Məhkəmə qərarları › İş №1(037)-41/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-41/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-41/2021 13.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı oğlunun, Müdafiəçi Müdafiəçi iştirakı ilə 13 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1986-cı ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, Şəki Ağır Cinayətlər Məhkəməsinin 01 mart 2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 132, 126.1-ci maddələri ilə təqsirli bilinib qəti olaraq 05 il 03 ay 20 gün müddətə azadlıqdan məhrumetmə cəsasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş, İsmayıllı şəhəri Heydər Əliyev prospekti, ev 37, mənzil 23-də qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X3 saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə etmək qərarına gəlmiş, bu məqsədlə 20.01.2021-ci il tarixdə, saat 12 radələrində Göyçay şəhərinə gedib orada tanışı X17 ilə görüşərək öz istifadəsi üçün 100 manatlıq narkotik vasitə və psixotrop maddə almaq istədiyini, kömək edəcəyi təqdirdə Nişad Musayevə də həmin narkotik vasitədən bir büküm verəcəyini bildirib kömək etməsini xahiş etmiş, sonuncu razılaşaraq həmin 100 manat pul müqabilində Göyçay şəhər sakini X1 yaşadığı Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 5 saylı evin yaxınlığında şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,681 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi istintaqla müəyyən edilməyən miqdarda heroini alıb əldə edərək həmin gün Göyçay şəhərinin Nizami küçəsində yerləşən “Bolluq market”in qarşısında ona vermiş, o, əldə etdiyi həmin narkotik vasitə olan heroindən şəxsi istehlak miqdarından az, lakin dəqiq çəkisi istintaqla müəyyən edilməyən, bir dəfəlik istifadə üçün nəzərdə tutulmuş miqdarda hissəsini Nişad Musayevə vermiş, bundan sonra o, qanunsuz olaraq əldə etdiyi psixotrop maddə və narkotik vasitənin qalan hissəsini götürərək daşıyıb yaşadığı İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 37, 23 saylı ünvanda yerləşən mənzilə gətirmiş, orada satış məqsədi ilə həmin psixotrop maddə olan 1,709 qram çəkidə metamfetamini 1,520 qram, 0,132 qram və 0,057 qram olmaqla ayrı-ayrılıqda 3 ədəd kağız bükümdə, narkotik vasitə olan 0,681 qram çəkidə heroini isə 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram olmaqla ayrı-ayrılıqda 4 ədəd kağız bükümdə qablaşdıraraq, habelə 0,144 qram çəkidə heroini istifadə etmək üçün maye ilə qarşıdırıb hazır vəziyyətdə 1 ədəd şüşə flakona dolduraraq üzərində daşımaqla saxlamış, 20.01.2021-ci il tarixdə, saat 16 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, İsmayıllı şəhərinin H.Əliyev prospektində saxlanılaraq İsmayıllı rayon polis şöbəsinə gətirilib üzərində şəxsi axtarış aparılarkən əynində olan qara rəngli gödəkcənin sağ yan cibindəki 1 ədəd sellofan bağlamanın içərisində saxladığı təmiz çəkisi 1,709 qram təşkil edən, ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda 1,520 qram, 0,132 qram və 0,057 qram çəkidə psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,681 qram təşkil edən, ümumilikdə 4 ədəd kağız bükümün içərisində, ayrı ayrılıqda 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram çəkidə kağız bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və 1 ədəd şüşə flakonda olan 1,20 ml heroin məhlulunun içərisində 0,144 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2–ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, təxminən bir ildir ki, narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən istifadə edir. 20.01.2021-ci il tarixdə səhər saatlarında İlham adlı taksi sürücüsü ilə təxminən saat 11 radələrində İsmayıllı şəhərindən Göyçay şəhəri istiqamətində yola düşmüşlər. Yolda olarkən tanışı, Göyçay şəhər sakini Nişada məxsus ********** saylı mobil nömrəsinə zəng etmişdir. Nişada qapalı bir şəkildə yolda olduğunu, heroin və metamfetaminə ehtiyacının olduğunu bildirmişdir. Belə ki, Nişad və o xəstə olduqları üçün müəyyən vaxtlarda narkotik vasitə olan heroindən istifadə edirmişlər. O, həmçinin psixotrop maddə olan metamfetamindən də istifadə edirmiş. Təxminən saat 12 radələrində onlar Göyçay şəhərinə çatmışlar. Göyçay şəhərində avtomobil yolunun kənarında Nişadı görmüşdür. Nişad ilə və ona 100 manatının olduğunu və həmin pula uyğun heroin və metamfetamin almağı bildirmişdir. Nişad bir yerə gedib, tanışından heroin və metamfetamin alıb ona gətirəcəyini demişdir. O da buna görə Nişada 1 dəfə istifadə etmək üçün heroin verəcəyini demiş və sonuncu da razılaşmışdır. Söhbət əsnasında Nişad taksi sürücüsünə güvənə bilib-bilməyəcəyini ondan soruşmuş, o da taksi sürücüsünün bundan xəbərinin olmadığını demişdir. Bundan sonra Nişad İlhamın avtomobilinə əyləşmiş və getmişdir. Təxminən 15 dəqiqə sonra Nişad və İlham geri qayıtmışlar. Nişad 1 ədəd sellofan bağlamanı ona vermişdir. Həmin bağlamada heroin və metamfetamin olmuşdur. O, heroindən cüzi miqdarda götürüb kağıza bükmüş və Nişada vermişdir. Bundan sonra o, İlhamın avtomobilində İsmayıllı şəhərinə geri qayıtmışdır. O, yaşadığı binanın yaxınlığında İlhamın avtomobildən enmiş, mənzilinə daxil olduqda orada heç kimin olmadığını görmüş, aldığı heroini döşəmənin üzərinə qoymuş və heroindən biraz götürüb su ilə qarışdırmış və bədəninə yeritmək istədikədə anidən içəriyə mülki geyimli şəxslər daxil olaraq, ona yaxınlaşmış, özlərini təqdim etmişlər və ona narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli olduğunu bildirərək onu rayon polis şöbəsinə dəvət etmişlər. Bildirmək istəyir ki, o, heç kimə narkotik vasitə satmamış və başqa heç bir yerdə narkotik vasitə saxlamamışdır, o, narkotik vasitələrin satışı ilə heç vaxt məşğul olmamışdır, xəstə olduğu üçün və ancaq ağrılarının sakitləşdirilməsi üçün istifadə edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Evində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. Himayəsində iki azyaşlı uşağının və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində göstərmişdir ki, təxminən bir ildir ki, narkotik vasitə olan qurudulmuş marixuana və heroindən istifadə edir. İsmayıllı şəhər sakini Təqsirləndirilən şəxs uzun müddətdir ki, tanıyır. Şafiq ilə Göyçay şəhərində tanış olmuşlar. Bildiyi qədər Şafiqin Göyçayda qohumları vardır. Şafiq ilə bir neçə dəfə narkotik vasitə olan marixuanadan istifadə etmişlər. 20.01.2021-ci il tarixdə, saat 11 radələrində Şafiq ozünə məxsus ********** saylı mobil nömrəsindən ona zəng edərək üstü örtülü bir şəkildə onun üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tapa bilib-bilməyəcəyini ondan soruşmuş və taksi ilə Göyçay şəhəri istiqamətində gəldiyini demişdir. O, Şafiqə bu barədə dəqiq bir söz deyə bilməyəcəyini bildirərək heroin və metamfetamin tapmağa kömək edəcəyini ona demişdir. Saat təxminən 12 radələrində Şafiq ilə əvvəlcədən razılaşdıqları kimi Göyçay şəhərində, “Bioloji təbabət” klinikasının yanında görüşmüşlər və Şafiq ona 100 manat verərək heroin və metamfetamin almağı xahiş etmişdir. O, taksi sürücüsü ilə bir yerə gedib, bir nəfər tanışından heroin və metamfetamin alıb gətirərəcəyini Şafiqə demişdir. Şafiq də buna görə ona 1 dəfə istifadə etmək üçün heroin verəcəyinə dair vəd vermiş və o da razılaşmışdır. O, əvvələr tanıdığı Elvid adlı şəxsə zəng edərək üzərində 100 manata uyğun heroin və metamfetamin olubolmadığını soruşmuşdur. Elvin də üzərində həmin maddələrdən olduğunu bildirdikdə sonuncuya 5-10 dəqiqəyə yaşadığı evin yerləşdiyi küçədə olacağını demişdir. Elvin ona 2 sellofan bağlama vermişdir. O, bağlamaya səthi baxdıqda içərisində 2 ədəd kağız bağlama olduğunu görmüş və bir bağlamanın içərisində heroin, digərində isə metamfetamin olduğunu bilmişdir. Bundan sonra 100 manatı Elvinə verib sellofan bağlamanı cibinə yerləşdirmiş və avtomobil istiqamətində geri qayıdaraq, içərisində heroin və metamfetamin olan bağlamanı Şafiqə vermişdir. Şafiq də heroindən biraz, yəni bir dəfə istifadəlik miqdarda götürərək ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində göstərmişdir ki, bir neçə ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Göyçay şəhər sakini Nişad Musayevi uzun müddətdir ki, tanıyır. 20.01.2021-ci il tarixdə səhər saatlarında Nişad ona zəng edərək özü üçün narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin tapa bilib-bilməyəcəyini soruşmuşdur. O da üzərində heroin və metamfetamin olduğunu Nişada demişdir. Üzərində olan həmin heroin və metamfetamini 2021-ci ilin yanvar ayının əvvəlləri yaşadığı Göyçay şəhərində tanımadığı şəxsdən almışdır. Nişaddan neçə manatlıq heroin və metamfetamin lazım olduğunu soruşduqda sonuncu ona 100 manata uyğun miqdarda heroin və metamfetamin lazım olduğunu demişdir. O, Nişaddan nə vaxta gəlib heroin və metamfetamin götürəcəyini soruşduqda sonuncu yolda olduğunu ona demişdir. O, həmin vaxt üzərində olan heroin və metamfetamini 100 manatlıq miqdarda ayrı-ayrı iki bağlamada qablaşdırmış və qeyd etdiyi 2 kağız bağlamanı 1 ədəd sellofan bağlamanın içərisinə qoymuşdur. Təxminən 5-6 dəqiqə sonra həmin sellofan bağlamanı cibinə qoyub küçəyə çıxmışdır. Bundan 5-6 dəqiqə sonra, yəni təxminən saat 12 radələrində Nişad qara rəngli avtomobildən enib yanına gəlmişdir. Nişad yanına çatdıqda onlar salamlaşmışlar və kənara göz gəzdirib heç kimin onları izləmədiyini dəqiqləşdirdikdən sonra cibindən 1 ədəd sellofan bağlamanı çıxardıb Nişada vermiş və 100 manatı alaraq sonuncu ilə sağollaşmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, İsmayıllı rayon polis şöbəsinə məlumat daxil olmuşdur ki, İsmayıllı şəhəri, H.Əliyev prospekti, ev 37, mənzil 23 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olur. Buna görə də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışın keçirilməsi üçün sonuncunun ətrafında əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul edilmişdir. Həmin qərarın icrası ilə əlaqədar 20.01.2021-ci il tarixdə, saat 15 radələrində o, İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis leytenantı X15 və İsmayıllı RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kapitanı X7 ilə birlikdə Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev prospektində, sonuncunun yaşadığı evin yaxınlığında piyada yeridiyini görmüşlər, təqib zamanı onun aptekə getdiyini və bir neçə dəqiqə sonra qayıdaraq evə girdikdə Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini ona təqdim edəndən sonra əməliyyat tədbirinin keçirilməsi barədə qərarla onu tanış edib narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi məqsədilə onlarla birlikdə İsmayıllı RPŞ-nə getməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs etiraz etməyərək onlarla birlikdə polis şöbəsinə getmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduqdan sonra polis şöbəsində həmin gün saat 16 radələrində dəvət edilmiş 2 nəfər hal şahidinin, vəkilin və polis əməkdaşlarının iştirakı ilə İsmayıllı rayon polis şöbəsinin növbətçi hissəsinin qarşısında sonuncunun üzərinə şəxsi axtarış keçirilmiş, ona üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş maddə olduğu halda təqdim etməsi təklif edilmişdir. Lakin Təqsirləndirilən şəxs üzərində hər hansı narkotik vasitə, psixotrop maddə və ya qanunla qadağan olunmuş maddə olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı onun əynindəki qara rəngli qolsuz gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan aşkar edilmişdir. Sellofanı açdıqda içərisində 7 (yeddi) ədəd bükümlərdə narkotik vasitəyə və psixotrop maddəyə bənzər toz halında kimyəvi maddə, habelə 1 (bir) ədəd, üzərində “Benzyl¬penicillin” sözü yazılmış şüşə ampulada məhlul aşkar edilmişdir. Məhkəmə iclasında digər şahidlər X15 və X8 şahid Anar Seyidov ilə eyni məzmunlu ifadələr verərək onun göstərdiyi xüsusatları təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərmişdir ki, o, 20.01.2021-ci il tarixdə, saat 15 radələrində İsmayıllı şəhəri, H.Əliyev prospektində yerləşən İsmayıllı RPŞ-nin qarşısından keçərkən İsmayıllı RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olan 1 nəfər şəxsin üzərinə şəxsi axtarış keçiriləcəyini və onun da həmin proses zamanı hal şahidi qismində iştirak etməsini ondan xahiş etmişlər. O da, polis əməkdaşları ilə razılaşıb həmin proses zamanı iştirak etmək üçün onlarla birlikdə İsmayıllı RPŞ-yə getmişdir. Orada adını sonradan bildiyi Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qolsuz gödəkcənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bağlama aşkar edilmişdir. Məhkəmə, ibtidai araşdırma mərhələsində iş üzrə şahid qismində dindirilmiş, lakin məhkəmə istintaqında iştirak etməmiş şahid X5 məhkəmə istintaqında elan edilərək tədqiq olunmuş ifadəsini də ittihamın mahiyyəti üzrə sübut növü kimi qəbul edir. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza X16 Bölməsi tərəfindən verilmiş məhkəmə-bioloji ekspertizasının 20 yanvar 2021-ci il tarixli 17/54 nömrəli rəyi ilə müəyən olunur ki, tədqiqata təqdim olunmuş, üzərində“...vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş... sözləri yazılmış 01 ədəd zərfin içərisindəki; -04 ədəd gümüşü-ağ rəngli kağız bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri-0,244 qram, 0,092 qram, 0,090 qram, ümumi təmiz çəkisi-0,537 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə -heroinlərdir, -01 ədə şüşə flakonda, həcmi-1,20 ml olan maye kustar üsulla hazırlanmış narkotik vasitə-heroin məhluludur. Həmin məhlulda heroinin quru maddəsinin təmiz çəkisi- 0,144 qramdır. -03 ədəd kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri-1,520 qram, 0,057 qram, ümumi təmiz çəkisi-1,709 qram olan maddələr kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 71,94 (yetmiş bir manat doxsan dörd qəpik) manat təşkil edir. Hadisə yerinə baxış keçirilməsi barədə 11.03.2021-ci il tarixli protokoldan görünür ki, X10 Təqsirləndirilən şəxs narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamini verdiyi yer Göyçay şəhəri, Nizami küçəsində yerləşən “Bolluq market”in qarşısıdır. “xxxx” MMC-dən daxil olmuş CD-də olan məlumatlarla bağlı verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” MMC-yə məxsus ********** saylı mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getmiş, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəlmiş, həmçinin 20.01.2021-ci il tarixdə, saat 11 və 12 radələrində Təqsirləndirilən şəxs ilə X17 arasında telefon danışıqları olmuşdur. “xxxx” MMC-dən daxil olmuş CD-də olan məlumatlarla bağlı verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, X10 istifadəsində olan “xxxx” MMC-yə məxsus ********** saylı mobil nömrəsindən, həmçinin X11 məxsus ********** saylı mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getmiş, həmin mobil nömrələrə müxtəlif nömrələrdən zənglər və mesajlar gəlmiş, həmçinin 20.01.2021-ci il tarixdə, saat 12 radələrində X17 ilə X14 arasında telefon danışıqları olmuşdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin məhkəmə-narkoloji ekspertizasının 08.05.2021-ci il tarixli 521 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata götürülməsi məsləhət görülür. İsmayıllı RMX PHŞ X2 alınmış 26.01.2021-ci il tarixli 14 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nın nevroloji və ruhi-əsəb kabinetlərində qeydiyyatda yoxdur, lakin narkoloji kabinetində 03.06.2018-ci il tarixdən “narkoman” diaqnozu ilə qeydiyyatdadır. Müstəntiqinin 21 yanvar 2021-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 20 yanvar 2021-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 20 yanvar 2021-ci il tarixdə saat 16:11-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 22.01.2021-ci il tarixli, 4(037)-1/2021 saylı qərardan görünür ki, safıq Talıbov barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 30.01.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Talıbov X12 rayon məhkəməsinin 27.07.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Talıbov X12 rayon məhkəməsinin 26.09.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan əlavə, Talıbov X12 rayon məhkəməsinin 09.06.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 127.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 01.03.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 126.1-ci maddələri ilə təqsirli bilinib 5 il 3 ay 20 gün müddətə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsini 18.09.2012-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 5 il 20 gün müddətə azaldılmış, 26.09.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Şafıq Talıbovuna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış 1 ədəd sellofan bağlamanın içərisində saxladığı təmiz çəkisi 1,709 qram təşkil edən, ümumilikdə 3 ədəd kağız bükümün içərisində, ayrı-ayrılıqda 1,520 qram, 0,132 qram və 0,057 qram çəkidə psixotrop maddə metamfetamin, təmiz çəkisi 0,681 qram təşkil edən, ümumilikdə 4 ədəd kağız bükümün içərisində, ayrı ayrılıqda 0,244 qram, 0,092 qram, 0,111 qram və 0,090 qram çəkidə kağız bükümlərdə qablaşdırılmış narkotik vasitə heroin və 1 ədəd şüşə flakonda olan 1,20 ml heroin məhlulunun içərisində 0,144 qram çəkidə narkotik vasitə heroinin, yəni sözügedən narkotin vasitələrnin bükümlərə bölünərək saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitələrin məhz onun tərəfindən bükümlərə bölünməsi məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin bir neçə hissəyə bölərək kağız bükümlərdə saxlamasında satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun qərarına əsasən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitənin ayrıayrı hissələrə bölünərək 07 (yeddi) ədəd kağız bükümlərdə qablaşdırıb saxlanılması məhz onun tərəfindən həyata keçirilməsi sübuta yetirilmədən, ibtidai istintaq orqanının sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin əməliyyat zamanı Təqsirləndirilən şəxs Göyçay şəhərindən qayıtdıqdan sonra polis əməkdaşlarının hansı müddətdə ona yaxınlaşmaları (1 və ya 2 dəqiqə) və həmin müddətdə sözügedən narkotik vasitələrin bükümlərə (07 büküm) ayrılmasının praktik olaraq, zaman baxımından mümkün olub-olmaması faktına hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Belə ki, məhkəmə iclasında müəəyən edildi ki, Təqsirləndirilən şəxs Göyçay şəhərindən narkotik vasitələri alıb İsmayıllı şəhərinə qayıtmış və bundan təxminən 1 və ya 2 dəqiqə sonra əməliyyat tədbiri keçirilərək onun üzərindən narkotik vasitə aşkar edilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs istifadəsində olan “xxxx” MMC-yə məxsus ********** saylı mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, həmçinin 20.01.2021ci il tarixdə, saat 11 və 12 radələrində onunla X17 arasında telefon danışıqları aparıldığı qeyd edilsə də, həmin danışıq və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Nаrkotik vasitələrdən sui-istifadə etmə nəticəsində yaranmış narkomanlıq xəstəliyindən əzab çəkir. Bu hallar da onun narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetaminin öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Məhkəmə, hesab edir ki, başqa sübutlarla öz təsdiqini tapmadan, Təqsirləndirilən şəxs üzərində aşkar olunaraq götürülmüş narkotik vasitələrin ayrı-ayrı hissələrə bölünərək 07 (yeddi) ədəd kağız bükümlərdə saxlanılması (bu hal məhkəmə istintaqı zamanı sübuta yetirilmədi) özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki,Təqsirləndirilən şəxs 20.01.2021-ci il tarixdə, saat 12 radələrində Göyçay şəhərinə gedib orada tanışı X17 ilə görüşərək öz istifadəsi üçün 100 manatlıq narkotik vasitə və psixotrop maddə almaq istədiyini, kömək edəcəyi təqdirdə Nişad Musayevə də həmin narkotik vasitədən bir büküm verəcəyini bildirib kömək etməsini xahiş etmiş, sonuncu razılaşaraq həmin 100 manat pul müqabilində Göyçay şəhər sakini X1 yaşadığı Göyçay şəhəri, Ü.Hacıbəyov küçəsi, 5 saylı evin yaxınlığında şəxsi istehlak miqdarından artıq miqdarda, ümumilikdə təmiz çəkisi 1,709 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, şəxsi istehlak miqdarından artıq miqdarda, ümumi təmiz çəkisi 0,681 qram təşkil edən kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini Təqsirləndirilən şəxs vermiş, sonuncu İsmayıllı rayonunda yerləşən evinə qayıtdıdan sonra polis əməkdşaları tərəfindən saxlanılmış və üzərindən həmin narkotik vasitələr aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinə əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs İsmayıllı şəhəri, H.Əliyev pr, ev 37 ünvanında qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, 2007-ci il təvəllüdlü oğlu X18 və 2009-cu il təvəllüdlü X6 ibarətdir. Barəsində yaşayış yeri üzrə yaşadığı müddətdə şikayət daxil olmamışdır. Bununla yanaşı, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayon məhkəməsinin 27.07.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bundan başqa, Talıbov X12 rayon məhkəməsinin 26.09.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə təqsirli bilinərək qazancından 20 faiz dövlət nəfinə tutulmaqla 9 ay müddətə islah işləri cəzasına məhkum edilmişdir. Bundan əlavə, Talıbov X12 rayon məhkəməsinin 09.06.2009-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.1, 127.1-ci maddələri ilə təqsirli bilinib 1 il 6 ay müddətə azadlıqdan məhrumetə cəzasına məhkum edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Şəki Ağır Cinayətlər Məhkəməsinin 01.03.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 132, 126.1-ci maddələri ilə təqsirli bilinib 5 il 3 ay 20 gün müddətə azadlıqdan məhrumetə cəzasına məhkum edilmiş, Binəqədi rayon məhkəməsini 18.09.2012-ci il tarixli qərarı ilə ona təyin edilmiş cəza 5 il 20 gün müddətə azaldılmış, 26.09.2015-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, hazırda məhkumluğu ödənilmədiyinə görə o, Azərbaycan Respublikası CM–in 83–cü maddəsinin tələbinə əsasən hazırda da məhkum olunmuş hesab edildiyindən, onun əməli həmin Məcəllənin 18.1–ci maddəsinin tələbinə görə cinayətin residivini yaratmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2–ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusilə təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Ona görə də məhkəmə, bu halı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61– ci maddəsinə əsasən ağırlaşdırıcı hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li Qərarının 1-ci bəndinə görə hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə cəzanı yüngülləşdirən və ağırlaşdırılan halların mövcudluğunu nəzərə alaraq Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsinin sanksiyası çərçivəsində residivə görə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini qanuni, əsaslı, ədalətli və cəzanın məqsədlərinə uyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.13–cü maddəsinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəza təyin edildikdə, hansı cəzaçəkmə və ya tərbiyə müəssisəsinin müəyyən edilməsi məsələsidir. Həmin məsələ ilə bağlı məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsi 56.1.3–cü maddəsinin tələblərinə əsasən, təqsirləndirilən şəxs Şafıq Talıbova təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158–ci maddəsinin tələblərinə əsasən, ibtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 20 yanvar 2021–ci il tarixdən hesablanmalıdır. Belə ki, Təqsirləndirilən şəxs barəsində “şübhəli şəxsin tutulması haqqında” protokol məhz 20.01.2021–ci il tarixdə tərtib olunmuş və həmin gündən də o, şübhəli şəxs kimi tutulmuşdur. Bundan əlavə İsmayıllı Rayon Məhkəməsinin həbs qətimkan tədbiri seçilməsinə dair 22.01.2021–ci il tarixli qərarı ilə onun həbsdə saxlanılma müddətinin əvvəli 20 yanvar 2021–ci il tarixdən hesablanmışdır. İttiham hökmü qanuni qüvvəyə minənədək təsirləndirilən şəxsə tətbiq olunmuş qətimkan tədbiri barədə məsələnin həlli ilə əlaqədar Cinayət Prosessual Məcəlləsinin 175.5 və 346.1.20–ci maddələrinin tələbləri baxımından, məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minədək dəyişdirilməməlidir. Məhkəmə cəza təyin edərkən, məhkəmə–narkoloji ekspertinin tövsiyyəsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2–ci maddəsində göstərilən məqsədlərə nail olunması istiqamətində görülməli olan zəuri tədbir hesab edərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət iş üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99–1.2–ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99–1.1–ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Həmin Məcəllənin 99–1.1.1 və 99– 1.1.2–ci maddələrində isə məhkumun cinayət törədərkən istifadə etdiyi alət və vasitələrin, həmçinin məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və digər əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınması nəzərdə tutulmuşdur. Bundan əlavə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.1– ci maddələrinə əsasən, məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut olub İsmayıllı RPŞ–də məsul saxlanca verilmiş, 0,337 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə heroinin, ümumi həcmi 1,00 ml olan kustar üsul ilə hazırlanmış narkotik vasitə heroin məhlulunun və ümumi təmiz çəkisi 1,559 qram olan kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.17–ci maddəsinə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, mülki iddianın kimin mənafeyinə və hansı məbləğdə təmin edilməli olub–olmamasıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə iş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 346.1.21 və 353.4.10– cu maddələrinin tələblərinə görə məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən və ittiham hökmünün nəticəvi hissəsində göstərilən məsələlərdən biri də, məhkəmə məsrəflərinin ödənilməsi məsələsidir. İbtidai araşdırma zamanı keçirilmiş ekspertiza ilə bağlı məhkəmə məsrəfləri bağlı məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ekpertiza tədqiqatının dəyəri olan 71, 94 manat məhkəmə məsrəfi tutulub Dövlət büdcəsinə ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan – 20 yanvar 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübutlar - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 0,337 qram olan kustar üsul ilə hazırlanmış narkotik vasitə heroin, ümumi həcmi 1,00 ml olan kustar üsul ilə hazırlanmış narkotik vasitə heroin məhlulu və ümumi təmiz çəkisi 1,559 qram olan kustar üsul ilə hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 71 (yetmiş bir) manat 94 (doxsan dörd) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına-büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı–adı Dövlət xəzinədarlığı Agentliyi, kod-210005, VÖEN-**********, müxbir hesab- AZ41NABZ**********0000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar