Məhkəmə qərarları › İş №1(037)-38/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-38/2022

28.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-38/2022 28.06.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi, 28 iyun 2022-ci il tarixdə saat 12:55-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1979-cu ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 47 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 35.89 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üzərində saxlamış, 20 fevral 2022-ci il tarixdə saat 20 radələrində İsmayıllı rayon Polis şöbəsinin əməkdaşları tərəfindən İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi 47 saylı ünvandakı yaşadığı evinin qarşısında saxlanılmış, rayon polis şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış keçirilmiş, axtarış zamanı əynindəki gödəkcəsinin cibindən bir ədəd şəffav rəngli sellofan torbada satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün saxladığı, quru halda yaşımtıl rəngli, şəxsi istehlak miqdarından artıq miqdarda, həmin 35.89 qram çəkidə, bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana ondan aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, 21 fevral 2022-ci il tarixdə şübhəli şəxs qismində İsmayıllı rayon Polis şöbəsinin müvəqəti saxlanma yerində saxlanılarkən “Covid 19” yoluxucu xəstəliyi ilə əlaqədar keçirilmiş müayinə zamanı onda “Covid 19” infeksiyasının pozitiv olması aşkar edilmiş və 22 fevral 2022-ci il tarixdə tibb işçiləri tərəfindən evdə müalicə olunması qərara alınmaqla karantin qaydalarını pozmağa görə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilə biləcəyinə dair iltizama imza etmiş, buna baxmayaraq, Təqsirləndirilən şəxs “Covid 19” infeksiyası daşıyıcısı olmasını bilə-bilə, epidemiya əleyhinə rejimin və karantin rejiminin qaydalarına əməl etməyərək və mövcud karantin qaydalarının tələblərini pozaraq 23 fevral 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evi tərk edərək İsmayıllı şəhəri M.Əzizbəyov küçəsində və insanların sıx hərəkətdə olduğu İsmayıllı şəhər mərkəzi bazarında olmaqla “Covid 19” infeksion xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, həmin gün saat 09:20 radələrində İsmayıllı RPŞ-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs İsmayıllı şəhər mərkəzi bazarında saxlanılmış, bu barədə protokol tərtib edilmiş və İsmayıllı RMX-nın TTY avtomobili ilə aparılaraq evinə yerləşdirilmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 20 fevral 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin qarşısında dayandığı zaman bir neçə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Polis əməkdaşları ona üzərində narkotik vasitə olmasına dair şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirəcəklərini, bu barədə əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini bildirərək ona birlikdə İsmayıllı RPŞ-nə getməyi təklif etmişlər. O etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Şöbənin növbətçi hissəsinin qarşısında ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmişdir. Sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirəcəklərini bildirmiş, axtarış prosesinin video kamera vasitəsilə qeydə alacaqları barədə xəbərdar edilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl üzərində narkotik vasitə vardırsa təqdim etməyi təklif olunmuşdur. Bu zaman onun əynindəki gödəkcəsinin cibində özünə məxsus sellofan torbanın içərisindəki qurudulmuş marixuana olmuşdur. Bu barədə polis əməkdaşlarına bildirməmiş, şəxsi axtarış zamanı üzərindən həmin marixuana aşkar edilərək götürülmüşdür. O, həmin vasitənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Qurudulmuş marixuananı 2022-ci ilin fevral ayının 20-də səhər saatlarında İsmayıllı şəhərində yerləşən “Kolxoz bazarı” adlanan bazarın ətrafından tapdığını bildirmişdir. O, əvvəllər də qurudulmuş marixuana narkotik vasitəsindən istifadə etdiyi üçün tapdığı marixuananı istifadə etməkdən ötrü götürüb sellofan torba ilə birlikdə cibinə qoymuş, həmin ərəfədə həmin marixuanadan bir dəfə istifadə etmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitə sellofan torba ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra o, şübhəli şəxs kimi İsmayıllı RPŞnin MSY-nə yerləşdirilmişdir. Orada olduğu zaman tibb işçiləri tərəfindən ondan “Covid 19” xəstəliyi ilə bağlı analiz götürülmüşdür. Analizin cavabı pozitiv olduğuna görə X2 azad edilmiş və tibb işçiləri tərəfindən aparılaraq evinə yerləşdirilmiş və evdə müalicə olunmağı qərara alınmışdır. Ona müalicə dövründə yaşadığı ünvanı tərk etməmək və tərk edəcəyi təqdirdə barəsində Azərbaycan Respublikasınının inizbati və ya cinayət qanunceriliciyinin tətbiq ediləcəyi barədə xəbərdarlıq edilərək bu haqda iltizam alınmışdır. Həmin vaxt arvadı və azyaşlı qızı atasıgildə olmuşlar. 23 fevral 2022-ci il tarixdə özünə və evə lazımı olan ərzağa ehtiyac yarandığına görə marketə gedərək gündəlik tələbat məhsulları almaq qərarına gəlmişdir. Saat 09 radələrində yaşadığı evini tərk edərək H.Əliyev prospekti ilə hərəkət edib İsmayıllı şəhərindəki mərkəzi bazara gəlmişdir. Bazarda bir müddət hərəkətdə olduqdan sonra polis əməkdaşlarının ona yaxınlaşdığını görmüşdür. Polis əməkdaşları ona “Covid 19” infeksion xəstəliyinin daşıyıcısı olduğunu, adının xəstəliyə yoluxmuş sakinlərin siyahısında olduğunu, barəsində ev şəraitində müalicə olunmaq barədə qərar qəbul edildiyini, buna baxmayaraq evi nə səbəbə görə tərk etdiyini soruşmuşlar. O, evə və özünə bəzi vacib əşyaların lazım olduğunu və evdə heç kimin olmadığına görə özünün məcburən bazara gəldiyini bildirmişdir. Bir neçə dəqiqə sonra İsmayıllı RPŞ-nin və İsmayıllı RMX-nın TTY bölməsinin əməkdaşları da oraya gəlmişlər. Polis əməkdaşları videoçəkiliş vasitəsilə baxış keçirirərək protokol tərtib etmişlər. O tərtib edilmiş protokola imza etmişdir. Bundan sonra tibb işçiləri tərəfindən yaşadığı ünvana aparılaraq evə yerləşdirilmişdir. Törətdiyi cinayət əməllərindən səmimi peşman olmuşdur. Evində işləyərək evə qazanc gətirən yeganə şəxs odur, himayəsində azyaşlı uşağı vardır. Özü ağciyər xəstəsi olmaqla daimi müalicə və müayinələrə ehtiyacı var. Bu halların cəza təyin edilən zaman nəzərə alınaraq ona həbslə əlaqədar olmayan cəza verilməsini xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi onun etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspertiza rəyi və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Şahid İsmayıllı rayon Polis şöbəsinin NMQ-nun baş əməliyyat müvəkkili X7 ifadə verərək göstərdi ki, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatına malik olduğundan 20 fevral 2022-ci il tarixdə bu barədə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmişdir. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Həmin tarixdə saat 20 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 47 ünvanındaki evinin qarşısında yol kənarında olarkən ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Nadirə üzərində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini bildirərək həmin qərarla onu tanış etmişlər. Sonra isə Nadirə üzərində şəxsi axtarış aparılması məqsədilə onlarla İsmayıllı RPŞ-nə getməsini təklif etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və birlikdə polis şöbəsinə gəlmişlər. Şöbənin növbətçi hissəsində Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin olunmuş, ona hüquq və vəzifələri izah edilmiş və şübhəli şəxs kimi tutularaq barəsində protokol tərtib olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşlarının və müdafiəçinin iştirakları ilə üzərinə şəxsi axtarış keçiriləcəyi, həmin proses zamanı isə videoçəkiliş aprılacağı bildirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində narkotik vasitə olduğu halda onları könüllü təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet olmadığını bildirmişdir. Onlar Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmışdır. Şəxsi axtarış zamanı Nadirin əynindəki gödəkcənin sol yan cibindən bir ədəd sellofan torba aşkar edilmiş, həmin sellofan torba açıldıqda içərisində yaşımtıl rəngli, quru halda, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin torbadakı vasitənin qurudulmuş marixuana olmasını, özünə məxsus olduğunu, şəxsi istifadə etmək məqsədilə üzərində saxladığını, satış niyyətinin olmadığını bildirmişdir. Nadir həmin narkotik vasitəni 2022-ci ilin fevral ayının 20-də səhər saatlarında, İsmayıllı şəhərində yerləşən “Kolxoz bazarı” adlanan bazar ətrafında, yol kənarında yerdən tapdığını bildirmişdir. Aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana sellofan torba ilə birlikdə xüsusi elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu imzası ilə təsdiq etmişdir. Şahid İsmayıllı rayon Polis şöbəsinin ictimai-təhlükəsizlik bölməsinin sahə rəisi X8 ifadə verərək göstərdi ki, Azərbaycan Respublikası ərazisində tətbiq edilən xüsusi karantin rejimi dövründə o, və digər polis əməkdaşlarına İsmayıllı rayonu ərazisində yaşayan COVİD-19 infeksiyasına yoluxan xəstələrin siyahısı verilmişdir. Siyahıda COVİD-19 infeksiyasına yoluxan xəstələrin ad, soyad, ata adları, şəxsiyyət vəsiqələrinin nömrələri, qeydiyyatda olduqları ünvanları və hansı tarixdə infeksiyaya yoluxduqları barədə məlumatlar göstərilmişdir. 23 fevral 2022-ci il tarixdə saat 09:20 radələrində İsmayıllı RPŞnin İTB-nin sahə polis nəfəri, polis baş serjantı Xəyyam Məmmədovla birlikdə İsmayıllı şəhəri mərkəzi bazarın ərazisində xidmət apararkən “Covid-19” infeksiyası xəstələrinin siyahısında olmaqla ev şəraitində müalicə olması və evdən çıxışı qadağan edilmiş Təqsirləndirilən şəxs bazar ərazisində insanların sıx hərəkətdə olduğu yerdə hərəkətdə olduğunu görmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək Covid-19 infeksiyası xəstəsi olduğu üçün kənara durmasını bildirmişlər. Bundan sonra polis əməkdaşlarına məlumat vermişlər. Bundan sonra İstintaq bölməsinin baş müstəntiqi X1 və RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti X6 da Təqsirləndirilən şəxs aşkar olunduğu yerə gəlmişlər. Təqsirləndirilən şəxs hal şahidləri dəvət edilmədiyinə görə videoçəkilişlə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs baxışın videoçəkilişlə keçirilməsinə heç bir etirazının olmadığını qeyd etmişdir. Ara məsafəsi və karantin qaydaları gözlənilməklə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, 21 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutularaq saxlanıldığı İsmayıllı RPŞ-nin müvəqqəti saxlama yerində İsmayıllı rayon Mərkəzi Xəstəxanasının tibb işçiləri gələrək Covid-19 infeksiyası ilə əlaqədar burun və ağız nahiyəsindən yaxma üsulu analiz götürmüş, 22 fevral 2022-ci il tarixdə səhər tezdən verdiyi Covid-19 analizinin cavabı pozitiv çıxdığı müəyyən edilmişdir. Həmin gün karantin və epidemiya qaydaları gözlənilməklə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, tibb içiləri tərəfindən yaşadığı İsmayıllı şəhəri, M.Əzizbəyov küçəsi ev 47 ünvanına aparılmış və RMX-nın işləri tərəfindən 7 gün ərzində yaşadığı evi tərk etməmək, əks halda cinayət məsuliyyəti daşımağı barədə iltizam tərtib edilmiş, ona həmin iltizama imza etdirmişlər.Videoçəkilişlə baxış keçirildikdən sonra protokol tərtib edilmiş, protokol iştirakçıların imzaları ilə təsdiq edilmişdir. Şаhid İsmayıllı RPŞ-nin İTB-nin sahə polis nəfəri X3 şahid Ağacan Qarayev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. “Şəxsi axtarış keçirilməsinə dair” 20 fevral 2022-ci il tarixli protokoldan görünür ki, 20 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əynindəki tünd qəhvəyi rəngli gödəkcənin sol yan cibindən, bir ədəd sellofan torba aşkar edilmiş, həmin sellofan torba açıldıqda içərisində yaşımtıl rəngli, quru halda, spesifik iyə malik, narkotik vasitə qurudulmuş marixuana olması məlum olmuşdur. Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarışın davamında başqa hər hansı qadağan olunmuş əşya və ya predmet aşkar edilməmişdir. “Hadisə yerinə baxış keçirilməsinə dair” 23 fevral 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 fevral 2022-ci il tarixdə “Covid 19” infeksion xəstəliyinə yoluxmasına baxmayaraq ona tətbiq edilən karantin qaydalarının və ev şəraitində müalicə almaq tələblərini pozaraq yaşadığı ünvanı tərk edən Təqsirləndirilən şəxs aşkar edilərək saxlanıldığı yerin İsmayıllı şəhəri H.Əliyev prospekti ilə Cavanşir küçəsinin kəsişməsində yerləşən Mərkəzi bazarın “Dəmirçilər” deyilən hissəsində olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə səhər saatlarında yaşadığı M.Əzizbəyov küçəsi ev 47 ünvanında yerləşən evini tərk edib H.Əliyev prospekti ilə hərəkət edərək bazar ərazisinə gəlməsi müəyyən edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 21 fevral 2022-ci il tarixli 17/163 nömrəli rəyindən göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “...Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd sellofan torbada narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd sellofan torbada, təmiz çəkisi – 35.89 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-tibbi ekspertizasının 18 mart 2022-ci il tarixli 146/KEŞ nömrəli rəyindən görünür ki, 21 fevral 2022-ci il tarixdə yeni növ koronavirus infeksiyasının (Covid 19 PCR) təyini üçün aparılmış laborator müayinə zamanı Təqsirləndirilən şəxs müayinənin nəticəsinin pozitiv olduğu müəyyən edilmişdir; Təqsirləndirilən şəxs “Covid 19” virus infeksiyasının daşıyıcısı olduğu halda sanitar-gigiyena qaydalarını pozmaqla digər şəxsləri xəstəliyə yoluxdura biləcəyi istisna edilmir. Əlavə məhkəmə-bioloji ekspertizasının 11 aprel 2022-ci il tarixli 17/303 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd sellofan torbada narkotik...” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd əffaf sellofan torbada qurudulmuş marixuana ilə üzərində “... vətəndaş X4 məxsus həyətyanı sahədə olan yardımçı tikildən aşkar edilərək bitki kütləsi...” sözləri yazılmış zərfin içərisindəki 01 ədəd sellofan torbada olan qurudulmuş marixuana tərkibinə görə fərqlidirlər. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 06 aprel 2022-ci il tarixli 431 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmuş, cəzasını çəkmiş, hazırda məhkumluğu yoxdur. İsmayıllı RİHB-nin İsmayıllı şəhər inzibati ərazi darəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhər M.Əzizbəyov küçəsi ev 47 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, evlidir, himayəsində 04 iyul 2013-cü il təvəllüdlü bir azyaşlı uşağı vardır, yaşadığı müddət ərzində barəsində inzibati ərazi darəsi üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon Mərkəzi Xəstəxanası tərəfindən verilmiş 03 mart 2022-ci il tarixli 02- 02-157/2022 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon Mərkəzi Xəstəxanasının poliklinika şöbəsinin “Nevroloji”, “Narkoloji” və “Ruhi-Əsəb” kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin 20 fevral 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 20 fevral 2022-ci il tarixli protokolundan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 20:04-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 22 fevral 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:00-da saxlanıldığı İsmayıllı RPŞ-dən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında 23 fevral 2022-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə ekspertiza tədqiqatından sonra qalıq qalmış 35.82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci mаddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci mаddələri ilə düzgün tövsif edilmiş və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci mаddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halı, ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddələrnin sanksiyalarında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi əsaslı və ədalətlidir. Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdə saat 20:04-dən 22 fevral 2022-ci il tarixdə saat 12:00-dək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün ona təyin edilən azadlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti cəza saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 47 ünvanındakı evini tərk etməmək, İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən narkoloji kabinetdə qeydiyyata alınması və ona narkomaniyadan məcburi müalicə təyin edilməsi məsləhət görüldüyünə görə o, narkoloji kabinetdə qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 35.82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1, 234.1-ci maddələri maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinə əsasən 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66-cı maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 20 fevral 2022-ci il tarixdən 22 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01(bir) il 11(on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı şəhəri M.Əzizbəyov küçəsi ev 47 ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 01 ədəd zərfdə qablaşdırılmış ekspertiza tədqiqatından sonra qalıq qalmış 35.82 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar