Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-38/2025 25.09.2025 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Qoşqarova Nərmin Rabit qızının sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru İİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə xx xxxx 1991-ci ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işsiz, əvvəllər məhkum edilməmiş, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, ev 13-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, V.Osmanov küçəsi, bina 1, mənzil 43-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs barəsində 25 sentyabr 2025-ci il tarixdə saat 12:41-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin inzibati binasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni xeyli miqdarda əldə etmə, saxlama, daşıma cinayət əməlini törəmişdir. Belə ki, o məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan, qəsdən qanunsuz olaraq şəxsi istifadəsi üçün xeyli miqdar təşkil edən 26,73 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib 03 may 2025-ci il tarixə kimi üzərində daşıyaraq saxlamış, həmin tarixdə, saat 00:34 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi, 28 saylı evin qarşısında saxlanılaraq üzərinə baxış keçirilərkən əynindəki boz rəngli gödəkçənin sağ yan cibində 1 ədəd sellofan bükümdə gizlədərək saxladığı xeyli miqdar təşkil edən 26,73 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 13-də qeydiyyatdadır, amma həmin ev satıldığından İsmayıllı şəhəri, V.Osmanov küçəsi bina 1, mənzil 43-də kirayədə yaşayır. Təxminən bir ilə yaxındır ki, hərdən marixuanadan istifadə edir. 2025-ci ilin aprel ayının əvvəllərində quzuqarnı göbələyi yığmaq üçün İsmayıllı rayonu Cülyan kəndi yaxınlığındakı meşə ərazisinə getmiş, qəflətən meşə ərazisində kolun dibində 1 ədəd sellofan büküm görmüş və həmin bükülü diqqətini cəlb etdiyindən götürüb açdıqda içərisində marixuana olduğunu görmüşdür. Marixuananı götürüb cibinə qoymuş və yaşadığı evə gətirib özünə məxsus gödəkçəsinin cibində gizlədib saxlamışdır. Onunla bir evdə yaşayan nənəsi və atası narkotik vasitə saxladığını bilməmişdir. Həmin vaxtdan sonra marixuanadan bir dəfə az miqdarda siqaretə doldurub çəkmişdir. 02 may 2025-ci il tarixdə saat 22 radələrində istirahət etmək üçün İsmayıllı şəhəri mərkəzindəki parka getmiş, təxminən 1-2 saat gəzdikdən sonra artıq 03 may 2025-ci il tarixdə saat 00:30 radələrində piyada yaşadığı evə qayıarkən İsmayıllı şəhəri, N.Behdiyev küçəsində mülki formada olan şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini göstərib polis əməkdaşları olduqlarını demişlər. Polislər ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu, barəsindəki əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarla tanış etmiş və üzərinə videoçəkilişlə baxış keçirəcəklərini bildirmişlər. Polis əməkdaşlarına üzərinə baxış keçirilməsinə etirazının olmadığını bildirmişdir. Polis əməkdaşları ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya varsa təqdim etməyini təklif etmişdir. Bu zaman o, əynindəki gödəkçənin cibində saxladığı içərisində marixuana olan göy rəngli sellofan bükümü təqdim etmiş, polis əməkdaşları tərəfindən sellofan bükülü açıldıqda içərisində marixuana kütləsi aşkar edilmişdir. İlkin sorğu zamanı o, həmin kütlənin marixuana olduğunu, meşədən göbələyi yığarkən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Büküm xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, büküm zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmuşdür. Bu barədə protokol tərtib edilmiş və o, tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra polis əməkdaşları ilə birlikdə İsmayıllı rayon polis şöbəsinə gəlmiş, üzərindən aşkar edilmiş marixuana ilə əlaqədar istintaq bölməsində araşdırma aparılmış, onun və əməliyyat tədbirində iştirak edən polis əməkdaşlarının iştirakı ilə həmin aşkar edilərək qablaşdırılmış zərfə baxış keçirilmiş, həmin kütlə elektron tərəzidə çəkilmiş, bu barədə protokol tərtib edildikdən sonra o, da protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Bundan sonra ona müdafiəçi təqdim edilmiş və ərizə ilə müraciət edərək dövlət hesabına müdafiəçi ilə təmin olunmağını xahiş etmişdir. Qısa müddət sonra müdafiəçi ona təqdim edilmişdir. Saat 03 radələrində o, şübhəli şəxs qismində tutulmuş və izahatı alınmışdır. Polis şöbəsində ona qarşı hər hansı qanunsuz hərəkət edilməmişdir. O, hazırki vaxta qədər heç kimdən narkotik vasitə almamış və kiməsə narkotik vasitə verməmişdir. Hazırda əməlindən peşmandır. Hazırda xəstə atası X3 və qoca, daimi qayğıya ehtiyacı olan nənəsi X7 onun himayəsindədir, hər ikisi köməyə möhtacdır. Ona həbslə bağlı cəza veriləcəyi təqdirdə atasına və nənəsinə baxan olmayacaqdır. Ona görə də qeyd etdikləri nəzərə alınaraq ona həbslə bağlı olmayan daha yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid X9 ifadə verərək göstərdi ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantıdır. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması barədə xx.xx.2025-ci il tarixdə əməliyyat məlumatı daxil olmuş, o, bu barədə raportla şöbə rəhbərliyinə müraciət etmiş, həmin tarixdə əməliyyat axtarış tədbirinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və şöbə rəhbəliyi tərəfindən dərhal əməliyyat istintaq qrupu yaradılmışdır. Qrupun tərkibinə o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyat müvəkkili, polis baş leytenantı X1, RPŞ-nin KMQnun əməliyyat müvəkkili, polis mayoru X6 daxil edilmiş və qrupa rəhbərlik ona həvalə edilmişdir. Qəbul edilmiş qərarın icrası ilə əlaqədar 03 may 2025-ci il tarixdə saat 00:34 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ilə piyada hərəkətdə olduğunu görüb ona yaxınlaşmış və xidməti vəsiqələrini göstərib özlərini sonuncuya təqdim etmişlər. Təqsirləndirilən şəxs barəsində qəbul edilmiş qərarla tanış etmiş və üzərinə videçəkilişlə yoxlanış keçirəcəklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və ona üzərində narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. O, əynindəki gödəkçənin cibində saxladığı göy rəngli sellofan bükümü təqdim etmişdir. Bükülü tərəflərindən açıldıqda içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli, kəskin iyi ola bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını, nə məqsədlə üzərində saxladığını soruşduqda o, həmin kütlənin marixuana olduğunu, meşədən göbələk yığarkən tapdığını və şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Sellofan büküm xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüşdür. Bu barədə protokol tərtib edilmiş və protokolun düzgünlüyünü imzaları ilə təsdiqləmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı X1 və polis mayoru X6 eyni məzmunlu ifadələr verərək X4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə istintaqında tədqiq edilən sənədlər : İsmayıllı rayon polis şöbəsinin İstintaq Bölməsinin baş müstəntiqi, polis mayoru X2 tərəfindən 03 may 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanımışdır. “Şəxsi axtarış aparılması və götürmə barədə” 03 may 2025-ci il tarixli protokoldan və həmin protokola əlavə edilmiş şəxsi axtarış keçirilməsini əks etdirən videodiskdən görünür ki, həmin tarixdə saat 00:34 radələrində Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, N.Behdiyev küçəsi 28 saylı evin qarşısında saxlanılaraq üzərinə baxış keçirilərək, əynindəki boz rəngli gödəkçənin sağ yan cibində içərisində marixuana olan göy rəngli sellofan bükümü təqdim etmiş, həmin bükülü açıldıqda içərisində narkotik vasitəyə bənzər yaşıl rəngli, kəskin iyi ola bitki kütləsi aşkar edilmiş xüsusi elektron tərəzidə çəkildikdə çəkisinin 27,8 qram olması müəyyən edilmiş və həmin büküm 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və üzəri iştirakçılar tərəfindən imzalanaraq götürülmüş, bu barədə protokol tərtib edilmiş və o, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiqləmişdir. Bu barədə protokol tərtib edilməklə videokamera ilə çəkilmiş görüntülər DVD diskə köçürülmüş və protokola əlavə olunmuşdur. “Şübhəli şəxsin tutulma haqqında” protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, təqsirləndirilən şəxs 03 may 2025-ci il saat 03:14-də şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 may 2025-ci il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə o, həmin gün saat 13:52-də İsmayıllı RPŞ-nin MSYdən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Müstəntiqin xx.xx.2025-ci il tarixli qərarı əsasında həmin tarixdən cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.4-cü maddəsinə əsasən dayandırılmış, xx.xx.2025-ci il tarixdə cinayət işçinin icraatı təzələnərək istintaqı davam etdirilmişdir. Məhkəmə-bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 17/322 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “...Təqsirləndirilən şəxs üzərinin yoxlanılması zamanı aşkar edilmiş....narkotik...” sözləri, adlar və imzalar yazılmış 01 (bir) ədəd zərfin içərisindəki 01 (bir) sellofan torbada, təmjiz çəkisi-26,73 qram olan bitki mənşəli kütlə tərkibində narkotik madələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Ekspert rəyinin Qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-26,73 qram olmuş, tədqiqata 0,02 qram sərf edilmiş, qalıq 26,71 qramdır. Məcburi ambulator məhkəmə narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli 1168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir, məcburi müalicəyə ehtiyacı var və narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2025-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Azərbaycan Respublikası Tibbi Ərazi bölmələrini İdarəetmə Birliyi “İsmayıllı Rayon Mərkəzi Xəstəxanası” X11 alınmış xx.xx.2025-ci il tarixli 18-1-47/2-764/2025 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-sı PHŞ-nin Poliklinika şöbəsinin “Ruhi-əsəb”, “Narkoloji” və “Nevroloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. xx.xx.2025-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində Ehtiram Həsənovun narkotik vasitələrdən istifadə etməsi müəyyən olunmuş, lakin sonuncunun üzərinə baxış zamanı 1 ədəd sellofan bağlamada aşkar edilmiş narkotik vasitə olan 26,73 qram çəkidə marixuananı haradan əldə etməsi, əvvəllər narkotik vasitəni haradan əldə etməsi və ya narkotik vasitələrin satışı ilə məşğul olması, eləcə də onunla kimlərinsə cinayət əlaqələrində olmalarını müəyyən etmək mümkün olmamışdır. İsmayıllı RİHB-nin İsmayıllı şəhəri, İƏD-si üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, N.Behdiyev küçəsi ev 13-də qeydiyyatda olmaqla İsmayıllı şəhəri, V.Osmanov küçəsi bina 1, mənzil 43-də yaşayır, subaydır, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. “Maddi sübut kimi tanınma haqqında” 03 may 2025-ci il tarixli qərardan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən aşkar edilərək götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq qalmış 26,71 qram kustar üsul ilə hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi ilə bağlı qanunvericiliyin normalarına əsasən məhkəmənin mövqeyi : Məhkəmə ilk növbədə qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Sözügedən qərara əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Məcəllənin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında 28 iyun 2005-ci il tarixli, 959-İİQ nömrəli Azərbaycan Respublikasının Qanununun 1.0.8-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir Adıçəkilən Qanunun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması- məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Yəni təqsirli şəxsin narkotik vasitələri və ya psixotrop maddələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli, 8 nömrəli qərarında qeyd olunmuşdur ki, ölkə qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. Üzərində aşkar olunmuş narkotik vasitə (psixotrop maddə, prekursor) ilə əlaqədar şəxsin əməlinin həmin predmetlərin qanunsuz saxlanması və yaxud qanunsuz daşınması kimi tövsif edilməsi üzrə məsələ həll olunarkən, işin əhəmiyyət kəsb edən digər halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin, prekursorun) şəxsin özünə məxsus olub-olmaması, onların miqdarı, əməlin törədildiyi məkan və s. obyektiv hallarla yanaşı, şəxsin narkotik vasitənin saxlanıldığı yeri dəyişmək və yaxud əldə olunma yerindən saxlanılma yerinə və ya saxlanılma yerindən alıcıya çatdırmaq məqsədi ilə və ya belə məqsədlər olmadan hərəkət edib-etməməsi aydınlaşdırılmalı və bu məsələlər üzrə müəyyən edilmiş halların məcmusundan asılı olaraq təqsirkarın qeyd olunan alternativ cinayət tərkiblərindən hansını törətməsi müəyyən edilərək istər irəli sürülmüş ittihamda, istərsə də məhkəmə hökmündə cinayət əməli təsvir edilərkən aydınlığı ilə əks etdirilməlidir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun l siyahısının 109-cu bəndində marixuananın (qurudulmuş) məsuliyyətə cəlb etməyə imkan verən çəkisi xeyli miqdar olaraq 5 qramdan (daxil olmaqla) 500 qramadək müəyyən edilmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Bununla da, məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, ibtidai istintaq hərəkətlərinin protokollarını və digər sənədləri tədqiq edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən xeyli miqdarda psixotrop maddəni əldə edib, daşımaqla saxlamışdır. Qeyd edilənlərə əsasən məhkəmə müəyyən etmişdir ki, cinayət hadisəsi törədilmişdir, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi var, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin cinayətin törədilməsində aidiyyəti sübuta yetirilmiş, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi tam sübuta yetirilir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş, yəni təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittihamın elan edildiyi cinayətin əlamətlərinə uyğundur, təqsirləndirilən şəxsin əməlində əməlin cinayət olmasını aradan qaldıran hallar və onun cinayət məsuliyyətindən, cəzadan azad olunması üçün əsaslar yoxdur. Belə ki, CM-nin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bu səbəbdən məhkəmə hesab edir ki, Cinayət-Prosessual Məcəllənin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Cinayət Məcəlləsinin: Maddə 8.1. cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Maddə 41.2. cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Maddə 58.1. cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Maddə 58.3. cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Maddə 52-1.1. azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Maddə 52-1. azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxsin üzərinə islah olunmasına kömək edən qanundan irəli gələn vəzifələr qoyulur. Belə ki, aparılmış məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin törətdiyi əməldən peşmanlıq hissi keçirməsi, özünə və hərəkətlərinə tənqidi münasibət göstərməsi, ilk dəfə məsuliyyətə cəlb olunmasını məhkəmə CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə almışdır. Təqsirləndirilən şəxsin əməlində CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003-cü il tarixli qərarının 3-cü bəndinə əsasən bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədilmiş cinayətlərdə, residivə görə cinayətdə təqsirli bilinən şəxsə cəza təyin edilərkən, əgər bu əlamətlər cinayətin tövsifedici əlamətləri deyildirsə və qanuna görə cəzanı yüngülləşdirici hallar müəyyən edilməmişdirsə məhkəmə cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməlidir. Bununla yanaşı, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, ilk növbədə sanksiyada nəzərdə tutulmuş alternativ cəzalardan ciddi növdə cəzanın təyin edilməsi üçün Plenum Qərarının 3-cü bəndində nəzərdə tutulmuş ağırlaşdırıcı halların olması, yüngülləşdirici halların olmaması vacibdir. Ağırlaşdırıcı hallar yoxdursa, ilk növbədə daha ciddi cəzanın təyin edilməsi məsələsinin müzakirəsi Cinayət Məcəlləsinin vəzifələrini təmin etməməklə, ədalətlilik və qanunçuluq prinsipinə əməl etməməklə, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə almamaqla nəticələnə bilər. Plenum Qərarının 3-cü bəndində də göstərildiyi kimi böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət üzrə əgər ağırlaşdırıcı hallar yoxdursa, onda məhkəmə yalnız cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə cinayətkarın şəxsiyyəti barədə məlumatları nəzərə alaraq ilk növbədə təqsirkar şəxs barədə qanunla nəzərdə tutulmuş daha ciddi cəza təyini barədə məsələni müzakirə etməsi də CM-nin cəza təyin etməklə bağlı ümumi hissəsinin müddəalarına uyğun olmaz. Məhkəmə eyni zamanda diqqətə çatdırır ki, “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” ölkə Prezidentinin xx.xx.2017-ci il tarixli Sərəncamının 8-ci bəndində qeyd edilmişdir ki, məhkəmələr tərəfindən cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza tədbirlərinin tətbiqi genişləndirilsin. Sərəncamın 13.3-cü 13.4-cü bəndlərinə müvafiq olaraq məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar və cəzanın təyin edilməsi əsaslarına dair Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər. Məhkəmə işin yuxarıda göstərilən obyektiv hallarını, təqsirləndirilən şəxsin şəxsiyyətini, onun islah olunmalı şəxs olmasını, cəzanın yüngülləşdirici hallarını və ağırlaşdıran halların olmamasını, habelə cinayətin ictimai təhlükəliliyini əhəmiyyətli dərəcədə azaldan xüsusatları, törədilmiş cinayətdə narkotik vasitə olan qurudulmuş marixuananın miqdarının qanunla müəyyən olunmuş aşağı həddi təşkil etməsini, şəxsin sabit yaşayış yerinin, ailədə qoca, daimi qayğıya ehtiyacı olan şəxslərin (ata və nənəsinin) onun himayəsində olmasını Təqsirləndirilən şəxs barəsində cəzanın fərdiləşdirilməsi prinsiplərini rəhbər tutaraq məhkəmə hesab edir ki, azadlığın məhdudlaşdırılması cəzasının tətbiqi həm şəxsin islah olunmasına, həm də dövlətin cəza siyasətinin həyata keçirilməsi baxımından adekvat hesab edilməlidir. Həmçinin CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 03 may 2025-ci il tarixdə saat 03:14-dən 04 may 2025-ci il saat 13:52-dək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət 04 gün azadlığın məhdudlaşdırılması cəzasına bərabər tutularaq ona təyin edilmiş cəzadan çıxılmalı, üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertizanın tövsiyyəsinə uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalı və barəsində məcburi müalicə təyin edilməlidir. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Belə ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1(bir) il 6(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı 03 may 2025-ci il saat 03:14-dən 04 may 2025-ci il saat 13:52-dək şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün ona təyin edilən cəzadan çıxılaraq Təqsirləndirilən şəxs üzərində qəti olaraq 1(bir) il 5(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini saat 22:00-dan saat 08:00-dək və yaşadığı İsmayıllı rayonunun ərazi hüdudlarını cəza müddəti ərzində tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzanın icrası İsmayıllı rayon İcra və Probasiya şöbəsinə həvalə olunsun və cəzaçəkmə müddətinin əvvəli həmin şöbədə qeydiyyata alındığı andan hesablansın. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata alınsın və barəsində məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılması anbarında saxlanılan, tədqiqatdan sonrakı qalan 26,71 qram narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apelyasiya şikayəti və ya protesti verilmədiyi halda elan edildiyi andan 20 gündən sonra qüvvəyə minir. Sədrlik edən Nərmin Qoşqarova
Məhkəmə qərarları › İş №1(037)-38/2025
İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-38/2025
25.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver