Məhkəmə qərarları › İş №1(037)-39/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-39/2021

10.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-39/2021 10.06.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı iştirakı ilə 10 iyun 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxx 1967-ci ildə İsmayıllı rayonu Basqal qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, Azərişıq ASC” Şimal-Qərb RETSİ-nin İsmayıllı EŞ-PŞS-nin “Dost” Mərkəzi üzrə sosial xidmətçisi vəzifəsində işləyən, məhkum edilməmiş, İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 2020-ci ilin sentyabr ayının axırlarında yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsinin yaxınlığındakı meşəlik ərazinin müəyyən edilməyən yerində yabanı halda bitmiş iki ədəd çətənə bitkisini tapmış, gələcəkdə öz şəxsi istifadəsi üçün qanunsuz olaraq narkotik vasitə olan qurudulmuş marixuana hazırlamaq məqsədi ilə həmin bitkilərin yarpaqlarını yığıb qurudaraq satış məqsədi olmadan kustar üsulla qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 243,81 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana hazırlayıb əldə etmiş və həmin vasitəni sellofan torbada daşıyaraq yaşadığı evə aparmış və həyətindəki tövlədə gizlədərək saxlamış, 24 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən ümumilikdə təmiz çəkisi 243,81 qram təşkil edən həmin narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 2020-ci ilin sentyabr ayının axırlarında yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsi yaxınlığında olan meşəyə əzgil yığmağa getmişdir. Orada gəzərkən qarşısına iki ədəd hündürlüyü 1-1,5 mert olan, tam yetişmiş halda yabanı şəkildə bitmiş çətənə bitkiləri çıxmışdır. Ara-sıra marixuanadan istifadə etdiyi üçün çətənə bitkisini tanımış və öz istifadəsi məqsədi ilə həmin çətənə bitkilərinin yarpaqlarını və hissələrini yığaraq özü ilə gətirdiyi sellofana doldurmuşdur. Həmin sellofan bağlamanı daşıyaraq evinə gətirmiş və evin həyətindəki mal-qara saxlamadığı tövlənin içərisində döşəmə üzərində düzərək qurutmuşdur.Çətənə bitkisi hissələri quruduqdan sonra həmin sellofana yığaraq tövlədə gizlətmişdir. 24 fevral 2021-ci il tarixdə saat 16:00 radələrində evdə olarkən həyət qapısının döyüldüyünü eşitmiş və qapını açdıqda orada polis əməkdaşlarının olduğunu görmüşdür. Əməkdaşlar xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ona narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilindiyindən üzərinə və yaşadığı evə baxış keçiriləcəyini, bu barədə əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi barədə qərar qəbul olunduğunu bildirmişlər. Onun istəyi əsasında müdafiəçi ilə təmin olunmuş və bu haqda tərtib edilmiş sənədləri müdafiəçinin iştirakı ilə oxuyaraq tanış olmuşdur.Üzərinə və yaşadığı evə baxış keçirilməsinə etirazının olmadığını bildirmiş və dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə ilk olaraq üzərinə şəxsi axtarış keçirilmişdir. Üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı bir əşya aşkar edilməmişdir. Sonra isə yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Həyətdəki tövləyə baxış keçirilən zaman orada gizlədərək saxladığı içində marixuana olan həmin sellofan bağlama aşkar edilmişdir. Bağlama polis əməkdaşları tərəfindən açılmış və gizlətdiyi marixuana aşkar edilmişdir. Ondan həmin kütlənin nə olmasını, haradan əldə etdiyini, nə məqsədlə saxladığı barədə soruşulduqda marixuananı meşəlik sahədə yabanı şəkildə bitmiş iki ədəd çətənə bitkisinin hissələrindən yığdığını və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Sellofan bağlamadakı kütlə xüsusi elektron tərəzidə çəkilərək çəkisi müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Axtarış davam etdirilmiş, lakin evindən və həyətindən əlavə hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun düzgünlüyünü imzası ilə təsdiq etmişdir. Yaşadığı evdə narkotik vasitə saxladığını onunla birlikdə yaşayan arvadı bilməmişdir. narkotik vasitəni öz istifadəsi üçün saxlamış, ondan heç kimə satmamışdır. Törətdiyi cinayət əməlini etiraf edir, əməlindən peşman olmuşdur. Ailədə evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. Şahid X5 ifadəsində göstərdi ki, o, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəifəsində işləyir. Şöbəyə daxil olmuş məlumat əsasında İsmayıllı rayon Basqal qəsəbə sakini Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında 24 fevral 2021-ci il tarixli qərar qəbul edilmişdir. Qərarın icrası ilə əlaqədar o və şöbənin digər əməkdaşları həmin tarixdə saat 16:00 radələrində Təqsirləndirilən şəxs yaşadığı evinə getmişlər. Həyət qapısını döydükdə qapını Cavid özü açmış və Cavidə özlərini təqdim etmişlər. Onlar Cavidə daxil olmuş əməliyyat məlumatı əsasında qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması bildirmişlər və bununla əlaqədar qəbul edilmiş əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar əsasında üzərində və yaşadığı evə baxış keçiriləcəyini bildirmişdirlər. Sonuncu dövlət hesabına vəkillə təmin edilməsini tələb etmiş və qısa müddət sonra Təqsirləndirilən şəxs müdafiəçi ilə təmin edilmişdir. Cavid ərizə ilə müraciət edərək üzərinə və yaşadığı evə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, həmin gün saat 17:00 radələrində dəvət edilmiş iki nəfər hal şahidinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Cavidin üzərindən narkotik maddə, eləcə də heç bir cinayət xarakterli əşya və predmet aşkar edilməmişdir. Şəxsi axtarış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmişdir. Protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişdir. Sonra Cavidin yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilmişdir. Həyətdəki mal-heyvan saxlanılmayan tövləyə baxış zamanı oradan bir ədəd sellofan torba tapılmış, torba açıldıqda içərisindən yaşımtıl rəngli, spesifik qoxuya malik narkotik vasitə olan qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı Cavid marixuananı meşədə yabanı şəkildə bitmiş iki ədəd çətənə bitkisinin hissələrindən yığdığını, özünün istifadəsi üçün qurudaraq saxladığını bildirmişdir. Həmin kütlənin çəkisi müəyyən edilmiş, zərfə qoyularaq üzəri möhürlənmişdir. Evə və digər yerlərə baxış keçirilsə də, hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar imzaları ilə təsdiq etmişlər. Şаhid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşı X10 da şahid İsmayıl Muradov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. X2 ifadə verərək göstərdi ki, 24 fevral 2021-ci il tarixdə saat 17:00 radələrində yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsində olduğu zaman İsmayıllı rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və kənddə bir nəfər şəxsin üzərinə, yaşadığı evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirərək onun hal şahidi qismində həmin prosesdə iştirak etməyini təklif etmişlər. O, hal şahidi qismində iştirak etməyə etiraz etməmiş və dəvət edilmiş digər hal şahidi olan həmkəndlisi Cümşüd Talıbov və polis əməkdaşları ilə birlikdə həmkəndliləri Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Polislər qapını döydükdə qapını Cavid özü açmış və polislıər gəlişlərinin məqsədini cavidə izah etmişlər. Bundan sonra Cavidin üzərinə onun və digər hal şahidinin, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmişdir. Axtarış zamanı Cavidin üzərindən narkotik maddə, eləcə də cinayət xarakterli heç bir əşya və predmet aşkar edilməmişdir. Sonra isə onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirmişdir. Həyətdəki anbar kimi istifadə edilən tövləyə baxış zamanı oradan içi dolu bir ədəd sellofan bağlama aşkar edilmişdir. Bağlama açıldıqda içərisindən yaşımtıl rəngli bitki kütləsi aşkar edilmişdir. Cavid həmin kütlənin qurudulmuş marixuana olduğunu, meşədə tapdığı iki ədəd çətənə bitkisinin hissələrindən yığdığını, özünün istifadəsi üçün saxladığını bildirmişdir. Kütlənin çəkisi müəyyən edilmiş və qablaşdırılaraq üzəri möhürlənmişdir. Axtarış davam etdirilsə də hər hansı narkotik vasitə və qanunla dövriyyəsi qadağan edilmiş əşya aşkar edilməmişdir. Baxış zamanı fotoşəkillər çəkilərək protokol tərtib edilmiş, protokolun doğruluğunu imzaları ilə təsdiq etmişlər. Şаhid X7 da şahid Sadiq Şıxaliyev ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Məhkəmə-bioloji ekspertizasının 25 fevral 2021-ci il tarixli 17/157 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində üzərində“...Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin tövləsindən aşkar edilmiş ” sözləri yazılmış zərfin içərisindəki 01 (bir) ədəd ağ rəngli sellofan torbada, təmiz çəkisi - 243,81 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuanadır.Rəyin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi - 243,81 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş, qalıq - 243,76 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik təşkil edir. Məhkəmə-narkoloji ekspertizasının 25 mart 2021-ci il tarixli 301 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. 03 mart 2021-ci il tariхli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İsmayıllı rayon X6 X8 Şöbəsindən alınmış 04 mart 2021-ci il tarixli 43 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın psixiatrik və narkoloji kabinetlərində qeydiyyatda yoxdur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, ekspertiza tədqiqatlarından sonra ümumi təmiz çəkisi 243,76 qram təşkil edən narkotik vasitə - qurudulmuş marixuana iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 24 fevral 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 24 fevral 2021-ci il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə saat 17:05-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Müstəntiqinin 26 fevral 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, həmin gün saat 12:05-də saxlanıldığı İsmayıllı rayon Polis şöbəsinin müvəqqəti saxlanma yerindən azad edilmişdir. 26 fevral 2021-ci il tarixli 46 və 47 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Basqal qəsəbəsində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən və arvadı X9 qızından ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun törətdiyi cinayət əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, narkotin vasitənin çəkisini (243,81 qram), törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini, cəzanın 02 (iki) il 06(altı) ay müddətə müəyyən edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdə saat 17:05-dən 26 fevral 2021ci tarixdə saat 12:05-dək həbsdə saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəkməli, üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzanın icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirməli, cəzasının çəkilmə müddətinin başlanğıcı İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. İş üzrə maddi sübutlar – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra ümumi təmiz çəkisi 243,76 qram təşkil edən narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 35 (otuz beş) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06(altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 24 fevral 2021-ci il tarixdən 26 fevral 2021-ci il tarixədək həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 04 (dörd) gün müddət ona təyin edilən 02 (iki) il 06(altı) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 02(iki) il 05(beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 00:00-dan saat 06:00-a dək yaşadığı İsmayıllı rayonu Basqal qəsəbəsi ünvanındakı evini tərk etməmək, cəza çəkdiyi müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, cəza çəkdiyi müddətdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan bir ədəd bağlamadakı 243,76 qram marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 97 (doxsan yeddi) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar