Məhkəmə qərarları › İş №1(037)-39/2023

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-39/2023

23.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-39/2023 23.05.2023 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi, Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru vəzifəsini icra edən İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs iştirakı ilə 23 may 2023-cü il tarixdə saat 16:58-də İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında 20 avqust 1979-cu ildə İsmayıllı rayonunun İsmayıllı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, evli, himayəsində biri yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla 3 uşağı olan, məhkum olunmamış, İsmayıllı şəhəri ərazisində (İsmayıllı rayonunun İsmayıllı kəndində) qeydiyyatda olmaqla orada yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 38,86 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd sellofan torbanın içərisində yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə daşıyaraq 26 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində həmin evin yataq otağındakı çarpayının altında saxlamış, həmin tarixdə saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı çarpayının altından bir ədəd sellofan torbanın içərisində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 38,86 qram çəkidə olan həmin bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, 26 yanvar 2023-cü il tarixdə saat 22 radələrində İsmayıllı rayon İsmayıllı kəndində yerləşən yaşadığı evin həyətinin giriş qapısının önündə olarkən İsmayıllı RPŞnin əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Onlar yaşadığı evində narkotik vasitələrin qanunsuz saxlamağından şübhələndiklərini, bu barədə əməliyyat məlumatı olduğunu, əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edildiyini və yaşadığı ünvanda baxış keçirəcəklərini demişlər. Polis əməkdaşlarına baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və bu barədə ərizə vermişdir. Bundan sonra onun və polis əməkdaşlarının iştirakı ilə yaşadığı ünvanda baxış keçirilməyə başlanılmışdır. Baxışdan əvvəl ona yaşadığı ünvanda qanunla qadağan edilmiş əşya və ya vasitə, eləcə də narkotik maddə olub-olmadığı soruşulmuşdur. O, evinin yataq otağında özünün istifadəsi üçün saxladığı qurudulmuş marixuana olduğunu etiraf etmişdir. Polis əməkdaşları onun iştirakı ilə həmin otağa daxil olmuş, evin yataq otağında yerləşən çarpayının altında saxladığı, içərisində quru halda marixuana olan bir ədəd sellofan torbanı polis əməkdaşlarına təqdim etmişdir. Sellofan torba açıldıqda içərisində saxladığı qurudulmuş marixuana kütləsi aşkar edilmişdir. Sorğu zamanı o, qurudulmuş marixuananı 2022-ci ilin noyabr ayında, dəqiq tarixini xatırlamadığı gündə İsmayıllı rayon Tubukənd ərazisindəki meşə sahəsindən tapdığını demişdir. Əvvəllər bir neçə dəfə qurudulmuş marixuana qəbul etdiyini üçün tapdığı marixuananı özünün istifadəsi üçün yaşadığı evinə aparmış, öz yataq otağındakı çarpayının altında gizlədərək saxlamışdır. Həmin marixuanadan arabir istifadə etmiş, bu barədə heç kimə bildirməmiş, həmçinin ailəsinin də bundan məlumatı olmamısdır. Bundan sonra aşkar edilmiş sellofan torba bükülüdə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərək çəkisi müəyyən olunmuş, həmin sellofan torba qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan əlavə evin digər yerlərinə, o cümlədən həyətyanı sahəyə də baxış keçirilmiş, lakin başqa cinayət xarakterli əlamət, əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu iştirakçılar kimi o da imzası ilə təsdiq etmişdir. Daha sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək polis şöbəsinə getməsi təklif edilmişdir. O, etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində ona hüquq və vəzifələri izah olunmuş, müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra şöbənin Növbətçi Hissəsinin qarşısında üzərinə şəxsi axtarış keçirilmiş, axtarış keçirilməzdən əvvəl ona üzərində narkotik vasitə, eləcə də cinayət xarakterli digər əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. O, üzərində narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmet olmadığını bildirmişdir. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən heç bir narkotik maddə, eləcə də cinayət xarakterli əşya və predmetlər aşkar olunmamışdır. Şəxsi axtarış zamanı da videoçəkiliş aparılaraq protokol tərtib olunmuş, protokolun doğruluğunu o, müdafiəçisi və polis əməkdaşları imzaları ilə təsdiq etmişlər. Narkotik vasitəni öz istifadəsi üçün saxlamış, onu heç kimdən almamış və heç kimə satmamışdır. Törətdiyi cinayət əməlini etiraf edərək əməlindən səmimi peşman olmuşdur. Himayəsində biri yetkinlik yaşına çatmamış, ikisi isə azyaşlı olmaqla üç uşağı var, ailəsində evə yeganə gəlir gətirən şəxs odur, qeyd etdiyi halları cəza təyin edilən zaman nəzərə almağı və ona azadlıqdan mərhumetmə ilə əlaqədar olmayan daha yüngül cəza verilməsini xahiş edir. İş üzrə şahid qismində dindirilmiş X8 ifadəsində göstərmişdir ki, İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda narkotik vasitə gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, buna görə 26 yanvar 2023-cü il tarixdə polis şöbəsinin rəhbərliyinə raportla məruzə etmiş və həmin tarixdə Təqsirləndirilən şəxs ətrafında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi barədə razılıq almışdır. Dərhal əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi barədə qərar qəbul edilmiş və tədbir keçirilməsi üçün əməliyyat qrupu yaradılmışdır. Göstərilən tarixdə, saat 22 radələrində Təqsirləndirilən şəxs İsmayıllı rayon İsmayıllı kəndində, evinin qarşısında yolun kənarında tək olarkən yaxınlaşıb özlərini təqdim etmişlər. Onlar Təqsirləndirilən şəxs üzərində və yaşadığı ünvanda qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu, buna görə də barəsində əməliyyat tədbirinin keçirilməsi haqqında qərar qəbul edildiyini, həmin qərarla sonuncunu tanış edib və bu məqsədlə yaşadığı ünvanda baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və həyətyanı sahəsinə, evinə baxış keçirilməsinə razılıq vermişdir. Bundan sonra video çəkiliş aparılmaqla yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə başlanılmışdır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik vasitə və ya digər qadağan olunmuş hər hansı bir əşyanın olub-olmadığı soruşulmuşdur. Bu zaman sonuncu evində yataq otağında öz istifadə etməyi üçün narkotik vasitə olan qurudulmuş marixuana saxladığını bildirərək və təqdim edə biləcəyini demişdir. Bundan sonra onlar birlikdə Təqsirləndirilən şəxs yataq otağına daxil olmuşlar. Anar həmin otaqda yerləşən çarpayının altında saxladığı bir ədəd sellofan torbanı götürüb təqdim etmişdir. Sellofan torba açıldıqda içərisində yaşımtıl rəngli, spesifik qoxuya malik, narkotik vasitəsinə oxşar bitki kütləsi aşkar edilmişdir. Aşkarlanmış bitki kütlənin nə olduğu barədə soruşulduqda Təqsirləndirilən şəxs həmin bitki kütləsinin qurudulmuş marixuana olmasını, 2022-ci ilin noyabr ayının tarixini xatırlamadığı günündə İsmayıllı rayon Tubu kəndi ərazisində yerləşən meşə sahəsindən tapdığını, içində marixuana kütləsi olmasını bildiyini, bükülünü götürərək özünün istifadəsi üçün yaşadığı evinə apardığını, öz yataq otağında, çarpayının altında həmin yerdə saxladığını, arada həmin vasitədən istifadə etdiyini, bu barədə heç kimə bildirmədiyini demişdir. Bundan sonra aşkar edilmiş sellofan torba bükülüdə olan bitki kütləsi elektron tərəzidə çəkilmiş, qablaşdırılaraq götürülmüşdür. Evin digər yerlərinə, o cümlədən həyətyanı sahəsinə də baxış keçirilmiş, lakin başqa cinayət xarakterli əşya və ya predmet, eləcə də narkotik vasitə aşkar edilməmişdir. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmiş, protokolun doğruluğunu o, və digər iştirakçılar imzaları ilə təsdiq etmişlər. Baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək onlarla birgə polis şöbəsinə getməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə polis şöbəsinə getmişdir. Polis şöbəsində Növbətçi hissənin qarşısında Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş, müdafiəçi ilə təmin edilərək şübhəli şəxs qismində tutulmuş və üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Şəxsi axtarış videoçəkiliş aparılmaqla keçirilmiş, bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, o və digər iştirakçılar protokolun düzgünlüyünü imzaları ilə təsdiq etmişlər. İş üzrə şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin digər əməkdaşları X6 və X3 eyni məzmunlu ifadələr verərək X4 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməli törətməsi özünün etirafı ilə yanaşı şahidlərin ifadələri, iş materialları və məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Belə ki, “Yaşayış sahəsinə baxış keçirilməsinıə dair” 26 yanvar 2023-cü il tarixli protokoldan və həmin prosesin videogörüntüləri olan diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı 01 ədəd şəffav rəngli sellofan torbada, çəkisi 45.95 qram olan, quru halda narkotik vasitəsinə bənzər kütlə aşkar edilmiş, təqkibinin və çəkisinin müəyyən edilməsi məqsədilə ekspertiza tədqiqatlarına təqdim edilməsi üçün qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. “Şəxsi axtarış keçirilməsinıə dair” 26 yanvar 2023-cü il tarixli protokoldan və həmin prosesin videogörüntüləri olan diskdən görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış keçirilən zaman hər hansı bir cinayət xarakterli hər hansı əşya, predmet, iz, habelə narkotik vasitə aşkar edilməmişdir. Şəxsi axtarış zamanı videoçəkiliş aparılaraq protokol tərtib edilmişdir. Məhkəmə-bioloji ekspertizasının 27 yanvar 2023-cü il tarixli 17/104 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “İsmayıllı rayon İsmayıllı kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus evin yaşayış sahəsindən aşkar edilərək götürülmüş narkotik vasitəyə bənzər bitki kütləsi.” sözləri, adlar və imzalar yazılmış zərfin içərisindəki 01 (bir) ədəd şəffav sellofan torbada, təmiz çəkisi - 38.86 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Ekspertiza tədqiqatına bitki kütləsindən 0,10 qram sərf edilmiş, qalan qalıq çəki 38,76 qram təşkil edir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik təşkil edir. Məhkəmə narkoloji ekspertizasının 01 aprel 2023-cü il tarixli 544 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. “Maddi sübut kimi tanınma haqqında” 30 yanvar 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş məhkəmə bioloji ekspertizasının tədqiqatına sərf edildikdən sonra qalan qalıq 38,76 qram olan narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq saxlanılması üçün İsmayıllı RPŞ-yə təhvil verilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirib, iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növləri kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 38,86 qram çəkidə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib daşıyaraq yaşadığı evində saxlamaqla ictimai təhlükəli əməli törətmiş və onun əməlində cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Ona qarşı elan edilmiş ittihamda təqsirli olması, özünün etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri və işin digər materialları, yəni kifayət qədər mötəbər sübutlarla təsdiq edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş bütün sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1-ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Beləliklə, məhkəmə istintaqında tam sübuta yetdi ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxtda və mənbədən, satış məqsədi olmadan, öz şəxsi istifadəsi üçün qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə 38,86 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib bir ədəd sellofan torbanın içərisində yaşadığı İsmayıllı rayonunun İsmayıllı kəndində yerləşən evə daşıyaraq 26 yanvar 2023-cü il tarixə kimi olan müddət ərzində həmin evin yataq otağındakı çarpayının altında saxlamış, həmin tarixdə saat 22 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə baxış keçirilərkən evin yataq otağındakı çarpayının altından bir ədəd sellofan torbanın içərisində saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda - 38,86 qram çəkidə olan həmin bitki mənşəli kütlə - tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin məhz 234.1-ci maddəsi ilə düzgün tövsif olunuşdur. Belə ki, Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən həyata keçirilməsi üsulundan asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz əldə edilməsi, məqsədindən asılı olmayaraq qanunvericiliklə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəlmiş bütün hərəkətləri isə narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması hesab edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Odur ki, məhkəmə məhkəmə istintaqında hərtərfli, tam və obyektiv tədqiq olunmuş sübutların məcmusuna qiymət verərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi cinayət əməlinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş hədlərdə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs barəsində cəza təyin edərkən Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməli az ağır olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq hissi keçirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsindən alınmış 10 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinin materiallarında olan İsmayıllı RİHB-nin İsmayıllı şəhəri İƏD üzrə nümayəndəliyindən alınmış arayış və xasiyyətnamədə göstərilmişdir ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhərində (İsmayıllı rayonunun keçmiş İsmayıllı kəndi) qeydiyyatda olmaqla həmin ünvanda yaşayır, ailə tərkibi özündən, arvadı X1, 17 aprel 2009-cu il təvəllüdlü qızı Zəhra, 21 yanvar 2011-ci il təvəllüdlü və 30 yanvar 2016-cı il təvəllüdlü oğlanları Polad və Yaşardan ibarətdir, yaşadığı müddət ərzində müsbət xarakterizə olunmuş, barəsində İsmayıllı şəhəri İƏD üzrə icra nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. İsmayıllı rayon X7 Hüquqi Şəxsindən alınmış 22 fevral 20323-cü il tarixli HPŞ-6-47/2- 184/2023 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı RMX-nın poliklinika şöbəsininin “Ruhi-Əsəb”, Narkoloji və Nevroloji kabinetlərində dispanser qeydiyyatda yoxdur. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində göstərilən ağırlaşdırıcı hallar müəyyən edilmədi. Məhkəmə, cəzanı yüngülləşdirən halların mövcudluğunu və cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, həm də təqsirləndirilən şəxsin şəxsiyyətini xarakterizə edən amillər Təqsirləndirilən şəxs barəsində azadlıqdan məhrum etmə cəzasının tətbiq edilməsini istisna edir. Bununla yanaşı, məhkəmə təqsirləndirilən şəxsin məhkəmə baxışınadək həbsdə saxlanması müddətinin azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi zamanı nəzərə alınmasını da zəruri hesab edir. Belə ki, cinayət işinin materiallarında olan şübhəli şəxsin tutulması haqqında protokoldan və şübhəli şəxs qismində tutma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 26 yanvar 2023-ci il tarixdə saat 23:40-da şübhəli şəxs qismində tutulmuşdur. Eləcə də, cinayət işinin materiallarında olan “qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 yanvar 2023-ci il tarixdə saat 15:00-da İsmayıllı RPŞ-nin MSY-dən dərhal azad edilmişdir. Bununla da onun həbsdə saxlanıldığı müddət 02 gün təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsində əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı 02 gün müddəti nəzərə alaraq hesab edir ki, ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzası həbsdə saxlamanın 1 günü azadlığın məhdudlaşdırılması cəzasının 2 gününə bərabər tutularaq, cəmi 4 gün müddət təyin edilmiş cəzadan çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət və ev dustaqlığında saxlanıldığı müddət daxildir. Məhkəmə, həmçinin məhkəmə-narkoloji ekspertinin tövsiyyəsini uyğun olaraq hesab edir ki, cəzanın məsədlərinə tam nail olunması üçün Təqsirləndirilən şəxs həm də yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99-1.1.1 və 99-1.1.2ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub, İsmayıllı RPŞ-də məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilərək götürülmüş, ekspert tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 1 ədəd zərfdə qablaşdırılmış 38.76 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17-ci maddəsinin tələblərinə əsasən ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub-olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10-cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza tədqiqatı nəticəsində yaranmış məhkəmə məsrəflərinin ödənilməsi ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik məhkəmə məsrəfi tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20-ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344–349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1(bir) il 3(üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 26 yanvar 2023-cü il saat 23:40-dan 28 yanvar 2023-cü il saat 15:00-a dək şübhəli şəxs qismində saxlanıldığı 2(iki) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 4 (dörd) gün müddət ona təyin edilən 1(bir) il 3(üç) ay müddətə аzаdlığın məhdudlaşdırılması cəzasından çıxılaraq üzərində qəti olaraq 1(bir) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs 1(bir) il 2(iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasını İsmayıllı rayonu ərazisində çəksin. Üzərinə cəza çəkdiyi müddətdə saat 23:00-dan saat 07:00-a dək yaşadığı İsmayıllı şəhəri ərazisindəki (İsmayıllı rayonunun İsmayıllı kəndindəki) evini tərk etməmək, bu müddətdə İsmayıllı rayonu ərazisini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarət yaşadığı yer üzrə İcra və probasiya şöbəsi həyata keçirsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya şöbəsində qeydə alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 38.76 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod - 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar