Məhkəmə qərarları › İş №1(037)-36/2024

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-36/2024

13.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-36/2024 13.08.2024 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə 13 avqust 2024-cü il tarixdə saat 14:44-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1997-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, İsmayıllı şəhəri ünvan 1 ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda dövriyyəsi qadağan edilmiş psixotrop maddə hesab edilən metamfetamini əldə edərək bir ədəd kibrit qutusunun içərisinə bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş vəziyyətdə yerləşdirərək üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Nizami Səmədov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək Növbətçi hissənin qarşısında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibində satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd kibrit qutusunun içərisində bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş, xeyli miqdar təşkil edən 0,324 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, onun asılılığı olmasa da arabir psixotrop maddə olan, el arasında “şüşə” deyilən metamfetamindən istifadə etmişdir. Psixotrop maddə istifadə etsə də bundan heç kimin, o cümlədən ailə üzvlərinin xəbəri olmamışdır. xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində yaşadığı fərdi yaşayış evinin qarşısında, İsmayıllı şəhəri, Nizami Səmədov küçəsində tək dayanmışdır. Bu zaman İsmayıllı rayon polis şöbəsinin əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmiş, üzərində narkotik vasitələr və yaxud psixotrop maddələri qanunsuz saxlamasından şübhələndiklərini bildirib onu barəsində qəbul edilmiş qərarla tanış edib birlikdə İsmayıllı rayon polis şöbəsinə getməyi bildirmişlər. Həmin vaxt o, buna heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə İsmayıllı Rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, o, maddi imkanı zəif olduğunu və buna görə dövlət hesabına müdafiəçi ilə təmin olunmasını xahiş etmişdir. Ardınca ona İsmayıllı rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim olunmuşdur. Həmin siyahıdan İsmayıllı rayonu Vəkil Bürosunda fəaliyyət göstərən vəkil Müdafiəçi özünə müdafiəçi qismində seçmişdir. Az müddət sonra onu həmin dövlət hesabına müdafiəçi olan Müdafiəçila təmin etmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Polislərə etiraz etməmiş, şöbənin inzibati binasında Növbətçi hissəsinin qarşısında polislərin, vəkilinin iştirakı ilə üzərinə videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı əynində qara rəng jaket, qara rəng cins şalvar, qara rəng gödəkçə və qara rəngli idman ayaqqabısı olmuşdur. Axtarış zamanı üzərində qanunsuz əşya olduğu təqdirdə təqdim etməsi bildirildiyinə görə əynində olan qara rəng gödəkçənin iç cibindən üzərində rus hərfləri ilə “spiçki” sözü yazılmış kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxıldıqda qutunun içərisində ağ rəng kağız bükülünün və 8 ədəd kibrit çöpünün olması aşkar edilmişdir. Həmin kağız bükülünün içərisinə baxıldıqda kağız bükülünün içərisində ağ rəngli, kristal şəklində, psixotrop maddəyə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmin bükülü içərisində olan kütlə ilə birgə elektron tərəzidə çəkildikdə çəkisinin 0,43 qram olması müəyyən edilmişdir. Axtarış zamanı o, həmin kütlənin psixotrop maddə-“şüşə” olduğunu və özünün istifadə etdiyini demişdir. Həmin kağız bükülü içərisində olan psixotrop maddəyə bənzər kütlə ilə birgə qablaşdırılaraq İsmayıllı RPŞ-nin 74 saylı möhürü ilə möhürlənib iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Daha sonra üzərində şəxsi axtarış davam etdirildikdə əynində olan qara rəng cins şalvarın ciblərindən 1 ədəd 20 manat, 1 ədəd 5 manat, 3 ədəd 1 manat, 2 ədəd 20 qəpik olmaqla 28 manat kağız pul əskinazı və 40 qəpik dəmir pul aşkar edilmişdir. Həmin 28 manat kağız pul əskinazı və 40 qəpik dəmir pul əhəmiyyət kəsb etmədiyi üçün ona geri qaytarılmışdır. Sonda şəxsi axtarış barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol özü, müdafiəçisi və digər iştirakçılar tərəfindən imzalanmışdır. O, başqa heç bir yerdə də hər hansı narkotik vasitə, psixotrop maddə və ya cinayət xarakterli əşya saxlamır. Üzərində aşkar edilmiş psixotrop maddəni tutulmazdan təxminən 10 gün əvvəl Bakı şəhərində dəqiq yerini xatırlamadığı ərazidən tapmışdır. Hər hansı şəxsə psixotrop maddə satmamış, nə də pay verməmişdir. Psixotrop maddəni tək özü qəbul etmiş və bundan heç kimin xəbəri olmamışdır. Törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edir, əməlindən peşman olmuşdur. Gəncdir, psixotrop maddəni yalnız öz istifadəsi üçün saxlamış, həmin bitkini əkib becərməkdə başqa məqsədi olmamışdır. Qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı xahiş edir. X1 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhəri Nizami Səmədov küçəsi dalan 4, ev 3-də yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olduğundan raportla İsmayıllı RPŞ-nin rəisinə məruzə edilmişdir. İsmayıllı RPŞ-nin rəisinin əmrinə əsasən əməliyyat-təhqiqat qrupu yaradılaraq 07 mart 2024-cü il tarixdə saat 13:30 radələrində özü, qrupun digər üzvləri birlikdə İsmayıllı şəhəri Nizami Səmədov küçəsində Təqsirləndirilən şəxs görüb sonuncuya yaxınlaşaraq xidməti vəsiqələrini göstərərək özlərini təqdim etmişlər. Daha sonra sonuncuya narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, buna görə də İsmayıllı RPŞ-də üzərində şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsinə etirazının olmadığını demişdir. Bundan sonra onlar həmin şəxslə birlikdə İsmayıllı RPŞ-nə gəlmişlər. İsmayıllı RPŞ-də şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, Təqsirləndirilən şəxs İsmayıllı RPŞ-nə ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin edilməsini xahiş etdiyi üçün ona İsmayıllı rayonu və ətraf rayonlarda fəaliyyət göstərən vəkillərin siyahısı təqdim edilmiş və həmin siyahıdan Təqsirləndirilən şəxs özünə müdafiəçi seçmişdir. Az sonra Təqsirləndirilən şəxs təqdim edilmiş vəkillərin siyahısından seçdiyi həmin vəkillə təmin edilmişdir. Vəkilinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərində videoçəkiliş aparmaqla şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Təqsirləndirilən şəxs üzərində hər hansı cinayət xarakterli əşya olduğu təqdirdə təqdim etməsi bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəng gödəkçənin sol iç cibindən üzərində rus hərfləri ilə “spiçki” sözü yazılmış 1 ədəd kibrit qutusunu çıxararaq təqdim etmişdir. Kibrit qutusunun içərisinə baxıldıqda qutunun içərisində ağ rəngli 1 ədəd kağız bükülünün və 8 ədəd kibrit çöpünün olması aşkar edilmişdir. Həmin kağız bükülünün içərisinə baxıldıqda kağız bükülünün içərisində ağ rəngli, kristal şəklində, narkotik vasitə, yaxud psixotrop maddəyə bənzər kütlənin olması müşahidə edilmişdir. Həmin bükülü içərisində olan kütlə ilə birgə elektron tərəzidə çəkildikdə çəkisinin 0,43 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 1 ədəd kağız bükümdə təqdim etdiyi həmin şəffaf kütlə “şüşə”dir, özünə məxsusdur və özü istifadə edir. Təqsirləndirilən şəxs üzərində başqa hər hansı cinayət xarakterli əşya olmadığını qeyd etmişdir. Ardınca Təqsirləndirilən şəxs üzəri axtarılsa da hər hansı cinayət xarakterli əşya və ya iz aşkar edilməmişdir. Axtarış zamanı aşkar edilmiş həmin kütləni müvafiq qaydada qablaşdırıb götürmüş, axtarış keçirilməsi barədə protokol tərtib etmiş, protokola şübhəli şəxs olan Təqsirləndirilən şəxs özü və digər iştirakçılar imza etmişlər. Təqsirləndirilən şəxs narkotik vasitənin və ya psixotrop maddənin satışı ilə məşğul olması barədə hər hansı mötəbər məlumat əldə etməmiş, bir rayon sakini kimi əvvəllər tanısa da, onunla heç bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Üzürlü səbəblərdən, yəni xidməti fəaliyyəti ilə bağlı uzunmüddətli ezamiyyətdə olduğu üçün məhkəmə baxışı iclasına gələ bilməmiş X2nun ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan edilmişdir. X2 ibtidai istintaqa verdiyi ifadəsində X3 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, “Şəxsi axtarış keçirilməsi barədə” 07 mart 2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsinin görüntülərini əks etdirən videodiskdən görünür ki, 07 mart 2024-cü il tarixdə İsmayıllı rayon polis şöbəsinin Növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibində satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd kibrit qutusunun içərisində bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş, xeyli miqdar təşkil edən 0,324 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Həmin kütlə elektron tərəzidə çəkildikdən sonra 1 ədəd kağız zərfə müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Məhkəmə kimyəvi ekspertizasının 08 mart 2024-cü il tarixli 17/241 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş kütlə....” sözləri, adlar və imzalar olan zərfin içərisində gümüşü-ağ rəngli kağıza bükülmüş 01(bir) ədəd pul qəbzi kağızı bükümündə, təmiz çəkisi – 0,324 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na daxildir (İİ siyahı). Qeyd edilən məhkəmə fiziki-kimyəvi ekspertiza rəyinin qeyd hissəsinə əsasən, metamfetaminin təmiz çəkisi 0,324 qram olmuş, tədqiqata sərf edildi- 0,50 qram, qalıq 0,274 qram qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 04 may 2024-cü il tarixli 754 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 11 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş məhkəmə kimyəvi ekpertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,274 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi– 0,324 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib daşıyaraq üzərində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən qəsdən qanunsuz olaraq satış məqsədi olmadan xeyli miqdarda dövriyyəsi qadağan edilmiş psixotrop maddə hesab edilən metamfetamini əldə edərək bir ədəd kibrit qutusunun içərisinə bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş vəziyyətdə yerləşdirərək üzərində daşımaqla saxlamış, xx.xx.2024-cü il tarixdə saat 13:30 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin Nizami Səmədov küçəsində, yaşadığı evin yaxınlığında saxlanılıb İsmayıllı rayon polis şöbəsinə gətirilərək Növbətçi hissənin qarşısında üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sol iç cibində satış məqsədi olmadan qanunsuz əldə edib üzərində daşıyaraq saxladığı bir ədəd kibrit qutusunun içərisində bir ədəd gümüşü-ağ rəngli kağıza bükülmüş, xeyli miqdar təşkil edən 0,324 qram çəkidə Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısına daxil olmaqla kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxsin barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar mövcud deyildir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 01 aprel 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış 15 mart 2024-cü il tarixli 734 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri ünvan 1 ünvanda yaşayır, subaydır, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir yazılı və ya şifahi məlumat daxil olmamışdır. İsmayıllı rayon X5 Hüquqi Şəxsindən alınmış 06 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMX-nin Poliklinika Şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərdə kabinetində qeydiyyatda yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin şəxsiyyətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddədə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. “Şübhəli şəxs qismində tutma haqqında” 07 mart 2024-cü il tarixli qərar və “ Şübhəli şəxsin tutulması haqqında” eyni tarixli protokoldan və görünür ki, Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 14:45-də şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” 09 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həmin tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 09 mart 2023-cü il tarixdə saat 12:00-də İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 14:45-dən 09 mart 2023-cü il tarixdə saat 12:00-dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün müddət ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilərək məhkəmə iclas zalından həbs edilməlidir. Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan hesablanmalıdır. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilməlidir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut - İsmayıllı RPŞ-nin saxlanc anbarında saxlanılan, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş məhkəmə kimyəvi ekpertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 0,274 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlama müddətinin azadlıqdan məhrum etmə müddətinə hesablanmaqla Təqsirləndirilən şəxs 07 mart 2024-cü il tarixdə saat 14:45-dən 09 mart 2024-cü il tarixə saat 12:00-adək şübhəli şəxs qismində saxlanıldığı 2 (iki) gün müddət ona təyin edilmiş 8(səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində qəti olaraq 7(yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı andan – 13 avqust 2024-cü il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs həbsdə saxlanılma yeri Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Şəki penitensiar müəssisəsi müəyyən edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış - 01 ədəd kağız zərfdə - təmiz çəkisi – 0,274 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 71(yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar