Məhkəmə qərarları › İş №1(037)-38/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-38/2023

06.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-38/2023 06.06.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 06 iyun 2023-cü il tarixdə saat 14:25-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1970-ci ildə Abşeron rayonu Xırdalan qəsəbəsində аnаdаn оlmuş, Аzərbаycаn Rеspublikаsı vətəndаşı, subay, оrtа təhsilli, işsiz, əvvəllər məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Şəki Penitensiar Müəssisəsində saxlanılan, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını açıq talamaq məqsədi ilə 07 fevral 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən “Dost market” adlanan dükana müştəri qismində daxil olaraq, həmin vaxt dükanda kassir işləyən X4 yaxınlaşıb dənə ilə siqaret satılıb-satılmadığını soruşmuş və cibində olan 1 manatlıq pul əskinasını uzadaraq sonuncudan həmin pulu xırdalayıb əvəzində qəpik pul verməsini xahiş etmiş, Aytac Mehdiyeva pulu götürüb kassanı açaraq qəpik pul vermək istədikdə, o, Aytac Mehdiyevanın gözü qarşısında əlini uzadıb kassadan Zərərçəkmiş şəxs məxsus müxtəlif əskinaslardan ibarət cəmi 300 (üç yüz) manat məbləğində pulu götürüb sürətli addımlarla dükandan çıxaraq Aytac Mehdiyevanın pulu qaytarması tələbini eşitməsinə baxmayaraq buna əhəmiyyət vermədən dükanın qarşısında dayanmış taksiyə oturub oradan uzaqlaşmaqla özgənin əmlakını qəsdən açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, mərhum qardaşı X3 yadigar qalmış 1 (bir) ədəd 16 kalibrli, “TOZ- B” modelli, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, seriya və nömrəsi kustar üsulla silinmiş, qoşalüləli, hamar-yivsiz odlu ov silahı olan tüfəngin lüləsini və qundağını 2022-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda, yaşadığıİsmayıllışəhəri, Cavanşir küçəsi, 7 saylıünvanda yerləşən evinin həyətində, özündə olan dəmir kəsən mişarla kəsərək həmin tüfəngin ilkin təyinatını dəyişdirməklə, yəni lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, dəyişiklikdən sonra ümumi uzunluğu 490 millimetr təşkil edən, qundağı dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, odlu silah hesab edilən tüfəng kəsiyini qəsdən qanunsuz olaraq hazırlamışdır. Bundan əlavə, o, 2022-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllışəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən evinin həyətində qəsdən qanunsuz olaraq hazırlayıb əldə etdiyi, 1 (bir) ədəd 16 kalibrli, “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 millimetr olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, seriya və nömrəsi kustar üsulla silinmiş, qoşalüləli, hamar-yivsiz, konstruktiv dəyişikliyə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, odlu silah hesab edilən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, dəyişiklikdən sonra ümumi uzunluğu 490 millimetr təşkil edən tüfəng kəsiyini daşıyaraq yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin giriş hissəsində olan otaqdakıçarpayının üzərindəki döşəyin alt hissəsində gizlədərək 08 fevral 2023-cü il tarixə kimi orada saxlamış, 08 fevral 2023-cü il tarixdə, saat 10:55 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd odlu silah hesab edilən 16 kalibrli, “TOZ-B” modelli tüfəng kəsiyi aşkar edilərək götürülmüşdür. Qeyd edilən əməllərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələri ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilmiş və ifadəsində göstərmişdir ki, İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında qeydiyyatda olmaqla yaşayır. Rəsmi olaraq heç bir yerdə işləməmiş, arabir avtomobil təmiri ilə məşğul olmuşdur. O, əvvəllər bir neçə dəfə məhkumluq həyatı yaşamış, sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 25 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəza müddətimin sonu ilə azad olunmuşdur. 07 fevral 2023-cü il tarixdə saat 10:30 radələrində evdə sıxıldığından iş tapmaq məqsədilə evdən çıxıb İsmayıllı rayonu mərkəzi bazar adlanan yerə tərəf getmiş, bir müddət bazarda gəzəndən sonra siqaret almaq üçün həmin ərazidə yerləşən “Dost” marketə girmişdir. Giriş hissədə sağda yerləşən kassaya yaxınlaşmış, kassada 18-20 yaşlı tanımadığı qız olmuşdur. O, qızdan dənə ilə siqaret satılıb-satılmadığını soruşmuş, qız isə ona dənə ilə siqaret satmadıqlarını bildirmişdir. Bu zaman o cibindəki bir manatlıq pul əskinasını çıxarıb qıza uzatmış və həmin bir manatı qəpik pula çevirməsini xahiş etmişdir. Qız pulu ondan götürmüş və əvəzinə qəpik pul vermək üçün kassanı açmışdır. Həmin vaxt ətrafda satıcıdan başqa heç kim olmamış, kassanın açıq olduğunu və kassada pul topasının olduğunu görüb anidən pulu götürmək qərarına gəlmiş və əlini uzadaraq açıq vəziyyətdə olan kassadan əlinə düşdüyü qədər pulu götürmüşdür. Bundan sonra o, dərhal iti addımlarla marketdən çıxmış və götürdüyü pulu saymadan, topa şəkildə əynindəki göy rəngli cins şalvarın arxa cibinə qoymuşdur. O, pulu kassadan anidən götürdüyündən satıcı qız ona müqavimət göstərə bilməmiş, lakin qız onun kassadan pul götürdüyünü görmüşdür. O, pulu götürərkən satıcıya heç bir xəsarət yetirməmiş, pulu götürüb çıxarkən satıcının yüksək səslə “pulu apardı” deyə qışqırdığını eşitmiş, lakin buna məhəl qoymadan marketin qarşısında dayanmış ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı Vaz 2107 markalı taksiyə əyləşmişdir. O, taksi sürücüsündən İsmayıllı şəhəri Kəpənək dairəsi adlanan yerə sürməyini xahiş etmişdir. Yol gedərkən o, mağazadan götürdüyü pulu çıxarıb saymış və həmin pulu səliqəli şəkildə yığaraq yenidən arxa cibinə qoymuşdur. Həmin puldan başqa cibində əlavə pul olmamışdır. Mənzil başına çatdıqdan sonra o mağazadan götürdüyü pulların içindən bir ədəd 20 manatlıq pul əskinasını çıxarıb sürücüyə vermiş, sonuncu ona 1 ədəd 10 manatlıq, 1 ədəd 5 manatlıq və 3 ədəd 1 manatlıq olmaqla ümumilikdə 18 manat pul qaytarmışdır. Bir müddət oralarda gəzişdikdən sonra etdiyi əməldən peşman olmuş, bu səbəbdən də oradan İsmayıllı RPŞ-yə gələrək etdiyi əməlini etiraf etmişdir. O, məhkum olunmamışdan əvvəl mərhum qardaşı X7 ilə birlikdə İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yaşamış, Valerik 2021-ci ilin sonlarında tarixdə xəstəlikdən dünyasını dəyişmişdir. Qardaşı dünyasını dəyişərkən o, cəzaçəkmə müəssisəsində cəza çəkmiş, azadlığa çıxandan sonra yaşadıqları evə gəldikdə evdə dolabın içərisində bir ədəd ov tüfənginin olduğunu görmüşdür. Həmin tüfəng uzun müddət mərhum qardaşı Valerikdə olmuş, tüfəngin lülə və qundaq nömrələri silinmiş vəziyyətdə olmuşdur. Tüfəng uzun müddət istifadə olunmadığından paslanmış vəziyyətdə olmuş, ilk öncə həmin tüfəng diqqətini cəlb etməmişdir. Qardaşı Valerikdən ona yadigar qalan ov tüfənginin qundaq və lülə hissəsini kəsib üzərində gəzdirmək üçün əlverişli vəziyyətə gətirmək istəmiş, 2022-ci ilin noyabr ayında, dəqiq tarixi xatırlamadığı vaxtda günorta saatlarında yaşadığı evin həyətində həmin tüfəngin qundaq və lüləsini kəsmək qərarına gəlmiş, evin həyətində dəmir kəsən mişarla həmin tüfəngin qundağını və lüləsini kəsmiş, həmin silahın ölçüsünü balacalaşdırmış və üzərində gəzdirmək üçün əlverişli vəziyyətə gətirmişdir. Bir müddət rayon ərazisində silahı özü ilə gəzdirsə də bunun mənasız bir hərəkət olduğunu düşünüb tüfəngi yaşadığı evə, yatdığı çarpayının üzərindəki döşəyin altında gizlətmişdir. 07 fevral 2022-ci il tarixdə etdiyi soyğunçuluq əməlinə görə şübhəli şəxs qismində tutularaq İsmayıllı RPŞ-nin MSY-də saxlanılan zaman polis əməkdaşları ona evində qanunsuz odlu silah saxlamağı barədə əməliyyat məlumatı daxil oluğunu bildirmiş və evinə onun iştirakı ilə baxış keçirmək istəmişlər. O, evinə baxış keçirilməsinə heç bir etirazının olmaması barədə ərizə təqdim etmiş, polis əməkdaşları ilə birlikdə evin qarşısında dayanarkən silahı yatdığı çarpayının üstünə qoyulmuş döşəyin altına qoyduğunu demiş və silahı təqdim etmişdir. Silah polis əməkdaşları tərəfindən götürülmüş qablaşdırılmış, üzəri möhürlə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və protokol iştirakçılar və onun tərəfindən imzalanmışdır. Hazırda əməlindən peşmandır. Ona görə də məhkəmədən göstərdiyi halları nəzərə alaraq, ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, “Dostmarket” mağazalar şəbəkəsinin İsmayıllı rayon filialının mağaza müdiri vəzifəsində çalışır. İşlədiyi mağaza İsmayıllı şəhəri H.Əliyev prospektində yerləşir. Gündəlik olaraq hər səhər saat 07:30 radələrində mağazanı açır və axşam saat 22 radələrində isə mağazanı bağlayıb evə gedir. Mağazada 2 nəfər kassir və 4 nəfər satıcı işləyir. 07 fevral 2023-cü il tarixdə həmişə olduğu kimi səhər saat 07:30 radələrində mağazanı açmış, həmin tarixdə günorta saat 12:40 radələrində mağazadan çıxmış və uşaqları məktəbə aparmaq üçün evinə getmişdir. Saat 13:00-da mağazada kassir işləyən Aytac Mehdiyeva onun istifadəsində olan mobil nömrəsinə zəng edərək, həyəcanlı şəkildə mağazadan soyğnçuluq olduğunu bildirmişdir. O, tez mağazaya gəlmiş, Aytac Mehdiyeva ağlaya-ağlaya “apardı, apardı” deyə qışqırmışdır. O, dərhal mağazanın təhlükəsizlik kameralarına baxmış və bir nəfər əynində qara gödəkcə, tünd göy rəngli cins şalvar, başında isə qara rəngli papaq olan əvvəldən tanımadığı şəxsin 12:54 radələrində mağazaya daxil olub kassir Aytac Mehdiyevaya yaxınlaşdığını və 1 manat pul uzatdığını, Aytac Mehdiyeva isə kassanı açan kimi həmin şəxsin əlini uzadıb kassadan 20 manatlıq pul əskinaslarını götürüb tez mağazadan çıxdığını və mağazanın qarşısında taksi kimi dayanan ağ rəngli Vaz 2107 markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilə əyləşib oradan uzaqlaşdığını görmüşdür. O, video görüntüyə baxıb tez mağazadan çölə çıxmış və mağazanın qarşısında olan tanımadığı şəxslərdən belə bir adamın hansı istiqamətə getdiyini soruşmuşdur. Onlar da həmin şəxsin Şükür adlı taksi sürücüsünun avtomobilinə əyləşib Qala şadlıq sarayı istiqamətində getdiyini demişlər. Həmin vaxt həmin Şükür adlı taksi sürücüsü oraya gəlmiş və o, sonuncudan müştərini hansıünvana apardığı soruşmuşdur. Sürücü Röya şadlıq sarayının yaxınlığında həmin adamın avtomobildən düşdüyünü bildirmişdir. O, yenidən Şükürün avtomobilinə əyləşib həmin yerə getmiş, həmin şəxs artıq orada olmamışdır. O, mağazaya gəlmiş və kassadakı pulu saydıqda 300 manat pulun aparıldığını müəyyən etmişdir. Bu səbəbdən İsmayıllı rayon polis şöbəsinə gedərək baş vermiş hadisə barədə ərizə ilə müraciət etmişdir. Faktiki olaraq ona vurulmuş ziyan ödənilməmiş, lakin buna baxmayaraq təqsirləndirilən şəxsə qarşı tələbi və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid X2 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. İsmayıllı şəhər sakini, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən evdə qanunsuz olaraq odlu silah saxlaması barədə əməliyyat məlumatı daxil olduğu üçün bu barədə raportla şöbə rəhbərliyinə məruzə edilmiş, bu barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunmuş və şöbə rəhbərliyi tərəfindən təsdiq edilmiş, əməliyyat-istintaq qrupu yaradılmışdır. Həmin gün Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 180.1-ci maddəsi ilə şübhəli bilinərək, İsmayıllı RPŞ-nin MSY-də saxlanılmış, Təqsirləndirilən şəxs yaşadığı evdə qanunsuz olaraq odlu silah saxladığı barədə şübhəli olduğu və evinə baxış keçirilməsi zərurəti yarandığı ona bildirilmiş, sonuncu, evinə baxış keçirilməsinə heç bir etirazı olmaması barədə ərizə ilə müraciət etmiş, həmin gün saat 10:55-də Təqsirləndirilən şəxsla birlikdə sonuncunun yaşadığı evin qarşısına getmişlər. Təqsirləndirilən şəxs əməliyyataxtarış tədbiri qərarı ilə tanış edilmiş, ilk öncə sonuncudan yaşadığı evdə və ya evin həyətyanı sahəsində hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet, həmçinin odlu silahın olub-olmadığı soruşulmuşdur. Təqsirləndirilən şəxs evində odlu silah saxladığını etiraf etmiş və təqdim edə biləcəyini bildirmişdir. Onlar birlikdə Ruslanın yaşadığı evə daxil olmuş və sonuncu, yaşadığı evin giriş hissəsində, yatdığı çarpayının üstündəki döşəyin altında saxladığı lüləsi və qundağı kəsik formada olan ov tüfəngi təqdim etmiş, həmin tüfəng götürülmüş və qablaşdırılaraq üzəri İsmayıllı RPŞ-nin 74 nömrəli möhürü ilə möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Onlar əlavə olaraq evə baxış keçirmiş, hər hansı qanunla qadağan olunmuşəşya və ya predmet aşkar olunmamışdır. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili X9 eyni məzmunlu ifadə verərək şahid X1 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işi üzrə Şahid məhkəməyə teleqram ünvanlayaraq üzürlü səbəblərdən məhkəmə baxışı iclasına gələ bilmədiyini və ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən məhkəmə iclasında Şahid ibtidai istintaqa verdiyi ifadəsi oxunub elan olunmuşdur. Şahid ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ailəsi ilə birgə İsmayıllı rayonunun İsmayıllı kəndində yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Taksiçilik fəaliyyəti ilə məşğul olur. Özünə məxsus ağ rəngli, Vaz 2107 markalı, **-NR-*** dövlət qeydiyyat nişanlı avtomobili var. 07 fevral 2023-cü il tarixdə İsmayıllışəhəri, H.Əliyev prospektində yerləşən “Dost market” adlanan dükanın qarşısında dayanmış, saat 12-13 radələri olmuş, həmin vaxt tanımadığı bir şəxs avtomobilə əyləşmiş və sürməyini istəmiş, o, sonuncudan hara gedəcəyini soruşduqda həmin şəxs, Röya şadlıq sarayının yaxınlığında düşəcəyini bildirmişdir. Sonuncu ondan sürətli sürməyini tələb etmiş, lakin onun nə üçün belə dediyini bilməmişdir. Yol gedə-gedə həmin şəxs 20 manatlıq pul əskinası uzadıb gediş haqqını çıxmağını istəmiş, o da sonuncuya “avtomobili saxdalıqdan sonra pulu verərəsən” demişdir. Röya şadlıq sarayınıın yaxınlığında avtomobili saxlamış, həmin şəxs, 20 mantlıq pul əskinasını ona vermiş, o da sonuncuya 18 manat pul qaytarmış, həmin şəxsi orada düşürtdükdən sonra o, yenidən Dost marketin qarşısına getmiş, lakin həmin şəxsin hansı tərəfə getdiyini görməmiş, dost marketin qarşısına çatdıqda həmin mağazanın müdiri Emil ona apardığı müştərinin mağazasından oğurluq etdiyini bildirmiş və həmin şəxsin harada düşdüyünü soruşmuş, o, həmin şəxsi Röya şadlıq sarayının yaxınlığında düşürtdüyünü bildirmiş və Emillə birlikdəöz avtomobili ilə yenidən həmin yerə qayıtmış, lakin həmin şəxs orada olmamış, onlar yenidən Emillə birlikdə qayıdıb mağazaya gəlmiş, daha sonra Emil polis əməkdaşlarına bu barədə məlumat vermişdir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Belə ki, cinayət işinin materiallarında olan: “Hadisə yerinə baxış keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixdə tərtib edilmiş protokoldan görünür ki, soyğunçuluq hadisəsinin baş verdiyi yer İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən “Dost market” adlanan ərzaq dükanıdır. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 08 fevral 2023-cü il tarixli protokoldan görünür ki, odlu silah hesab edilən 16 kalibrli, “TOZ-B” modelli tüfəng kəsiyinin aşkar olunduğu yer, Təqsirləndirilən şəxs yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi 7 ünvanında yerləşən fərdi yaşayış evidir. Cinayət işinin materialarına əlavə edilmiş video görüntünün əlavə olunduğu “DVD diskə baxış keçirilməsi haqqında” 07 fevral 2023-cü il tarixli protokoldan görünür ki, 07 fevral 2023-cü il tarixdə əynində qara gödəkcə, tünd göy rəngli cins şalvar, başında qara rəngli papaq olan hündür boylu şəxs bir nəfər şəxsin mağazaya daxil olaraq kassada olan xanıma yaxınlaşmış, ona pul əskinası uzatmış, kassada olan işçinin kassanı açdıqdan sonra həmin şəxs əlini uzadıb oradan pul əskinaslarını götürüb iti addımlarla mağazadan çıxmışdır. Məhkəmə-ballistik ekspertizasının 13 aprel 2023-cü il tarixli 3/546 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd silah 16 kalibrli olmaqla “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 mm olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, seriya və nömrəsi kustar üsulla silinmiş, hamar-yivsiz, qoşalüləli odlu ov tüfəngidir, lakin konstruktiv dəyişikliklərə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş tüfəng kəsiyidir, odlu silah hesab edilir, saz vəziyyətdədir və atəş açmaq üçün yararlıdır. Silahın seriyası və nömrəsi kustar üsulla silinmişdir, bu səbəbdən də silahın lülə və qundaq nömrələrinin oxunulması mümkün deyil. Həmin silahın da aid olduğu yivsiz odlu ov tüfənglərindən təyinatı üzrə nəzərdə tutulan, zavod üsulu isə istehsal edilmiş, 16 kalibrli patronlardan istifadə etməklə, 20-30 dərəcə bucaq altında atəş açılarkən 2 mm diametrli qırmalar 200 m, 3 mm diametrli qırmalar 300 m, 4 mm diametrli qırmalar 400 m, 5 mm diametrli qırmalar 500 metr məsafəyə, o cümlədən karteçlər diametrlərindən asılı olmaqla müvafiq məsafələrə , 30-40 dərəcə bucaq altında atılan güllələr təxminən 1000-1500 metr məsafəyə uçur və həmin məsafələr daxilində hədəfə (o cümlədən canlı hədəfə) müvafiq zədə yetirə bilər. Hal hazırkı vəziyyətində silahın lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, buna görə də güllənin maksimal uçuş məsafəsini, həmçinin məhvetmə gücünə malik olduğu məsafəni dəqiq müəyyən etmək mümkün olmur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil edir. İsmayıllı rayon X6 X8 Şöbəsindən alınmış 28 mart 2023-cü il tarixli PHŞ-6-47/2- 236/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nin PHŞ-nin Poliklinika Şöbəsinin "Ruhi-Əsəb" və "Nevroloji" kabinetdə dispanser qeydiyyatda olmasa da "Narkoloji" kabinetdə narkotik aludəçisi dispanser qeydiyyatdadır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 28 mart 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ukrayna Respublikası Kiyev şəhəri Peçersk rayon məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünəəsasən Ukrayna Respublikası CM-nin 185-ci maddəsinin 2-ci hissəsi ilə (oğurluq) təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Ukrayna Respublikası Poltava vilayəti Poltava rayon məhkəməsinin xx.xx.2003-cü il tarixli hökmünə əsasən Ukrayna Respublikası CM-nin 391,71-ci maddəsi ilə (hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) təqsirli bilinib 10 ay 2 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, İsmayıllı rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2009-cu ildə cəzasının sonu ilə azad olunmuşdur. İsmayıllı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, İsmayıllı rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib həmin Məcəllənin 69.3, 66, 68.1.1-1-ci maddələri tətbiq edilməklə 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə amnistiya qərarına əsasən cəzası 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş hazırda məhkumluğu ödənilməmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş ictimai təhlükəli əməlləri törətmiş və onun əməllərində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs tamah niyyəti və özgənin əmlakını açıq talamaq məqsədi ilə 07 fevral 2023-cü il tarixdə saat 13 radələrində Zərərçəkmiş şəxs icarə əsasında işlətdiyi İsmayıllı şəhərinin H.Əliyev prospektində yerləşən “Dost market” adlanan dükana müştəri qismində daxil olaraq, həmin vaxt dükanda kassir işləyən X4 yaxınlaşıb dənə ilə siqaret satılıb-satılmadığını soruşmuş və cibində olan 1 manatlıq pul əskinasını uzadaraq sonuncudan həmin pulu xırdalayıb əvəzində qəpik pul verməsini xahiş etmiş, Aytac Mehdiyeva pulu götürüb kassanı açaraq qəpik pul vermək istədikdə, o, Aytac Mehdiyevanın gözü qarşısında əlini uzadıb kassadan Zərərçəkmiş şəxs məxsus müxtəlif əskinaslardan ibarət cəmi 300 (üç yüz) manat məbləğində pulu götürüb sürətli addımlarla dükandan çıxaraq Aytac Mehdiyevanın pulu qaytarması tələbini eşitməsinə baxmayaraq buna əhəmiyyət vermədən dükanın qarşısında dayanmış taksiyə oturub oradan uzaqlaşmaqla özgənin əmlakını qəsdən açıq yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 300 (üç yüz) manat məbləğində maddi ziyan vurmaqla soyğunçuluq etmişdir. Bundan başqa, o, mərhum qardaşı X3 yadigar qalmış 1 (bir) ədəd 16 kalibrli, “TOZ- B” modelli, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, seriya və nömrəsi kustar üsulla silinmiş, qoşalüləli, hamar-yivsiz odlu ov silahı olan tüfəngin lüləsini və qundağını 2022-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda, yaşadığıİsmayıllışəhəri, Cavanşir küçəsi, 7 saylıünvanda yerləşən evinin həyətində, özündə olan dəmir kəsən mişarla kəsərək həmin tüfəngin ilkin təyinatını dəyişdirməklə, yəni lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, dəyişiklikdən sonra ümumi uzunluğu 490 millimetr təşkil edən, qundağı dəstək formasına uyğunlaşdırılmış, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, odlu silah hesab edilən tüfəng kəsiyini qəsdən qanunsuz olaraq hazırlamışdır. Bundan əlavə, o, 2022-ci ilin noyabr ayında, dəqiq tarixi istintaqla müəyyən edilməyən vaxtda yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən evinin həyətində qəsdən qanunsuz olaraq hazırlayıb əldə etdiyi, 1 (bir) ədəd 16 kalibrli, “TOZ-B” modelli, patronluğunun uzunluğu 70 millimetr olan, xarici çaxmaqlı, zavod üsulu ilə istehsal edilmiş, seriya və nömrəsi kustar üsulla silinmiş, qoşalüləli, hamar-yivsiz, konstruktiv dəyişikliyə məruz qalaraq sonradan lüləsi kustar üsulla kəsilmiş, qundağı isə dəstək formasına uyğunlaşdırılmış, ilkin təyinatı dəyişdirilmiş, odlu silah hesab edilən, saz vəziyyətdə və atəş açmaq üçün yararlı olan, lüləsi kəsildiyindən ballistik xüsusiyyətləri dəyişilmiş, dəyişiklikdən sonra ümumi uzunluğu 490 millimetr təşkil edən tüfəng kəsiyini daşıyaraq yaşadığı İsmayıllı şəhəri, Cavanşir küçəsi, ev 7 ünvanında yerləşən fərdi yaşayış evinin giriş hissəsində olan otaqdakıçarpayının üzərindəki döşəyin alt hissəsində gizlədərək 08 fevral 2023-cü il tarixə kimi orada saxlamış, 08 fevral 2023-cü il tarixdə, saat 10:55 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun qanunsuz olaraq əldə edib saxladığı 1 (bir) ədəd odlu silah hesab edilən 16 kalibrli, “TOZ-B” modelli tüfəng kəsiyi aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 180.1, 228.1 və 229.1-ci maddələri ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməllərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələri ilə nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayət əməllərinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri “az ağır” olmaqla qəsdən törədilən cinayətlərdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarına əlavə edilmiş İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 07 mart 2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə heç bir şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs sonuncu dəfə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il 11 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 27 yanvar 2022-ci il tarixli qərarı ilə amnistiya qərarına əsasən cəzası 1 il 5 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına endirilmiş, 29 sentyabr 2022-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, hazırda məhkumluğu ödənilməmişdir. Buna baxmayaraq, Təqsirləndirilən şəxs yenidən qəsdən cinayət törətdiyinə görə o, Azərbaycan Respublikası CM-in 83-cü maddəsinin tələbinə əsasən onun əməli həmin Məcəllənin 18.1-ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələrinin sanksiyaları çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 229.1, 230, 231 və 232.1-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 21 iyun 2010-cu il tarixli Qərarında göstərilən hüquqi mövqeyə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq yivsiz odlu ov silahının və həmin silah üçün döyüş sursatının əldə edilməsi, başqasına verilməsi, satılması, saxlanması, daşınması və ya gəzdirilməsi həmin maddədə nəzərdə tutulan cinayət məsuliyyətini istisna edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsində göstərilmiş yivsiz odlu ov silahının diqqətsiz saxlanması, eləcə də həmin silah və onun üçün döyüş sursatının mühafizəsi üzrə vəzifələrin lazımınca yerinə yetirilməməsi, habelə yivsiz odlu ov silahının, onun komplekt hissələrinin və onun üçün döyüş sursatının qanunsuz olaraq hazırlanması, talanması və ya hədə-qorxu ilə tələb edilməsi bu Məcəllənin müvafiq olaraq 230, 231, 229.1 və 232.1-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibini yaradır. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13-cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3-cü maddəsinin tələblərinə əsasən, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 07 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2-ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1-ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ağ rəngli sintetik kisədə qablaşdırılmış 01 (bir) ədəd odlu silah hesab edilən 16 kalibrli, “TOZ-B” modelli tüfəng kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza xərci ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 64 (altmış dörd) manat ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1, 228.1 və 229.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.1-ci maddəsinə əsasən 1 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 229.1-ci maddəsinə əsasən 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı həbsə alındığı 07 fevral 2023-cü il tarixdən hesablansın. Cinayət işi üzrə maddi sübut olmaqla İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan, ağ rəngli sintetik kisədə qablaşdırılmış 01 (bir) ədəd odlu silah hesab edilən 16 kalibrli, “TOZ-B” modelli tüfəng kəsiyi hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin silah-sursat anbarına təhvil verilsin. İş üzrə ekspertiza xərci olan 64 (altmış dörd) manat hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar