatda olmaqla ailəsi ilə birgə həmin ünvanda yaşayır. 10 oktyabr 2022-ci il tarixdən Azərbaycan Respublikası Qaçqınların və X7 Üzrə Dövlət Komitəsinin X9 şəhər 45 saylı Qarabağ Qaçqın şəhərciyi nümayəndəliyinin sahə rəisi vəzifəsində çalışır. Əsas vəzifəsi ərazisində olan 45 məcburi köçkün ailəsinin məişət problemlərini həll etmək, həmin sakinlərə maddi yardım göstərilmək, habelə rəhbərlik tərəfindən verilmiş göstərişləri həyata keçirməkdir. Həmçinin, sahə nəzarətçisi olaraq mövcud texniki normalara uyğun yaşayış və qeyri-yaşayış sahələrinin istismarını təmin etmək, rəhbərliyin göstərişinə əsasən yaşayış və qeyri-yaşayış sahələrinin rəhbərliklə vətəndaşlar arasında bağlanılmış müqavilələrini tələb etmək və digər vəzifələri vardır. Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Aralarında normal münasibət olmuşdur. Hər il olduğu kimi ilin sonu olduğuna görə qəsəbə ərazisində icarədə olan torpaqların sənədlərinin surətini komitəyə göndərilir. Ümumilikdə Komitə tərəfindən qəsəbədə yaşayan altı şəxslə icarə müqaviləsi bağlanmışdır. O, həmin müqavilələrin surətlərini komitəyə göndərməli olmuşdur. İcarəçilərdən beş nəfər müqavilənin surətini gətirib ona təqdim etmişdir. Əbilin anasının adına bağlanmış icarə müqaviləsinin surəti onda olmadığına görə 08 dekabr 2022-ci il tarixdə saat 15 radələrində nümayəndəliyin əməkdaşı X14 icarə müqaviləsinin surətini təqdim etməsini xahiş etmişdir. Bir qədər sonra Əbil özü ona zəng edərək, həmin sənədlərin surətinin nə üçün lazım olduğunu soruşmuşdur. O Əbilə müqavilənin surətinin hansı səbəbdən lazım olduğunu izah etmişdir. Lakin Əbil onu düzgün başa düşməmiş və guya onun əlindən torpağını almaq istədiyini deyərək telefonda onunla mübahisə etməyə başlamışdır. Əbil ona qarşı bir neçə dəfə təhqiredici ifadə işlətmiş və telefonu söndürmüşdür. Əbilin yaşadığı ev nümayəndəliyə yaxın yerdə yerləşdiyindən bir neçə dəqiqə sonra Əbil özü onun çalışdığı nümayəndəliyə gəlmişdir. O, nümayəndəliyə gələn kimi mübahisəni davam etdirməyə başlamışdır. O, Əbilə məsələni düzgün başa düşmədiyini, onun əlindən torpağını heç kimin almaq istəmədiyini bildirsə də, Əbil yenə də onun və dövlət qurumların ünvanına təhqiredici ifadələr işlətməyə davam etmişdir. O, bundan sonra Əbili etikadan kənara çıxmamağa və danışdığı ifadələrinə fikir verməyə dəvət etmişdir. Onun bu sözündən sonra Əbil üzərinə gələrək ünvanına nalayiq ifadələr işlədərək ona toxunmadan otaqdan çıxmışdır. O Əbili çağırsa da Əbil məhəl qoymamış və binadan çıxmışdır. O, Əbilin arxasınca nümayəndəliyin binasından həyətə çıxmışdır. Bu zaman nümayəndəliyin həyətindən kənarda Şamil və nümayəndəliyin yaxınlıqda yaşayan Kərim adlı şəxslər olmuşdur. O, Əbilə yenidən sənədlərin surətini gətirməsini xahiş etmişdir. Əbil bu zaman nümayəndəliyin həyətyanı sahəsinə giriş qapısının önündə qəflətən onun üzünün sol tərəfindən iki dəfə yumruq zərbəsi vurmuşdur. Birinci vurduğu yumruq zərbəsi çox güclü olduğu üçün zərbənin təsirindən o, huşunu itirib yerə yıxılmışdır. Bundan bir neçə dəqiqə sonra özünə gəlmiş və Şamilin köməkliyi ilə iş otağına qayıtmışdır. Zərbədən sonra burnundan qan açılmışdır. Xidməti otağından Azərbaycan Respublikası DİN-in “102” xidmətinə zəng edərək, Əbilin onu döyməsi barəsində məlumat vermişdir. Sonradan Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olduğunu bildirərək ondan üzr istəmiş, ona vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayəti və tələbi yoxdur. İfadəsində göstərdiyi halları nəzərə alaraq təqsirləndirilən şəxsə azadlıqdan mərhumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Şahid2 ifadə verərək göstərdi ki, Ağdam rayonunun Mərzili kəndində qeydiyyatda olmaqla 2013-cü ildən ailəsi ilə birgə İsmayıllı rayonunun Qarabağ qəsəbəsində yaşayır. Kənd sakinləri çox vaxt ona Şəmil, Şamil və Şəmi deyirlər. Zərərçəkmiş şəxs hal-hazırda yaşadıqları 45 saylı Qarabağ qaçqın şəhərciyi nümayəndəliyində sahə nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs onunla eyni vaxtda İsmayıllı rayonunun Qarabağ qəsəbəsində məskunlaşmışdır. Onu qonşu kimi yaxşı bir insan olaraq tanıyır. Əbillə aralarında heç bir düşmənçilik və ədavət olmamış, münasibətləri normal olmuşdur. 08 dekabr 2022-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs onu idarəyə çağırmış və Əbilə zəng edərək, torpağın icarə müqaviləsini gətirməsini deməyini xahiş etmişdir. Əbilin mobil nömrəsi onda olmadığından Əbilin qonşusu Nadirə zəng edərək Rasim müəllimin dediklərini Əbilə çatdırmağını xahiş etmişdir. Bir neçə dəqiqə sonra Nadir ona zəng edərək Əbilə dediyini bildirmişdir. Yarım saatdan sonra qonşusu Kərimlə birlikdə qəsəbənin mərkəzinə tərəf gedərkən Əbilin idarənin həyətinə giriş qapısının çöl tərəfində dayandığını görmüşlər. Zərərçəkmiş şəxs inzibati binanın giriş qapısının qarşısından “o, müqaviləni gətir, şəklini çəkim göndərim” demiş, Əbil də cavab olaraq,- “ay müəllim, sənədin kötüyü baş idarədə var, nə üçün tez-tez bu müqavilənin surətini istəyirlər” demişdir. O, Əbiliə yaxınlaşmış “narahat olma, gətir həmin müqavilənin şəklini çəksin, mən qaytaracam” sözlərini demişdir. Onlar Kərimlə birlikdə dayanacağa tərəf getdikləri vaxt inzibati binanın qapısı yanından səs gəldiyini eşitmiş, arxaya baxdıqda Zərərçəkmiş şəxs həmin qapının qarşısında yerə oturduğunu görmüşdür. Dərhal Rasimin yanına yaxınlaşıb onun qalxmasına kömək etmiş və onu inzibati binaya tərəf aparmışdır. Əbilin isə evinə tərəf getdiyini görmüşlər. Bir müddət sonra polis əməkdaşları hadisə yerinə gəlmişlər. O, Əbilin Rasimi vurduğu anı görməmişdir. Mübahisə səsini eşidən zaman Rasim tərəfə baxmış və Rasimin yerdə oturduğunu görmüşdür. O da dərhal Rasimin yanına yaxınlaşıb onun qalxmasına kömək etmiş və onu inzibati binaya tərəf aparmışdır. Əbilin Rasimi yumruqla və yaxud digər küt əşya ilə vurduğunu görməmişdir. Şahid1 ifadə verərək göstərdi ki, Fizuli rayonunun Üçbulaq kəndində qeydiyyatda olmaqla 2013-cü il tarixdən ailəsi ilə birgə İsmayıllı rayonunun Qarabağ qəsəbəsində yaşayır. Zərərçəkmiş şəxs əvvəlcədən müəlim kimi tanımış, onunla münasibətləri normal olmuş, aralarında düşmənçilik və ədavət olmamışdır. Zərərçəkmiş şəxs hal-hazırda yaşadıqları 45 saylı Qarabağ qaçqın şəhərciyi nümayəndəliyində sahə nəzarətçisi işləyir. Təqsirləndirilən şəxs isə on ildir ki, tanıyır. Əbil də 2013-cü ildən İsmayıllı rayonunun Qarabağ qəsəbəsində məskunlaşmışdır. O, Əbili qonşu kimi tanıyır. Əbillə aralarında düşmənçilik və ədavət yoxdur, münasibətləri həmişə normal olmuşdur. O, 08 dekabr 2022ci il tarixdə saat 15 radələrində yaşadığı qəsəbənin mərkəzinə tərəf gedərkən qonşusu Şəmsəddin də ona qoşulmuşdur. Bu zaman Əbilin idarənin həyətinə giriş qapısının çöl tərəfində körpünün üstündə dayandığını görmüşlər. Zərərçəkmiş şəxs inzibati binanın giriş qapısının qarşısından Əbilə nəyisə gətirməli olduğunu dediyini eşitmişdir. Əbilin isə Rasimə nə dediyini eşitməmişdir. Zərərçəkmiş şəxs inzibati binanın həyətinə giriş qapısında dayanmış, bu zaman Əbil ona yaxınlaşaraq əlini cibindən çıxararaq iki dəfə Rasimin sifət nahiyyəsindən yumruqla vurmuşdur. Rasim zərbələrin təsirindən yerə yıxılmış, Əbil isə heç nə demədən oradan uzaqlaşmışdır. Həmin vaxt ondan bir qədər qabaqda olan Şəmsəddin də mübahisə səslərini eşidərək dərhal geri qayıtmış, onlar birlikdə Rasimin ayağa qalxmağına kömək etmiş və onu inzibati binaya tərəf aparmışlar. Əbilin Rasimi hansı səbəbdən vurmasını bilməmişdir. Hadisə baş verən vaxt orada onunla Şəmsəddindən başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxsla Təqsirləndirilən şəxs arasında baş verən mübahisənin nə qədər müddətə davam etməsini bilməmiş, ümumiyyətlə mübahisə səslərini eşitməmiş, ancaq Əbilin Rasimi vurduğunu görmüşdür. Əbilin əlində hər hansı bir əşya və ya alət olduğunu görməmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, “Hadisə yerinə baxış keçirilməsi haqqında” 15 dekabr 2022-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə İsmayıllı rayonu Qarabağ qəsəbəsində yerləşən AR Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Kommunal İstismarı Sahəsinin inzibati binasına Zərərçəkmiş şəxs və hal şahidlərinin iştirakı ilə İsmayıllı RPŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən baxış keçirilmişdir. Baxış zamanı Zərərçəkmiş şəxs binada yerləşən xidməti otağını göstərərək Təqsirləndirilən şəxs birinci dəfə onu xidməti otağında əyləşdiyi yerdə vurduğunu bildirmişdir. İnzibati bina 4 otaqdan: nəzarətçi otağı, tibbi yardım otağı, köməkçi otaqlardan ibarətdir. Zərərçəkmiş şəxs xidməti otağına baxış zamanı otağın qapısının plastik materialdan ağ rəngli olduğu, otaqda stol, stul və portiretlərin, stolun üstündə komputer və dəftərləri olduğu müşahidə edilmişdir. Otaqda əmlak xarakterli maddi ziyan vurulmasına dəlalət edən dağıtma, sındırma və zədələmə kimi əlamətlər aşkar edilməmişdir. Baxış zamanı R.X8 giriş hissəsini göstərərək, Təqsirləndirilən şəxs onu vurduğunu göstərmişdir. Giriş hissəsində qapının dəmir çərçivəli, tək taylı qapı olduğu müşahidə edilmişdir. Yer asfalt örtüklüdür. Məhkəmə-tibbi ekspertizasının 28 dekabr 2022-ci il tarixli 670 nömrəli rəyindən gösünür ki, Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər - qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burnun qanaxması və burun tənəffüsünün pozulması ilə müşayiət olunan üst çənə sümüyünün qapalı sınığı, sol gözaltı nahiyənin, burun belinin və ağzın selikli qişasının qançırları bərk küt əşya (alət) təsirindən törənmişdir, qərarın təsviri hissədində göstərilən 08 dekabr 2022-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. Qeyd edilən xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarət müxtəlif şəraitdə, eləcə də Zərərçəkmiş şəxs göstərdiyi şəraitdə törənə bilərdi. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentindən verilmiş arayışdan görünür ki, Zərərçəkmiş şəxs 10 oktyabr 2022-ci il tarixdən həmin Departamentinin Şirvan şəhər və İsmayılı rayon Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsində sahə nəzarətçisi vəzifəsində işləyir və aylıq əmək haqqı 383 manatdır. Şirvan şəhər və İsmayılı rayon Mənzil Kommunal İstismar Sahəsindən daxil olmuş 13 mart 2023-cü il tarixli 19 nömrəli məktubdan görünür ki, həqiqətən də 08 dekabr 2022 ci il tarixində verilmiş göstərişə əsasən İsmayıllı rayonu 45 saylı məcburi köçkün şəhərciyinin MKİS-nin sahə nəzarətçisi Zərərçəkmiş şəxs vəzifə öhdəliklərini yerinə yetirən zaman hadisə baş vermişdir. Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departametində işləyən Sahə nəzarətçiləri məcburi köçkünlərdən yaşayış sahələrinin və qeyri yaşayış sahələrinin müqaviləsinin əslini və surətini tələb etməsi onların vəzifə səlahiyyətinə aiddir. Müstəntiqin sübutların qiymətləndirilməsi haqında 01 aprel 2023-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin tərkib əlaməti olmadığından həmin xüsusatlar üzrə barəsində cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etməsi, habelə zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar həyatı üçün təhlükəli olmayan və Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərər vurması və onun əməlində həmin cinayətlərin tərkibinin olması tam sübuta yetirilmişdir. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş digər sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin Şirvan şəhər və İsmayılı rayon Mənzil Kommunal İstismar Sahəsinin İsmayıllı rayon sahəsində sahə nəzarətçisi vəzifəsində işləməklə hakimiyyət nümayəndəsi olan Zərərçəkmiş şəxs öz xidməti vəzifələrinin icrası ilə əlaqədar İsmayıllı şəhərinin Qarabağ qəsəbəsinin ərazisində onun anası X1 icarəyə götürdüyü torpaq sahəsinə dair icarə müqaviləsinin surətini təqdim etməsini tələb etməsi səbəbindən həmin torpaq sahəsinin onların əlindən alınacağını düşünüb əsəbiləşərək 08 dekabr 2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin Qarabağ qəsəbəsində yerləşən xidməti iş otağına gəlib sonuncu ilə iş otağında və binanın həyətində bu zəmində mübahisə etmiş, Zərərçəkmiş şəxs ona icarə müqaviləsinin surətinin xidməti zərurətlə bağlı istənildiyini izah etməsinə baxmayaraq, o, buna inanmayıb mübahisə zəminində Zərərçəkmiş şəxs xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar üz nahiyəsindən qəsdən yumruqla vuraraq sonuncuya qapalı kəllə-beyin travması, baş-beyin silkələnməsi, burnun qanaxması və burun tənəffüsünün pozulması ilə müşayiət olunan üst çənə sümüyünün qapalı sınığı, sol gözaltı nahiyənin, burun belinin və ağzın selikli qişasının qançırları kimi həyatı üçün təhlükəli olmayan və Azərbayacan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığına az ağır zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Ona görə də məhkəmə hesab edir ki, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 127.2.1 və 315-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Məhkəmə, həmçinin belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır cinayət olmaqla, həyat və sağlamlıq əleyhinə qəsdən törədilən cinayətdir. O cümlədən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli də az ağır cinayət olmaqla, idarəetmə qaydası əleyhinə qəsdən törədilən cinayətdir. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, vurulmuş ziyanı tamamilə ödəməsini, qardaşı X2 1993-cü ildə Azərbayacan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmasını, eləcə də təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsaslanaraq onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və nəzərə alır. 24 yanvar 2023-cü il tarixli tələbnamədən və Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli 1(046)-64/2005 saylı hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Göyçay Rayon Məhkəməsinin 14 dekabr 2005-ci il tarixli 1(046)- 64/2005 saylı hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkmiş və məhkumluğu ödənilmişdir. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış 17 mart 2023-cü il tarixli 769 nömrəli arayışdan və xasiyyatnamədən görünür ki, Təqsirləndirilən şəxs Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonunun Qarabağ qəsəbəsində yaşayır, ailə tərkibi özündən, arvadı X4 və 14 mart 2002, 01 mart 2003 və 27 oktyabr 2007-cü il təvəllüdlü övladları Zeynəb, Ömər və İsmayıldan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı RİHB-nin İsmayıllı şəhəri inzibati ərazi darəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı Mərkəzi Rayon Xəstəxanası PHŞ-İ tərəfindən verilmiş 24 yanvar 2023-cü il tarixli PHŞ-6-47/3-322/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı mərkəzi rayon xəstəxanasının Konsultativ poliklinikasının “Ruhi-Əsəb”, “narkoloji” və “Nevroloji” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqin “Qətimkan tədbiri seçilməsi haqqında” 16 mart 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilməsə də onun əvvəllər də idarəetmə qaydası əleyhinə olan qəsdən cinayət törətməsi, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə baxmayaraq yenidən eyni növ cinayət törətməsi onun şəxsiyyətini xarakterizə edən hallar kimi qiymətləndirir və və cəza təyin edərkən nəzərə alır. Göründüyü kimi təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin olunması onun islah olunması üçün, dolayısı ilə də cəzanın məqsədinə nail olmaq üçün kifayət etməmişdir. Ona görə də məhkəmə təqsirləndirlən şəxsə ittiham edildiyi maddələrin sanksiyasında olan azadlığın məhdudlaşdırılması cəzasının müddətini aşağı həddə müəyyən edilməsini məqsədə müvafiq hesab etmir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci mаddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Məhkəmə qeyd edilən halları, cəzanı yüngülləşdirən halların mövcudluğunu, cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrinin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Ona görə də məhkəmə Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəzanı təyin etməklə də cəzanın məqsədlərinə nail olunmasını mümkün hesab edir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Məhkəmə müəyyən etdi ki, hazırkı cinayət işi üzrə məhkəmə məsrəfləri yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxs barəsində tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübutlar və mülki iddia yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351–353, 356, 358, 384–385–ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1 və 315-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.1-ci maddəsinə əsasən 3(üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsinə əsasən 4(dörd) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 5(beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş 5(beş) il müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı rayonunun Qarabağ qəsəbəsi ünvanındakı evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi, ekspertiza xərci və digər məhkəmə xərcləri yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar