Məhkəmə qərarları › İş №1(037)-35/2025

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-35/2025

07.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-35/2025 07.10.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs müdafiəçisi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1987-ci ildə İsmayıllı rayonunun Kürdmaşı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, himayəsində iki azyaşlı uşağı olan, orta təhsilli, işsiz, sonuncu olaraq İsmayıllı Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli 1(037)-17/2025 nömrəli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək qəti olaraq 2(iki) il 5(beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X4 cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə 07 oktyabr 2025-ci il tarixdə saat 15:32-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə, saat 21 radələrində İsmayıllı şəhərinin M.F.Axundov küçəsində gəzişərkən yolun kənarında dayanmış taksi fəaliyyəti ilə məşğul olan Zərərçəkmiş şəxs idarə etdiyi “Vaz 21012” markalı **-CM-*** dövlət qeydiyyat nişanlı avtomobilə yaxınlaşıb müştəri qismində əyləşərək onu “Köhnə avtovağzal” adlanan yerə aparmasını xahiş etmişdir. Avtomobildə olduqları vaxt o, yol boyu Zərərçəkmiş şəxsla söhbət edərək sonuncunun himayəsində azyaşlı uşaqlarının olduğunu və maddi imkanının zəif olduğunu öyrənmişetibardan sui-istifadə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək qərarına gəlmiş, bu məqsədlə o, təsadüfən tanıdığı və söhbət zamanı etibarını qazandığı CəfərovElvinəəslən Şabran rayonundan olduğunu və sosial yardım düzəltmə işləri ilə əlaqədar İsmayıllı rayonuna gəldiyini, əgər istəyirsə 564 manat pul müqabilində azyaşlı uşaqlarına sosial müavinət düzəldə biləcəyini söyləyib yalandan vəd verərək aldatmışdır. Zərərçəkmiş şəxs bu məqsədlə xx.xx.2025-ci il tarixdə, saat 00:43-də İsmayıllı şəhərinin M.F.Axundov küçəsi C21 ünvanında yerləşən “Oba market” adlanan dükanda quraşdırılmış “milliön” ödəmə terminalı vasitəsilə onun istifadəsində olan və anası X3 məxsus "xxxx" ASC-yə aid 4169-7388-6056-0352 saylı kart hesabına göndərdiyi 500 manat pulu, həmin tarixdə, saat 00:46-da həmin ödəmə terminalından eyni nömrəli kart hesabına göndərdiyi 64 manat pulu ələ keçirmiş, daha sonra isə bəzi sənədləşmə işləri ilə əlaqədar əlavə pul lazım olduğunu bildirmişdir. Bununla yanaşı, xx.xx.2025-ci il tarixdə, saat 10:11-də Zərərçəkmiş şəxs İsmayıllı şəhərinin M.F.Axundov küçəsi C21 ünvanında olarkən özünə məxsus mobil telefonun “birbank tətbiqi” vasitəsi ilə anasına məxsus eyni nömrəli kart hesabına göndərdiyi 15 manat pulunu ələ keçirmişdir. Habelə sənədləşmə işlərinə görə əlavə pul tələb olunduğunu söyləmiş və Zərərçəkmiş şəxs mobil telefonuna mesaj vasitəsi ilə ayrı kart hesab nömrəsi göndərdikdən sonra sonuncunun xx.xx.2025-ci il tarixdə, saat 18:59-də İsmayıllı şəhərinin M.F.Axundov küçəsi C21 ünvanında olarkən özünə məxsus mobil telefonun “birbank tətbiqi” vasitəsi ilə şəxsiyyəti istintaqla müəyyən edilməyən “Gülnaz” adlı qadına məxsus sonu “4555” olan hesaba göndərdiyi 50 manat məbləğində pulu ələ keçirmişdir. Beləliklə, Zərərçəkmiş şəxs məxsus ümumilikdə 629 (altı yüz iyirmi doqquz) manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirib həmin kart hesablarından çıxarmaqla öz şəxsi ehtiyaclarına sərf etmiş və verdiyi vədə əməl etməyib zərər çəkmiş şəxsə ziyan vurmaqla dələduzluq etmişdir. Sözügedən cinayət əməlinə görə təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilən faktik hallar və dəlillər: Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bildi və əlavə ifadə vermək istəmədiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək bildirdi ki, o, İsmayıllı şəhəri, R.Bəşirov küçəsi ev 4 qeydiyyatda olmaqla orada yaşayır. Özünə məxsus “VAZ-21012 markalı avtomaşınla taksi fəaliyyəti ilə məşğul olur. xx.xx.2025-ci il tarixdə saat 21 radələrində avtomobili ilə İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Oba market” adlanan mağazanın qarşısında dayanaraq müştəri gözləmiş, bu zaman adını sonradan bildiyi Təqsirləndirilən şəxs onun avtomobilinə əyləşib onu şəhərin köhnə avtovağzal adlanan yerinə düşürtməsini xahiş etmişdir. Yol boyu söhbətləşərkən Vüsala üç azyaşlı uşağının olduğunu demiş, bu zaman Vüsal ondan azyaşlı uşaqlarına görə sosial yardım alıb-almadığını soruşmuşdur. O, Vüsala hər hansı formada müavinət almadığını bildirmişdir. Vüsal ona əslən Şabran rayonundan olduğunu, hazırda Qəbələ rayonuna yaşadığını, sosial yardım düzəldə bildiyini, bu işlərlə məşğul olduğunu, İsmayıllı şəhərinə də sosial yardım düzəltmək məqsədi ilə gəldiyini və əlaqələrinin geniş olduğunu deyib istifadəsində olan mobil nömrəsini ona vermiş və azyaşlı uşaqlarına sosial yardım düzəltmək fikri olarsa ona vatsap proqramında mesaj yazmasını demişdir. O, Vüsala inanmış,onu dediyi yerdə düşürdüb getmişdir. Təxminən 1 saat sonra o, whatsapp proqramı vasitəsi ilə Vüsalın istifadəsində olan whatsapp proqramına mesaj yazaraq uşaqlarına görə ona sosial yardım düzəltməsini xahiş etmişdir. Vüsal ona bunun üçün 564 manat pul verilməli olduğunu bildirmiş, o isə Vüsala inanaraq razılaşmışdır. Vüsal ona iki il müddətində hər ay uşaqlara görə sosial müavinət olaraq 630 manat pul ala biləcəyini demişdir.Həmçinin uşaqlarının və həyat yoldaşının şəxsiyyət vəsiqəsinin surətini, şəhər icra nümayəndəliyindən arayış alıb ona göndərməsini demişdir. O, tələb olunan sənədlərin şəkillərini Vüsala atmış, pulu isə hansı qaydada göndərməsini dedikdə Vüsal ona kart hesabını göndərərək pulu həmin karta yükləməsini demişdir. 20 yanvar 2025-ci il tarixdə saat 00:43-də İsmayıllı şəhəri, M.F.Axundov küçəsində yerləşən “Oba market” də quraşdırılmış million ödəmə terminalından Vüsalın kart hesabına 500 manat pul göndərmişdir. Daha sonra yenidən həmin karta 64 manat pul da göndərmişdir. Vüsala zəng etdikdə Vüsal pulun ona çatdığını demişdir. xx.xx.2025-ci il tarixdə saat 10 radələrində Vüsal onunla əlaqə saxlayaraq sənədləşmə işlərini apardığını və əlavə olaraq 15 manat pul lazım olduğunu demişdir. O, həmin gün saat 10:11-də öz kart hesabından birbank tətbiqi vasitəsi ilə Vüsalın ona göndərdiyi kart hesabına 15 manat pul göndərmişdir. Vüsal bildirmişdir ki, 9 gün ərzində mobil telefonuna sosial yardım almaq üçün müraciətinin təsdiq edilməsi barədə mesaj gələcək, fevral ayının 15-dən artıq sosial ödəniş ala biləcəkdir. Vüsalın vəd verdiyi müddətlər keçmiş, telefonuna isə hər hansı mesaj gəlməmişdir. Bu barədə Vüsala bildirdikdə müxtəlif bəhanələr gətirib vaxtı uzatmışdır. 20 fevral 2024-cü il tarixdə Vüsal yenidən ona zəng edərək sosial yardım işi ilə əlaqədar ona 50 manat pul göndərməsini bildirmiş, o, özünə məxsus kart hesabından birbank tətbiqi vasitəsi ilə Vüsalın ona göndərdiyi kart hesabına əlavə 50 manat pul göndərmişdir. Sonradan isə Vüsal ümumiyyətlə telefonlara cavab verməmişdir. Beləliklə Vüsal onun ümumilikdə 629 manat pulunu alaraq ələ keçirmişdir. Eyni zamanda bildirmişdir ki, məhkəmə istintaqı zamanı Vüsalın anası X5 tərəfindən ona dəymiş ziyan ödənilmiş, onun Təqsirləndirilən şəxs qarşı tələbi və şikayəti qalmamışdır. Bu barədə məhkəməyə yazılı ərizə təqdim edərək iş üzrə yekun qərar qəbul edilərkən ərizəsinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid X5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur və eyni evdə yaşayırlar. Əri isə hal-hazırda həbsdədir. Qardaşı isə 1-ci Qarabağ müharibəsi şəhididir. Oğlu Vüsalın zərərçəkmiş Zərərçəkmiş şəxs aldadıb pulunu ələ keçirməsindən məlumatı olmamışdır. Vüsal 2025-ci ilin yanvar-fevral aylarında Kürdmaşı kəndində yaşadığı evdə olarkən ona məxsus "xxxx" ASC-yə aid kartı ondan alaraq istifadə etmişdir. Bu hadisədən bir valideyn, həm bir şəhid bacısı olaraq çox xəcalət çəkir. Vüsalın həyat yoldaşı da 2025-ci iin fevral ayında uşaqları onun ümidinə qoyaraq Vüsaldan boşanaraq çıxıb getmişdir. Özü isə məktəbdə xadimə işləyərək çox çətinliklə dolanır. Vüsalın yerinə vurduğu ziyanı çox çətinliklə o özü ödəmişdir. Oğluna həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən: İsmayıllı rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi, polis mayoru X2 xx.xx.2025-ci il tarixli fakta görə Azərbaycan CM-nin 178.1-ci maddəsi ilə cinayət işinin başlanılmasına dair qərarından görünür ki, cinayət işinin başlanmasına səbəb Zərərçəkmiş şəxs İsmayıllı RPŞ-yə ünvanladığı, Təqsirləndirilən şəxs onun etibardan suiistifadə və aldatma yolu ilə onun azyaşlı pensiyaya çıxaracağını vəd verib aldadaraq xx.xx.2025-ci il tarixdən, xx.xx.2025-ci il tarixədək olan müddət ərzində ümumilikdə 629 (altı yüz iyirmi doqquz) manat məbləğində pulunu ələ keçirməsi müraciəti, əsas isə həmin müraciət əsasında toplanmış material olmuşdur. Müstəntiq tərəfindən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi nəzərə alınmışdır. xx.xx.2025-ci il tarixli “Təqdim etmə, baxış keçirmə və götürmə” barədə protokoldan görünür ki, **********9 nömrəli "xxxx" MMC-yə məxsus qəbzə əsasən İsmayıllı şəhəri, M.F.Axundov küçəsi C21 ünvanında yerləşən “Oba market” dükanında olan 10033 nömrəli millon elektron ödəmə terminalından xx.xx.2025-ci il tarixdə saat 00:43-də X6 adına olan 416973******0352 nömrəli kart hesabına 500 manat, **********8 nömrəli qəbzdən görünür ki, İsmayıllı şəhəri, M.F.Axundov küçəsi C21 ünvanında yerləşən “Oba market” dükanında olan 10033 nömrəli millon elektron ödəmə terminalından xx.xx.2025-ci il tarixdə saat 00:46-də X6 adına olan 416973******0352 nömrəli kart hesabına 64 manat pul köçürülmüşdür. Bundan başqa 1-210148724 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 10:11-də ****1603 rəqəmli kart hesabından bribank mobil tətbiqi vasitəsi ilə X6 adına olan 416973******0352 nömrəli kart hesabına 15 manat, **********5 nömrəli qəbzdən görünür ki, xx.xx.2025-ci il tarixdə saat 18:59-da “Gü***M********” hərfləri ilə başlayan şəxsin ****4555 saylı kart hesabına 50 manat pul köçürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında “whatsapp” ani mesajlaşma mübadilə tətbiqində sonuncunun azyaşlı uşaqlarına sosial müavinət düzəlməsi məsələsi ilə əlaqədar mesajlaşma olmuşdur. xx.xx.2025-ci il tarixli “Hadisə yerinə baxış keçirilməsinə dair” protokoldan görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs istifadəsində olan və anası Xatirə Ələkbərovaya məxsus kart hesabına xx.xx.2025-ci il tarixdə 500 manat pulu və həmin gün 64 manat pulu göndərdiyi “million” ödəmə terminalı İsmayıllı şəhəri, M.F.Axundov küçəsi C21 ünvanında yerləşir. Bundan başqa Zərərçəkmiş şəxs birbank tətbiqi vasitəsi ilə mobil telefonla Xatirə Ələkbərovaya məxsus kart hesabına göndərdiyi 15 manat pul və Təqsirləndirilən şəxs tanışı şəxsiyyəti istintaqla müəyyən edilməyən “Gülnaz” adlı şəxsin kart hesabına 50 manat pulu göndərdiyi yer İsmayıllı şəhəri, M.F.Axundov küçəsi C21 ünvanında yerləşir. Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-cü il tarixli tələbnamədən və cinayət işinə əlavə edilmiş məhkəmə hökmlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinib 02 il 02 ay 20 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. xx.xx.2022-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə xx.xx.2021-ci il tarixli hökmü dəyişdirilərək Azərbaycan Respublikası CM-nin 178.2.4, 69.3-cü maddələrinə əsasən qəti olaraq 01 il 01 ay 02 gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs barəsində Şabran RPŞ-də Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi xx.xx.2024-cü il ildə Azərbaycan Respublikası CPM-nin 40.2-ci və Azərbaycan Respublikası CM-nin 73.1-ci maddələrinə əsasən xitam edilmişdir. Təqsirləndirilən şəxs İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(037)-17/2025 saylı hökmü ilə 2 (iki) 6 (altı) ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs məhklumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə birliyi “İsmayıllı rayon mərkəzi xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli 18-1-47/2-762/2025 saylı arayışdan görünür ki, Ələkbərov X7 RMX-nın poliklinika şöbəsinin “Narkoloji”, “Ruhi- Əsəb” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatında yoxdur. İsmayıllı RİHB-nin Kürdmaşı İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 17 mart 2025-ci il tarixli 98 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Kürdmaşı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayır, ailə tərkibi özündən, 2011-ci il təvəllüdlü oğlu Elmir, 2013-cü il təvəllüdlü oğlu Valeh və 1968-ci il təvəllüdlü anası X1 ibarətdir, əvvəllər məhkum olunmuşdur, boşanmışdır, fərdi əmək fəaliyyəti ilə məşğuldur, qonşularla yaxşı münasibətdədir. Cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2025-cü il tarixli ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs dəymiş maddi ziyan tam olaraq təqsirləndirilən şəxs (anası) tərəfindən ödənilmişdir. Onun təqsirləndirilən şəxsə münasibətdə heç bir şikayət və tələbi yoxdur və onunla barışmışdır. Məhkəmə cinayət əməli ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Məhkəmə ilk növbədə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, cinayət məsuliyyətinin əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Məcəllə) 3-cü maddəsində təsbit olunmuşdur ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Sözügedən normanın mənasına görə şəxsin əməlində konkret cinayət tərkibinin cəhətlərini təşkil edən zəruri əlamətlərin mövcud olub-olmaması barədə nəticəyə gəlmək üçün şəxsə istinad edilən əməlin həmin Məcəllənin Ümumi hissəsinin tələbləri nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsinin dispozisiyası ilə müqayisə edilməsi tələb olunur. Bu tələb isə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli qərarının müddəalarından da irəli gəlir. Belə ki, Plenumun həmin qərarına görə, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində cinayət qanunvericiliyinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin digər konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Ali Məhkəmənin Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Bu cinayətin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Cinayətin digər üsulu kimi etibardan sui-istifadə etmə dedikdə isə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Başqa sözlə şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Məcəllənin 177-ci maddəsinin qeydində nəzərdə tutulmuş müddəalar, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsinin tələbləri, habelə həmin maddənin qeydində göstərilənlər nəzərə alınaraq dələduzluq o halda cinayət hesab edilir ki, ələ keçirilmiş əmlakın dəyəri beş yüz manatdan artıq olsun. Dələduzluq cinayətini oğurluqdan fərqləndirən ən mühüm əlamətlərdən biri onun törədilməsi üsuludur. Belə ki, dələduzluq cinayəti digər talama cinayətlərindən fərqli olaraq, məhz aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında, heç bir təzyiq və ya təsir, zor tətbiq etmə, yaxud zor tətbiq etmə hədəsi olmadan könüllü surətdə vermiş olur. Başqa sözlə, əmlak şəxsin sahibliyindən gizli yolla çıxmır, aldadılma və ya etibarından sui-istifadə edilmə nəticəsində zərərçəkmişin özü tərəfindən zahirən könüllü şəkildə təqsirkar şəxsə verilir. Təqsirkar şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə zərərçəkmiş şəxsi yanılma dərəcəsinə çatdırmaqla əmlakın ona verilməsinə nail olur (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177 və 178-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsi baxımından və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 318 və 391.8-1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 31 oktyabr 2022-ci il tarixli Konstitusiya Məhkəməsi Plenumunun qərarı) Göründüyü kimi, talama – özgənin əmlakını tamah məqsədi ilə hüquqazidd və əvəzsiz olaraq, həmin əmlakın mülkiyyətçisinə və başqa sahibinə ziyan vurmaqla götürmə və özünün və ya başqa şəxslərin xeyrinə keçirməsidir. Talamanın istənilən forması subyektiv cəhətdən yalnız birbaşa qəsd formasında təqsirlə xarakterizə olunur. Təqsirkar özgənin əmlakını qanunsuz və əvəzsiz götürdüyünü və (və ya) özünün və ya başqa şəxsin xeyrinə keçirdiyini dərk edir, bunun əmlakın mülkiyyətçisinə (və ya başqa sahibinə) real maddi ziyan vuracağını qabaqcadan görür və belə nəticənin baş verməsini arzu edir. Talamanın subyektiv cəhətinin daha bir zəruri əlaməti isə tamah məqsədinin olmasıdır. Beləliklə məhkəmə iş üzrə toplanılmış sübutların (iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və hərəkətlərinin protokollarını və digər sənədləri) məcmusuna tam, hərtərəfli və obyektiv baxaraq belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin hərəkətlərində həmin Məcəllənin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlinin tərkibi mövcuddur. Cinayət əməlinə hüquqi qiymətlə bağlı məhkəmənin mövqeyi: Məhkəmə istintaqı zamanı müəyyən olunmuşdur ki, təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü tam təqsirli bilmiş və zərərçəkmiş şəxsə məxsus əmlakı ələ keçirərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, etibardan sui-istifadə və ya aldatma yolu ilə həmin şəxsin 629 (altı yüz iyirmi doqquz) manat pulunu ələ keçirərək şəxsi ehtiyaclarına sərf etmişdir. Cinayət işinə əlavə edilmiş ödəniş terminallarından istifadə edilərək həyata keçirilmiş pul köçürülmə əməliyyatlarına dair sənədlər istintaq zamanı və məhkəmə baxışı zamanı tədqiq edilmiş, göstərilən məbləğin yuxarıda qeyd edilən hesablarda toplanması sübut edilmişdir. Məhkəmə hesab edir ki, toplanmış sübutlar təqsirləndirilən şəxsin ittihamda göstərilən cinayət əməlini törətdiyini təsdiq edən, Cinayət Prosessual Məcəllənin 145-ci maddəsinin tələblərinə uyğun etibarlı, mənbə baxımından etiraza səbəb olmayan, bir-birini tamamlayan və məntiqi ardıcıllıqla ümumi mənzərəni yaradan sübutlar sistemidir. Sübutların məcmusu əsasında cinayət əməli tam sübut olunmuş hesab edilir. Təqsirləndirilən şəxs zərərçəkmişin ehtiyac və arzularından xəbərdar olaraq, əvvəlcədən formalaşmış niyyətlə ona qarşı inam və etibar yaratmış, reallığı əks etdirməyən vədlər verməklə, bu yalan vədlər əsasında zərərçəkmiş şəxsi aldadaraq və onun etibarından suiistifadə etməklə ümumilikdə 629 manat pul vəsaitini ələ keçirmiş, sonradan verdiyi öhdəlikləri yerinə yetirməmiş, əmlakı şəxsi ehtiyaclarına xərcləmişdir. Yəni təqsirləndirilən şəxs ictimai münasibətlərdə etibar və inam mühitindən suiistifadə etməklə zərərçəkmiş şəxsin pulunu ələ keçirmiş, fərdlərarası qarşılıqlı etimad münasibətlərinə zərbə vurmuşdur. Həmçinin diqqətə alınmalıdır ki, təqsirləndirilən şəxs öz cinayət əməlini həyata keçirmək məqsədilə yalan vədləri təkrar müraciətlərlə, psixoloji təzyiq elementi daşıyan yəni zərərçəkənin azyaşlı uşaqlarına sosial müavinət verilməsinə dair guya hər hansı sənədləşdirmə ilə bağlı əlavə pul tələbləri ilə müşayiət etmiş, nəticədə zərərçəkmiş şəxsin ona olan inamını daha da artırmışdır. Məhkəmə bu halları nəzərə alaraq qeyd edir ki, cinayət əməlində ictimai təhlükəlilik sadəcə vurulmuş maddi ziyanla ölçülmür, həm də etimadın zədələnməsi ilə, cəmiyyətin hüquqi mühitinə olan inamın sarsıdılması ilə ölçülür. Belə cinayətlər hüquqi dövlətin fundamental dayaqlarından biri olan vətəndaşlar arasında qarşılıqlı inam prinsipinə zərbə vurur. Yuxarıda göstərilənlərə, Cinayət Məcəlləsinin 178.1-ci maddəsinə və digər müvafiq hüquqi normalara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun təqsirli bilinməsi üçün zəruri olan bütün hüquqi və faktiki əsasları təşkil edir. Beləliklə məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs barəsində təyin olunacaq cəzanın növünə və həddinə gəldikdə isə məhkəmə qeyd edir ki, cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza dövlət məcburiyyətinin xüsusi tədbiridir və o, yalnız cinayət qanunu ilə cinayət qismində nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyə görə təyin edilə bilər. (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2011-ci il tarixli Qərarı). Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Sözügedən qərara əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və onun törətdiyi cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Bu Qərara əsasən qanunverici Məcəllənin 59.1.-ci maddəsində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Məcəllədə bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir. Beləliklə, CM-in 59-cu maddəsinin məzmunundan görünür ki, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan və cinayət tərkibindən kənarda qalan müxtəlif hallardır. Bundan başqa, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. “Məhkəmə hökmü haqqında” Ali Məhkəmənin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı Qərarının 45-ci bəndində məhkəmələrin cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməli, Məcəllənin 58.3-cü maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almaları tövsiyə edilmişdir. Məhkəmələrə o, da izah edilmişdir ki, məhkəmələr cəza təyini məsələsinin həlli ilə əlaqədar təqsirləndirilən şəxsin istər cəzasını yüngülləşdirən, istərsə də cəzasını ağırlaşdıran halları müəyyən edərkən, onların ittiham aktında bu qisimdə göstərilib-göstərilməməsindən asılı deyillər. Eyni zamanda məhkəmə qeyd edir ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” dövlət başçısının xx.xx.2017-ci il tarixli Sərəncamında da məhkəmələrə cəza siyasətinin humanistləşdirilməsi məqsədilə mühüm tövsiyələr müəyyən edilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs daha əvvəl də eyni növ cinayət – dələduzluq əməlinə görə məsuliyyətə cəlb edilməsinə baxmayaraq, əvvəlki cəzanın hüquqi və tərbiyəvi təsirini dərk etməməsini, nəticədə islah olunmayaraq yenidən oxşar cinayət törətməsi ilə bağlı mövcud olan neqativ halları nəzərə alır. Bununla yanaşı, təqsirləndirilən şəxsin törətdiyi əməli səmimi formada etiraf etməsi, peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, onun ailə vəziyyətini, ən əsası himayəsində iki azyaşlı uşağının olmasını, yaşlı anasının çətinliklə həmin uşaqlara baxdığını, dayısının 1-ci Qarabağ müharibəsi şəhidi olmasını, həmçinin zərərçəkmiş şəxsə vurulmuş ziyanın tamamilə ödənilməsini və onunla barışıq əldə etməsi ilə bağlı məqamlara mühüm əhəmiyyət verərək Məcəlləsinin 59.1.4, 59.1.12-ci və 59.1.13-cü maddələrinə müvafiq olaraq onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Məcəlləniin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmənin gəldiyi nəticə: Cinayət Məcəlləsinin 58.2-ci maddəsinə müvafiq olaraq törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məcəllənin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 22 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, cinayət qanunvericiliyinin normalarından belə aydın olur ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayət törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. Eyni zamanda “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarına əsasən əvvəlki hökmlə təyin edilmiş cəzanın çəkilib qurtarması halı həmin hökmün qüvvəyə minməsindən əvvəl törədilmiş cinayətə görə cinayətlərin məcmusu üzrə cəzanın təyin edilməsinin mümkünlüyünü istisna edən əsas kimi qəbul edilə bilməz. Belə ki, göstərilən halda Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq təqsirləndirilən şəxsə cinayətlərin məcmusu üzrə vahid cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza isə qəti cəza müddətinə hesablanmalı, yəni çəkilmiş cəza cinayətlərin məcmusu qaydasında təyin olunan vahid cəzadan çıxılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, yuxarıda göstərilənlərə əsasən Təqsirləndirilən şəxs Məcəllənin 66.2 və 66.5-ci maddələrinə müvafiq olaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və bu cəza İsmayıllı Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli hökmünə əsasən təyin edilən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Məcəllənin 56.1.ci-maddəsinə əsasən təyin ediləcək cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli isə son olaraq məhkum olunduğu 08 iyul 2025-ci il tarixli hökmlə müəyyən edilmiş 18 iyun 2025-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Məcəllənin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə maddi sübut və müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddia olduğundan məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. Qeyd edilənə əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı cinayət işi üzrə ekspertiza xərci və digər məhkəmə məsrəfləri yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə uyğun olaraq hazırki hökmlə təyin edilmiş cəza İsmayıllı Rayon Məhkəməsinin 08 iyul 2025-ci il tarixli hökmünə əsasən təyin edilən 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əhatə edilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 (iki) il 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin və cəzaçəkmə müddətinin əvvəli 18 iyun 2025ci il tarixdən hesablansın. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu (həbsdə olan təqsirləndirilən şəxsə hökmün surətinin verildiyi) andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar