Məhkəmə qərarları › İş №1(037)-41/2022

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-41/2022

13.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-41/2022 13.10.2022 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Babayev Vilayət Hidayət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi İsmayıllı rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakı ilə 13 oktyabr 2022-ci il tarixdə saat 15:47-də İsmayıllı şəhərində İsmayıllı Rayon Məhkəməsinin binasında xx.xx.1966-cı ildə İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, işsiz, İİİ qrup əlil, İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində qeydiyyatda olmaqla orada yaşayan, İsmayıllı Rayon Məhkəməsinin 31 may 2022-ci il tarixli 1(037)-41/2022 nömrəli qərarı ilə barəsində seçilmiş “həbs” qətimkan tədbiri “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilmiş, fərdi indentifikasiya nömrəsi xxxxxxx Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək məhkəməyə verilmişdir, ondan ötrü ki, o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 455 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib sellofan torbanın içərisində daşıyaraq İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində yerləşən yaşadığı evə gətirib, evin quraqlığında üzərinə əşyalar qoyulması üçün mişar daşlarından tikilmiş sütunun üzərində karton qutunun içərisində bir ədəd sellofan torbada gizlədərək xx.xx.2022-ci il tarixə kimi saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evin quraqlığında karton qutunun içərisində 1 ədəd sellofan torbada satış məqsədi ilə saxladığı ümumilikdə təmiz çəkisi 455 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Qeyd edilən əmələ görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ittiham verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə ona elan edilmiş ittihamda özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, İsmayıllı rayonu 2-ci Yeniyol kəndində yaşayır, evlidir, İİİ qrup əlildir, rəsmi olaraq heç bir yerdə işləmir, mal-qara saxlamaqla dolanır. Təxminən 10 ildən artdıqdır ki, marixuanadan istifadə edir. 2021-ci ilin iyun ayında İsmayıllı rayonunun 2-ci Yeniyol kəndinin meşəlik sahəsində özümə məxsus malları otararkən təsadüfən qarşısına 3 ədəd yabanı şəkildə bitmiş çətənə bitkisi çıxmışdır. Həmin çətənə bitkisinin hissələrini yığıb yaşadığı evə gətirmiş və evin damında qurutmuşdur. Bundan sonra qurutduğu marixuananı karton qutununun içərisində gizlədib saxlamış, həmin vaxtdan sonra 10-15 dəfə həmin marixuanadan götürüb siqaretə doldurub çəkmişdir. 13 fevral 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin qarşısında olarkən İsmayıllı rayon polis şöbəsinin əməkdaşları gələrək ona yaxınlaşaraq əldə etdikləri məlumata görə yaşadığı evdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitə saxlamağı barədə onlara əməliyyat məlumatı daxil olduğunu bildirərdikdən sonra, yaşadığı evə və evin həyətyanı sahəsinə onun, polis əməkdaşlarının iştirakı ilə vieoçəkilişlə baxış keçirilmiş, baxış zamanı polis əməkdaşları ondan evdə hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsini bildirdikdə o, evin quraqlığında karton qutunun içərisində marixuana saxladığını və təqdim edə biləcəyini bildirmişdir. Baxış zamanı karton qutunun içərisində sellofan bağlamada saxladığı marixuananı təqdim etmiş və polis əməkdaşları sellofan bağlamanı götürüb içərisində yaşıl rəngli kütlənin nə olmasını, haradan əldə etməsini, nə məqsədlə quraqlıqda saxladığını soruşduqda o, həmin kütlənin marixuana olduğunu, hazırda yerini xatırlamadığı meşə sahəsində malları otararkən tapdığını, şəxsi istifadəsi üçün evdə saxladığını bildirmişdir. Bir daha bildirmək istəyir ki, o, narkotik vasitəni satış məqsədi ilə saxlamamış, şəxsi istifadəsi üçün saxlamış, hazırki vaxta qədər kimdənsə narkotik vasitə almamış, kiməsə narkotik vasitə satmamış və ya kiməsə narkotik vasitə verməmiş, xəstə olduğu üçün və ancaq ağrılarının sakitləşdirilməsi üçün istifadə edir. Özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilmir, narkotik vasitələri saxladığına və istifadə etdiyinə görə Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilir. Evində aşkarlanmış narkotik vasitələri saxladığına görə əməlindən peşman olmuşdur. İİİ qrup əlil olmasını və ailə vəziyyətinin nəzərə alınmaqla ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X5 bildirdi ki, İsmayıllı RPŞ-nin NMQnun əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantıdır. İsmayıllı rayonunun 2-ci Yeniyol kənd sakini, Təqsirləndirilən şəxs İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi ona əməliyyat məlumatı daxil olmuşdur. Məlumatla əlaqədar əməliyyat tədbirlərinin keçirilməsindən ötrü raportla şöbə rəhbərliyinə məruzə etmiş, Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə tərəfindən qərar qəbul edilmiş, şöbə rəhbərliyi tərəfindən həmin qərar təsdiq edilmişdir. Həmin tarixdə o, TB-nin təhqiqatçısı, polis baş leytenantı X4, CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X8 və RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X2 ibarət əməliyyat-təhqiqat qrupu yaradılmış, qərarın icrası ilə əlaqədar 13 fevral 2022-ciil tarixdə saat 20 radələrində o, adlarını qeyd etdiyi polis əməkdaşları Nurlan Atakişiyev, Taleh Ağayev və X12 Eyyubovun 2-ci yeniyol kəndində yaşadığı evin qarşısına getmiş, Təqsirləndirilən şəxs yaşadığı evin qarşısında olduğunu görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs qanunsuz olaraq yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsi barədə İsmayıllı RPŞ-nə əməliyyatı daxil olduğunu bildirmiş, ona həmçinin daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsi barədə əməliyyat-axtarış tədbiri qərarı qəbul olunduğunu bildirib qərarla tanış etmişlər. Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilməsinə hər hansı etirazının olub-olmamasını soruşduqda o, ərizə ilə müraciət edərək evə və həyətyanı sahəyə baxış keçirilməsinə heç bir etirazının olmadığını bildirmiş, hal şahidləri dəvət edilmədiyinə görə videçəkilişlə baxış keçiriləcəyi bildirildikdə o, heç bir etirazının olmadığını demiş, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış zamanı Təqsirləndirilən şəxs evdə hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs bildirmişdir ki, evin quraqlığında karton qutunun içərisində marixuana saxlayır və təqdim edə bilər. Təqsirləndirilən şəxs baxış zamanı karton qutunun içərisində sellofan bağlamada saxladığı kütləni təqdim etmiş, sellofan bağlama açıldıqda içərisində yaşıl rəngli, kəskin iyi olan narkotik vasitəyə bənzər bitki kütləsi aşkar edilmiş, Təqsirləndirilən şəxs həmin kütlənin nə olmasını, haradan əldə etdiyini, nə məqsədlə quraqlıqda saxladığını soruşduqda o, həmin kütlənin marixuana olduğunu, hazırda yerini xatırlamadığı 2-ci Yeniyol kəndinin meşə sahəsində malları otararkən tapdığını, şəxsi istifadəsi üçün evin quraqlığında saxladığını bildirmişdir. Aşkar edilmiş sellofan bağlama xüsusi elektron tərəzidə çəkildikdə müəyyən edilmişdir ki, kütlənin sellofan bağlama ilə birlikdə çəkisi 490 qramdır. Bağlamanın üzəri imzalarla təsdiq edildikdən sonra möhürlənərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs onlarla birlikdə polis şöbəsinə getməsini təklif etmiş, Təqsirləndirilən şəxs polis şöbəsinə gəlmiş və ərizə ilə müraciət edərək müdafiəçi ilə təmin olunmaq istədiyini bildirmişdir. Təqdim edilmiş vəkillərin siyahısından vəkil Müdafiəçi seçmiş və qısa müddət sonra həmin vəkil ona təqdim edilmişdir. Təqsirləndirilən şəxs həmin gün şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri ona izah edilmiş, hal şahidləri dəvət edilmədiyinə görə İsmayıllı rayon polis şöbəsində videçəkilişlə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, buna heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən hər hansı narkotik vasitə və dövriyyəsi qanunla qadağan edilmiş əşya aşkar edilməmiş, bu barədə protokol tərtib edilmiş, o, da tərtib edilmiş protokolun doğruluğunu imzası ilə təsdiqləmişdir. İfadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı olmuş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında digər şahidlər İsmayıllı RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı X8 və RPŞ-nin CAB-nin axtarış üzrə əməliyyat müvəkkili, polis baş leytenantı X6 eyni məzmunlu ifadələr verərək X3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdilər. Bununla yanaşı, məhkəmə cinayət prosessual qanunvericiliyinin tələblərinə uyğun olaraq, ekspertiza rəylərini, həmçinin ibtidai istintaq və məhkəmə hərəkətlərinin protokollarını da iş üzrə sübut növləri kimi qəbul edir. Cinayət işinə əlavə edilmiş: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzindən alınmış məhkəmə-bioloji ekspertizasının 14 fevral 2022-ci il tarixli 17/145 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərinə yapışdırılmış ağ kağızda “....Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş...” sözləri və imzalar yazılmış 01 (bir) ədəd sellofan torbanın içərisindəki təmiz çəkisi-455,00 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Qeyd edilən bioloji ekspertiza rəyinin qeyd hissəsinə əsasən, marixuananın təmiz çəkisi-455 qram olmuş, tədqiqata 0,05 qram sərf edilmiş qalıq-454,95 qramdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 239 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. xx.xx.2022-ci il tarixli yaşayış evinə və həyətyanı sahəyə baxış keçirilməsi haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixli İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən İsmayıllı rayonunun 2-ci Yeniyol kənd sakini, Təqsirləndirilən şəxs Eldar oğlunun yaşadığı evə baxış keçirilmiş və 1 ədəd sellofan bağlamada 490 qram çəkidə narkotik vasitəyə bənzər kütlə aşkar edilərək götürülmüş, videçəkiliş aparılaraq fotoşəkillər çəkilmiş və protokola əlavə edilmişdir. xx.xx.2022-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-nin Baş İnformasiya-Kommunikasiya İdarəsindən 1 ədəd CD diskdə daxil olmuş Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən çıxan və daxil zənglərə dair məlumatlara baxış keçirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhəri Narkoloji Dispanserindən alınmış məhkəmə-narkoloji ekspertizasının 25 fevral 2022-ci il tarixli 239 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktika qeydiyyata alınması məsləhət görülür. İsmayıllı rayon Mərkəzi Xəstəxanasından alınmış xx.xx.2022-ci il tarixli 50 nömrəli arayışdan görünür ki, İsmayıllı rayon 2-ci Yeniyol kəndində qeydiyyatda olan xx.xx.1966-cı il təvəllüdlü Təqsirləndirilən şəxs RMX-nın X1 “Narkoloji” kabinetində xx.xx.2013-cü il tarixindən “narkoman” diaqnozu ilə qeydiyyatdadır. Lakin “Ruhi-əsəb” və “nevroloji” kabinetlərinin dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinintabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin X11 Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli **********7 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində Dövlət Sosial müdafiə Fondu publik hüquqi şəxsin X11 filialından İİİ qrup əlil (müddətsiz) olmaqla aylıq 120 manat (bir yüz iyirmi) sosial müavinət alır. Müstəntiqinin xx.xx.2022-ci il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə cinayət işi başlanılaraq icraata qəbul edilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçının 13 fevral 2022-ci il tarixli qərarından və cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə təhqiqatçı tərəfindən tərtib edilmiş həmin protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:54-də cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(037)-12/2022 saylı qərarıdan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 4(107)- 17/2022 nömrəli qərarından görünür ki, İsmayıllı rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (037)-40/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(037)-41/2022 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. İş materiallarından və məhkəmə iclasında tədqiq olunan sübutlardan görünür ki, ibtidai istintaq zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə məhkəmə məsuliyyətinə verilməsinə sübut növü kimi üzərindən aşkarlanmış 455 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın saxlanılması əsas götürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əldə edərək saxladığı narkotik vasitələrin məhz satış məqsədi ilə saxlaması məhkəmə istintaqında sübuta yetirilməməklə yanaşı, başqa yanaki sübutlar əldə edilmədən, ibtidai istintaq orqanının sadəcə, həmin narkotik vasitələrinin çəkisinin artıq olması əsası ilə satış məqsədinin olması qənaətinə gəlməsi səhv mövqedir. İstintaqın gəldiyi bu nəticə işdə toplanan şübhə doğurmayan bütün sübutlarlara öz təsdiqini tapmalı, satış məqsədi ilə bağlı olan bütün hallar ümumi olaraq, nəzərdən keçirilməli, tam, obyektiv və hərtətəfli qiymət verilməli idi. İş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrin saxlamasında satış məqsədinin olması heç bir sübut növü ilə öz təsdiqini tapmır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndinə əsasən Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Eyni zamanda sözügedən Plenumun qərarına əsasən təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün narkotik vasitələrin miqdarı mütləq şərtdir. Yəni belə halda narkotik vasitənin miqdarı çox olmalıdır. Lakin satış məqsədi digər sübutlarla öz təsdiqini tapmadan, sırf narkotik vasitənin miqdarının çox olması özüözlüyündə təqsirləndirilən şəxsin əməlində satış məqsədinin müəyyən olunması üçün yetərli deyildir. İşin faktiki hallarından müyyən edilir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindəki quraqlıqdan aşkar edilərək götürülmüş narkotik vasitə- marixuana onun tərəfindən ayrı-ayrı hissələrə bölünməmiş, 1 ədəd sellofan torbada aşkar edilərək götürülmüş, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Bundan başqa cinayət işinin materiallarında olan İsmayıllı RPŞ-dən alınmış xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan da göründüyü kimi Təqsirləndirilən şəxs 2021-ci ilin iyun ayında müəyyən edilməyən vaxtda və İsmayıllı rayonu 2-ci Yeniyol kəndinin meşə sahəsində dəqiq müəyyən edilməyən yerdən yabanı halda bitmiş 3 ədəd çətənə bitkisini 1 ədəd sellofan torbaya yığıb yaşadığı evə aparmış, sellofan bağlamada olan 455 qram qurudulmuş marixuananı isə öz şəxsi istifadəsi üçün yaşadığı evin quraqlığında daş sütunun üzərində karton qutunun içərisində saxlamış, bu barədə heç kimə məlumat verməmiş, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs evində gizlətdiyi qurudulmuş marixuananı kimlərəsə satması, habelə satış məqsədi ilə saxlaması müəyyən edilməmiş, onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsi məlumatlarına dair çıxarışlara baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb edən, eləcə də narkotik maddələrin satışını təsdiq edəcək hər hansı bir məlumat əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitənin miqdarının çox olması ibtidai istintaq orqanı tərəfindən sonuncunun həmin narkotik vasitəni satmaq niyyətində olmasını müəyyən edən hal kimi qəbul olunmuş, lakin, həmin narkotik vasitənin çəkisinin artıq olmasının məhz hansı əsaslarla satma niyyətini xarakterizə etməsi faktına hüquqi qiymət verilməmiş, təqsirləndirilən şəxsin istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsini təsdiq edən sübutlar əldə edilməmiş, narkotik vasitənin hazırlanması üçün avadanlıq aşkar edilməmişdir. Həmin hallar və işin digər halları nəzərə alınmadan təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Bundan başqa, xx.xx.2022-ci il tarixdə əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərara əsasən əməliyyat-təhqiqat qrupu yaradılmışdır. Buna baxmayaraq əməliyyat-təhqiqat qrupu, Təqsirləndirilən şəxs evində saxladığı narkotik vasitəni kiməsə satmaq istəməsini, həmin gün kiminlə görüşə getməsini, narkotik vasitənin satmaq niyyətinin olub-olmadığını dəqiqləşdirmədən onun olduğu yeri müəyyən edərək evinə getmiş və tutmaqla kifayətlənmişdir. İstintaq orqanı isə onun narkotik vasitəni satması üçün kiminləsə təmasda olması və s. halları araşdırmadan, narkotik vasitənin miqdarının çox olması ilə məhdudlaşaraq onun satış niyyətinin olduğu qənaətinə gəlmişdir. Belə ki, məhkəmə iclasında müəyyən edildi ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsindən müxtəlif nömrələrə zənglər və mesajlar getdiyi, həmin mobil nömrəyə müxtəlif nömrələrdən zənglərin və mesajların gəldiyi, müxtəlif şəxslər arasında telefon danışıqları aparıldığı qeyd edilsə də, həmin danışıq və məsajların mətnlərində narkotik vasitələrin satışını sübut edəcək mahiyyətli məlumatlar öz əksini tapmamışdır. Bundan başqa, iş materiallarından və məhkəmədə tədqiq olunan sübutlardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Bu hal da onun narkotik vasitə olan qurudulmuş marixuananın öz istifadəsi üçün saxlamasını şərtləndirən sübut növü kimi qitmətləndirilməlidir. Bundan başqa, hazırki cinayət işinin başlanmasına əsas əməliyyat müvəkkilinin Təqsirləndirilən şəxs yaşadığı evdə və həyətyanı sahədə qanunsuz olaraq narkotik vasitə saxlaması barədə verdiyi əməliyyat məlumatı olmuş, həm istintaq zamanı, həmdə məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayıllı RPŞ-nin əməkdaşları X5, X8 və X6 ifadələrində yalnız təqsirləndirilən şəxsin yaşadığı evdə narkotik vasitə saxlaması və istifadə etməsinə dair əməliyyat məlumatının daxil olduğunu və həmin məlumat əsasında əməliyyat-axtarış tədbirləri həyata keçirdiklərini bildirmişlər. Yəni Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə hər hansı bir əməliyyat məlumatı olmamışdır. Yuxarıda sadalananlara əsasən məhkəmə hesab edir ki, başqa sübutlarla öz təsdiqini tapmadan, Təqsirləndirilən şəxs evindən aşkar olunaraq götürülmüş narkotik vasitələrin çəkisinin artıq olması özü-özlüyündə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Digər tərəfdən Avropa İnsan Hüquqları Məhkəməsi də bir çox qərarlarında “şübhədən kənar sübut” anlayışına diqqət yetirilməsinin zəruriliyi barədə milli məhkəmələrə tövsiyyə etmişdir. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda, 455 qram çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib sellofan torbanın içərisində daşıyaraq İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində yerləşən yaşadığı evə gətirib, evin quraqlığında üzərinə əşyalar qoyulması üçün mişar daşlarından tikilmiş sütunun üzərində karton qutunun içərisində bir ədəd sellofan torbada gizlədərək xx.xx.2022-ci il tarixə kimi saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 20 radələrində İsmayıllı rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onun yaşadığı evə və həyətyanı sahəyə baxış keçirilərkən evin quraqlığında karton qutunun içərisində 1 ədəd sellofan torbada satış məqsədi ilə saxladığı ümumilikdə təmiz çəkisi 455 qram təşkil edən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Qeyd edilən əsaslara görə məhkəmə qərara gəlir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsi ilə tövsif edilməli və ona həmin maddə ilə cəza təyin edilməlidir. Törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi ilə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1–ci maddəsində nəzərdə tutulmuş cinayət əməli “az ağır” olmaqla, bilavasitə narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar olaraq qəsdən törədilən cinayətdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2–ci maddəsinə əsaslanaraq, Təqsirləndirilən şəxs İİİ qrup əlil olmasını, təqsirini etiraf edərək səmimi peşmanlıq keçirməsini, habelə yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini onun barəsində cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir və cəza təyin edərkən nəzərə alır. Cinayət işinə əlavə edilmiş arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1966-cı ildə İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, orta təhsillidir, evlidir, məhkumluğu yoxdur, işsizdir, İİİ qrup əlildir, İsmayıllı rayonunun 2-ci Yeniyol kəndində qeydiyyatdadır və yaşayır, yaşadığı yer üzrə İsmayıllı rayonu Təzəkənd İƏD-si üzrə nümayəndəliyindən müsbət xarakterizə olunur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini, habelə təqsirləndirilən şəxsə cəza təyin edilməsinin onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri imkanlarını nəzərə alaraq Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:54-də Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(037)-12/2022 saylı qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilməsindən imtina olunmuş, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmiş, Şəki Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2022-ci il tarixli 4(107)-17/2022 nömrəli qərarı ilə İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ləğv edilmiş və onun barəsində xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilmiş, İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4 (037)-40/2022 nömrəli qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 2 ay, yəni xx.xx.2022-ci il tarixdən, xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İsmayıllı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 1(037)-41/2022 saylı qərarı ilə onun barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs azadlığının faktiki məhdudlaşdırıldığı (şübhəli şəxs kimi tutulduğu) andan, yəni 13 fevral 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı müddət 08 (səkkiz) ay təşkil edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 08 (səkkiz) ay müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzası çəkilmiş hesab olunmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, hazırkı cinayət işi üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı. İş üzrə maddi sübut – İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 454,95 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 13 fevral 2022-ci il tarixdən 13 oktyabr 2022-ci il tarixədək şübhəli və təqsirləndirilən şəxs qismində həbsdə və ev dustaqlığında saxlanıldığı 08 (səkkiz) ay müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir gün müddətinin azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla 08 (səkkiz) ay müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzası çəkilmiş hesab olunsun. Barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 454,95 qram çəkidə qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci olan 34 (otuz dörd) manat 55 (əlli beş) qəpik hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına – büdcə təsnifatının kodu- 142319, büdcə səviyyəsinin kodu-3, SAP (XİİS) hesabı – adı Dövlət xəzinədarlığı Agentliyi, kod- 210005, VÖEN-**********, müxbir hesab - AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi - VÖEN-**********, hesab AZ34CRTE********************) ödənilsin. İş üzrə mülki iddia tələbi yoxdur. Hökm elan olunduğu andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökm apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədiyi halda, elan olunduğu andan 20 (iyirmi) gün keçdikdə qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar