Məhkəmə qərarları › İş №1(037)-43/2021

İsmayıllı Rayon Məhkəməsi Hökm — İş №1(037)-43/2021

13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM İsmayıllı rayonu İş № 1(037)-43/2021 13.07.2021 İSMAYILLI RAYON MƏHKƏMƏSİ Hüseynov İlqar Vidayət oğlunun sədrliyi Bаbаyеv Vilаyət Hidаyət oğlunun katibliyi ilə Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iştirakı ilə 13 iyul 2021-ci il tarixdə İsmаyıllı şəhərində İsmаyıllı Rayon Məhkəməsinin binasında xx xxxxxx 1989-cu ildə İsmayıllı rayonu Lahıc qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, məhkumluğu olmayan, İsmayıllı rayon Lahıc qəsəbə Kommunal Müəssisələri Kombinatında fəhlə işləmiş, İsmayıllı rayonu Bağəli kəndində qeydiyyatda olmaqla İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs silah qismində istifadə olunan əşyalardan istifadə etməklə ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində, o cümlədən ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətlər törədərək xuliqanlıq etmiş, habelə xuliqanlıq niyyəti ilə zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Qeyd edilən əməllərə görə istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 127.2.3-cü və 221.3-cü maddələri ilə ittiham verilmişdir. Belə ki, o, 07 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində İsmayıllı rayonu Lahıc qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına gələrək əvvəllər həbs olunmasında sonuncunun rolunun olmasını və ona qəsəbə ərazisində haqsız iradlar tutmasını bəhanə edib ictimai yer hesab olunan küçədə, ətrafda digər şəxslərin olmasına əhəmiyyət verməyərək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yəni ictimai və şəxsi mənafelərə əhəmiyyətli ziyan vuran, cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradan, qorxu və narahatçılıq hissəsinə səbəb olan hərəkətlərə yol verərək, yüksək səslə Zərərçəkmiş şəxs2 və sonuncunun ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmiş, Zərərçəkmiş şəxs2 həyətindən küçəyə çıxaraq hərəkətlərinə son qoymasını bildirdikdə o, Zərərçəkmiş şəxs2 yaxasından tutub zor tətbiq etməklə silkələmiş, həmin vaxt Zərərçəkmiş şəxs1 yaxınlaşıb onun qanunsuz hərəkətlərinə mane olmaq üçün Zərərçəkmiş şəxs2 aralaşdırmaq istəyən zaman Zərərçəkmiş şəxs1 sifət nahiyəsindən yumruqla iki dəfə qəsdən vuraraq sonuncuya sağ gözün ağlı qişasına qansızma, alının, sağ gözaltı nahiyənin, sol saidin sıyrıqları, hər iki göz qapaqlarının və alt dodaq haşiyəsinin qançırları kimi sağlamlığa zərər vurmadığına görə dərəcəsi təyin edilməyən bədən xəsarəti yetirməklə ictimai qaydanın pozulmasının qarşısını alan şəxsə müqavimət göstərməklə qərəzli xuliqanlıq hərəkəti etmiş, bundan sonra o, öz qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək yerdən götürdüyü çay daşından silah qismində istifadə edərək Zərərçəkmiş şəxs2 istiqamətləndirib xuliqanlıq niyyəti ilə qəsdən zərbə ilə ataraq sol qabırğa nahiyəsindən vurmaqla sonuncuya soldan Xİİ qabırğanın az yerdəyişən sınığı ilə müşayiət olunan döş qəfəsinin arxa səthinin sol yarısının qançırı xəsarətlərindən ibarət sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurmaya aid xəsarətlər yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə özünü təqsirli bilmədi və ifadə verərək göstərdi ki, o, əvvəllər Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Qonşusu Zərərçəkmiş şəxs2lə təxminən 2012-ci ildən bəri münasibətləri soyuqdur. Zərərçəkmiş şəxs2 bir neçə dəfə ona küçədə yüksəs səslə danışdığına görə haqsız yerə iradlar tutmuşdur. Nəzərin hərəkətləri ona pis təsir etmiş və hiss etmişdir ki, Nəzər müxtəlif yollarla onu həbs etdirmək istəyir. O, əmin olmuşdur ki, 2007-ci ildə onun həbs olunmağında da rolu olmuşdur. 07 fevral 2021-ci il tarixdə günorta saatlarında həmkəndlisinin həyətində fəhlə işləmiş, orada işləyən digər fəhlələrlə sözləşdiyi üçün əsəbiləşərək saat 20 radələrində yaşadığı ev istiqamətində getməyə başlamışdır. Əsəblərinə hakim ola bilmədiyindən onunla düşmənçilik aparanların ünvanına nalayiq ifadələr işlətmişdir. Artıq qonşusu Zərərçəkmiş şəxs2 yaşadığı evin qarşısına çatmışdır. Nəzər onunla ədavət aparmaqla ondan xoşu gəlməsə də konkret olaraq Nəzərin ünvanına söyməmişdir. Bu zaman Nəzərin anası Püstə giriş darvaza qapısından çölə çıxmış və onu əsəbi şəkildə həyətinə dəvət etmişdir.Püstəyə kobud şəkildə cavab verərək addımlarını bir qədər itiləşdirərək yaşadığı ev istiqamətində getməyə başlamışdır. Təxminən 15 metr aralandıqdan sonra arxadan kiminsə gəlməsini hiss etmişdir. Çevrilib geriyə baxarkən Nəzər sağ əlində tutduğu daşla onun başının sol hissəsindən iki dəfə vurmuşdur. Nəzərin oğlu Kamal isə əlində dəmir boru ilə ona yaxınlaşmış və boru ilə onun qolunu və bədəninin müxtəlif nahiyyələrini vurmuşdur. O, özünü müdafiə etmək məqsədi ilə Nəzəri və Kamalı əlləri ilə itələyib kənarlaşdırmaq istəmiş, Kamalı itələyən zaman əli Kamalın sifətinə dəymişdir. Nəzəri və Kamalı özündən itələyib kənarlaşdıran zaman ayağı büdrəmiş və yerə yıxılmış, bu zaman sağ əlinin baş barmağı yerə dəymişmişdir. Sonra isə oradan aralanıb yaşadığı evə getməyə başlamışdır. Yolla gedərkən hadisə barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmamışdır. Onları özündən kənarlaşdırmaq istəyərkən əli Zərərçəkmiş şəxs1 sifət nahiyyəsinə dəymişdir. O, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli saymır və ona həmin maddə ilə bəraət verilməsini xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsi ilə də özünü təqsirli bilmir və hesab edir ki, onun əməli Zərərçəkmiş şəxs1 xəsarət yetirdiyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsini etiraf edir, əməlindən səmimi peşman olmuşdur. Zərərçəkmiş şəxslərə vurduğu ziyanı tamamilə ödəmiş və onlarla barışıq əldə etmişdir. Zərərçəkmiş şəxslərin ondan şikayəti və tələbləri yoxdur. 2-ci qrup əlildir. Qeyd etdiyi halları nəzərə almağı, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsini, zərərçəkmiş şəxslərin onunla barışdığını, onlara vurduğu ziyanı tamamilə ödəməsini nəzərə alaraq barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini və cinayət məsuliyyətindən azad edilməsini xahiş edir. Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3 və 221.3-cü maddələri ilə özünü təqsirli bilməməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə ona bəraət verilməsi, törətdiyi cinayət əməlinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsindən həmin Məcəllənin 127.1-ci maddəsinə tövsif edilməsi barədə ifadəsinə münasibət bildirərək hesab edir ki, onun ifadəsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətini yüngülləşdirmək niyyəti güdür. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməsi zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, məhkəmə baxışı iclasında tədqiq edilmiş digər sübutlarla da təsdiq edilir. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun qonşuluğunda yaşayır. Valehlə onun və ailə üzvlərinin heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Əksinə Valeh bir neçə dəfə onun həyətində fəhlə kimi işləmiş və zəhmət haqqını almışdır. Valeh özünü qəsəbə ərazisində yaxşı aparmamış, ictimai yerlərdə rəhbər vəzifədə işləyən şəxslərin ünvanına nalayiq ifadələr işlətmişdir. 2018-ci ildən bəri hər dəfə Valehlə rastlaşanda sonuncu ünvansız söyüşlər söymüş, ona atmacalar atmışdır. Son 4-5 ayda isə hər dəfə yaşadığı evə gedərkən onların qapısının qarşısında onun, ailəsinin və nəslinin ünvanına nalayiq ifadələr işlətmişdir. Valeh buna səsəb olaraq bir neçə il öncə onun həbs olunmasında ailəsinin rolunun olmasını əsas gətirmişdir. Ancaq onlar Valehin söyməsinin digər bir səbəbini bilməmiş və hər dəfədə səbirlilik nümayiş etdirərək Valehə baş qoşmamışlar. 07 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində özü evə, oğlu Kamal və gəlini Nuriyyə isə həyətdə olmuşlar. Bu vaxt Valehin yüksək səslə onun, ailəsinin və nəslinin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. O, arvadı Şəlalə və anası Püstə evdən həyətə düşmüşlər. Ailə üzvləri və azyaşlı nəvələri Valehin söyüşlərindən və yüksək səsindən təşviş keçirib qorxmuşlar. Anası Püstə giriş qapısına çıxmış və Valehi çağırıb ona nəyə görə onları söyməsinin səbəbini soruşacağını bildirmişdir. Çünki anası Püstə qapıya çıxmış və Valehi çağırmışdır. Valeh daha da səsini yüksəldib təkrar anasının, onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətmişdir. O və oğlu Kamal çölə çıxmaq istədikdə anası onları çölə buraxmamışdır. Valeh isə fasiləsiz olaraq onların ünvanına nalayiq ifadələr işlətməyə davam etmişdir. Bunun artıq dözülməz olduğunu gərərək çölə çıxmış və Valehə yaxınlaşıb nəyə görə söyüş söydüyünü soruşmuşdur. Valeh ona əl-qol ataraq yaxasından tutub onu silkələmiş, həmin vaxt Kamal yaxınlaşıb Valehi kənarlaşdırmaq istəmişdir. Valeh yumruqla Kamalın sifət nahiyəsindən vurub onu yerə yıxmış və özünü də Kamalın üstünə yıxmışdır. Valeh yenə də yumruqla Kamalın sifət nahiyəsindən bir dəfə vurmuşdur. Valehi tutub Kamalın üstündən kənarlaşdırmışdır. Valeh ayağa qalxıb ondan aralaşmış və yenə ünvanına nalayiq ifadələr işlətmiş və yerdən götürdüyü iri çay daşını üç metr məsafədən ona tərəf atmışdır. Valehin atdığı daş sol qabırğa nahiyəsindən dəymiş və qabırğasının sındığını hiss etmişdir. Sonra isə Valeh yaşadığı ev istiqamətində gedərək “gedib tüfəngimi gətirib sizi atıb öldürəcəm” demişdir. Onlar isə həyətə daxil olmuşlar. Bundan bir-iki dəqiqə sonra Valeh yenidən qapılarının qarşısına gələrək yenə də ünvanlarına nalayiq ifadələr işlətməyə davam etmişdir. O, bu barədə Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bir müddət sonra polis əməkdaşları gələrək məsələni araşdırmağa başlamışlar. Mübahisə zamanı o və Kamal Valehi vurmamış və sonuncuya xəsarət yetirməmişlər. Sonradan Təqsirləndirilən şəxslə barışmış və onu bağışlamışdır. Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəхs Zərərçəkmiş şəxs1 ifadəsində atası Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etdi və Təqsirləndirilən şəxslə barışdığını və onu bağışladığını, Təqsirləndirilən şəxs ona vurduğu ziyanı tamamilə ödədiyini, ona qarşı şikayəti və tələbinin olmadığını bildirmişdir. Şahid qismində dindirilmiş X5 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs onun yaşadığı evlə qonşuluqda yaşayır. Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 onun əri, Zərərçəkmiş şəxs1 isə onun oğludur. Valehlə onun və ailə üzvlərinin arasında ədavət və düşmənçilik olmamışdır. 2018-ci ildən bəri Valeh mütəmadi olaraq əri Nəzərin və onların ünvanına nalayiq ifadələr işlədir. Valeh onların söyülməsinə səbəb kimi guya əvvəllər onun həbs edilməsində onların ailəsinin rolunun olmasını göstərmişdir. Onlar heç vaxt Valehə baş qoşmamış və onun hərəkətlərinə son qoyacağını düşünmüşlər. 07 fevral 2021-ci il tarixdə saat 20:00 radələrində oğlu Kamal və gəlini Nuriyyə həyətdə, o, əri Nəzər və qayınanası Püstə isə evdə olmuşlar. Bu zaman Valehin yüksək səslə Nəzərin, ailəsinin və nəslinin ünvanına nalayiq söyüşlər söydüyünü eşitmişdir. Onlar həyəcanlanıb həyətə çıxmışlar. Qayınanası Püstə giriş qapısının qarşısına çıxıb Valehlə özünün danışacağını demişdir. Püstə çölə çıxaraq Valehdən nə səbəbə görə söyüş söyməsini soruşmuşdur. Bu zaman Valeh daha da səsini yüksəldib nalayiq ifadələrini işlətməkdə davam etmişdir. Nəzər və Kamal çölə çıxıb Valehdən nə səbəbə görə onları təhqir etdiyini soruşmaq istəmişlər. Valeh onların ünvanlarına nalayiq ifadələr işlətməkdə davam edərək Nəzərin yaxasından tutub onu silkələmişdir. Bu zaman Kamal yaxınlaşıb Valehi kənarlaşdırmaq istədikdə Valeh yumruqla Kamalın sifət nahiyəsindən vurub onu yerə yıxmış və özünü də Kamalın üstünə yıxmışdır. Valeh yumruqla Kamalın sifət nahiyəsindən təkrar bir dəfə də vurmuşdur. Valehi Kamaldan aralaşdırmaq üçün Nəzər onu tutub Valehin üstündən kənarlaşdırmışdır. Valeh ayağa qalxıb yerdən götürdüyü iri çay daşını təxminən üç metr məsafədən Nəzərə tərəf atmış və daş Nəzərin sol qabırğa nahiyəsindən dəymişdir. Valeh daha sonra yaşadığı evə tərəf gedərə “gedib tüfəngimi gətirib sizi atıb öldürəcəm” demişdir. Valehin səs-küyündən hamısı qorxu və təşviş içində olmuşlar. Onlar da həyətə daxil olmuşlar. Həyətdə olarkən Valeh yenidən qapılarının qarşısına gələrək ünvanlarına nalayiq ifadələr işlətməyə başlamışdır. Şаhid qismində dindirilmiş X1 şahid Şəlalə Əliyeva ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. Şahid qismində dindirilmiş X6 ifadə verərək göstərdi ki, İsmayıllı rayonu Lahıc qəsəbəsində yaşamaqla həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs2 tanıyır, onlarla heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 07 fevral 2020-ci il tarixdə saat 20:00 radələrində yaşadığı evin həyətindəki miskərlik sexində işləyərkən Zərərçəkmiş şəxs2 yaşadığı evi tərəfdən Valehin “məni vurdular, vurdular” deyə qışqıraraq Nəzərin və onun ailəsinin ünvanına nalayiq ifadələr işlətməsini eşitmişdir. Səs gələn tərəfə getmiş və Valehdən nə baş verdiyini soruşmuşdur. Valeh Nəzərin və oğlu Kamalın onu arxadan daşla və dəmir alətlə vurub döydüklərini bildirmişdir. Lakin Nəzəri və ailə üzvlərini yaşadıqları evin qarşısında görməmişdir. O, hadisənin konkret olaraq hansı şəraitdə və necə baş verdiyini görməmişdir. Şаhid qismində dindirilmiş X3 şahid Nazim Şirinov ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etdi. 08 fevral 2021-ci il tarixli “Hadisə yerində baxış keçirilməsi haqqında” protokoldan görünür ki, hadisə İsmayıllı rayonu Lahıc qəsəbəsində Zərərçəkmiş şəxs2 məxsus evin qarşısında baş vermişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs2 arasında aparılmış üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs2 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs1 arasında aparılmış üzləşdirmədə dindirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı söyləmişdir. Məhkəmə-tibbi ekspertizasının 9 fevral 2021-ci il tarixli 38 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-sağ gözün ağlı qişasına qansızma, alının, sağ gözaltı nahiyənin, sol saidin sıyrıqları, hər iki göz qapaqlarının və alt dodaq haşıyəsinin qançırları küt əşya (alət) təsirindən törənmişdir, 07 fevral 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduğu üçün dərəcəsi təyin edilmir. Məhkəmə-tibbi ekspertizasının 9 fevral 2021-ci il tarixli 41 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər-soldan Xİİ qabırğanın az yerdəyişən sınığı ilə müşayət olunan döş qəfəsinin arxa səthinin sol yarısının qançırı küt əşya (alət) təsirindən törənmişdir, 07 fevral 2021-ci il tarixdə və şəraitdə törənməsi istisna edilmir, dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğundan, sağlamlığa az ağır zərərvurmaya aiddir. Məhkəmə-psixiatrik ekspertizasının 17 mart 2021-ci il tarixli 144 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən və hal-hazırki psixi vəziyyətini ambulator şəraitdə düzgün qiymətləndirmək çətinlik törətdiyindən daha əsaslı və uzun müddətli müayinə məqsədi ilə onun stasionar məhkəmə psixiatrik ekspertiza şöbəsinə göndərilməsi zəruridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 3 may 2021-ci il tarixli 54 saylı rəydən görünür ki, Təqsirləndirilən şəxs baxılan iş üzrə cinayət əməlini törədərkən onda “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlik olmuşdur. Hal-hazırda onda həmin xəstəliyə xas əlamətlər aşkar edilir, lakin aparılan medikamentoz müalicə nəticəsində xəstəliyin gedişində remissiya vəziyyəti yaranmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi kollegiyasının 20 noyabr 2009-cu ul tarixli 29 saylı qərarı ilə təsdiq edilmiş “şizofreniyanın diaqnostika və müalicəsi üzrə klinik” protokolda qeyd edildiyinə görə şizofreniya bütün ömrü boyu davam edən, xəstənin fəaliyyətli əhəmiyyətli dərəcədə təsir göstərən, bununla bərabər müalicəyə tabe olan prosessual xroniki psixi xəstəlikdir. Medikamentoz terapiya mütəamdi davam etdirildikdə və psixoterapevtik müdaxilə ilə birgə həyata keçirildikdə paranoid şizofreniya xəstəliyinin gedişində remissiya vəziyyəti yaranır. Yoxlaınaln şəxs Təqsirləndirilən şəxs “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkir. Lakin qeyd olunan xəstəlik hal-hazırda remissiya vəziyyətində vəziyyətində olduğundan Təqsirləndirilən şəxs öz hərəkətlərinin dərk etmək, ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs ona ittiham edilən cinayət əməlini törədərkən “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi cinayət əməlini törətməsi nəzərə alınmalıdır. Lakin Təqsirləndirilən şəxs hal-hazırda anlaqlı olub-olmamasını cavablandırmaq mümkün deyildir. Çünki “anlaqlılıq” və “anlaqsızlıq” terminləri yalnız cinayət hadisəsinin törədildiyi dövrə münasibətdə işlədilə bilər. Hər hansı cinayət əməlkini törətməkdə təqsirləndirilən şəxsin hazırda anlaqlı olub-olmaması sualı qeyri-səhih olduğundan həmin suala cavab vermək ümumən mümkün deyildir. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırki müayinə zamanı paranoid şizofreniyaya xas əlamətlər müəyyən edilir. Lakin həmin patalogiya hazırda remissiya vəziyyətində olduğundan onu öz hərəkətlərinin məsuliyyətini dərk etmək və onları idarə etmək qabiliyyətindən məhrum etmir. Təqsirləndirilən şəxs halhazırda öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs təqsirləndirildiyi cinayət əməlini törədərkən “Paranoid şizofreniya” kimi xroniki psixi xəstəlikdən əziyyət çəkməsi səbəbindən öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini tam ölçüdə dərk etmək və onları tam ölçüdə idarə etmək iqtidarından məhrum olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əmələ görə anlaqlılığı istisna etməyən psixi pozuntulu şəxs kimi Azərbaycan Respublikası CM-nin 22.1-ci maddəsinin təsiri altına düşür. Yoxlanılan şəxs Təqsirləndirilən şəxs əziyyət çəkdiyi “Paranoid şizofreniya” xəstəliyi (qısamüddətli) deyil, xroniki gedişə malik olan bir patalogiyadır. Ancaq adekvat müalicə tədbirləri görüldüyü təqdirdə həmin spixi pozuntunun gedişində kompensasiya vəziyyəti yarana və uzun müddət ərzində praktik sağalmay bərabət tutula bilən yaxşılaşma vəziyyəti müəyyən oluna və həmin müddətdə şəxs gündəlik normal fəaliyyətini davam etdirə bilər. Təqsirləndirilən şəxs düçar olduğu psixi poztuntunun gedişində hazırda kompensasiya vəziyyəti müəyyən olunduğu üçün onun haqqında tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi məsləhət görülmür. Hal-hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. İsmayıllı rayon X2 hüquqi şəxsi Konsultativ Poliklinika şöbəsi tərəfindən verilmiş 10 fevral 2021-ci il tarixli 25 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs RMP-nin “Ruhi-əsəb” kabinetində 25.12.2020-ci il tarixindən “Şizofreniyəbənzər psixoz F23.2” diaqnozu ilə dispanser qeydiyyatdadır, sonuncu “Nevraloji” və “Narkoloji” kabinetlərində dispanser qeydiyyatda yoxdur. 23 fevral 2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin 14 saylı regional ərazi filialının İsmayıllı rayon qəbul şöbəsi tərəfindən verilmiş 25 fevral 2021-ci il tarixli **********1 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Nazirlik tabeliyində Dövlət Sosial Müdafiə Fondupublik hüquqi şəxsin 14 saylı regional ərazi filailından ümumi səbəbdən İİİ qrup əlil əlil kimi aylıq 110 (bir yüz on) manat sosial müavinət alır. 08 fevral 2021-ci il tarixli 65, 66 və 67 nömrəli arayışlardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs İsmayıllı rayonu Lahıc qəsəbəsi inzibati ərazi vahidliyinə daxil olan Bağəli kəndində qeydiyyatda olmaqla orada yaşayır, ailə tərkibi özündən, arvadı X4 və qızı -16 sentyabr 2018-ci il təvəllüdlü qızı Zəhradan ibarətdir, İsmayıllı kommunal müəssisələri kombinatında fəhlə işləyir, yaşayış yeri üzrə mənfi xarakterizə olunur. Müstəntiqinin “maddi sübut kimi tanınma” haqqında 08 fevral 2021-ci il tarixli qərarından görünür ki, hadisə yerindən götürülmüş 1 (bir) ədəd çay daşı iş üzrə maddi sübut kimi tanınmış və saxlanması üçün İsmayıllı rayon Polis şöbəsinin maddi sübutların saxlanılma kamerasına təhvil verilmişdir. Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması barədə 08 fevral 2021-ci il tarixli qərardan və həmin tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs 08 fevral 2021-ci il tarixdə saat 01:10-da cinayət törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İsmayıllı Rayon Məhkəməsinin 09 fevral 2021-ci il tarixli 4(037)-3/2021 nömrəli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu andan, yəni 08 fevral 2021-ci il tarixdə saat 01:10-dan hesablanmaqla həbsdə saxlanılma müddəti 03(üç) ay həddində-08 may 2021-ci il tarixə saat 01:10-a dək müəyyən edilmişdir. İsmayıllı Rayon Məhkəməsinin 03 may 2021-ci il tarixli 4(037)-19/2021 nömrəli qərarından müəyyən edilir ki, həmin tarixdə təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 2 (iki) ay, 08 may 2021-ci il tarixdən 08 iyul 2021-ci il tarixədək uzadılmışdır. Məhkəmə iclasında tədqiq edilmiş mötəbər sübutlarla müəyyən edildi ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Onun törətdiyi cinayət əməlləri istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3cü və 221.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə də təqsirli bilinib cəzalandırılmalıdır. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş həmin sübutlar Təqsirləndirilən şəxs təqsirinin sübuta yetirilməsi üçün kifayət etmişdir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlar ibtidai istintaq zamanı Azərbaycan Respublikası Cinayət prosessual qanunverciliyinin tələblərinə uyğun əldə edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5.1–ci maddəsinin tələblərinə görə, məhkəmənin hökmü yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda əsaslı hesab edilir. Həmin Məcəllənin 318.1–ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı–ayrı bəndləri çıxartmaq hüququna malikdir. Dövlət ittihamçısı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələri ilə təqsirli bilinərək barəsində ittiham hökmünün çıxarılmasını təklif etdi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətmiş olduğu cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, o cümlədən onun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü, cinayəti anlaqlılığını istisna etməyən psixi pozuntusu olmaqla törətməsini həmin Məcəllənin 59.1.9-cu, zərərçəkmiş şəxslərlə barışıb razılıq əldə etməsini həmin Məcəllənin 59.1.12-ci, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyanın tamamilə ödənilməsini həmin Məcəllənin 59.1.13cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində cəzanı ağırlaşdıran hallar aşkar edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməsini və yaşayış yeri üzrə mənfi xarakterizə edilməsini onun şəxsiyyətini xarakterizə edən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Avropa İnsan Hüquqları Məhkəməsi öz Qərarlarında dəfələrlə göstərmiş və Milli məhkəmələrə tövsiyə etmişdir ki, şəxsin cəmiyyətdən təcrid edilmədən islah olunması üçün əsaslar olduqda məhkəmələr həmin şəxsin barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsinə üstünlük verməlidirlər. Cinayət törətmiş şəxsin cəmiyyətdən təcrid edilməsi yalnız bunun üçün möhkəm əsaslar olduqda və bu açıq-aşkar ictimai maraqlar baxımından zəruri olduqda tətbiq edilə bilər. Göründüyü kimi, hazırki cinayət işi üzrə həm cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, Təqsirləndirilən şəxs şəxsiyyətini xatakterizə edən hallar onun barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza növlərinin tətbiq edilməsini istisna edir. Məhkəmə Təqsirləndirilən şəxs məhz hansı növ cəzanın təyin edilməsi məsələsinə baxarkən təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayət hadisəsinin baş vermə şəraitini və nəticələrini, törətdiyi cinayət əməlində cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, şəxsiyyətini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs ittiham edildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrinin sanksiyasında müəyyən edilmiş az ciddi cəza növünün təyin edilməsi onun islah olunmasını və ümumilikdə cəzanın məqsədlərini təmin edə bilməz. Məhkəmə Təqsirləndirilən şəxs ittiham edildiyi maddələrdə müəyyən edilmiş daha ciddi cəza növü hesab olunan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməlidir. Bu qənaətə gələrkən məhkəmə təqsirləndirilən şəxsin zərəçəkmiş şəxslərlə barışmasını və əməlindən səmimi peşman olmasını nəzərə alır. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkməli, bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı onun şübhəli şəxs qismində tutulduğu andan - 08 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə hazırki cinayət işi üzrə maddi sübutların həlli və “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub–olmaması məsələsini həll etməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.0.3-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd çay daşı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməli. İş üzrə müsadirə edilməli olan əmlak müəyyən olunmadı, ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü və 221.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.2.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən isə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmə yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Təqsirləndirilən şəxs bаrəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvədə saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilmə müddətinin başlanğıcı şübhəli şəxs qismində tutulduğu andan - 08 fevral 2021-ci il tarixdən hesablansın. İş üzrə maddi sübut - İsmayıllı rayon Polis şöbəsində saxlanılan 1 (bir) ədəd çay daşı hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza xərci və mülki iddia tələbi yoxdur. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti ona təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində İsmayıllı Rayon Məhkəməsi vasitəsi ilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya apellyasiya protesti verilmədiyi halda hökm yuxarıda göstərilən müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: İlqar Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar