Məhkəmə qərarları › İş №1(037)-39/2020

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-39/2020

21.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-39/2020 21.09.2020 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Şirinov Rəfayel Səməd oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən Dövlət ittihamçısı oğlunun, Zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs iştirakı ilə 17 sentyabr 2020-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1991-ci ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, himayəsində iki azyaşlı uşağı olan, işsiz, məhkum edilməmiş, İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 07:00 radələrində tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus “Xalq təbabəti” adlı dükanın yanında heç kimin olmamasından istifadə edərək qapı və pəncərələri bağlı olan dükanın yan tərəfdəki pəncərə şüşəsini çıxarmaqla saxlanc yeri hesab edilən mağaza binasına qanunsuz daxil olaraq oradan yeddi litrlik üzərində “Артелъ Прогресс тула союз” sözləri yazılmış, 150 manat dəyərində bir ədəd samovarı qəsdən gizli yolla talayaraq Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq etmişdir. Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bildi və ifadə verərək göstərdi ki, о, İsmayıllı rayonu Yol istismar idarəsində fəhlə işləmiş və İsmayıllılahıc avtomobil yolunun təmizlənməsinə nəzarət etmişdir. xx xxxx 2020-ci il tarixdə saat 06:00 radələrində işə getmək üçün yaşadığı Lahıc qəsəbəsindən Namazgah kəndi istiqamətində yola düşmüşdür. O, yolun təmizlənməsində istifadə etdiyi beli həmin yolda yerləşən Ərəgit kəndi sakini olan Zərərçəkmiş şəxs işlədiyi “Xalq təbabəti” adlı mağazanın altında gizlətdiyindən ora yaxınlaşmışdır. Beli götürərkən mağazanın yan pəncərəsinin şüşəsini yerindən çıxardaraq pəncərənin yanına qoyulduğunu, həmin pəncərənin altında, mağazanın çölündə nəzərərinə bir ədəd samovar dəymişdir. Bu zaman o, samovarı oğurlamaq qərarına gəlmişdir. Bu məqsədlə samovarı götürmüş və samovarın dəmkeşinin üstündə olmadığını görmüşdür. Bir az aralıdan samovarın dəmkeşini də tapmış və dəmkeşlə bir yerdə samovarı götürərək dərə ilə çay tərəfə düşərək oradan yaşadığı evə gəlmişdir. Evinə qayıtdıqdan sonra etdiyi əməlinə görə peşman olmuş və samovarı aparıb yerinə qoymaq istəmişdir. Lakin o, kiminsə onu görəcəyindən qorxmuş və samovarı evində saxlamağa qərar vermişdir. Bundan bir neçə gün sonra, xx xxxx 2020-ci il tarixdə səhər saatlarında samovarı Lahıc qəsəbəsində yerləşən “Asma Körpü” istirahət mərkəzinə aparmışdır. Həmin istirahət mərkəzini işlədən Rövşənə samovar satmaq istədiyini demişdir. Rövşən samovarın kimə məxsus olduğunu soruşmuşdur. O, Rövşəni şübhələndirməmək üçün samovarın arvadının cehizi olduğunu demişdir. Rövşən samovara baxmış və samovarın təzə olmadığını deyərək samovarı neçəyə satmaq istədiyini soruşmuşdur. O, samovarın işlək olduğunu demiş və həmin samovarı orada bir neçə dəfə qaynatmışdır. Rövşən samovarın onun özünə məxsus olduğuna və işlək olduğuna inanmış, ondan samovarı neçəyə satdığını soruşmuşdur. O, samovarı 60 manata satmaq istədiyini desə də Rövşən samovara görə 50 manat verə biləcəyini demişdir. O, Rövşənlə razılaşmış və samovarı 50 manata Rövşənə satmışdır. Bundan bir müddət sonra polis əməkdaşları onu İsmayıllı rayon Polis şöbəsinə dəvət etmişlər. Şöbədə mağaza binasına girmədiyini desə də ona olunan təzyiqlərə görə məcburiyyət qarşısında qalaraq mağazanın şüşəsini çıxararaq ora girdiyi barədə ifadə vermişdir. Həqiqətdə isə o, mağaza binasına girməmiş, samovarı isə qeyd etdiyi kimi mağazanın sağ yan pəncərəsinin yanından, çöl tərəfdən götürüb evinə aparmışdır. O, törətdiyi oğurluq əməlini etiraf etmişdir. Zərərçəkmiş şəxsə vurduğu ziyanı ödəmiş və onunla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxsin ona qarşı tələb və şikayəti yoxdur. Törətdiyi cinayət əməlindən peşman olmuşdur. Arvadı ilə rəsmən boşansalar da birgə nikahdan olan iki azyaşlı uşaq onun himayəsində olmaqla onlara hər ay aliment ödəyir. Qeyd etdiyi halların nəzərə alınaraq ona həbslə bağlı olmayan yüngül cəza verilməsini xahiş edir. Məhkəmə, Təqsirləndirilən şəxs saxlanc yeri olan mağaza binasına girməməsi, oğurladığı samovarı mağazanın çöl tərəfindən götürməsinə dair ifadəsində qeyd etdiyi xüsusatlara qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxsin ifadəsinin bu hissəsi onun özünü məsuliyyətini yüngülləşdirmək məqsədi daşıyır. Onun ifadəsinin bu hissəsi özünün ibtidai istintaqa verdiyi etirafedici ifadəsi, “Hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və həmin protokola əlavə edilmiş fotoşəkillər, zərərçəkmiş şəxsin və şahidin ifadələri və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla təkzib edilir. Ona göə də onun ibtidai istintaqa verdiyi ifadə məhkəmə tərəfindən sübut kimi qəbul edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü mаddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi onun etirafı ilə yanaşı zərərçəkmiş şəxsin və şahidin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Namazgah kəndindən Lahıc qəsəbəsi istiqamətində olan yolun sol tərəfində “Xalq Təbabəti” adlı mağazada işləyir. Orada müxtəlif növ xalçalar, dəmir və digər materillardan hazırlanma qədimi əşyalar, təbii bitkilər, meyvə şirələri, mürəbbələr, paltarlar və digər əşyalar satır. xx xxxx 2020-ci il tarixdə axşam saatarında həmkəndlisi Təqsirləndirilən şəxs ona zəng edərək işlətdiyi mağazanın sağ tərəfdəki şüşəsinin haşiyədən çıxarılıb yerə qoyulduğu barədə məlumat vermişdir. Həmn gün tətbiq olunmuş sərt karantin peıimi ilə əlaqədar evdən çölə çıxmaq qadağan olunduğundan ora edə bilməmişdir. Ertəsi gün, xx xxxx 2020-ci il tarixdə saat 21:00 radələrində mağazaya gəldikdə mağazanın sağ tərəfindəki pəncərəsinin bir ədəd şüşəsinin çıxarılaraq yerə qoyulduğunu görmüşdür. Mağazanı açaraq içəri daxil olmuş və işığı yandırmışdır. Orada stulların yanına qoyduğu yeddi litrlik tutumlu, bürünc və latundan hazırlanmış, üzərində iki ədəd peçatı olan və qulplarından biri qırıq olan samovarın olmadığını bilmişdir. Həmin samovardan özü istifadə etmiş, satmaq məqsədi ilə mağazada saxlamamışdır. Samovarın qiyməti 300 manat olmuşdur. Digər əşyalara baxsa da oradan həmin samovardan başqa heç nəyin oğurlanmadığını müəyyən etmişdir. Mağazadan çıxmış və qapını qıfıl ilə bağlamışdır. Çıxarılmış pəncərə şüşəsini yerinə qoymuşdur. Bundan sonra yaşadığı evə qayıtmışdır. Baş vermiş hadisə barədə ilk olaraq sahə müvəkkilinə məlumat vermişdir. Sonrakı günlərdə isə polis şöbəsinə güdərək samovarınn oğurlanması barədə məlumat vermişdir. Bu hadisədən təxminən iyirmi beş gün keçdikdən sonra Lahıc qəsəbəsinin girəcəyindəki Asma-körpü istirahət mərkəzində çay içərkən təsadüfən oradakı samovarlara sataşmış və həmin samovarların içindən öz samovarını tanımışdır. İstirahət mərkəzini işlədən Rövşən adlı şəxsdən samovarı haradan əldə etdiyi barədə soruşmuş və Rövşən samovarı Haşimdən 50 manata aldığını demişdir. O, samovara diqqətlə baxmış və özününkü olduğuna əmin olduqdan sonra dərhal bu barədə polisə məlumat vermişdir. Araşdırma zamanı Təqsirləndirilən şəxs samovarı onun mağazasından oğurladığını etiraf etmiş və hadisə yerinə baxış keçirilərkən oğurluq əməlini necə həyata keçirdiyini əyani olaraq göstərmişdir. Təqsirləndirilən şəxs vurulmuş ziyanı tamamilə ödəmiş və onunla barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs qarşı tələb və şikayəti yoxdur. İş üzrə qanuni qərar qəbul edilməsini xahiş edir. Şahid Əliyev Rövşən Bəbir oğlu ifadə verərək göstərdi ki, Lahıc qəsəbəsində özünə məxsus “Asma körpü” istirahət mərkəzi vardır. xx xxxx 2020-ci il tarixdə səhər saatlarında Lahıc qəsəbə sakini olan Təqsirləndirilən şəxs ora bir ədəd samovar gətirərək satmaq istədiyini demişdir. O, Haşimdən samovar barədə soruşmuş, Haşim samovarın arvadının cehizi olduğunu və maddi vəziyyəti pis olduğuna görə samovarı 60 manata satmaq istədiyini demişdir. Haşim samovarın qədimi olduğunu, suyu tez qaynatdığını, keyfiyyətli materialdan hazırlandığını da demişdir. Samovarı yoxlamaq üçün həmin gün onun yanında bir neçə dəfə samovara su töküb qaynatmışdır. Samovara diqqətlə baxdıqda üzərində iki ədəd peçat olduğunu görmüşdür. Samovarın qapağındaki qulpun sınıq olduğunu görüb Haşimdən bu barədə soruşmuş, Haşim samovarın yerə aşdığını və qulpunun qırıldığını demişdir. Haşimin dediklərinə inanaraq Haşimə 50 manata samovarı ala biləcəyini demişdir. Haşim onunla razılaşmış samovarı sonuncudan almışdır. Samovarın oğurluq olmasını bilməmişdir. Bundan bir neçə gün sonra tanışı Zərərçəkmiş şəxs ora çay içməyə gəlmiş və çay içərkən ondan vitrinə qoyduğu samovarlardan birinin ona məxsus olduğunu demişdir. Cəmin samovarın əlamətlərini demiş və baxdıqda həqiqətən Cəmlin dediyi əlamətlərin samovarda olduğunu bilmişdir. O, Cəmilə həmin samovarı xx xxxx 2020-ci il tarixdə Lahıc qəsəbə sakini olan Təqsirləndirilən şəxs 50 manata aldığını demişdir. Sonradan polis əməkdaşları istirahət mərkəzinə gəlmiş və o, həmin samovarı onlara təqdim etmişdir. Samovara görə verdiyi 50 manat isə Haşim tərəfindən ona qaytarılmışdır. Təqdimetmə, əşyaya baxış keçirmə və götürmə barədə protokoldan görünür ki, Əliyev Rövşən Bəbir oğlu Təqsirləndirilən şəxs tərəfindən ona satılmış bir ədəd samovarı araşdırmaya təqdim etmişdir. Məhkəmə -əmtəəşünaslıq ekspertizasının xx xxxx 2020-ci il tarixli 9/2570 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim olunmuş 01 ədəd üzərində “Артелъ Прогресс тула союз” sözləri yazılmış 7 litr su tutumu olan odun samovarının istifadədə olması nəzərə alınmaqla 2020-ci ilin iyun ayına orta bazar qiyməti təxminən 150,00 manat müəyyən edilir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil edir. İsmayıllı RMX-nın Publik hüquqi şəxsi Poliklinika şöbəsindən alınmış xx xxxxxx 2020-ci il tarixli 1329 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhiəsəb” və “narkoloji” kabinetlərində qeydiyyatda yoxdur. Dövlət X2 İsmayıllı rayon şöbəsi tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli **********7 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs İİİ qrup ümumi səbəbdən əlil kimi 110 (yüz on) manat aylıq müavinət alır. xx xxxx 2020-ci il tarixli 254 və 255 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Lahıc qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş və barəsində nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2(003)- 1755/2019 nömrəli qətnaməsinin surətindən müəyyən edilir ki, Təqsirləndirilən şəxs Haşımlı Aybəniz Mirxudi qızı ilə aralarındakı rəsmi nikah pozulmuş, birgə nikahdan anadan olmuş xx xxxxxxxx 2013-cü il təvəllüdlü Nihat Hqaşımlı və xx xxxxxx 2014-cü il təvəllüdlü Nicat Haşımlının analarının yanında saxlanılmaları və Təqsirləndirilən şəxs uşaqların saxlanılması üçün hər ay sabit pul məbləğində aliment tutulması qət edilmişdir. xx xxxx 2020-ci il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə xx xxxx 2020-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə saat 14:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin xx xxxx 2020-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 10:30-da saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. Müstəntiqinin maddi sübut kimi tanınma haqqında xx xxxx 2020-ci il tarixli qərarından müəyyən edilir ki, cinayət işi üzrə 01 ədəd samovar maddi sübut qismində tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Samir Qurbanovun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, həmçinin törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, o cümlədən ona təyin ediləcək cəzanın islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxsə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını, həm də cinayət qanunvericiliyinin qeyd edilən maddələrinin tələblərini rəhbər tutaraq hesab edir ki, ona ittiham edildiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, təyin edilən azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay müddətə müəyyən edilməsi əsaslı və ədalətlidir. Onun xx xxxx 2020-ci il tarixdə saat 14:05-dən xx xxxx 2020-ci il tarixə saat 10:30-adək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 01 (bir) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Lahıc qəsəbəsindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzanın çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 01 (bir) il 06 (altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 24:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllırayonu Lahıc qəsəbəsindəki evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllırayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək , müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. İş üzrə maddi sübut - saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmiş bir ədəd samovarın Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN- **********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya apelyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Rəfayel Şirinov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar