Məhkəmə qərarları › İş №1(037)-37/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-37/2020

10.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-37/2020 10.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon ( şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 iştirakı ilə xx xxxxxxxx 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxxx 1997-cüil tarixdə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkum olunmamış, İsmayıllı şəhəri M.F.Axundov küçəsi ev 34-A, mənzil 1 ünvanındaqeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyadan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxs üzərində zor tətbiq olunması, habelə özgənin əmlakının məhv edilməsi ilə müşayiət olunan qərəzli hərəkətlər edərək xuliqanlıq cinayətini törətmiş, eləcə də həmin hərəkətləri ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Belə ki, o, xx xxx 2020-ci il tarixdə saat 20:00 radələrində tanışı Zərərçəkmiş şəxs1 ilə birlikdə İsmayıllı şəhərində yerləşən “Göl” kafesində pivə içərək söhbət etdikləri zaman aralarında yaranmış mübahisə zamanı ictimai yer hesab olunan kafedə ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərə yol verməklə, o cümlədən kafenin iş rejimini pozmaqla silah qismində istifadə etdiyi pivə bakalı ilə xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən bir dəfə qəsdən vurmaqla sonuncuya qapalı kəlləbeyin travması və baş beyin sirkələnməsi ilə müşayət olunan sağdan alın sümüyünün ön divarının və burun sümüyünün az yerdəyişən sınığı, sağ qaş qövsünün, sağ gözün bayır bucağının (sağ almacıq nahiyəsinin) yaraları, sağ gözün ağlı qişasına qansızma xəsarətlərindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirməklə, habelə Zərərçəkmiş şəxs2 icarədarı olduğu həmin kafedəki bir ədəd 0,5 litr tutumlu pivə bakalını sındıraraq məhv etməklə sonuncuya 3 (üç) manat dəyərində ziyan vuraraq qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində Rəvan adlı tanışı ilə birlikdə İsmayıllı şəhərindəki “Göl” kafesinə getmişlər. Kafedə tanışları Vüsal və Gündüz pivə içirmişlər. Onlarla görüşərək bir masa arxasında birlikdə əyləşmişlər və onlar da pivə içməyə başlamışlar. Bir qədər söhbət etdikdən sonra Gündüz onun sol tərəfində keçib əyləşmiş və ona “ avtomobilini mənə ver, mən onu 180 sürətlə idarə edəcəm” demişdir. O, Gündüzə həmin sürətlə avtomobili idarə edə bilməyəcəyini demiş və aralarında bu zəmində mübahisə yaranmışdır. Gündüz ona “gəl mərcləşək, sən ver avtomobili mən sürüm əgər 180 km/saat sürətlə idarə edə bilsəm sən mənə 100 manat pul verəsən, yox əgər həmin sürətlə idarə edə bilməsəm mən sənə 100 manat pul verəcəm”deyə bildirmişdir. O, Gündüzə mərcləşməyəcəyini bildirmişdir. Gündüz isə avtomobili götürüb sürmək istədiyini demiş, o isə Gündüzə içkili olduğundan avtomobili verməyəcəyini demişdir. Gündüz içkinin təsirindən onun və ailəsinin ünvanına nalayiq söyüşlər söymüş və masadan qalxıb getməsini tələb etmişdir. O bundan əsəbiləşərək ayağa qalxmış və masanın üstündəki şüşə bakalı götürərək sonuncunun sifətinin sağ nahiyəsindən bir dəfə vurmuşdur. Bakal sınaraq hissələrə ayrılmışdır. Gündüzə ikinci, üçüncü zərbə endirməyə imkanı olsa da bunu etməmiş və hərəkətlərini dayandırmışdır. Sonra isə kafedən çıxaraq taksi ilə yaşadığı evə getmişdir. Həmin günü saat 23:00 radələrində polis şöbəsinə dəvət olunmuş və orada Gündüzü vuraraq xəsarət yetirməsini səmimi etiraf etmişdir. Onun Gündüzə xəsarət yetirmək niyyəti olmamış, sonuncunun onun və ailəsinin ünvanına nalayiq ifadələr işlətməsi belə bir əməli törətməyə vadar etmişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli saymır və ona həmin maddə ilə bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə də özünü təqsirli bilmir və hesab edir ki, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbləri yoxdur. O, anadangəlmə 2-ci qrup əlildir. Qeyd etdiyi halları nəzərə almağı, törətdiyi cinayət əməlini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslərin onunla barışdığını, onlara vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə özünü təqsirli bilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsi, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi barədə ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti güdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun özünün, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun tanışıdır, münasibətləri həmişə yaxşı olmuş, aralarında ədavət və düşmənçiliyi olmamışdır. xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində tanışı Vüsalla İsmayıllı şəhərindəki “Göl” kafesinə getmişlər. Orada pivə sifariş verərək içməyə başlamışlar. Bu zaman Rahil və digər tanışı Rəvan kafeyə daxil olmuş və onun təklifi ilə bir masa arxasında əyləşmişlər. Onlar birlikdə pivə içərək söhbət etmişlər. Söhbət zamanı Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etmiş, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Rahil ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. Bu zaman o, Rahilə “sən avtomobilini mənə ver, mən avtomobilini 180 km/saat sürətlə idarə edəcəyəm” demişdir. Rahil yenə ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. O Rahilə “əgər avtomobilini idarə edə bilməsəm sənə 100 manat verəcəm, idarə edə bilsəm sən mənə 100 manat verərsən” deyərək mərcə durmasını təklif etmişdir. Rahil isə ona mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirmişdir. Bu zəmində aralarında mübahisə yaranmışdır. O, Rahilə masasından getməsini tələb etmişdir. Rahil isə masadan getməyəcəyini bildirmiş, ona görə də əsəbləşərək Rahilin və ailəsinin ünvanına nalayiq söyüş söymüdür. Rahil masadan qalxıb kafenin çıxışına doğru bir-iki addım atmış, geri qayıdaraq masanın üzərindəki pivə bakalını götürərək qəfildən onun sifətinin sağ tərəfindən bir dəfə zərbə endirmişdir. Bakal qırılaraq yerə dağılmış, o isə aldığı zərbədən yerə yıxılmışdır. Sonra isə Rahim kafedən çıxıb getmişdir. Vüsal, Rəvan və kafeni işlədən Ramiq onu yerdən qaldıraraq üzünü yumuşlar. O, kafedən çıxaraq xəstəxanaya getmiş, və orada ona tibbi yardım olunmuşdur. Həmin gün o, Bakı şəhəri 1 saylı klinik xəstəxanasına aparılmış və doqquz gün müddətində müalicə olunmuşdur. Sonradan Təqsirləndirilən şəxsla barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, xx xxx 2020-ci il tarixdən İsmayıllı şəhərindəki “Göl” kafesini şifahi razılıq əsasında icarəyə götürərək işlətməyə başlamışdır. Kafedə işlənən bütün əşyaları özü almışdır. xx xxx 2020-ci il tarixdə saat 19:00 radələrində tanışları Gündüz və Vüsal gələrək pivə içməyə başlamışlar. Bir qədər sonra Rahil və Rəvan da kafeyə gəlmiş, Gündüzgilin əyləşdikləri masada əyləşərək pivə içməyə davam etmişlər. O isə işçilərlə birlikdə kafenin həyətində çay içmişdir. Bir müddətdən sonra yüksək danışıq səslərinin gəldiyini eşidib kafeyə daxil olmuşdur. Rahil, Gündüz, Vüsal və Rəvanın uca səslə söhbət etdiklərini görmüşdür. Təxminən bir-iki dəqiqədən sonra yenidən kafenin daxilindən mübahisə səsləri, şüşə qırılması səslərini eşidərək içəri girmiş, bu zaman Gündüzün yerdə yıxıldığını görmüşdür. Rahil isə bir müddət sonra kafeni tərk etmişdir. O Vüsal və Rəvanla birlikdə Gündüzü ayağa qaldırmış, yerdəki şüşə qırıntılarını görərək Rahilin Gündüzü bakalla vurduğunu bilmişdir. Onlar Gündüzün əl-üzünü yumuşlar. Sonra isə Gündüz kafedən getmişdir. O, bakalının qırıntılarını süpürüb atmış, bir qədər sonra polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. O, pivə bakalının bir ədədini üç manata almışdır. Hadisə zamanı kafedə bir ədəd şüşədən olan pivə bakalı sınmış, başqa əşyalarına zərər vurulmamışdır. Sonradan Rahil ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Qeyd etdikləri nəzərə alınmaqla təqsirləndirilən şəxsə qanunla nəzərdə tutulmuş daha yüngül cəza verilməsini xahiş edir. Şahid Salmanov Vüsal Əfsəl оğlu ifadə verərək göstərdi ki, xx xxx 2020-ci il tarixdə saat 18:00 radələrində tanışı Gündüzlə İsmayıllı şəhərindəki “Göl” kafesinə gedərək pivə içməyə başlamışlar. Bir azdan tanışları Rahil və Rəvan kafeyə daxil olmuş və Gündüzün təklifi ilə bir masa arxasında əyləşmişlər. Onlar birlikdə pivə içərək söhbət etmişlər. Söhbət zamanı Gündüz Rahilə avtomobili ilə İsmayıllı şəhərində gəzməyi təklif etmiş, avtomobili özünün idarə edəcəyini bildirmişdir. Rahil ona içkili olduğu üçün avtomobilini verməyəcəyini demişdir. Bu zəmində aralarımnda mübahisə yaranmış və Gündüz Rahilə mərcə durmasını təklif etmişdir. Rahil mərcə durmayacağını və avtomobili verməyəcəyini bildirmişdir. Gündüz Rahilə masasından getməsini tələb etmişdir. Rahil isə masadan getməyəcəyini bildirmiş, ona görə də əsəbləşərək Rahilin və ailəsinin ünvanına nalayiq söyüş söymüdür. Rahil masadan qalxıb kafenin çıxışına doğru bir-iki addım atmış, geri qayıdaraq masanın üzərindəki pivə bakalını götürərək qəfildən Gündüzün sifətinin sağ tərəfindən bir dəfə zərbə endirmişdir. Bakal qırılaraq yerə dağılmış, Gündüz isə aldığı zərbədən yerə yıxılmışdır. Rahil isə kafedən çıxıb getmişdir. Onlar Gündüzü yerdən qaldıraraq üzünü yumuş və Gündüz xəstəxanaya getmişdir. Şаhid qismində dindirilmiş Cəfərov Rəvan Rövşən oğlu şahid Vüsal Salmanov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Səhhəti ilə əlaqədar olaraq üzürlu səbəblərdən məhkəmə baxışı iclasına gələ bilməmiş cinayət işi üzrə Şahid ibtidai istintaqa verdiyi ifadəsi məhkəmə iclasında oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində zərərçəkmiş şəxs Rahid Pirvəlizadə ilə eyni məzmunlu ifadə verərək onun ifadəsində göstərdikləri xüsusatları təsdiq etmişdir. Məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 220 nömrəli rəyindən müəyyən olunur ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər – qapalı kəllə-beyin travması və baş beyin sirkələnməsi ilə müşayət olunan sağdan alın sümüyünün ön divarının və burun sümüyünün az yerdəyişən sınığı, sağ qaş qövsünün, sağ gözün bayır bucağının (sağ almacıq nahiyəsinin) yaraları, sağ gözün ağlı qişasına qansızma bərk-küt əşya (alət) təsirindən törənmişdir, həmin xəsarətlər xx xxx 2020-ci il tarixdə və ekspertizanin təyin edilməsinə dair qərarda təsvir olunan şəraitdə törənməsi istisna edilmir, həmin xəsarətlər sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddir. xx xxx 2020-ci il tarixli 176 nömrəli sərxoşluq dərəcəsinin müəyyən edilməsinə dair tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdəki tibbi müayinəsi zamanı sərxoşluğu olmamışdır. İsmayıllı rayon X1 X3 şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 457 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsində narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. xx xxx 2020-ci il tarixdən “Ensofolopatiya kəllə daxili hipertenziya qıcolma tutulmalar” diaqnozu ilə “nevroloji” kabinetində dispanser qeydiyyatındadır. Əmək və X2 Nazirliyi yanında DSMF-nun İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********9 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik yanında Dövlət X4 İsmayıllı rayon şöbəsindən İİ qrup ümumi səbəbdən əlil kimi 130 (bir yüz otuz) manat sosial müavinət alır. Məhkəmə-psixiatrik ekspertizasının xx xxxx 2020-ci il tarixli308nömrəli rəyindən görünür ki,Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər (İsmayıllı RMX-dan verilmiş xx xxxx 2020-ci il tarixli 457 saylı arayış, abmulator kitabçadan çıxarış, Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanasından verilmiş 3098 saylı sağlamlıq vəziyyətinin müayinə edilməsi aktı), anamnestik məlumatlar və hazırkı ekspertiza (ekspertiza zamanı onda emosional davamsızlıq aşkar edilməsi, hövsələsiz və acıqlı olması, onda əsəbiliyə və konfiliktə meyillilik müşahidə edilməsi, tez qıcıqlanması, xırda qıcığa nevrotik reaksiya ilə cavab verməsi və s.) imkan verir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik çizgiləri) baxmayaraq o, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. O, hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı şəhər Mənzil İstismar Sahəsi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.F.Axundov küçəsi ev 34-A, mənzil 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, subaydır, İİ qrup əlil olmaqla təqaüd alır, həmin ünvanda yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində heç bir şikayət daxil olmamışdır. “Şahdağ MMC” firması tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli 33 nömrəli məktubdan görünür ki, 2020-ci ilin may ayına bir ədəd 0,5 litrlik pivə bakalının qiyməti təxminən 3 manat təşkil edir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxx 2020-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 23:35-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin xx xxx 2020-ci il tarixli 4(037)-19/2020 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina edilmiş və həmin tarixdə barəsində 03 (üç) ay müdətinə “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş və ev dustaqlığının əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni xx xxx 2020-ci il tarixdə saat 23:35-dən hesablanmışdır. Tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2017-ci il tarixli Sərəncamının 133 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halların olmamasını, onun 2-ci qrup əlil olmasını, cinayət əməlini zərərçəkmiş şəxsin ictimai davranış qaydalarına zidd hərəkətlərinin təsiri altında törətməsini, təqsirləndirilən şəxsə təyin edilən cəzanın onun islah olunmasına və həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrin sanksiyalarında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzalarının təyin edilməsini, onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il müddətə , Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsinə əsasən isə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini, onun xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə və xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 15 (on beş) gün müddətinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilən 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzasının saxlanılmasını, ancaq təqsirləndirilən şəxsə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının real olaraq çəkilməsinin məqsədə müvafiq olmamasını və onun cəza çəkmədən islah oluna biləcəyini mümkün sayaraq təqsirləndirilən şəxslə davranışda ictimaiyyətin daha fəal iştirakını təmin etmək, təqsirləndirilən şəxsdə cəmiyyət qarşısında məsuliyyət hissinin artmasına yardım göstərmək məqsədi ilə onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsini tətbiq etməklə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab olunmasını əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, ona sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməməsi və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və probasiya şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və probasiya şöbəsinə gəlməsi vəzifəsi tapşırılmalı, sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilməli və qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cümaddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək həbsdə və xx xxx 2020-ci il tarixdən xx xxxxxxxx 2020-ci il tarixədək ev dustaqlığında saxlanıldığı cəmi 03 (üç) ay 15 (on beş) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Hökmün təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilsin və onun üzərində saxlanılmış 02 (iki) il 02 (iki) ay 15 (on beş) gün müddətə azadlıqdan məhrum etmə cəzası 01 (bir) il 06 (altı) ay sınaq müddəti müəyyən olunmaqla şərti hesab edilsin. Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs tapşırılsın ki, sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməsin və qeydiyyatdan keçmək üçün yaşadığı yer üzrə İcra və Probasiya Şöbəsinin müəyyən etdiyi vaxtlarda həmin İcra və Probasiya Şöbəsinə gəlsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilərək “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut, mülki iddia tələbi və ekspertiza xərci yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar